Qardaşı ilə birgə 17 yaşlı qızı qaçırdı

Sabirabad Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Qaragüney kənd sakini olan 17 yaşlı bir qızın naməlum şəxslər tərəfindən qaçırılması barədə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sozcu.az-a bildirilib ki, daxil olan məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən həmin kənd sakinləri Elgün Nurəhmədov, Vasif Nurəhmədov və Hüseyn Hüseynzadə müəyyən edilərək istintaqa cəlb olunublar. Dindirilmə zamanı E.Nurəhmədov həmkəndlisi olan qızı qardaşının və tanışının köməkliyi ilə evlənmək məqsədilə qaçırdığını bildirib. Hadisədən sonra qız ailəsinə təhvil verilib. Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 144.3-cü (Adam oğurluğu - bu Məcəllənin 144.1 və 144.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Araşdırmalar davam etdirilir.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 497-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 231 700 hərbçi, 4062 ədəd tank, 7917 ədəd zirehli döyüş maşını, 4288 ədəd artilleriya sistemi, 656 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 395 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 309 ədəd helikopter, 6865 ədəd avtomobil texnikası, 3614 ədəd PUA, 1264 qanadlı raket, 18 gəmi/qayıq, 598 xüsusi avadanlıq itirib.

MN təkzib etdi: Ordumuz atəş açmayıb

Azərbaycan Ordusunun Ağdərə istiqamətini guya iriçaplı silahlardan istifadə etməklə atəşə tutması erməni dezinformasiya maşının növbəti və deqradasiyaya uğramış təkrar yalanıdır. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən bildirilib. “Azərbaycan Ordusunun hədəfi heç vaxt mülki obyektlər olmayıb”, - məlumatda bildirilib.

Szinpin Putinə xəbərdarlıq etdi

Çin lideri Si Szinpin Rusiya Prezidenti Vladimir Putinə Ukraynada nüvə silahından istifadəyə qarşı xəbərdarlıq edib. Sozcu.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” Qərb və Çin rəsmilərinə istinadən məlumat yayıb. Qeyd olunur ki, Putin və Szinpin Çin liderinin 2023-cü ilin martında Moskvaya səfəri zamanı bu məsələni müzakirə ediblər: “Bu, Çin dövlət başçısının Moskvanı səssiz dəstəyinə baxmayaraq, Ukrayna münaqişəsindən narahat olduğunu göstərir”.

Erməni hərbi elementləri tərk-silah edilməlidir!

Münaqişə başa çatdıqdan az sonra Azərbaycan Ermənistanla bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaq üçün beş əsas prinsipini təqdim edib. Sozcu.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı səsləndirib. “Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərksilah edilməli və tərxis olunmalıdır.

Əsas vəzifəmiz: 29,8 min kv.km ərazi və Qarabağdakı ermənilər...

Xarici təhlükəsizlik sahəsində problemlərimiz hər birinizə məlumdur və burada biz çox ciddi çağırışlarla üzləşmişik. Eyni zamanda, əminəm ki, hökumətin qəbul etdiyi sülh gündəliyinin alternativi yoxdur, çünki sülh bizim suverenliyimizin və təhlükəsizliyimizin ən etibarlı amilidir. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Konstitusiya Günü münasibətilə xalqa müraciətində deyib. “Sülh gündəliyinin həyata keçirilməsi sadə səbəbə görə təmin edilmir ki, bu, təkcə bizdən asılı deyil. Biz sülhə nail olmaq üçün bütün qanuni səyləri göstərməliyik. Bu kontekstdə Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi və 29,8 min kv.km əraziyə malik Ermənistan Respublikasının ərazi bütövlüyünün tanınması üçün müvafiq mexanizmlərin yaradılması əsas əhəmiyyət kəsb edir”.

