Bizə deyirlər ki, gedin, azərbaycanlıları inandırın - Arayik

Azərbaycan deyir ki, masaya oturmaq üçün ilk növbədə silahlı erməni dəstələri Qarabağdan çıxarılmalıdır.  Sozcu.az xəbər verir ki, bunu erməni separatçılarının başçısı Arayik Arutyunyan deyib. O, Bakının danışıqlar üçün bir sıra şərtlər irəli sürdüyünü söyləyib. “Bakı yalnız bir mövzunu müzakirə edir: inteqrasiya. İkinci mövzu müzakirə olunmur. Bəziləri bizə deyir, gedin, onları inandırın, müzakirə edin. Azərbaycan deyir ki, masa arxasına oturmaq üçün birinci “özünümüdafiə ordusu” buraxılmalıdır”,- Arayik deyib. Baş separatçı Azərbaycanın təkliflərini qəbul etməyərək, "müqavimət" göstərəcəklərini vurğulayıb. “Sonrakı ardıcıllıq belə olacaq: ordunu dağıdırıq, “dövlət idarəetmə” sistemini dağıdırıq, bələdiyyə seçkiləri mexanizmi yaradırıq, bundan sonra qaz, işıq verilir və Azərbaycan vətəndaşı kimi avtomobil yolu ilə gedə bilirik. Bizim edəcəyimiz iki iş var: özünümüdafiə və müqaviməti artırmaq”,- o qeyd edib.

FHN-də bir qurumun iki rəisi var - Tibbi müayinə ala bilməyən nazirlik əməkdaşları...

