Baba Rzayev töhmət alsa da “Azərenerji“nin ixrac gəlirləri kəskin azalır

Bu ilin üçüncü rübündə "Azərenerji" ASC 73,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 4,5 dəfə azdır.  “Yeni Sabah” bu barədə “İxrac İcmalı”na istinadən xəbər verir.  Məlumata görə son bir ildə dövlət şirkətinin ixrac gəlirləri 256 milyon manat azalıb. 2023-cü ilin ilk doqquz ayında "Azərenerji" xaricə 329,7 milyon dollarlıq məhsul ixrac etmişdi.  Qeyd edək ki, ASC dövlət şirkətləri arasında qeyri-neft məhsulları ixracına görə 5-ci yerdə qərarlaşıb.  Xatırladaq ki, bu ilin oktyabrın 10-da Baş nazir Əli Əsədovun sərəncamı ilə "Azərenerji”nin sədri Balababa Rzayevə şiddətli töhmət elan edilib. Buna əsas səbəb kimi 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etməsi göstərilib.

Bakı metrosunda ciddi problem – Qatar 10 dəqiqədən çox gecikdi

Bu gün səhər saatlarında Bakı Metropolitenində problem yaranıb. Metropolitenin “Azadlıq Prospekti” stansiyasında qatarın uzunmüddətli gecikməsi baş verib. Sozcu.az xəbər verir ki, saat 08:33 və 08:45 arasında metronun 10 dəqiqədən daha çox intervalla gecikməsi müşahidə olunub. Gecikmə stansiyalarda insan izdihamı və qatarlarda sıxlıq yaradıb. Metroda baş verən ləngimənin səbəbi isə məlum deyil. Məsələ ilə bağlı metropolitendən hələlik heç bir açıqlama verilməyib.

Rusiyanın elit bölmələri Ukraynada məhv edildi

Rusiyanın elit xüsusi təyinatlıları Ukraynada dəhşətli itkilər verib. Sozcu.az xəbər verir ki, bu barədə “Nəşnl İnterest”də dərc olunan məqalədə deyilir. Bildirilir ki, Kreml bu bölmələrə ən mühüm vəzifələri - xüsusən də Ukrayna rəhbərliyinin sıradan çıxarılmasını tapşırıb. Amma onlardan cəbhə xəttində istifadə olunub. Qeyd olunur ki, Rusiya xüsusi təyinatlıları əsasən Ukraynanın 2022-ci ildə həyata keçirdiyi əks-hücum zamanı xeyli itki verib. Pentaqonun məlumatına görə, 2022-ci il fevralın 24-də müharibəyə daxil olan beş xüsusi təyinatlı briqadadan biri istisna olmaqla, hamısı ciddi itkilər verib.

Türkiyə XİN: Avrointeqrasiyada irəliləyiş Aİ-nin iradəsindən asılı olacaq

Türkiyənin Avropaya inteqrasiya prosesində irəliləyiş Avropa İttifaqının (Aİ) siyasi iradəsindən və ona strateji yanaşmasından asılı olacaq. Sozcu.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Aİ-yə üzv olmağa namizəd ölkələrin genişlənməsi və irəliləyişinə dair oktyabrın 30-da dərc etdiyi illik hesabatına Türkiyə Xarici İşlər Nazirliyinin verdiyi şərhdə deyilir. “Mövcud regional və qlobal çağırışlar fonunda aydındır ki, Türkiyə-Aİ münasibətlərinə yeni baxış lazımdır. Biz Aİ-nin Türkiyə ilə əməkdaşlıq məsələsində son vaxtlar göstərdiyi səyləri alqışlayırıq. Bununla belə, münasibətlərin canlandırılması siyasi iradə və Aİ-nin strateji baxışına əsaslanan konkret addımlar tələb edir”, - şərhdə vurğulanıb. Qeyd olunub ki, Türkiyə Aİ ilə konstruktiv əməkdaşlığa ümid edir. Xatırladaq ki, Ankara 2005-ci ildə Aİ-yə tamhüquqlu üzv kimi daxil olmaq üçün rəsmi müraciət edib. Danışıqlar prosesində maneələrdən biri də Kipr problemidir.

