Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, qar...

Milli Hidrometeorologiya Xidməti tərəfindən hava şəraiti ilə bağlı öncədən verilən xəbərdarlığa əsasən noyabrın 3-ü axşamdan başlayaraq 4-ü axşamadək Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qazax-Gəncə, Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Mərkəzi Aran, Qarabağ, Şərqi-Zəngəzur və Lənkəran-Astara bölgələrində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bunu Millli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib. O qeyd edib ki, sözügedən bölgələrin bəzi yerlərində yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda yağışın qara keçəcəyi ehtimalı var. Xidmət rəsmisinin sözlərinə görə, çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir. “Bölgələrdə, xüsusilə dağlıq və dağətəyi rayonlarda gözlənilən leysan xarakterli intensiv yağıntıların yarada biləcəyi sel təhlükəsi ilə bağlı əhalini ehtiyatlı olmağa, eyni zamanda hava haqqında verilən məlumatlara, xüsusən xəbərdarlıqlarla bağlı çağırışlara diqqət yetirməyə çağırırıq”.

Bu gün Moldovanın prezidenti məlum olur

Moldovada respublikanın hazırkı rəhbəri Maya Sandu ilə ölkənin keçmiş baş prokuroru Aleksandr Stoyanoqlo arasında prezident seçkilərinin ikinci turu başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Moldova Seçki Komissiyasından məlumat verilib. Məlumata görə, ölkə ərazisində hazırda 1988 seçki məntəqəsi fəaliyyət göstərir. Qeyd edək ki, oktyabrın 20-də keçirilən seçkilərdə namizədlərdən heç biri səs çoxluğunu ala bilməmişdi. Sandu 42.49, Stoyanoqlo isə 25.65 faiz səs toplamışdı.

Toydan qayıdanlar qəzaya düşdü: yaralılar var - Rəsmi

Tovuzda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan bildirilib. Məlumata görə, rayonun Alakol kəndində, "Şevrolet Kruz" markalı avtomobil ağaca çırpılıb. Onlar toy mərasimindən qayıdırdılar. Qəza nəticəsində, 2001-ci il təvəllüdlü N.Qurbanlı, 2000-ci il təvəllüdlü E.Hüseynov və həmyaşıdı Ş.Namazlı xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Təl-Əvivdə yəhudilərin aksiyası: Qəzzada soyqırıma son!

Təl-Əvivin Həbimə meydanına toplaşan 300-ə yaxın insan Qəzzada soyqırıma etiraz edib. Sozcu.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb. Etirazı solçu qrupların Sülh Tərəfdaşlığı təşkil edib. Onlar “Qəzzada soyqırımı dayandırın” və “Sionizm zəhlətökəndir” kimi şüarlar olan plakatlar qaldırıblar.

Gəncədə 44 yaşlı kişi qətlə yetirildi

Gəncə sakinini öldürməkdə təqsirləndirilən şəxs saxlanılıb. Sozcu.az xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsinə Daşkəsən rayon sakini, 1980-ci il təvəllüdlü Şəmistan Süleymanovun kəsici-deşici alətlə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub. Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1971-ci il rəvəllüdlü Nəsimi Mustafayev saxlanılıb. Faktla bağlı prokurorluqda araşdırma aparılır.

Türkiyədə zəlzələ oldu

Türkiyənin Malatya vilayətinin Yaşılyurd rayonunda 3,5 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Zəlzələ yerin 15,03 kilometr dərinliyində meydana gəlib.

Zaqatalada şəhid ailəsində FACİƏ: anası və bacısı qazdan zəhərləndi

Zaqatalada dəm qazından zəhərlənən ana və qızın şəhid ailəsindən olduğu məlum olub.  Dəm qazı zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilən Naimə İrapova və qızı, 15 yaşlı Havva İrapova Vətən müharibəsi şəhidi İsmayıl İrapovun anası və bacısıdır.lent.az)

