NATO generalı Bakıda: Hərbçilərimizlə görüşdü

2023-cü ilin fərdi tərəfdaşlıq üzrə əməkdaşlıq planına əsasən Bakıda NATO nümayəndələri ilə "Ekspert heyətinin işçi görüşü" keçirilib. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycanda səfərdə olan NATO-nun Brunssum Birgə Qüvvələr Komandanlığının qərargah rəisinin müavini general-mayor Stefan Fiksin rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində olub. İdarədə keçirilən görüşdə polkovnik Mahir Bayramov Azərbaycan-NATO əlaqələrinin uğurlu inkişaf yolu və Azərbaycan Ordusunda aparılan uğurlu islahatlar, eləcə də Ordumuzun sülhməramlı əməliyyatlara verdiyi töhfədən danışıb. Azərbaycanın Alyansın etibarlı tərəfdaşı olduğunu bildirən general-mayor S.Fiks NATO proqramlarında hərbi qulluqçularımızın fəal iştirakının yüksək qiymətləndirildiyini qeyd edib. Ekspert heyətinin işçi görüşündə növbəti ilin fəaliyyətlər planı barədə ilkin razılıq əldə olunub.

Bakıda bu ərazi yanır

Bakıda boş ərazi yanır. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində boş ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. İlkin məlumata əsasən, ərazidə quru ot və məişət tullantıları yanır.

İmtahanda bu müəllimlər 0-9 bal topladı - Nazir

Sertifikatlaşdırma prosesinin birinci mərhələsi 2022-2027-ci illəri əhatə edəcək. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: Peşəkar müəllim-keyfiyyətli təhsil” tədbirində deyib. Onun sözlərinə görə, bu prosesin əsas məqsədi təhsildə keyfiyyəti artırmaq, həmçinin keçmiş səhvlərdən nəticə çıxarmaqdır: “İbtidai siniflər üzrə 30 min müəllim sertifikatlaşdırma prosesinə cəlb edilib. 2023-cü il üzrə ibtidai sinif müəllimləri üçün statistik nəticələrə görə, yüksək nəticə göstərənlər 10 faiz, qənaətbəxş hesab edilən 53 faiz, təkmilləşdirilməyə ehtiyacı olanlar isə 30 faiz təşkil edib”. Onun sözlərinə görə, sertifikasiya prosesində iştirak edən 30 min ibtidai sinif müəlliminin 0,7 faizi, yəni 223 nəfəri 0-9 bal toplayıb. Nazir qeyd edib ki, müəllimlərdən 10 faizi isə 10-19 bal yığıb. E.Əmrullayev əlavə edib ki, 51 bal həddini keçən müəllimlərin faiz göstəricisi isə 17 faiz təşkil edib.

“Nazim Bəydəmirlini özünün şikayətçi olduğu iş üzrə həbs ediblər” - Vəkil

Xəbər verdiyimiz kimi, Nərimanov Rayon Məhkəməsi keçmiş deputat Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Sozcu.az xəbər verir ki, onun vəkili Aqil Layıc bu barədə Abzas Media-ya danışıb. Vəkil bildirib ki, o, Cinayət Məcəlləsinin 182-ci maddəsilə (Hədə-qorxu ilə tələb etmə) ittiham olunur. “Uzun müddətdir Bəydəmirlinin də səhmdarı olduğu “Avto-Qarant” ASC-də pay bölgüsü ilə bağlı mübahisələr var idi. Bu iş üzrə Nazim Bəydəmirli özü DİN-ə müraciət etmişdi və araşdırmalar gedirdi. İndi özünün şikayətçi olduğu iş üzrə özünü həbs ediblər. Nazim Bəydəmirli ittihamları rədd etdi və bildirdi ki, onu Gədəbəyin Söyüdlü kəndindəki ekoloji etirazlarla bağlı həbs ediblər. Sabah qərardan apellyasiya şikayəti verəcəyik” – vəkil bildirib. Bəydəmirli məhkəmədə deyib ki, o, səhmdarı olduğu “Avto-Qarant” ASC-nin iclasında şirkətin xərclərilə bağlı məlumatların ictimailəşdirilməli olduğunu bildirib. Buna görə də “rüsvayedici məlumatların dərc edilməsi hədəsilə” həbs olunduğunu bildirib. İyulun 4-ü iş adamı saxlanılarkən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov məlumat yayaraq N. Bəydəmirlinin Söyüdlü hadisələri ilə bağlı saxlanıldığını təkzib edib: “Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib. Belə ki, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib. Hazırda N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb, araşdırmalar davam etdirilir”, - Z.Hüseynov qeyd edib. Gədəbəyin Söyüdlü kəndindəki ekoloji etirazların gedişində “Yeni Müsavat” saytı etirazların Rusiya tərəfindən təşkil olunduğu ilə bağlı yazı dərc edib. Yazıda qeyd olunub ki, təşkilatçılar aksiyanın koordinasiyası üçün Nazim Bəydəmirli və Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmovla əlaqəyə keçiblər. İddia olunur ki, N. Bəydəmirli hadisələri Bakıdan koordinasiya edib. “Yeni Müsavat”ın bu iddialarını AZTV, daha sonra isə millət vəkili Elman Nəsirov parlamentin iclasında təkrarlayıb. İyunun 26-da Nazim Bəydəmirli “Yeni Müsavat” saytını, AZTV-ni, millət vəkili Elman Nəsirovu məhkəməyə verdiyini açıqlayıb. O, iddiaların əsassız olduğunu və təkzib edilməsini tələb edib.

