Bu ərazilərdə binalar söküləcək - Komissiya YARADILDI

Bakıda istismar müddətini başa vurmuş, eyni zamanda şəhərin görkəminə xələl gətirən tikililərin sökülməsi ilə əlaqədar iki komissiya yaradılıb. Sozcu.az xəbər verir ki, Bakı Şəhəri İcra Hakimiyyəti yanında Komissiya Bakı şəhərinin yeni Baş Planına uyğun olaraq Bakı şəhərində və ətraf ərazilərdə 20-ci əsrin əvvəllərində tikilmiş və istismar müddətini başa vurmuş, eyni zamanda şəhərin görkəminə xələl gətirən tikililərin sökülməsi zərurəti, habelə mühəndis-kommunikasiya qurğularının yenilənməsi, ərazinin abadlaşdırılması ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, Nizami, Rza Quliyev, Nabat Aşurbəyova, Mirzə Fətəli Axundzadə, Çingiz Mustafayev və Mirzəağa Əliyev küçələrinin əhatə etdiyi ərazidə yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin satınalınaraq köçürülməsi sahəsində səlahiyyətli olacaq. Komissiya Yasamal rayonu, Mirzə Fətəli Axundzadə küçəsi, 4 saylı ünvanda fəaliyyət göstərir. Yuxarıda göstərilən ərazidə yaşayan sakinlərdən sahibi olduqları tikililərə dair müvafiq sənədlərlə Komissiyaya müraciət etmələri xahiş olunur. Ümumi prosesə, şəffaflığın təmin olunmasına nəzarəti isə Nazirlər Kabineti yanında yaradılmış xüsusi Komissiya həyata keçirəcək.

Hava yenə dəyişir: 4 gün yağış, qar… - Xəbərdarlıq

Sabahdan bəzi rayonlara yağış və qar yağacaq. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra mayın 2-si axşam qərb rayonlarından başlayaraq 6-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

İki gün güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə mayın 2-4-də güclü külək əsəcək. Sozcu.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Gəncə, Naftalan, Goranboy, Mingəçevir, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hacıqabul, Neftçala, Salyan, Xızıda cənub-qərb küləyi əsəcək. Bununla yanaşı, Xaçmaz, Şabran, Siyəzən, Quba, Qusar, Qobustan, Şirvan, Şamaxı, İsmayıllı, Biləsuvar, Beyləqan, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Masallı, Astara, Saatlı, Sabirabad, İmişli, Bərdə, Tərtər və Ağdamda da cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

İranda güclü zəlzələ oldu: xəsarət alanlar var

09:27 İranın Xorasan Rəzəvi əyalətinin Rəştxar şəhərində səhər saatlarında 5 bal gücündə zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar qonşu Xaf və Turbat Heydəri şəhərlərində də hiss edilib. *** İranda zəlzələdə xəsarət alanların sayı 19-a çatıb. Bu barədə İRNA məlumat yayıb.

NATO ekspertləri Bakıda hərbçilərimizə kurs keçirlər

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO arasında 2025-ci il üçün “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı"na əsasən, ölkəmizdə səfərdə olan Alyansın Hərbi Hava Qüvvələri Komandanlığının (HHQ) mobil təlim qrupu tərəfindən Azərbaycan HHQ-nin hərbi qulluqçularına "Hava əməliyyatlarının planlanması və aparılması" mövzusunda kurs keçirilir. Müdafiə Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, keçirilən kursun əsas məqsədi NATO-da hava məkanının idarə olunması, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (OCC) proqramı çərçivəsində aviasiya heyətinə özünüqiymətləndirmə (SEL) və NATO qiymətləndirməsi (NEL) fəaliyyətlərinin əsas prinsiplərini izah etmək, dinləyicilərin öz ixtisasları üzrə nəzəri və praktiki biliklərini təkmilləşdirməkdir. Kurs müddətində işçi qruplarla praktiki və nəzəri tapşırıqlar icra ediləcək. Yekunda yerinə yetirilmiş tapşırıqlar və məqsədlərlə bağlı brifinqlər təqdim olunacaq, kursun iştirakçılarına sertifikatlar veriləcək. Qeyd edək ki, təlim kursu mayın 2-dək davam edəcək.

