"Separatçı qüvvələr bu variantın sağ qalmaları üçün yeganə seçim olduğunu görməlidirlər..."

"Azərbaycan son güzəşt olaraq Qarabağdakı erməni hərbi qüvvələrinin Laçın yolu ilə Rus qüvvələrinin müşayəti ilə Ermənistana daşınmasına izn verə bilər..."

Beynəlxalq məsələlər üzrə ekspert Elxan Mehdiyev Moderator.az-ın suallarını cavablandırıb:

- Elxan bəy, Paşinyanın Ankara səfərini necə qiymətləndirirsiniz? İzlənən odur ki, son zamanlar baş verən hadisələr Ermənistanda siyasət dəyişikliyindən xəbər verir.    

- Paşinyanın bu addımı alqışlanmalıdır. 30 illik Qarabağ məcarası Ermənistanı baş tutmamış dövlət durumuna salmışdır. Düşmənçiliyin davam etməsi halında, Ermənistan özünün dövlət kimi qalıb –qalmaması dilemması ilə üzləşmişdir.

Paşinyan ölkənin təhlükəsizliyinin təmin edilməsini qonşularla normal münasibət qurmaqda görür. Bu Ermənistan üçün yeni strateji seçimdir. Paşinyan Ermənistanın potensialını Azərbaycanla və onun müttəfiqi Türkiyə ilə düzgün qiymətləndirərək bu yolu seçmişdir. O ərazi iddiasının Ermənistanın müstəqilliyinə və suverenliyinə ən böyük təhlükə mənbəyi olduğunu bəyan etmişdir və Qarabağ məcarasından qurtulmaq üçün addımlar atır. Əksəriyyəti rasional düşüncədən uzaq olan erməni cəmiyyəti üçün bu cür addımların atılması cəsarət tələb edir və intihara bənzəyir. Digər tərəfdən, Ermənistanda indi cəmiyyət də dəyişir. Söz və mətbuat azadlığı sayəsində fikir sahibləri və Paşinyan qrupundan olan parlament üzvləri Ermənistanda son 100 ildə qurulmuş mifik fikirlərin və yanaşmaların əleyhinə qarşı açıq danışırlar. Təbii ki, həm Paşinyanın və həm də cəmiyyətin ayılması və öz yerini bilməsi Azərbaycan ordusunun hesabına olmuşdur. Paşinyanın lider kimi çatışmayan cəhəti zəruri qərarlılıq və qətiyyət problemidir və hələ də saga və sola baxaraq “bəlkə də vəziyyətdən daha da avantajli çıxarıq” düşüncələri bir çox halllarda öz siyasətinə qarşı yönəlir. Bu gedişlər də proseslərin sürətini azaldır. Erməni cəmiyyətindəki bir çox ekspertlər isə bu gedişləri daxili siyasətlə bağlayırlar.  

- Sizcə Paşinyana və ya Ermənistana inanmaq olarmı?

- Ermənistan və erməni qüvvələri bu son 30 ildə Azərbaycana ağlr yaralar vurub. Bizim Vətənimizin bir hissəsini yer üzündən silib,xarabaya çevirib, yüz minlərlə insanların həyatını məhv etmşdir. Sag qalanların da təkcə 30 illik ömrü deyil, bütövlükdə həyatı məhv olmuşdur. Bundan sonra bizlərə ancaq ömrümüzü yaşamaq yox, başa vurmaq qalır.

Biz millət olaraq Ermənistanın bu cinayətlərə görə cavab verməsini istəyirik. Amma dünyada  ədalətin olub –olmadığını biz işğal dönəmindən bilirik. Bütün bu işləri biz beynəlxalq dairələrdə qoymaqla, yaranmış vəziyyətdə nə etməli sualına millət kimi cavab verməliyik.Bütün məsələləri sərbəst müzakirə edərək qərar verməlyik. 

Biz heç kimə inanmalı deyilk, lakin biz indi ermənilərlə yaxın tarix üzərində hakim olmuş düşmənçiliyi davam etdirib, siyasəti də onun üzərində qurarıqsa Azərbaycan dövləti heç də təhlükəsiz olmaz. Bizim hər bir gənc əsgərimizin ölümü onun valideynlərinin həyatını məhv etdiyi kimi, bizim də ürəyimizi dağlayır.  Biz əlbəttə düşünürük ki, Ermənistan tərəfdən istənilən təhdid olursa onu yerindəcə məhv edərik. Bu doğrudur.  Lap sabah sülh gündəmi olan Paşinyanın yerinə Koçaryan gəlsin, danışıqları pozsun və Qarabağ şüarları ilə əvvəlki çağırışları etsin. O zaman, onun hərəkətlərinin sahədə nəyisə dəyişəcəyi ehtimalı yenə sıfıra bərabər olacaq. Amma Azərbaycan da öz növbəsində daha sıx təhlükəsiz tədbirləri görəcəkdir, bu tədbirlərə daha çox maliyyə ayrılacaq və əhali də təhlükəsiz yox, həyəcan və qayğılı həyat sürəcək. 