Layihə də, şirkət də EYNİ... – Ağstafa İcra Hakimiyyətinin 200 minlik ŞÜBHƏLİ TENDERİ

Ağstafa Rayon İcra Hakimiyyətinin mayın 17-də “Ağstafa rayonunda abadlıq işlərinin satınalınması” üçün elan etdiyi tenderin nəticələri və qalibi açıqlanıb. Sozcu.az bizim media-ya istinadla xəbər verir ki, maliyyə dəyəri 195 880 manat olan tenderin qalibi “Topxana Layihə İnşaat” MMC (VÖEN - 2000157981) olub. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin şərtlərinə əsasən şirkət Ağstafa rayonu ərazisində təmir və bərpa işlərini həyata keçirəcək. Bu işlər sırasına 410 metr sahədə beton-bort daşlarının quraşdırılması, 14,1 kubmetr sahədə qum-çınqıl qatışığından ibarət əsasların döşənək və hamarlayıcı qatlarının qurulması, və təbii qum-çınqıl qatışığının tökülməsi, 1 883 kvmetr sahədə sıx iri-dənəvər AB və ABV tipli asfalt-beton qatışığından qalınlığı 4 sm olan örtüyün qurulması, eləcə də örtüyün qalınlığı 0,5 sm dəyişdikdə əlavə etmək və ya çıxmaq və digər 76 adda təmir-tikinti işləri daxildir. Qeyd edək ki, Əli Bayramovun rəhbərlik etdiyi "Topxana Layihə İnşaat" MMC 1996-cı ildə yaradılıb və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qeydiyyatına alınıb. Araşdırmalarımız zamanı məlum oldu ki, şirkət yarandığı vaxtdan bu günə qədər qalmaqallı tender layihələrində iştirak edib və hər dəfə dövlətə vergi borcunun olduğu ortaya çıxıb. Belə ki, 2022-ci ilin oktyabr ayında 26 186.25 manat vergi borcunun olmasına baxmayaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Beyləqan Suvarma Sistemləri İdarəsinin 228 478 manatlıq tenderində qalib olub. Təkcə bu fakt sübut edir ki, həm şirkət, həm də ASC tender qanunvericiliyinin müddəalarını kobud şəkildə pozub. Yəni, “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir. Həmin ilin dekabr ayının sonlarına yaxın şirkət ilk dəfə Ağstafa RİH başçısının Ağstafa Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi “Abadlıq işlərinin satınalınması” ilə bağlı elan etdiyi tenderin qalibi olub və tərəflər arasında 434 min 695 manat məbləğində müqavilə imzalanıb. Bu fakt və yeni açıqlanan tender sübut edir ki, rayon ərazisində ötən ilin dekabr ayından başlayan abadlıq işləri hələ də başa çatmayıb və şirkətin bu işlərə davam etməsi üçün yeni maliyyə mənbələrinə ehtiyacı yaranıb. Qeyd edək ki, şirkət ötən il ərzində Xızı Rayonu İcra Hakimiyyəti başçısının Xızı Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 349 min 516 manat dəyərində “Xızı şəhərində yolların əsaslı təmiri” (15.09.2020), “Bakı Konqres Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin elan etdiyi 696 min 200 manat dəyərində “”Bakı Konqres Mərkəzi” MMC-nin 2022-ci il üçün mexanika, elektrik, santexnika, yanğından mühafizə sistemləri üçün texniki xidmətin, təmir işlərinin və bu sistemlər üçün ehtiyat hissələrinin satınalınması” (13.06.2022) və "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin 298 min 540 AZN dəyərində “Müxtəlif obyektlərin layihə-smeta sənədlərinin hazırlanması işlərinin satınalınması” (23.02.2022) tenderlərinin də qalibi olub. Bu tenderlərin ümumi dəyəri iki milyon manatdan artıqdır. "Topxana Layihə İnşaat" MMC cari ilin yanvar və və mart aylarında Biləsuvar şəhər, Mübariz İbrahimov küçəsində iki dəfə asfaltlanma işlərini həyat keçirib. Belə ki, yanvar ayında döşənən asfalt yolunu mart ayında sökərək yenidən təmir ediblər. Çünki həmin yolun müəyyən hissələrində dağılmalar əmələ gəlib.