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidməti və Tibb Mərkəzində narazılıqlar höküm sürür. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, narazılıqların ilk səbəbi Tibb Xidməti və Tibb Mərkəzinin rəhbərlərinin fəaliyyətidir. Bildirək ki, FHN-nin Tibb Mərkəzi Tibb Xidmətinin tabeçiliyində fəaliyyət göstərir. Buna baxmayaraq, Tibb Mərkəzinin rəisi, polkovnik Xanım Sofiyeva özünü tam müstəqil qurumun rəhbəri kimi aparır. Tibb Xidməti və Tibb Mərkəzinin rəsmi dövlət tədbirləri də Xanım Sofiyevanın rəhbərliyi ilə keçirilir. 16 dekabr 2014-cü ildə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun iştirakı ilə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində inşa olunmuş Tibb Xidmətinin Tibb Mərkəzinin yeni inzibati binasının açılışı edilsə də, hazırda bu müəssisənin fəaliyyəti iflic vəziyyətdədir. Nəticədə FHN-nin aşağı vəzifəli əməkdaşlarının sözügedən müəssisədə müalicə və müayinə olunmaları problemə çevirilib. Oraya müayinəyə gələn FHN işçilərinə başqa dövlət və özəl xəstəxanalara getmələri tövsiyyə edilir. Bu da ciddi nazrazılıqlara səbəb olur. Hazırda Tibb Mərkəzinin binası ilə FHN Bakı Regional Mərkəzinin binasının yerdəyişməsi prosesi gedir ki, bunun üçün külli miqdara maliyyə vəsaiti ayrılıb və bu iş Xanım Sofiyevaya tapşırılıb. Bakının "20 Yanvar” deyilən ərazisində yerləşən Bakı Regional Mərkəzinin binasında iki ilə yaxındır ki, yenidənqurma və təmir-bərpa işləri aparılır. Amma işlər bitmək bilmir. Hələ bu azmış kimi, onlarla şirkətə Tibb Mərkəzinin 100 min manatlarla borcu yaransa da, verilmir və iş məhkəmələrə kimi gedib çıxır. Nəticədə Biləcəri qəsəbəsində yerləşən Tibb Mərkəzində müalicə və müayinəyə gələn FHN işçiləri çıxılmaz vəziyətdə qalıblar. Onu da qeyd edək ki, sözügedən Tibb Mərkəzinin əksər tibbi avadanlıqları da yararsız hala düşüb. Xanım Sofiyevanın rəsmi olaraq tabe olduğu Tibb Xidmətinin rəisi, polkovnik Pərviz Vəliyev isə öz "işindədir". Belə ki, rəis anası Məhbubə Vəliyeva ilə dərman istehsalı və satışı ilə məşğul olur. Pərviz Vəliyevin anası hazırda "Gilan” şirkətində biyan kökü dərmanı istehsalının brend sahibidir. Qeyd edək ki, Tibb Xidmətinə məxsus dövlət nömrə nişanı "PF 065” olan avtomobil 11.000 AZN borc yarandığı üçün "Nurgun Motors" tərəfindən girov saxlanıb. Buna baxmayaraq, polkovnik rəhbəri olduğu qurumdan da pul qazanmağı unutmur.  Həmçinin qeyd edək ki, Tibb Xidmətində rəisin qohumları, dostları ilə bərabər, FHN generallarının yaxınları da çalışır. Pərviz Vəliyev yaxın dostunun oğlunu xidmətə təsərrüfat bölməsi üzrə rəis gətirib. Həmin şəxsə qanunsuz olaraq dövlət büdcəsi hesabına kirayə pulu ödəyir. Ümumi şöbədə çalışan Seyran Hacıyev Sumqayıt Regional Mərkəzinin sabiq rəisi, polkovnik Adil Hacıyevin oğludur.  FHN-nin Tibb Xidmətində ümumi şöbənin rəis müavini Sevinc Məmmədovanın qardaşı Bəhruz Məmmədov nazirlikdə Rəqəmsal Texnologiyalar və İnnovasiyaların İnkişafı Baş İdarəsinin rəisidir. Ümumi şöbənin rəisi Sevər Hacıyeva sabiq Yanğın Nəzarət Xidmətinin rəisi, general İsrail Əliyevin və general Sevda Şirinovanının yaxın qohumudur. Sevər Hacıyeva eyni zamanda nazir müavini Rəfail Mirzəyevin qızı Aida Mirzəyevanın rəfiqəsidir. Digər tərəfdən Pərviz Vəliyev anası Məhbubə Vəliyevanın iş yoldaşının qızını dərman şöbəsində işə qəbul etdirib. Dərman şöbəsinin digər işçisi nazir müavini, general Rəfail Mirzəyevin Fidan adlı bacısı qızıdır. Pərviz Vəliyev Xidmətin müalicə şöbəsinə isə nazir müavini Raqim Lətifovun bacısı qızı Könül Yaqubovanı rəis təyin edib. Bir müddət əvvəl qeyd etmişdik ki, Pərviz Vəliyev Bakının Binəqədi rayonunda evi, Badamdar, Maştağa qəsəbəsində, Mərdəkanda villaları, Qax rayonunda evi və fermasının olmasına baxmayaraq, dövlətdən kirayə pulu da alır. Bu xəbərdən sonra Pərviz Vəliyev sözügedən vəsaiti dövlət büdcəsinə qaytarmışdı. Amma əldə etdiyimiz məlumata görə, Pərviz Vəliyev kirayə pullarını özü üçün yenidən bərpa etdirib. Bütün bu işlərdə ona xidmətin maliyyə şöbəsinin rəisinin baş köməkçisi, Pərviz Vəliyevin yaxın dostu, eyni zamanda nazir müavini, general Raqim Lətifovun qohumu İlqar Əfəndiyev köməklik edir. FHN-nin nəzarət təftiş komissiyasının rəisi, "Tuz Qəşəm" ləqəbli Qəşəm Məmmədov da nədəsə Tibb Xidmətində kirayə pullarının qanunsuz olaraq verilməsinə göz yumur. Onu da qeyd edək ki, Qəşəm Məmmədovun qızı Dövlət Gömrük Komitəsində, oğlu isə 150 minlik avtomobillə dövlət qurumlarının birinə işə gedib-gəlir.