Bazar günü imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci il mayın 4-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçiriləcək Bu barədə Sozcu.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, həmin gün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət dili) imtahanı keçiriləcək. İmtahan, ümumilikdə 21 şəhər və rayonda, 118 binada təşkil olunacaq.   İmtahan bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. Cari ilin 9-cu və 11-ci sinif şagirdləri buradan, əvvəlki illərin məzunları isə buradan “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilirlər.  İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər: - imtahana buraxılış vərəqəsini; - şəxsiyyəti təsdiq edən sənədin əslini. a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; - Şəxsiyyət vəsiqəsində şəkli olmayan  şəxslər  digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). İmtahanda iştirakçılara 30 tapşırıq təqdim olunur: dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq); dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq;  oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq).  İmtahanın müddəti 1 saat 30 dəqiqədir. Cari il imtahan iştirakçılarının toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq. Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır. İmtahanda ümumilikdə 27337 (Bakıda 18917, Sumqayıtda 1087, Abşeronda 1088, Naxçıvanda 82, Gəncədə 1782, Şəmkirdə 87, Tovuzda 184, Mingəçevirdə 217, Yevlaxda 85, Şəkidə 147, Zaqatalada 336, Balakəndə 227, Qəbələdə 197, Qaxda 185, Bərdədə 223, Göyçayda 253, Şirvanda 357, Lənkəranda 350, Qubada 283, Qusarda 626, Xaçmazda 624) şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulub.   İmtahanın idarə olunması üçün 118 ümumi imtahan rəhbəri, 315 imtahan rəhbəri, 2534 nəzarətçi ayrılıb, 363 buraxılış rejimi əməkdaşı (mühafizə), 118 bina nümayəndəsi ayrılıb. İmtahanda 53  nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

I sinfə qəbulla bağlı portala girişdə problem…

2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu ilə portala girişdə qısamüddətli yüklənmə müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Qeyd olunub ki, bu gündən uşaqların 1-ci sinfə elektron qəbulu prosesinə start verilib: "Hazırda sistemə eyni anda çoxsaylı müraciət daxil olduğu üçün portala girişdə qısamüddətli yüklənmə müşahidə olunur. Texniki heyət tərəfindən sistemin sabit və fasiləsiz fəaliyyətinin təmin olunması məqsədilə zəruri tədbirlər görülür".

ABŞ-Ukrayna sazişinə nələr daxildir?

ABŞ və Ukrayna arasında imzalanmış “Amerika–Ukrayna Bərpa İnvestisiya Fondunun yaradılması haqqında” saziş 57 mineralı əhatə edir və sənəddə ABŞ-dan hərbi yardım məsələsi də qeyd olunur, lakin bir sıra məsələlər ətraflı izah olunmayıb. Sozcu.az xəbər verir ki, bunu sənədlə tanış olan “Yevropeyskaya pravda” nəşri yazıb. Bildirilir ki, danışıqlar zamanı Ukrayna və ABŞ sazişi bir neçə hissəyə bölməyə qərar verib: “Xüsusilə, Vaşinqtonda imzalanmış ikitərəfli saziş hökumətlər arasında bəzi sahələrdə əməkdaşlığın siyasi çərçivələrini müəyyən edir. Bunlara yeraltı sərvətlərin işlənməsi, faydalı qazıntıların satışı, ABŞ tərəfindən, o cümlədən hərbi sahədə, Ukraynaya göstəriləcək gələcək yardım daxildir”.

Misirdə partlayış: ölənlər var

Misirin Sitt-Oktobr şəhərində qaz kəmərində partlayış baş verib. Sozcu.az xəbər verir ki, bu barədə "Youm7" portalı məlumat yayıb. Bildirilir ki, partlayış nəticəsində 3 nəfər həlak olub, 18 nəfər yaralanıb. Yaxınlıqda dayanan bir neçə avtomobil də yanıb. İlkin məlumata görə, hadisəyə borudan qaz sızması səbəb olub. Hazırda yerli prokurorluq hadisənin başvermə şəraitini araşdırır.

