Qızıl və gümüş bahalaşdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 7,1 dollar artaraq 3 373,9 dollar təşkil edib. Sozcu.az xəbər verir ki, gümüş isə 0,11 dollar artaraq 38,32 dollara bərabər olub.

Sumqayıtda ağır qəza: qadın öldü

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib, ölən var. Sozcu.az Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb. Belə ki, avtoqəza zamanı "Kia" markalı minik avtomobilində olan 1992-ci il təvəllüdlü Günel Bəylər qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Həmkarlar İttifaqının “onlayn fırıldağı": Görün insanları necə aldadırlar - FOTO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası uzun illərdir ki, müəllimlərin, həkimlərin və digər peşə sahiblərinin əməkhaqqından müəyyən məbləğdə vəsait tutur. Qurum bu vəsaitlərin əvəzində tətil, sanatoriya və digər sosial xərclərin qarşılanacağını vəd edir. Lakin son dövrlər bu istiqamətdə ciddi narazılıqlar müşahidə olunur. Sosial şəbəkələrdə müəllimlər üçün yaradılmış “Təhsil forumu” qrupunda yüzlərlə müəllim İttifaqdan narazılığını ifadə edərək bildirir ki, onlara nəzərdə tutulan heç bir xidmət göstərilmir. Şikayətçilər uzun illər əməkhaqqılarından tutulmalara baxmayaraq, sanatoriya və digər istirahət mərkəzinə göndəriş ala bilmədiklərini vurğulayırlar. Qeyd edək ki, ötən ilə qədər bu xidmətlərdən yalnız az sayda müəllim yararlana bilib. Çoxsaylı şikayətlərdən sonra guya şəffaflığın təmin olunması məqsədilə onlayn müraciət sistemi istifadəyə verilib. Müəllimlər bu portal üzərindən qeydiyyatdan keçərək tətil üçün "putyovka" almağa çalışsalar da, müraciət edənlərin böyük əksəriyyəti əsassız şəkildə rədd cavabı aldıqlarını bildirir. Hətta bəzi müəllimlər bu səbəbdən quruma üzvlükdən imtina etmək üçün ərizə ilə müraciət edəcəklərini də qeyd edirlər. Müəllimlərə təzyiq olunacağı ehtimalını nəzərə alaraq, onların adlarını gizlətmək məcburiyyətində qaldıq. Eyni zamanda, rədd cavabı ilə bağlı bir qrup müəllim redaksiyamıza şikayət edib. Hətta Publika.az-ın əməkdaşının müəllim olan ailə üzvünün müraciətinə də rədd cavabı gəlib. Maraqlıdır, müəllimlərin maaşından tutulan vəsait konkret olaraq hansı istiqamətlərə yönəldilir? Tətbiq edilən onlayn müraciət sistemi ilə bağlı nə qədər müraciət qəbul olunub və bunlardan neçə nəfər müsbət cavab alıb? Rədd cavabının səbəbi nədir? Bütün bu suallara cavab tapmaq üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına sorğu göndərdik. Lakin sorğumuza və zəngimizə cavab verən olmadı.

Dənizdə boğuian uşağı xilas etmək istəyən kişi canından oldu

Bakıda çimərlikdə daha iki nəfər boğulub. Sozcu.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisindəki ictimai çimərlikdə baş verib. İmişli rayon sakini 2017-ci il təvəllüdlü Arif Aqil oğlu Rüstəmov dənizdə boğulmağa başlayıb. Həmin vaxt çimərlikdə olan Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Rüfət Adil oğlu Cabbarov səkkiz yaşlı uşağın boğulduğunu görüb onu xilas etmək üçün dənizə girib. A.Rüstəmovu xilas edə bilməyən R.Cabbarov özü də boğulub. Hər iki şəxsin meyiti dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Laçında qəzada ölən ailə üzvlərinin FOTOSU

Xəbər verdiyimiz kimi,  Dördpendirli pizzaiyulun 26-da Laçında baş verən ağır yol qəzasında 3 nəfər ölüb, 1-i isə yaralanıb. Sozcu.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, qəzada həyatını itirənlər sürücü Mahir Abdullayev, onun həyat yoldaşı Şəhla Novruzova və qadının bacısı Xədicə Novruzovadır. 

Paşinyanı devirmək istəyən keşişlə bağlı xəbər var: HƏRBİ ÇEVRİLİŞ...