Gədəbəydə ağır qəza baş verib, ölən və yaralanan var

Gədəbəydə ölümlə nəticələn ağır yol qəzası baş verib. Sozcu.az-ın məlumatına görə, hadisə rayonun Ərtəpə kəndində qeydə alınıb. Kənd sakini 1993-ci il təvəllüdlü Kamil Allahyarovun idarə etdiyi "QAZ-53" yoldan çıxaraq aşıb. Qəza zamanı yük maşının sərnişini 1975-ci il təvəllüdlü Mərdan Bağırov hadisə yerində ölüb. Sürücü isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.apa

Bakıda COP29 zolaqlarına daxil olmaq qadağan edilib

COP29-la əlaqədar Bakıda daşımaların fasiləsizliyinin təmin edilməsi məqsədilə təşkil edilən xüsusi hərəkət zolaqlarına daxil olmaq qadağan edilib. Bu barədə "APA-Economics"ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata görə, 1 noyabr tarixindən 26 küçə və prospektdə – Neftçilər, Heydər Əliyev, Xocalı, Şah İsmayıl Xətai, Parlament, Bülbül və ​Azadlıq prospektləri, Zuğulba yolu, Hava limanı, Zığ və Salyan şoseləri, Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Həsənoğlu, Mikayıl Üseynov (Bayraq meydanı istiqamətində), Gülarə Qədirbəyova, Niyazi, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Koroğlu Rəhimov, Mehdi Hüseyn, Mikayıl Müşfiq, Həsən Əliyev və Fətəli Xan Xoyski küçələrində təşkil edilən zolaqlara daxil olmaq qadağandır. Qurum hərəkət iştirakçılarına yollarda quraşdırılan nişanların və çəkilən yol cizgi xətlərinin tələblərinə riayət etmələrini tövsiyə edir.

KİV: İran yaxın günlərdə İraq ərazisindən İsrailə zərbə endirmək niyyətindədir

İran İsrailin son hücumuna cavab olaraq yaxın günlərdə İraq ərazisindən yəhudi dövlətinə genişmiqyaslı zərbə endirməyə hazırlaşır. Sozcu.az xəbər verir ki, bu barədə “Axios” portalı İsrail kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Tehran ABŞ-də noyabrın 5-də keçiriləcək seçkilərdən əvvəl çoxlu sayda PUA və ballistik raketlərdən istifadə etməklə əməliyyat keçirə bilər.

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayıracaq

ABŞ yaxın günlərdə Ukraynaya yeni hərbi yardım paketi ayıracaq. Sozcu.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken təfərrüatlara varmadan açıqlayıb. Diplomat Vaşinqtonda ABŞ və Koreya Respublikasının xarici siyasət və hərbi idarə rəhbərlərinin iştirakı ilə “2+2” formatında danışıqların yekunları üzrə birgə mətbuat konfransında deyib: “Biz Ukraynaya hərbi dəstək göstərməkdə davam edirik. Yaxın günlərdə əlavə addımlar barədə məlumat verəcəyik”.

Tramp məni buna məcbur edə bilməz - Zelenski

Tramp prezident seçkilərində qalib gəlsə və Ukraynanı ərazilərini verməyə məcbur etməklə müharibəni bitirmək istəsə, buna nail olmayacaq. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Yeni Yasamalda yanğın: 12 nəfər zəhərləndi

Yeni Yasamalda, Ə.Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında 12 nəfər tüstüdən zəhərlənib. Sozcu.az FHN-ə istinadla xəbər verir ki, 17 mərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib. TƏBİB-in məlumatına görə, çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub. 12 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə yerində tibbi yardım göstərilib. 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunub.

