Son günlər Naxçıvan-Bakı reysində təyyarə reyslərinin qiyməti süni şəkildə qaldırılır. Satış qiyməti 60 manat olan qiymətlər “qara kassa”da 80-90, bəzən isə 100 manata satılır.
Əslən Naxçıvandan olan Milli Məclisin deputatı Fazil Mustafa iddia edib ki, bu problem süni şəkildə yaradılıb. Onun fikrincə, bəzən sərnişinlər məcburiyyət qarşısında qalaraq, bir bilet üçün real dəyərindən 100-150 manat artıq pul ödəyirlər. Bu isə sosial narazılıq yaradıb.
Naxçıvandan Bakıya gəlmək istəyən sərnişinlərə niyə süni problem yaradılır? Bu, təxribat ola bilərmi? Bu fəaliyyətin arxasında Naxçıvanın yeni rəhbərliyini gözdən salmaq istəyən qüvvələr dayana bilərmi?
Yenisabah.az-a açıqlamasında əslən Naxçıvandan olan jurnalist, Ovqat.com saytının baş redaktoru Heydər Oğuz da təsdiqləyib ki, Naxçıvanda həqiqətən də çox ciddi nəqliyyat problemi var:
“Əvvəl avtomobil yolu ilə İrandan gəlib-gedirdilər, amma indi bu imkanı da itirmişik. Yeganə bir dənə yol qalır ki, bu, hava nəqliyyatıdır. Lakin bu da AZAL-ın monopoliyasındadır. Azərbaycan hökuməti bunu düzəltməli və məsələyə aydınlıq gətirməlidir. Əvvəla, oraya reyslər artırılmalıdır. Məsələn, dünənə qədər öz maşınları ilə Bakıya gəlmək imkanları olanların hazırda elə bir imkanı yoxdur. AZAL isə reysləri artırmır”.
Jurnalistin fikrincə, bu monopoliyanı AZAL-dan almaq lazımdır:
“Bunun da bir yolu var ki, AZAL-ı bir neçə yerə parçalayıb rəqabət halına gətirə biləcək düzəlişləri həyata keçirmək olar. Yaxud yeni hava yolları şirkətləri yaratmaq olar. Yox, əgər özümüz yarada bilmiriksə, o şirkətlərdən bəzilərini Azərbaycana dəvət etmək olar.
Bunun yolları azad rəqabət aparan şirkətlərin Naxçıvana təyyarə reysləri açmasından keçir. Amma qəribədir ki, bu gün Azərbaycan hökuməti bu addımı atmır və bu da AZAL-a yarayır. Ümumiyyətlə, AZAL 30 ildir ki, bu siyasəti yürüdür, qəsdən qıtlıq yaradır və insanlara daha artıq qiymətə biletlər satır. Bu, əvvəllər daha çox müşahidə olunurdu və son zamanlar bunun qarşısı bir az alınmışdı. Amma görünən odur ki, yenə də bu cür siyasətə əl atmağa başlayıblar”.
“Bileti altdan baha qiymətə satmaq məsələsini deyə bilmərəm, amma bütün hallarda Naxçıvana getmək istəyənlər böyük bir problemlə qarşılaşır. Mən o dəfə getmək istəyirdim və AZAL-ın internet səhifəsinə baxdım. Haradasa 10-15 gün sonraya bilet tapmaq olur. Tutaq ki, bir adamın Naxçıvanda atası ölürsə, bunun atasında yasına 15 gündən sonra getməsinin nə mənası var? Adamın meyiti ortada qalır, amma sən onu dəfn edə bilmirsən. Yaxud Naxçıvandan Bakıya gəlmək istəyənlər də eyni halla qarşılaşır. Bunlar nəqliyyat fəlsəfəsinə ziddir, xüsusilə də hava nəqliyyatı”, – əlavə edib.
H. Oğuza görə, bu gün AZAL-ın Naxçıvan camaatına təqdim etdiyi gediş xidməti haradasa 15-20 gün sonraya sirayət edir:
“Əgər Naxçıvandan eşşəyə minib Bakıya gəlsən, təyyarədən daha tez çatarsan. Əgər sən öz missiyana və təyinatına uyğun hərəkət edə bilmirsənsə, ya Azərbaycan hökuməti qarşısında bu məsələni qaldırıb deməlisən ki, mən bunu tək bacarmıram, ya da ki, boynuna götürmüsənsə, etməyə borclusan. Faktiki olaraq, bu gün Naxçıvan camaatı bu gün əzab-əziyyət içərisindədir. Naxçıvandakı hüquqi boşluqların nəticəsində AZAL-ın oradakı fəaliyyəti bu boşluqlardan istifadəyə yarayır və daha çox pul qazanmaq onların hərisliyinə işləyir”.
Müsahibimiz iddia edib ki, AZAL Naxçıvan camaatına bileti pul ilə satır, üstəlik, satdığı qədər də dövlətdən dotasiya alır:
“Yəni 60 manatlıq bileti 120-180 manata sataraq, 2-3 qat fayda götürür və dotasiya da alır. Hesab edirəm ki, Azərbaycan hökuməti AZAL-a alternativ qurumlar yaratmaqla, dövlət büdcəsi üçün çox ciddi bir qazanc əldə edə bilər. Yəni AZAL-a ödənilən dotasiya kəsilə bilər və Naxçıvana gediş-gəlişlər artır. Naxçıvanın yüzminlərlə əhalisi var, amma AZAL-ın açıqlamasında görə bölgəyə 2 min adam gedib-gələ bilir. İnsanlar mərkəzlə əlaqə saxlaya bilmir. Biz Azərbaycanın suverenliyindən danışırıqsa, bunlar olmalıdır. Naxçıvan bu gün Azərbaycanla əlaqələri kəsilmiş durumdadır. Onsuz da “xan” həzrətləri bunu o vaxtı həyata keçirirdi. Bu gün də onun həyata keçirmək istədiyi siyasət bir başqa formada AZAL tərəfindən həyata keçirilir”.