400-dən çox məktəbdə direktor vəzifəsi boşdur

Hazırda Azərbaycanda 400-dən çox məktəbdə direktor vəzifəsi boşdur. Sozcu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib. O bildirib ki, vakant yerlərin yaranması əsasən həmin məktəblərdə direktorların yaş həddinə çatması ilə bağlıdır: “Daha bir səbəb isə nazirlik tərəfindən mütəmadi şəkildə keçirilən monitorinqlər zamanı yol verdikləri nöqsanlara görə bəzi direktorların əmək müqavilələrinə xitam verilməsidir”. Şöbə müdiri xatırladıb ki, 2021-ci ildə pandemiya səbəbindən məktəblərdə vakant direktor yerlərinin sayı çoxalmışdı: “Bu say təxminən 900-ə yaxınlaşırdı. Son illər keçirilən müsabiqələr zamanı bu yerlərin sayı kəskin aşağı düşmüşdü”.

Müharibəni araşdıran komissiyadan dəvət gəlsə də, getməyəcəyəm - Xaçatryan

Ermənistan Baş Qərargahının keçmiş rəhbəri Tiran Xaçatryan 44 günlük müharibə ilə bağlı komissiyadan dəvət almayıb. Sozcu.az xəbər verir ki, bu barədə "Joğovurd" qəzetinə onun özü məlumat verib. Bundan əvvəl komissiyanın rəhbəri Andranik Koçaryan bir neçə dəfə açıq şəkildə generalı görüşə gəlməyə və suallara cavab verməyə çağırıb. Xaçatryan bildirib ki, Koçaryanın katibi hətta ona zəng edib, yaşayış ünvanını da göstərib, lakin o, heç vaxt rəsmi dəvət almayıb. "Dəvət gəlsə belə, komissiyaya getməyəcəyəm", - deyə Xaçatryan əlavə edib.

Azərbaycanda vərəmli xəstələrin sayı AÇIQLANDI

“Azərbaycanda vərəmli xəstələrin sayına görə vəziyyət kifayət qədər qənaətbəxşdir". Sozcu.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov vərəmlə bağlı keçirilən multi-sektoral görüşdə çıxışı zamanı deyib. Bu problemin nəinki ölkəmizdə, bütün dünyada mövcud olduğunu bildirən nazir müavini qeyd edib ki, 2021-ci ildə vərəm əleyhinə dərmanlara davamlı formadan əziyyət çəkən 450 min yeni xəstə aşkarlanıb: “Bu il iyunda Ümumdünya Səhiyyə Təşkilatı mikroblara qarşı anti-bakterial və göbələk əleyhinə davamlılıq göstərən problemlərin həlli üçün prioritet elmi-tədqiqat istiqamətlərini müəyyən edib. Elmi tədqiqat üçün 40 istiqamət seçilib və onlardan 7-si təqribən 20 faizi sırf vərəm əleyhinə dərmanlara davamlılıq probleminə həsr olunub. Bu onu göstərir ki, vərəm əleyhinə dərmanlara rezistentlik nə qədər önəmlidir".

MİT diplomatın qətlini təşkil edən PKK-nın “rəhbər şəxs”ini zərərsizləşdirdi

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) xüsusi əməliyyat keçirib. Sozcu.az "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat İraqın şimalında - Süleymaniyyədə gerçəkləşdirilib. Əməliyyat çərçivəsində PKK terror təşkilatının "rəhbər şəxs"lərindən biri, "İraq üzrə kəşfiyyat başçısı", diplomat Osman Kösenin qətlini təşkil edənlərdən olan Celal Kaya zərərsizləşdirilib. Hazırda araşdırmalar davam etdirilir. Bildirilib ki, bundan sonra da oxşar əməliyyatlar keçiriləcək.

