Valideynlər məktəb direktorları ilə görüşmək istəyi çox vaxt çətinliklə üzləşir. Təhsil naziri Emin Əmrullayev belə etiraf etdi ki, onun qəbuluna düşmək bəzi direktorların qəbuluna düşməkdən asandır.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, təhsil müəssisələrində təhlükəsizlik qaydaları da qorunmalıdır, buna görə də hər kəsin binaya daxil olması yolverilməzdir:
“Məktəb ictimai yerdir, lakin qapalı ictimai yerdir. Məktəbə daxil olan hər bir valideyn potensial təhlükə də yarada bilər. Doğrudur, qanunvericiliyə görə, valideynin məktəbə daxil olmasında hər hansı bir qadağa, məhdudiyyət yoxdur. Yəni valideynlər günün istənilən saatında məktəbin aidiyyəti şəxsləri ilə görüşə bilərlər. azal vakansiya
Direktor inzibati vəzifədir, onunla istənilən vaxt görüşmək pedaqoji fəaliyyətin gedişinə də mane ola bilər. Ona görə də məktəb direktorunun qəbul günü və qəbul saatları olmalıdır. Həftədə 2 gün 4 saatdan az olmamaq şərti ilə. Təkcə məktəb direktorunun deyil, məktəbdə inzibati vəzifə daşıyan şəxslərin də xüsusi qəbul günü olmalıdır. Valideynlər də həmin vaxtlar məktəbə gedə bilərlər və bu onların hüququdur.
4432 orta təhsil məktəbin 2 minindən çoxunda şagird sayı 200-dən çoxdur və bu qədər valideyn birdən-birə məktəbə gəlsə, təbii ki, tədrisin gedişi pozulacaq”.
Kamran Əsədov məktəb direktorları ilə valideynlər arasında kommunikasiyanın qırıldığını bildirib:
“Ən ciddi problemimiz odur ki, valideynlərlə məktəb arasında münasibət yox dərəcəsindədir. Məktəb icmaları işlək deyil.
Hamı öyrəşiblər ki, məktəb direktorlarının böyük əksəriyyəti ancaq pul yığır. Artıq elə deyil, qaydalar dəyişilib. Məktəb direktorlarının əvvəlki kimi rahatlıqla pul yığmaları mümkün deyil. Artıq çox şey dəyişib. Bu gün Elm və Təhsil Nazirliyi, Bakı şəhəri Təhsil İdarəsi məktəblərə çox ciddi nəzarət edir ki, mənfi hallar baş verməsin. Amma direktorlar da əvvəlki kimi deyil, çox dəyişiliblər. Elələri var ki, “köhnədən qalma”dır, müəyyən qədər kiminsə yaxınıdır, dostu-tanışıdır, ailə üzvüdür. Onlarla görüşmək, ünsiyyət qurmaq, dil tapmaq çətindir.
Bir daha qeyd edim ki, valideynlərin məktəbə girişi heç bir qanunla məhdudlaşdırılmayıb. Sadəcə işçilər qeyri-rəsmi formada bunu edirlər. Çünki hər an hər kəs məktəbə daxil olsa, tədrisin gedişi pozula bilər. Əgər icazə versələr, inanın ki, valideynlər sinif otaqlarına, parta arxasına qədər keçəcəklər. Valideynlərin imkanları olsa, az qala maşını partanın yanına qədər də sürərlər. Hər səhər məktəblərin qabağında gördüyümüz mənzərə dəhşətdir. Yəni biz məsələyə bu tərəfdən də baxmalıyıq. İmam üçün ağlayanda yezid üçün də ağlamaq lazımdır”.