Ermənistan İstintaq Komitəsinin Baş İdarəsində arxiyepiskop Mikael Acapaxyan barəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Sozcu.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumata əsasən, istintaq zamanı müəyyən edilib ki, Mikael Acapaxyan mediaya verdiyi müsahibələrin birində Ermənistanın iki keçmiş prezidentinə dəfələrlə hərbi çevriliş həyata keçirməyi təklif etdiyini bildirib. O, bu planın ordu, polis və milli təhlükəsizlik sistemində vəzifə tutan, onların siyasi baxışlarını bölüşən generalların dəstəyi ilə reallaşdırıla biləcəyini ifadə edib. Yerli istintaq orqanının rəyinə görə, Mikael Acapaxyan bu açıqlamaları ilə kütləvi informasiya vasitələrindən istifadə edərək dövlət hakimiyyətinin zorakı yolla ələ keçirilməsinə və ya saxlanmasına, eləcə də konstitusiya quruluşunun zorla dəyişdirilməsinə açıq çağırışlar edib. Bu əməllə əlaqədar olaraq Acapaxyan barəsində Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi ilə (dövlət hakimiyyətinin zorla ələ keçirilməsinə və ya zorla saxlanmasına, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya dövlətin ərazi bütövlüyünün zorla pozulmasına yönəlmiş açıq çağırışlar) cinayət təqibi başlanıb.

Ermənistan hərbi postun ələ keçirilməsi xəbərini təkzib etdi

Mətbuatda və sosial şəbəkələrdə Cermuk istiqamətində ordu mövqeyinin ələ keçirildiyi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Sozcu.az xəbər verir ki, bu barədə KİV-in sorğusuna cavab olaraq Ermənistan Respublikasının Müdafiə Nazirliyi bildirib.  "Biz sizi yalan və dezinformasiya yaymaqdan çəkinməyə çağırırıq, xüsusən də Müdafiə Nazirliyi ilk jurnalist sorğusuna cavab olaraq bu məlumatı təkzib edib", - Müdafiə Nazirliyinin sözçüsü qeyd edib./unikal.az 

Şəkidə ağır qəza: Ölən və xəsarət alan var

Şəkidə ağır yol qəzası olub. Sozcu.az report-a istinadla xəbər verir ki, hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Şəki rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “VAZ-2107” və “Mitsubishi” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”ın sürücüsü, 1962-ci il təvəllüdlü Səxavət Salamov hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsində olanlar isə xəsarət alıblar.  Faktla bağlı cinayət işi başlanılıb.

Tramp: Putinlə danışmağa maraqlı deyiləm

ABŞ Prezidenti Donald Tramp bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə gələcək təmaslarda o qədər də maraqlı deyil. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ lideri Şotlandiyada Britaniyanın Baş naziri Kir Starmer ilə birgə mətbuat konfransında bildirib. "Mən artıq Putinlə danışmaqda maraqlı deyiləm. Mən Rusiya ilə böyük ticarət təsəvvür edirdim", - Tramp deyib.

Tramp Putinə 10 gün vaxt verdi

Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp Ukraynada sülhlə bağlı müəyyənləşdirdiyi zaman aralığını ixtisar edib. O, bu müddəti 10-12 günə endirib. "Putin məni çox məyus etdi. Ona verdiyim 50 günlük müddəti azaldıram. Çünki cavabın nə olacağını zatən bilirəm", - deyə ABŞ prezidenti Şotlandiyada Britaniya Baş naziri Starmer ilə görüşdən öncə bildirib. Sozcu.az xəbər verir ki, siyasi şərhçi Şahin Cəfərli Trampın çıxışını belə şərh edib: “Bir gün əvvəl ABŞ və Avropa İttifaqı arasında ticarət anlaşması əldə edilməsi də Ukrayna məsələsində Qərbin vahid mövqedən çıxış etməsinə təsir göstərən önəmli hadisədir. Razılığa əsasən, Aİ qarşıdakı 3 ildə ABŞ-dən hər il 250 milyard dollarlıq təbii qaz, neft və digər enerji daşıyıcıları alacaq və ABŞ iqtisadiyyatına 600 milyard dollar investisiya qoyacaq. Bununla yanaşı, Aİ ABŞ-dən milyardlarla dollarlıq silah alaraq Ukraynaya ötürəcək. Bu anlaşma Trampın Avropadakı ideoloji müttəfiqləri olan radikal sağçı partiyalar tərəfindən tənqidlə qarşılanıb. Putin rejiminin Avropaya müharibə, qan, göz yaşı gətirdiyini və strateji situasiyanın bu səbəbdən dəyişdiyini qəbul etmək istəməyən Avropa anti-sistemi Rusiya ilə enerji sahəsində əməkdaşlığı davam etdirməyə tərəfdar çıxaraq Aİ liderlərini ABŞ-dən baha qiymətə xammal almaqda ittiham edir. Bu, qeyri-əxlaqi mövqe olmaqla bərabər, Tramp komandasının iqtisadi siyasətini də baltalamağa yönəldiyindən, respublikaçı administrasiya ilə həmin qüvvələrin ideoloji yaxınlığının praktik əhəmiyyətini azaldacaq”.

