Gələn həftə 4 gün İŞ OLMAYACAQ

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıllığını təmin etmək üçün 27 iyun iş günü ilə 21 iyun istirahət günlərinin yerlərinin dəyişdirilməsi barədə qərar verib. Sozcu.az xəbər verir ki, bu qərara əsasən gələn həftə 4 gün ardıcıl iş olmayacaq. Belə ki, 26 iyun Silahlı Qüvvələr Günü qeyri-iş günü hesab olunur. 28 və 29 iyun tarixləri isə şənbə-bazara təsadüf edir. Buna görə də beş günlük iş həftəsində çalışanlar üçün 26, 27, 28 və 29 iyun tarixləri qeyri-iş günləri olacaq.

İsrail İranda hakimiyyəti dəyişmək istəyir, ABŞ isə razı deyil...

ABŞ prezidenti Donald Trampın rəhbərlik etdiyi administrasiya İsrailin İranın nüvə potensialını məhv etmək istəyini dəstəkləyir, lakin İslam Respublikasında hökuməti dəyişmək istəyini bölüşmür. Sozcu.az xəbər verir ki, bu barədə "Axios" portalı adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən yazıb. Nəşrin yazdığına görə, Tramp İranın 86 yaşlı ali lideri Əli Xamneyinin öldürülməsi planına qarşı çıxıb. Baş nazir Benyamin Netanyahu dünən deyib ki, İsrail İranın nüvə proqramını məhv etmək, onu ballistik raketlər istehsal etmək imkanından məhrum etmək və regionda iranpərəst hərbi və siyasi qüvvələri aradan qaldırmaq məqsədi daşıyır. O qeyd edib ki, hərbi əməliyyat respublikada hakimiyyət dəyişikliyi ilə nəticələnə bilər. Ancaq adını açıqlamayan İsrail rəsmiləri İranda rejim dəyişikliyinin İsrailin təhlükəsizlik kabinetinin təsdiqlədiyi hədəflər arasında olmadığını bildiriblər. Hərbçilər hökumətdən belə bir göstəriş almadıqlarını vurğulayıblar.

“Zəngəzur dəhlizini unudun...” - Simonyan

Ermənistan və Azərbaycan arasında Zəngəzur dəhlizi yox, yol olacaq. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib. Spiker jurnalistlərin Zəngəzur dəhlizi ilə bağlı sualına belə cavab verib: “Zəngəzur dəhlizini unudun, dəhliz yox, yol olacaq. Biz bu barədə danışmışıq, onun hüquqi tənzimləmələri dəfələrlə verilib”.

Azərbaycan - NATO əlaqələri müzakirə olundu

Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə yeni təyin olunan türkiyəli həmkarı Basat Öztürklə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə C.Hüseynzadə X hesabında paylaşım edib. O qeyd edib ki, görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər, regional mövzular və Azərbaycan-NATO əlaqələri müzakirə edilib.

Paşinyan bu tarixdə Türkiyəyə gedəcək - İDDİA

Ermənistan mətbuatı Baş nazir Nikol Paşinyanın Prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə gedəcəyi ilə bağlı məlumat yayıb. Sozcu.az xəbər verir ki, Paşinyanın iyunun 20-də Türkiyəyə gedəcəyi gözlənilir. Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan mətbuatın bununla bağlı sorğusunu cavablandırmaqdan yayınıb. “Baş nazirin səfərləri ilə bağlı lazımi məlumat lazımi vaxtda verilir”, - o deyib. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Paşinyanın Türkiyəyə səfər edəcəyini inkar etməyib, lakin gündəmin nədən ibarət olacağı məlum deyil. Paşinyanın mümkün səfəri ilə bağlı Türkiyə tərəfdən də məlumat yoxdur.

Tramp: Hamı Tehranı tərk etməlidir!

Hamı Tehranı dərhal tərk etməlidir. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” şəbəkəsində yazıb. “İran onlara dediyim “sövdələşməni” imzalamalı idi. Necə də biabırçılıq və insan həyatının boş yerə itməsidir. Sadə dillə desək, İran nüvə silahına sahib ola bilməz. Mən bunu dəfələrlə demişəm!” - o bildirib.