Baxın İsrail ən müasir orduya və texnologiyaya malikdir və ABŞ kimi supergüc də hər zaman onun yanındadır, amma təhlükəsizldirmi? Yox. İsraeldən asılı olan və olmayan səbəblər üzündən qonşularla münasibət normallaşmadığından təhlükəsiz deyil. Bu baxımdan Azərbaycan da ilk növbədə qonşularla normal münasibətlər qurmaq yolunda olmalıdır. Məncə indi proseslər bu istiqamətdə gedir.

- Siz Paşinyanın sülh gündəmi olduğunu deyirsiniz amma Ermənistan hələ də Qarabağdakı hərbi qüvvələrini çıxarmır? Bəs bu vəziyyət sülhə gətirirmi? Paşinyan səmimidirmi?

- Bu məsələ ortadakı ən ciddi məsələdir. Burada Qarabağdakı Rusiyanın himayəsi altında olan erməni hərbi qüvvələri faktiki olaraq indiki zamanda müharibədən öncəki de-fakto yerli erməni hakimyyətinin bel sütununu və ya gücünü təmsil edir. Separatçı qüvvələr bu hərbi qüvvələrin gələcəyini danışıq mövzusuna çevirib, nəzarət etdikləri ərazidə özlərinə fərqli status əldə etməyə çalışırlar. Bu yanaşmanı isə biz qəbul etmirik. Rusiya da onların varlığında maraqlıdır və lazımi zamanda onlar üçün zəruri mexanizmdir.   

Paşinyana gəldikdə, o, Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıdığı bir dövrdə, Qarabağdakı qüvvələrlə üz-üzə gəlmişdir. Qarabağdakı erməni liderləri, artıq Paşinyanla hesablaşmır və görünən odur ki, Rusiyadan gələn siqnallarla hərəkət edərək artıq sərbəst “subyekt” kimi çıxış etməyə çalışırlar.  Son nəticədə Paşinyan bu hərbi qüvvələrin orada qalmasının lehinə deyil və Azərbaycanın bu məsələdə necə həssas olduğunu da bilir. Ancaq onun bu qüvvələrin Qarabağdan çıxmasını açıq şəkildə bəyan etməsi indiki dönəmdə mümkün deyil. O bu məsələnin Bakı ilə Xankəndi arasında aparılacaq dialoq nəticəsində həll olmasını istəyir, Qarabağ ermənilərinin hüquq və təhlkəsizliyinə beynəlxalq maraqlı tərəflərin iştirakı ilə Azərbaycan tərəfindən qarantiya verilməsini istəyir və bu qarantiya razılaşdırıldıqdan sonra bu qüvvələrin çıxmasını açıq şəkildə deyə bilər. Bu bir variant olsa da, səmimilik və xoş niyyət tələb edir.

- Son zamanlarda erməni hərbi qüvvələri də aktivləşmişlər...Bu məsələ necə həll oluna bilər? 

- Dogrudur, bizim hərbi qüvvələrə qarşı atılan atəşlər və separatçı liderlərin təhdid dolu çıxışları bu məsələnin təhlükəli istiqamətdə davam edəcəyi ehtimallarını artırır. Bu gün Xankəndindən gələn səslər 44 günlük müharibədən öncəki aqressiv,barışmaz mühiti xatırladır. Bu cür mühitdə,onların dinc yolla tərksilah olması ehtimalından danışmağa dəyməz.