Kahramanmaraşda növbəti ZƏLZƏLƏ

Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb. Bildirilib ki, vilayətin Göksun rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.6 ballıq maqnituda ilə qiymətləndirilib. Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Məktəb direktoru olmaq istəyən 20 namizəd imtahan nəticələrindən narazı qalıb

“Direktorların işə qəbulu müsabiqəsində iki mərhələdən birində uğur qazanmayan və apelyasiyaya müraciət edənlərin sayı elə də çox deyil. Təxminən 20-yə yaxın belə namizəd var”. Bunu Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib. “Həmin namizədlərin diqqətinə çatdırıram ki, növbəti həftələrdə həmin şəxslər üçün müsahibə mərhələsi təşkil ediləcək. Təbii ki, prosesin özündə də nəzarət və əlavə yoxlamalar vacibdir. İstənilən şəkildə nəticələrindən narazı qalan namizədlərin apelyasiyaya müraciət etmək hüquqları var”, - o vurğulayıb.

Britaniyalı admiral: “Rusiya ordusu Ukraynadakı müharibədə döyüş qabiliyyətinin yarısını itirib"

“Rusiya ordusu Ukraynadakı müharibədə döyüş qabiliyyətinin yarısını, o cümlədən 2500 tankını itirib”. Bunu Böyük Britaniya Müdafiə Qərargahının rəisi admiral Toni Radakin deyib. Onun sözlərinə görə, ötən il Rusiya ordusu 10 milyon artilleriya mərmisi atıb, lakin ən yaxşı halda ildə 1 milyon mərmi istehsal edə bilir: “Eyni zamanda Rusiya 2500 tank itirib, halbuki ən yaxşı halda ildə 200 tank istehsal edə bilər”. T.Radakin Ukraynanın əks-hücum əməliyyatlarının niyə ləng davam etdiyinə də münasibət bildirib: “Bu, Ukraynanın havadan müdafiə sistemlərinin zəifliyi, Rusiyanın əraziləri minalaması və Ukraynada bütün lazımi texnikaların olmaması ilə bağlıdır. Lakin Rusiya indi o qədər zəifləyib ki, müqavimət göstərmək imkanına malik deyil”. Admiralın fikrincə, Ukraynanın ciddi əks-hücum əməliyyatları hələ qarşıdadır. Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-dən bəri davam edir. Ukrayna əks-hücum əməliyyatlarına iyunun əvvəlində başlayıb.

Milli fəala ağır həbs cəzası verildi

Tehranın Apellyasiya Məhkəməsinin 36-cı bölməsi milli-mədəni fəal Ramin Əliniya Təzəkənd barədə ilkin məhkəmənin çıxardığı qərarı olduğu kimi qüvvədə saxlayıb. Əslən Ərdəbildən olan və Tehranda yaşayan milli-mədəni fəal “toplaşmaq və milli təhlükəsizliyə qarşı hərəkət etmək məqsədilə əlbir olmaq” və "hökumətə qarşı təbliğat" ittihamlarına görə 6 il azadlıqdan məhrum edilib. Eyni zamanda onun həbsdən sonra iki il müddətinə ölkədən çıxışına, sosial mediada fəaliyyətinə, siyasi və ictimai qurumlara üzv olmasına qadağa qoyulub. Ramin Əliniya Təzəkənd barəsində hökm verən Qazi Sələvati, milli fəalın "İnstagram"dakı "Gündəm" adlı səhifəsində mədəni və ictimai paylaşımları ona qarşı irəli sürülən ittihamların sübutu kimi təqdim edib. Qeyd edək ki, Ramin Əliniya 2022-cü il noyabrın 8-də İranda baş qaldıran etiraz aksiyaları ilə eyni vaxtda həbs olunub. O, üç həftədən çox həbsdə qaldıqdan sonra 2022-ci ilin 30 noyabrında Evin həbsxanasından girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Pensiyalar bu tarixdə ödəniləcək - RƏSMİ

İyulun 7-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib. Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

"Rusiya iyrənclik, namərdlik və vəhşilikdə mütləq çempiondur..."

