Bakıda məktəbin həyətində kütləvi DAVA

Bakının Nərimanov rayonunda kütləvi dava düşüb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə 34 nömrəli orta məktəbin həyətində baş verib. 2002-ci il təvəllüdlü İsrəfilov Röyal Abas oğlu və 2006-ci il təvəllüdlü Turabov Zeynal Məmmədəli oğlu dava zamanı bıçaqlanıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Taksilərdə taksometr məcburi olacaq

Azərbaycanda taksi kimi istifadə olunan bütün avtomobillərdə taksometr quraşdırılması təklif edilir. Sozcu.az xəbər verir ki, bu, Milli Məclisə daxil olan “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb. Sənəddə deyilir ki, minik avtomobillərində onların qət etdiyi məsafənin, boşdayanmanın müddətinin uçotunun aparılması, gedişhaqqının məbləğinin hesablanması və bu barədə sərnişinin məlumatlandırmasını təmin edən, taksi üçün nəzərdə tutulmuş fiskal yaddaşlı xüsusi cihaz (taksometr) və proqram təminatı olmalıdır.

DTX erməni hərbi xəritəsini belə ələ keçirdi

Ermənistanda Köhnə Tağlar kəndi yaxınlığında erməni terrorçularının ələ keçirilməsi ilə bağlı başlanmış cinayət işi məhkəməyə təqdim edilib. Sozcu.az xəbər verir ki, bu barədə ermənistan Baş Prokurorluğu məlumat yayıb. Məlumata görə, 2020-ci ilin dekabrın 11-də Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi anti-terror əməliyyatı zamanı terrorçuların komandirləri mayor V.Q. və polkovnik-leytenant C.M.-in səriştəsizliyi ucbatından döyüş mövqelərinin olduğu xəritə də ələ keçirilib. Ermənistan rəhbərliyi iddia edir ki, guya həmin xəritənin ələ keçirilməsi Azərbaycan hərbçilərinə digər erməni postlarını da mühasirəyə almaq imkanı verib. Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində Ordumuza qarşı terror əməliyyatı həyata keçirən silahlı ermənilərin sığındıqları meşə və iki kənd – Köhnə Tağlar və Çaylaqqala nəzarətə götürülmüşdü.

Hərbçimiz özünü buna görə öldürüb

DSX hərbçisi Rahil Əhmədovun intihar səbəbi məlum olub. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, ilkin araşdırmalar nəticəsində onun ailə-məişət problemi səbəbindən canına qəsd etdiyi müəyyənləşib. Hazırda faktla bağlı araşdırma davam edir. Qeyd edək ki, R.Əhmədov iki gün öncə odlu silahdan özünə atəş açaraq, intihar edib.

"Anamın dondurma almaq üçün 1 funtu belə yox idi"

"Mançester Siti"nin futbolçusu Kayl Uoker Çempionlar Liqasını qazandıqdan sonra uşaqlıq illərini xatırlayıb. Sozcu.az klubun saytına istinadən xəbər verir ki, o, çətinliklər yaşadıqlarını dilə gətirib: “Mənim arzum gerçəkləşdi. Anam və atam tribunada idi. Biz Şeffilddənik. Bizim üçün həyat heç də asan olmayıb. Və bu anı ailəmlə yaşaya bilməyim xüsusi bir şeydir. Yadımdadır, anamın dondurma üçün bir funtu belə yox idi. Və mən çox minnətdaram ki, o, bütün bunları mənimlə yaşayır. Klubun bu illər ərzində hər birimiz üçün etdiklərini nəzərə alsaq, trebl inanılmaz bir nailiyyətdir. Altı ildir ki, buradayam və bu klubun mənə verdiyi hər şeyə görə onlara həmişəlik borcluyam".qol.az

Ağcaqanadları bu cür də qovmaq olar - PRAKTİK VASİTƏ

Yay gəlib və ağcaqanadlar  insanları narahat edir, öldürməklə də axırına çıxmaq olmur. Lakin çarə var. Sozcu.az lent.az-a istinadən bildirir ki, bu həşəratları qovmağın çox sadə yolu var. Bir limonu 2 bərabər hissəyə bölüb üzərinə bir neçə qərənfil toxumu taxırıq. Bu iy ağcaqanadları qovur. Həşəratlar bu iydən qaçdığı üçün gecə hətta açıq pəncərə ilə yatmaq mümkündür. 

