"Nə qədər ki, Putin sağdır, bu, davam edəcək"

"Bu gün Ukrayna hava hücumundan müdafiə sistemlərinin Rusiya üzərində qələbəsi günüdür..." "HHM qüvvə və vasitələrilə bütün raketlər məhv edilib, yüzlərlə, bəlkə də minlərlə Kiyev sakininin həyatı xilas edilib..." Ukraynanın paytaxtı Kiyev bazar günü səhər raket atəşinə məruz qalıb. Sozcu.az xəbər verir ki, Kiyev meri Vitali Kliçko özünün "Telegram-kanal"ında şəhərin mərkəzində partlayışlar haqqında yazıb və kiyevliləri sığınacaqlarda qalmağa çağırış edib. Obolonsk rayonunda raketin qalıqları yolun hərəkət hissəsinə düşüb. Podolsk rayonunda (bu, şəhərin mərkəzidir) qalıqların düşməsi nəticəsində ikimərtəbəli binanın damı yanmağa başlayıb. Yanğın lokallaşdırılıb. Bir nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib. Bir müddətdən sonra Desnyansk rayonunda (paytaxtın sol sahil hissəsidir) partlayışıar baş verib. Kliçkonun dərc etdiyi fotoşəkildə Rusiyanın döyüş sursatının yolun hərəkət hissəsinə düşməsi görünür. Xilasetmə-yanğın xidmətləri raketlərin alışan qalıqlarını söndürməklə məşğuldur, o, şərh edib. "Bu gün Ukrayna HHM-nin Rusiya üzərində qələbəsi günüdür", - bunu Kiyevdə Ukrayna DİN rəhbərinin müşaviri Anton Geraşşenko deyib. O, güman edib ki, Rusiya Ukraynaya "İsgəndər" və "Kinjal" ballistik raketlər buraxıb, onlar müttəfiqlərimizin verdiyi "böyük hündürlükdə Qərbin müasir HHM vasitələri ilə" vurulub. "Bu gün Kiyevin yüzlərlə, bəlkə də minlərlə sakinlərinin həyatı xilas edilib", - Geraşşenko qeyd edib. Müxbirin rusiyalıların Kiyevə hücumlarının nə qədər davam edəcəyi barədə sualına cavabında ukraynalı məmur əmin edib: "Nə qədər ki, Putin sağdır, bu, davam edəcək". "Müharibənin başa çatdırılmasının ən yaxşı yolu Putinin fiziki cəhətdən aradan götürülməsidir", - o, əlavə edib. USQ Hava Qüvvələrinin spikeri Yuri İqnat deyib ki, Rusiya Ukraynaya "İsgəndər" operativ-taktiki raket kompleksləri ilə hücum edib. "Ballistik trayektoriya ilə uçan raketlərdən istifadə edilib, onlar kifayət qədər tez uçub gəlir. İlkin məlumata görə, bunlar "İsgəndər"lər olub. Onlar müxtəlif modifikasiyadadır. "İsgəndər-M" ballistik, "İsgəndər-K" qanadlı raketdir. Hansı növ silahın  istifadə edilməsi barədə sonradan məlumat veriləcək", - İqnat məlumat verib. Bu zaman spiker istisna etməyib ki, rusiyalılar ballistik trayektoriya ilə uçan C-300 və C-400 zenit raketlərini tətbiq edə bilərdi. İqnatın sözlərinə görə, Rusiya Kiyevə şimal istiqamətindən hücum edib. "Haradan hücum edilməsi  barədə sonradan məlumat veriləcək. C-300 də, C-400 də, "İsgəndər"lər də yerdə olan komplekslərdir...Bu dəfə yerüstü qurğulardan zərbələr endirilə bilərdi", - o, əlavə edib. Sonradan USQ Baş komandanı Valeri Zalujnı "Telegram-kanal"da məlumat verib ki, HHM sistemləri vasitəsilə Rusiyanın bütün raketləri vurulub. "Şimal istiqamətdən cəmi 11 "İsgəndər-M" və "İsgəndər-K" raket buraxılıb. Hava hücumundan müdafiə sistemlərinin qüvvə və vasitələrilə bütün hədəflər məhv edilib", - Zalujnı deyib.