Əsgərlikdən yayınmaq üçün saxta rəy verən həkim İFŞA OLUNDU

Hərbi xidmətə yararsız olmaya dair saxta tibbi rəy verməkdə təqsirləndirilən həkim məsuliyyətə cəlb olunub. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, “Sabunçu Tibb Mərkəzi” Publik Hüquqi Şəxsdə şöbə müdiri vəzifəsində işləyən Qaracayev İlqar Qaraca oğlunun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin istintaqı aparılır. Belə ki, İlqar Qaracayevin qeyd olunan vəzifədə işləyərkən hərbi xidmətə yararlı olan ayrı-ayrı çağırışçıların hərbi xidmətə yararsız hesab edilmələri barədə saxta tibbi rəylərin verilməsi müqabilində onlardan 18 min manatdan artıq məbləğində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanmış ilkin sübutlar əsasında İlqar Qaracayevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən istifadə etmə), 311.3.2 (təkrar rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilərək səhhəti və yaşı nəzərə alınmaqla barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Hakan Fidan Bakıya gəlir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində o, Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısına qatılacaq, həmçinin bir sıra ikitərəfli görüşlər keçirəcək.

“Putin Qarabağdakı baş separatçının məktubuna hansısa bir reaksiya verəcəksə...”

“Bu, faktiki olaraq Rusiya dövlətinin Azərbaycan torpağındakı həmin separatçı qurumu tanıması və onunla əməkdaşlıq etməsi anlamına gələcək...” “Hesab edirəm ki, Arayik Arutyunyanın Putinə göndərdiyi məktublar ünvanına çatır. Burada heç bir problem olmamalıdır. Əks halda belə bir məktubun yazılmasına və bu haqda məlumatın yayılmasına da gərək olmazdı. Bu, texniki məsələdir”.  Bunu Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu “Sizcə, Xankəndindəki separatçı qurumdan gedən müraciətlərin məğzi şəxsən Rusiya diktatoru Putinə çatdırılırmı? Arayiklə ünsiyyəti kim qurur, ona hansı yollarla cavab verilir?” sualını cavablandırarkən söyləyib. “Həmin məktublar Ermənistan vasitəsi ilə də, Qarabağın dağlıq hissəsində dislokasiya olunmuş işğalçı Rusiya qoşunlarının komandanlığı vasitəsilə də çatdırıla bilər. Əvvəlcədən bəllidir ki, Qarabağda yalnız Rusiya ordu birləşmələri deyil, həm də bu ökənin xüsusi xidmət orqanları, eləcə də digər dövlət və hökumət orqanlarının əməkdaşları da var” -deyə analitik davamında bildirib.  “Qaldı həmin məktublara verilən reaksiyaya, Arayikin Putindən nə istədiyini və Putinin indiki vəziyyətdə Qarabağdakı separatçılara  nə verə biləcəyini bulmirik. Amma hər bir halda əgər Rusiya Arayikin məktubuna cavab verərsə, Azərbaycan  hökmən buna qəti reaksiya verməli və Kremldən  izahat tələb etməlidir. Ona görə ki Azərbaycan Respublikasının ərazisində hər hansı bir qondarma “dağlıq qarabağ respublikası” və yaxud “artsax respublikası” və ya başqa bir adda heç bir qurum yoxdur. Oradakı vəziyyət 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda öz əksini tapıb. Və həmin sənəddə də Azərbaycanın Qarabağ ərazisindəki hansısa bir qurumdan söhbət getmir, orada yalnız Qarabağdakı erməni icmasından bəhs edilir. Odur ki, Azərbaycan Respublikası hökuməti belə məsələlərə həssas və ani reaksiya verməlidir ki, bu cür işlər adi praktikaya çevrilməsin. Çünki əgər Putin  baş separatçı Arayik Arutyunyanın müraciətinə hər hansı bir şəkildə reaksiya verəcəksə, bu, faktiki olaraq Rusiya dövlətinin Qarabağdakı separatçı qurumu tanıması və onunla əməkdaşlıq etməsi anlamına gələcək”- deyə ekspert vurğulayıb.

Bələdiyyə sədri məhkəmə binasında vəfat etdi

Kürdəmirdə bələdiyyə sədri anidən dünyasını dəyişib. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb. Belə ki, rayonun Karrar kənd bələdiyyəsinin sədri Sahib Cəfərov rayon məhkəməsinin inzibati binasına daxil olarkən halı pisləşib və o yıxılaraq huşunu itirib. Ətrafdakı insanlar onu xəstəxanaya çatdırmaq istəsələr də, Sahib Cəfərov ürəktutmasından dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb. Qeyd edək ki, Sahib Cəfərov bir müddət əvvəl ürəyindən cərrahiyə əməliyyatı keçirib. Faktla bağlı araşdırma aparılır.

