Bakı üçün zəlzələ ANONSU – Təhlükə buradan gəlir!

Son günlər Türkiyə və Azərbaycan ərazisində qeydə alınan yeraltı təkanlar əhali arasında ciddi narahatlığa səbəb olub. Seysmoloji aktivliyin artması ilə bağlı yayılan məlumatlar insanlar arasında təşvişi artırır və yaxın gələcəkdə baş verə biləcək təbii fəlakətlərlə bağlı suallar doğurur. Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri, Yer elmləri üzrə elmlər doktoru dosent Qulam Babayev sözügedən məsələni belə şərh edib: “Əvvəlki müsahibələrimdə də qeyd edirdim ki, Azərbaycanda seysmik və tektonik aktivlik artmaqdadır. Nəinki Azərbaycanda, bütün dünya miqyasında bu davamlı şəkildə baş verir və belə davam edəcək. Egey dənizində hiss olunan, güclü zəlzələlər baş verir. Bu yaxında hətta Türkiyədə də bir neçə zəlzələ oldu və yenə də davamlı şəkildə olacaq. Çünki Türkiyə ərazisi mürəkkəb tektonik ərazidə yerləşir və mürəkkəb tektonik qırılmalar var və aktivdirlər. Gördüyünüz kimi, Etna vulkanı da püskürdü. Tektonik və seysmik aktivlik dünya miqyasında artır və getdikcə artmaqdadır. Azərbaycanı Türkiyə ilə müqayisə etsək, dərinliklərdə baş verən geodinamik proseslər və yerdəyişmələr o dərəcədə intensiv deyil, aktivdir. Özünə görə bir neçə nəhəng plitənin qovşağında yerləşirik. Amma seysmik və tektonik baxımdan o dərəcədə aktiv ərazi deyil. Azərbaycan seysmik zona sayılsa da, yerdəyişmə prosesləri çox da aktiv olmadığından güclü, dağıdıcı zəlzələ ölkə ərazisində baş vermir. Hiss olunan zəlzələ isə qaçılmazdır. Qonşu dövlətlərin, Türkiyə, İran və Gürcüstan ərazilərində tektonik aktivlik davam edirsə, Azərbaycanda da sabitliq gözləmək olmaz.  Bu fizika qanunlarına ziddir. Azərbaycanda da daima ocaqlar hərəkətdə olacaq. Onsuz da hər gün hərəkətdədirlər və hər gün hiss olunmayan zəlzələ qeydə alır. Amma əsas məsələ hiss olunan yeraltı təkanlardır. Bir seysmoloq kimi hər zaman qeyd edirəm ki, dərinlik burada çox böyük rol oynayır. Hansı nöqtədə toqquşma baş verdi və qırılma müşahidə olundusa, bu əsasdır. Çünki deyək ki, 30-35 kilometr dərinlikdə 4-4,5 maqnitudalı zəlzələ baş veribsə, səthə zəif təkanla gəlib çatacaq. Ancaq həmin maqnituda olan zəlzələ səthə yaxın olsa, bu təbii ki, daha intensiv şəkildə özünü göstərəcək. Ona görə də dərinlik əsas rol oynayır”. Ekspert bildirib ki, Abşeron yarımadası və Bakı şəhəri isə əsas seysmik təhlükəni Xəzər dənizində olan ocaqlardan görür: “Üstəlik Şamaxı və İsmayıllı ocaqlarından da seysmik təhlükə ilə üzləşir. Amma həmin ocaqlarda elə bir hiss olunan zəlzələ baş verməlidir ki, o gəlib Bakı şəhərinə çıxsın. Tarixdə belə hadisələr var. Şamaxıda 5,5 maqnitudalı zəlzələ Bakıda hiss edilib. Xəzər dənizinin bütün hissələrində yerləşən ocaqlar paytaxt ərazisi üçün təhlükə mənbəyidir və mürəkkəb tektonik ocaqlar aktivlik təşkil edir. Bu səbəbdən dağıdıcı olmasa da hiss olunan zəlzələ qaçılmazdır. Seysmik və tektonik aktivliyin fəsillə heç bir əlaqəsi yoxdur. Bu dərinliklərdə baş verən proseslərin nəticəsində meydana gəlir”.yenisabah)

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 1201-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 996 150 hərbçi, 10 911 ədəd tank, 22 748 ədəd zirehli döyüş maşını, 28 892 ədəd artilleriya sistemi, 1 410 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 183 hava hücumundan müdafiə sistemi, 414 ədəd hərbi təyyarə, 337 ədəd helikopter, 51 225 ədəd avtomobil texnikası, 39 651 ədəd PUA, 3 315 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 911 xüsusi avadanlıq itirib.

