Maqnitudası 7 olan zəlzələ ehtimalı... - Açıqlama

Son günlər ard-arda davam edən zəlzələrlə bağlı təşvişə ehtiyac yoxdur. Sozcu.az xəbər verir ki, bunu Report-a açıqlamasında AMEA nəzdində espublİka Seysmoloji Xİdmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, 3 və 3-dən yuxarı maqnitudada təkanların olması ilə bağlı məlumatlar verilir, lakin xırda təkanlar da olur: "Bu cür xırda təkanların olması enerji boşalmasıdır. Lakin təhlükəli, yəni maqnitudası 7 olan zəlzələ ehtimalı yoxdur. Hiss edilən zəlzələlər ola bilər". Baş direktor əlavə edib ki, heç bir təşvişə ehtiyac yoxdur. Xatırladaq ki, dünən yerli vaxtla 16:02-də Şamaxı və Xızıda 3,7maqnitudalı, dərinliyi 7 km olan zəlzələ baş vermişdi. Yeraltı təkan episentrdə 4 bal, Şamaxı və Xızı rayonlarının yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub. Bu gün səhər saatlarında Şamaxıda 3,2, Şamaxı və Xızı rayonlarında 3,6 maqnitudalı zəlzələ qeydə alınıb.

İllər...

İllər saçımıza ağ işıq çəkdi, Hər tel bir xatirə, hər tel bir nəfəs. Ömür ötüb keçdi – dedi: “Əbəsdi”, Hər baxış bir yaddaş, ötəri həvəs. İllər... Nə qəribə nağıl yazıbdır – Bir az gül, bir az qəm, bir az da sükut. Uşaqlıq keçmişdə sanki azıbdır, Gələcək göz yaşı, təsəlli, ümüd. İllər bir məktubdur Tanrıdan gələn, Birində bir ümid, birində həsrət. İllər saat deyil – günləri hörən, Ömür, qəlbdən keçən gizli bir surət. İllərdən keçdikcə böyümürük biz – Hər yaş bir güzgüdür, sanki toz tutub. Sadəcə ələnib azaldıqca biz, Gələn nəsillər də bizi unudub. Soraqlar aldıqca itmiş zamanla, Bir şəkil, bir mesaj, bir qorxu yetər. Birdən anlayırıq – sanki dumanla Ötüb getməkdədir artıq bu qatar. Zaman da dəyişdi, ömür də susdu, Səsimiz qalıb daş yaddaşlarında. Bir vaxt adı ilə çağrılan dostlar, Adların yazdırıb başdaşlarında. Zakir İsmayil

Mən olmasaydım, Tramp prezident seçilməyəcəkdi - Mask

ABŞ Prezidenti Donald Tramp iş adamı İlon Maskdan narazılığını ifadə edib. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, Tramp Maskı dəstəklədiyini, lakin onun sonradan mövqeyini dəyişərək elektrikli avtomobillərlə bağlı vergi güzəştlərinin ləğvinə qarşı çıxdığını bildirib. “İlon məni çox məyus etdi. Ona çox kömək etmişəm. O, vergi ilə bağlı qanun layihəsinin daxili məzmununu burada oturanların hamısından daha yaxşı bilirdi. Başda heç bir problemi yox idi. Ancaq o, elektrikli avtomobillərə verilən güzəştləri azaltmaq istədiyimizi biləndən buna birdən etiraz etməyə başladı”, – deyə Tramp vurğulayıb. Mask isə Trampın dediklərinə X səhifəsində sərt reaksiya verib və onu yalan danışmaqda ittiham edib: “Yalandır! Həmin qanun layihəsini mənə heç vaxt göstərməyiblər. O layihə dərhal və gecə saatlarında qəbul olundu, Konqresin üzvləri belə onu oxumağa imkan tapmadı". Bundan başqa, İlon Mask bir az daha sərt çıxış edərək Trampın prezident seçilməsində önəmli rolu olduğunu qeyd edib: “Mən olmasaydım, Tramp seçkilərdə qalib gələ bilməyəcəkdi, demokratlar Konqresin Nümayəndələr Palatasına nəzarəti ələ keçirəcəkdilər”.