İstanbulda güclü partlayış baş verdi: yaralılar var

İstanbulun Çekmeköy səmtində binada güclü partlayış baş verib. Sozcu.az Türkiyə mediasına istinadən xəbər verir ki, dördmərtəbəli binada yerləşən mənzildə baş verən partlayışın təbii qazdan qaynaqlandığı bildirilib. İlkin məlumata görə, partlayış zamanı 3 nəfər xəsarət alıb. Partlayışdan sonra güclü yanğın baş verib, əraziyə yanğınsöndürənlər cəlb edilib. Bildirilir ki, partlayışın baş verdiyi mənzildə əcnəbi bir qadın yaşayıb.

Türkiyə ordusu 65 terrorçunu məhv edib - Yerlikaya

Türkiyə ordusu iyun ayında 65 terrorçu məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerlikaya məlumat yayıb. “Keçən ay 43-ü böyük və orta olmaqla, terror təşkilatına qarşı ümumilikdə 13 min 138 əməliyyat keçirilib. Bu əməliyyatlarda 418 nəfər saxlanılıb, 112 nəfər həbs edilib”, - nazir qeyd edib.

Bizə deyirlər ki, gedin, azərbaycanlıları inandırın - Arayik

Azərbaycan deyir ki, masaya oturmaq üçün ilk növbədə silahlı erməni dəstələri Qarabağdan çıxarılmalıdır.  Sozcu.az xəbər verir ki, bunu erməni separatçılarının başçısı Arayik Arutyunyan deyib. O, Bakının danışıqlar üçün bir sıra şərtlər irəli sürdüyünü söyləyib. “Bakı yalnız bir mövzunu müzakirə edir: inteqrasiya. İkinci mövzu müzakirə olunmur. Bəziləri bizə deyir, gedin, onları inandırın, müzakirə edin. Azərbaycan deyir ki, masa arxasına oturmaq üçün birinci “özünümüdafiə ordusu” buraxılmalıdır”,- Arayik deyib. Baş separatçı Azərbaycanın təkliflərini qəbul etməyərək, "müqavimət" göstərəcəklərini vurğulayıb. “Sonrakı ardıcıllıq belə olacaq: ordunu dağıdırıq, “dövlət idarəetmə” sistemini dağıdırıq, bələdiyyə seçkiləri mexanizmi yaradırıq, bundan sonra qaz, işıq verilir və Azərbaycan vətəndaşı kimi avtomobil yolu ilə gedə bilirik. Bizim edəcəyimiz iki iş var: özünümüdafiə və müqaviməti artırmaq”,- o qeyd edib.

FHN-də bir qurumun iki rəisi var - Tibbi müayinə ala bilməyən nazirlik əməkdaşları...