Alimlər alkoqolun yaratdığı 60 xəstəliyi müəyyən ediblər

Spirtli içkilər 60 xəstəliyin inkişaf riskini artıra bilər. Sozcu.az oxu.az-a istinadən bildirir ki, onlardan 33-ü atipikdir və onların alkoqol ilə əlaqəli olması heç ağla belə gəlmir. Belə xəstəliklərdən ağciyər xərçəngi, sınıqlar, qan dövranı xəstəliklərini göstərmək olar. Alimlər müəyyən ediblər ki, kifayət qədər təhlükəsiz hesab edilən minimum doza belə tez-tez istifadə edildikdə xəstəliklərə yol açır. Elm adamlarının sözlərinə görə, alkoqol məsələn, podaqra, mədə xorası, katarakta, ürək işemiyası, bronxit, artroz və sistemli birləşdirici toxuma xəstəliklərinə səbəb ola bilər.

Azərbaycanda icazəsiz taksi sifarişi operatoru kimi fəaliyyət göstərənlər 40 min manat cərimələnəcək

Azərbaycanda icazəsiz taksi sifarişi operatoru kimi fəaliyyət göstərənlər 40 min manat cərimələnəcək. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə olunur. Yeni maddəyə əsasən, icazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər 20 min manat, hüquqi şəxslər isə 40 min manat cərimə ediləcək.

Tovuzda avtomobillər toqquşub, ölən və xəsarət alan var

Tovuz rayonunda bir nəfərin ölümü, daha bir nəfərin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. "VAZ-2106" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Elçin Elvin oğlu Hüseynov dünyasını dəyişib, Tovuz rayon sakini, 1997-ci il təvəllüdlü Orxan Abbasov isə ağır yaralanıb. Yaralı Gəncə şəhərindəki xəstəxanaların birinə çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Ukrayna hərbçiləri Donetskin daha bir yaşayış məntəqəsini işğaldan azad edib

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Strojevoe kəndini işğaldan azad edib. Bu barədə dəniz piyadaları korpusunun 35-ci əlahiddə briqadasından bildirilib. Qeyd olunub ki, əməliyyat nəticəsində Rusiya ordusunun 50-yə yaxın hərbçisi məhv edilib, 4 nəfər əsir götürülüb. Ukrayna Müdafiə Nazirliyi də bu məlumatı təsdiqləyib. Müdafiə nazirinin müavini Anna Malyar 35-ci əlahiddə dəniz briqadasına təşəkkür edib və işğal altındakı bütün torpaqların azad ediləcəyini bildirib. Qeyd edək ki, daha əvvəl Donetsk vilayətinin Neskuçne, Blaqodatnı və Makarovka yaşayış məntəqələri da işğaldan azad edilmişdi.

"Separatçı qüvvələr bu variantın sağ qalmaları üçün yeganə seçim olduğunu görməlidirlər..."