Nəcməddin Sadıkovun yaxın adamı azadlığa buraxıldı

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev və N saylı hərbi hissənin tağım komandiri müavini Elsevər Niftəliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Tərtər Hərbi Həhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hakim İlqar Əliyevin sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar əsassızdır. Hökmə əsasən Zahid Niftəliyevin əməli Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsindən 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddəsinə tövsif edilib. Z.Niftəliyev bu maddə ilə təqsirli bilinib, ona 10 min manat cərimə cəzası təyin edilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib, məhkəmə zalından birbaşa azadlığa buraxılıb. Təqsirləndirilən gizir Elsəvər Niftəliyevin isə əməlində cinayət tərkibi olmadığından ona bəraət verilib. Qeyd edək ki, Z.Niftəliyev və E.Niftəliyev Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər. Onlara qarşı Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olub külli miqdarda təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib. Zahid Niftəliyev həm də Cinayət Məcəlləsinin 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya səlahiyyət həddini aşma) maddələri ilə ittiham irəli sürülüb. Z.Niftəliyev rüşvət almaqdan əlavə hərbçiləri qanunsuz olaraq öz bağ evində işlətmətməkdə təqsirləndirilirdi.  Z.Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub. O, “Şlyapa Zahid” ləqəbi ilə tanınıb.

Ukrayna yalnız bir kiçik döyüşdə Rusiyanın 3 "Qrad"ını məhv etdi...-RƏSMİ-FOTO

Donetsk vilayətinin Baxmut şəhəri ərazisində Ukrayna əsgərləri rus işğalçılarının üç "BM-21"-"Qrad" reaktiv yaylım atəş sistemini məhv ediblər. "Qrad"lar düşmən xəttinin arxasında yerləşib, onların koordinatları xüsusi kəşfiyyat zamanı Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri bölmələrindən birinin operatorları tərəfindən aşkar edilib. Sozcu.az xəbər verir ki, bu haqda Ukrayna  Xüsusi Əməliyyat Qüvvələri öz telegram-kanalında bildirib. "Koordinatlar tez bir zamanda Müdafiə Qüvvələrindəki silahdaşlara təhvil verilib. Bütün texnika və canlı qüvvə artilleriyamızın "ləzzətli" atışları ilə məhv edilib", - məlumatda belə deyilir. Qeyd etmək lazımdır ki, ruslar "Qrad"lardan Ukraynanın dinc yaşayış məntəqələrinə dəfələrlə zərbələr endirib, buna görə də itkilər və çoxlu dağıntılar olub. "Qrad" mərmiləri 40 km-dən çox məsafəni qət edə bilir...

Cavanşir Feyziyevə məxsus olduğu bildirilən şirkətin DSX ilə məhkəmə çəkişməsi

Bakı Kommersiya Məhkəməsində deputat Cavanşir Feyziyevə məxsus (qeyri-rəsmi) “Avromed Company” şirkətinin Dövlət Sərhəd Xidmətinə qarşı iddiası üzrə məhkəmə iclası davam etdirilib. Sozcu.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Leyla Əliyevanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası iyulun 19-na təyin edilib. Qeyd: “Avromed Company” şirkəti Dövlət Sərhəd Xidmətini məhkəməyə verərək müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr və sair öhdəliklər üzrə mübahisələr barədə tələb irəli sürüb. Xatırlatma: “Avromed Company” 2002-ci ilin aprelindən fəaliyyətə başlayıb. Şirkət Azərbaycana xaricdən dərman gətirən şirkət kimi məşhurdur.