"Trampın reytinqi 100 gündə son 80 ilin minimumundan da aşağı düşüb"- sorğunun nəticələri

"ABŞ vətəndaşlarının 39 faizi Trampın fəaliyyətini dəstəkləyib, 55 faizi mənfi münasibət bildirib..." Donald Trampın Ağ Evdə keçirdiyi 100 günün yekunlarına görə onun prezidentlik reytinqi son 80 ildə qeydə alınmış ən aşağı göstəriciyə enib. ABŞ vətəndaşlarının cəmi 39 faizi Trampın prezident kimi fəaliyyətini dəstəkləyib, 55 faizi isə bu fəaliyyətə mənfi münasibət bildirib. Sozcu.az xəbər verir ki, bu nəticələr aprelin 27-də "Ipsos" tədqiqat şirkəti, "ABC News" telekanalı və "The Washington Post" qəzeti tərəfindən ABŞ-ın 2464 seçicisi arasında keçirilmiş birgə sorğunun nəticəsində bəlli olub. Məlumatı "dw.com" nəşri yayıb. "Amerikalıların əksəriyyəti hesab edir ki, prezident səlahiyyətlərini genişləndirmək cəhdlərində "həddini aşır" - o, federal işçi qüvvəsini azaltmaq məqsədilə dövlət qulluqçularını vəzifədən azad edir, federal agentlikləri bağlayır və siyasi rəqiblərinə qarşı tədbirlər görür", - nəşrin sorğunun nəticələrinə dair şərhində bildirilir. Qəzetin dərc etdiyi və ABŞ prezidentlərinin adlarını əks etdirən cədvəldə görünür ki, Trampın indiki reytinqi ən aşağıdır. "Trampın dəstək reytinqi istər birinci, istərsə də ikinci prezidentlik müddətinin ilk 100 günündə istənilən əvvəlki prezidentdən daha aşağıdır", - cədvələ əlavə edilmiş qeyddə deyilir. Respondentlərin 40 faizdən çoxu maddi vəziyyətinin pisləşdiyini bildirib. Xüsusilə, sorğu iştirakçılarının 67 faizi respublikaçının birjada baş verən son eniş dövründəki fəaliyyətindən narazı qalıb, 64 faizi xarici mallara tətbiq edilən gömrük rüsumlarını dəstəkləməyib, 61 faizi isə ABŞ-ın digər ölkələrə qarşı siyasətindən narazılığını ifadə edib. Respondentlərin 72 faizi əmindir ki, Trampın atdığı addımlar yaxın zamanda iqtisadi tənəzzülə səbəb olacaq, 40 faizdən çoxu isə şəxsi maliyyə durumunun pisləşdiyini qeyd edib. Fevral ayında Tramp bir sıra fərmanları imzaladıqdan sonra, onu amerikalıların 45 faizi dəstəkləyib, 53 faizi isə fəaliyyətini bəyənməyib. Trampın ilk prezidentlik müddətində o, 100 gün tamam olanda indiki göstəricidən 3 faiz bənd daha yüksək dəstəyə malik olub. "Artıq ölkəmizdə azad və ədalətli "mətbuat" yoxdur. Bizim mətbuat yalnız mənfi xəbərlər yazır və sorğuların nəticələrini kütləvi şəkildə saxtalaşdırır. O, iflasa uğrayıb və korrupsiyaya bulaşıb. Təəssüf doğurur!" - "Tramp Truth Social" platformasında sorğu nəticələrinə münasibət bildirərkən razılaşmayıb. O, medianı özünü daim mənfi şəkildə təqdim etməkdə ittiham edib və onları "xalqın düşməni" adlandırıb. "Onlar həqiqətən də xalqın düşmənidir! Mən onlara hər şeyin ən yaxşısını arzulayıram, amma Amerikanı yenidən möhtəşəm etmək üçün mübarizəni davam etdirəcəyəm!" - Ağ Ev rəhbəri yenidən söz verib.

Bakıda 29 yaşlı gənc faciəli şəkildə öldü

Bakıda 29 yaşlı gənc dəm qazından boğulub. Sozcu.az Report-a istinadən xəbər verir ki, 1996-ci il təvəllüdlü Şahruz Tapdıqov yaşadığı evində dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, mərhum bu gün doğulduğu Biləsuvar rayonunda dəfn olunub.

