Ukrayna ordusu strateji qəsəbəni azad etdi - Cəbhədən ən son xəbərlər

Oleksa Dovbuş adına 68-ci əlahiddə xüsusi atıcı briqadasının döyüşçüləri Ukrayna Müdafiə Qüvvələrinin qonşu bölmələri ilə əməkdaşlıq edərək, Donetsk vilayətinin Blaqodatnoye qəsəbəsini işğaldan azad edib.

Sozcu.az xəbər verir ki, bu barədə briqada öz "Facebook" səhifəsində məlumat yayıb.

"Oleksa Dovbuş adına 68-ci əlahiddə xüsusi atıcı briqadasının şanlı döyüşçüləri Ukrayna Müdafiə Qüvvələrinin qonşu bölmələri ilə əməkdaşlıq edərək Blaqodatnoe qəsəbəsini azad etdilər. İşğalçılar sona qədər müqavimət göstərdilər, lakin qarşısıalınmaz canavarların hücumuna tab gətirə bilmədilər!", deyə məlumatda bildirilir.

Qeyd edilir ki, əməliyyat zamanı Rusiya hərbçiləri əsir götürülüb. Onlardan alınan məlumatlar "Ukrayna torpaqlarının daha da işğaldan azad edilməsinə kömək edəcək".

Rusiya Müdafiə Nazirliyinə yaxın olan "Rıbar” "Telegram" kanalının verdiyi məlumata görə, Vremyevski ərazisində Ukrayna Silahlı Qüvvələrinin hücum qrupları 23 və 31-ci ayrı-ayrı mexanikləşdirilmiş briqadalar, eləcə də 37-ci briqadanın dəniz piyadaları Rusiya mövqelərinə hücumları bərpa ediblər. Urojaynoye kəndi ərazisində, Novodarovka-Novoselka xətti boyu döyüşlər gedir və Ukrayna Silahlı Qüvvələri Novodonetskoye yaşayış məntəqəsinə də yaxınlaşmağa çalışır.

Müəllif hesab edir ki, Ukrayna ordusu "Urojaynoye və Bolşaya Novoselkadan demək olar ki, sinxron hücumu nəzərə alsaq” Vremyevski çıxıntısında Rusiya qoşunlarının arxasına keçməyə çalışır. "Telegram" kanalın məlumatına görə, nəticədə Ukrayna Silahlı Qüvvələri Vremyevski çıxıntısı ərazisində Neskuçnoye kəndini və Blagodatnoye qəsəbəsini "faktiki olaraq döyüşsüz" ələ keçirməyə müvəffəq olub - "DXR"nin "Kaskad" bölməsi mühasirəyə düşmək təhlükəsi ilə geri çəkilib.

"OSINTdefender”in analitiki Rusiya qoşunlarının geri çəkilərək Neskuçnoye kəndini təslim etdiyini təsdiqləyib.

"OSINTtechnical”ın analitiki sıçrayışın təsdiqi kimi Blaqodatnoye ətrafında hərəkət edən Ukrayna texnikasının əks olunduğu videonu nümayiş etdirib. Onun sözlərinə görə, Ukrayna qoşunları Rusiya qoşunlarının arxasına 7 km girə bilib.

Eyni zamanda, hərbi tədqiqatçı Rob Li qeyd edib ki, əsas müdafiə xətti Ukrayna Silahlı Qüvvələr tərəfindən geri alınan Blaqodatnoye qəsəbəsindən 5 km aralıda, Urojaynoye kəndi yaxınlığından keçir. 

İyunun 11-də səhər saatlarında "WarGonzo" kanalı Ukrayna qoşunlarının Zaporojye istiqamətinin başqa bir bölgəsində - Kamenskoye-Pyatixatki xəttində irəliləməsi barədə məlumat verib və xəbəri "narahatedici” adlandırıb. Kanal Jerebyanka qəsəbəsi ərazisindən çəkilmiş Ukrayna texnikası və piyada qoşunları ilə video yayımlayıb və nəticəyə gəlib ki, Lobkovoye kəndi "boz” zonadan Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altına keçib.

"GeoConfirmed” OSINT layihəsinin könüllüləri Lobkovoye kəndində Ukrayna hərbçilərinin geolokasiyasını təyin etməklə təsdiqləyiblər. 

Lobkovoye kəndinin azad edilməsi Müharibənin Tədqiqi İnstitutunun (ISW) xəritəsində artıq qismən əks olunub. 

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski şənbə günü Silahlı Qüvvələrin əks-hücumunu ilk dəfə təsdiqləyib. Həmin gün Britaniya kəşfiyyatı Ukrayna ordusunun son 48 saat ərzində bir neçə istiqamətdə Rusiya müdafiəsinin birinci xəttini yardığını bildirib. Kəşfiyyat xidmətinin məlumatına görə, Rusiya qüvvələrinin bir hissəsi müdafiəyə keçib, digərləri isə müəyyən nizamsızlıqla geri çəkilib.

ISW ictimaiyyətə açıq olan məlumatlara əsaslanaraq belə qənaətə gəlib ki, Ukrayna qoşunları cəbhənin ən azı dörd sektorunda irəliləyir və Baxmut bölgəsində və Donetsk vilayətinin qərb hissəsində irəliləyiş əldə edib.

Share on Facebook