Təyyarə qəzasında həlak olan Balakən sakini Rəna Yeznayevanın nəşi ailəsinə təhvil verilib

Təyyarə qəzasında həlak olan Balakən rayonundan olan sonuncu sərnişinin nəşi dekabrın 30-u səhər saatlarında ailəsinə təhvil verilib. Sozcu.az-ın məlumatına görə, bu, Yeni Şərif kənd sakini, 1969-cu il təvəllüdlü Rəna Abbas qızı Yeznayevadır. O, Yeni Şərif kənd qəbiristanlığında dəfn ediləcək. Qeyd edək ki, Aktauda qəzaya uğrayan təyyarənin sərnişinlərindən 15 nəfəri Balakən sakini olub, onlardan 9-u həlak olub. Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib. Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb. Dövlət başçısı həmçinin qəzada həlak olan ekipaj üzvlərini - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevanı Azərbaycanın Milli Qəhrəmanı adı, xəsarət alan ekipaj üzvləri - Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimlini isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edib. İlkin məlumata görə, təyyarə fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.report

Şabranda Türkiyə vətəndaşına məxsus TIR yanıb

Şabran rayonu ərazisində Türkiyə vətəndaşına məxsus yük maşını (TIR) yanıb. “Report”un Şimal bürosunun məlumatına görə, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli magistral yolun 137-ci km-nin Şabran rayonunun Rəhimli kəndi ərazisindən keçən hissəsində Türkiyə vətəndaşı, 1987-ci il təvəllüdlü Faruk Dinçin idarə etdiyi "VOLVO" markalı yük avtomobili qoşqusu ilə birlikdə yanıb. Əraziyə Şabran rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğınsöndürən texnikaları və şəxsi heyətləri cəlb olunub. Yanğın nəticəsində yük avtomobili yanaraq yararsız vəziyyətə düşüb. Faktla bağlı araşdırma aparılır.

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan reyslər niyə gecikir? - RƏSMİ AÇIQLAMA

Azərbaycan Hava Yollarının Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan bir sıra reyslərinin uçuşu Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində əlverişsiz hava şəraiti səbəbindən (qatı duman) gecikir. Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb. "Gecikən reyslərin sərnişinlərinə aviaşirkətin çağrı mərkəzi tərəfindən məlumat verilir. Sözügedən reyslər Naxçıvan aeroportu ərazisində hava şəraiti yaxşılaşdıqdan dərhal sonra həyata keçiriləcək. Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri lazımi vasitələrlə təmin olunacaqlar. Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər", - məlumatda vurğulanıb.

ABŞ-da matəm elan olundu

ABŞ Prezidenti Co Bayden keçmiş prezident Cimmi Karterin vəfatı ilə əlaqədar 9 yanvar 2025-ci il tarixini ölkəsində milli matəm günü elan edib. Sozcu.az xəbər verir ki, bu barədə "Atlanta Journal" məlumat yayıb. Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Cimmi Karter 100 yaşında vəfat edib.

Faktiki hava: Bəzi ərazilərə yağış yağır

Azərbaycanda dekabrın 30-u saat 9:00-a olan məlumata əsasən yağıntılı hava şəraiti müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, düşən yağıntının miqdarı Qobustanda 6 mm, Lənkəranda 3 mm, Qəbələ, Qubada 2 mm, Şahbuz, Zaqatala, Sarıbaş (Qax), Şəki, Oğuz, Şamaxı, Xaçmaz, Qusar, Qırız, Xaltan, Şabran, Cəfərxanda 1 mm-dək, Bakıda və Abşeron yarımadasında 2 mm-dir. Qarın hündürlüyü Şahdağda 16, Şahbuz, Qrızda 7, Sarıbaş (Qax) 5, Xınalıq, Altıağacda 1 sm-dir. Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 19 m/s, Naftalanda 18 m/s-dək güclənib. Bu da sarı xəbərdarlığa uyğundur. Sumqayıt, Şərur, Naftalan, Balakən, Qax, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Qırız, Tərtər, Göyçay, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 5-8 dərəcə isti, Naxçıvan MR-da 2-7 dərəcə şaxta, bəzi yerlərdə 3 dərəcəyədək isti, dağlıq rayonlarda 3-8, yüksək dağlıq rayonlarda 13 dərəcəyədək şaxta qeydə alınıb.