Bulvarda dekorativ ağaca zədə vuran qadın SAXLANILDI

Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vurulması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Sozcu.az-a bildirib ki, polis əməkdaşları tərəfindən həmin qadın müəyyən olunaraq saxlanılıb. O, izahatında törətdiyi əməli etiraf edib. Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Ötən ay zəhərlənmədən 7 nəfər ölüb

İyun ayında Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 683 nəfər müraciət edib. Sozcu.az Report-a istinadla xəbər verir ki, onlardan 105-i toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Xəstələrdən 37-si dərmandan, 24-ü sirkə turşusundan, 3-ü dəm qazından zəhərlənib. Digərlərindən 10-u etanol, 5-i anaflaksiya, 6-sı allergik reaksiya, 1-i botulizm, 17-si ilan sancması, 2-si arı sancması səbəbindən xəstəxanaya yerləşdirilib. Zəhərlənən şəxslərin 51-i qadın, 43-ü kişi, 11-i isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 3 nəfər sirkə turşusundan, 2 nəfər etanoldan, 1 nəfər dərmandan, 1 nəfər anafilaktik şokdan dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 5-i kişi, 2-si qadındır.

Sərhəddə 21 kq narkotik ələ keçirildi

Dövlət Sərhəd Xidməti (DSX) ümumən 21 kiloqram 745 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alıb. Sozcu.az DSX-nin Mətbuat Mərkəzinə istinadla xəbər verir ki, iyulun 2-də Yardımlı rayonunun Qaravuldaş kəndi yaxınlığında 5 kiloqram 870 qram narkotik vasitə ələ keçirilib. İyulun 3-də isə Cəlilabad rayon Yusifli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 kiloqram 480 qram narkotik vasitə aşkar olunaraq götürülüb. İyulun 4-də Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığında 5 kiloqram 395 qram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

"iPhone"larda zəlzələ bildirişi niyə aktiv olmur?

"Google" Zəlzələ Xəbərdarlıq Sistemi bu gün gecə Xəzər dənizində, 5,7 bal gücündə zəlzələni əvvəlcədən bildirib. Zəlzələdən 10-15 saniyə əvvəl sistem tərəfindən göndərilən xəbərdarlıq bildirişi sosial mediada da bir çox insan tərəfindən paylaşılıb. Sozcu.az Trend-ə istinadən bildirir ki, sistemin xəbərdarlıq bildirişi göndərməsi üçün cihazdakı məkan aktiv olmalıdır. Çünki bu sistem həm də ətrafdakı hər hansı vibrasiyanı aşkar etmək üçün məkan məlumatından istifadə edir. "Google" "Android" üçün Zəlzələ Xəbərdarlığı Sistemini aktivləşdirmək üçün aşağıdakı addımları yerinə yetirmək kifayətdir; 1) Parametrlər; 2) Məkan; 3) İnkişaf etmiş; 4) Zəlzələ Xəbərdarlıqları. Sözügedən proqram yalnız "Android" cihazları üçün əlçatandır. "iOS" üçün "Google" Zəlzələ Xəbərdarlığı sistemi aktiv deyil.

Röya keçmiş ərindən DANIŞDI: “Onu sevmirəm, hörmət edirəm”

Xalq artisti Röya Ayxan keçmiş həyatı yoldaşı Anar Cəlilovdan söz açıb.  Sozcu.az bizim.media-ya istinadən bildriir ki, sənətçi qonaq olduğu "Xəzər axşamı" verilişində fanatından gələn "Keçmiş həyat yoldaşınız Anar Cəlilovu sevirsiniz?" sualına cavabı ilə diqqət çəkib.  "Yox, ona hörmət edirəm. Çünki övladım Hüseynin atasıdır", - deyə Xalq artisti vurğulayıb.  Bu anda isə proqramın aparıcısı Mətanət Əliverdiyevanın "Elə demə, sevirsən" sözlərinə Röya "Elə demə, onun ailəsi var. Aləmi bir-birinə qatma (gülür). Qadın gərək sevdiyi şəxsdən dünyaya uşaq gətirsin ki, hər ikisinə də böyük sevgi bəsləsin" şərhini verib.   Qeyd edək ki, Röya 2008-ci ildə iş adamı Anar Cəlilovla ailə qurub. Bir il sonra onların Hüseyn adında övladı dünyaya gəlib. 2014-cü ildə isə cütlük boşanıb. Müğənni boşanandan sonra ailə qurmasa da, Anar 3-cü dəfə ailə qurub. A. Cəlilov "Çudo-Peçka" mağazalar şəbəkəsinin rəhbəri, iş adamı Çingiz Cəlilovun oğludur.  