Hikmət Hacıyev və Armen Qriqoryan Bratislavada panel müzakirəsində iştirak edəcək

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək GLOBSEC 2023 Bratislava Forumu çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə panel müzakirəsində iştirak edəcək. Bu barədə Armen Qriqoryanın ofisi məlumat yayıb. Forum mayın 30-da baş tutacaq.

"Ukraynanın cavabı gecikməyəcək, tezliklə hər kəs görəcək”

Rusiyanın növbəti terror aktı cəhdi bu dəfə də uğursuzluqla nəticələndi. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat idarəsinin rəhbəri, general Kirill Budanov deyib. “Rusiyada hələ də inanırlar ki, Ukraynanı qorxutmaq mümkündür. Sizi məyus edərək bildirmək istəyirəm ki, belə deyil. Ukraynanın cavabı gecikməyəcək, tezliklə hər kəs görəcək”, - Budanov bildirib. Qeyd edək ki, bu gün Rusiya Kiyev vilayətini raket və PUA atəşinə tutub.

Ordumuz erməni diversantların qarşısını aldı

Mayın 29-u Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam, Xocavənd, Şuşa, Laçın və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Sozcu.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb.

Avropa İttifaqının İşçi Qrupu Azərbaycanda səfərdədir

Avropa İttifaqı Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Partiyasının (COEST) İşçi Qrupu Azərbaycanda səfərdədir. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycanın Aİ-dəki missiyası məlumat yayıb. "İşçi Qrup Azərbaycana səfəri çərçivəsində Hikmət Hacıyev (Prezidentin köməkçisi-red) ilə səmərəli görüş keçirib. Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığı və regional məsələlər üzrə məhsuldar fikir mübadiləsi aparılıb. Nümayəndələr indi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, Füzuli və Ağdama gedirlər" - məlumatda qeyd edilib.

Bir evdən 3 ÖLÜ — 8 ilə inşa olunan Zığ-Hövsan yolunun işıqlandırılması niyə DALANA DİRƏNİB?

Xəbər verildiyi kimi Suraxanı rayonu Hövsan qəsəbəsində ötən gecə ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza qəsəbə gedən yolun Qum adası istiqamətində baş verib. “Nissan” markalı avtomobilin sürücüsü qəfil yola çıxan ana, uşaq və nənəni vurub. Hər üç nəfər  zərbənin təsirindən hadisə yerində ölüb.  Hadisənin baş verməsinə səbəb sözügedən yolda quraşdırılan işıq dirəklərinə hələ də elektrik enerjisinin verilməməsidir. Sürücülər gecə saatlarında həmin yoldan rahat və təhlükəsiz istifadə edə bilmir. Elə bu səbəbdən də demək olar ki, hər gün magistral yolda bədbəxt hadisələr yaşanır.   Aidiyyəti qurumun məsələ ilə bağlı ard-arda vədləri sürücü və sərnişinləri əməlli-başlı təngə gətirib. Sürücülər indi də yol boyu qoyulan işıq dirəklərinin işıqlandırılacağı günü gözləyirlər.    Qeyd edək ki, Bizim.Media təmir olunan Zığ-Hövsan yolunun işıqlandırılmaması problemini təxminən 20 gün əvvəl gündəmə gətirmişdi. Sürücülərin şikayəti əsasında aktuallaşdırılan məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli təkrar olaraq bildirmişdi ki, işıqlandırma qoşuludur, sadəcə ərazidə müəyyən texniki problemlər olduğu üçün məsələ gecikir. Texniki problem isə yaxın vaxtlarda aradan qaldırılacaq və işıqlandırma yenidən bərpa olunacaq.   Göründüyü kimi, heç nə dəyişməyib, əksinə problem gündən-günə dərinləşir. Vaxtaşırı avto-qəzaların və ölüm hallarının baş verməsi o yoldan istifadə edənləri ciddi narahat etməyə başlayıb.   8 ilə inşa olunan 18 kilometrlik yolun istifadəyə tam olaraq yararlı olması isə uzana-uzana gedir. Sadəcə magistral yolun asfaltlanması işləri başa çatan bu yolda işıq olmadığı üçün  yerüstü piyada keçidlərindən də istifadə etmək mümkün deyil.   Baxmayaraq ki, aidiyyəti qurum hələ ötən ilin dekabrından Hövsan-Zığ yolunun təmirinin tam olaraq yekunlaşdığını elan edib.   Maraqlıdır, bəxti açılmayan bu yol nə qədər can almalıdır ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hərəkətə keçsin?  Xatırladatmaq yerinə düşər ki, Zığ-Hövsan yolunun təmirinə 2015-ci ilin 20 oktyabrında başlanılıb və 2017-ci ildə bitməsi planlaşdırılıb. Amma təmir işləri maliyyə vəsaiti ayrıldıqca aparıldığı üçün iş ləngiyib. Bu ilin əvvəlindən isə magistral yol istifadəyə verilib.   Qeyd edək ki, 7 il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sözügedən yolun təmirinin yekunlaşması üçün bir neçə dəfə vəsait ayrılıb.  İlham Əliyevin 2021-ci ilin 23 sentyabrında imzaladığı sərəncamla həmin yolun əsaslı təmiri üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,0 (altı) milyon manat ayrılıb. Bunun ardınca, daha dəqiq desək, 2021-ci ilin 10 oktyabrında Prezident İlham Əliyevin sərəncamı ilə Zığ-Hövsan yolunun inşası üçün daha 4.9 milyon manat ayrılıb.  Ötən ilin sentyabrında növbəti dəfə Prezident İlham Əliyev Suraxanı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı Sərəncam imzalayıb.  Həmin sərəncamla Suraxanı rayonunun Bülbülə, Əmircan, Hövsan, Qaraçuxur, Yeni Suraxanı və Zığ qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 4,6 milyon (dörd milyon altı yüz min) manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.  Sonuncu dəfə isə ötən il oktyabrın 28-də 58 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Zığ-Hövsan avtomobil yolunun yenidən qurulmasının başa çatdırılması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7 milyon manat ayrılıb.  Beləliklə, sözügedən yolun təmir-bərpası üçün dövlət büdcəsindən toplam 22 milyon 500 min manat vəsait ayrılıb.  Problem həllini tapana kimi məsələni aktuallaşdıracağıq... demokrat.az