İsrail Azərbaycandan yardım istədi

İsrail bu gün Qüds yaxınlığındakı meşə yanğınlarının söndürülməsi üçün 13 ölkədən kömək istəyib. Sozcu.az EFE agentliyinə istinadən xəbər verir ki, həmin ölkələr arasında Azərbaycan da var. İsrailin xarici işlər naziri Qideon Saar bildirib ki, Azərbaycan, Argentina, Böyük Britaniya, Yunanıstan, İspaniya, İtaliya, Kipr, Portuqaliya, Şimali Makedoniya, Fransa, Xorvatiya, Çexiya və İsveçdən olan həmkarları ilə danışıb və onlardan meşə yanğınlarının söndürülməsi üçün havadan dəstək istəyib. Qeyd edək ki, bu gün səhər saatlarında Qüdsün qərbində meşə yanğınları baş verib.

İstanbulda dağıdıcı zəlzələnin baş verməsi ehtimalı əsassızdır - Üşüməzsoy

İstanbulda dağıdıcı zəlzələnin baş verməsi ehtimalı əsassızdır. Sozcu.az xəbər verir ki. bu sözləri APA-ya türkiyəli zəlzələ eksperti, professor Şənər Üşüməzsoy bildirib. O qeyd edib ki, 23 apreldə İstanbulda 6,2 maqnitudalı zəlzələ zamanı Mərmərə dənizində qırılması gözlənilən bir xətt vardı: “Həmin xəttin qırılmasından sonra dağıdıcı zəlzələ təhlükəsi aradan qalxıb. Yaxın zamanda gözlənilən şiddətli zəlzələ haqqında fikirlər sadəcə, spekulasiyadır. Bu ehtimal dillərdə dolaşırdı, lakin elmi əsası yoxdur. Çünki Mərmərə qırılma xəttinin 70 km-lik bir qismi 1894-cü ildəki, bir bölümü də 1912-ci ildəki zəlzələ zamanı qırılıb. Geridə elmi təsdiqi olan qırılmamış 50 km-lik bir xətt var. Mən onun bir qisminin aktiv olmadığı, digərinin isə baş verən son zəlzələ zamanı qırıldığı qənaətindəyəm. Aktiv olmayan, ölü sayılan xətt qırılsa belə, baş verəcək zəlzələnin gücü 6,2 maqnitudadan çox olmayacaq”. Şənər Üşüməzsoy Türkiyənin bir çox aktiv qırılma xətti üzərində yerləşdiyini xatırladaraq, ölkənin qərb və şərqində hələ də zəlzələ baş vermə ehtimalının qaldığını, hətta, şərqdəki qırılma xətlərinin qonşu ölkələrin ərazisinə qədər uzandığını əlavə edib: “Yan sürüşməli xətlər Azərbaycana qədər davam edir. Bunlar şərqi Anadolu və Şimal-Şərqi Anadolu xətləridir. Onlar böyük və tək parçadan ibarət olmasalar da, bir çox kiçik qırılma xətləri var. Bu xətlərin yaşayış məntəqələrinə yaxın qırılması zamanı baş verə biləcək 6,5 - 7 maqnitudalı zəlzələlər dağıdıcı ola bilər”.