"Bu gün bəşəriyyətin Rusiyanın boynuna doladığı ilgək bir az da tarıma çəkilib..." "Bu evtanaziyanın finalında Rusiya Federasiyası özünün "daha mövcud olmamasını" heç hiss etməyəcək..." Bəşəriyyətin Rusiyanın boynuna necə incəliklə ilgək doladığını dəyərləndirmək gərəkdir. Sozcu.az xəbər verir ki, bu barədə rusiyalı publisist Aleksandr Nevzorov "QORDON" internet nəşrindəki bloqunda yazıb. Putin ölkəsinə boğulmanın hər yeni mərhələsinə alışmaq imkanı yaradılır. Avropa humanistlərinin fikrincə, bu evtanaziyanın final mərhələsində Rusiya özünün "daha mövcud olmadığını" heç hiss etməyəcək. Rusiyanın tarixə gömülməsi onun üçün maksimal dərəcədə rahat baş verəcək. Ehtimal ki, bu, ona görə edilir ki, ölümdən öncə qurban tərpənməsin, səs-küylə aqoniya etməsin və raketləri ətrafa səpələməsin.  Gerçəkdə nə alınacağı bəlli deyil. Lakin, heç şübhəsiz, plan məhz belədir. Putin ölkəsi rüsvayçılığın bütün rekordlarını qazanıb. Heç bir hətta ən utancverici cəmahirriyətin alnına Rusiya kimi bu qədər damğa vurulmayıb.  Bu ölkə iyrənclik, namərdıik və vəhşilikdə mütləq çempiondur. Biz bilirik ki, bu şöhrət çələngləri dürüstlüklə əldə edilib. Bu gün ilgək bir az da tarıma çəkilib. İndi artıq ATƏT-in Parlament Assambleyası da Rusiyanı terrorçuluğa sponsorluq edən ölkə kimi tanıyıb. Müəllif: Aleksandr Nevzorov

Avropa İttifaqı Ermənistana hərbi yardım göstərməkdən imtina etdi

 Avropa İttifaqı (Aİ) Ermənistana Aİ tərəfdaşlarının müdafiə qabiliyyətini artırmaq üçün nəzərdə tutulmuş xüsusi fonddan hərbi yardım göstərməkdən imtina edib. Bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirib. Simonyan Varşavaya səfəri zamanı Polşa Prezidenti Andjey Duda ilə görüşərkən Aİ-nin imtinasından şikayətlənib. O, Dudaya bildirib ki, Ermənistan hökuməti inkişaf etməkdə olan ölkələrə hərbi texnika almağa kömək etmək üçün Aİ-nin 2021-ci ildə yaratdığı Avropa Sülh Fondundan (EPF) "texniki yardım" istəyib. “Bu mexanizm vasitəsilə Aİ Ukrayna, Moldova və Gürcüstana yardım ayırır. Təəssüf ki, Aİ-nin Ermənistanla Azərbaycan arasında münasibətləri yaxşılaşdırmaq üçün vasitəçilik səyləri göstərməsi, habelə “münaqişə həssaslığı” məsələsi əsas gətirilərək Ermənistanın müraciəti rədd edilib. Bir daha demək istəyirəm ki, söhbət Ermənistanın müdafiə qabiliyyətinin artırılmasına yönəlmiş texniki yardımdan gedir”, - Simonyan əlavə edib./APA

8 min tələbə universitetdən niyə qovulub? - “Gözlərini həmin pula dikiblər”