Paşinyan: Petrosyan saxtakarlığın banisidir, fırıldaqçı...

Levon Ter-Petrosyan Ermənistan Respublikasında seçki saxtakarlığı praktikasının banisidir və o, təbii ki, özü kimi populist fırıldaqçı və fırıldaqçının yanında olmalıdır. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin birinci prezidenti Levon Ter-Petrosyanın ötən gün II Qareginlə görüşməsi və ona “tam dəstək” ifadə etməsi haqda sosial şəbəkə hesabında yazıb. Qeyd edək ki, Paşinyanla erməni kilsəsi arasında gərginlik yaşanır. Paşinyan bəzi yepiskopları subaylıq andını pozmaqda, doğmalarının ailəsinə qarşı əxlaqsızlıqda ittiham edib.

Tramp Vensə Maskı tənqid etməyi yasaqladı

ABŞ Prezidenti Donald Tramp vitse-prezident Ceyms Di Vensə milyarder İlon Maskı tənqid etməyi yasaqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb. “Tramp vəziyyəti gərginləşdirməmək üçün Vensin sərt cavabını istəmədi, bu strategiya körpülərin yenidən qurulması üçün imkan saxladı”, - nəşr bildirib.

Mingəçevirdə 41 yaşlı kişinin meyiti tapıldı

Mingəçevirdə küçədə 41 yaşlı kişinin meyiti tapılıb. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Kür çayının sağ sahilində qeydə alınıb. Küçədə meyiti tapılan şəxsin 1984-cü il təvəllüdlü şəhər sakini Ramin İsmayılov olduğu müəyyən edilib. Əldə edilən ilkin məlumata görə, ölən şəxs həm də içki düşkünü olub. Faktla bağlı araşdırma aparılır.

DSX-nin hərbçisi vəfat etdi

Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənli Rasim Raməddin oğlu xəstəliyi ilə əlaqədar müalicə olunduğu tibb müəssisəsində vəfat edib. Bu barədə Sozcu.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir. Allah rəhmət eləsin!

Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar

Tovuzda məktəb müəlliminin valideynlərdən hədiyyə qismində zinət əşyası tələb etdiyi söylənilir. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, sosial şəbəkədə edilən paylaşımda Tovuz rayon Əlimərdanlı kənd M.Musayev adına tam orta məktəbinin Günel adlı müəlliməsinin özünə təmtəraqlı tədbir təşkil etdiyi bildirilir. Görüntülərdə bir neçə qadının sıraya düzüldüyü, onlardan birinin müəllimənin barmağına qızıl üzük taxdığı əks olunub. Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, sözügedən faktla bağlı araşdırma aparılır.

Tramp İlon Maskın narkoman olduğunu AÇIQLADI

ABŞ prezidenti Donald Tramp sahibkar İlon Maskın “dəli” davranışını narkotik istifadəsi ilə əlaqələndirib. Sozcu.az "Unikal"a istrinadən xəbər verir ki, “The New York Times”da may ayında dərc olunan məqalədə Maskın Trampın ən yaxın müttəfiqlərindən birinə çevriləndə aktiv olaraq ketamin qəbul etməyə başladığı qeyd edilib. Lakin narkotiklərlə bağlı məlumatı iş adamı özü təkzib edib. "Tramp son 24 saat ərzində köməkçilərinə Maskın “dəli” davranışının onun narkotik istifadəsindən qaynaqlandığını bildirib”, – nəşr qeyd edib. Biznesmenin Ağ Evi tərk etmək qərarından sonra ABŞ prezidenti Donald Tramp və sahibkar İlon Mask arasında ictimai mübahisə yaranıb. Mask ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsindən istefa verib, bundan sonra Trampın vergilərlə bağlı qərarını tənqid edib. Sahibkarın sözlərinə görə, vergi güzəştlərini nəzərdə tutan qanun layihəsi ABŞ-nin büdcə kəsirinin artmasına səbəb olacaq.

