Trampı məxfi sənədlərə görə 400 ilə qədər həbs gözləyir

ABŞ hakimiyyəti keçmiş ABŞ prezidenti Donald Tramp və onun köməkçisi Uolt Nautanı 38 məxfi sənədi düzgün saxlamamaqda ittiham edib. İttiham aktından belə çıxır ki, Trampa qarşı mümkün cəza sanksiyalarının əlavə siyahısında 37, köməkçisinə münasibətdə isə 6 bənd göstərilir. Sozcu.az xəbər verir ki, bundan əlavə, təqsirləndirilən şəxslər yalançı şahidlik və cinayət razılaşmasına ittiham olunurlar. TASS-ın məlumatına görə, Trampa qarşı irəli sürülən ittihamlar arasında uzun müddət - ümumilikdə 400 ilə qədər həbs, həmçinin cərimələr var. Eyni zamanda, Trampa qarşı irəli sürülən ittihamların heç biri minimum həbs müddəti və ya minimum cəriməni nəzərdə tutmur. Bununla belə, Trampa qarşı irəli sürülən ittihamlar arasında dövlət vəzifələrində işləməyə qadağa şəklində sanksiyalar daxil deyil. Beləliklə, Trampın prezidentliyə seçilmək və bu vəzifəni tutmaq hüququ var. İttihamnamədə qeyd olunduğu kimi, Tramp gizli sənədləri saxlayıb, o sənədlər arasında həm də ABŞ-ın nüvə proqramları ilə bağlı məlumatlar da var.

İcra başçısı ilə birgə tutulan idarə rəisi azadlığa buraxıldı

Kürdəmir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ceyhun Cəfərovla birgə məhkum edilmiş Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqov azadlığa buraxılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Emin Sadıqov cəzasının 2/3 hissəsini çəkdiyi səbəbindən qalan məhkumluq müddəti şərti hesab olunub. O, cəzaçəkmə müəsisəsindən azadlığa buraxılıb. Qeyd edək ki, E. Sadıqova son olaraq 2 il azadlıqdan məhrumetmə cəzası təyin edilmişdi. Onun cəzasının başlanğıcı 2021-ci ilin 21 oktyabr tarixindən hesablanıb. Xatırladaq ki, sabiq icra başçısı Ceyhun Cəfərov və rayonun bir sıra vəzifəli şəxsləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla tutulublar. Sabiq vəzifəli şəxslər Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (rüşvət alma təkrar törədildikdə), 179.3.2 (mənimsəmə külli miqdarda törədildikdə), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham ediliblər. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq icra başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov 8 il 6 ay, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynov 8 il üç ay, Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqov 4 il, Mənzil İstismar Sahəsinin rəisi Sərvər Məmmədov 2 il 6 ay azadlıqdan məhrum edilib. Sonradan Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Ceyhun Cəfərov və digərlərinin cəzası 2-3 il aralığında azaldılıb.

Tokayev yanğına görə naziri işdən çıxardı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin fövqəladə hallar naziri Yuri İlinin vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb. Sozcu.az xəbər verir ki, bu barədə Kazinform agentliyi məlumat yayıb. Nazirin işdən çıxarılması ölkənin şərqində davam edən böyük meşə yanğını fonunda baş verib. Onun məhz bu səbəbdən vəzifəsindən azad olunduğu bildirilir. Son məlumatlara görə, meşə yanğınları 60 min hektar sahəni əhatə edir. Hadisə nəticəsində meşə təsərrüfatının 3 işçisi həlak olub, 11 nəfər isə itkin düşüb. Təbii fəlakət zonasından 316 nəfər təxliyə olunub. Yanğınla mübarizəyə helikopter və hərbi qulluqçular cəlb edilib.

Blinken gələn həftə Çinə gedir

ABŞ dövlət katibi Entoni Blinken iyunun 18-də Çinə səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə "Reuters", "Associated Press" (AP) və AFP agenlikləri ABŞ rəsmilərinə istinadən məlumat yayıb. AP-nin məlumatına görə, səfər çərçivəsində Entoni Blinken yüksək səviyyəli Çin rəsmiləri ilə görüşəcək. O, Çin lideri Si Cinpinlə də görüşə bilər. Xatırladaq ki, Blinken fevralda Pekinə səfər etməyi planlaşdırırdı, lakin Çin şarı ilə bağlı insidentdən sonra səfəri təxirə salındı.