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidməti və Tibb Mərkəzində narazılıqlar höküm sürür. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, narazılıqların ilk səbəbi Tibb Xidməti və Tibb Mərkəzinin rəhbərlərinin fəaliyyətidir. Bildirək ki, FHN-nin Tibb Mərkəzi Tibb Xidmətinin tabeçiliyində fəaliyyət göstərir. Buna baxmayaraq, Tibb Mərkəzinin rəisi, polkovnik Xanım Sofiyeva özünü tam müstəqil qurumun rəhbəri kimi aparır. Tibb Xidməti və Tibb Mərkəzinin rəsmi dövlət tədbirləri də Xanım Sofiyevanın rəhbərliyi ilə keçirilir. 16 dekabr 2014-cü ildə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun iştirakı ilə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində inşa olunmuş Tibb Xidmətinin Tibb Mərkəzinin yeni inzibati binasının açılışı edilsə də, hazırda bu müəssisənin fəaliyyəti iflic vəziyyətdədir. Nəticədə FHN-nin aşağı vəzifəli əməkdaşlarının sözügedən müəssisədə müalicə və müayinə olunmaları problemə çevirilib. Oraya müayinəyə gələn FHN işçilərinə başqa dövlət və özəl xəstəxanalara getmələri tövsiyyə edilir. Bu da ciddi nazrazılıqlara səbəb olur. Hazırda Tibb Mərkəzinin binası ilə FHN Bakı Regional Mərkəzinin binasının yerdəyişməsi prosesi gedir ki, bunun üçün külli miqdara maliyyə vəsaiti ayrılıb və bu iş Xanım Sofiyevaya tapşırılıb. Bakının "20 Yanvar” deyilən ərazisində yerləşən Bakı Regional Mərkəzinin binasında iki ilə yaxındır ki, yenidənqurma və təmir-bərpa işləri aparılır. Amma işlər bitmək bilmir. Hələ bu azmış kimi, onlarla şirkətə Tibb Mərkəzinin 100 min manatlarla borcu yaransa da, verilmir və iş məhkəmələrə kimi gedib çıxır. Nəticədə Biləcəri qəsəbəsində yerləşən Tibb Mərkəzində müalicə və müayinəyə gələn FHN işçiləri çıxılmaz vəziyətdə qalıblar. Onu da qeyd edək ki, sözügedən Tibb Mərkəzinin əksər tibbi avadanlıqları da yararsız hala düşüb. Xanım Sofiyevanın rəsmi olaraq tabe olduğu Tibb Xidmətinin rəisi, polkovnik Pərviz Vəliyev isə öz "işindədir". Belə ki, rəis anası Məhbubə Vəliyeva ilə dərman istehsalı və satışı ilə məşğul olur. Pərviz Vəliyevin anası hazırda "Gilan” şirkətində biyan kökü dərmanı istehsalının brend sahibidir. Qeyd edək ki, Tibb Xidmətinə məxsus dövlət nömrə nişanı "PF 065” olan avtomobil 11.000 AZN borc yarandığı üçün "Nurgun Motors" tərəfindən girov saxlanıb. Buna baxmayaraq, polkovnik rəhbəri olduğu qurumdan da pul qazanmağı unutmur.  Həmçinin qeyd edək ki, Tibb Xidmətində rəisin qohumları, dostları ilə bərabər, FHN generallarının yaxınları da çalışır. Pərviz Vəliyev yaxın dostunun oğlunu xidmətə təsərrüfat bölməsi üzrə rəis gətirib. Həmin şəxsə qanunsuz olaraq dövlət büdcəsi hesabına kirayə pulu ödəyir. Ümumi şöbədə çalışan Seyran Hacıyev Sumqayıt Regional Mərkəzinin sabiq rəisi, polkovnik Adil Hacıyevin oğludur.  FHN-nin Tibb Xidmətində ümumi şöbənin rəis müavini Sevinc Məmmədovanın qardaşı Bəhruz Məmmədov nazirlikdə Rəqəmsal Texnologiyalar və İnnovasiyaların İnkişafı Baş İdarəsinin rəisidir. Ümumi şöbənin rəisi Sevər Hacıyeva sabiq Yanğın Nəzarət Xidmətinin rəisi, general İsrail Əliyevin və general Sevda Şirinovanının yaxın qohumudur. Sevər Hacıyeva eyni zamanda nazir müavini Rəfail Mirzəyevin qızı Aida Mirzəyevanın rəfiqəsidir. Digər tərəfdən Pərviz Vəliyev anası Məhbubə Vəliyevanın iş yoldaşının qızını dərman şöbəsində işə qəbul etdirib. Dərman şöbəsinin digər işçisi nazir müavini, general Rəfail Mirzəyevin Fidan adlı bacısı qızıdır. Pərviz Vəliyev Xidmətin müalicə şöbəsinə isə nazir müavini Raqim Lətifovun bacısı qızı Könül Yaqubovanı rəis təyin edib. Bir müddət əvvəl qeyd etmişdik ki, Pərviz Vəliyev Bakının Binəqədi rayonunda evi, Badamdar, Maştağa qəsəbəsində, Mərdəkanda villaları, Qax rayonunda evi və fermasının olmasına baxmayaraq, dövlətdən kirayə pulu da alır. Bu xəbərdən sonra Pərviz Vəliyev sözügedən vəsaiti dövlət büdcəsinə qaytarmışdı. Amma əldə etdiyimiz məlumata görə, Pərviz Vəliyev kirayə pullarını özü üçün yenidən bərpa etdirib. Bütün bu işlərdə ona xidmətin maliyyə şöbəsinin rəisinin baş köməkçisi, Pərviz Vəliyevin yaxın dostu, eyni zamanda nazir müavini, general Raqim Lətifovun qohumu İlqar Əfəndiyev köməklik edir. FHN-nin nəzarət təftiş komissiyasının rəisi, "Tuz Qəşəm" ləqəbli Qəşəm Məmmədov da nədəsə Tibb Xidmətində kirayə pullarının qanunsuz olaraq verilməsinə göz yumur. Onu da qeyd edək ki, Qəşəm Məmmədovun qızı Dövlət Gömrük Komitəsində, oğlu isə 150 minlik avtomobillə dövlət qurumlarının birinə işə gedib-gəlir.