Sumqayıta gediş onqat bahalaşdı

Bakı-Sumqayıt yolunda uzun tıxac yaranıb. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, yaranan sıxlıqla əlaqədar vətəndaşlar mənzil başına çatmaqda çətinlik çəkir. Belə ki, Bakı-Sumqayıt istiqamətində hərəkət dayandığı üçün ictimai nəqliyyat və taksi tapmaq çətinləşib. Bildirilib ki, “manatlıq taksi” kimi fəaliyyət göstərən sürücülər qiyməti 10 dəfə bahalaşdırıb. Adi günlərdə adambaşına 1 manata qət edilən yolu hazırda 10 manatdan aparmaq təklif olunur.

Rusiya sərhədləri aşsa, mənim nə qədər sərt olacağıma təəccüblənəcəksiniz - Tramp

Putin xoşagəlməz bir hücum həyata keçirəcək. Sozcu.az xəbər verir ki. bu sözləri ABŞ lideri Donald Tramp Almaniya kansleri Fridrix Merzlə Ağ Evdə görüşü zamanı deyib. Tramp Putinlə telefon danışığını xatırladıb: “Putin “Ukraynaya hücum etməkdən başqa çarəmiz yoxdur” dedi. “Bunu etmə, etməməlisən” dedim”. Əgər Rusiyanın dayanmayacağını görsək, çox sərt sanksiyalar olacaq. Əgər Rusiya sərhədləri aşsa, mənim nə qədər sərt olacağıma təəccüblənəcəksiniz. Razılaşma olmasa, həm Rusiyaya, həm də Ukraynaya qarşı sərt olacağıq. Hindistan-Pakistan müharibəsini dayandırdım, kaş Rusiya-Ukrayna müharibəsini də eyni şəkildə dayandıra biləydim”.

Ağdamda müəllim bıçaqlandı

Ağdamda orta məktəb müəllimi bıçaqlanıb. Hadisə ötən gün rayonun Zəngişalı kəndində baş verib.  Kənd sakini Nərimanov Əsəd Gülmalı oğlu həmyerlisi Səfərov Vasif  tərəfindən avtomobildə mübahisə zəmnində bıçaqla vurulub. Ə.Nərimanov Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Müayinə zamanı məlum olub ki, Ə.Nərimanov qarın boşluğundan, omba hissəsindən, başından və əllərindən xəsarət alıb.  İlkin tibbi yardım göstərilən yaralı  paytaxta yerləşən xəstəxanalardan birinə göndərilib.  Qeyd edək ki, Əsəd Nərimanov Mahrızlı Rahib Məmmədov adına kənd tam orta məktəbində bədən tərbiyəsi üzrə müəllim işləyir. Hadisənin baş vermə səbəbi məlum deyil.  Hadisəni törətməkdə şübhəli bilinən V.Səfərov bıçaqladığı Əsəd Nərimanovun qardaşının qayını olduğu və hərbçi olduğu bildirilir. Faktla bağlı araşdırma davam etdirilir.(Qafqazinfo)

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-ci il aprelin 27-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. Bu barədə Sozcu.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (https://eservices.dim.gov.az/2025/netorta) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər. Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub. Yazı işlərinin onlayn yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb. Bu imtahanda iştirakı nəzərdə tutulan 51908 nəfərdən 354 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 3 nəfərin nəticəsi ləğv olunub. İmtahan iştirakçıları arasında 9 nəfər (siyahı) maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 11 iyun saat 10:00-dan 13 iyun saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır: Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır; Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir; Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir. Bundan sonra şagirdlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər. Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq. Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Şagirdlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Güneyli fəalın meyiti Tehranda tapıldı