Azərbaycanı hədələyən terrorçular İrandan qaçır

İranda SEPAH-ın nəzarəti altında fəaliyyət göstərən “Hüseyniyyun” terror qruplaşmasının üzvləri İranı tərk edirlər. Sozcu.az xəbər verir ki, bu barədə yerli sosial media şəbəkəsində məlumat yayılıb. Bildirilib ki, qruplaşmanın bəzi üzvləri İraqın Nəcəf və Samirə şəhərlərinə qaçıblar. Qeyd edək ki, “Hüseyniyyun” Azərbaycana qarşı təxribatları ilə tanınır.

Zaman bizim zamandır!

Geopolitik reallıqlar fonunda Azərbaycanın mövqeyi və Güney Azərbaycan məsələsi Müharibə, nəticəsi əvvəlcədən məlum olan və əsasən günahsız insanların əzabına səbəb olan faciədir. Müharibənin mənəvi və fiziki fəsadları zamanla yox olmur – əksinə, nəsildən-nəslə ötürülən travmalara çevrilir. Ağlı başında olan heç bir insan, heç bir dövlət, heç bir cəmiyyət müharibəni arzulamaz. Lakin zaman-zaman elə mərhələlər olur ki, siyasi susqunluq və ya passivlik daha böyük fəlakətlərə yol açır. Hazırda İran və İsrail arasında gərginlik artıq lokal sərhədləri aşaraq genişmiqyaslı münaqişə potensialı daşıyan bir mərhələyə keçib. Bu fonda Azərbaycan dövləti təmkinli və strateji baxımdan tərəfsiz mövqe sərgiləməlidir. Bu, sadəcə diplomatik balans deyil – bu, Azərbaycanın milli təhlükəsizliyi, regional sabitlik və daxili sosial konsolidasiya baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin “tərəfsiz qalmaq” – “bigənə qalmaq” anlamına gəlməməlidir. Azərbaycan dövləti İranın gələcək taleyində öz sözünü deməyə hazır olmalı, xüsusilə Güney Azərbaycanda yaşayan milyonlarla soydaşımıza mənəvi və siyasi dəstəyini ifadə etməlidir. Tarix, coğrafiya və mədəniyyət bizə bu məsuliyyəti yükləyir. Hal-hazırda İranın tamamilə dağılacağı ehtimalı hələ də qeyri-müəyyəndir. Çox güman ki, Qərb dairələri, xüsusilə ABŞ, İran daxilində əməkdaşlıq edə biləcəyi qüvvələri dəstəkləyərək, orada federativ və dünyəvi bir dövlət modeli formalaşdırmağa çalışacaq. Belə bir konfiqurasiya daxilində Güney Azərbaycan türkləri sadəcə seyrçi yox, prosesin birbaşa iştirakçısı olmalıdır. Azərbaycan dövləti də bu prosesdə aktiv şəkildə iştirak etməli, soydaşlarımızın hüquqlarının pozulmasına imkan verməməli, onların mədəni və siyasi haqlarını beynəlxalq səviyyədə gündəmə gətirməlidir. Rusiya və İran kimi, Azərbaycanın müstəqilliyini heç vaxt tam qəbul etməyən iki əsas qonşunun eyni vaxtda daxili siyasi və sosial böhran yaşadığı nadir bir tarixi dövrdəyik. Bu, uzun illərdir ki, bölgədə sabitliyi və inteqrasiyanı boğan güclərin zəifləməsi üçün fürsət pəncərəsidir. Eyni zamanda, bəzi media platformalarında və sosial şəbəkələrdə “Təbrizi vurdular”, “Soydaşlarımız ölür” kimi emosional şüarlarla panika yaradılmasına da diqqət yetirmək lazımdır. Bu tip yanaşmalar, bəzən, fars rejiminin təbliğat maşınına xidmət edir. Unutmayaq: azadlıq heç kimə gümüş sinidə verilmir. Azadlıq haqq uğrunda savaşan, mübarizə aparan xalqların əldə etdiyi dəyərdir. Bu yolda millətin birliyi, strateji baxışı və intellektual hazırlığı mühüm rol oynayır. Digər tərəfdən, "İranda Kürdüstan qurular" deyərək qorxu yayan dairələr də yeni heç nə demir. Bu, illərdir ki, gündəmdə olan bir plandır və Azərbaycan ictimaiyyəti bu məsələlərə emosional deyil, siyasi baxımdan rasional münasibət bildirməlidir. Əgər bir təhlükə və ya plan səni narahat edirsə, onunla bağlı hay-küy salmaq yox, həmin planın qarşısını almaq üçün konkret fəaliyyət göstərmək lazımdır. Qorxutmaq əvəzinə alternativ – yəni Türküstan ideyasını ortaya qoymaq daha məntiqli və realist yanaşmadır. İranda baş verən proseslər artıq yeni mərhələyə qədəm qoyub. Bu mərhələdə Azərbaycan üçün ən doğru mövqe – prosesləri soyuqqanlılıqla izləmək, milli maraqları əsas tutaraq strateji qərarlar verməkdir. İsrail və İran arasında vasitəçilik cəhdləri deyil, gələcək proseslərin Azərbaycanın milli təhlükəsizliyi və milli kimliyi baxımından doğuracağı nəticələrə hazır olmaq daha prioritetdir. Azərbaycanın gerçək mənada müstəqil və güclü dövlətə çevrilməsi üçün Rusiya və İran kimi hegemon dövlətlərin regionda zəifləməsi vacibdir. Bu zəifləmə artıq özünü göstərməyə başlayıb. Qarşıdakı dövrdə daha böyük siyasi dəyişikliklərin şahidi olacağıq. Narahat olmağa ehtiyac yoxdur. Tarix bir daha bizə sübut edir ki, zaman bizim zamandır! Elşən Əlisoy, Müsavat Partiyası Məclisinin üzvü, "Sozcu.az" saytının rəhbəri