Böyrəkləri şlaklardan təmizləyən ucuz vasitə

Müəyyən qidalardan istifadə böyrəklərin vəziyyətinə müsbət təsir göstərə bilər. Sozcu.az "Medicina"ya istinadən xəbər verir ki, Cərrah Pavel Karlov sözlərinə görə, bunun üçün orqanizmin işinə müsbət təsir göstərən tərəvəzlərdən istifadə etmək lazımdır. Onlar həmçinin şişkinliyi və iltihabı azalda, qan dövranını yaxşılaşdıra bilərlər. "Söhbət xiyar, kahı, balqabaq, pomidor kimi tərəvəzlərdən gedir. Böyrək problemi olan insanlar üçün natrium, xolesterin və yağların qəbulunu məhdudlaşdırmaq tövsiyə olunur. Bu tərəvəzlərin qəbulu zamanı duzdan maksimum az istifadə etməyə çalışın. Eləcə də böyrəklər üçün təmiz su hava qədər vacibdir".

Ağcabədidə axtarışda olan şəxs SAXLANILDI

Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində axtarışda olan və oğurluq əməli törədən şəxslər müəyyən edilib. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib. Qeyd edilib ki, may ayı ərzində polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə ötən ildən də axtarışda olan, ümumilikdə 4 nəfər müəyyən olunaraq aidiyyəti üzrə təhvil verilib. Həmin şəxslərdən biri – rayon sakini Sadiq Süleymanov dələduzluq əməlində şübhəli bilindiyinə görə barəsində cinayət işi başlanılıb. Araşdırmalarla onun müxtəlif vədlər verərək vətəndaşların 40 min manat məbləğində pulunu mənimsədiyi istintaqa məlum olub. Bundan əlavə, keçirilən digər bir tədbirlə rayon ərazisindəki şəxsi təsərrüfatdan xırdabuynuzlu heyvanlar oğurlayan Lənkəran rayon sakini Amin Əhmədov da saxlanılıb. O, oğurluğu qazanc əldə etmək məqsədi ilə törətdiyini etiraf edib. Faktlarla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.

Paltaryuyan maşın mətbəxdə olmamalıdır - MARAQLI SƏBƏB

Adətən yemək yeyərkən yeməyin dadına və ətrinə, görünüşünə fikir veririk, amma yeməyi müşayiət edən səsləri düşünmürük. Lakin bu yalnışdır. Çünki musiqi yeməyin ətrini artıra bilər, sanki ədviyyat rolunu oynaya bilər və hətta dad seçimlərimizə təsir edə bilər. Bura yeməyin yanında səslənən, eşidilən bütün səslər daxildir. Sozcu.az "Medicina"ya istinadən xəbər verir ki, Çin və Danimarkadan olan mütəxəssislərinin araşdırmalarına görə, ağır musiqi həvəskarlarını daha az sağlam qidalar və fast food cəlb edirdi. Alimlər belə qənaətə gəliblər ki, səs-küylü musiqi, xüsusən də ağır metal üslubu - qərar qəbuletmə prosesini tənzimləmək üçün beynimizə müdaxilə edir. Sakit halda yemək mədənin işinə yaxşı təsir edir. Orta əsrlərdə ziyafətlərdə musiqiçilərin iştirakı məcburi idi. XVI əsrdə artıq Tafelmuzik (stol musiqisi) kimi bir istiqamət yarandı. Aristokratların evlərində təntənəli nahar və şam yeməkləri zamanı instrumental parçalar fa edilirdi ki, süfrə arxasında söhbətə mane olmasın. Müasir dövrdə psixoloq, Oksford Universitetinin professoru Çarlz Spens uzun illər bu sahədə tədqiqatlar aparmış, daha sonra "Qastrofizika" elminin əsasını qoymuşdu. Çarlz Spensin sözlərinə görə, hər hansı fon səsləri və səs-küy qidaya təsir edir. Ona görə mətbəxdə texnika, televizor, radio və hətta paltaryuyanın barabanın səsi qidanın keyfiyyətinə, dadına təsir göstərir. Piano musiqisi meyvələrin, giləmeyvə və sitrus meyvələrinin təbii dadını artırır. Üstəlik, səs nə qədər yüksək olsa, effekt bir o qədər yaxşı ifadə edilir. Mətbəxdə paltaryuyan maşının olması arzuolunan deyil. O işləyərkən, yemək yemək də sağlamlığa zərərlidir.