2022-ci ildə təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə xaric edilən tələbələrin sayı açıqlanıb.  Belə ki, ötən il təhsil müəssisəsindən xaric edilən tələbələrin sayı 7855 nəfər olub. Onlardan 4280-i bakalavriat, 946-sı magistratura, 1409-u tam orta, 1220-si isə ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.  Məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etbar Əliyev Yenisabah.az-a danışıb.  Onun sözlərinə görə, tələbələr əsasən, təhsil haqlarını ödəyə bilmədikləri üçün universitetlərdən xaric olunurlar: "Ali məktəblər özlərinin internet portallarında xaric olunmaların səbəblərini qeyd etməlidir. Bu gün ali məktəblərin əksəriyyətinin saytı normal işləmir, baxırsan, heç hiss eləmirsən ki, bu, ali məktəbin saytıdır. Ancaq rektorun fəaliyyəti barədə xəbərlər dərc edilir. Rektorun fəaliyyəti cəmiyyət üçün, orada təhsil alanlar üçün nə dərəcədə əhəmiyyətlidir?  Mənim təcrübəmə görə, universitetdən xaric edilənlər əsasən, təhsil haqqına görə xaric olunurlar. Universitetlər xüsusilə son kurslarda tələbələrə təhsilhaqqı ilə bağlı heç bir güzəşt etmirlər. Bakalavr yaxud magistratura pilləsini bitirənlər yekun qiymətləndirmədə təhsil haqqını ödəyə bilmirlərsə, onları imtahanlara buraxmırlar. Amma tələbələrə bəzi imkanlar yaradılmalıdır, indiki şəraitdə kimisə narazı salmaq doğru deyil. Tələbə imtahanı verəcəksə, nə vaxtsa gəlib diplomunu götürəndə şübhəsiz ki, həmin vəsaiti tapıb ödəyəcək".  Deputat qeyd edib ki, tələbələrə bu məsələdə mütləq güzəşt etmək, onlara möhlət vermək lazımdır:  "Dünyanın əksər ölkələrində - İsveçrədə, Almaniyada çox kiçik təhsil haqları, simvolik rəqəmlər müəyyənləşdirilir, yaxud təhsil pulsuz olur. Ancaq bizdə ali məktəblərin indiki vəziyyəti, özlərini saxlaya bilməmələri, kənar gəlirlərinin olmaması bunu etməyə imkan vermir. Onlar gözlərini tələbə vəsaitlərinə dikiblər. Həmin tələbə vəsaitləri hesabına müəllimlərin əməkhaqqları ödənilir. Mən düşünürəm ki, bu gün təhsil haqqına görə tələbənin universitetdən xaric edilməsi doğru deyil. Tələbəyə imkanlar yaratmaq lazımdır, o nə zamansa, bu məbləği tapıb hissə-hissə olsa da ödəyə bilər. Xarici ölkələrdə banklar, aidiyyəti strukturlar tələbəyə 1-3 faizli kreditlər verirlər, tələbə bunu 20-30 il müddətində qaytara bilir. Amma təəssüf ki, bizdə belə institusional fəaliyyət yoxdur. Tələbə əgər bu adı qazanıbsa, onu həyatda arzuları, istəkləri var, valideynləri də çalışır ki, nəyin bahasına olursa olsun, övladları ali məktəbi bitirsin. Ona görə hər şeyi maddiyata yükləmək doğru deyil. Elə tələbə var ki, gələcəkdə magistratura, doktorantura pilləsini də davam etdirmək istəyir, o tələbəni təhsil haqqına görə universitetdən xaric etmək doğru deyil, mütləq vətəndaşa möhlət vermək lazımdır ki, o, ali təhsilini başa çatdırsın".

Baş Qərargah: “Ukrayna ordusu Baxmutda mövqelərini möhkəmləndirir”

Ukrayna ordusu Donetsk vilayətinin Baxmut şəhərinin şimal və cənub hissəsindəki cəbhə xətti boyu mövqelərini möhkəmləndirir.  Sozcu.az xəbər verir ki, bu barədə iyulun 5-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib. Məlumata görə, Liman, Baxmut, Avdeyevsk və Marınsk istiqamətlərində ağır döyüşlər gedir, sutka ərzində 40 toqquşma olub. Bildirilib ki, Ukrayna müdafiəçiləri Baxmutun cənub və şimal hissələrindən hücumu davam etdirir, əldə etdikləri mövqelərdə möhkəmlənirlər: “Düşmənin artilleriya atəşindən 15 yaşayış məntəqəsi əziyyət çəkib”. 

Milyarderlər ciddi-cəhdlə döyüşə hazırlaşırlar: UFC prezidentindən tarixi mübarizə barədə açıqlama