Sabah paytaxtda bu yollar bağlanacaq - SİYAHI

Noyabrın 3-də səhər saat 10 radələrindən 14 radələrinədək COP29 tədbirinə hazırlıq məqsədi ilə paytaxtın Abbasqulu Ağa Bakıxanov, Tbilisi, İnşaatçılar, Nəriman Nərimanov, Mehdi Hüseyn, Teymur Elçin, Niyazi, Neftçilər, Yusif Səfərov, Xətai, Heydər Əliyev, Zərifə Əliyeva, Üzeyir Hacıbəyli, Kövkəb Səfərəliyeva, Zığ şosesi (qismən), İstiqlaliyyət küçəsində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin keçirilməsi üçün avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək. Sozcu.az xəbər verir ki,bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Sürücülər Hava limanı istiqamətinə alternativ yol kimi 8 Noyabr prospektindən Zığ yoluna keçməklə, Heydər Əliyev prospektində köməkçi yol ilə Bakıxanov qəsəbəsindən keçməklə, eləcə də Ziya Bünyadov prospektindən Qara Qarayev prospektinə və Mikayıl Əliyev küçəsinə keçməklə hərəkət edə bilərlər. Şəhərin mərkəzinə doğru isə sürücülər Mətbuat prospekti, Mikayıl Müşfiq, Abdulla Şaiq, Mirzağa Əliyev və Şəmsi Bədəlbəyli küçələrindən keçməklə daxil ola bilərlər. Bilgəh Kardioloji Sanatoriyasından Hava limanı istiqamətində məhdudiyyət tətbiq olunduğundan sürücülər Maştağa qəsəbəsindən, Albalılıq yolundan Mərdəkan istiqamətinə keçməklə Qala dairəsindən Zığ şosesi istiqamətində hərəkət edə bilərlər. Sürücülərdən monitorinq müddətində qeyd edilən istiqamətlər üzrə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunacaq məhdudiyyətləri nəzərə almaları, mümkün qədər ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur.

Bunu edən piyadalar 40 manat cərimələnəcək? – Rəsmi

Sosial şəbəkələrdə SİMA yeni nəsil rəqəmsal imzanın yolu qadağan olunmuş yerlərdən keçən piyadaların cərimələnməsi məqsədilə istifadə olunduğuna dair yanlış məlumatlar həqiqəti əks etdirmir və reallığa uyğun deyil. Sozcu.az xəbər verir ki, bu barədə Report-a SİMA mobil tətbiqinin yaradıcısı olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom”-dan bildirilib. “SİMA rəqəmsal imza sadəcə hüquqi və biznes proseslərində, istifadəçilərin elektron imza ehtiyaclarını qarşılayaraq onların rəqəmsal mühitdə şəxsiyyətlərini təsdiqləməsi üçün istifadə edilən rəqəmsal həlldir. SİMA rəqəmsal imzanın piyadaların yol hərəkəti qaydalarını pozması ilə bağlı hər hansı nəzarət və ya cərimələmə funksiyası yoxdur”, - məlumata qeyd edilib. Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə yeni nəsil şəxsiyyət vəsiqəsi və ya SİMA imzası olan hər kəsin yeni nəsil təhlükəsiz şəhər kameraları tərəfindən piyada keçidi olmayan yerlərdən keçərkən 40 AZN cərimələnməyə başlaması barədə məlumatlar yayılır.

“Əsas düşmənimiz ana-ata və bacı-qardaşdır” - Ekspert çarəni nədə görür?