Bakı sakininin bank hesabından pul oğurlandı

Bakı sakininin bank hesabından pul oğurlanıb. Sozcu.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Nərimanov Rayon Polis idarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt sakini olan bir nəfərin bank kartından hesabındakı 1100 manatı oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Valeh Qənbərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Əfruzə Hacıyeva vəfat etdi

2014-cü il bələdiyyə seçkilərində seçki qutularına topa bülleten atarkən videosu yayılan Əfruzə Hacıyeva vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki, Ə. Hacıyeva 2014 bələdiyyə seçkilərində 15 saylı Yasamal I Seçki Dariəsinin 12 saylı seçki məntəqəsinin üzvü olduğu zaman karusel etməkdə ittiham olunurdu. 

“Toppuş bacı“nın əri: Qayınanam evlənməyimə icazə verib

"Mayın 30-u idi, gecə dedi ki, gedək bir az dəniz havası alaq. Sual verdi ki, Röyal, hər gün gələ bilərik bura? Cavab verdim ki, əlbəttə. Uşaq kimi elə sevindi ki. Onun bu gülüşünü dərhal çəkmək istədim. Mənə baxıb güldü. Bəli, bu nur üzlü xanım həyat yoldaşımdır və mən o şanslı kişiyəm ki, bu cür namuslu, İslamı, insanları sevən bir xanımla ailə qurmuşam". Sozcu.az xəbər verir ki, bu sözləri mərhum "Toppuş bacı" ləqəbli Əməkdar artist Tünzalə Əliyevanın əri Röyal aktrisanın sosial şəbəkə hesabında yazıb.    O bildirib ki, qayınatası onun yenidən evlənməsinə razılıq versə də, o belə bir niyyətdə deyil: "Dedim ki, evliyəm, ailəm var, sadəcə dünyasını dəyişib.   Nur üzlü yarım, övladımın anası, axirətdə görüşənədək. Sadəcə səbr edəcəyəm".   Qeyd edək ki, Tünzalə Əliyeva uzun sürən xərçəng xəstəliyindən 49 yaşında dünyasını dəyişib. Cütlüyün Zəhra adında bir qız övladı var.

“Ağzından horra tökülən, kiminsə alt paltarını göstərən aparıcılar yaxşı qazanır”

Bu gün  yerli telekanallar, orada yayımlanan bayağı verilişlər, teleaparıcılar tez-tez tənqid hədəfinə çevrilir. Ən çox qeyd edilən isə televiziyalarda peşəkarlıq səviyyəsinin çox aşağı olmasıdır. Ekranlarda daha çox şou əhli meydan sulayır, yaradıcılıq peşəkar jurnalistikadan tamamilə uzaqdır. Peşəkar aparıcılar isə məlum olmayan səbəblərdən ekranlardan uzaqlaşıb. Məsələ ilə bağlı Yenisabah.az-a  danışan Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bildirib ki, bu gün cəmiyyət daha çox məişət xarakterli mövzularla maraqlanır: "Bu gün hansısa televiziyada jurnalistikaya aidiyyatı olmayan, danışanda ağzından horra tökülən, Azərbaycan ədəbi dilinin qolunu-qanadını sındıran adamlar böyük qazanc əldə edirlər. Çünki cəmiyyətin istədiyi yüngül, dedi-qodulu mövzulardır. Bu gün başqalarının ailəsində nə baş verdiyini bilmək istəyən, kiminsə iç camaşırının nə rəngdə olduğu ilə maraqlanan insanların sayı təəssüf ki, çoxdur.  Bunu hər kəsə aid etmirəm, lakin belə insanlar çoxdur.  Ona görə də həmin aparıcılar həm yaxşı qazanır, həm də buna haqq qazandırır. O pulları qazanan adam deyir ki, mənim qazanc mənbəyim budur, ciddi şeylərdən danışmaq nəyimə lazımdır?" Əməkdar jurnalist  qeyd edib ki, cəmiyyətin istədiyi bayağı mövzuları onlara verən aparıcılar bundan xeyli gəlir əldə edirlər: "O cür aparıcılar, özünə jurnalist deyənlər çox gözəl yaşayır, maddi problemləri olmur, amma ciddi jurnalistika ilə məşğul olanlar təzyiqlərə, təqiblərə, hədə-qorxuya məruz qalır, hətta həbsə də düşürlər. Sonda bəxtləri gətirsə, həmin təqib və təzyiqlər qaçıb gedirlər xarici ölkələrə.  Belə olan halda, jurnalistika cəmiyyəti öz arxası ilə apara bilmir. Çünki jurnalist gərək həqiqəti yazsın, həqiqəti yazanda da söyüşlə, qışqırıqla, həyasızlıqla bunu etməməlisən. Jurnalistikanın qaydaları, etik çərçivələr var, əlində sənəd, sübut, təsdiq olmadan heç kimə böhtan atmaq olmaz. Əfsuslar olsun ki, bizdə bu şərtlər çox zəif haldadır. Əvvəllər buna əməl edənlər var idi, amma çoxunu itirdik. Bundan əvvəl də jurnalistika ideal deyildi, amma hər halda, nə isə ideala oxşar bir şey var idi, amma indi tamamilə yoxdur" .