"Azərbaycan son güzəşt olaraq Qarabağdakı erməni hərbi qüvvələrinin Laçın yolu ilə Rus qüvvələrinin müşayəti ilə Ermənistana daşınmasına izn verə bilər..." Beynəlxalq məsələlər üzrə ekspert Elxan Mehdiyev Moderator.az-ın suallarını cavablandırıb: - Elxan bəy, Paşinyanın Ankara səfərini necə qiymətləndirirsiniz? İzlənən odur ki, son zamanlar baş verən hadisələr Ermənistanda siyasət dəyişikliyindən xəbər verir.     - Paşinyanın bu addımı alqışlanmalıdır. 30 illik Qarabağ məcarası Ermənistanı baş tutmamış dövlət durumuna salmışdır. Düşmənçiliyin davam etməsi halında, Ermənistan özünün dövlət kimi qalıb –qalmaması dilemması ilə üzləşmişdir. Paşinyan ölkənin təhlükəsizliyinin təmin edilməsini qonşularla normal münasibət qurmaqda görür. Bu Ermənistan üçün yeni strateji seçimdir. Paşinyan Ermənistanın potensialını Azərbaycanla və onun müttəfiqi Türkiyə ilə düzgün qiymətləndirərək bu yolu seçmişdir. O ərazi iddiasının Ermənistanın müstəqilliyinə və suverenliyinə ən böyük təhlükə mənbəyi olduğunu bəyan etmişdir və Qarabağ məcarasından qurtulmaq üçün addımlar atır. Əksəriyyəti rasional düşüncədən uzaq olan erməni cəmiyyəti üçün bu cür addımların atılması cəsarət tələb edir və intihara bənzəyir. Digər tərəfdən, Ermənistanda indi cəmiyyət də dəyişir. Söz və mətbuat azadlığı sayəsində fikir sahibləri və Paşinyan qrupundan olan parlament üzvləri Ermənistanda son 100 ildə qurulmuş mifik fikirlərin və yanaşmaların əleyhinə qarşı açıq danışırlar. Təbii ki, həm Paşinyanın və həm də cəmiyyətin ayılması və öz yerini bilməsi Azərbaycan ordusunun hesabına olmuşdur. Paşinyanın lider kimi çatışmayan cəhəti zəruri qərarlılıq və qətiyyət problemidir və hələ də saga və sola baxaraq “bəlkə də vəziyyətdən daha da avantajli çıxarıq” düşüncələri bir çox halllarda öz siyasətinə qarşı yönəlir. Bu gedişlər də proseslərin sürətini azaldır. Erməni cəmiyyətindəki bir çox ekspertlər isə bu gedişləri daxili siyasətlə bağlayırlar.   - Sizcə Paşinyana və ya Ermənistana inanmaq olarmı? - Ermənistan və erməni qüvvələri bu son 30 ildə Azərbaycana ağlr yaralar vurub. Bizim Vətənimizin bir hissəsini yer üzündən silib,xarabaya çevirib, yüz minlərlə insanların həyatını məhv etmşdir. Sag qalanların da təkcə 30 illik ömrü deyil, bütövlükdə həyatı məhv olmuşdur. Bundan sonra bizlərə ancaq ömrümüzü yaşamaq yox, başa vurmaq qalır. Biz millət olaraq Ermənistanın bu cinayətlərə görə cavab verməsini istəyirik. Amma dünyada  ədalətin olub –olmadığını biz işğal dönəmindən bilirik. Bütün bu işləri biz beynəlxalq dairələrdə qoymaqla, yaranmış vəziyyətdə nə etməli sualına millət kimi cavab verməliyik.Bütün məsələləri sərbəst müzakirə edərək qərar verməlyik.  Biz heç kimə inanmalı deyilk, lakin biz indi ermənilərlə yaxın tarix üzərində hakim olmuş düşmənçiliyi davam etdirib, siyasəti də onun üzərində qurarıqsa Azərbaycan dövləti heç də təhlükəsiz olmaz. Bizim hər bir gənc əsgərimizin ölümü onun valideynlərinin həyatını məhv etdiyi kimi, bizim də ürəyimizi dağlayır.  Biz əlbəttə düşünürük ki, Ermənistan tərəfdən istənilən təhdid olursa onu yerindəcə məhv edərik. Bu doğrudur.  Lap sabah sülh gündəmi olan Paşinyanın yerinə Koçaryan gəlsin, danışıqları pozsun və Qarabağ şüarları ilə əvvəlki çağırışları etsin. O zaman, onun hərəkətlərinin sahədə nəyisə dəyişəcəyi ehtimalı yenə sıfıra bərabər olacaq. Amma Azərbaycan da öz növbəsində daha sıx təhlükəsiz tədbirləri görəcəkdir, bu tədbirlərə daha çox maliyyə ayrılacaq və əhali də təhlükəsiz yox, həyəcan və qayğılı həyat sürəcək.  Baxın İsrail ən müasir orduya və texnologiyaya malikdir və ABŞ kimi supergüc də hər zaman onun yanındadır, amma təhlükəsizldirmi? Yox. İsraeldən asılı olan və olmayan səbəblər üzündən qonşularla münasibət normallaşmadığından təhlükəsiz deyil. Bu baxımdan Azərbaycan da ilk növbədə qonşularla normal münasibətlər qurmaq yolunda olmalıdır. Məncə indi proseslər bu istiqamətdə gedir. - Siz Paşinyanın sülh gündəmi olduğunu deyirsiniz amma Ermənistan hələ də Qarabağdakı hərbi qüvvələrini çıxarmır? Bəs bu vəziyyət sülhə gətirirmi? Paşinyan səmimidirmi? - Bu məsələ ortadakı ən ciddi məsələdir. Burada Qarabağdakı Rusiyanın himayəsi altında olan erməni hərbi qüvvələri faktiki olaraq indiki zamanda müharibədən öncəki de-fakto yerli erməni hakimyyətinin bel sütununu və ya gücünü təmsil edir. Separatçı qüvvələr bu hərbi qüvvələrin gələcəyini danışıq mövzusuna çevirib, nəzarət etdikləri ərazidə özlərinə fərqli status əldə etməyə çalışırlar. Bu yanaşmanı isə biz qəbul etmirik. Rusiya da onların varlığında maraqlıdır və lazımi zamanda onlar üçün zəruri mexanizmdir.    Paşinyana gəldikdə, o, Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıdığı bir dövrdə, Qarabağdakı qüvvələrlə üz-üzə gəlmişdir. Qarabağdakı erməni liderləri, artıq Paşinyanla hesablaşmır və görünən odur ki, Rusiyadan gələn siqnallarla hərəkət edərək artıq sərbəst “subyekt” kimi çıxış etməyə çalışırlar.  