Tehran əyalətinin İslamşəhr şəhərində yaşayan və mayın 25-dən yoxa çıxan azərbaycanlı sosial media fəalı İlahə Hüseynnejadın meyiti tapılıb. Sozcu.az xəbər verir ki, bununla bağlı Tehran əyalətinin polis idarəsi məlumat yayıb. Məlumata görə, sinəsində iki bıçaq yarası olan 24 yaşlı gəncin meyiti Tehran ətrafında aşkar edilib. Polis İlahə Hüseynnejadın qətlə yetirildiyini və şübhəlinin saxlanıldığını bildirib. Saxlanılan şəxs gəncin telefonunu oğurlamaq üçün onu idarə etdiyi taksi ilə şəhərdən qıraq yerə apardığını etiraf edib. Polisin məlumatı yerli sosial media platformalarında narazılıqla qarşılaşıb, qətlin səbəbinin ört-basdır edildiyi bildirilib. Onlar İlahə Hüseynnejadın bundan əvvəlki etiraz aksiyalarında fəal olduğuna diqqət çəkib, onun qadın hüquqlarının pozulması ilə bağlı sosial mediadakı tənqidi yazılarına görə öldürüldüyünü deyiblər. Qeyd edək ki, İlahə Hüseynnejad ailəsi ilə birgə İslamşəhrdə yaşasa da, əslən Şərqi Azərbaycanın Sərab şəhərindəndir.

Seysmik aktivlik niyə artır, dağıdıcı zəlzələ ola bilər? - Seysmoloq danışdı

İyunun 5-də Azərbaycanda ard-arda 3 zələlə baş verib. Yeraltı təkanlar Pirquluda, Şamaxıda və Lerikdə qeydə alınıb. 3.6, 4, 3.7  maqnitulı zəlzələlər zamanı heç bir itki olmayıb. Zəlzələlərin davam edib-etməyəcəyi ciddi təlaş doğurur. Seysmik aktivliyin artmasının səbəbləri, dağıdıcı zəlzələnin baş vermə ehtimalı kimi məsələlər əhalini narahat edir. Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev Modern.az-a bildirib ki, ümumilikdə dünyada seysmik aktivlik artır və Azərbaycan da təbii olaraq bundan kənarda qalmır: "Dünya miqyasında seysmik və tektonik aktivlik artır. Türkiyədə ard-arda bir neçə zəlzələ baş verib. Mən qeyd etmişdim, yenə də baş verəcək. Srağagün Türkiyədə 5,8 maqnitudalı zəlzələ baş verib. Etno vulkanı püskürür. Bütün dünyada tektonik və seysmik aktivlik artmaqda davam edir. Azərbaycan da kənarda qalmır. Qonşu ölkələrin seysmik ocaqları aktivləşirsə,  Azərbaycan tektonik baxımdan sabit qala bilməz. Təbii ki, silkələnmələr  olacaq. Cari il ərzində  Azərbaycanda hiss olunan zəlzələlərin qaçılmaz olduğunu əvvəlcədən demişdim. 3.5, 4, 4.5 maqnitudalı zəlzələr baş verəcək. Yaponiya, Türkiyə, Myanmarla müqayisə etdikdə dağıdıcı, güclü zəlzələ Azərbaycanda gözlənilməz. Çünki yerdəyişimi intensivliyi o qədər yüksək səviyyədə aktiv deyil ki, güclü, dağıdıcı zəlzələ yaransın. Hiss olunan zəlzələr isə qaçılmazdır, davam edəcək, bu dövrilikdir. Çünki Azərbaycan ərazisui seysmo-tektonikdir. Burada bir neçə qırılma nöqtələri var, aktiv zonalardır". Hiss olunan zəlzələlər hansısa fəsadlara səbəb ola bilərmi? Bu suala cavabında Q.Babayev deyib: "Əgər binalar, hansısa yaşayış obyektləri uçqun vəziyyətindədirsə, ora diqqət artmalıdır. Zəlzələ baş verdikdə panikaya qapılmaq lazım deyil.  Hətta Türkiyədə baş verən zəlzələdə ürəktutmasından vəfat edən də oldu. Azərbaycanda isə güclü, dağıdıcı zəlzələ gözlənilmir. Xəzər dənizində zəngin seysmik ocaqlar mövcuddur, onlar Bakı şəhəri, Abşeron yarımadası üçün təhlükə törədir. Amma katastrofik, güclü zəlzələ gözlənilmir".

