Ukraynalılar rus səngərinə girdi: basqın...

Ukrayna ordusu cənub istiqamətində rusların səngərlərinə daxil olaraq 10-a yaxın hərbçini məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Xüsusi Əməliyyat Qüvvələri məlumat yayıb. “Cənubda tapşırıq zamanı xüsusi təyinatlı qüvvələr düşmən xəttinin arxasına keçə biliblər. Müqavimət göstərməyə cəhd edən düşmən əsgərlərinin bir neçəsi məhv edilib”, - məlumatda qeyd olunub.

Azərbaycan əhalisinin borcları artıb

2023-ci ilin I rübündə istehlak və ipoteka kreditlərinə tələb yüksəlib. Sozcu.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilib. Hesabata görə, tələbin artımının əsas drayverləri daşınmaz əmlak bazarı ilə bağlı gözləntilər, faiz dərəcələri, habelə, rəqəmsallaşma olub. Bu ilin ilk rübündə əhalinin borclanmasının banklar tərəfindən qiymətləndirilməsinə əsasən əhalinin borclanma səviyyəsində artım müşahidə edilib. Belə ki, sorğuya əsasən 42% bank əhalinin borclanmasında dəyişiklik olmadığını qeyd etsə də, 54% bank əhalinin borclanma səviyyəsinin orta dərəcədə artdığını, 4% bank isə orta dərəcədə azalma olduğunu bildirib.

DİN və DSX birgə əməliyyat keçirib, 102 kq narkotik aşkarlanıb

Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində ümumi çəkisi cəmi 102 kiloqramdan artıq narkotik vasitə və 1200 ədəd güclü təsiredici xassəyə malik həb götürülərək qanunsuz dövriyyədən çıxarılıb. Sozcu.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirikləri əməliyyat tədbiri nəticəsində Beyləqan rayonu ərazisində saxlanılan Bakı şəhər sakini 46 yaşlı Qorxmaz Hüseynovdan çəkisi 97 kiloqram 338 qramdan artıq marixuana, 5 kiloqram 10 qram heroin, 1200 ədəd metadon həbi və 1 ədəd bank kartı aşkar olunaraq götürülüb.

Eldar Həsənovun ailə üzvləri yenidən Ali Məhkəməyə müraciət etdi

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun 3 övladı - Anar Həsənov, Emilya Qurbanova, Səbinə Hüseynova və digərləri əmlaklarının geri qaytarılması ilə bağlı qərardan kassasiya şikayəti verilib. Sozcu.az "Pravda"ya istinadla xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası iyulun 20-nə təyin edilib. Xatırladaq ki, E.Həsənov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs edilib. Sabiq səfir Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub. E.Həsənov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş əmlakları da müsadirə olunub. Daha sonra o, Apellyasiya şikayəti verib. Bakı Apellyasiya məhkəməsi E.Həsənovun şikayətini təmin etməyib. Qeyd edək ki, daha əvvəl Ali Məhkəmə E.Həsənovun 3 övladı - Anar Həsənov, Emilya Qurbanova və Səbinə Hüseynovanın əmlaklarının geri qaytarılması ilə bağlı qərar çıxarmışdı. Qərara əsasən, Emilya Qurbanova tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilib. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü və Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib. Ali Məhkəmə tərəfindən geri qaytarılan əmlaklar bunlardır: Abşeron rayonu, Novxanı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5 ha torpaq sahəsi; Abşeronda yerləşən 106 kv.metr sahəsi olan 5 nömrəli mənzil; Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1242b ünvanında yerləşən 0,12 ha torpaq sahəsi; Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, F.X.Xoyski küçəsində yerləşən 17,7 kv.metr qeyri-yaşayış sahəsi olan 48 nömrəli və həmin ünvanda yerləşən 35,4 kv.metr qeyri-yaşayış sahəsi olan 13 və 14 nömrəli mağazalar; Bakı şəhəri, Xətai rayonu, Dairəvi-7 küçəsi ünvanında yerləşən 347 kv.metr sahəsi olan 40 nömrəli fərdi yaşayış evi. Qərarda qeyd edilib ki, həmin əmlakların xüsusi müsadirə edilməsi və mülki iddianın ödənilməsinə yönəldilməsinə dair müddəalar Bakı Ağır Cinayətlər Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qərarından xaric olunsun. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü və Bakı Apellyasiya Məhkəməsinin qərarı kassasiya şikayətlərinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılıb.