Nəcməddin Sadıkovun yaxın adamı azadlığa buraxıldı

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev və N saylı hərbi hissənin tağım komandiri müavini Elsevər Niftəliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Tərtər Hərbi Həhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hakim İlqar Əliyevin sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar əsassızdır. Hökmə əsasən Zahid Niftəliyevin əməli Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsindən 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddəsinə tövsif edilib. Z.Niftəliyev bu maddə ilə təqsirli bilinib, ona 10 min manat cərimə cəzası təyin edilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib, məhkəmə zalından birbaşa azadlığa buraxılıb. Təqsirləndirilən gizir Elsəvər Niftəliyevin isə əməlində cinayət tərkibi olmadığından ona bəraət verilib. Qeyd edək ki, Z.Niftəliyev və E.Niftəliyev Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər. Onlara qarşı Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olub külli miqdarda təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib. Zahid Niftəliyev həm də Cinayət Məcəlləsinin 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya səlahiyyət həddini aşma) maddələri ilə ittiham irəli sürülüb. Z.Niftəliyev rüşvət almaqdan əlavə hərbçiləri qanunsuz olaraq öz bağ evində işlətmətməkdə təqsirləndirilirdi.  Z.Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub. O, “Şlyapa Zahid” ləqəbi ilə tanınıb.

Ukrayna yalnız bir kiçik döyüşdə Rusiyanın 3 "Qrad"ını məhv etdi...-RƏSMİ-FOTO

Donetsk vilayətinin Baxmut şəhəri ərazisində Ukrayna əsgərləri rus işğalçılarının üç "BM-21"-"Qrad" reaktiv yaylım atəş sistemini məhv ediblər. "Qrad"lar düşmən xəttinin arxasında yerləşib, onların koordinatları xüsusi kəşfiyyat zamanı Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri bölmələrindən birinin operatorları tərəfindən aşkar edilib. Sozcu.az xəbər verir ki, bu haqda Ukrayna  Xüsusi Əməliyyat Qüvvələri öz telegram-kanalında bildirib. "Koordinatlar tez bir zamanda Müdafiə Qüvvələrindəki silahdaşlara təhvil verilib. Bütün texnika və canlı qüvvə artilleriyamızın "ləzzətli" atışları ilə məhv edilib", - məlumatda belə deyilir. Qeyd etmək lazımdır ki, ruslar "Qrad"lardan Ukraynanın dinc yaşayış məntəqələrinə dəfələrlə zərbələr endirib, buna görə də itkilər və çoxlu dağıntılar olub. "Qrad" mərmiləri 40 km-dən çox məsafəni qət edə bilir...