İlon Mask və Mark Zukerberq "Ultimate Fighting Championship" (UFC) prezidenti Dana Uayt ilə qarışıq döyüş növlərinin (MMA) qaydalarına uyğun döyüşün təşkilini müzakirə edirlər. Sozcu.az oxu.az-a istinadən bildirir ki, bu barədə Uayt "The New York Times"a özü məlumat verib. Onun sözlərinə görə, hər iki iş adamıyla hər axşam zəngləşir, onların hər ikisi dava etmək istəyir. Uayt və milyarderlərə yaxın mənbələr iddia edirlər ki, son 10 gün ərzində Mask və Zukerberq pərdəarxası danışıqlar aparıb, tədbirin ümumi konturlarını müəyyənləşdiriblər: Onlar fiziki mübarizəyə meyilləniblər. UFC rəhbəri döyüşün nümayiş xarakter daşıyacağını və çempionatın yurisdiksiyasından kənarda baş tutacağını deyib. Buna baxmayaraq, o, döyüşün təşkilinə şəxsən köməklik göstərəcəyini vurğulayıb. Tərəflər razılığa gəliblər ki, toplanan vəsait xeyriyyə məqsədlərinə yönəldiləcək, amma detallar hələ də müzakirə olunur. Uayt qeyd edib ki, iki iş adamı arasında çəki və boy fərqinə görə mübarizə xüsusilə maraqlı olacaq. "Bizim heç vaxt peşəkar döyüşməmiş və tamamilə fərqli çəki dərəcələrində iki nəfərimiz var. Bu, döyüş sənəti tarixində ən böyük mübarizələrdən olacaq", - deyə Uayt bildirib. Mask rəqibindən təxminən 70 funt (təxminən 31 kq) ağırdır. UFC prezidentinin sözlərinə görə, "Tesla" və "SpaceX"in sahibi döyüşə hazırlıq zamanı arıqlamaq fikrində deyil. "O, arıqlamayacağını çox açıq şəkildə ifadə etdi", - deyə Uayt Mask ilə söhbətin təfərrüatını açıqlayıb. Zukerberqə yaxın mənbələr nəşrə bildiriblər ki, "Meta" lideri duel üçün əla formadadır. Onların sözlərinə görə, o, ciddi məşq rejiminə əməl edir, qaçışlara çıxır və dostlarına meydan oxuyur.İlon Mask və Mark Zukerberq "Ultimate Fighting Championship" (UFC) prezidenti Dana Uayt ilə qarışıq döyüş növlərinin (MMA) qaydalarına uyğun döyüşün təşkilini müzakirə edirlər. Bu barədə Uayt "The New York Times"a özü məlumat verib. Onun sözlərinə görə, hər iki iş adamıyla hər axşam zəngləşir, onların hər ikisi dava etmək istəyir. Uayt və milyarderlərə yaxın mənbələr iddia edirlər ki, son 10 gün ərzində Mask və Zukerberq pərdəarxası danışıqlar aparıb, tədbirin ümumi konturlarını müəyyənləşdiriblər: Onlar fiziki mübarizəyə meyilləniblər. UFC rəhbəri döyüşün nümayiş xarakter daşıyacağını və çempionatın yurisdiksiyasından kənarda baş tutacağını deyib. Buna baxmayaraq, o, döyüşün təşkilinə şəxsən köməklik göstərəcəyini vurğulayıb. Tərəflər razılığa gəliblər ki, toplanan vəsait xeyriyyə məqsədlərinə yönəldiləcək, amma detallar hələ də müzakirə olunur. Uayt qeyd edib ki, iki iş adamı arasında çəki və boy fərqinə görə mübarizə xüsusilə maraqlı olacaq. "Bizim heç vaxt peşəkar döyüşməmiş və tamamilə fərqli çəki dərəcələrində iki nəfərimiz var. Bu, döyüş sənəti tarixində ən böyük mübarizələrdən olacaq", - deyə Uayt bildirib. Mask rəqibindən təxminən 70 funt (təxminən 31 kq) ağırdır. UFC prezidentinin sözlərinə görə, "Tesla" və "SpaceX"in sahibi döyüşə hazırlıq zamanı arıqlamaq fikrində deyil. "O, arıqlamayacağını çox açıq şəkildə ifadə etdi", - deyə Uayt Mask ilə söhbətin təfərrüatını açıqlayıb. Zukerberqə yaxın mənbələr nəşrə bildiriblər ki, "Meta" lideri duel üçün əla formadadır. Onların sözlərinə görə, o, ciddi məşq rejiminə əməl edir, qaçışlara çıxır və dostlarına meydan oxuyur.

Şəmkirə toya gələn Ebru Günellə eyni səhnəyə çıxmaq istəməyib

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Ebru Gündeş Şəmkirdə toy məclisində yer alıb. Sözügedən tədbirdə illərdir Ebru ilə küsülü olan müğənni Günel Zeynalova da səhnəyə çıxıb.  Sozcu.az axşam.az-a istinadən bildirir ki, Ebrunun Günellə eyni məclisdə olması müzakirələrə səbəb olub. Bunun ardından Günel açıqlama yayaraq, eyni gündə səhnə almadıqlarını deyib.  Belə ki, Günel iki gün davam edən toyda Ebrunun onunla bir yerdə olmaq istəmədiyini açıqlayıb. Günel iyulun 3-də toyda yer aldığını vurğulayıb.  "Eşidib və eyni səhnədə olmaq istəməyib. Bizim səhnəmiz 3 iyulda idi" deyə, ifaçı paylaşımına yazıb. Qeyd edək ki, Ebru Günel iş adamı Reza Zərrabla nişanlı olan ərəfədə onunla eşq yaşayıb. Daha sonra Ebru və Reza ailə qurub, bir neçə il əvvəl isə ayrılıblar. Onların bu nikahdan bir qız övladı var.  