Kişi qardaşı oğlunu bıçaqladı

Şəmkirdə qohumlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, Şəmkir şəhər sakini 1972-ci il təvəllüdlü Fidayıl Mirzəməmmədov münaqişə zəminində qardaşı oğlu, 1985-ci il təvəllüdlü Vüsal Mirzəməmmədova bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya çatdırılıblar, onların vəziyyəti kafi qiymətləndirilir. Faktla bağlı araşdırma başlanılıb.

Bakıdakı ermənilərin məhkəməsi davam edir

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. Sozcu.az xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur. Xatırladaq ki, ötən prosesdə zərərçəkmiş şəxslər ifadə verib. Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər. Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Bərdədə dəhşət - Həyətə gedib geri qayıtmadı...

Bərdə sakinini elektrik cərəyanı vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, 1964-cü il təvəllüdlü Feyruz Salahov öz evinin həyətində elektrik naqili ilə ehtiyatsız davranıb. Nəticədə onu elektrik cərəyanı vuraraq öldürüb. Report )

Novxanıda dənizdə batan iki nəfərin meyiti sudan çıxarılıb

Abşeronda dənizdə batan iki nəfərin meyiti sudan çıxarılıb. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində dənizdə nəzarətsiz ərazidə 2 nəfərin batması barədə məlumat daxil olub və dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən axtarışlara başlanılıb. Dalğıc-xilasedicilər tərəfindən vətəndaşlar - 2003-cü il təvəllüdlü Əliyev Rəvan Şahin oğlunun və 2009-cu il təvəllüdlü Cabbarov Əli Elşən oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Prokurorluq məsciddə öldürülən şəxslə bağlı məlumat yaydı - YENİLƏNİB

İyulun 26-da saat 05 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yerləşən “İmamzadə” məscidində 1990-cı il təvəllüdlü Nadir Səfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Suraxanı rayon prokurorluğundan Sozcu.az-a bildirilib ki, ilkin araşdırmalarla 1996-ci il təvəllüdlü Elvin Məmmədovun bıçaqla xəsarətlər yetirərək Nadir Səfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

Şəmkirdə uşaq əyləncə mərkəzlərini özəlləşdirən kimlərdir?

Şəmkir Şəhər Mərkəzi Parkındakı attraksionlar və uşaq əyləncə alətləri kim tərəfindən özəlləşdirilib ? Şəmkir rayonunda əsas istirahət məkanlarından biri Şəmkir Şəhər Mərkəzi Parkıdır. Vaxtilə bu park öz gözəlliyi və cəlbediciliyi ilə regionda birinci idi. Sonrakı illərdə parkda müəyyən bərpa və abadlıq işləri aparılıb. Mətbuatda getmiş məlumatlara baxsaq 2023-cü ildə mərkəzi parkda aparılmış abadlıq işləri çərçivəsində parkın elektrik və işıqlandırma sistemi yenidən qurulmuş, sıradan çıxmış lampalar yeniləri ilə əvəz olunmuş, işıq dirəkləri, o cümlədən skamyalar, tullantı qabları təmir olunaraq rənglənmişdir. Bununla yanaşı Şəmkir Şəhər Mərkəzi Parkında əvvəllər mövcud olmuş velosiped yolu bərpa edilərək asfalt örtüyü salınmış, müvafiq xətlər çəkilmişdir. İlk dəfə olaraq parkda kiçik yaşlı sakinlərin əyləncəsi üçün uşaq oyun meydançası, eyni zamanda digər yaş qruplarından olanların sağlam həyat tərzinin təmin olunması üçün açıq idman meydançası yaradılıb, idman qurğuları quraşdırılıb. Mətbuatda getmiş məlumatlarda attraksionlar və uşaq əyləncə alətləri haqqında heç bir məlumat yoxdur. Bildiyimiz kimi bir neçə ildir ki, onlar fəaliyyətini dayandırıb. Müəyyən açıqlamalarda oxuyuruq ki, onlar özəlləşdirilib və özəlləşdirən şəxsin qərarı əsasında fəaliyyətini bərpa edə bilər. İndi sual doğurur dövlətin parkının attraksionlarının satılmasına səbəb nə olub ?  Azərbaycanın ən böyük rayonlarından birinin Mərkəzi Parkında uşaqların istirahəti   hansı səbəbdən bir şəxsin keyfinə, istəklərinə həvalə edilib ?   Parkadakı attraksionları, uşaq əyləncə alətlərini alan adı açıqlanmayan x şəxs kimdir? Həmin şəxsin Şəmkir rayonu kimi böyük bir rayonun Mərkəzi Parkını bu vəziyyətə salmasında məqsədi nədir? Ceyhun Nəbi, "Sozcu.az"saytının redaktoru 