Regionda vəziyyət kifayət qədər gərgindir — Paşinyan

"Biz Moskvada keçirilən üçtərəfli görüşdə regional kommunikasiyaların açılmasından danışdıq". Sozcu.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu parlamentin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan söyləyib. "İrəvan ölkənin suverenliyi və yurisdiksiyası prinsipi əsasında buna hazırdır. Hazırda dəmir yolunda işlər gedir", - Paşinyan deyib. "Dünyada baş verən hadisələr, Rusiya ilə Ukrayna arasında, İran-Əfqanıstan sərhədində kəskinləşməyə görə regionda hərbi-siyasi vəziyyət kifayət qədər gərgin olmaqda davam edir. Amma İrəvan “sülh gündəmini” həyata keçirmək üçün hər şeyi edir", - o bildirib. Ermənistan baş naziri Laçın dəhlizi barədə danışarkən Rusiya sülhməramlılarını ittiham edib.

Bakıda faciəvi şəkildə ölən gənc aqronom imiş

Mayın 27-si axşam saatlarında Xəzər rayonu Zirə qəsəbəsində ağır yol qəzası baş verib. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, idarə etdiyi mopedin yük avtomobilinə çırpılması nəticəsində ölən 1988-ci il təvəllüdlü Əliyev Rasim Güləli oğlunun şirkətlərdən birində işləməsi məlum olub. Belə ki, aqroparklardan birində aqronom kimi fəaliyyət göstərən Rasim mopedlə yaşadığı qəsəbədə hərəkətdə olarkən qəzaya düşüb.

Balakəndə kafedə DAVA: Xəsarət alan var

Balakəndə kafedə xuliqanlıq edən şəxs saxlanılıb. Sozcu.az xəbər verir ki, mayın 28-də rayon sakini Ceyhun Kahayevin işlətdiyi kafeyə müştəri qismində gələn Balakən şəhər sakini, 1992-ci il təvəllüdlü Məhəmməd Məmmədov orada mübahisə yaradıb. O, əvvəlcə bakal ilə obyektdəki televizoru sındırıb, daha sonra isə C.Kahayevin üz nahiyəsinə yumruqla vuraraq xəsarət yetirib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.az-a bildirib ki, M.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. “Onun xuliqanlıq əməlini sərxoş vəziyyətdə törətdiyi müəyyən edilib. Müvafiq ekspertiza təyin olunub və faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır”, – deyə M.Məsimov vurğulayıb.