Son nəticədə Paşinyan bu hərbi qüvvələrin orada qalmasının lehinə deyil və Azərbaycanın bu məsələdə necə həssas olduğunu da bilir. Ancaq onun bu qüvvələrin Qarabağdan çıxmasını açıq şəkildə bəyan etməsi indiki dönəmdə mümkün deyil. O bu məsələnin Bakı ilə Xankəndi arasında aparılacaq dialoq nəticəsində həll olmasını istəyir, Qarabağ ermənilərinin hüquq və təhlkəsizliyinə beynəlxalq maraqlı tərəflərin iştirakı ilə Azərbaycan tərəfindən qarantiya verilməsini istəyir və bu qarantiya razılaşdırıldıqdan sonra bu qüvvələrin çıxmasını açıq şəkildə deyə bilər. Bu bir variant olsa da, səmimilik və xoş niyyət tələb edir. - Son zamanlarda erməni hərbi qüvvələri də aktivləşmişlər...Bu məsələ necə həll oluna bilər?  - Dogrudur, bizim hərbi qüvvələrə qarşı atılan atəşlər və separatçı liderlərin təhdid dolu çıxışları bu məsələnin təhlükəli istiqamətdə davam edəcəyi ehtimallarını artırır. Bu gün Xankəndindən gələn səslər 44 günlük müharibədən öncəki aqressiv,barışmaz mühiti xatırladır. Bu cür mühitdə,onların dinc yolla tərksilah olması ehtimalından danışmağa dəyməz. Müharibə sonrası dövrdə, bu cür vəziyyətlər yaranır və mərkəzi hökümətin gücündən və qətiyyətindən asılı olaraq həll edilir. Məsələn, belə qüvvələr dinc yolla mərkəzi hökümətin də tanıdığı yerli hakimiyyət orqanlarının,ağır silahlar xaric,polis və ya qvardiya qüvvələri adı altında leqallaşdırılır. Bu cür razılaşma olmadığı hallarda isə həmin qüvvələr tərksilah edilib, ləğv edilir.  Bizim halımızda, 1-ci variantın qəbul edilməsi imkansızdır. Razılıq olmazsa, erməni qüvvələrinin tamamilə təmizlənməsi əməliyyatı məsələsi ortaya çıxacaqdır. Bu cür əməliyyat, qısa müddətli və qarşı tərəfi hədsiz dərəcədə aşan xüsusi qüvvələrin cəlb edilməsi vasitəsilə aparılır. Məncə burada 1982 ci il A. Şaronun Beyrut əməliyyatına bənzər vəziyyət yarana bilər. Ağır silahları məhv edilmiş və mühasirəyə  alınmış separatçı hərbi qüvvələrin əsir alınması və ya məhv edilməsi variantı da ola bilir və ya onların texnikanı buraxaraq Laçın yolu ilə Rus qüvvələrinin müşaiyəti Ermənistana daşınmasına izn verilə bilər. Burada təbii Ruslar və yəqin ki, Ermənistan da vasitəçi rolunda çıxış edəcəkdir. Bu variant hərbi qarşıdurma təqdirində real variant görünür. Əməliyyat o qədər effektli olmalıdır ki, separatçı qüvvələr bu variantı özlərinin sağ qalması üçün yeganə seçim olduğunu görsünlər. Düşünürəm ki, bu hərbi qüvvələrlə bərabər Stepanakertdə hakim olan mülki və hərbi separatçı liderlər də o konvoylarla Laçından çıxmağa çalışacaqlar və arzu olunan olmasa da, kompromisin bir maddəsi də bu ola bilər. Daha sərt yanaşma halında, separatçı liderlərin təslim olması müqabilində hərbi qüvvələrin təhlükəsiz çıxması da digər bir variant ola bilər. Sonucda bu əməliyyat uğurla başa çatarsa, Paşinyan höküməti fakt qarşısında qalıb bunu suveren dövlətin addımı kimi qəbul edəcək. Amma burada Azərbaycan tərəfi 2020- də olduğu kimi həssas davranaraq mülki obyektləri qorumaqla, yerli əhalinin də çıxmamasına və burada yaşamasına təminat verməklə yaranmış vəziyyətdən üstün arqumentlerlə çıxa bilər..   - Sizcə bununla orada Azərbaycanın suverenlyi bərpa olunurmu?  - Qarabağda ağır silahlarla silahlanmış hərbi qüvvələrin varlığı bizim ordumuzun indiki imkanları və qabiliyyətləri ilə tərs mütanasibdir. Onları orada himayə edən rus qüvvələridir və 10 Noyabr Bəyanatıdır. Amma 10 Noyabr Bəyanatı, 10 Noyabrda movcud olan durumla bağlı verilmişdir və o zamandan bəri köklü dəyişikliklər baş vermişdir. Digər tərəfdən 10 Noyabr bəyanatı nə Azərbaycanın suverenliyi üçün və nə də Azərbaycan-Ermənistan arasındakı məsələləri yoluna qoymaq üçün yol xəritəsi deyil. O faktiki olaraq keçid anlaşması kimi qəbul edilə bilər. İşlərin bu bəyənat üzərində getməsinin vacibliyini ruslar hər dəfə əsassız olaraq səsləndirir və bu bəyənatı şişirdir, o daha çox öz aparıcı rolunu saxlamaq və “müharibəni mən dayandlrdım” arqumenti ilə başqa beynəlxalq gücləri kənarda tutmağa yönəlmişdir. Bu bəyənat Putinin dediyi kimi erməniləri intihardan xilas edib və indi də psixoloji dillə desək onların peabilitasiya dövrüdür.Bu bəyənatın müddəalarını artıq Ermənistan tərəfi də tanımır. Əslində, erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması, nehayi anlamda Ermənistanın və bilavasitə Paşinyanın da maraqlarına xidmət edəcək və ondan sonra həqiqi mənada regionda sülh və əməkdaşlıq özünə yer tutacaq. İndiki durum, yəni separatçı qüvvələrin və onların hərbi qüvvələrinin mövcudluğu tərəflər arasında inamsızlığa aparan ən böyük maneədir.  Əlbəttə, dinc yolla bu qüvvələr tərksilah olmazsa, dövlətin təhlükəsizliyi bu addımı tələb edəcəkdir. Amma həmən,eynilə, oradakı erməni əhalisinin gələcəyi və sosial –iqtisadi problemləri ilə bağlı paralel olaraq Azərbaycan höküməti proqramlar ortaya qoymalıdır. Bütün bunlar edilməzsə hərbi əməliyyatların yerli əhaliyə qarşı yönəldiyi barədə təbliğat işə düşəcəkdir. Bu boşluqları doldurmaq üçün mülki əhalinin təhlükəsizliyi və sosial vəziyyəti ilə bağlı paralel tədbirlər işə salınmalıdır. Azərbaycan dövləti öz erməni vətəndaşlarına sahib çıxmalıdır. Sahib çıxması ilə də dövlətin suverenliyi təmin olunur.