Xırdalan parkında dəhşət: Qadın karuseldən yıxıldı

Xırdalan şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Sozcu.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Nuriyeva Minayə Rasim qızı iyunun 8-də saat 17 radələrində Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına parkda hündürlükdən yıxılıb. 36 yaşlı qadın dairəvi hərəkət edən 5 qoşqudan ibarət, delfin şəkilli karuselin 2-ci qoşqusundan yıxılıb. O, qarının küt travması, daxili qanaxma, qapalı kəllə-beyin travması, alt çənə sınığı, sağ bazunun açıq sınığı, II  və III dərəcəli travmatik şok diaqnozu ilə Respublika Klinik Xəstəxanasına daxil olub. M.Nuriyeva dünən saat 07:40-da xəstəxanada vəfat edib. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Bakıda 2 yaşlı körpə yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb

Bakının Yasamal rayonunda 2 yaşlı körpə yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb. İki avtomobilin toqquşması nəticəsində 2021-ci il təvəllüdlü A.Qədirli ağır xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Fakt araşdırılır.

"Barselona" Neymarı həyat tərzinə görə transfer etməyəcək

Fransanın PSJ klubunun braziliyalı hücumçusu Neymar İspaniyanın "Barselona" klubuna qayıtmayacaq. "Barselona" futbolçunun həyat tərzindən utanır. Keçidi çətinləşdirən ikinci amil Neymarın tez-tez zədələnməsidir. Bundan əlavə, "Barselona" maliyyə feyr-pleyindəki problemlər səbəbindən braziliyalının qeydiyyatdan keçə biləcəyinə heç bir zəmanət verə bilmir. Daha əvvəl mətbuatda Neymarın transferə hazırlandığı və Premyer Liqanın bir neçə klubunun onunla maraqlandığı barədə məlumatlar yayılmışdı. Neymar 2017-ci ildən PSJ-də çıxış edir. Forvardın klubla müqaviləsi 2025-ci ilə qədərdir. Neymar ötən mövsüm bütün turnirlərdə 29 oyuna çıxıb, 18 qol vurub, 17 məhsuldar ötürmə edib.

Ukrayna Baxmut ətrafında, Donetsk və Zaporojyenin müxtəlif istiqamətlərində irəliləyir

Ukrayna silahlı qüvvələri Baxmut ətrafında, eləcə də Donetsk və Zaporojye vilayətlərinin müxtəlif istiqamətlərində irəliləyirlər. Bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutundan (MAİ) bildirib. Məlumata görə, Ukrayna Silahlı Qüvvələri Kremennaya bölgəsində rəqibin məhdud və lokallaşdırılmış quru hücumlarını dəf edib. Eyni zamanda, Ukrayna qoşunları Baxmut yaxınlığında davam edən hücum əməliyyatları zamanı 1,2 kilometr irəliləyib. Bildirilib ki, Ukraynanın müdafiə qüvvələri də Donetsk vilayətinin qərbində Donetsk və Zaporojye vilayətləri arasındakı sərhəd yaxınlığında məhdud əks-hücum əməliyyatlarını davam etdirib və bu ərazilərdə taktiki uğur qazanıb. ISW qeyd edir ki, Ukrayna rəsmiləri açıq şəkildə etiraf ediblər ki, ordu əks-hücum əməliyyatları zamanı texnika itkisi gözləyir.

