“Erməni terrorçularına yaşıl işıq yandıran rus sülhməramlıları ilə bağlı konkret addım atılmalıdır. Bu qüvvələr Azərbaycan ərazisində olduğu müddətdə sabitlikdən söhbət gedə bilməz. Təxribatların olması da qaçılmazdır”.
Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Onun sözlərinə görə, rus sülhməramlıları öz hərbi imkanları ilə erməni silahlı birləşmələrinə dəstək verir. Onlar separatçıların mövcudluğu üçün hər şeyi edir:
“Hazırda Xocalıda olan aeroportdan rus sülhməramlıları ermənilərin Qarabağa və Ermənistana daşınmasını təmin edir. Rus sülhməramlıları separatçı ermənilər üçün bütün imkanları yaradırlar”.
Millət vəkili hesab edir ki, Azərbaycan güc yolu ilə də olsa, ərazilərini separatçı və terrorçulardan təmizləməlidir:
“Çünki bu qüvvələri sülh və ya danışıqlar yolu ilə bölgədən çıxarmaq mümkün deyil”.