“Venesiya”da baş verən hadisənin səbəbi məlum oldu

“Venesiya” şadlıq sarayında (Bakı şəhəri, Xətai rayonu, General S.Mehmandarov küçəsi, ev 352) keçirilmiş toy mərasimində 55 nəfərin kütləvi qida zəhərlənməsi barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə daxil olan məlumat əsasında plandankənar yoxlama keçirilib. Bu barədə Sozcu.az-a AQTA-dan bildirilib. Məlumat daxil olduqdan dərhal sonra Agentliyin müfəttişləri hadisə yerində olub. Yoxlama zamanı ictimai iaşə obyektinin üçüncü mərtəbəsində yerləşən və tədbir zamanı qidaların hazırlandığı mətbəx sahəsində sanitar-gigiyenik və sanitar-texniki normativ hüquqi aktların tələblərinə zidd olan çoxsaylı ciddi nöqsanlar aşkar edilib. Müəssisədə dezinfeksiya işlərinin sənədləşdirilməməsi, işçilərin gigiyenik təlimlərə cəlb olunmaması, izləmə sisteminin olmaması, əl yuma şəraitinin təmin edilməməsi, havalandırma sistemlərinin işlək vəziyyətdə olmaması və istifadə edilən avadanlıqlarda (şişlər, işçi masalar, doğrama kötükləri) korroziya və təmizliklə bağlı ciddi çatışmazlıqlar müşahidə edilib. Həmçinin tullantıların idarə olunması, temperatur rejiminin qorunması və qida məhsullarının saxlanma şəraitində də ciddi pozuntular qeydə alınıb. Yoxlama zamanı toy mərasimində təqdim olunan və qida zəhərlənməsi riski yüksək hesab edilən bəzi soyuq qəlyanaltıların və salatların qida obyektinin rəhbəri tərəfindən atıldığı müəyyən edilib. Yoxlama çərçivəsində istehlaka təqdim edilmiş digər qidalardan və qida ilə təmasda olan səthlər, avadanlıqlar və işçi heyətin əllərindən yaxma nümunələri götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində obyektdə qida məhsullarının hazırlanması və saxlanması zamanı sanitar-gigiyenik tələblərə riayət edilməməsinin və çarpaz çirklənmənin qida zəhərlənməsinə səbəb olduğu müəyyən edilib. Aşkar edilmiş pozuntularla əlaqədar müəssisə rəhbəri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, “Venesiya” şadlıq sarayının qidaların hazırlandığı üçüncü mərtəbədə yerləşən mətbəx sahəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb. Qeydə alınmış nöqsanların müəyyən edilmiş müddət ərzində aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Faktla bağlı toplanmış materiallar aidiyyəti hüquq-mühafizə orqanının sorğusu əsasında müvafiq olaraq təqdim edilib.

Azərbaycanın ən təhlükəsiz rayonları - Zəlzələ riski çox azdır - SİYAHI

Son günlər Türkiyənin müxtəlif bölgələrində baş verən ardıcıl zəlzələlər bir daha Cənubi Qafqazda, o cümlədən Azərbaycanda da seysmik təhlükəsizlik məsələsini gündəmə gətirib. Əsasən İstanbul, Malatya və Hatay vilayətlərində qeydə alınan yeraltı təkanlar həm fiziki dağıntılara, həm də ictimai narahatlığa səbəb olub. Sozcu.az Mili.az-a istinadən xəbər verir ki, zəlzələlərin yaratdığı qorxu fonunda Azərbaycan ictimaiyyəti də ölkədə hansı bölgələrin daha təhlükəsiz olduğunu, seysmik baxımdan haralarda yaşamağın daha az risk daşıdığını öyrənməyə çalışır. Mütəxəssislərin fikrincə, Azərbaycanın müəyyən əraziləri aşağı seysmik aktivliklə xarakterizə olunur və burada zəlzələ riski minimaldır. Zəlzələ baxımından ən təhlükəsiz bölgələr: Seysmik xəritələrə və Fövqəladə Hallar Nazirliyi ilə Respublika Seysmoloji Xidmət Mərkəzinin açıqlamalarına əsasən, aşağıdakı bölgələr zəlzələ təhlükəsi baxımından nisbətən təhlükəsiz ərazilər sayılır: Mərkəzi Aran bölgəsi - (Bərdə, Yevlax, Ağcabədi, Zərdab və s.) Salyan və Neftçala - ovalıq ərazilər olmaqla seysmik aktivlik aşağı səviyyədədir. Sabirabad və Saatlı - düzənlik relyefi və sabit yer qatları ilə seçilir. İmişli və Beyləqan - Aran zonasının davamı olaraq sabitlik baxımından öndədir. Biləsuvar və Cəlilabad - Cənub-şərq bölgəsi də təhlükə səviyyəsinə görə aşağı riskli sayılır. Bu ərazilərdəki torpaq qatlarının dərinliyi, aktiv fay xətlərindən uzaqlığı və yeraltı təkanların tarixdə az müşahidə olunması onları nisbətən daha təhlükəsiz edir. Riskli ərazilər hansılardır? Buna qarşı olaraq, Azərbaycanın bəzi bölgələri yüksək və orta seysmik risk zonasına daxildir: Şamaxı, Qəbələ, Zaqatala, İsmayıllı - Böyük Qafqazın cənub yamaclarında yerləşdiyindən tez-tez yeraltı təkanlarla üzləşə bilir. Lənkəran, Lerik, Yardımlı - Talış dağlıq əraziləri seysmik fəallığı ilə seçilir. Abşeron və Bakı - Tarixdə zəlzələlərin müşahidə edildiyi və orta risk daşıyan ərazilərdir. Naxçıvan MR-in dağlıq hissələri - seysmik baxımdan aktiv zonaya daxildir. Seysmoloqlar bölgə əhalisinə seysmik zonaların xüsusiyyətlərini nəzərə alaraq tikinti normalarına əməl etməyi, fövqəladə hallar zamanı davranış qaydalarını öyrənməyi və struktur cəhətdən davamlı binalarda yaşamağı tövsiyə edirlər. Unutmayaq ki, zəlzələ tam proqnozlaşdırıla bilməz. Lakin düzgün yerləşmə, hazırlıq və maarifləndirmə ilə risklər minimuma endirilə bilər.