Müharibə sonrası dövrdə, bu cür vəziyyətlər yaranır və mərkəzi hökümətin gücündən və qətiyyətindən asılı olaraq həll edilir. Məsələn, belə qüvvələr dinc yolla mərkəzi hökümətin də tanıdığı yerli hakimiyyət orqanlarının,ağır silahlar xaric,polis və ya qvardiya qüvvələri adı altında leqallaşdırılır. Bu cür razılaşma olmadığı hallarda isə həmin qüvvələr tərksilah edilib, ləğv edilir.  Bizim halımızda, 1-ci variantın qəbul edilməsi imkansızdır. Razılıq olmazsa, erməni qüvvələrinin tamamilə təmizlənməsi əməliyyatı məsələsi ortaya çıxacaqdır. Bu cür əməliyyat, qısa müddətli və qarşı tərəfi hədsiz dərəcədə aşan xüsusi qüvvələrin cəlb edilməsi vasitəsilə aparılır. Məncə burada 1982 ci il A. Şaronun Beyrut əməliyyatına bənzər vəziyyət yarana bilər. Ağır silahları məhv edilmiş və mühasirəyə  alınmış separatçı hərbi qüvvələrin əsir alınması və ya məhv edilməsi variantı da ola bilir və ya onların texnikanı buraxaraq Laçın yolu ilə Rus qüvvələrinin müşaiyəti Ermənistana daşınmasına izn verilə bilər. Burada təbii Ruslar və yəqin ki, Ermənistan da vasitəçi rolunda çıxış edəcəkdir. Bu variant hərbi qarşıdurma təqdirində real variant görünür. Əməliyyat o qədər effektli olmalıdır ki, separatçı qüvvələr bu variantı özlərinin sağ qalması üçün yeganə seçim olduğunu görsünlər. Düşünürəm ki, bu hərbi qüvvələrlə bərabər Stepanakertdə hakim olan mülki və hərbi separatçı liderlər də o konvoylarla Laçından çıxmağa çalışacaqlar və arzu olunan olmasa da, kompromisin bir maddəsi də bu ola bilər. Daha sərt yanaşma halında, separatçı liderlərin təslim olması müqabilində hərbi qüvvələrin təhlükəsiz çıxması da digər bir variant ola bilər. Sonucda bu əməliyyat uğurla başa çatarsa, Paşinyan höküməti fakt qarşısında qalıb bunu suveren dövlətin addımı kimi qəbul edəcək.

Amma burada Azərbaycan tərəfi 2020- də olduğu kimi həssas davranaraq mülki obyektləri qorumaqla, yerli əhalinin də çıxmamasına və burada yaşamasına təminat verməklə yaranmış vəziyyətdən üstün arqumentlerlə çıxa bilər..  

- Sizcə bununla orada Azərbaycanın suverenlyi bərpa olunurmu? 

- Qarabağda ağır silahlarla silahlanmış hərbi qüvvələrin varlığı bizim ordumuzun indiki imkanları və qabiliyyətləri ilə tərs mütanasibdir. Onları orada himayə edən rus qüvvələridir və 10 Noyabr Bəyanatıdır. Amma 10 Noyabr Bəyanatı, 10 Noyabrda movcud olan durumla bağlı verilmişdir və o zamandan bəri köklü dəyişikliklər baş vermişdir. Digər tərəfdən 10 Noyabr bəyanatı nə Azərbaycanın suverenliyi üçün və nə də Azərbaycan-Ermənistan arasındakı məsələləri yoluna qoymaq üçün yol xəritəsi deyil. O faktiki olaraq keçid anlaşması kimi qəbul edilə bilər. İşlərin bu bəyənat üzərində getməsinin vacibliyini ruslar hər dəfə əsassız olaraq səsləndirir və bu bəyənatı şişirdir, o daha çox öz aparıcı rolunu saxlamaq və “müharibəni mən dayandlrdım” arqumenti ilə başqa beynəlxalq gücləri kənarda tutmağa yönəlmişdir. Bu bəyənat Putinin dediyi kimi erməniləri intihardan xilas edib və indi də psixoloji dillə desək onların peabilitasiya dövrüdür.Bu bəyənatın müddəalarını artıq Ermənistan tərəfi də tanımır.

Əslində, erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması, nehayi anlamda Ermənistanın və bilavasitə Paşinyanın da maraqlarına xidmət edəcək və ondan sonra həqiqi mənada regionda sülh və əməkdaşlıq özünə yer tutacaq. İndiki durum, yəni separatçı qüvvələrin və onların hərbi qüvvələrinin mövcudluğu tərəflər arasında inamsızlığa aparan ən böyük maneədir.  Əlbəttə, dinc yolla bu qüvvələr tərksilah olmazsa, dövlətin təhlükəsizliyi bu addımı tələb edəcəkdir. Amma həmən,eynilə, oradakı erməni əhalisinin gələcəyi və sosial –iqtisadi problemləri ilə bağlı paralel olaraq Azərbaycan höküməti proqramlar ortaya qoymalıdır. Bütün bunlar edilməzsə hərbi əməliyyatların yerli əhaliyə qarşı yönəldiyi barədə təbliğat işə düşəcəkdir. Bu boşluqları doldurmaq üçün mülki əhalinin təhlükəsizliyi və sosial vəziyyəti ilə bağlı paralel tədbirlər işə salınmalıdır. Azərbaycan dövləti öz erməni vətəndaşlarına sahib çıxmalıdır. Sahib çıxması ilə də dövlətin suverenliyi təmin olunur.

Share on Facebook