Azərbaycanda dərs ilinin başlama və bitmə tarixi dəyişir? – Açıqlama

Azərbaycanda dərslərin bitməsinə bir neçə gün qalıb. Lakin may ayının sonlarından etibarən, əksər valideynlər övladlarını məktəbə göndərməkdən imtina edirlər. Səbəb kimi iyundakı istiləri, dərs proqramının bitdiyini irəli sürürlər. Bu fonda məktəblərdə tədris ilinin başlama və bitmə müddətinin dəyişdirilməsi təklif edilir. Sozcu.az xəbər verir ki, Globalinfo.az-a danışan təhsil məslələri üzrə ekspert Kamran Əsədov dərs ilinin 14 iyuna qədər uzadılması məsələsinin yenidən nəzərdən keçirilməli olduğunu deyib: “Dərs ilinin son iki həftəsi, xüsusilə 1-14 iyun aralığı real tədris yükü ilə deyil, formallıqla xarakterizə olunur. Bu, nə şagirdin inkişafına töhfə verir, nə də təhsil prosesinin səmərəliliyini artırır. Əksinə, iqlim şəraiti, psixoloji yüklənmə və sosial dinamika fonunda bu müddət həm müəllim, həm də şagird üçün məhsuldarlığı sıfıra yaxınlaşdırır. Məktəblərin əksəriyyətində dərslər faktiki olaraq 1 sentyabrda başlayır. Belə olan halda, mayın sonuna qədər şagirdlər artıq 9 aylıq intensiv tədris prosesindən keçmiş olur. Bu müddət ərzində tədris proqramlarının böyük hissəsi tamamlanır, illik qiymətləndirmələr keçirilir, monitorinqlər və buraxılış imtahanları baş tutur. Nəticədə, iyun ayı artıq proqram xarakteri daşımayan, əsasən iştirak və formal dərs saatları ilə tamamlanan ay kimi görünür”. Ekspert bildirib ki, 1-14 iyun tarixlərində şagirdlərin davamiyyət faizi 45-50 fazi arasında dəyişir: “Bu, rəsmi olaraq “dərs günü” sayılsa da, praktiki baxımdan tədrisin təşkil olunmadığını və ya mənasızlaşdırıldığını təsdiqləyir. Hava şəraitinin isti və bəzən normadan artıq rütubətli olması xüsusilə sinif otaqları kondisionersiz olan məktəblərdə tədrisi demək olar ki, mümkünsüz edir. Azərbaycanda dərs ilinin müddəti ilə bağlı dəyişiklik edilməlidir. Mövcud 9 aylıq (sentabr–iyun) model saxlanacaqsa, bu zaman dərs ili 1 sentyabr-31 may aralığında planlaşdırılmalıdır. İyun isə istedadların inkişafı üzrə yay məktəbləri; könüllü yay məşğələləri; əyləncəli STEAM, idman və psixoloji dəstək proqramları; müəllimlər üçün metodik və diaqnostik hazırlıq ayı kimi nəzərdə tutulmalıdır. Əks halda, hər il iyun ayında eyni ssenari təkrarlanacaq. Yəni kitablar yığılacaq, uşaqlar məktəbdə yox, lakin “jurnalda” görünəcək. Təhsil sadəcə statistika ilə idarə olunan bir prosesə çevriləcək”.