Tramp əsəbidir, Putinin addım atmasını gözləməkdən yorulub - Rubio

ABŞ prezidenti Donald Tramp Rusiya hakimiyyətinə qarşı səbrini itirir, çünki Ukrayna müharibəsinin dayandırılması ilə bağlı danışıqların ləngiməsi onu narahat edir. Sozcu.az xəbər verir ki,bu barədə ABŞ-ın dövlət katibi Marko Rubio Fox News telekanalında çıxışı zamanı bildirib. Dövlət katibi qeyd edib ki, Tramp sülh razılaşmasına nail olmaq və nəhayət Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirmək istəyir. Lakin Rubionun sözlərinə görə, hazırda ABŞ prezidenti getdikcə daha da əsəbiləşir, çünki Vladimir Putinlə aparılan müsbət telefon danışıqları real nəticə vermir. “O, səbrini və Rusiya tərəfinin hər hansı addım atmasını gözləmə əzmini itirir”, – deyə Rubio vurğulayıb.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 1250-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 049 250 hərbçi, 11 057 ədəd tank, 23 063 ədəd zirehli döyüş maşını, 30 822 ədəd artilleriya sistemi, 1 449 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 201 hava hücumundan müdafiə sistemi, 421 ədəd hərbi təyyarə, 340 ədəd helikopter, 56 493 ədəd avtomobil texnikası, 48 158 ədəd PUA, 3 546 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 935 xüsusi avadanlıq itirib.

İranda iki siyasi fəal edam edildi

İranda ölüm cəzasına məhkum edilən siyasi fəallar – Mehdi Həsəni və Bəhruz Ehsani İslamlu edam ediliblər. Sozcu.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb. Məlumata görə, onlar bu gün səhər İran Ali Məhkəməsində cinayət işi üzrə tam mühakimə və hökmün təsdiqindən sonra asılıblar.

Britaniyalılar Rusiyanı ən böyük düşmən elan etdilər

Britaniyalıların 65%-i Rusiyanı öz ölkələrinin əsas düşməni hesab edir. Sozcu.az xəbər verir ki, bu barədə “More in Common” analitik mərkəzinin araşdırmasında deyilib. Aşardırmaya görə, britaniyalılar Rusiyadan sonra İranı (51 faiz) və Çini (33 faiz) özlərinə düşmən görürlər.

Azərbaycanda bir gündə ikinci zəlzələ oldu

10:09 Yerli vaxtla saat 5:46-da Xəzər dənizində 3,2 maqnitudalı zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Məlumata görə, zəlzələ ocağı 68 kilometr dərinlikdə yerləşib. *** Zaqatala-Qax sərhədində zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 04:59-da 3.3 maqnitudalı və 17 km dərinlikdə qeydə alınıb.

Kiməm mən?

Zülmətdən yol soruşduqca, Duman ilə qovuşduqca, Bir çınqıdan alışdıqca- Səda qopdu öz içimdən: – Kiməm mən? Durulmayır, qara qanım, Nə evim var, nə ünvanım. Sıxıldıqca hər an canım- Səda qopdu öz içimdən: – Kiməm mən? Könlüm içində min qapı, Gəlmir ələ açam sapı. Odda yandırdım tamahı – Səda qopdu öz içimdən: – Kiməm mən? Əvvəl harda, son hardadı? Meşə yanır, qar dagdadı. İsmət gedir, ar dardadı – Səda qopdu öz içimdən: – Kiməm mən? Haqq arayan bir bəndəyəm, Dərd, qəm soyan bir rəndəyəm. Bilməm məndə, ya səndəyəm- Səda qopdu öz içimdən: – Kiməm mən? Zakir İsmayil

Yavan çörəklə imtahana çəkilənlər...