Sağlam olmaq üçün nə vaxt yatmaq lazımdır?

Gec saatlarda yatıb çox yatmaq belə insanın sağlamlığına və rifahına mənfi təsir göstərə bilər. Buna görə də bu vərdişi dəyişdirmək lazımdır. Sozcu.az lent.az-a istinadən bildirir ki, bu barədə terapevt Mariya Timçenko məlumat verib. Mütəxəssis deyib ki, özünüzü daha ayıq hiss etməyə və sağlamlığınızı yaxşılaşdırmağa kömək edəcək cədvələ öyrəşmək hər kəsin səlahiyyətindədir. Bir neçə sadə məsləhət bu işdə sizə kömək edəcək. İlk növbədə həkim saat 23.00-dan əvvəl yatmağı tövsiyə edir. Gec yatmağa öyrəşmisinizsə, əvvəlcə çətin ola bilər, amma bir neçə gündən sonra yeni rejimə öyrəşəcəksiniz. İkinci vacib qayda odur ki, yuxu ən azı 7 saat davam etməlidir. Mütəxəssis məsləhət görüb ki, həm həftə sonlarında, həm də tətildə yuxu və fəaliyyət rejiminə riayət etmək məsləhətdir. Beləliklə, bədən üçün lazımsız stressdən qaçınırsınız. Həkim qeyd edir ki, yatmağa getmə vaxtı onun müddətindən az əhəmiyyət kəsb etmir. Məsələ burasındadır ki, saat 23.00-dan 3.00-a qədər yuxunun dərin mərhələsi başlayır. İnsanlar çox gec yatdıqda bu müddəti atlayır və ya qısaldırlar. Nəticədə, konsentrasiyanın pisləşməsinə, əsəbiliyə və pis əhval-ruhiyyəyə səbəb olan yuxu çatışmazlığı və zaman keçdikcə xroniki xəstəliklərin və ya sağlamlıq problemlərinin inkişafına kömək edə bilər. Yatmazdan əvvəl sakit bir mühit də vacibdir. Yatmazdan bir-iki saat əvvələr pərdələri möhkəm bağlamalı, televizoru və bütün gadgetları söndürməlisiniz. Həkim izah edir: ekranı mavi işıq spektrində işləyən bütün qadcetlər melatonin istehsalını maneə törədir. Yuxuya təsir edən əsas hormondur. Yatmadan əvvəl pəhrizə riayət etmək eyni dərəcədə vacibdir - yəni yatmazdan 2-3 saatdan gec olmayaraq şam yeməyin.

Zelenski Baydenə müraciət etdi: Bu, sizdən asılıdır!

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Co Baydeni Ukraynanı NATO-ya elə indi dəvət etməyə çağırıb. Sozcu.az xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində deyib. “Ukraynanın NATO-ya daxil olub-olmaması ilə bağlı qərar Baydendən asılıdır və Kiyevin bu siqnalı alması çox vacibdir. Bayden bizim NATO-dakı gələcəyimizi dəstəkləyir. Amma indi NATO-ya dəvət Ukrayna əsgərləri üçün böyük stimul olardı”, - o bildirib.