Rusiyada PARTLAYIŞ

Rusiyanın Voronej vilayətində dəmiryolu xəttində partlayış baş verib. Sozcu.az xəbər verir ki, bu barədə "Baza" telegram kanalı məlumat yayıb. Bildirilib ki, insident Yevdakovo və Saquni stansiyaları arasındakı hissədə qeydə alınıb. Partlayış nəticəsində dəmiryolu infrastrukturu zədələnib. İlkin məlumatlara görə, hadisə zamanı xəsarət alan olmayıb. Qeyd edək ki, iyunun 1-nə keçən gecə saatlarında Bryansk vilayətinin Vıqoniçi kəndi ərazisində partlayış nəticəsində körpü uçub, həmin an onun altından sərnişin qatarı keçib. Hadisə nəticəsində 7 nəfər ölüb, daha 73 insan yaralanıb.

Hərbi cinayətlərdə ittiham olunan erməniəsilli şəxslərin məhkəməsi keçirilir

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. Sozcu.az “Report”a xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur. Xatırladaq ki, ötən prosesdə zərərçəkmiş şəxslər ifadə verib. Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər. Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər – Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Bağçada uşaqlar ən çox nədən xəstələnir?

2024-cü ildə Azərbaycanda fəaliyyət göstərən dövlət bağçalarında 48 mindən artıq xəstələnmə halı qeydə alınıb. Sozcu.az modern.az-a istinadla bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Xəstələnmə hallarının 10 minə yaxını 3 yaşından aşağı uşaqlarda olub. Məktəbəqədər təhsil müəssisələrində uşaqlar ən çox qripin və yuxarı tənəffüs yollarının kəskin infeksiyasına yoluxurlar. Bağçalarda ötən il 27 mindən çox belə xəstəlik aşkarlanıb. Uşaqlar arasında angina (kəskin tonzillit, 15653 yoluxma), pnevmaniya (234), skarlatina (429), bakterial dizenteriya (211), bədbəxt hadisə, zəhərlənmə və zədələr (62) və digər xəstəliklər (4406) aşkarlanıb.

Lənkəranda itkin düşən kişinin meyiti tapıldı

10:26 Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran rayonunun Horavenc kəndində meşəlik ərazidə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar, FHN-in Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri itkin düşməsi ehtimal edilən 1970-ci il təvəllüdlü İlham Hüseynovun axtarış işlərinə cəlb olunub. Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarışlar davam etdirilir. *** Lənkəranda ötən gündən itkin düşən kişinin meyiti tapılıb. Bildirilib ki, Lənkəran rayonunun Horavenc kəndində ötən gündən itkin düşən və axtarışları aparılan 1970-ci il təvəllüdlü İlham Ağamməd oğlu Hüseynovun meyiti dərədə aşkarlanıb. Meyiti dərədən çıxarmaq üçün əraziyə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.