Kürdə 45, Qarasuçayda isə 63 santimetr artım oldu

Bölgələrdə davam edən intensiv yağıntılarla əlaqədar bəzi çaylarda suyun səviyyəsi artıb. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 63 sm, Vəlvələçayda 12 sm, Qudyalçayda 5 sm, Katexçayda 3 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 4 sm, Kürəkçayda 3 sm, Zəyəmçayda 2 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 11 sm artım olub. Bundan başqa, Tərtərçayda 5 sm, Tutqunçayda 3 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda 10 sm, Kür-Surra və Kür-Bankədə 11 sm, Kür-Şirvanda 20 sm, Kür-Salyanda isə 45 sm artım qeydə alınıb.

Türk ölkəsi Leninin 25 metrlik heykəlini gecə ilə sökdü

Qırğızıstanın ikinci böyük şəhəri olan Oşda sovet lideri Vladimir Leninin abidəsi sökülüb. Sozcu.az xəbər verir ki, söküntü işləri iyunun 6-dan 7-nə keçən gecə aparılıb. Şəhərin mərkəzində - Sevgi və Toktoqul Satılganov parklarının yanında yerləşən abidənin hündürlüyü təqribən 25 metr idi ki, bu da onu təkcə regionda deyil, həm də dünyada Leninin ən hündür abidələrindən birinə çevirmişdi.

Şahdağa qar yağdı, Qazaxa dolu düşdü

İyunun 7-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib. Yağıntılar bəzi yerlərdə leysan xarakterli intensiv olub. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, düşən yağıntının miqdarı Oğuzda 59, Qəbələdə 42, Şamaxıda 37, Qaxda 35, Şəkidə 24, Zaqatala və Balakəndə 13, Tərtər, Quba və Qobustanda 12, Bakıda və Abşeron yarımadasında 11, Şahdağda 10, İsmayıllı, Xınalıq, Ordubad, Mingəçevir, Zərdab, Zəngilan, Qusar, Şahbuz, Beyləqan, Sabirabad, Göyçay, Altıağac, Göygöl, Kürdəmir, Xaltan, Naftalan, Lerik, Şirvan, Beyləqan, Şabran, Yevlax, Füzuli, Kəlbəcər, Goranboy, Gədəbəy, Neftçala, Tovuz, Şəmkir, Daşkəsən, Gəncə, Ağdam, Yardımlı və Culfada 1-9 mm-dək olub. Şahdağda isə qar yağıb. Vurğulanıb ki, iyunun 7-si saat 00:55 radələrində Qazaxda diametri 15 mm olan dolu düşüb. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25, Naxçıvan MR-da 31, Aran rayonlarında 33, dağlıq rayonlarda isə 21 dərəcəyədək isti qeydə alınıb. Qeyd olunub ki, ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti 7-si axşam əksər rayonlarda tədricən kəsiləcək, 8-də əsasən yağmursuz keçəcək.

ƏDALƏTİN QƏFLƏTİ - (hekayə)