Vuçiçə xəbərdarlıq: Rusiyaya səfərdən yayın, yoxsa…

Avropa Komissiyası Serbiya Prezidentinə xəbərdarlıq edib. Sozcu.az xəbər verir ki, Avropa Komissiyasının nümayəndəsi Giyom Mersyenin sözlərinə görə, xəbərdarlıq Aleksandar Vuçiçin Rusiyaya planlaşdırılan səfəri ilə bağlıdır. Belə ki, Avropa Komissiyası Vuçiçi xəbərdar edib ki, 9 May – Qələbə Paradı ilə bağlı Rusiyaya planlaşdırılan səfər Serbiyanın Avropa İttifaqına üzvlüklə bağlı danışıqlarını çətinləşdirə bilər.

Mayda temperatur və yağıntı iqlim normasından artıq olacaq

Respublika ərazisi üçün may ayına olan hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. May ayında ölkə ərazisində havanın temperaturu tədricən artır. Son illərdə may ayında hava şəraiti ötən illərlə müqayisədə daha çox dəyişkən keçir. May ayında ilin fəslinə uyğun olaraq isti və soyuq atmosfer cəbhələrinin növbəli şəkildə ərazimizə müdaxiləsi nəticəsində temperatur və təzyiq fərqləri yaranır. Bu ilin may ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarı əksər rayonlarda iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. May ayının ilk günlərində ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. havanın orta aylıq temperaturunun 18-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 15-20 dərəcə isti, gündüzlər 22-27 dərəcə isti, bəzi günlərdə 30-35 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 18-21 mm). havanın orta aylıq temperaturu 18-22 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 13-18 dərəcə isti, gündüzlər 23-28 dərəcə isti, bəzi günlərdə 32-37 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 33-62 mm). Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 13-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 7-12 dərəcə isti, gündüzlər 15-20 dərəcə isti, bəzi günlərdə 23-28 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 68-122 mm). havanın orta aylıq temperaturunun 14-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 7-12 dərəcə isti, gündüzlər 16-21 dərəcə isti, bəzi günlərdə 25-30 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 52-103 mm). havanın orta aylıq temperaturunun 18-21 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 13-18 dərəcə isti, gündüzlər 23-28 dərəcə isti, bəzi günlərdə 30-35 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 43-67 mm). Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 17-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 12-17 dərəcə isti, gündüzlər 20-25 dərəcə isti, bəzi günlərdə 29-34 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 26-166 mm). Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 19-22 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 15-20 dərəcə isti, gündüzlər 27-32 dərəcə isti, bəzi günlərdə 34-36 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 26-62 mm). havanın orta aylıq temperaturunun 16-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 12-17 dərəcə isti, gündüzlər 23-28 dərəcə isti, bəzi günlərdə 32 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 41-72 mm).