BMV divara çırpıldı: 4 gənc öldü - Yenilənib

08:51 Qazax rayonunda ağır yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, hadisə rayonun Abbasbəyli kəndində qeydə alınıb. Məlumata görə, BMV markalı avtomobilin idarəetmədən çıxaraq divara çırpılması nəticəsində 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyev aldıqları ağır xəsarətdən həlak olublar. Faktla bağlı araşdırma aparılır. *** Qazaxda yol-nəqliyyat hadisəsində ölən 4 nəfərin meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonunun Abbasbəyli kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, BMW markalı minik avtomobili yol kənarındakı tikiliyə çırpılıb və 4 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən tədbirlər nəticəsində sıxılmış vəziyyətdə qalan 4 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. *** Qazax rayonunda 4 nəfərin ölümü ilə nəticələnən avtoqəza ilə bağlı cinayət işi başlanılıb. Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidməti Gəncə Regional Qrupundan bildirilib ki, Qazax rayonu Abbasbəyli kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. İlkin araşdırmalara əsasən, BMV markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirmiş və avtomobil yol kənarındakı divara dəyib. Nəticədə nəqliyyat vasitəsində olan dörd nəfər - 28 yaşlı Ramal Vəliyev (sürücü), 25 yaşlı Zaur Əhmədov, 28 yaşlı Rafət Nəbiyev və 21 yaşlı Göyüş Nəbiyev hadisə yerində həyatlarınnı itiriblər. Faktla bağlı Qazax Rayon Polis Şöbəsində cinayət işi başlanıb. Qəzanın başvermə səbəblərinin araşdırılması məqsədilə müvafiq ekspertizalar təyin edilib. Araşdırmalar davam etdirilir. *** Qazaxda 4 nəfərin öldüyü yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub. Teleqraf xəbər verir ki, hadisə zamanı qəzaya səbəb olan BMV markalı avtomobil 1997-ci il təvəllüdlü Ramal Vəliyevə məxsus olub. Hadisədən öncə Ramal Vəliyevlə yanaşı, Rafət Nəsibov şəxsi avtomobilləri ilə Abbasbəyli kəndi gediblər. Onlar restoranların birində yeyib-içdikdən sonra Ramal Vəliyevə aid BMV markalı abtomobil ilə Fərəhli kəndinə qayıdıblar. Lakin sonradan Rafət Nəsibovun avtomobilinin Abbasbəyli kəndində unudulduğu məlum olub. Həmin maşını gətirmək üçün yenidən geri dönüblər. Hadisə də həmin an baş verib. BMV markalı avtomobil idarəetməni itirərək, öncə işıq dirəyinə dəyib, daha sonra isə qarşıdakı mağazaya çırpılıb. Nəticədə maşında olan Ramal Vəliyevlə yanaşı, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyev hadisə yerində ölüblər. Qeyd edək ki, ölən şəxslər Fərəhli kənd sakinləridirlər.

Hava ilə bağlı növbəti XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyunun 5-i gündüz şimal və qərb rayonlarından başlayaraq 7-si axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Xidmətdən məlumat verilib. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.

General Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətdən danışdı

Ermənistan-Azərbaycan sərhədində vəziyyət nisbətən sabitdir. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan parlamentdə jurnalistlərə açıqlamasında deyib. Asryanın sözlərinə görə, Ermənistan Silahlı Qüvvələri ona verilən tapşırıqları, o cümlədən kəşfiyyat işlərini yerinə yetirməkdə davam edir. "Sərhəd zonasında başqa təxribat xarakterli fəaliyyət müşahidə olunmayıb", - Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bildirib. Edvard Asryan iyunun 4-də jurnalistlərlə söhbətində baş nazir Nikol Paşinyanın "müharibə yox, sülh olacaq" bəyanatını şərh edərkən deyib. "Ermənistanın baş naziri Ali Baş Komandandır, nə deyirsə, onun kifayət qədər əsasları var".

Hikmət Hacıyev bu ölkələrin nümayəndələri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şimali və Baltikyanı ölkələrin (Şimali Baltik Səkkizliyi ölkələri, NB8) nümayəndələri ilə görüşüb. Sozcu.az xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib. "Bizim qlobal və regional məsələlər, eləcə də ikitərəfli gündəm üzrə çox səmərəli dialoqumuz oldu. Müxtəlif sahələrdə əməkdaşlığımızı inkişaf etdirmək üçün geniş imkanlar və qarşılıqlı maraq var", - o bildirib.

Rusiya Ukraynada 1 milyon əsgər itirib - ABŞ

Ukraynadakı müharibədə ümumi itkilər 1,4 milyon nəfərə çatıb: Rusiya 1 milyon, Ukrayna 400 min əsgər itirib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin geniş hesabatında məlumat verilib. Hesabatda qeyd olunub ki, 2024-cü ilin yanvarından bəri Rusiya təxminən 1149 zirehli döyüş maşını, 3098 PDM, 300 özüyeriyən artilleriya və 1865 tank itirib. Rusiya texnikalarının itkiləri Ukraynanın itkilərinə nisbətdə 5:1-2:1-ə təşkil edib. Hesabata görə, Rusiya Ukraynada İkinci Dünya müharibəsindən sonra bütün Rusiya və Sovet münaqişələrində ölənlərin sayından beş dəfə çox insan itirib. Rusiyanın Ukraynadakı itkiləri Əfqanıstandakı on illik müharibədən 15 dəfə, Çeçenistandakı 13 illik müharibədən isə 10 dəfə çoxdur.