Kənd camaatı Danabaş Ağanın əlindən bezmişdi. Danabaş Ağa – adı ağa, özü yırtıcı idi. Pula həris, acgöz, daşürək adamdı. Kimin pulu yox idisə, Ağa sələmə verərdi. Əvvəl bir manat, sonra bir yastıq yeri, axırda isə evin damını da söküb aparardı. Amma özü elə yaşayardı ki, guya göydən zənbillə düşüb. Qızılı qənd kimi yeyərdi, qırıq-qırtığı isə kənd camaatına çürük meyvə kimi tullayardı. Amma qadağayla: "Əlim dəyməsin, gözüm görməsin!" Camaat isə o çürük meyvəyə belə möhtac idi. Hamı Danabaş Ağadan qorxurdu. Heç kim Danabaş Ağaya səsini çıxarda bilmirdi. Ta ki, qonşu kənddən Ədalət kişi gəlib çıxana qədər... Ədalət kişi oxumuş adam idi. İynəli danışardı, dedikləri qaya kimi ağır gələrdi. Köhnə bir çap maşını vardı – dişsiz, cırıldayan. Çap maşını Ədalət kişinin çörək ağacı idi. Ədalət kişi bir gecə, Danabaş Ağanın kəndinə səssizcə girdi. Çap maşını ilə yazdığı elanları kəndin küçələrinə səpdi. Elanlarda yazılmışdı: "Adım CƏNAB-dır. Mənim itlərim sizin malınızı qoruyar. Bu itlər ‘YOX’ sözündən başqa heç nə bilməz. İcazəsiz bir əşyaya toxunsanız – əvvəl ‘yox’ deyəcəklər, sonra parçalayacaqlar.” Səhər kənd camaatı elanları oxudu. Camaat qorxuya düşdü: “Bu Cənab kişi kimdirsə, bizi Danabaş Ağanın əlartığından da edəcək. Amandır, ağa bu elandan xəbər tutmasın!” Amma kəndin içində satqınlar çox idi. Bu satqınlardan biri, elanı götürüb, cumdu Danabaş Ağanın villasına: – Ağa, bax, bu nədi? Danabaş Ağa yazını oxudu və qaşlarını çatdı. “Kimdi bu Cənab?! Çağırın gəlsin!” Elə həmin gün Cənab kişi gəlib çıxdı. Kostyumu qırışlı, gözləri parlaq, amma nitqi – ipək kimi. Danabaş Ağa ondan itlər istədi. Cənab qiymətləri ucaltdı – itlər bir ətək qızıla başa gəldi. Amma Danabaş Ağa razı idi, çünki malı-mülkü qorunacaqdı. İtlər sözə qulaq asan, görüb-götürmüş itlər idi. Kənddə kim Danabaş Ağanın bağında bir çürük almaya əl uzatsa, it əvvəlcə “yox” deyirdi sonra həmən adamı oradaca parçalayırdı. Danabaş Ağa itlərdən o qədər razı idi ki, təriflərini yerə göyə-sığdıra bilmirdi. Deyirdi: “Bax, bu itlər mənim kimi düşünür!” Bir gün həmən bu Cənab, yəni Ədalət kişi, kəndin ağsaqqalına yaxınlaşıb dedi: – Ay kişi, bu itlərin bir sirri var. Onlarla danışmağın bir yolu var ki, bu yoldan xəbər tutsanız, kənd əhli Danabaş Ağanın zülmündən qurtulacaq. Əgər itlərə siyasətlə desək: “Ay it, Danabaş Ağanın bağından bir alma yesəm, xətrinə dəyməz ki?” – it deyəcək ki, “Yox.” Elə bu “yox”la almalar da sizin olar, Danabaş Ağanın malı-mülkü də. Ağsaqqal başını sallayıb gülümsədi. Bu sirri kəndin içində güvəndiyi adamlara yaydı.  Kənd camaatı itlərə siyasətlə yaxınlaşıb, nəzakətlə müraciət edib, Danabaş Ağanın mallarını səssiz-səmirsiz əlindən çıxartmağa başladılar. Ədalət kişi isə hər gün Danabaş Ağanın yanında olurdu. Guya itlərə yeni komandalar öyrədirdi. Əslində isə Danabaş Ağanın başını qatırdı. Bir gün Danabaş Ağa villasının balkonunda oturmuşdu. Kəndə baxırdı. Birdən bir hay-küy qopdu. Villanın nəhəng qapıları açıldı, Danabaş Ağanın xəbərçisi qan-tər içində özünü ağanın ayaqları altına atdı: – Ağa, ağa itlər kənd camaatı ilə əlbir olub, malını mülkünü talan ediblər. Ağa, qoyma, məni də itlərə yedizdirmək istəyirlər! Qəzəbli kənd camaatı da, doluşdu həyətə. Danabaş Ağa yekə qara kürsüsündən sıçrayıb, ayağa qalxdı. Dana kimi böyürüb, Cənabı çağırdı: – Bu nə deməkdir?! İtlərə əmr et, məni qorusunlar! Əmr et, bu narkomanları, piyanskaları, və başıpozuqları cəzalandırsınlar! Amma Cənab – yəni Ədalət kişi – susdu. Bir kəlmə də danışmadı. Danabaş Ağa özü itlərə bağırdı: – Cənabı parçalayın! İtlər tərpənmədi. Ədalət kişi gülümsədi. İtlərdən birinə dedi: – Ay itlər, Danabaş Ağanın kürsüsündə otursam, xətrinə dəyməz ki? İtlər “yox” dedilər. Gəlib kürsünü Danabaş Ağanın altından çəkib, gətirib, Cənabın qarşısına qoydular. Danabaş Ağa iki əli ilə başına vurub: “Kül mənim başıma” - dedi.  Kənd camaatı qəh-qəhə çəkib güldü. Ədalət kişi kürsüyə oturub camaata səsləndi: – Ədalət dişlə, dırnaqla gəlməz. Elmlə, əqillə, səbrlə və siyasətlə gələr! Əbil Həsən