Öz qapısındakı qoyunu kəsənlərə 5 min dollar CƏRİMƏ

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları” adlı yeni texniki normativ hüquqi akt layihəsi hazırlayıb. Layihədə dönərin hazırlanmasını həyata keçirən iaşə obyektləri qarşısında yeni tələblər qoyulub. İlk növbədə, istifadə olunan ətlə bağlı qaydalar sərtləşdirilir. Yeni qaydalar dönərxanalarda zəhərlən və keyfiyyətsiz ət istifadəsinin qarşısını alacaqmı? Yenisabah.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, hazırda AQTA ət sektorunun bir çox seqmentinə tam nəzarət edə bilmir: “Ümumiyyətlə, hazırda heç bir mağazaya heç bir ərzaq məhsulu AQTA-nın sənədi olmadan daxil ola bilmir. Heç bir supermarket müvafiq sənədi olmayan heç bir məhsulu qəbul etmir. Eləcə də marketlərə daxil olan ətin hamısı AQTA-nın sənədi əsasında satışa buraxılır. AQTA-ın tələbinə əsasən, əmtəə bazarında satılan bütün iri və xırdabuynuzlu heyvanlar onun müəyyən etdiyi yerlərdə kəsilməlidir. Mal baytar nəzarətindən keçirilməli və sənəd verildikdən sonra satış şəbəkələrinə gedə bilər. Lakin AQTA bazarın ət sektorunun bütün seqmentlərinə nəzarət edə bilmir. Çünki fərdi təsərrüfatlarda da vətəndaşlar öz heyvanlarını kəsir və istehlak edirlər”.  Eyyub Hüseynov inzibati üsulların və cərimələrin heç nəyi dəyişdirməyəcəyini qeyd edib: “AQTA nəzəri olaraq istəyir ki, Yeni Zellandiyadakı praktikanı tətbiq etsin. Həmin ölkədə əgər vətəndaş hətta öz qapısındakı qoyunu kəsərsə, 5 min dollar cərimələnir. AQTA Qərb ölkələrində tətbiq olunan qaydaları icra etmək istəyir, ancaq çox zəif addımlar atır. Bu hədəflərə çatmaq üçün insanların şüurunda dəyişklik edilməlidir. Ona görə də AQTA gərək bütün istehlakçıları özünün lobbiçilərinə çevirsin. Bu məsələdə KİV-in müstəsna rolu var. Lakin buna nail olmaq mümkün olmayıb. Cərimələmə inzibati üsuldur. Mən isə dəfələrlə təklif etmişəm ki, z köməkləşib nümunəvi dönərxanalar yaradaq. Əhali bu dönərxanalara getsin və bazar üsulu ilə digərləri sıradan çıxsın. Təəssüf ki, heç kəs təşəbbüsə dəstək vermədi. Bir sözlə, inzibati metod özünü doğrultmayacaq. Dönərxanalar istədiyi ucuz ətdən istifadəyə etməyə davam edəcək. Sonra qanuni kəsim yerindən ət alıb kağızını divardan asacaq və əvvəlki kimi könlü istəyən dönər satacaq”.

Qazaxda zəncirvari qəza, xəsarət alanlar var

Qazaxda üç avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var. Sozcu.az -ın məlumatına görə, hadisə rayonun Hüseynbəyli kəndində qeydə alınıb. Avtomobillərin toqquşması nəticəsində 1976-cı il təvəllüdlü K.Salehov və 1987-ci il təvəllüdlü S.Ocaqverdiyev xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Şvartsenegger kimə səs verəcəyini açıqladı

Məşhur Hollivud ulduzu, Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvartsenegger ABŞ prezident seçkilərində Demokratlar Partiyasının namizədi Kamala Harrisə səs verəcək. Sozcu.az xəbər verir ki, aktyor bu barədə özünün X səhifəsində yazıb. “Bu həftə Kamala Harris və Tim Foltsa (vitse-prezidentliyə namizəd) səs verəcəyəm”, - Şvartsenegger bildirib. Aktyor bununla yanaşı bildirib ki, hazırda heç bir partiya onun xoşuna gəlmir: “Respublikaçılar azad bazarın gözəlliyini unudublar, kəsiri artırıblar, seçkilərin nəticələrini rədd ediblər və demokratlar da kəsiri daha yaxşı idarə edə bilmirlər. Demokratlar Partiyasının daxili siyasəti səbəbindən ABŞ şəhərlərində cinayətlər artır”.