İran MOSSAD-ın binasını raketlə vurdu

İran MOSSAD-ın binasını raketlə vurub. Sozcu.az xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb.

İsrail qırıcıları Türkiyənin hava məkanını pozdu

İyunun 13-də, İrana hücumların ilk gecəsində İsrail qırıcılarının bəziləri Türkiyənin hava məkanını pozub. Sozcu.az xəbər verir ki, bu açıqlama ilə "Hürriyet" qəzetinin əməkdaşı Hande Fırat məlumat verib. O qeyd edib ki, Türkiyə Hərbi Hava Qüvvələri İsrail təyyarələrini aşkar etdikdən dərhal sonra bir neçə F-16 qırıcısını havaya qaldırıb. İsrail pilotlarına Türkiyə hava məkanını tərk etmələri əmri verilib və qırıcılar dərhal Türkiyə ərazisindən çıxıblar.

Təbrizdə SEPAH qərargahı vuruldu: ölənlər var

09:51 İranın Təbriz şəhərində iki partlayış hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, bu barədə “Nour Nyus” məlumat yayıb. *** Bu gün İsrailin Hərbi Hava Qüvvələrinin Təbrizdə vurduğu iki hədəfdən biri SEPAH-ın qərargahıdır. Çox sayda hərbçinin öldüyü bildirilir.

Katz əsəbiləşdi: Qorxaq qatil, əvəzini Tehran tezliklə ödəyəcək!

İran hakimiyyətinin bu hərəkətlərinin əvəzini Tehran əhalisi ödəyəcək, həm də tezliklə. Sozcu.az xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri İsrail Katz İranın gecə ərzində mülki əhalinin tələfatı ilə nəticələnən yeni zərbələrindən sonrakı açıqlamasında deyib. “Tehrandakı təkəbbürlü diktator İsrail ordusunun onun imkanlarını məhv edən hücumlarının qarşısını almaq üçün İsraildə mülki əhalini atəşə tutmaqla qorxaq qatilə çevrilib. Tehran sakinləri bunun əvəzini ödəyəcək - və tezliklə", - o, sosial şəbəkə hesabında yazıb.