“Reinkarnasiya” - Yaşar Süleymanlının hekayələr kitabının təqdimatı - Fotolar

Moskvada yazıçı və şair Yaşar Süleymanlının “Reinkarnasiya” adlı hekayələr toplusunun ədəbi təqdimatı keçirildi.  Azərbaycanda qeyd olunan Şairlər Gününə həsr olunmuş bu tədbir Azərbaycan diasporunun mədəni həyatında əlamətdar bir hadisəyə çevrildi. Tədbir ədəbiyyat adamlarını, tərcüməçiləri, oxucuları və mənəvi dəyərləri qoruyanları bir çətir altında birləşdirdi. Bu görüş sadəcə bir kitab təqdimatı deyildi. Bu – dövrlərin, dillərin və ruhların söhbəti idi. Bu – müasir dünyanın ritmində səslənən Azərbaycanın səsi idi. Gecənin moderatorları – sözə, mədəniyyətə və ədəbiyyata olan dərin sevgiləri ilə seçilən Afaq Şıxlı – şairə, tərcüməçi, həkim, Rusiya və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin məsul katibi, eyni zamanda bu kitabın ön söz müəllifi və redaktoru; Sevinc Şamil qızı Qurbanova – Azərbaycan Mədəniyyətinin İnkişafı Fondunun vitse-prezidenti, qəlbinin dərinliyində ədəbiyyat sevgisi daşıyan ziyalı gənc xanım. Tədbirin təşkilatçısı isə Azərbaycan mədəniyyətinin hüdudlardan kənarda yaşaması və qorunması üçün yorulmadan çalışan, Azərbaycan Mədəniyyətinin İnkişafı Fondunun sədri, iş adamı və xeyriyyəçi Şamil Qurbanov idi. Afaq Şıxlı çıxışına Yaşar Süleymanlının “Yenə qələm, yenə kağız, yenə mən...” şeiri ilə başladı. Şeiri rus dilinə gənc şairə Nilufər Şıxlı tərcümə etmişdi. Bu şeir gecənin bütün ab-havasına səmimilik və ədəbi dərinlik  bəxş etdi. Sevinc Qurbanova tədbir iştirakçılarını salamlayaraq vurğuladı: "Bu günkü axşam yalnız bir müəllifin yox, bütün söz adamlarının bayramıdır. Ədəbiyyatı bir həyat tərzi olaraq yaşayanlar, sözə inananlar üçün bu, maraqlı bir görüşdür. Ədəbiyyat – zamanın nəfəsi, millətin nəbzidir." Afaq Şıxlı öz çıxışında bildirdi ki, Yaşar Süleymanlının “Reinkarnasiya” adlı yeni kitabı – sadə insanların həyatından bəhs edən, səmimi və dəqiq müşahidələrlə zəngin hekayələr toplusudur. Müəllifin qəhrəmanları sanki bizim qonşularımız, həmkarlarımız, qohumlarımızdır. Onların talelərində zaman əks olunur. Bu hekayələrdə həm ağrı, həm nəvaziş, həm yumor, həm də ümid var. Tədbirdə tərcümə mövzusuna da xüsusi diqqət ayrıldı. Kitabı rus dilinə tərcümə edən Cavid Abbasova da səmimi təşəkkür sözləri söyləndi. Gecəni Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov və onun müavini Qaşım Əliyev kimi mədəni və diplomatik çevrələrin nümayəndələrinin çıxışları daha da zənginləşdirdi. Tədbirdə hekayələr və şeirlər səsləndi. "Sən mənim şeirimin anası oldun" adlı poetik nümunə iki dildə təqdim olundu: azərbaycanca – pedaqoq və türk dili üzrə mütəxəssis Leyla xanım Fərəcovanın, rus dilində isə Afaq Şıxlının tərcüməsində, rejissor və qiraətçi Ülviyyə xanım Əzizovanın ifasında səsləndirildi. “Şəhərin məşhur pişiyi” adlı hekayə xüsusi rəğbətlə qarşılandı. Filoloq və pedaqoq Xalida Səmədova əsəri yüksək bədii zövqlə və incə duyğularla təqdim etdi. Şair Yaşar Süleymanlının şeirlərini Gülnur Alışova, Leyla Orucova və Məhsəti Əliyeva da səsləndirdilər. Eyni zamanda, tədbirdə “Şəhriyar” Ədəbi-Mədəni Cəmiyyətinin sədri Vasif Məmmədov, şairlər Aliş Əvəz və Reyhanə Aslan da çıxış etdilər. Asəf Quliyev və Gülnur xanım Alışovanın ifasında səslənən musiqi nömrələri isə bu ədəbi görüşə son dərəcə zərif və duyğulu notlar qatdı. Gecənin sonunda aparıcılar bu sözlərlə çıxış etdilər: "Qoy ədəbiyyat bizi birləşdirməyə davam etsin – məsafələrə, dövrlərə və talelərə baxmayaraq. Yazanlara – ilham, oxuyanlara – açıq ürək və aydın düşüncə, hər birimizə isə sülh, əmin-amanlıq və xoşbəxtlik arzulayırıq." Təqdimat dostcasına çay süfrəsi ilə başa çatdı. Burada müzakirələr və ədəbi dialoqlar davam etdi. AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN MOSKVA BÖLMƏSİ