Norveç Ukrayna üçün 1,3 milyard əlavə vəsait ayırır

Norveç hökuməti 1,3 milyard kron (118,4 milyon dollar) məbləğində əlavə yardım ayırmaqla Ukrayna Hərbi Hava Qüvvələrinə dəstəyi artıracaq. Sozcu.az xəbər verir ki, bu barədə Norveçin müdafiə naziri Byorn Arild Qram məlumat verib. Onun sözlərinə görə, ayrılan vəsait xüsusilə F-16 qırıcıları üçün silah və ehtiyat hissələrinin alınmasına sərf olunacaq.

ABŞ Zurabişviliyə çağırış etdi

“ABŞ ümid edir ki, Gürcüstan Prezidenti Salome Zurabişvili araşdırmaya ölkədə parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı sübutlar təqdim edə biləcək”. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.  “Prezident öz adından çıxış edə bilər. Lakin anladığım qədərilə o, pozuntular barədə məlumata sahib olduğunu deyib, buna görə də, ümid edirəm ki, Zurabişvili həmin məlumatı təqdim edə biləcək”, - deyə Miller qeyd edib. Bununla yanaşı, departament nümayəndəsi bir daha xatırladıb ki, ABŞ Gürcüstanla ikitərəfli münasibətlərini nəzərdən keçirməyə davam edir. Xatırladaq ki, dünən Gürcüstan prokurorluğu oktyabrın 26-sı baş tutan parlament seçkilərində mümkün saxtalaşdırma halları ilə bağlı araşdırma başladıb və Zurabişvilini dindirilmə üçün prokurorluğa çağırıb. Lakin Gürcüstan lideri cavabında prokurorluğu öz işi ilə məşğul olmağa çağırıb.

Azərbaycanda mina qurbanlarının ümumi sayı 3460 nəfərdir

Ölkəmizdə mina qurbanlarının ümumi sayı 3460 nəfərdir. Onlardan 359 nəfəri uşaq, 38 nəfəri isə qadın olub. Bu barədə Sozcu.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən məlumat verilib. Bildirilib ki, 1991-ci ildən 2020-ci ilin 10 noyabrına qədər 2418 nəfər xəsarət alıb, 530 nəfər həlak olub, kaset sursatları tərəfindən isə 131 nəfər xəsarət alıb. Bu illər aralığında mina qurbanlarının ümumi sayı 3079 nəfər olub. "10 noyabr 2020-ci ildən bu günə qədər isə xəsarət alanların sayı 311, həlak olanların sayı isə 70 nəfər olub. Bu illər ərzində isə mina qurbanlarının ümumi sayı 381 nəfər olub",- deyə Agentlikdən vurğulanıb.

Noyabrda hava necə olacaq? - Aylıq proqnoz

Bu il noyabr ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az -a verilən məlumata görə, aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. Noyabr ayının ilk günlərində ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 6-11 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 7-12 dərəcə isti, gündüzlər 12-17 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 28-38mm). Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 5-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 2-7 şaxta, gündüzlər 12-17 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 18-28mm). Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında isə havanın orta aylıq temperaturunun 4-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir ( norma 27-34 mm). Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 6-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 33-35 mm). Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarına gəlincə,havanın orta aylıq temperaturunun 8-11 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 6-11 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüzlər 12-17 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir ( norma 15-24 mm). Həmçinin Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 7-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 11-16 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 29-73 mm). Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 9-11 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu gecə 5-10 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə isti, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 10 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 25-45 mm) olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 7-10 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 5-10 dərəcə isti, dağlarda 0-3 dərəcə şaxta, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 10 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 55-170 mm).

“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə hökm oxundu

“Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxsin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Sozcu.az xəbər verir ki, bu gün Sumqayıt Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasdən, Əhmədov Ramil Bəşir oğlu 9 il 6 ay, Ağayev Fuad Ramiz oğlu 13 il, Axundov Fuad Arazi oğlu 9 il 6 ay, Ağadadaşov Cavid Zahid oğlu 4 il, Cümşüdov Qurban Qədim oğlu 4 il müddətinə azadlıqdan məhrum olunublar. Prokuror Ramil Əhmədovun 10 il, Fuad Ağayevin 15 il, Fuad Axundovun 11 il, Cavid Ağadadaşovun 13 il, Qurban Cümşüdovun 13 il azadlıqdan məhrum olunmasını istəmişdi. Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham irəli sürülüb.