Bu yerə qəhrəman pilotumuzun adı veriləcək

Ukraynanın Kropivnitskidəki Dövlət Uçuş Akademiyasının sinif otaqlarından birinə Azərbaycanın Milli Qəhrəmanı, AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin pilotlarından biri Aleksandr Kalyaninovun adı veriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev X hesabında məlumat yayıb. “Bu mükafat onun fədakarlığını şərəfləndirir və gələcək aviasiya işçilərini ilhamlandırır. Onun mirası yaşayacaq” , - səfir bildirib. Qeyd edək ki, Aleksandr Kalyaninov həmin akademiyanın məzunu olub.

Daha bir təyyarə qəzası: ölənlər var

BƏƏ sahillərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub. Sozcu.az xəbər verir ki, bu barədə WAM xəbər agentliyinin məlumatında deyilir. Bildirilib ki, Təyyarə “Əl-Cəzirə” aviaklubuna məxsus olub. Təyyarə Ras əl-Xeymə əmirliyi sahillərində qəzaya uğrayıb. Məlumatda pilotun və onun köməkçisinin həlak olduğu deyilir. Qəzanın hansı səbəbdən baş verdiyi açıqlanmır.

Ukrayna PUA-sı Rostovda lokomotiv deposuna zərbə endirdi

Dekabrın 29-da Ukraynaya məxsus iki pilotsuz təyyarə Rusiyanın Rostov vilayətinə hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru vəzifəsini icra edən Yuri Slyusar deyib. Onun sözlərinə görə, Salskda ilk PUA lokomotiv deposunun ərazisinə zərbə endirib, lakin hadisə yerində yanğın olmayıb. Digər PUA-nı isə HHM sistemləri məhv edib. Dağıntı və tələfat yoxdur.

Preziden onlara Milli Qəhrəman adı verdi

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında sərəncam imzlayıb. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncamda qeyd olunur: “2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Respublikasının Aktau şəhəri istiqamətinə yönləndirilmişdir. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirmiş və sərnişinlərin bir qismi xilas edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə aşağıdakı şəxslər təltif edilsinlər: “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə: Kşnyakin İqor İvanoviç (ölümündən sonra) Kalyaninov Aleksandr Georgiyeviç (ölümündən sonra) Əliyeva Hökumə Cəlil qızı (ölümündən sonra)”.

Rusiya məsələni ört-basdır etmək istəyirdi - Prezident

Füzelyajın dəlik-deşik olması quş versiyasını tamamilə gündəlikdən çıxardı. Sozcu.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən və Qroznı səmasında hücuma məruz qalaraq zədələnən AZAL təyyarəsinin Akrau yaxınlığında qəzaya uğraması haqda danışarkən deyib. Dövlətmizin başçısı təəssüflə qeyd edib ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər: “Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir”. Təbiidir ki, təyyarənin qəsdən vurulmadığını diqqətə çatdıran Prezident qeyd edib ki, öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi: "Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik". Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

ABŞ-dan Ukraynaya 1 milyard dollarlıq hərbi yardım

ABŞ prezidenti Co Bayden Kiyevə ilin son hərbi yardım paketini ayırıb. Sozcu.az xəbər verir ki, yardım paketi 1 milyard 250 milyon dəyərindədir. Hərbi yardım paketinin daxilində bir sıra hərbi texnika, sursatlar üzbəüz döyüş silahları olacaq. Nəzərdə tutulan vasitələrin hamısı ABŞ istehsalıdır.

Xızıda məktəbdən direktorun meyiti tapıldı

Xızı rayonunda 65 yaşlı kişinin meyiti direktor işlədiyi məktəbdən tapılıb. Sozcu.az xəbər verir ki, 1959-cu il təvəllüdlü Fazil İsmayıl oğlu Məmmədovun ölüm səbəbi hələ ki məlum deyil. Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, səhər saatlarında Xızı şəhər tam orta məktəbin direktoru Fazil Məmmədov vəfat edib, aidiyyəti qurumlara məlumat verilib: "Hadisə barədə dərhal aidiyyəti qurumlara məlumat verilib, hazırda hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır. Tibbi-ekspertiza yekunlaşdıqdan sonra ölümün dəqiq səbəbləri məlum olacaq".