Rusiyanın gecə hücumu: 4 ölü, 80 yaralı var - Zelenski

Hazırda Rusiyanın Ukraynaya keçirdiyi kütləvi gecə hücumunda 80 nəfər yaralandığı, 4 nəfərin öldüyü məlumdur. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin videomüraciətində bildirilib. O qeyd edib ki, müxtəlif rayon və şəhərlərdə xilasetmə və qəza-xilasetmə əməliyyatları gün ərzində davam etdirilib: "Ternopil, Lutsk, Kiyev, Poltava vilayəti, Xmelnitski rayonu, Lvov vilayəti, Çerniqov vilayəti, Odessa vilayəti, Sum vilayəti. Ümumilikdə 80 nəfər xəsarət alıb, hər kəsə yardım göstərilib. Təəssüf ki, ölənlər var. Hazırda ölənlərin dördü məlumdur.

Fransa ilə bu təzyiqlərə birgə qarşı çıxmalıyıq - Yi

Çin və Fransa azad ticarət üçün birtərəfli təzyiqlərə qarşı çıxmalıdır. Sozcu.az xəbər verir ki, bunu Çin xarici işlər naziri Van Yi fransalı həmkarı Jan Noel Barro ilə telefon danışığı zamanı deyib. “Çin və Fransa birgə azad ticarəti qorumalı və birtərəfli təzyiqlərə qarşı dayanmalıdır”, - Van Yi qeyd edib.

Ukrayna yenidən Rusiya strateji aerodromlarına zərbələr endirib

Ukrayna Müdafiə Qüvvələri yenidən Rusiya strateji aviasiya aerodromlarına zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Əməliyyat ötən gecə həyata keçirilib. Qeyd olunur ki, Ukrayna hərbçiləri Saratov vilayətindəki Engels aerodromunu vurub. Strateji bombardmançıların, aviatankerlərin və müşayiət qırıcılarının yerləşdiyi Ryazan vilayətindəki Diaqilev aerodromuna da zərbələr endirilib. Baş Qərargahın məlumatına görə, Saratov vilayətində ən azı üç yanacaq çəni vurulub, onlarla partlayış qeydə alınıb. Yaxın ərazilərdə yanğınlar olub, qatı tüstü müşahidə edilib. Ukrayna Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenkonun sözlərinə görə, Rusiya hərbi-sənaye kompleksinin əsas müəssisələrindən biri olan “Miçurinski tərəqqi” müdafiə zavodu da vurulub. Baş Qərargah həmçinin Rusiya ərazisində və işğal olunmuş Ukrayna ərazilərində yerləşən bir sıra digər mühüm obyektlərə də hücum edildiyini açıqlayıb. Onların arasında Kursk vilayətinin Kulbaki kəndi yaxınlığında rus ordusunun 72-ci motoatıcı diviziyasının 30-cu motoatıcı alayının maddi-texniki təchizat məntəqəsi də var.