Xırdalanda yaşayış binasında yanğın olub: Zəhərlənənlər var

Abşeron rayonunun Xırdalan şəhərində səkkizmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən avtomobil dayanacağında quraşdırılan elektrik lövhəsində 2 ədəd sayğac və 5 metr kabel yanıb. Fövqəladə Hallar Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqda dayanan “Hyundai” markalı minik avtomobilinin arxa faraları və buferi əriyib. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. Avtomobilin qalan hissəsi və digər kommunikasiya xətləri yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakıda təcili eniş edən təyyarə yola düşdü

"Britiş Eyrveys" (British Airways) aviaşirkətinin London-Honkonq reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Sozcu.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb. Bildirilir ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi olub. "Boinq 787" (Boeing 787) təyyarəsi yerli vaxtı ilə saat 05:09-da Bakı hava limanına uğurla eniş edib. Sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb. Onunla birlikdə Bakıda ailə üzvü olan daha bir reys sərnişini qalıb. "Britiş Eyrveys" aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportundan Honkonqa Bakı vaxtı ilə saat 07:37-də yola düşüb.

Telefonda interneti necə sürətləndirmək olar?

Mobil internetin sürəti təkcə telekommunikasiya operatorundan və şəbəkənin keyfiyyətindən deyil, həm də smartfonun özündə olan parametrlərdən asılıdır. Sozcu.az lent.az-a istinadən bildirir ki, parametrlərdə sadəcə iki düyməyə basmaqla smartfonunuzda internetin sürətini artara bilərsiniz.  Bunun üçün telefonunuzda interneti sürətləndirmək üçün parametrlərdə "Reklamların bloklanması" və "Trafikə qənaət" düymələrini sıxmaq lazımdır. Çünki reklamlar və pop-uplar səhifənin yüklənməsini çox ləngidir. "Reklamların bloklanması" və "Trafikə qənaət" funksiyaları sizə lazımsız elementlər olmadan internet saytlarını sadələşdirilmiş formada açmağa imkan verəcək. Bu iki funksiyanı işə salmaqla siz səhifənin yüklənmə sürətini əhəmiyyətli dərəcədə artıracaqsınız və spamdan xilas olacaqsınız.