Bizdən əl çək! - Kanadalı siyasətçidən Trampa

Əziz Donald, bizi dəli Milad mesajınıza daxil etdiyiniz üçün təşəkkür edirəm. Lakin bizdən əl çək! Sozcu.az xəbər verir ki, bu fikirləri kanadalı deputat, Yeni Demokratik Partiyasının üzvü, parlament nümayəndəsi Çarli Anqus ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampa müraciətində deyib. “Kanadalı olmaq pulsuz tibbi xidmətə və hücum silahlarına məhdudiyyətlərə sahib olmaq deməkdir. Əgər biz sizin 51-ci ştatınız olsaydıq, uşaqlarımız məktəblərdə güllələnər, şirkət rəhbərləri isə tibbi xidmətə görə rədd cavabı aldıqları üçün öldürülərdi. Ona görə də yox. İndi isə uzaq durun. Sizin şimal qonşunuz”. Qeyd edək ki, Donald Tramp Milad təbrikində Kanada Baş naziri Castin Trüdonu qubernator adlandırmış və ABŞ-ın 51-ci ştatı olacağı təqdirdə Kanadanın həddən artıq yüksək olan vergilərini 60 faiz azaldacağını bildirmişdi.

Prezident və xanımı ekipaj üzvlərinin vida mərasimində...

Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı-Qroznı istiqamətində uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimində iştirak edib, onların ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat verib. Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb. Təyyarədə olan pilotların hər ikisi – İqor Kşnyakin (kapitan) və Aleksandr Kalyaninov həlak olub və onlar bu gün II Fəxri Xiyabanda dəfn ediləcək.

Ekipaj qəza ilə bağlı siqnal göndərib, qəbul etməyiblər - AZAL

Azərbaycan Hava Yolları QSC-nin (AZAL) Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinə kənardan qeyri-qanuni təsirlər olub, təyyarəni idarə edən sistemlər sıradan çıxarılıb. Sozcu.az xəbər verir ki, bunu AZAL-ın vitse-prezidenti İlham Əmirov Heydər Əliyev Beynəlxalq Aeroportunda qəza nəticəsində həlak olan ekipaj üzvləri ilə vida mərasimində bildirib. "Belə bir məqamda pilotlarımız böyük cəsarət nümayiş etdirib. Ekipaj təyyarənin qəzaya uğraması ilə bağlı Qroznı və Mahaçqala hava limanlarına siqnal göndərsə də, onları qəbul etməyiblər”, - deyə o qeyd edib. Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Bir milyonu mənimsəmiş sabiq rəisin məhkəməsi başlayır

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Sozcu.az Teleqraf.com-a istinadla xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Leyla Əsgərova-Məmmədovun icraatına verilib. Yaxın vaxtlarda məhkəmə başlanacaq. Qeyd edək ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamov 1 milyon manata yaxın dövlət vəsaitinin mənimsənilməsində ittiham edilib. Cinayət işinin istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan edilib. R.Abbasov və E.Qulamov həbsdə deyil, hər ikisi haqda məhkəməyə qədər alternativ qətimkan tədbiri seçilib.

Putinin Kremldə ona nə deməsindən asılı olmayaraq...

Ukraynaya elektrik enerjisi idxalında Slovakiyanın payı təxminən 19% təşkil edir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. O qeyd edib ki, ölkə rəsmilərinə vahid Avropa enerji sisteminin sabitliyini və Avropa enerji qaydalarını qorumaq üçün bütün tərəfdaşlarla birlikdə hər şeyi etmək barədə tapşırıq verib. "Putinin Kremldə olarkən Fitsoya nə deməsindən asılı olmayaraq, Avropa qaydaları Moskva ilə əlaqələrindən daha güclü olmalıdır", - Zelenski vurğulayıb. Qeyd edək ki, Slovakiya Baş naziri Robert Fitso növbəti ildən Ukraynaya enerji tədarükünü dayandıracağını bildirib.