Cavanşir Feyziyevə məxsus olduğu bildirilən şirkətin DSX ilə məhkəmə çəkişməsi

Bakı Kommersiya Məhkəməsində deputat Cavanşir Feyziyevə məxsus (qeyri-rəsmi) “Avromed Company” şirkətinin Dövlət Sərhəd Xidmətinə qarşı iddiası üzrə məhkəmə iclası davam etdirilib. Sozcu.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Leyla Əliyevanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası iyulun 19-na təyin edilib. Qeyd: “Avromed Company” şirkəti Dövlət Sərhəd Xidmətini məhkəməyə verərək müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr və sair öhdəliklər üzrə mübahisələr barədə tələb irəli sürüb. Xatırlatma: “Avromed Company” 2002-ci ilin aprelindən fəaliyyətə başlayıb. Şirkət Azərbaycana xaricdən dərman gətirən şirkət kimi məşhurdur.

Bulvarda dekorativ ağaca zədə vuran qadın SAXLANILDI

Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vurulması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Sozcu.az-a bildirib ki, polis əməkdaşları tərəfindən həmin qadın müəyyən olunaraq saxlanılıb. O, izahatında törətdiyi əməli etiraf edib. Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Ötən ay zəhərlənmədən 7 nəfər ölüb

İyun ayında Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 683 nəfər müraciət edib. Sozcu.az Report-a istinadla xəbər verir ki, onlardan 105-i toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Xəstələrdən 37-si dərmandan, 24-ü sirkə turşusundan, 3-ü dəm qazından zəhərlənib. Digərlərindən 10-u etanol, 5-i anaflaksiya, 6-sı allergik reaksiya, 1-i botulizm, 17-si ilan sancması, 2-si arı sancması səbəbindən xəstəxanaya yerləşdirilib. Zəhərlənən şəxslərin 51-i qadın, 43-ü kişi, 11-i isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 3 nəfər sirkə turşusundan, 2 nəfər etanoldan, 1 nəfər dərmandan, 1 nəfər anafilaktik şokdan dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 5-i kişi, 2-si qadındır.

Sərhəddə 21 kq narkotik ələ keçirildi

Dövlət Sərhəd Xidməti (DSX) ümumən 21 kiloqram 745 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alıb. Sozcu.az DSX-nin Mətbuat Mərkəzinə istinadla xəbər verir ki, iyulun 2-də Yardımlı rayonunun Qaravuldaş kəndi yaxınlığında 5 kiloqram 870 qram narkotik vasitə ələ keçirilib. İyulun 3-də isə Cəlilabad rayon Yusifli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 kiloqram 480 qram narkotik vasitə aşkar olunaraq götürülüb. İyulun 4-də Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığında 5 kiloqram 395 qram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

"iPhone"larda zəlzələ bildirişi niyə aktiv olmur?

"Google" Zəlzələ Xəbərdarlıq Sistemi bu gün gecə Xəzər dənizində, 5,7 bal gücündə zəlzələni əvvəlcədən bildirib. Zəlzələdən 10-15 saniyə əvvəl sistem tərəfindən göndərilən xəbərdarlıq bildirişi sosial mediada da bir çox insan tərəfindən paylaşılıb. Sozcu.az Trend-ə istinadən bildirir ki, sistemin xəbərdarlıq bildirişi göndərməsi üçün cihazdakı məkan aktiv olmalıdır. Çünki bu sistem həm də ətrafdakı hər hansı vibrasiyanı aşkar etmək üçün məkan məlumatından istifadə edir. "Google" "Android" üçün Zəlzələ Xəbərdarlığı Sistemini aktivləşdirmək üçün aşağıdakı addımları yerinə yetirmək kifayətdir; 1) Parametrlər; 2) Məkan; 3) İnkişaf etmiş; 4) Zəlzələ Xəbərdarlıqları. Sözügedən proqram yalnız "Android" cihazları üçün əlçatandır. "iOS" üçün "Google" Zəlzələ Xəbərdarlığı sistemi aktiv deyil.