Sabirabadda iranlı narkotacirə kuriyerlik edənlər saxlanıldı

Sabirabadda xarici ölkə vətəndaşına narkokuryerlik etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb, onlardan 13 kiloqramdan artıq narkotik vasitə götürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sozcu.az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini Fərid Muradov və Yolçubəyli kənd sakini Aydın Eyvazov saxlanılıblar. Həmin şəxslərin üzərinə və əllərində olan çantaya keçirilən baxış zamanı 3 ədəd polietilen torbada qablaşdırılmış və təmiz çəkisi 13 kiloqram 325 qram olan marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı məlum olub ki, F.Muradov və A.Eyvazov Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən iranlı narkotacirlə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq 2 500 manat pul müqabilində narkokuryerlik etməyə razılaşıblar. Əvvəlcədən deyilən ərazidən narkotik vasitəni götürüb təyin olunan yerə aparmaq istəyən zaman isə onlar polis əməkdaşları tərəfindən yaxalanıblar. Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

İran Şərqi Azərbaycanı parçalamaq istəyir - Rəhmanifər

Şərqi Azərbaycanı parçalayıb, orada Səhənd adında yeni bir vilayət yaratmaq fikrindədirlər. Ora Şərqi Azərbaycan yox, Səhənd vilayəti deyiləcək və Azərbaycan adı üstündən götürüləcək. Bu sözləri Axar.az-a güneyli araşdırmaçı və milli fəal Məhəmməd Rəhmanifər İranın Güney Azərbaycanı parçalayaraq yeni vilayətlərə bölmək planından danışarkən deyib. Onun sözlərinə görə, bu vilayətləri yaratmaqda məqsəd İranın Azərbaycan kəlməsinə olan qısqanclığıdır: “İranın əsas məqsədi Azərbaycan kəliməsini Güney Azərbaycan torpaqlarından silməkdir. Bu siyasət illərdir davam edir. Hələ Pəhləvilər zamanında çalışıblar ki, torpaqlarımızı parçalayıb, vilayətlərə təzə adlar verməklə, Azərbaycan adını bölgələrin üzərindən götürsünlər. Bəzi yerləri Azərbaycandan ayırıb, başqa vilayətlərə verdilər. Bir vaxtlar Zəncanı ayırıb, vilayət etdilər. Astaranı, Sunquru, Bicarı ayırıb kürd vilayətlərinə tabe etdilər. Həmçinin, Xoy adında bir vilayət yaratmaq istəyirdilər, lakin o zaman biz qarşı çıxdıq. İndi isə Səhənd adlı vilayət yaratmaq fikrindədilər". O, hələ rəsmiləşdirilməyən prosesin Tehran KİV-lərində təbliğatının aparıldığını bildirib: "Azərbaycan adı hazırda iki vilayətin üstündə qalıb: Qərbi və Şərqi Azərbaycan. 20 il bundan öncə də Şərqi Azərbaycanın daxilində şəhər olan Ərdəbili eynən bu cür ayırıb, ayrıca vilayətə çeviriblər. Əsl məqsədləri birdir: Azərbaycanı parçalamaq və tarixi adını silmək. Çalışırlar, elə şərait yaratsınlar ki, Azərbaycan adını dilə gətirməyə ehtiyac qalmasın. İranın rəsmi televiziya və qəzetlərində Qərbi Azərbaycanı “Ustani Urmiyə”, Şərqi Azərbaycanı “Təbriz” olaraq təqdim edir, Azərbaycan Respublikasına da “Bakı Cümhuriyyəti” deyirlər".

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

Dünya birjalarında neft qiymətləri ucuzlaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 74,79 dollara, yüngül neftin bir barreli isə 70,17 dollara təklif edilir.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 472-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 214 660 hərbçi, 3909 ədəd tank, 7607 ədəd zirehli döyüş maşını, 3717 ədəd artilleriya sistemi, 600 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 362 hava hücumundan müdafiə sistemi, 314 ədəd hərbi təyyarə, 299 ədəd helikopter, 6428 ədəd avtomobil texnikası, 3263 ədəd PUA, 1176 qanadlı raket, 18 gəmi/qayıq, 507 xüsusi avadanlıq itirib.