Ombudsman Ermənistanın azərbaycanlılara qarşı nifrət siyasətində uşaqlardan istifadəsinə dair hesabat hazırlayıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən Ermənistanın azərbaycanlılara qarşı yürütdüyü nifrət siyasətində uşaqlardan istifadə edilməsinə dair xüsusi hesabat hazırlanaraq aidiyyəti beynəlxalq təşkilatlara göndərilib. Bu barədə Sozcu.az-a Ombudsman Aparatından məlumat verilib. Məlumatda bildirilib ki, 18 iyun tarixi dünyada Nifrət Nitqinə qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur və bu hesabatın hazırlanmasında da məqsəd Ermənistanın Azərbaycana qarşı apardığı nifrət siyasətində uşaqlardan istifadə olunmasına dair faktların dünya ictimaiyyətinin, eləcə də aidiyyəti beynəlxalq təşkilatların diqqətinə çatdırmaq və nifrət siyasətinin qarşısının alınması ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı çağırış etməkdir. Azərbaycan və ingilis dillərində hazırlanmış hesabatda uzun illər Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən nifrət siyasətinə uşaqların alət edilməsi, münaqişə dövründə,o cümlədən İkinci Qarabağ müharibəsi zamanı uşaqların hərbi əməliyyatlara cəlb edilməsi ilə bağlı faktlardan, mediada bununla bağlı qeyd olunmuş məlumatlardan və digər mənbələrdən istifadə olunub. Qeyd edək ki, Ombudsman Aparatı tərəfindən bundan əvvəl də araşdırmalar nəticəsində əldə edilmiş faktoloji materiallar, sosial şəbəkələrdə və mətbuatda yayımlanan etibarlı mənbələrdən alınmış məlumatlar əsasında azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat hazırlanıb və müvafiq beynəlxalq insan hüquqları qurumlarına ünvanlanıb. Hesabatın tam mətni ilə buradan tanış ola bilərsiniz.

Ağdamda kütləvi məzarlıq aşkarlandı

Ağdamın işğaldan azad olunan ərazisində kütləvi məzarlıq aşkarlanıb. Sozcu.az xəbər verir ki, məzarlıq Ağdamın işğaldan azad olunan Sarıcalı kəndi ərazisində tapılıb. Meyitləri tapılan şəxslərin 1992-ci ildə ermənilər tərəfindən öldürülərək basdırılması ehtimal olunur.

Azərbaycana gələn turist İslam dinini qəbul etdi

Rumıniyadan Azərbaycana gəlmiş turist İslam dinini qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi Qazilər şurasının üzvü hacı Surxay Məmmədli paylaşım edib. Hacı Surxay bildirib ki, turist müsəlman olduqdan sonra adını dəyişmək qərarına gəlib: “Rumınıyalı turistimiz bütün peyğəmbərlər, onların ailəsi ilə bağlı illərdir araşdırma aparıb sonda İslamı qəbul etmək qənaətinə gəlib. Bu gün İslamı qəbul etdi. Adını da dəyişdi, Təmir adını seçdi. Allah qardaşımıza ömür versin. Təbrik edirəm”. İslamı qəbul edən turist də öz hisslərini ifadə edib: “Məni qəbul etdiyiniz üçün çox sağ olun. Bu gün qardaşlarımızın yanından xoş təəssürat və imanla ayrılıram”.

"Bəxt üzüyü"nə baxmamışam"

"Əvvəl onu tamaşa kimi oynamışam. Ramiz Əzizbəyli iə film çəkiləndə elə qəşəng aktyor heyəti seçdi. Uğurlu, baxımlı film oldu. Tamaşa da eyni formada baxımlı idi". Sozcu.az xəbər verir ki, bu sözləri Xalq artisti Valeh Kərimov "ATV əhər" verilişində deyib. Aktyor məşhur "Bəxt üzüyü" filmindən danışıb. O bildirib ki, heç vaxt oturub filmi izləməyib: "Tamaşanı götürüb filmə köçürtmək kino yaradıcılığından uzaqdır. Afaq Bəşirqızı ilə məni tamaşada artıq qəbul etmişdilər. Başqa aktyorları da baş rola çəkə bilərdilər, amma biz artıq tamaşada sevilmişdik. Filmə heç baxmamışam. Özümə niyə baxım? Gündə 1 dəfə saçımı darayanda güzgüyə baxıram. Başqalarına baxıram. Oynadığım obrazdan ləzzət ala bilmərəm. Hamı məndən soruşur ki, filmdə açarı niyə götürmədin?". 

21:30-dan sonra yemək yeyənlər oxusun - Artıq çəki, yuxusuzluq, narahatlıq...