Rusiya Silahlı Qüvvələrinin polkovniki Denis Buyanov Ukraynada məhv edilib

Rusiya Silahlı Qüvvələrinin polkovniki Denis Buyanov Ukraynada davam edən müharibədə məhv edilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrindən bildirilib. Qeyd olunub ki, həmçinin qarşı tərəfin daha bir yüksək rütbəli zabiti, baş leytenant Nikita Sosnovski həlak olub. Bundan başqa, qondarma Donetsk Respublikasının 110-cu mühafizəçilər motoatıcı briqadasının “Fırtına” bölməsinin komandiri Sergey Arqunov da zərərsizləşdirilib. Qeyd edək ki, Rusiyanın Ukraynadakı şəxsi heyət itkisi 216 mini keçib. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Neft həftəyə bu qiymətlə başladı

Dünya birjalarında neft qiymətləri ucuzlaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 73,82 dollara, yüngül neftin bir barreli isə 69,24 dollara təklif edilir.

Ruslar Baxmut yaxınlığında son bir həftə ərzində xeyli itki verib

Ruslar Baxmut yaxınlığında son bir həftə ərzində xeyli itki verib. Sozcu.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, Rostov vilayətindəki hərbi hospitala hər gün 50-dən çox rus ağır vəziyyətdə gəlir: "Xəstəxana həddən artıq doludur və kifayət qədər tibbi personalın olmaması səbəbindən ağır yaralılar arasında ölüm nisbəti yüksəkdir".