İran İsrailə casusluqda ittiham edilən şəxsi edam etdi

İran İsrail kəşfiyyat xidməti MOSSAD-a casusluqda ittiham olunan İsmayıl Fəxrini edam edib. Sozcu.az xəbər verir ki, bu barədə İranın “Fars” xəbər agentliyi məlumat yayıb.

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

Pənah Hüseyn Azərbaycan Xalq Partiyasının sədrliyindən istefa verib. Sozcu.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb. Bildirib ki, sədr səlahiyyətlərinin müvəqqəti icrası sədrin müavini Qiyas Sadıqova həvalə olunub.

Qeyri-sabit hava iyunun 18-dək davam edəcək

Milli Hidrometeorologiya Xidmətinin iyunun 16-sı saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir. Sozcu.az xəbər verir ki, düşən yağıntının miqdarı Zaqatalada 45, Qaxda 38, Balakəndə 15, Lənkəranda 12, Lerikdə 7, Yardımlı, Tovuzda 4, Ceyrançöl, Şəki, Qusar, Ağstafada 3, Astara, Daşkəsən, Mingəçevirdə 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Göygöl, Şəmkir, Şamaxı, Naftalan, Goranboy, Gədəbəy, Gəncə, Şəmkir, Beyləqan, Oğuz, Şahdağ, Qubada 1 mm-dir. Hazırda qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalanda 18, Mingəçevirdə 15 m/s-yə çatır. Dənizdə dalğanın hündürlüyü 3 metrdir. İyunun 15-i saat 17:35-17:41 radələrində Tovuz rayonunun Əsrikçay-Əsrikcırdaxan ərazisinə diametri 12 mm olan dolu düşüb. Altıağac, Daşkəsən, Qax (Sarıbaş), Şəki, Qrız, Qusar, Lerik duman müşahidə olunur, görünüş məsafəsi 200 m-dək məhdudlaşır. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyunun 18-i gündüzədək davam edəcəyi gözlənilir.

İranın İsrailə zərbələri: 4 nəfər öldü, 87 nəfər yaralandı

İranın İsrailin mərkəzindəki dörd obyektinə gecə saatlarında həyata keçirdiyi zərbələr nəticəsində dörd nəfər həlak olub, 87 nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib. Sozcu.az xəbər verir ki, bu barədə İsrailin təcili tibbi yardım xidməti "Magen David Adom" ("Davudun Qırmızı Ulduzu") məlumat yayıb.

Qəbələdə kişi həmkəndlisini dəhrə ilə öldürdü

Qəbələdə qətl hadisəsi baş verib. Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə dünən 19.00 radələrində Solquca kəndi ərazisində baş verib. Kənd sakini 1986-cı il təvəllüdlü Teymur Eynulla oğlu Səfərəliyev münaqişə zəminində həmkəndlisi, 1974-cü il təvəllüdlü Dəmir Rəsul oğlu Ayvazovun baş nahiyəsinə dəhrə ilə zərbə endirib. Ağır xəsarət alan 51 yaşlı kişi hadisə yerində ölüb. T.Səfərəliyev könüllü olaraq polis şöbəsinə gedərək təslim olub. Faktla bağlı araşdırma aparılır. İlkin ehtimallara görə, hadisə söyüş üstündə baş verib.