Qəzada həlak olan 24 nəfərin nəşi Bakıya gətirilir

AZAL-ın “Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün və 21 sərnişinin cənazəsi Bakıya gətirilir. Sozcu.az xəbər verir ki, cənazələr yaxın vaxtlarda Bakıya təyyarə ilə çatacaq. Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb. Hadisə ilə bağlı Rusiya lideri Vladimir Putin Prezident İlham Əliyevə zəng edərək üzrxahlıq edib.

İki ölkə arasında elektrik kəsildi, NATO hərəkətə keçdi

NATO Estoniya ilə Finlandiya arasında sualtı elektrik xətləri və internet kabelləri kəsildikdən sonra Baltik dənizində hərbi varlığını gücləndirəcək. Sozcu.az xəbər verir ki, bu barədə NATO Baş katibi Mark Rutte Finlandiya Prezidenti Aleksandr Stubb ilə mümkün təxribat barədə danışıb. Rutte qeyd edib ki, NATO Baltik dənizində hərbi mövcudluğunu gücləndirəcək.

Ağsuda yol qəzasında iki nəfər xəsarət alıb

Ağsuda avtomobil qəzası baş verib. Hadisə nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Hazırda vəziyyətlərinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

İki rayonda qar yağır

Bakıda və Abşeron yarımadasında, Balakən, Zaqatala, Şəki, Quba, Qobustan, Qusar, Göyçay, Kürdəmir, Sabirabad, Neftçalada arabir yağış, Şahdağ, Qaxda (Sarıbaş) qar yağır. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, Binə, Pirallahı, Çilov adası, Şərur, Daşkəsən, Göygöl, Balakən, Qax, Şəki, Zaqatala, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Şahdağ, Göyçayda duman müşahidə olunub, görünüş 50-200 metrədək məhdudlaşıb. Qərb küləyi arabir Naftalanda 18 m/s, Lerikdə 17 m/s-dək güclənib. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında eyni zamanda Aran rayonlarında 9, Naxçıvan MR-da 11, dağlıq rayonlarda 5 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 4 dərəcəyədək şaxta qeydə alınıb.

Dumana görə uçuşlar ləğv edildi

Böyük Britaniyada sıx duman səbəbindən aviasiya sahəsində xaos yaranıb. Sozcu.az xəbər verir ki, Qatvik, Hitrou və Mançester hava limanlarında onlarla reys təxirə salınıb və ya ləğv edilib. Sıx dumanın əsasən ölkənin cənub-şərq və mərkəzi bölgələrinə enəcəyi və görünüş məsafəsini 100 metrə qədər məhdudlaşdıracağı proqnozlaşdırılır. Bu gün Hitrou hava limanında 20 reys ləğv edilib, 29 reysdə isə gecikmə müşahidə olunub. Gatvik hava limanında isə bir reys ləğv edilib, 26 reys gecikir. Mançester hava limanında da oxşar vəziyyətlər qeydə alınıb. Gatvik hava limanının sözçüsü sərnişinlərdən yaranan narahatlığa görə üzr istəyərək deyib: “Zəif görüş səbəbindən müvəqqəti hava trafik məhdudiyyətləri tətbiq edilib. Gün ərzində bəzi reyslər gecikə bilər”. Duman səbəbindən yaranan bu məhdudiyyətlər bayram mövsümündə səyahət planlarına ciddi təsir edib. Təyyarə ilə səyahət edənlərdən hava limanlarına yola düşməzdən əvvəl reyslərini yoxlamaları tövsiyə olunur.

Yol polisindən küləkli hava ilə bağlı müraciət

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib. Sozcu.az xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb. Müraciətdə bildirilib ki, Milli Hidrometeorologiya Xidməti Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə dekabrın 29-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. BDYPİ verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir. Qoşqulu, tentli, uzunölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər. Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimi təhlükə ehtimalı olan obyektlərdən kənarda saxlamaq, park edərkən qapalı məkanlara üstünlük vermək tövsiyə olunur.

Gürcüstanda güclü zəlzələ oldu

Gürcüstanın Dmanisi şəhəri (Kvemo Kartli regionu) yaxınlığında 4,2 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzinin saytı məlumat yayıb. Bildirilib ki, Tiflis vaxtı ilə saat 15:44-də qeydə alınan zəlzələnin episentri 15 kilometr dərinlikdə, Soqulotlo kəndindən iki kilometr məsafədə yerləşib. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.