Rusiyanın itkiləri 217 minə yaxınlaşır

Ukrayna müharibənin 474-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 216 180 hərbçi, 3931 ədəd tank, 7636 ədəd zirehli döyüş maşını, 3746 ədəd artilleriya sistemi, 601 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 362 hava hücumundan müdafiə sistemi, 314 ədəd hərbi təyyarə, 299 ədəd helikopter, 6471 ədəd avtomobil texnikası, 3307 ədəd PUA, 1183 qanadlı raket, 18 gəmi/qayıq, 510 xüsusi avadanlıq itirib.

Salyanda avtomobil velosipedçini vuraraq öldürdü

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Aşağı Kürkənd kənd sakini, 1988-ci il təvəllüdlü Bəhruz Ələsgər oğlu Səmədov velosipedlə yolda hərəkət edən zaman avtomobil onu vurub. Müxtəlif dərəcəli xəsarətlər alan velosipedçi Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, B.Səmədovun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Türkiyə lirəsindən yeni antirekord

Türkiyə lirəsi növbəti ucuzlaşma ilə tarixi minimumu yeniləyib. Sozcu.az xəbər verir ki, hazırda 1 dollar 23,62 lirəyədir. Avro isə 25,41 lirə olub.

İranda silahlı qarşıdurma: ölənlər var

İyunun 11-i günortadan sonra İranın Xuzistan əyalətinin İzə şəhərində hökumət məmurları ilə vətəndaşlar arasında qarşıdurma yaşanıb. Sozcu.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Hadisə etiraz aksiyaları zamanı hökumət məmurları tərəfindən öldürülən 9 yaşlı Kiyan Purfələkin ad gününü qeyd edən vətəndaşlara hökumət məmurlarının hücumu nəticəsində meydana gəlib. Toqquşma zamanı polis kapitanı Məhəmməd Qənbəri və 21 yaşlı mülki şəxs Puya Molayi öldürülüb. Həmçinin, bir neçə etirazçının ağır yaralandığı, çox sayda insanın isə həbs edilərək naməlum yerə aparıldığı bildirilir.

Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür

İyunun 12-si Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin simvollarından biri olan Allahverdi Bağırovun şəhid olduğu gündür. Erməni silahlılarına qarşı ilk özünümüdafiə dəstələrini yaradan və ona rəhbərlik edən Bağırov həm də Qarabağ müqavimətinin rəmzi idi. Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb. Kiçik yaşlarından idmana, xüsusən də futbola, yüngül atletika və voleybola böyük həvəsi olub. Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub. O, həm də, Ağdamın “Qarabağ” futbol klubunun şərəfini qoruyub. 1976-cı ildə klubun baş məşqçisi təyin olunub və həmin ildə keçirilmiş Ümumittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük səy göstərib. 1991-ci ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələri onun və qardaşı Eldar Bağırovun komandirliyi altında yaradılıb. Eldar Bağırovun rəhbərlik etdiyi hərbi hissə Ağdam Ərazi Özünümüdafiə taboru idi. 760 nəfərlik olan batalyon “Vətən oğulları” adlanırdı. Həmin ildə onun qardaşı Eldar yaşadığı evin qarşısında müəmmalı şəkildə qətlə yetirilib. Qardaşı Eldarın ölümündən sonra Bağırov batalyona rəhbərlik edib. 1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor Naxçıvanlı kəndində işğalçıların bütün canlı qüvvə və texnikasını darmadağın edib, 150 döyüşçü ilə Əsgəran qalasına qədər irəliləyib, Pircamal kəndindəki bütün yüksəklikləri tutub, Kətük kəndi ilə üzbəüz mövqe qurub. Bu əməliyyatın başa çatması və erməni bayraqlarını Azərbaycan bayraqları ilə əvəz etmək üçün Allahverdi Bağırovun döyüşçülərinə cəmi iki saat lazım olub. Uğurlu əməliyyata görə Allahverdi Bağırov “General Məhəmməd Əsədov” mükafatına layiq görülüb. Onun ən böyük hərbi uğuru 1992-ci il 12 iyun Aranzəmin döyüşündə olub. Aranzəmin kəndi üzrə döyüşlərdə onun dəstəsi 100 nəfər erməni əsgərini məhv edib və 10 düşmən əsgərini əsir götürüb. Bağırovun Xocalı soyqırımı zamanı həlak olanların meyitlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyitləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub. Həmin əməliyyatlar keçirilən zaman Ağdam rayonu 300 nəfər şəhid verib. A.Bağırov üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas edib. Bağırov 1992-ci ildə, o vaxt işğaldan azad olunan Əsgəranın Naxçıvanlı kəndindən Ağdama geri qayıdarkən yolda minaya düşərək şəhid olub. O, doğulduğu Ağdam rayonunda dəfn edilib. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Ukrayna ordusu strateji qəsəbəni azad etdi - Cəbhədən ən son xəbərlər