Azərbaycanda bu qadağa aradan götürüldü

Balıqların kürütökmə dövrü ilə əlaqədar ölkə ərazisində 1 may 2023-cü il tarixindən balıq və digər su bioresurslarının idman və həvəskar ovuna tətbiq edilmiş qadağa başa çatıb. İdman və həvəskar balıq ovu ilə məşğul olanlar göstərilən tələblərə əməl etməklə 1 iyul tarixindən ov edə bilərlər. Bu barədə Sozcu.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən xəbər verilib. Balıq və digər su bioresurslarının idman və həvəskar ovuna icazə verilən ov alətləri aşağıdakılardır: - hər bir ov alətində qarmaqların sayı 3 ədəddən, qarmaqların ümumi sayı 7 ədəddən çox olmamaq şərtilə tilov; - lövbərciklə ağırlaşdırılmış balıqcıqlar (metaldan) ilə, tilov ipinin uzunluğu 30 m-dən, diametri 0,7 mm-dən artıq, qarmağın ölçüsü 12 nömrədən çox olan tilovlar; - bir nəfərin istifadəsi üçün diametri 0,5 m-dən kiçik 1 ədəd domca və ya xərçəngtoplayan. Ovlanan balıq və digər su bioresurslarının miqdarına aşağıdakı məhdudiyyətlər tətbiq edilir: - gün ərzində 10 ədəddən çox olmayan xərçəng; - gün ərzində 0,5 kq-dan artıq olmayan krevet və digər onurğasızlar; -balıqçılıq su obyektində olduğu müddətdə 5 kq-dan çox olmayaraq balıqlar (ovlanmış bir balığın çəkisinin 5 kq-dan çox olması halları istisna edilir). Qeyd edək ki, Şabran limanını Xəzər dənizi ilə birləşdirən kanal və onun mənsəbindən hər iki tərəfə 1 km, dənizə doğru 2 km-lik ərazilərdə qadağa müddəti 15 avqust tarixində bitəcək. Balıq və digər su bioresurslarının sənaye ovuna tətbiq edilmiş qadağa isə sentyabr ayının 1-dək qüvvədə saxlanılır.

“Zəlzələ hökmən gecə baş verməlidir, ya səhər” deyə bir şey yoxdur"

Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli zəlzələnin daha çox gecə saatlarında baş verməsi ilə bağlı suallara aydınlıq gətirib. Sozcu.az xəbər verir ki, Q.Yetirmişli məsələni belə şərh edib: “2012-ci ildə Zaqatalada zəlzələ səhər baş vermişdi. Ağsu zəlzələsi də 2018-ci ildə səhər olmuşdu. “Zəlzələ hökmən gecə baş verməlidir, ya səhər” deyə bir şey yoxdur. Ani bir proses istənilən vaxt baş verə bilər”, - direktor qeyd edib.

Direktor: “Azərbaycan zəlzələ zonasıdır”

“Azərbaycanda zəlzələnin 20-25 ildən bir təkrarlanma məsələsi çox vaxt özünü doğrultmur. Keçən əsrin əvvəlində 1902-ci ildə Şamaxıda güclü zəlzələ oldu, maqnitudası 6,9-7 idi. Nə qədər insan tələfatı, dağıntılar oldu. Şükürlər olun ki, o vaxtdan bəri elə bir zəlzələ təkrarlanmayıb”. Sozcu.az xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib. Q.Yetirmişlinin sözlərinə görə, Yerin daxilində gedən proseslər nəzəriyyə ilə çox vaxt uyğun gəlmir: “2012, 2015, 2017-ci ildə olan zələzələlər təkrarlanmadır? Bunun heç bir qanunauyğunluğu yoxdur. Axşam baş vermiş zəlzələ 10 saniyədən bir az artıq olub. Çox şaiyələr yayılır ki, Azərbaycanda zəlzələ gözlənilmir. Kim deyir ki gözlənilmir? Azərbaycan zəlzələ zonasıdır, zəlzələlər olacaq. Amma qısamüddətli proqnoz məsələsi yoxdur”.