Ukrayna Rusiya üçün daha bir "Hörümçək toru" hazırlayır

Ukrayna xüsusi xidmət orqanları “Hörümçək toru” kimi digər mürəkkəb əməliyyatlara da hazırlaşır. Sozcu.az xəbər verir ki, bu barədə "Vaşinqton Post" məlumat yayıb. "ABŞ Prezidenti Donald Trampın sülhməramlı rolundan getməsi ilə Ukrayna öz xüsusi xidmət orqanlarından həmişəkindən daha çox asılıdır və Rusiyanın dərinliklərinə ciddi zərbələr endirmək qabiliyyətini nümayiş etdirib. Uğurlu “Hörümçək toru” əməliyyatı Ukraynanın danışıqlar masasını yeniləmək üçün cəsarətli cəhdi idi", - məlumatda deyilib. Eyni zamanda qeyd olunub ki, Rusiyanın strateji bombardmançı təyyarələrinə endirilən zərbə Trampın qəzəbinə səbəb olub: "O, Ukraynaya dəstəyi dayandıra bilər. Tramp hesab edir ki, hücum onun son qoymağa çalışdığı müharibəni davam etdirə bilər". Qeyd edək ki, iyunun 1-də Ukrayna Təhlükəsizlik Xidməti Rusiya strateji bombardmançı aviasiyasına qarşı “Hörümçək toru” adlı irimiqyaslı əməliyyat keçirmişdi. Əlavə edək ki, iyunun 6-na keçən gecə də Ukrayna Müdafiə Qüvvələri Rusiyanın kütləvi zərbələrə başlamasından əvvəl Rusiya aviasiyasının yerləşdiyi aerodromlara qabaqlayıcı zərbələr endirib.

Ukrayna əməliyyat hazırlayır: Putinə rahatlıq olmayacaq

“Vaşinqton Post” nəşrinin iddiasına görə, Ukrayna xüsusi xidmət orqanları Rusiya ərazisində yeni əməliyyat hazırlayıblar. Başqa sözlə Ukrayna kəşfiyyatı ötən dəfəki “Hörümçək toru” əməliyyatını başqa formada Rusiya ərazisində təkrarlamaq əzmindədir. “Hörümçək toru” 3 hissədən ibarət idi. Əvvəlcə, Rusiyanın dəmiryollarında partlayışlar baş verdi, daha sonra Rusiya ərazisinə keçirilən dronlar vasitəsilə hava limanlarındakı bombardmançı təyyarələrin bir qisminə zərbələr endirildi, sonda Krım körpüsünün dayaqlarından biri partladıldı. Sozcu.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu qeyd edib. Onun sözlərinə görə, nəşrin iddiası gerçək olmasa belə, bu kimi xəbərlərin yayımlanması Rusiya hakimiyyətinə qarşı psixoloji savaşın tərkib hissəsidir: “Kremldə qara-qara düşünürlər ki, Ukrayna kəşfiyyatı bu dəfə haranı partladacaq? Kreml sahibi nazirlərə təhlükəsizlik tədbirlərini artırmağı əmr edib. Rusiyada bu kimi əmrlərin necə yerinə yetiriləcəyi bəllidir, şübhəlilər bəhanəsiyilə Rusiyada çalışan miqrant işçilər sıxışdırılacaq, xüsusi təyinatlılar onların çalışdıqları yerlərə və qaldıqları evlərə soxulacaqlar, yollarda nəqliyyat vasitələri kütləvi yoxlanılacaq, bu da kollaps yaradacaq. Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirdikcə, Kreml sahibinə və sıravi vətəndaşlara rahatlıq olmayacaq”.

Tramp Maskın “Tesla”sından imtina edir

ABŞ Prezidenti Donald Tramp özünün “Tesla” avtomobilindən imtina edilməsindədir. Sozcu.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb. “Prezidentin elektromobildən xilas edilməsi ilə bağlı söz-söhbətlər Tramp və Mask arasında ayrılıqlar fonunda ortaya çıxan fikir”, - məlumatda qeyd olunub. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bu ilin əvvəlində Maskın kampaniyasına dəstək olmaq üçün “Tesla” avtomobili almışdı.

Paşinyan Azərbaycan xalqını təbrik etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan xalqını təbrik edib. Sozcu.az xəbər verir ki, o, bu barədə X hesabında paylaşım edib. "Azərbaycan Respublikasını və xalqını Qurban Bayramı münasibətilə təbrik edirəm. Ölkələrimizə və xalqlarımıza sülh və firavanlıq arzulayıram", - Paşinyan bildirib.