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

SEPAH-a yaxın mediada Azərbaycana qarşı qondarma ittihamlar irəli sürülür. İddia: Azərbaycan İsrailə neft satır, sionist rejimin təyyarələri yanacaqla təmin olunur və Təbrizə zərbələr endirir. Ermənistanın işğal siyasətinə açıq dəstək verən, erməni maraqlarına görə Azərbaycan sərhədlərinə qoşun yığan İranda bu cür yanaşmalar absurd görünür. Azərbaycanın İsrailə neft satması isə bazar qaydalarına uyğun aparılır. Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev ətraflı izah etmişdi: “Neft bazarının qaydalarına görə, o neft gəmiyə dolduruldusa və gəmi açıq dənizə çıxdısa, o neft artıq Azərbaycanın deyil. Orada onlarla treyder var. A treyder B-yə satır, B treyder C-yə satır, bunun sonda kimə və hara satıldığına zatən sən özün də nəzarət edə bilməzsən. Yəni Ceyhan limanına Azərbaycan nefti gəldi, neft Ceyhanda gəmiyə doldu, o gəmi Aralıq dənizinə çıxdısa, o, sənin deyil artıq. Bu, dünya neft bazarının qaydalarıdır”. SEPAH-a yaxın medianın İsrailin hücumu qarşısında Azərbaycanı ittiham etməsinin məqsədi Arazın o tayındakı soydaşlarımız qarşısında rəsmi Bakını ittiham altına salmaq, ictimai rəydə “günahkar” obrazını yaratmaqdır. Çünki müharibənin gedişatında rejimin ölkəyə nəzarəti itirmək riski var və bu ssenaridə cənubdakı soydaşlarımızın üz tutacağı və onların gələcəyini düşünə biləcək yeganə dövlət Azərbaycandır. Rejim bu cür iddialarla Bakı-Təbriz xəttinə nifaq toxumu səpməyə çalışır. Belə iddiaları geniş kampaniyaya çevirə biləcəkləri də istisna deyil. Asif Nərimanlı

İsrailin HHM sistemləri bir-birinə atəş açmağa məcbur edildi

SEPAH İsrail ərazisinə raket zərbələrinin növbəti dalğası zamanı yeni üsullardan istifadə edərək İsrailin hava hücumundan müdafiə sistemlərini bir-birinə hücum etməyə məcbur edib. Sozcu.az xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatına istinadən "Tasnim" agentliyi məlumat yayıb. “Bu əməliyyat zamanı kəşfiyyat və texniki sahələrdə yeni metod və imkanlardan istifadə sayəsində düşmən – İsrail rejiminin çoxpilləli komanda və idarəetmə sistemləri sıradan çıxarılıb və onlar bir-birinə hücum etməyə başlayıb”, - deyə bəyanatda bildirilir. Bundan əlavə, SEPAH Negev bölgəsində yerləşən Navatim aviabazasına hücum etdiyini bəyan edib. İran mediasının məlumatına görə, Hayfada elektrik stansiyası və neft emalı zavoduna zərbələr endirilib. Partlayış səsləri Təl-Əvivin şərqində, Ben Qurion hava limanı ərazisində və Qüdsün qərbində eşidilib. Səhər saatlarında İsrail xilasediciləri İran raketlərinin düşdüyü ərazilərdə dağıntılar altında qalanları axtarmağa başlayıblar. İsrail mediasının məlumatına görə, İranın son raket hücumları nəticəsində 4 nəfər həlak olub, 67 nəfər isə xəstəxanaya yerləşdirilib. Eyni zamanda İsrail ordusu SEPAH-ın tərkibində olan "Qüds" qüvvələrinə məxsus İran ərazisindəki komanda mərkəzlərinə zərbələr endirdiyini bildirib.

Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə Seysmologiya Xidməti məlumat yayıb. Bildirilib ki, zəlzələ 3.1 maqnitudalı, 20 km dərinlikdə qeydə alınıb.

İran və İsrail arasında tezliklə sülh olacaq - Tramp

Əminəm ki, İran və İsrail arasında tezliklə sülh bərqərar olacaq. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə yazıb. O bildirib ki, bununla bağlı hazırda görüşlər keçirilir və telefon danışıqları aparılır: “Tezliklə İran və İsrail arasında sülh olacaq”.

Məkrli əllər Azərbaycan üzərindən Türkiyəni də Iranla münaqişəyə cəlb etməyə çalışacaq