Oleksa Dovbuş adına 68-ci əlahiddə xüsusi atıcı briqadasının döyüşçüləri Ukrayna Müdafiə Qüvvələrinin qonşu bölmələri ilə əməkdaşlıq edərək, Donetsk vilayətinin Blaqodatnoye qəsəbəsini işğaldan azad edib. Sozcu.az xəbər verir ki, bu barədə briqada öz "Facebook" səhifəsində məlumat yayıb. "Oleksa Dovbuş adına 68-ci əlahiddə xüsusi atıcı briqadasının şanlı döyüşçüləri Ukrayna Müdafiə Qüvvələrinin qonşu bölmələri ilə əməkdaşlıq edərək Blaqodatnoe qəsəbəsini azad etdilər. İşğalçılar sona qədər müqavimət göstərdilər, lakin qarşısıalınmaz canavarların hücumuna tab gətirə bilmədilər!", deyə məlumatda bildirilir. Qeyd edilir ki, əməliyyat zamanı Rusiya hərbçiləri əsir götürülüb. Onlardan alınan məlumatlar "Ukrayna torpaqlarının daha da işğaldan azad edilməsinə kömək edəcək". Rusiya Müdafiə Nazirliyinə yaxın olan "Rıbar” "Telegram" kanalının verdiyi məlumata görə, Vremyevski ərazisində Ukrayna Silahlı Qüvvələrinin hücum qrupları 23 və 31-ci ayrı-ayrı mexanikləşdirilmiş briqadalar, eləcə də 37-ci briqadanın dəniz piyadaları Rusiya mövqelərinə hücumları bərpa ediblər. Urojaynoye kəndi ərazisində, Novodarovka-Novoselka xətti boyu döyüşlər gedir və Ukrayna Silahlı Qüvvələri Novodonetskoye yaşayış məntəqəsinə də yaxınlaşmağa çalışır. Müəllif hesab edir ki, Ukrayna ordusu "Urojaynoye və Bolşaya Novoselkadan demək olar ki, sinxron hücumu nəzərə alsaq” Vremyevski çıxıntısında Rusiya qoşunlarının arxasına keçməyə çalışır. "Telegram" kanalın məlumatına görə, nəticədə Ukrayna Silahlı Qüvvələri Vremyevski çıxıntısı ərazisində Neskuçnoye kəndini və Blagodatnoye qəsəbəsini "faktiki olaraq döyüşsüz" ələ keçirməyə müvəffəq olub - "DXR"nin "Kaskad" bölməsi mühasirəyə düşmək təhlükəsi ilə geri çəkilib. "OSINTdefender”in analitiki Rusiya qoşunlarının geri çəkilərək Neskuçnoye kəndini təslim etdiyini təsdiqləyib. "OSINTtechnical”ın analitiki sıçrayışın təsdiqi kimi Blaqodatnoye ətrafında hərəkət edən Ukrayna texnikasının əks olunduğu videonu nümayiş etdirib. Onun sözlərinə görə, Ukrayna qoşunları Rusiya qoşunlarının arxasına 7 km girə bilib. Eyni zamanda, hərbi tədqiqatçı Rob Li qeyd edib ki, əsas müdafiə xətti Ukrayna Silahlı Qüvvələr tərəfindən geri alınan Blaqodatnoye qəsəbəsindən 5 km aralıda, Urojaynoye kəndi yaxınlığından keçir.  İyunun 11-də səhər saatlarında "WarGonzo" kanalı Ukrayna qoşunlarının Zaporojye istiqamətinin başqa bir bölgəsində - Kamenskoye-Pyatixatki xəttində irəliləməsi barədə məlumat verib və xəbəri "narahatedici” adlandırıb. Kanal Jerebyanka qəsəbəsi ərazisindən çəkilmiş Ukrayna texnikası və piyada qoşunları ilə video yayımlayıb və nəticəyə gəlib ki, Lobkovoye kəndi "boz” zonadan Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altına keçib. "GeoConfirmed” OSINT layihəsinin könüllüləri Lobkovoye kəndində Ukrayna hərbçilərinin geolokasiyasını təyin etməklə təsdiqləyiblər.  Lobkovoye kəndinin azad edilməsi Müharibənin Tədqiqi İnstitutunun (ISW) xəritəsində artıq qismən əks olunub.  Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski şənbə günü Silahlı Qüvvələrin əks-hücumunu ilk dəfə təsdiqləyib. Həmin gün Britaniya kəşfiyyatı Ukrayna ordusunun son 48 saat ərzində bir neçə istiqamətdə Rusiya müdafiəsinin birinci xəttini yardığını bildirib. Kəşfiyyat xidmətinin məlumatına görə, Rusiya qüvvələrinin bir hissəsi müdafiəyə keçib, digərləri isə müəyyən nizamsızlıqla geri çəkilib. ISW ictimaiyyətə açıq olan məlumatlara əsaslanaraq belə qənaətə gəlib ki, Ukrayna qoşunları cəbhənin ən azı dörd sektorunda irəliləyir və Baxmut bölgəsində və Donetsk vilayətinin qərb hissəsində irəliləyiş əldə edib.