Hansı meyvə tərəvəzləri yesək daha uzunömürlü ola bilərik?

Mütəxəssislər orqanizmin gəncliyini uzadan sağlam meyvə və tərəvəzlərin siyahısını hazırlayıblar.  Sozcu.az lent.az-a istinadən bildirir ki, bu meyvə, tərəvəzlər antioksidantlarla zəngindir və iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Bədənin qocalmasını yavaşlatmaq və iltihabi proseslərin səviyyəsini azaltmaq üçün mütəxəssislər antioksidantlarla zəngin tərəvəz və giləmeyvələri gündəlik qida rsionumuza mümkün qədər tez-tez daxil etməyi məsləhət görürlər. Mütəxəssislər müntəzəm yeyildikdə gəncliyi sözün əsl mənasında uzada biləcək tərəvəzlərin siyahısını tərtib ediblər. Brokoli - tərkibində təbii antioksidantlar olan, iltihabəleyhinə xüsusiyyətlərə malik olan və orqanizmi vitaminlərlə doyuran çoxlu miqdarda sulfuropanlar var. Brokolinin tərkibində çoxlu kalsium, lif və kifayət qədər su da var. Soğan - yaxşı bir kalium mənbəyidir və toxunulmazlıq üçün faydalı xüsusiyyətlərə malik olan və iltihab markerlərini azaldan antioksidant ilə zəngindir. Yerkökü - iltihabla mübarizə aparmağa kömək edən bir ton qida ehtiva edir. Bu tərəvəz sağlam sümükləri və dərini dəstəkləyən beta-karoten və karotenoidlə zəngindir. Şirin bibər - yüzilliklərin çoxunun sevimli yeməklərindən biridir. Parlaq meyvələr təbii antioksidantlar olan C və A vitaminləri ilə zəngindir. O, həmçinin yüksək miqdarda lif və su, eləcə də yüksək səviyyədə antioksidantdır. Sarımsaq - iltihab əleyhinə təsir göstərən kükürd tərkibli birləşmələr var. Tədqiqatlar göstərir ki, bu birləşmələr hətta immunitet sistemini gücləndirməkdə və bəzi xərçəng növlərinin inkişafının qarşısını almaqda faydalı ola bilər.

Ançelotti Braziliya millisini çalışdıracaq - Rəsmi

"Real"ın baş məşqçisi Karlo Ançelottinin Braziliya millisini çalışdıracağı təsdiqlənib. Sozcu.az xəbər verir ki, bunu Braziliya Futbol Konfederasiyasının prezidenti Ednaldo Rodriges öz Tvitter hesabındakı paylaşımında bildirib. O, 2024-cü ildə komandaya Ançelottinin rəhbərlik edəcəyini bildirilib. İtaliyalı mütəxəssisin sözləşməsinin DÇ-2026-dək qüvvədə olacaq.  Braziliya Futbol Konfederasiyasının rəsmi saytı Ançelottiyə qədər komandanı Fernando Dinizin çalışdıracağını açıqlayıb. Qeyd edək ki, 64 yaşlı Ançelotti 2021-ci ildən "Real"ı çalışdırır. O, Madrid klubuna ikinci qayıdışından sonra 2 il ərzində Çempionlar Liqasını, Klublararası Dünya Çempionatını, La Liqanı, İspaniya kubokunu və Superkubokunu qazanıb.

Neftin bu günə olan qiyməti

Dünya birjalarında neft qiymətləri yenidən bahalaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 75,86 dollara, yüngül neftin bir barreli isə 70,94 dollara satılır.

Qardaşı ilə birgə 17 yaşlı qızı qaçırdı

Sabirabad Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Qaragüney kənd sakini olan 17 yaşlı bir qızın naməlum şəxslər tərəfindən qaçırılması barədə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sozcu.az-a bildirilib ki, daxil olan məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən həmin kənd sakinləri Elgün Nurəhmədov, Vasif Nurəhmədov və Hüseyn Hüseynzadə müəyyən edilərək istintaqa cəlb olunublar. Dindirilmə zamanı E.Nurəhmədov həmkəndlisi olan qızı qardaşının və tanışının köməkliyi ilə evlənmək məqsədilə qaçırdığını bildirib. Hadisədən sonra qız ailəsinə təhvil verilib. Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 144.3-cü (Adam oğurluğu - bu Məcəllənin 144.1 və 144.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Araşdırmalar davam etdirilir.