Qəbul imtahanlarına qeydiyyat bitir - Abituriyentlərə XƏBƏRDARLIQ

Ali təhsil müəssisələrinə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək üçün abituriyentlərin qeydiyyatı sabah başa çatır. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər 1 may saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (//www.e-gov.az/az/services/read/3148/2) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər. "30 aprel saat 09:00-a olan məlumata əsasən, I ixtisas qrupu üzrə 28872, II ixtisas qrupu üzrə 23672, III ixtisas qrupu üzrə 26102, IV ixtisas qrupu üzrə isə 6198 abituriyent ərizəsini təsdiq edib. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən abituriyentlərin sayı ilə real vaxt rejimində qeydiyyat səhifəsinin statistika bölməsində tanış olmaq mümkündür",- deyə əlavə edilib. Qeyd edək ki,Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 25-də, I və IV qruplar üzrə isə iyunun 1-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 1-də keçiriləcək.

Trampa arxalanmayın! - ABŞ prezidentinin keçmiş müşaviri

“Rusiya döyüş meydanında vəziyyətin onun xeyrinə olduğuna və danışıqlarda daha çox şey əldə edə biləcəyinə inandığı üçün nizamlanmaya tələsmir. Rusiya lideri Vladimir Putin amerikalı həmkarı Donald Trampın bütün güzəştlərə getməyə hazır olduğunu bildiyi üçün onu dəstəkləyəcəyinə əmindir”. Sozcu.az xəbər verir ki, bunu “Delfi”yə müsahibəsində Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton deyib. Eyni zamanda, Bolton iddia edib ki, Putinin “Rusiya imperiyasını yenidən yaratmaq” ambisiyaları Ukrayna hüdudlarından kənara çıxır. O, Avropa ölkələrini birləşməyə və Trampa arxalanmamağa çağırıb. “Düşünürəm ki, Putin keçmiş “KQB” agenti kimi insanları manipulyasiya etməyi bacarır. Onların zəif cəhətlərini bilir. Putin həm Trampın ilk prezidentlik dövründə, həm də Tramp bu il vəzifəyə gəldikdən sonra ilk 90 gün ərzində onunla uğurla oynaya bildi. Putin açıq şəkildə bütün Ukraynanı ələ keçirmək istəyir. O, Rusiya imperiyasını yenidən yaratmağa çalışır. Ona görə də Ukraynada baş verənlərdən asılı olmayaraq, digər keçmiş sovet respublikaları Moskva tərəfindən daim təhdid altındadır. Və mən hesab edirəm ki, bu gün Kreml nədənsə Ukraynada atəşkəsə razılaşsa belə, bu, yalnız müvəqqəti xarakter daşıyacaq, o vaxta qədər ki, onlar öz silahlı qüvvələrini yenidən quracaq, yeni texnikalar alacaq, sonra da müharibəyə davam edəcək. Çünki Rusiya imperiyasının yenidən yaradılması böyük məsələdir. Bunun üçün Ukrayna lazımdır, lakin bir çox başqa şeylər də tələb olunur. Deməli, Putin üçün bu, çox uzunmüddətli plandır. Söhbət təkcə Ukraynanın şərqində növbəti altı ay ərzində baş verəcəklərdən getmir. Mən əmin deyiləm ki, Tramp bu böyük mənzərəni anlayır və ya başa düşürmü, bu onun mühakiməsinə təsir edəcəkmi? Məncə, Kremlin həyata keçirə biləcəyi başqa məqsədlər də var. Bu gün Belarus praktiki olaraq Rusiyanın bir hissəsidir. O, Ermənistan, Azərbaycan, Gürcüstan, Orta Asiya respublikalarını təhdid altında saxlayır. Amma Baltikyanı ölkələr onun siyahısından açıq-aydın kənardadır. Putin onların Rusiya İmperiyasının bir hissəsi olduğuna inanır. Ola bilsin ki, Mərkəzi və Şərqi Avropanın digər ölkələrində rusların “Rusiya İmperiyasının” bir hissəsi kimi görmək istədikləri ərazilər var”, - Bolton bildirib.