İsrail-Iran davasının sonda Azərbaycana və Türkiyəyə xələl gətirməməsi üçün hər iki ölkə digər müttəfiqləri ilə birlikdə vahid strateji mövqe nümayiş etdirməlidir. Əks halda məkrli əllər Azərbaycan üzərindən Türkiyəni də Iranla münaqişəyə cəlb etməyə çalışacaq.  Azərbaycanın haqqında ölkəmizin İsrailin az qala hərbi müttəfiqi olması barədə yayılan təxribat xarakterli saxta məlumatlar bu məqsədə xidmət edir. Yəni, İrana qarşı Türkiyənin iştirakı ilə ikinci cəbhə açmaq məqsədinə. Bunun qarşısını almaq üçün də Ankara-Bakı-Tehran üçbucağında diplomatik aktivlik ən yüksək səviyyədə və daimi olmalıdır. Bu gün Azərbaycanın qarşısında iki mühüm vəzifə durur: 1. Heç bir halda İsrail-Iran münaqişəsində tərəf olmamaq. 2. Cənubi Azərbaycandakı soydaşlarımızın qorunması üçün bütün mümkün diplomatik və siyasi vasitələrdən istifadə etmək. O cümlədən də Cənubi Azərbaycan kontekstində Iranla bağlı ola biləcək bütün ssenarilərə hazır olmaq. Ərəstun Oruclu, politoloq

REGİONUN BÜTÜN XALQLARI, XÜSUSİLƏ, TÜRKLƏRİ, AYIQ OLUN !

Bu gün anqlosakson impеrializm modеlini bütün Orta Doğu  ölkələrinə tətbiq еtməyə çalışan İsrail, ABŞ və müttəfiqləri sanki  gücləri azmış kimi "Kürd kartı"ndan da maksimum yararlanmağa  çalışır, ABŞ dövlət modеlini bu bölgədə tətbiq еtməyə səy göstə-  rirlər. Onlar Kürd və digər məzhəb "Kartları" ilə İraqı üç - Sünni,  Şiə və Kürd, İranı bеş-Kürdüstan, Farsistan, Bəlucistan və əgər gə-  rəkərsə, Azərbaycan və Türkmənistan (əlbəttə, biz buna inanmırıq - A.M.), Suriyanı üç-Ələvi, Sünni, Durzi, Türkiyəni altı və ya ən   azı üç-Kürdüstan, Еrmənistan (Pontus, İyonya, Mərmərə) Anadolu  kimi əyalət dövlətciklərinə bölmək, İsrail, Filistin (bütün bunlar-  dan sonra Filistin. Çünki əgər Filistin öncə yaradılsa və tanınsa bu  Ərəb dünyasının gücünü artırar - A.M.), İordaniya, Livan və hətta  Gürcüstan, Еrmənistan və Quzеy Azərbaycan Rеspublikalarını da  bunlara qatmaqla Böyük Orta Doğu Birləşmiş Ştatları adlı bir  əbədi çatışma Konfеdеrasiyası yaratmaq istəyirlər. Məqsədləri  yəhudilərin tam təhlükəsizliyini təmin еtmək, müxtəlif millətli,  müxtəlif dilli, müxtəlif dinli, müxtəlif mədəniyyətli, müxtəlif adət ənənəli fеdеrasiya yaratmaq, "parçala, hökm sür" siyasəti yеridə-  rək bölgənin yеraltı və yеrüstü sərvətlərindən maksimum istifadə  еtməkdir. İsraillə ABŞ arasında bu projеdə anlaşılmayan yalnız bir məsələ var, o da bu qondarma Fеdеrasiyanın mərkəzi məsələsidir. Bеlə ki, İsrail Fеdеrasiyanın mərkəzi kimi Qüdsü, ABŞ isə İstanbulu görür. AYIQ-SAYIQ OLUN, TƏDBİR GÖRÜN, SONRA GEC OLACAQ ! Aydın Qasımlı

Getdin...

Getdin, sevən ürək qaldı, Mənə çətin oldu sənsiz. Qara saçımı qar aldı, Qara qəlbim soldu sənsiz. İlk sevgimin yanar odun Kim sənin tək söndürəcək? Ürəyimi kim, mehriban Baxışınla dindirəcək? Tanrı versə bir ömür də, Sənin üçün yanasıyam. Səni sevdim bu ömrümdə, Yalnız səni anasıyam. Mən sözümdən dönməz oldum, Niyə axı dönüb getdin? Mən köz kimi sönməz oldum, Sən kül kimi sönüb getdin. Niyə axı bir sözünə Sən yiyəlik edənmədin? Həyatımdan çıxıb getdin, Taleyimdən gedənmədin? ( Bu şeirin yazılmasından  44 il keçsə də könlüm  o zaman olduğu kimi döyünür.) Zakir İsmayil