“Bu, faktiki olaraq Rusiya dövlətinin Azərbaycan torpağındakı həmin separatçı qurumu tanıması və onunla əməkdaşlıq etməsi anlamına gələcək...”
“Hesab edirəm ki, Arayik Arutyunyanın Putinə göndərdiyi məktublar ünvanına çatır. Burada heç bir problem olmamalıdır. Əks halda belə bir məktubun yazılmasına və bu haqda məlumatın yayılmasına da gərək olmazdı. Bu, texniki məsələdir”.
Bunu Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu “Sizcə, Xankəndindəki separatçı qurumdan gedən müraciətlərin məğzi şəxsən Rusiya diktatoru Putinə çatdırılırmı? Arayiklə ünsiyyəti kim qurur, ona hansı yollarla cavab verilir?” sualını cavablandırarkən söyləyib.
“Həmin məktublar Ermənistan vasitəsi ilə də, Qarabağın dağlıq hissəsində dislokasiya olunmuş işğalçı Rusiya qoşunlarının komandanlığı vasitəsilə də çatdırıla bilər. Əvvəlcədən bəllidir ki, Qarabağda yalnız Rusiya ordu birləşmələri deyil, həm də bu ökənin xüsusi xidmət orqanları, eləcə də digər dövlət və hökumət orqanlarının əməkdaşları da var” -deyə analitik davamında bildirib.
“Qaldı həmin məktublara verilən reaksiyaya, Arayikin Putindən nə istədiyini və Putinin indiki vəziyyətdə Qarabağdakı separatçılara nə verə biləcəyini bulmirik. Amma hər bir halda əgər Rusiya Arayikin məktubuna cavab verərsə, Azərbaycan hökmən buna qəti reaksiya verməli və Kremldən izahat tələb etməlidir. Ona görə ki Azərbaycan Respublikasının ərazisində hər hansı bir qondarma “dağlıq qarabağ respublikası” və yaxud “artsax respublikası” və ya başqa bir adda heç bir qurum yoxdur. Oradakı vəziyyət 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda öz əksini tapıb. Və həmin sənəddə də Azərbaycanın Qarabağ ərazisindəki hansısa bir qurumdan söhbət getmir, orada yalnız Qarabağdakı erməni icmasından bəhs edilir. Odur ki, Azərbaycan Respublikası hökuməti belə məsələlərə həssas və ani reaksiya verməlidir ki, bu cür işlər adi praktikaya çevrilməsin. Çünki əgər Putin baş separatçı Arayik Arutyunyanın müraciətinə hər hansı bir şəkildə reaksiya verəcəksə, bu, faktiki olaraq Rusiya dövlətinin Qarabağdakı separatçı qurumu tanıması və onunla əməkdaşlıq etməsi anlamına gələcək”- deyə ekspert vurğulayıb.