Elm adamları axşam yeməyinin gec saatlarda yeyilməsinin təhlükəsi olmadığını açıqlayıblar.  Sozcu.az qafqazinfo-ya istinadən xəbər verir ki, mütəxəssislər bu qənaətə gəlmək üçün 80 min britaniyalı haqqında məlumatları təhlil ediblər. Təcrübə zamanı iştirakçılar axşam yeməyini gec yedikdə daha enerjili olduqlarını bildiriblər. Alimlərin fikrincə, gec yeməyin mənfi nəticələri var. Məsələn, çəki artımı, yuxusuzluq, erkən qocalma və s. Amma bunlara gecə qidalanma konkret səbəb deyil. Eksperiment nəticəsində məlum olub ki, axşam yeməyini 21:30-da bitirmək olar, lakin əsas məsələ səhər yeməyinin gec yeyilməsidir. Mütəxəssislər bildiriblər ki, əslində səhər yeməyini bitirməyin normal vaxtı saat 11:30-dur. Bu, insanın daha gümrah və orqanizmin daha sağlam olması üçün əhəmiyyətlidir.

Yuxusuzluqdan əziyyət çəkənlər bunu oxusun

Bir çoxları yuxu üzünə həsrət qalmaqdan şikayətlənir. İnsanlar daha çox da yaz-yay aylarında bundan şikayətlənir. Yuxu dərmanı qəbul etmək isə mədə problemləri yaradır. Sozcu.az axşam.az-a istinadən yuxusuzluq sindromunu aradan qaldıracaq vasitələri təqdim edir: Gün ərzində 2 dəfə kök və ya çiyələk şirəsi için. Amma çalışın, şirə təbii olsun. Təbii giləmeyvələr yeyin. Onlar hormonal pozğunluqları aradan qaldırır.

Ceyhun Bayramov Britaniyaya gedib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyaya işgüzar səfərə yola düşüb. Bu barədə Sozcu.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində nazir C.Bayramovun Azərbaycan ilə Böyük Britaniya arasında strateji dialoqda, eləcə də Ukrayna Bərpa Konfransında iştirakı nəzərdə tutulub. Səfər çərçivəsində nazirin bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşləri, beyin mərkəzlərində çıxışları planlaşdırılır.

Ukrayna Rusiyanın Odessaya atdığı dörd raketin hamısını vurub

Ukrayna hava hücumundan müdafiə qüvvələri iyunun 19-na keçən gecə Rusiyanın Odessaya hücumu üçün istifadə etdiyi dörd raketin hamısını məhv edib. Bu barədə Odessa hərbi vilayət administrasiyasının rəhbəri Sergey Bratçuk bildirib. Bundan əvvəl bildirilib ki, gecə saat iki radələrində rus hərbçiləri Qara dənizdən “Kalibr” raketləri ilə Odessaya hücum edib.

Anna Malyar: “Ukrayna Berdyansk və Melitopol istiqamətlərində 8 yaşayış məntəqəsini azad edib”

Ukrayna Silahlı Qüvvələri Berdyansk və Melitopol istiqamətlərində iki həftəlik əks-hücum əməliyyatları zamanı 8 yaşayış məntəqəsini azad edib. Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib. O bildirib ki, Novodarovka, Levadnoe, Storojevoe, Makarovka, Neskuçnoe, Blaqodatnoe, Lobkovo və Pyatixatki yaşayış məntəqələri azad olunub. Nazir müavini vurğulayıb ki, ümumilikdə, Ukrayna ordusu Tavriya istiqamətində 7 kilometr irəliləyib və cənubda azad edilən ərazi 113 kvadrat kilometrdir.

Korrupsiyada ittiham olunan şəxs Təbrizə başçı təyin edildi

Şərqi Azərbaycan əyalətinin valisi Zeynəlabdin Rəzəvi Xürrəm əvvəllər korrupsiyada ittiham olunan Yunis Fatehi Təbrizə başçı (fərmandar) təyin edib. Sozcu.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Fatehin fərmandar təyin edilməsi yerli media orqanları və sosial şəbəkə istifadəçilərinin geniş müzakirəsinə səbəb olub. Onlar bundan öncə bir sıra qanunsuz işlərdə, o cümlədən korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırılan şəxsin şəhər başçısı seçilməsinə etiraz ediblər. Qeyd edək ki, İnzibati Ədliyyə Məhkəməsi Baş Kollegiyasının 1417 saylı qərarına əsasən, Yunis Fatehin özəl şirkət, qurum və təşkilatlarda, habelə rəsmi orqanlarda vəzifəyə təyin olunması qanuna ziddir.

Ukrayna Krıma dronlarla hücum etdi

Bu gecə Ukrayna ordusu Krıma PUA-larla hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Krımın “rəhbəri” Sergey Aksyonov deyib. O bildirib ki, alçaqdan uçan 2 PUA HHM qüvvələri tərəfindən vurulub.