“TikTok”da bir qadının canlı açaraq övladına qarşı şiddət göstərməsi ilə bağlı görüntülər ortaya çıxıb. Videoya şərh bildirən sosial şəbəkə istifadəçiləri təklif ediblər ki, uşaq qadının əlindən alınsın və qadın analıq hüququndan məhrum edilsin.  Oxşar hadisələr gün keçdikcə artır. Müxtəlif sosial platformalarda uşaqlara valideynlərin istər psixoloji, istərsə də fiziki şiddət göstərməsinin canlı şahidi oluruq. Uşağına şiddət göstərən, təhqir edərək nalayiq ifadələr işlədən, onu siqaret, alkoqollu içki içməyə məcbur edən valideynləri görmək artıq sıradan hala çevrilib. Bəs bunların qarşısını necə almaq olar? Hüquqşünas Ellada Bayramova məsələ ilə bağlı “Yeni Sabah”a bunu deyib: “Belə şəxslər uşaq vaxtlarında gördüyü davranışları öz övladlarına tətbiq edirlər. Buna travma kimi yanaşanlar da var. Əslində, travma yoxdur. Belə adamların, anaların sevmə forması budur. Qanunvericilikdə həmin qadınların cəzalandırılması məsələsinə gəlincə, Azərbaycanda sosial qurumlar yüksək səviyyədə işləyə bilmir. Lap o anaya hər hansı bir cəza tətbiq edilsə, uşağı əlindən alınarsa, uşaq evinə verilsə, vəziyyəti daha da pisləşəcək. Çünki Azərbaycanda bu sahənin institutu yoxdur.  Oxşar hadisələrə və bu cür davranış sərgiləyən valideynlərə münasibətim neqativdir. Onların uşaqlığının necə keçdiyinə nəzər salınmalıdır. Ata-ana uşağa necə münasibət göstərib, hansı şərtlər altında böyüyüb...  Bütün bunları araşdırmadığımız üçün cəmiyyət olaraq hazır deyilik. Onları çəkib ifşa etmək olar. Amma yenə gizlində öz bildiklərini edəcəklər. Bəlkə də ana bunu anlaqlı etmir. Yəni düşüncəsi ora qədərdir. Soruşsanız, təbii ki, uşağını sevir. Onsuz da bu dünyada nə baş verirsə, ən doğmalarımız edir. Əsas düşmənimiz evimizdə olan ana-ata, bacı-qardaşdır. Çünki onların bizə edə biləcəyini heç kim ağlına gətirə bilməz”. Hüquqşünas uşağı valideynin əlindən almağı düzgün üsul saymır:   “Cəza olaraq, hər hansı inzibati cərimə yazıla bilər. Amma o uşaq evdən çıxsa, daha betər günə düşəcək. Uşaq evlərində vəziyyət olduqca acınacaqlıdır. Təəssüf ki, belə şeylər var. Burada əxlaq faktorları çox güclüdür. Hər hansı bir qanunvericilik, psixoloji yanaşmalar əxlaq faktorlarına söykənmirsə, orada heç bir nəticə əldən etməkdən söhbət gedə bilməz”.

Zaqatalada ana və qızı dəm qazından zəhərləndi

Zaqatala rayonunun Əliabad qəsəbəsində ana və qızı dəm qazından zəhərləniblər. Sozcu.az xəbər verir ki, 1983-cü il təvəllüdlü Nayimə İrapova və 2009-cu il təvəllüdlü qızı Havva İrapova dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Bakıda mərkəzi küçədə hərəkətə məhdudiyyət qoyuldu

Xətai rayonu, 8 Noyabr prospekti ilə Mərkəzi Bulvar küçəsinin kəsişməsində təmir işləri aparılır. Sozcu.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədilə yol polisi əməkdaşları tərəfindən mərkəz istiqamətində qısamüddətli məhdudiyyət tətbiq edilib.

Almaniya vətəndaşlarına çağırış etdi: İranı tərk edin!

Almaniya vətəndaşı Cəmşid Şarməhdin edamından sonra bu ölkənin Xarici İşlər Nazirliyi Almaniya vətəndaşlarına çağırış edərək onlardan İranı tərk etmələrini istəyib. Sozcu.az xəbər verir ki, bu barədə Alman XİN-nin sözçüsü Kristofer Burger məlumat yayıb. "Almaniya uzun müddətdir İrana səyahətlə bağlı xəbərdarlıq edib və öz vətəndaşlarından bu ölkəni tərk etməyi istəyib, ona görə ki, Tehran Almaniya vətəndaşlarını girov götürür",- o bildirib. Burger həmçinin almaniyalılara İrana səfərər etməməyi taöışırıb. Qeyd edək ki, oktyabrın 29-da casusluq və terrorda günahlandırılan İranəsilli Almaniya vətəndaşı 68 yaşlı Cəmşid Şarməhd Tehranda edam edilib. Bundan sonra Almaniya Tehrandakı səfirini geri çağırıb və İranın Almaniyanın 3 şəhərindəki konsulluqlarını bağlayıb.