İtkin düşən 84 yaşlı həkimin meyiti tapıldı

Qusar rayonunda dörd gün əvvəl itkin düşən şəxsin meyiti aşkar olunub. Sozcu.az Report-a istinadla xəbər verir ki, aprelin 26-da evdən çıxıb geri qayıtmayan 84 yaşlı Qusar sakini Arif Uluxanovun meyiti tapılıb. Onun meyiti yaşadığı Qusar şəhərindəki evin su arxında aşkar edilib. Hadisə ilə bağlı araşdırma aparılır. Qeyd edək ki, Arif Uluxanov uzun müddət Qusar Rayon Mərkəzi Xəstəxanasında həkim işləyib.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizinin Datça sahillərində (Muğla vilayəti) 4,4 bal gücündə zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Zəlzələ yerli vaxtla saat 08:36-da, yerin 14.57 km dərinliyində meydana gəlib. Dağıntı və tələfat barədə məlumat verilməyib.

Qadın Vatsapda 11 qrup yaratdı, 1,2 milyon mənimsədi...

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərən Tənzilə Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə T.Kərimova 10 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub. Qeyd edək ki, Tənzilə Kərimova 11 Vatsap qrupu yaradıb. O, bu qruplar vasitəsilə vətəndaşları aldadaraq onların külli miqdarda pullarını ələ keçirib. T.Kərimova vətəndaşlara qarşı 1 milyon 232 min 559 manat ziyan vurub. Cinayət işi üzrə 81 nəfər zərərçəkmiş var. Tənzilə Kərimovanın barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. Xatırladaq ki, Qobustan rayonunun Çuxanlı kəndində yaşayan 1990-cı il təvəllüdlü qadın dələduzluq faktı aşkar ediləndən sonra həyat yoldaşından da ayrılıb.

Araik həmin binanı 800 min dollara girov qoyubmuş

Qarabağda ləğv edilmiş separatçı rejimin İrəvandakı "nümayəndəliyinin" binası Ermənistan hökumətinin sərəncamına verilib. Sozcu.az Unikal-a istinadla xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Məlumata görə, 5 il əvvəl separatçı rejimin rəhbərlərindən biri olmuş, hazırda sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşı Araik Arutyunyan binanı banklardan birinə 800 min dollara girov qoyub.

“Azərişıq” səbəb göstərmədən iri məbləğli borclar yazır – “Azərsun”dan irad

“Azərişıq” səbəbi bəlli olmayan iri məbləğli borclar yazır – “Azərsun” nümayəndəsindən irad “Azərişıq” ASC mütəmadi olaraq səbəbi izah edilməyən böyük məbləğli borclar hesablayır. Bu barədə “Azərsun Holdinq”in nümayəndəsi Nazim Quliyev Milli Biznesin İnkişafı Forumunda çıxışı zamanı bildirib. “Binanın 20 il ərzində bütün ödənişlərini etdikdən sonra onu törəmə mərkəzə çevirmək və nizamnamə kapitalını dəyişmək istədiyimiz zaman “Azərişıq”ın sistemindən 30 min, 5 min manatlıq borc olduğu barədə məlumat çıxır. Bu borcun nədən yarandığını heç cür öyrənə bilmirik. Kompüterə isə 'Quran ayəsi' kimi toxunmaq olmaz – heç nə dəyişmək mümkün deyil. Bu problemlə vaxtaşırı üzləşirik. Məhkəməyə müraciət etmək istəmirik, əməkdaşlıq tərəfdarıyıq. Qanunvericiliyə görə 10 ildən sonra bu cür borclar ödənilməyə bilər, lakin biz nə bu hüquqdan istifadə edə bilirik, nə də borcun silinməsinə nail ola bilirik,” – deyə nümayəndə vurğulayıb. “Azərişıq” ASC sədrinin birinci müavini Ramil Yusifov çıxışa cavab olaraq bildirib ki, borcun yaranmasına müxtəlif səbəblər təsir edə bilər və bu məsələ araşdırılmadan dəqiq fikir söyləmək düzgün olmaz. “Borcun yaranması fərqli səbəblərlə əlaqəli ola bilər. Vaxtında ödəniş olunmaya bilər, sayğacda nasazlıq yaranmış ola bilər. Bunun həlli yolları mövcuddur,” – deyə sədr müavini qeyd edib. Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin idarə heyətinin sədr müavini Cabbar Cabbarlı əlavə edib ki, bəzi hallarda dövlət qurumları ilə xidmət təşkilatları arasında ödənişlərlə bağlı anlaşılmazlıqlar yaşana bilir.Anews.az