Rusiya ordusu Ukraynada “əriyir”: Canlı itki sayı 220 mini ötdü

Ukrayna müharibənin 481-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 220 450 hərbçi, 3989 ədəd tank, 7735 ədəd zirehli döyüş maşını, 3865 ədəd artilleriya sistemi, 610 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 370 hava hücumundan müdafiə sistemi, 314 ədəd hərbi təyyarə, 305 ədəd helikopter, 6613 ədəd avtomobil texnikası, 3383 ədəd PUA, 1211 qanadlı raket, 18 gəmi/qayıq, 526 xüsusi avadanlıq itirib.

Ordumuz Zod və Arazdəyəni atəşə tutub? - Rəsmi

İyunun 19-u saat 00:45-dən saat 02:20-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Zod və Arazdəyən istiqamətlərində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. "Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda bildirilib.

Gələn həftədən 7 günlük tətil başlayır

Gələn həftədən Azərbaycanda 7 günlük tətil başlayır. Sozcu.az xəbər verir ki, Baş nazir Əli Əsədovun iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə imzaladığı qərarə əsasən, 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib. Belə ki, 26 iyun Silahlı Qüvvələri Günü, iyunun 28, 29-u isə Qurban bayramı günləridir. 1-2 iyul şənbə-bazara təsadüf etdiyindən 26 iyun - 2 iyul tarixləri arasında 7 gün ardıcıl qeyri-iş günü olacaq. 7 günlük tətildən sonra isə yeni iş günü iyulun 3-dən başlayacaq.

Bayrama görə sosial müavinətlər bu tarixdə ödəniləcək

Qurban bayramı ilə əlaqədar bütün sosial müavinətlər qrafikdən əvvəl ödəniləcək. Bu barədə Sozcu.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Qurban bayramı ilə əlaqədar qrafikdən əvvəl - iyunun 22-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.

Naxçıvanda cinayət: qadını boğaraq öldürdü

Naxçıvanda qadın boğularaq qətlə yetirilib. Bu barədə Sozcu.az-a Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, iyunun 19-də saat 08 radələrində Naxçıvan şəhəri Qaraxanbəyli kəndində 25-30 yaşlı Telli Ramiz qızının boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Röyal Abdulla oğlu Zeynalov polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır.

Avro-2024: Türkiyə Uelsə qarşı

Bu gün futbol üzrə Avro-2024-ün seçmə mərhələsində IV tura start veriləcək. Sozcu.az xəbər verir ki, 5 qrupda 12 qarşılaşma oynanılacaq. Avro-2024 seçmə mərhələ B qrupu 22:45. Fransa - Yunanıstan 22:45. İrlandiya - Cəbəllütariq Xal durumu: Fransa - 9 (3 oyuna), Yunanıstan - 6 (2 oyuna), Niderland - 3 (2), İrlandiya - 0 (2), Cəbəllütariq - 0 (3) C qrupu 20:00. Ukrayna - Malta 22:45. İngiltərə - Şimali Makedoniya Xal durumu: İngiltərə - 9 (3 oyuna), Ukrayna - 3 (2), İtaliya - 3 (2), Şimali Makedoniya - 3 (2), Malta - 0 (3) D qrupu 20:00. Ermənistan - Latviya 22:45. Türkiyə - Uels Xal durumu: Türkiyə - 6 (3), Xorvatiya - 4 (2), Uels - 4 (3), Ermənistan - 3 (2), Latviya - 0 (2) H qrupu 20:00. Finlandiya - San-Marino 22:45. Sloveniya - Danimarka 22:45. Şimali İrlandiya - Qazaxıstan Xal durumu: Danimarka - 6, Qazaxıstan - 6, Finlandiya - 3, Sloveniya - 6, Şimali İrlandiya - 3, San Marino - 0 I qrupu 22:45. İsveçrə - Rumıniya 22:45. İsrail - Andorra 22:45. Belarus - Kosova Xal durumu: İsveçrə - 9, Rumıniya - 7, İsrail - 4, Kosovo - 3, Andorra - 1, Belarus - 0

Türkiyədə zəlzələ baş verdi

Türkiyənin Qəhrəmanmaraş vilayətinin Göksün rayonunda 4 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Məlumata görə, zəlzələ yerin 7 kilometr dərinliyində qeydə alınıb. Tələfat və dağıntı barədə məlumat verilməyib.

Neft həftəyə bu qiymətlə başladı

Dünya birjalarında neft qiymətləri yenidən ucuzlaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 75,56 dollara, yüngül neftin bir barreli isə 70,75 dollaradır.

Prezident İsmayıl Hüseynova yüksək vəzifə verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini general-leytenant İsmayıl Hüseynov vəzifəsindən azad edilib. Sozcu.az Unikal-a istinadən xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə İsmayıl Hüseynov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisinin birinci müavini vəzifəsinə gətirilib.