Sağlam həyatı məhv edən xəstəlik

Yuxu sağlam bir həyat üçün böyük əhəmiyyətə malikdir. Biz gün ərzində sərf etdiyimiz enerjini yuxu vasitəsilə bərpa edirik. Nizamlı yuxu həm də ruhumuzun sağlamlığı deməkdir. Sozcu.az Axşam.az-a istinadən xəbər verir ki, yuxusuzluq sağlamlığımıza zərbə vuran ilkin əlamətlərdən biridir. Yuxusuz insan aqressiv olur, düzgün qərarlar qəbul edə bilmir, yaddaşı zəifləyir. Həmçinin onun nəfəs yollarında problemlər yaranır. Yuxusuzluğun növləri · Çətin yatmaq · Tez oyanmaq · Gecələr dəfələrlə durmaq · Nəhayət, yuxunun tamamilə olmaması Hər dörd hal sonradan tamamilə yuxusuzluğa gətirib çıxarır. Yuxusuzluq orqanizmdə bir çox xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Qanda oksigen çatışmazlığı, dəyişikliklər meydana gəlir. Yuxusuzluq zamanı həmçinin ürək, ağciyər və hormonal xəstəliklər də özünü göstərir. Yuxusuzluğun fəsadları Hazırda dünyada ən çox yayılan və qarşısı alına bilinməyən xəstəlik məhz yuxusuzluqdur. Belə ki, dünyada hər on insandan beşi yuxusuzluğun müxtəlif növlərindən əziyyət çəkir. Alimlərin araşdırmaları nəticəsində məlum olub ki, yuxusuzluq zamanı insanda müxtəlif xəstəliklər əmələ gəlir. Mütəmadi şəkildə 6 saatdan az yatmaq bir müddətdən sonra qandakı şəkərin miqdarını sürətlə artırır. Şəkərli diabetin yaranmasına səbəb bədəndəki insulinin hüceyrələrə nəqli zamanı yaranan pozğunluq nəticəsində qlükozanın qanda yığılması və bu zaman mədəaltı vəzin normadan artıq insulin ifraz etməsidir. İnsulini normada saxlayansa yuxudur. Yuxusuzluq həmçinin cinsi pozğunluğa və astma xəstəliyinin yaranmasına gətirib çıxarır. Yuxusuzluğun yaratdığı digər bir fəsadsa xərçəng xəstəliyidir. Yuxu pozğunluğuna qarşı tədbir görülməzsə, bu, ölümlə nəticələnə bilər. Alimlərin qənaətinə görə, yuxusuzluq özünüöldürmə həddinə belə gətirib çıxarır. Yuxusuzluğun səbəbi: Tibb elmində "insomnia" adlanan yuxusuzluğun yaranmasına səbəb aşağıdakılardır: · Vərdiş olunmamış yataq, səs-küy, havasızlıq · Yatmazdan əvvəl tərkibində kofein olan qidalar, içkilər qəbul etmək · Axşam ağır və yağlı yeməklər yemək · Sinir pozğunluğu · Normal həyat tərzini dəyişmək · Stress, narahatçılıq · Artıq çəki · Qorxu, depressiya · Mədəaltı vəzin narahatçılığı, mədədə köp · Bronxial, ürək və ağciyər xəstəlikləri · Soyuqdəymə zamanı ağrılar Müalicəsi: Yuxusuzluq zamanı yuxugətirən dərmanların qəbulu digər xəstəliklərin yaranmasına səbəb ola bilər. Belə ki, bu dərmanlar qaraciyərin çürüməsinə səbəb olur. Buna görə də belə dərmanları qəbul edərkən çoxlu süd məhsulları yemək lazımdır. Ən əsası isə həkimə müraciət edib, yuxusuzluğun hansı səbəbdən yarandığını müəyyən etmək lazımdır.  Yuxusuzluqdan əziyyət çəkənlər · Tərkibində kofein olan içkilərdən uzaq olmalı · Yuxudan 3 saat əvvəl yemək yeməli · İstiotu az olan yeməklərdən istifadə etməli · Yatmazdan əvvəl heç bir dərman qəbul etməməli (sakitləşdiricidən başqa) · Sakit, qaranlıq otaqda yatmalıdırlar

Dəhşətli qəzada öldüyü deyilən sürücünün meyiti yoxa çıxdı

Dünən Yevlax rayonunda baş vermiş ağır qəzada ölən və yaralananların adları məlum olub. “Qafqazinfo” xəbər verir ki, 2003-cü il təvəllüdlü İsmayılzadə Vəfadar Eldar oğlunun idarə etdiyi “Mersedes C 200” markalı avtomobilin Bərdə-Stansiya Mingəçevir yolunun Yevlaxın Kolanı kəndi ərazisindən keçən 42-ci km-də aşması nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb. Belə ki, avtomobildə olan sərnişin, 2007-ci il təvəllüdlü Fərzəliyev Şahlar Səxavət oğlu hadisə yerində ölüb, digər sərnişinlər: 2006-cı il təvəllüdlü Hacızadə Məhəmməd Elnur oğlu, 2003-cü il təvəllüdlü Məhərrəmov Mikayıl Həsrət oğlu və Yusufov Əli Pərviz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə şəhəri Diaqnostika Mərkəzinin Acil Şöbəsinə yerləşdiriliblər. Hadisədən sonra sürücü Vəfadar İsmayılzadəni qəzanın baş verdiyi yerdə aşkar etmək mümkün olmayıb. Qəza “Yuxarı Qarabağ” kanalına yaxın ərazidə baş verdiyindən hadisə vaxtı sonuncunun kanala düşməsi ehtimal olunur. Onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Tatlısəslə bağlı sual Güneli əsəbiləşdirdi: "Ağıllı ol, adam kimi sual ver"