Ukrayna əks-hücumu: bir gecədə azad edilən ərazi...

Ukrayna Silahlı Qüvvələri cəbhənin ən azı dörd sektorunda əks-hücum əməliyyatlarını davam etdirib və irəliləyib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. “Baxmut bölgəsində, Donetsk və Zaporojye vilayətlərinin qərb sərhədində və Zaporojye vilayətinin qərbində əks-hücum əməliyyatı davam edir. Ukrayna Silahlı Qüvvələri ölkənin şərqində 9 kvadrat kilometr ərazini geri alıb və geolokasiya görüntüləri onların Baxmutdan cənub-qərbə doğru irəlilədiyini göstərir. Onlar Zaporojye vilayətinin qərb hissəsindəki Orexovdan cənubda irəliləyiş əldə ediblər. Döyüşlərin geolokasiya görüntülərində Ukrayna qüvvələrinin Klişçiyevkanın qərbindəki meşə kənarına doğru da irəlilədiyi əks olunur. Ukrayna ordusu Klişçiyevka, Kurdyumovka və Ozaryanovka ərazilərində qurudan zərbələr endirib, burada “lxr”in 2-ci ordu korpusunun 4-cü briqadasının bölmələri onlara müqavimət göstərib. Svyato-Kremennoy xəttində və Kremennoyun cənubunda da döyüşlər gedir. Kremennoy ərazisində çeçen xüsusi təyinatlıları “Əhməd”in fəaliyyəti davam edir. Eyni zamanda, Kremennoy ərazisində 228-ci qvardiya motoatıcı alayının bölmələri (90-cı qvardiya tank diviziyası, Mərkəzi Hərbi Dairə), Beloqorovka ərazisində isə “lxr”in 2-ci Ordu Korpusunun 85-ci briqadası müqavimət göstərir”, - məlumatda bildirilib.

Neft yenidən ucuzlaşdı

Dünya birjalarında neft qiymətləri yenidən ucuzlaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 75,04 dollara, yüngül neftin bir barreli isə 70,18 dollara satılır.

Rusiyanın itkiləri 231 mini keçdi

Ukrayna müharibənin 496-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 231 030 hərbçi, 4059 ədəd tank, 7908 ədəd zirehli döyüş maşını, 4252 ədəd artilleriya sistemi, 647 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 394 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 309 ədəd helikopter, 6843 ədəd avtomobil texnikası, 3602 ədəd PUA, 1264 qanadlı raket, 18 gəmi/qayıq, 590 xüsusi avadanlıq itirib.

Neymar gölməçəyə görə 3,3 milyon dollar cərimələndi

PSJ və Braziliya millisinin hücumçusu Neymar Manqaratiba şəhərindəki mülkündə süni gölməçə və üzgüçülük sahəsi tikdiyi üçün 16 milyon real (3,3 milyon dollardan çox) cərimələnib. Sozcu.az xəbər verir ki, bu barədə G1 portalı məlumat yayıb. Məlumata görə, yerli prokurorluq futbolçunu iş üçün lazımi ekoloji nəzarətin olmamasında ittiham edib. O, həmçinin “torpağı qazıb daşımaqda” və “bitki örtüyünü məhv etməkdə” ittiham olunur.

Zəlzələ ilə bağlı təcili yardıma nə qədər müraciət edilib?

İyulun 4-ü saat 00:01 radələrində qeydə alınan zəlzələ ilə bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 34 nəfər müraciət edib. Sozcu.az xəbər verir ki, bu barədə Report-a TƏBİB-dən bildirilib. Məlumata görə, müraciət edənlərdən 26-sı qadın, 5-i kişi, 3-ü uşaq olub. Qeyd olunub ki, müraciət edənlərdən 32 nəfərə yerində yardım göstərilib, 2 nəfər isə aidiyyəti üzrə tibb müəssisəsinə təxliyə olunub: "Müraciətlər əsasən arterial təzyiq, stresə qarşı reaksiya, travma, bədənin müxtəlif hissələrində olan ağrılarla bağlı olub".