Röya keçmiş ərindən DANIŞDI: “Onu sevmirəm, hörmət edirəm”

Xalq artisti Röya Ayxan keçmiş həyatı yoldaşı Anar Cəlilovdan söz açıb.  Sozcu.az bizim.media-ya istinadən bildriir ki, sənətçi qonaq olduğu "Xəzər axşamı" verilişində fanatından gələn "Keçmiş həyat yoldaşınız Anar Cəlilovu sevirsiniz?" sualına cavabı ilə diqqət çəkib.  "Yox, ona hörmət edirəm. Çünki övladım Hüseynin atasıdır", - deyə Xalq artisti vurğulayıb.  Bu anda isə proqramın aparıcısı Mətanət Əliverdiyevanın "Elə demə, sevirsən" sözlərinə Röya "Elə demə, onun ailəsi var. Aləmi bir-birinə qatma (gülür). Qadın gərək sevdiyi şəxsdən dünyaya uşaq gətirsin ki, hər ikisinə də böyük sevgi bəsləsin" şərhini verib.   Qeyd edək ki, Röya 2008-ci ildə iş adamı Anar Cəlilovla ailə qurub. Bir il sonra onların Hüseyn adında övladı dünyaya gəlib. 2014-cü ildə isə cütlük boşanıb. Müğənni boşanandan sonra ailə qurmasa da, Anar 3-cü dəfə ailə qurub. A. Cəlilov "Çudo-Peçka" mağazalar şəbəkəsinin rəhbəri, iş adamı Çingiz Cəlilovun oğludur.  

Sağlam olmaq üçün nə vaxt yatmaq lazımdır?

Gec saatlarda yatıb çox yatmaq belə insanın sağlamlığına və rifahına mənfi təsir göstərə bilər. Buna görə də bu vərdişi dəyişdirmək lazımdır. Sozcu.az lent.az-a istinadən bildirir ki, bu barədə terapevt Mariya Timçenko məlumat verib. Mütəxəssis deyib ki, özünüzü daha ayıq hiss etməyə və sağlamlığınızı yaxşılaşdırmağa kömək edəcək cədvələ öyrəşmək hər kəsin səlahiyyətindədir. Bir neçə sadə məsləhət bu işdə sizə kömək edəcək. İlk növbədə həkim saat 23.00-dan əvvəl yatmağı tövsiyə edir. Gec yatmağa öyrəşmisinizsə, əvvəlcə çətin ola bilər, amma bir neçə gündən sonra yeni rejimə öyrəşəcəksiniz. İkinci vacib qayda odur ki, yuxu ən azı 7 saat davam etməlidir. Mütəxəssis məsləhət görüb ki, həm həftə sonlarında, həm də tətildə yuxu və fəaliyyət rejiminə riayət etmək məsləhətdir. Beləliklə, bədən üçün lazımsız stressdən qaçınırsınız. Həkim qeyd edir ki, yatmağa getmə vaxtı onun müddətindən az əhəmiyyət kəsb etmir. Məsələ burasındadır ki, saat 23.00-dan 3.00-a qədər yuxunun dərin mərhələsi başlayır. İnsanlar çox gec yatdıqda bu müddəti atlayır və ya qısaldırlar. Nəticədə, konsentrasiyanın pisləşməsinə, əsəbiliyə və pis əhval-ruhiyyəyə səbəb olan yuxu çatışmazlığı və zaman keçdikcə xroniki xəstəliklərin və ya sağlamlıq problemlərinin inkişafına kömək edə bilər. Yatmazdan əvvəl sakit bir mühit də vacibdir. Yatmazdan bir-iki saat əvvələr pərdələri möhkəm bağlamalı, televizoru və bütün gadgetları söndürməlisiniz. Həkim izah edir: ekranı mavi işıq spektrində işləyən bütün qadcetlər melatonin istehsalını maneə törədir. Yuxuya təsir edən əsas hormondur. Yatmadan əvvəl pəhrizə riayət etmək eyni dərəcədə vacibdir - yəni yatmazdan 2-3 saatdan gec olmayaraq şam yeməyin.

Zelenski Baydenə müraciət etdi: Bu, sizdən asılıdır!

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Co Baydeni Ukraynanı NATO-ya elə indi dəvət etməyə çağırıb. Sozcu.az xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində deyib. “Ukraynanın NATO-ya daxil olub-olmaması ilə bağlı qərar Baydendən asılıdır və Kiyevin bu siqnalı alması çox vacibdir. Bayden bizim NATO-dakı gələcəyimizi dəstəkləyir. Amma indi NATO-ya dəvət Ukrayna əsgərləri üçün böyük stimul olardı”, - o bildirib.