Yeni Yasamalda ev yanır

Yeni Yasamaldakı Əsəd Əhmədov küçəsində, çoxmərtəbəli binada yanğın baş verib. Sozcu.az FHN-ə istinadla xəbər verir ki, nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə və digər təxirəsalınmaz işlər həyata keçirilir. Əlavə məlumat veriləcək.

Noyabrın 7-dən sonra rayon maşınları Bakıya buraxılmayacaq? – AÇIQLAMA

COP29-la əlaqədar paytaxt daxili yolların bir çoxuna giriş-çıxış məhdudiyyətləri tətbiq olunacaq. Digər tərəfdən, Bakının bir sıra küçə və prospektlərində tədbirlə bağlı marşurt xətləri hazırlanıb. Hazırda bir çox vətəndaşlar rayonlardan Bakıya gəliş-gedişin mümkün olub-olmayacağı ilə bağlı tərəddüd edir. Bir çoxlarına görə, tədbir ərzində paytaxt ərazisinə giriş qadağan edilə bilər. Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirib ki, hələlik bu mövzuda hansısa qadağa və yaxud məhdudiyyət nəzərdə tutulmayıb: “Ümumiyyətlə, COP29-la bağlı nəqliyyatın hərəkəti və tənzimlənməsi ilə bağlı nəzərdə tutulan müəyyən normalar var. Bunlar artıq cəmiyyətə bəyan edilib. Bəyan olunan normalar içərisində rayondan gələn nəqliyyat vasitələrinin Bakı şəhərinə daxil olması ilə bağlı konkret qadağalar hələlik qüvvəyə minməyib. Bu barədə müəyyən tövsiyələr ola bilər. Yəni təcili işləri olmayan insanlar Bakı şəhərinə COP29-dan sonra gəlsələr, daha yaxşı olar. Mən düşünürəm ki, giriş-çıxış üçün hansısa qadağa tətbiq olunmayacaq”.  Ekspert qeyd edib ki, COP29-la bağlı məhdudiyyətlər daha çox paytaxt daxili bəzi prospekt və yollara aiddir: “Amma bir məsələ var ki, Bakının bir sıra prospektlərinə giriş-çıxış məhdudiyyəti var. Bildiyiniz kimi, COP29-un marşrut xətləri ilə bağlı artıq yollar ayrılıb. Bu zolaqlara giriş-çıxış qadağandır. Çox tövsiyə olunandır ki, tədbir dövründə vətəndaşlar daha çox Bakı şəhərindən kənarda istirahətə üstünlük versinlər. Vətəndaşlarımız bilavasitə bu kimi addımlarla COP29-un daha yaxşı keçirilməsinə öz töhfələrini vermiş olacaqlar”.

Sabahdan COP29-la bağlı yeni qadağa qüvvəyə minir - DİQQƏT!

Bu gecə saat 00:00-dan etibarən Bakı şəhərinin bir sıra küçə və prospektlərində təşkil edilən COP29 zolaqlarına girmək qadağası qüvvəyə minir. Sozcu.az oxu.az-a istinadla bildirir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat verib. Həmin zolaqların hər birində 5.9, yəni "Marşrut nəqliyyat vasitələri üçün zolaq" yol nişanları quraşdırılıb. Həmin küçə və prospektlər bunlardır: Xocalı prospekti, Şah İsmayıl Xətai prospekti, Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Abdulla Şaiq, Həsənoğlu, Mikayıl Useynov (Bayraq meydanı istiqamətində), Zuğulba yolu və Zığ şosesi. Azadlıq prospekti, Bülbül prospekti, Neftçilər prospekti, Heydər Əliyev prospekti, Parlament prospekti, Gülarə Qədirbəyova, Niyazi, İstiqlaliyyət, Üzeyir Hacıbəyov, Bakıxanov, Koroğlu Rəhimov, Mehdi Hüseyn, Teymur Elçin, Nəriman Nərimanov, Mikayıl Müşfiq, Həsən Əliyev, Salyan şosesi və Hava limanı şosesi. COP29 bitəndən sonra həmin zolaqlar ləğv olunacaq? Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bildirib ki, COP29 tədbirindən sonra heç bir avtobus, velosiped və digər xüsusi zolaqlar ləğv olunmayacaq. "Zolaqlara çəkilən COP29 loqoları tədbirdən sonra silinəcək və zolaqlar nəqliyyat vasitələrinin hərəkət zolağı kimi fəaliyyət göstərəcək", - deyə məlumatda bildirilib. COP29-un keçirildiyi dövrdə şəhərin əsas küçə və prospektlərində əsaslı qadağalar olacaq? COP29 Nəqliyyat Departamentinin rəsmi məlumatına görə, tədbirin keçiriləcəyi dövrdə şəhərin əsas küçə və prospektlərində əsaslı qadağaların qoyulması nəzərdə tutulmayıb. Yalnız noyabrın 11-12-13-də Liderlər Sammitinin keçiriləcəyi dövrdə dövlət və hökumət başçılarının daşıyan kortejlərin keçəcəyi yollarda alternativlər müəyyən olunub. Həmin günlərdə nəqliyyatın tənzimlənəcəyi planlaşdırılan istiqamətlərə Neftçilər prospekti, Yusif Səfərov, Heydər Əliyev prospekti, Zərifə Əliyeva küçəsi və digər yollar daxildir. Xatırladaq ki, 11-22 noyabr tarixlərində Bakıda, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.