Azərbaycan neftinin qiyməti 75 dollara yaxınlaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Sozcu.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,95 ABŞ dolları və ya 1,28% artaraq 74,80 ABŞ dollarına bərabər olub. Azərbaycan neftinin öncəki qiyməti 73,85 dollar təşkil edib.

Kredit verən banklar nədən qorxur? - “Gəlirlərin bir çoxu leqal deyil”

Əksər banklarda təklif olunan biznes kreditlərinin faizləri yüksək, şərtləri isə ağırdır. Sahibkarların bir çoxu biznes kreditlərinin əlçatan olmamasından şikayətlənir. Amma bankların kredit şərtləri fərqlidir, əsasən kiçik, yaxud orta sahibkarlıq subyektləri üçün nəzərdə tutulub.  Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, sahibkarlıq subyektləri kredit müraciəti zamanı banklara düzgün uçot göstəriciləri təqdim etmirlər: “Ümumiyyətlə, Azərbaycanda maliyyə əlçatanlığı, kreditlərə çıxış imkanları elə də əlçatan deyil. Sorğular da onu göstərir ki, sahibkarlar üçün ən vacib müşkül məhz budur.  Faktiki olaraq, obyektiv və qeyri-obyektiv səbəblər var. Obyektiv səbəblər ondan ibarətdir ki, bank sektoru mövcud bazarda işləməkdə çətinliklərlə üzləşir. Çünki gəlirlər və biznes növlərinin bir çoxu leqal deyil. Bəzi sahələrdə isə ümumiyyətlə uçot aparılmır. Belə bir vəziyyətdə sahibkarın maliyyə vəziyyətini müəyyən etmək çox çətin olur. Digər tərəfdən, regionlarda girov-təminat realizə edilə bilmir”.  Ekspert qeyd edib ki, bu istiqamətdə dövlət bir sıra yumşaldıcı addımlara təşviq etməlidir: “Xüsusilə, 2015-ci ildən sonra yaranmış vəziyyətlə əlaqədar banklar daha ehtiyatlı davranmağa çalışdı. Əvvəlki dövrlərdə hətta “qara mühasibatlıq” əsasında banklar kreditlər verirdi. Lakin sonralar bu variantda problemlər ortaya çıxdı və banklar belə üsullardan əl çəkdi. Əlbəttə, müəyyən mexanizmlərin təkmilləşdirilməsi mümkündür. Düşünmürəm ki, əsas problem bankların hansısa sadələşdirməyə getməsidir. Çünki banklar özəl təşkilatlardır və öz pullarını daha etibarlı müştərilərə vermək istəyir. Yaxşı olar ki, dövlət də təminat mexanizmlərini təkmilləşdirsin. Bu istiqamətdə bir çox addımlar atmaq olar. Müxtəlif üsullarla dövlət bu istiqamətdə yumşalmaları təşviq edə bilər”.

Salyanda qəza: bir ailənin dörd üzvü xəsarət alıb

Salyanda baş verən yol qəzasında bir ailənin dörd üzvü xəsarət alıb. Sozcu.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində, Hacıoğlu istirahət mərkəzinin yaxınlığında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Hyundai” markalı avtomobil anidən idarəetməni itirərək yolun kənarına aşıb. Qəza nəticəsində avtomobildə olan bir ailənin üzvləri, Masallı rayon sakinləri, 1987-ci il təvəllüdlü Bağırova Könül Ərəstun qızı, 1989-cu il təvəllüdlü Bağırov Elşən Ərəstun oğlu, 1993-cü il təvəllüdlü Bağırova Pərvin Vüqar qızı və 2023-cü il təvəllüdlü Bağırova Ruqayyə Elşən qızı müxtəlif dərəcəli xəsarətlər alıbıar. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Etibarnamə ilə avtomobil alanlar üçün MÜHÜM XƏBƏR