İlon Maskın keçmiş sevgilisi Trampa öz köməyini təklif etdi

Amerikalı milyarder İlon Maskın keçmiş sevgilisi Eşli Sent-Kleer prezident  Donald Trampla əlaqə saxlayaraq ona öz köməyini təklif edib. Sozcu.az xəbər verir ki, Eşli Sent-Kleer bunu Mask və Tramp arasında gərginliyin artması fonunda edib. Eşli Sent-Kleer X sosial şəbəkəsində Trampa ünvanlanan çağırışında qeyd edib ki, məsləhətə ehtiyacı varsa, ona yazsın. İlon Mask prezidentin təklif etdiyi büdcəni kəskin tənqid etdikdən və həmçinin onun köməyi olmadan Trampın 2024-cü il prezident seçilə bilməyəcəyini dedikdən sonra onların münasibəti gərginləşib. "Mən olmasam, Tramp uduzardı. Demokratlar Nümayəndələr Palatasına, respublikaçılar isə Senatda cəmi 51 yerə sahib olardılar. Belə bir nankorluq", - Mask sonradan silinən paylaşımında yazıb. Mask Donald Trampın adının məhkum edilmiş cinsi cinayətkar Epstein ilə əlaqəli sənədlərdə keçdiyini də qeyd edib: "Əsl bombanı atmağın vaxtı gəldi: Donald Trampın adı Epsteinin fayllarındadır".  Eşli Sent-Kleer keçən il Maskla izdivacdan oğlan uşağı dünyaya gətirib. Aprel ayında o, “The Wall Street Journal”a deyib ki, milyarder ona uşağın atasının kim olduğunu deməməsi üçün 15 milyon dollar, həmçinin uşağın 21 yaşına qədər aylıq 100 min dollar ödəmə təklif edib.

Şamaxıda üçüncü zəlzələ: Əhali hiss etdi...

Pirqulu stansiyasından 15 km şimal-şərqdə Şamaxı və Xızı rayonlarında 3.6 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Sozcu.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublİka Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib. Zəlzələ episentrdə 4 bal, Şamaxı və Xızı rayonlarının episentrə yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub. Qeyd edək ki, yerli vaxtla 10:18-də qeydə alınmış yeraltı təkanların ocağı 5 km dərinlikdə yerləşib. Xatırladaq ki, bu gün Şamaxı rayonunda yerli vaxtla 06:40-da, ötən gün isə bir neçə dəfə yeraltı təkanlar olub.

Mask sona qədər gedəcək, Trampa qarşı pul xərcləyəcək

ABŞ Prezidenti Donald Trampla mübahisədən sonra amerikalı iş adamı İlon Mask “sona qədər getməyə” və lazım gələrsə, “demokratları dəstəkləməyə” hazırdır. Sozcu.az xəbər verir ki, bu barədə NBC telekanalı maskın adı açıqlanmayan məsləhətçisinə istinadən məlumat yayıb. Məqalədə qeyd edilir ki, Mask bir neçə ay əvvəl siyasi fəaliyyətlərə 100 milyon dollar xərcləyəcəyini və bu vəsaiti Trampla əlaqəli təşkilatlara köçürməyi planlaşdırdığını açıqlamışdı. Ancaq pul köçürülməyib. “Onun Respublikaçılar Partiyası, RMK (Respublika Milli Komitəsi), Nümayəndələr Palatasındakı yerlər və s. heç vecinə deyil. Onları darmadağın edəcək”, - biznesmenin müşaviri vurğulayıb. O, Respublikaçılar Partiyasının ABŞ Konqresinin aşağı palatasına keçiriləcək növbəti seçkilərdə uduzacağına əmin olduğunu bildirib. “Ancaq Maskın bütün bu partiya cəfəngiyyatları heç vecinə də deyil”, - mənbə əlavə edib. Jurnalistlərin qeyd etdiyi kimi, respublikaçılar indi bir neçə şeydən ehtiyatlı olmalıdırlar. Bunlardan biri də sahibkarın demokratlara mümkün maliyyə dəstəyidir.

Gəncədə körpə xəstəxanada öldü

Gəncədə ikiyaşlı körpə xəstəxanada ölüb. Sozcu.az xəbər verir ki, hadisə 2 saylı şəhər Uşaq Xəstəxanasında baş verib. Şəmkir rayon sakini, 2023-cü il təvəllüdlü M.Məmmədov ağır vəziyyətdə uşaq xəstəxanasına çatdırılıb. Lakin həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, azyaşlı xəstəxanada vəfat edib. TƏBİB-dən bildirilib ki, iyunun 5-i, saat 12:10-da 2023-cü il təvəllüdlü körpə (kişi cinsli) aqonal vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: "Göstərilən reanimasiya tədbirlərinə baxmayaraq, anadangəlmə metobolik xəstəlik, pnevmoniya, ağciyər çatışmazlığı səbəbindən azyaşlının saat 21:50-də ölüm faktı qeydə alınıb". Faktla bağlı araşdırma aparılır.