Zəngin ölkənin yoxslluqda üzülənləri... Yavan çörəklə imtahana çəkilənlər... Birbaşa mətləbə keçirəm. Şair-jurnalist olaraq düşünürəm ki, illərdir üzləşdiyim bir çox ədalətsizliyə, qarşılaşdığım haqsızlığa görə ana VƏTƏNi tərk etmək zamanı çatıb. Səbr kasası dolub daşır daha...  Azərbaycan adlı məmləkətin nəfiskar məmurları düzələn deyil heç vaxt... Çünki var-dövlət, milyonlar, milyardlar  yığmaqdan ac gözləri doymur... Nə vaxtadək zəngin neft-qaz ölkəsində sürünərək məşəqqət içində yaşamalıyıq? Biz kirayə daxmalarda çərləyib çürüyürük, məmurlar, vəzifəli şəxslər isə bər-bəzəkli villada lüks, komfortlu həyat yaşayırlar.  Vətəndaş kimi, şair-jurnalist kimi, ziyalı xanım kimi Azərbaycanın vəzifəli şəxslərindən, məmurlarından o qədər ədalətsizlik, o qədər haqsızlıq görürəm ki... Bu ədalətsizliyə, bu haqsızlığa etiraz olaraq qəti qərara gəlmişəm ki, ana dediyim, əziz bildiyim, çox sevdiyim doğma VƏTƏNimi tezliklə tərk edib Avropaya köçüm. Məncə çıxış yolu ancaq budur. Çünki korrupsioner, oliqarx məmurlarnan mübarizə aparmaq qətiyən mümkün olmur. Neynəyim axı, çox-çox əlacsız, çıxılmaz bir vəziyyətdəyəm. Məmurlarınsa vecinə deyil. Bir çox məmurlar, vəzifəli şəxslər neçə ildir ki, korrupsiya içində üzür. Kasıb, yoxsul XALQın sosial-iqtisadi durumu isə çox dəhşətli dərəcədə acınacaqlı gündədir. Xalq yoxsulluq girdabında əzab-əziyyət çəkir.  Pul-para, sərvət toplamaqdan gözü heç vaxt doymur bu nəfsiiti, pulpərəst məmurların... Xalq da ac-yalavac, səfalət içində, dilənçi günündə sürünə-sürünə ömür sürür... Zavallı XALQ. Niyə axı bu günlərə düşdün? Ağlamalı gününə ağlaya bilməyən XALQ... Dözülməz həyatını sakitcə seyr edən XALQ. Hüququ pozulanda, haqqı əziləndə susan Xalq.  Acı reallıq... Daha nə deyək ki...  Sözün bitdiyi andı. XATİRƏ ƏZİZ Rəhimli Şair-jurnalist

Bu ağacın dərdi nədir görəsən?

Bu ağacın dərdi nədir görəsən? Gövdəsinə xırda-xırda xal düşür. Əsə-əsə soyuqlara tələsən, yaşıllığı quraqlıqda büzüşür. Bu ağacın dərdi dərə qədərdi. Qabığından soyulubdur budağı. Ömrü solur, üstü başı kədərdi, saplağlndan qopub  düşür yarpağı. Bu ağacın təpəsindən qəm yağır, Torpağında çən bağlayır kökləri. Bu ağacın dərdi payız boydadı, Payızın da yoxdu bundan xəbəri. Bu ağacın xal-xal olan gövdəsi, yara-yara yaraların yarğanı. Ağır-ağır solğunlaşan nəfəsi, tükəndikcə soyuq alır cahanı. Bu ağaca balta çalan ağacın, yox xəbəri, öz-özünü dağlayır. Ömür adlı ötüb keçən sayğacın, əqrəbini dəmir əllə bağlayır. Bu ağacın ömrü-günü tükənir. sola-sola dərd qurudur canını. Bu ağacın dərdi dünya qədərdi, Günü doğmaz, bir də görməz danını. Bu ağacla nəfəs alan nəfəslər, nəfəs -nəfəs nəfəsləri tükətir. Ağaclara odun deyən nakəslər, odun-odun kainatı qətl edir. Bu ağacın dərdi nədir bilirsən? Yerin Göyün qan bürümüş çöhrəsi. Nəfəs verib nəfəsini dilərsən, görərsən ki, ölüm udmuş nəfəsi. Bu ağacı yol eylədim gözümə, Gecə-gündüz dayanmadan yürüdüm. Bu ağacdan yolum döndü özümə, Ah eylədim, öz ömrümə büründüm. Reyhana Aslan