Zelenski çağırış etdi: Bunu sürətləndirmək lazımdır!

Arzuedənlər Koalisiyasının komandalar səviyyəsində koordinasiya prosesini sürətləndirmək lazımdır. Sozcu.az xəbər verir ki, bunu ölkə Prezidenti Volodimir Zelenski Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun 28-ci iclasında ("Ramştayn" formatında) çıxışı zamanı bildirib. "Biz müharibənin yayılmasının və ya yenidən başlamasının qarşısını almaq üçün artıq bəzi ölkələrlə real təhlükəsizlik zəmanətləri və siyasi addımlar üzərində işləməyə başlamışıq", - prezident qeyd edib. O, iştirakçı olan hər bir ölkəyə təşəkkür edib, lakin qərarları, infrastrukturu və koordinasiyanı hazırlamaq üçün praktikliyi qoruyub saxlamağın vacibliyini vurğulayıb. "Gəlin bu prosesi komandalar səviyyəsində sürətləndirək", - Ukrayna lideri sonda deyib.

Azərbaycan və Ermənistan nümayəndələri görüşdü

Azərbaycanın və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının nümayəndələri arasında növbəti görüş keçirilib. Sozcu.az xəbər verir ki, görüş çərçivəsində tərəflər münaqişə zamanı itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması ilə bağlı humanitar məsələləri müzakirə ediblər. Görüşdə məlumat mübadiləsi imkanları, axtarış tədbirlərinin əlaqələndirilməsi məsələləri nəzərdən keçirilib. Tərəflər humanitar sahədə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb və itkin düşmüş şəxslərin ailələrinin maraqları naminə gələcək təmaslara hazır olduqlarını bildiriblər.

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

Prezident Vladimir Zelenski Mixaylo Drapatıyı Birləşmiş Qüvvələrin komandanı təyin edib. Sozcu.az xəbər verir ki, “RBC-Ukrayna”nın məlumatına görə, Mixaylo Drapatıy cəbhəyə rəhbərlik edəcək. Prezident Zelenski dünənki axşam müraciətində Mixaylo Drapatıy ilə döyüş məsələlərinə dair müzakirə apardıqlarını bildirib.

Rusiyaya qarşı sanksiyalar hazırdır... - Kelloq

ABŞ-ın Rusiyaya qarşı sanksiyaları hazırdır, Konqres və Ağ Ev onları təsdiqləməyə hazırdır. Sozcu.az xəbər verir ki, bunu ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib. “Keçən həftə sonu senator Lindsi Qremlə danışdım. Anladığım qədər, sanksiyalar hazırdır. Layihə 2025-ci il “Rusiya Sanksiya Aktı” adlanır. Bu, sanksiyalar kifayət qədər ağırdır. Məsələn, ABŞ-a idxalda gömrük dərəcəsi 500% təşkil edir. Konqresdə və Ağ Evdə bu məsələ ilə bağlı yekdil fikir var. Rusiya neft dövlətidir. Gəlirinin böyük hissəsini neft-kimya sənayesindən əldə edir. Bu sanksiyaların hədəfi məhz bu sənayedir”, - o bildirib.

Azərbaycanda ən dərin zəlzələlər bu ərazidə baş verir

Azərbaycanda ən dərin zəlzələlər Xəzər dənizində baş verir. Sozcu.az xəbər verir ki, bu AMEA nəzdində RSXM-nin baş direktoru Qurban Yetirmişli "Təbii fəlakətlər, ekoloji problemlər, yaşıl dünya" mövzusunda keçirilən konfransda deyib. O bildirib ki, həmin zəlzələlərin dərinliyi 60-70 km arasında olur.