Müğənni Günel Zeynalova izləyicisinin ona ünvanladığı suala əsəbiləşib. Axşam.az xəbər verir ki, sualları cavablandıran sənətçiyə Türkiyədə məşhurlaşmasına kömək edən İbrahim Tatlısəslə bağlı sual ünvanlanıb.  "İbrahimlə bir münasibətiniz var idi, hələ də var" sualı Güneli özündən çıxarıb. O, "Bizim hər zaman ata-qız münasibətimiz olub. İllər keçdikcə daha da gücləndi. O, mənim mənəvi atamdır. Yazdığınızı yanlış anlamaq istəmədim. Ağıllı ol, adam kimi sual ver. Pis niyyətlə soruşdunsa, Allah səni bağışlasın. Cəzanı Allah verər" cavabını verib. Günel daha sonra yeni albom üzərində çalışdığını, orada 20 mahnının yer alacağını deyib.

Prezident Çunqvon Çunu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çunu qəbul edib. Sozcu.az xəbər verir ki, dövlətimizin başçısı Çunqvon Çu ilə görüşlərini məmnunluqla xatırlayaraq, Dünya Taekvondo Federasiyasının 50 illiyi münasibətilə təbriklərini çatdırıb. Görüşdə taekvondo üzrə 26-cı dünya çempionatının Bakıda keçirilməsinin önəmi vurğulanıb. Çunqvon Çu bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu məmnunluqla bildirərək qeyd etdi ki, 144 ölkənin nümayəndəsinin iştirakı ilə keçirilən bu idman yarışı taekvondo tarixində ən böyük çempionatdır. Qonaq bu çempionatın Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunduğu dövrə təsadüf etməsinin rəmzi məna daşıdığını vurğulayıb. Çunqvon Çu rəhbərlik etdiyi federasiyanın Azərbaycan Taekvondo Federasiyası ilə uzun illər uğurlu əməkdaşlıq həyata keçirdiyini deyib. Söhbət zamanı Azərbaycanda idmanın inkişafına yüksək dövlət qayğısının göstərildiyi qeyd olundu, ölkəmizin dünyanın mötəbər idman yarışlarına uğurla ev sahibliyi etməsinin əhəmiyyəti bildirilib. Dövlətimizin başçısı Bakı ilə yanaşı, rayonlarımızda da müasir idman komplekslərinin fəaliyyət göstərdiyini dedi, işğaldan azad edilmiş ərazilərimizdə də geniş idman infrastrukturunun yaradılacağını vurğulayıb. Görüşdə ölkəmizdə taekvondoya olan maraq qeyd edildi, 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarında idmançımızın qızıl medal qazandığı xatırlanıb.

Xocalı canisinin keçmiş baş mühafizəçisi yenidən həbs edildi...

Ermənistanın terrorçu ekes-prezidenti  Serj Sərkisyanın mühafizəsinə rəhbərlik etmiş dövlət mühafizə xidmətinin sabiq rəisi, general-mayor Vaçaqan Kazaryan yenidən həbs edilib. Sozcu.az xəbər verir ki, bu haqda  News.am məlumat yayıb. Həbsin səbəbləri hələki rəsmən açıqlanmayıb. Xatırladaq ki, V.Kazaryan ilk dəfə 2018-ci ilin noyabrında həbs olunmuşdu.  O zaman Xocalı canisinin keçmiş baş mühafizəçisi külli miqdarda mənimsəmələrdə, gəlirlərini gizlətməkdə, qanunsuz yolla varlanmaqda ittiham olunub. Onun evində aparılan əməliyyat axtarış tədbirləri zamanı 35 milyon erməni dramı və ya 1 milyon 110 min 400 ABŞ dolları və 230 min 500 avro aşkarlanıb. Növbəti gün isə onun qarajından əlavə 2 min dollar tapılıb.  “Sürücü Vaço” kimi tanınan və keçmiş prezident Serj Sərkisyanın ən yaxın adamlarından biri olan V.Kazaryan ilk dəfə 2018-ci ilin iyunundakı həbsindən az sonra zaminə buraxılmış və istintaq müddətində dövlətə vurduğu ziyanın 5,8 milyon dollarını ödədiyinə görə 2021-ci ildə amnistiyaya düşmüşdü.. Lakin 2022-ci ildə V.Kazaryan və arvadı bir daha həbs ediliblər. Onlar zor tətbiqetmə ilə  pul tələb etməkdə ittiham olunublar.

