Yunanıstan Egey dənizindəki ərazi sularını genişləndirməyi planlaşdırır.
Sozcu.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Yorqos Yerapetritis parlamentdə çıxışı zamanı deyib.
“Egey dənizində dəniz parklarının yaradılması daha geniş dəniz strategiyasının ilk mərhələsi kimi qəbul edilməlidir. İndi suverenliyimizi gücləndirən və yurisdiksiyamıza qarşı hər hansı iddianı neytrallaşdıran dəniz parklarımız var. Bu gün Egey dənizində ərazi sularımız 6 dəniz milinə qədər uzanır. "Egey Dənizi Parkı 1" adlandıran parkın yaradılmasından sonra ikinci bir dəniz parkının yaradılması üçün addımlar atacağıq. Bu addım Yunanıstanın ərazi sularını 12 milə qədər genişləndirmək strategiyasının bir hissəsidir”, - nazir bildirib.
Qeyd edək ki, İon dənizindəki ərazi sularını 6 mildən 12 milə qədər genişləndirən Yunanıstanın, Egey dənizindəki ərazi sularını da genişləndirmək addımını Ankara müharibəyə səbəb hesab edir. Çünki 1995-ci ildə Türkiyə Böyük Millət Məclisi yekdilliklə "casus belli" (Müharibə səbəbi) adlı bir bəyannamə qəbul edib. Bəyənnamədə bildirilib ki, Yunanıstan Egey dənizindəki ərazi sularını Lozanna müqaviləsi ilə müəyyən edilmiş 6 mildən kənara çıxarsa, bu müharibə səbəbi olacaq.