Rus ordusu darmadağın: İtkiləri 215 mini keçdi

Rusiya Silahlı Qüvvələrinin Ukraynada verdiyi itkilərin yeni siyahısı açıqlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı məlumat yayıb. İtkilərin bu şəkildə olduğu bildirilir: 3926 tank 7631 zirehli döyüş maşını 3736 artilleriya sistemi 601 reaktiv yaylım atəşi sistemi 362 hava hücumundan müdafiə vasitələri 314 təyyarə 299 helikopter 3300 PUA 1183 qanadlı raketlər 18 qayıq/gəmi 6461 nəqliyyat vasitələri və yanacaq çənləri 509 xüsusi avadanlıq Bildirilib ki, Rusiya tərəfi təxminən 215 640 nəfər (son sutkada 980 nəfər) insan itkisi verib.

Rusiya Baxmutda 60 min əsgərini itirdi - Britaniya

2022-ci ilin may ayından indiyədək Rusiya Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərində 60 minə qədər əsgər itirib. Sozcu.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Baxmut şəhərində ələ keçirilən hər 48 santimetr əraziyə görə Rusiyanın bir əsgəri ölüb və ya yaralanıb. Rusiya ordusunun Baxmutda 29 kilometr irəliləməyi bacardığı bildirilib.

İraqda iki türk əsgəri şəhid oldu

İraqın şimalında həyata keçirilən “Pəncə Kilid” əməliyyat zonasında Türkiyə ordusunun iki hərbçisi həlak olublar. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya Tvitter səhifəsində yazıb. O, qeyd edib ki, əməliyyat çərçivəsində çavuş Cem Əhməd Qaya və Xəlil Şahin şəhid olublar. Nazir hərbçilərə rəhmət diləyib, ailələrinə, Türkiyə ordusuna və xalqına başsağlığı verib.

Zelenski əks-hücumun başladığını elan etdi: "Bunu Putinə deyin"

Ukrayna prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin əks-hücum əməliyyatı keçirildiyini bildirib.  Sozcu.az xəbər verir ki, dövlət başçısı vəziyyətin hansı mərhələdə olduğunu açıqlamayıb. Bununla belə, o, Ukrayna komandirlərinin pozitiv olduğunu qeyd edib. Jurnalistlər Zelenskidən Rusiya prezidenti Vladimir Putinin bir gün əvvəl hücum zamanı "Ukrayna ordusunun heç bir sektorda məqsədinə çatmaması" barədə bəyanatına münasibət bildirməsini istəyiblər.  "Mən hər gün müxtəlif istiqamətlərdə olan komandirlərimizlə əlaqə saxlayıram. İndi hamı pozitivdir. Bunu Putinə deyin”, deyə Zelenski Kanadanın baş naziri Castin Trüdo ilə keçirdiyi mətbuat konfransında bildirib. "Ukraynada müvafiq əks-hücum və müdafiə tədbirləri həyata keçirilir, hansı mərhələdədir - indi təfərrüatlara varmayacağam. Nəticələri tezliklə hiss olunacaq. Telegram kanallarından və Putindən gələn mesajlara inanmayın. Biz əsgərlərimizə etibar etməliyik. Mən onlara güvənirəm”, deyə Ukrayna prezidenti bildirib.