Saxta əlillik pensiyası düzəldən baş həkimə hökm oxundu

Saatlı Rayon Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirləndirilən M.M.-in (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Sozcu.az Pravda.az-a istinadla xəbər verir ki, hakim Mirlətif Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə M.M.-ə aylıq qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla, 1 il 6 ay müddətinə islah işləri cəzası təyin edilib. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cəza təyin edilməyib. M.-ə təyin edilmiş islah işləri cəzasını iş yeri üzrə çəkəcək. Cəzaçəkmə müddətinin əvvəli aylıq qazancından pul tutulmaların aparıldığı vaxtdan hesablanacaq. İttihama görə, M.M. Saatlı Rayon Mərkəzi Xəstəxanasının direktorunun müavini, baş həkim vəzifəsində çalışıb. Belə ki, o, əmək qabiliyyətinin olmaması vərəqələrində göstərilən xəstəxanaların heç birində ambulator və ya stasionar qaydada müalicə olunmadığı halda bununla bağlı bilə-bilə yalan məlumatlar daxil edərək həmin şəxslərə 2022-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsi tərəfindən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 38 023 manat məbləğində pul müavinətinin ödənilməsini təmin edib. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində göstərib ki, əlillik dərəcəsi olmayan şəxslərə saxta sənədlər əsasında əlillik təyin edilərək onların qanunsuz pensiya almalarının qarşısını kəsmədiyinə görə özünü səhlənkarlıqda təqsirli bilir. Məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi qeyd edib ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan ödənilməyib, ondan şikayətçidirlər və mülki iddianı müdafiə edirlər. Ona görə də göstərdiklərini nəzərə alaraq mülki iddianın təmin edilməsi və mülki cavabdehdən 38 023 manat maddi ziyanın alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabına ödənilməsi barədə qərar qəbul olunmasını xahiş edib.

Mirzoyan: Sülh sazişində 1-2 bənd qaldı…

Ermənistan və Azərbaycan yaxın vaxtlarda bütün sülh sazişi layihəsini razılaşdıra biləcək. Sozcu.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib. “Ehtiyatlı nikbinliklə demək istəyirəm ki, yaxın gələcəkdə biz razılaşdırmadığımız bir və ya iki bənd üzrə də razılığa gələ biləcəyik və tam sülh müqaviləsinə malik olacağıq”, - Mirzoyan bildirib.

Qərbi Azərbaycanda silahlı qarşıdurma: ölən var

İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Qərbi Azərbaycan əyalətinin İraqla sərhəd bölgəsində əməliyyat keçirib. Sozcu.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Məlumata görə, İraqdan Qərbi Azərbaycana daxil olmaq istəyən silahlı qruplaşma üzvlərindən biri öldürülüb. Bununla yanaşı bir neçə nəfərin həbs edildiyi və çox sayda silah-sursatın ələ keçirildiyi bildirilib. Öldürülən və saxlanılan şəxslərin hansı qruplaşmaya mənsub olduqları bildirilməyib.