Etibarnamə ilə avtomobil almaq Azərbaycanda alqı-satqı prosesində daha sadə və ucuz üsul kimi qəbul edilir. Lakin bu yol alıcını birbaşa avtomobilin hüquqi sahibi etmədiyi üçün müəyyən riskləri də özü ilə gətirir. Etibarnamə yalnız avtomobildən istifadə və idarəetmə hüququnu verir, lakin hüquqi mülkiyyət tam şəkildə alıcıya keçmir. Bu vəziyyət avtomobilin əsl sahibi ilə problemlərin yaranmasına, etibarnamənin ləğv edilməsi və ya məhkəmə mübahisələri kimi ciddi hüquqi çətinliklərə səbəb ola bilər. Maraqlıdır, etibarnamə ilə avtomobil alanlar nələrə diqqət etməlidir? Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsindən bildirilib ki, etibarnamə ilə avtomobil alan şəxs faktiki olaraq avtomobilin sahibi sayılmır: Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində qeyd olunan sahibi vəfat etdikdə, onun əvvəlcə verdiyi etibarnamə və ya baş etibarnamə avtomatik olaraq qüvvədən düşür. Bu halda, vəfat edən şəxsin miras hüququ çərçivəsində vərəsəlik prosesi başlanır və 6 ay tamamlandıqdan sonra vərəsəlik hüququ təsdiqlənir. Vərəsəlik sənədinə əsasən, nəqliyyat vasitəsinin qeydiyyatı ilkin olaraq vəfat edən şəxsin həyat yoldaşının adına keçirilir. Əgər həyat yoldaşı yoxdursa, mülkiyyət hüququ həmin şəxsin övladlarına—oğlu və ya qızına keçir. Qeydiyyat prosesi başa çatdıqdan sonra bu şəxslər nəqliyyat vasitəsinə dair yeni etibarnamə verə və ya vasitənin mülkiyyət hüququnu alıcı adına rəsmiləşdirə bilərlər. Mütləq şəkildə altı ay tamam olmalıdır, həmin müddətdən sonra nəqliyyat vəsitəsi həyat yoldaşına və ya ailənin digər üzvlərinə verilir. Hüquqşünas Şamil Paşayev bildirib ki, etibarnamə avtomobili istifadə və idarəetmə hüququ versə də, hüquqi mülkiyyət hüququ tam şəkildə alıcıya keçmir. Bu isə alıcının avtomobil üzərində tam hüquqa malik olmaması deməkdir, yəni avtomobilin əsl sahibi istədiyi zaman etibarnaməni ləğv edə və ya mülkiyyətin hüquqi aspektlərini dəyişdirə bilər: “Nəzər almaq lazımdır ki, etibarnamə ilə alqı-satqı predmenti deyil. Etibarnamə şəxsin hüquqlarını digər şəxsə etibar etməsi ilə bağlı bir haldır. Etibarnamə ilə hansısa maşın və ya obyekt alınırsa, həmin şəxs vəfat etdikdə avtomobil kimin adınadırsa, onun vərəsələrinə düşür. Bunun “generalnı” və ya baş etibarnamə olmasının hər hansı bir əhəmiyyəti yoxdur. Şəxs öldükdən sonra etibarnamə hüquqi qüvvəsini itirir. Ölmüş adamın adına olan etibarnamə ilə də hərəkət etmək mümükün deyil”.(ajans.az)

Bakıda yayılan kəskin qoxu ilə bağlı RƏSMİ AÇIQLAMA

Paytaxt ərazisində bir neçə gündür, müşahidə olunan kəskin qoxu vətəndaşları ciddi narahat edib. Daha çox Nizami rayonu ərazisində yayılan qoxunun səbəbi hələlik dəqiq məlum olmasa da, sosial şəbəkələrdə kəskin qoxunun Heydər Əliyev adına Neft Emalı Zavodundan yayıldığı iddia olunur. Zavoda yaxın ərazilərdə yaşayan sakinlərin baş ağrısından və göz yaşarmasından şikayətləndikləri bildirilir.  Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhərinin bəzi ərazilərində yayılan qoxunun səbəbinin araşdırılması məqsədilə monitorinq qrupları yaradılıb: “Hazırda qrup tərəfindən monitorinq və araşdırmalar aparılır”. 