Zəlzələ neçə bal olub? Rəqəmlər niyə düz gəlmir?

Bu gün saat 00:01-də Xəzər dənizinin Azərbaycan sektorunda (şimal ərazisində) baş verən zəlzələ ilə bağlı məlumatların üst-üstə düşməməsi diqqət çəkir. Sozcu.az xəbər verir ki, Respublika Seysmoloji Mərkəzi zəlzələnin Quba yaxınlığında, Xəzər dənizində 41.47 N və 49.08 E koordinatında, 65 km dərinlikdə, 5,5 maqnitudada olduğunu bildirir. Mərkəz qeyd edir ki, zəlzələ Quba, Xaçmaz, Şabran, Siyəzəndə 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub. Rusiya Fövqəladə Hallar Nazirliyinin Dağıstan İdarəsi bildirib ki, zəlzələ Dərbənddən 100 km cənubda, Xəzər dənizinin Azərbaycan hissəsində baş verib: dərinlik 10 km, maqnitudada isə 5,9 bal. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin açıqlamasında isə Xaçmazın 46 km şimal-şərqində, Xəzər dənizində baş verən zəlzələnin maqnitudasının 5,4 bal olduğu açıqlanıb. Zəlzələ ocağının 35 km dərinlikdə yerləşdiyi qeyd edilib. Göründüyü kimi, zəlzələnin gücü və baş vermə dərinliyi ilə bağlı məlumatlar üst-üstə düşmür.

Sülh müqaviləsinin hazırlanması prosesində ABŞ-ın səyləri...

Hazırda Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün əlverişli şərait formalaşmışdır. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsinin hazırlanması prosesində ABŞ-ın səylərini yüksək qiymətləndiririk. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə ABŞ-ın milli bayramı – Müstəqillik Günü münasibətilə ünvanlandığı təbrik məktubunda bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, bu gün bir sıra sahələrdə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ABŞ-la əlaqələrimizi daha da genişləndirmək əzmindəyik. “Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-ABŞ tərəfdaşlığının inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylərimizi dövlətlərimizin maraqları və xalqlarımızın mənafeyi naminə bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Müasir tələblərə cavab verən seysmoloji xəritəmiz yoxdur

Azərbaycanın müasir tələblərə cavab verən seysmoloji xəritəsi yoxdur. Sozcu.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Xəzər dənizində baş vermiş zəlzələyə dair keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, hazırda Fövqəladə Hallar Nazirliyi ilə birlikdə bu istiqamətdə işlər aparılır. O bildirib ki, Azərbaycanda bu xəritə ən son 1957-ci ildə olub: "Bizim tərəfdən yeni xəritə üçün təklif verildi və işlər aparılır". Qeyd edək ki, yerli vaxtla iyulun 4-ü saat 00:01-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ Quba, Xaçmaz, Şabran, Siyəzəndə 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub. Təkanların maqnitudası 5,5, dərinliyi isə 65 km olub. Dağıntı və tələfat olmayıb.

Qurban Yetirmişlidən daha bir açıqlama: “Hamı evində rahat yata bilər”

"Sosial şəbəkələrdə yenidən zəlzələ olacağı ilə bağlı yayılan məlumatlar tamamilə yalandır. Hamısı təxribat xarakterlidir, xalqı çaşdırmaq üçündür. Xırda təknalar var, üçü-dördü olub, heç biri də hiss olunmayıb. Afterşoklar olmalıdır, amma güclü təkan gözlənilmir. Bu məlumatları hansı əsasa görə verirlər?” Sozcu.az xəbər verir ki, bu sözləri pravda.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. "Heç kim narahat olmasın. Hamı evində rahat yata bilər", - o bildirib.