Ermənilər Daşkəsən, Xocalı və Şuşanı atəşə tutdu

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 9-u saat 23:20-dən iyunun 10-u saat 00:35-dək Basarkeçər rayonunun Qaraiman və Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocalı və Şuşa rayonları istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub. Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam, Füzuli, Xocalı, Xocavənd və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Su kanalında 44 yaşlı kişi meyiti tapıldı

Kürdəmirdə su kanalında 44 yaşlı kişi meyiti tapılıb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Qağacılı kəndi ərazisində qeydə alınıb. Belə ki, həmin kənd sakini, 1979-cu il təvəllüdlü Rəşad Eldar oğlu İslamovun meyiti yaşadığı evin yaxınlığındakı su kanalında aşkarlanıb. Onun spirtli içki aludəçisi olduğu və epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

Ruslar Krımdan qaçmağa hazırlaşır

Ruslar Krımın şimalından Rusiyaya qaçmağa hazırlaşır. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Milli Müqavimət Mərkəzi məlumat yayıb. “Ruslar əhalinin köçürülməsinə, eyni zamanda bölgənin maddi-mədəni sərvətlərinin oğurlanmasına hazırlaşır. Artıq Armyansk şəhərində müvafiq hazırlıq işləri görülüb. İlk növbədə işğal idarələrinin nümayəndələri və onların ailə üzvləri, eləcə də avadanlıq, sənədlər çıxarılacaq, - məlumatda deyilir.

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib - YENİLƏNİB

Azərbaycan bu gün Ukraynaya daha bir humanitar yardım partiyası göndərib. Sozcu.az xəbər verir ki, humanitar yardım Ukrayna tərəfindən daxil olmuş müraciəti nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə təşkil olunub. Humanitar yüklər su borularından, suyun vurulması üçün nasoslardan, xilasedici jiletlərdən ibarətdir. Eyni zamanda Ukraynaya 20 ton yanacaq da göndərilib. Bu da xilasetmə əməliyyatlarında istifadə olunan texnika və gəmilər üçün nəzərdə tutulub. 16:33 Azərbaycan bu gün Ukraynaya daha bir humanitar yardım partiyası göndərir. Sozcu,az xəbər verir ki, humanitar yük Bakıdan təyyarə ilə Polşaya, oradan isə Ukraynaya çatdırılacaq. Humanitar yardıma su boruları, su nasosları, xilasedici gödəkçələr və s. daxildir.

Ramiz Mehdiyevin xanımının şirkəti yenidən məhkəmə qarşısında

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyevin xanımı Qalina Mehdiyeva ilə ona məxsus “Fireland Vineyards” MMC-nin qanuni təmsilçisi Elmar Səidov arasında məhkəmə çəkişməsi davam edir. Sozcu.az xəbər verir ki, iş hazırda apellyasiya mərhələsindədir. Birinci instansiya məhkəməsinin qərarından şikayəti Elmar Səidov verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsinin hakimi Raqib Qurbanovun sədrliyi ilə baxılacaq. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi də bu iş üzrə maraqlı şəxs qismində çıxış edir. Bu da səbəbsiz deyil. Çünki “Fireland Vineyards” MMC-nin hazırda 20 220,31 manat vergi borcu var. Elmar Səidovla Qalina Mehdiyeva arasında məhkəmə çəkişməsi 2021-ci ildən davam edir. Həmin ilin yanvarında Elmar Səidov Bakı Kommersiya Məhkəməsində Qalina Mehdiyeva və “Fireland Vineyards” MMC barədə iddia qaldırıb. İddiaya hakim Aytən Əliyevin sədrliyi ilə baxılıb. Nəticə barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. Lakin Elmar Səidovun apellyasiya şikayəti verməsi onun iddiasının təmin olunmadığını söykəməyə əsas verir. Onu da qeyd edək ki, həmin vaxt “Fireland Vineyards” MMC-nin 128 767,72 manat vergi borcu olub./Qaynarinfo.az