ABŞ-ın şou-biznes ulduzları hansı namizədi dəstəkləyir? - ADLAR

Amerikalı məşhur müğənni Cennifer Lopes 5 noyabr prezident seçkilərində hansı namizədi dəstəkləyəcəyini elan edib. Modern.az BBC-yə istinadən xəbər verir ki, Cennifer Lopez demokrat namizəd Kamala Harrisin Las-Veqasda(Nevada ştatı)  keçirilən mitinqində çıxış edib. Həmin vaxt respublikaçı Donald Tramp da Arizonada mitinq keçirib. Lopes “mən qadınların gücünə inanıram. Qadınların bu seçkidə fərq yaratmaq gücü var”, - deyə mitinqdə çıxış edib və Latın amerikanları Harrisin xeyrinə səsverməyə çağırıb. Nevada qarşıdan gələn seçkilərin nəticələrinə qərar verəcək əsas ştatlardan biridir. Latın amerikan seçicilər ştat əhalisinin təxminən dörddə birini təşkil edir. 2020-ci ildə Co Bayden 33,500 səs fərqi ilə Nevada ştatını qazanmışdı. Bu arada seçkilərə 4 gün qalmış Amerika şou-biznesinin digər ünlü nümayəndələrindən kimlərin hansı namizədə səs verəcəkləri məlum olub. ABŞ mətbuatında dərc olunan xəbərlərə görə, Kamala Harris və Donald Trampı dəstəkləyən ulduzları aşağıdakı kimi bölünüb: Kamala Harrisi dəstəkləyənlər: Robert De Niro, Eminem, Sara Cessika Parker, Teylor Svift, Şer, Lizzo, Mark Entoni, Aşer, Olivia Rodrigo, Keşa, Con Lecend, Kardi Bi, Billi Ayliş, Beyons, Corc Kluni, Barbara Streyzard, Rozi O'Donnell, Ceymi Li Körtis, Sintia Nikson, Mindi Kalinq, Toni Qolduin, Kerri Vaşinqton, Nik Offerman, Ceyn Fonda, Ben Stiller, Keti Qriffin, Con Stamos, Ed Helms, Tiffani Heddiş, Mett Deymon, Ayk Barinholts, Lin-Manuel Miranda, Obri Plaza, Cenifer Eniston, Mel Bruks, Entoni Hopkins, Linda Karter, LeVar Berton, Entoni Repp, Mişa Kolinz, Mark Hemill, Cenifer Lourenz, Fren Dreşer, Enn Heteuvey, Brayan Krenston, Arnold Şvarssenegger. Donald Trampı dəstəkləyənlər: Zakari Levi, Denis Kueyd, Con Voyt, Rozanna Bar, Kid Rok, Ember Rouz, Snup Dog, Aziliya Benks, Kris Censon, Ceyson Oldin, Mayk Tayson (boksçu).

Livandan İsrailə raket hücumu olub: 19 nəfər yaralanıb

İsraildə Şaron və Dan bölgələrində xəbərdarlıq siqnalları işə salındıqdan sonra Livandan mərkəzi İsrailə doğru üç raket atılıb. Sozcu.az xəbər verir ki, bu barədə İsrail Ordusunun yaydığı məlumatda bildirilib. İsrail pilisi Tir şəhərinin raket atəşinə tutulduğunu, 19 nəfərin yaralandığını bəyan edib. İsrail mediasının məlumatına görə, Tirdə bir bina zədələnib, onun raketlə vurulduğu qeyd edilib. Digər məlumata görə, İsrail ordusunun Şimal qüvvələrinin komandiri, general-mayor Ori Qordin Livanda patrul xidməti zamanı avtomobilinin aşması nəticəsində “yüngül xəsarətlər” alıb. Aşan avtomobildə İsrail Mərkəzi Komandanlığının rəhbəri general-mayor Avi Blot da olub, lakin o, xəsarət almayıb. Daha bir neçə hərbçi də yaralanıb, lakin ətraflı məlumat verilməyib. İsrail mediasına görə, oktyabr ayında Livanın cənubunda və “Hizbullah” döyüşçülərinin İsrailin quru işğalına şiddətlə müqavimət göstərdiyi İsrailin şimal sərhədində gedən döyüşlərdə 37 İsrail əsgəri həlak olub. İsrail mediası qeyd edib ki, Livanın cənubundakı relyefin əngəlli olması və Livanın “Hizbullah” hərəkatının hücum təhlükəsi səbəbindən gecələr səyahət etmək zərurəti İsrail əsgərləri arasında çoxsaylı yol qəzalarına səbəb olub.