“Barselona”nın baş məşqçisi Messinin kluba qayıdışına münasibət bildirib

“Barselona”nın baş məşqçisi Xavi “PSJ” futbol klubunun hücumçusu Lionel Messinin Kataloniya klubuna mümkün qayıdışı ilə bağlı fikirlərini bölüşüb. Bu barədə “Barça Buzz” məlumat yayıb. “Bütün kataloniyalılar Messini sevir, o, tarixin ən yaxşı oyunçusudur, ssenari belədir ki, çox şey onun nə etmək istədiyindən asılıdır, sonra qərar verəcəyik. Messinin mümkün keçidi böyük ölçüdə onun özündən asılıdır”-deyə, o bildirib. Ümumilikdə Messi bu mövsüm Fransa çempionatında 31 matçda 16 qol vurub və 16 məhsuldar ötürmə edib. O, bu yaxınlarda Səudiyyə Ərəbistanına səfər etdiyi üçün komandadan uzaqlaşdırılıb. O, üzr istədikdən sonra məşqlərə buraxılıb.

Türkiyədə seçiciləri daşıyan avtobus yük maşınına çırpıldı: Onlarla yaralı var

Türkiyədə seçiciləri İstanbuldan Orduya aparan avtobus geri dönərkən yük maşınına çırpılıb.   Avtobusda Ədalət və İnkişaf partiyasının 22 seçicisi yaralanıb. Hadisə yerinə polis, səhiyyə və yanğınsöndürmə briqadaları göndəriliblər. Avtobusda sıxılmış vəziyyətdə qalan sürücü xilasedicilər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Yaralılar Sakarya və Kocaeli xəstəxanalarına aparılıblar.

Ukrayna Rusiyanın 66 hava hücumunun qarşısını alıb

Ukrayna Silahlı Qüvvələri gecə saatlarında Rusiyanın 75 hava hücumundan 66-nın qarşısını alıb. Məlumatı Ukrayna Silahlı Qüvvələri yayıb. Bildirilib ki, Rusiya qoşunları Xəzər dənizində yerləşən bazadan 9 “Tu-95MC” təyyarə ilə 40 “X-101/X-555” qanadlı raket atıb. Bundan başqa, Rusiya Ukraynanın cənub və şimal ərazilərinə İran istehsallı 35 “Shahed-136/131” PUA ilə hücum edib. Ukrayna müdafiəçiləri 40 qanadlı raketdən 37-sini və 35 PUA-dan 29-unu zərərsizləşdiriblər.

Zaqatala sakini sirkə turşusundan zəhərlənib

Zaqatalada 72 yaşlı qadın sirkə turşusundan zəhərlənib. Rayonun Muxax kənd sakini 72 yaşlı Zahidət Abdullayeva kəskin zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub. Müayinə zamanı qadının sirkə turşusundan zəhərləndiyi məlum olub. Zahidət Abdullayevanın müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Yevlaxda avtomobilin kanala düşməsi nəticəsində batan şəxsin axtarışları davam etdirilir

Ötən gün Yuxarı Qarabağ kanalının Yevlax şəhəri, Kolanı kəndinin ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində batdığı ehtimal olunan 2002-ci il təvəllüdlü İsmayılzadə Vəfadar Eldar oğlunun axtarışları davam etdirilir. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Axtarışlar Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilir. Axtarış-xilasetmə əməliyyatı barədə əlavə məlumat veriləcək

Paşinyan: Azərbaycanla Kişinyovda imzalana biləcək razılaşdırılmış sülh müqaviləsi layihəsi yoxdur

Hazırda Azərbaycanla Kişinyovda imzalana biləcək razılaşdırılmış sülh müqaviləsi layihəsi yoxdur. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Kişinyovda sülhün bağlanmasının mümkünlüyü barədə danışarkən deyib. Baş nazir parlamentdə bildirib ki, Ermənistan tərəfinin Vaşinqton görüşündən əvvəl verdiyi təkliflərə hələ də Azərbaycandan cavab almayıb.

Ordumuz atəşə tutuldu

Mayın 28-i axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.