Bakıda məşhur prokurorun qardaşına cinayət işi açıldı

Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qardaşı Rasim İldırım barəsində cinayət işi başlanılıb. Sozcu.az xəbər verir ki, “Report”un məlumatına görə, ona verilən ittihama əsasən, Rasim İldırım jurnalist, “Bakutime.az” saytının təsisçisi olan Zaur Mirzəzadə və Qoşqar Məmmədovla əlbir olaraq bir nəfər zərərçəkən şəxsə qarşı xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir. Onlar barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib. İş üzrə aparılan ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Fəxri Məmmədovun icraatında araşdırılacaq. Qeyd edək ki, Rasim İldırımın bir qardaşı da "Əmrahbank"ın təsisçisi Yunus İldırımzadədir.

Aeroporta gələnlər yalnız avtobuslarla daşınacaq - RƏSMİ

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi ilk 3 gündə xaricdən gələn qonaqlar, xüsusilə də yerli vətəndaşlar aeroportda fəaliyyət göstərəcək avtobuslardan istifadə edilməli olacaqlar. Sozcu.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev COP29 günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib. O bildirib ki, COP29 ilk günlərində hava limanına gələn qonaqlar və vətəndaşlar nəqliyyat vasitələrindən istifadə edərək şəhərə gələ bilməyəcəklər: "İlk 3 gündə nəqliyyat vasitələri aeroporta daxil ola biləcək və "Terminal 2"də vətəndaşları düşürə bilərlər, lakin oradan kimisə aparmaq mümkün olmayacaq. Həmin ərazilərdə fəaliyyət göstərəcək H1 və H2 avtobusları ilə vətəndaşlar ünvanlara gedə bilərlər. H1 üzrə marşrut hava limanı - "28 may" ərazisini, H2 üzrə marşrut isə hava limanı - "Əhmədli" metrosu stansiyasını əhatə edir".

Külək güclənəcək - XƏBƏRDARLIQ

Noyabrın 2-3-ü gecə və səhər Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq olunub. Bu barədə Sozcu.az-a Xidmətdən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək. Sarı xəbərdarlığa uyğun olaraq Hacıqabul, Şirvan, Qobustan, Mingəçevir, Naftalan, Goranboy, Gəncə, Göygöl, Daşkəsəndə fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Şahin Mustafayev Qriqoryanla görüşdü: razılıq əldə edildi

2024-cü il noyabrın 1-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın onuncu görüşü keçirilib. Sozcu.az xəbər verir ki, yuxarıda qeyd olunan komissiyaların birgə fəaliyyəti haqqında 2024-cü il avqustun 30-da imzalanmış Əsasnamənin 7-ci maddəsinə uyğun olaraq, görüş zamanı Tərəflər həmin Əsasnamənin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların onların dövlətləri tərəfindən yerinə yetirilməsi barədə bildirişləri mübadilə etdilər. Əsasnamənin 7-ci maddəsinin bu cür prosedurların yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişin alındığı gündə onun qüvvəyə minməsini təsbit etməsini nəzərə alaraq, Tərəflər vurğuladılar ki, sözügedən Əsasnamə 2024-cü il noyabrın 1-də qüvvəyə minir. Tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ətrafında fikir mübadiləsi apardılar. Tərəflər delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə etdilər. Tərəflər növbəti görüşün keçirilməsinin tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəldilər. Komissiyaların görüşü başa çatdıqdan sonra Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryan ayrıca olaraq nəqliyyat kommunikasiyaları məsələlərini müzakirə etdilər.