Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 511-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 239 480 hərbçi, 4123 ədəd tank, 8059 ədəd zirehli döyüş maşını, 4573 ədəd artilleriya sistemi, 689 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 430 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 310 ədəd helikopter, 7105 ədəd avtomobil texnikası, 3885 ədəd PUA, 1279 qanadlı raket, 18 gəmi/qayıq, 683 xüsusi avadanlıq itirib.

Qaxda insident: qohumunu ov tüfəngi ilə güllələdi

Qax sakini güllələnib, qohumu saxlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, ötən gün axşam saatlarında rayonun Almalı kəndi ərazisində rayon sakini Turan Məmmədovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub. İlkin araşdırma zamanı T.Məmmədova qohumu, 1991-ci il təvəllüdlü Cavidan Məmmədov tərəfindən ov tüfəngi ilə xəsarət yetirildiyi müəyyən edilib. C.Məmmədov saxlanılıb və ondan cinayətdə istifadə etdiyi həmin ov tüfəngi götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Bu iddialar Ermənistanın siyasi avantürasıdır - XİN

Bölgədə “gərgin humanitar vəziyyət” iddiaları Ermənistanın siyasi avantürası və manipulyasiyasıdır. Sozcu.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyi Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberqlə mətbuat konfransı zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialarına cavabında bildirib. "Azərbaycan tərəfindən təklif olunan Ağdam-Xankəndi yolu vasitəsilə yüklərin daşınmasına qarşı çıxılması da bu iddiaların heç bir əsasının olmadığının nümunəsidir. Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın Laçın buraxılış məntəqəsinin aradan qaldırılması tələbinin yekdilliklə rədd edilməsinə dair 6 iyul 2023-cü il tarixli qərarının Ermənistan tərəfindən təhrif olunması, bununla yanaşı, məntəqəyə qarşı hərbi təxribat törədilməsi, qaçaqmalçılıq cəhdlərinin edilməsi Ermənistanın beynəlxalq norma və prinsiplərə riayət etmək niyyətinin olmadığının göstəricisidir", - XİN bəyan edib.

Qarabağdakı separatçılar fortifikasiya qurmaq istədi

İyulun 18-i saat 21:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Ermənilər Kəlbəcər və Naxçıvanı yenə atəşə tutdu

İyulun 18-i saat 21:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Bundan başqa, iyulun 19-u saat 00:40-dan 01:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca və Qafan rayonunun Acıbac yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu, Mollabayramlı və Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Boyəhməd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

Rus ordusunda itki dəhşətlidir, parçalana bilər - Uolles

Rusiya Moskvanın etiraf etmək istədiyindən daha həssasdır. Sozcu.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib. “Rusiya ordusunun iyerarxiyasında parçalanma olduqca realdır, itkilərin səviyyəsi dəhşətlidir”, - Uolles bildirib. Nazir Rusiya Prezidenti Vladimir Putinin NATO ölkələrinə qarşı olduqca ehtiyatlı yanaşdığını da vurğulayıb: “Ruslar çox ehtiyatlıdırlar və təxribat yaratmamağa çalışırlar. İddia etmək olar ki, alyans özü-özünü idarə edir. Beşinci maddənin çəkindirici amili də qüvvədədir”.

Bakıda dənizdə uşaq batdı

Bakı şəhərinin Sabunçu rayonunun Pirşağı qəsəbəsində dənizdə uşaq batıb. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 800 metr aralı, nəzarətsiz ərazi) 1 nəfər uşağın batması barədə ilkin məlumat daxil olub: “Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Zuğulba" dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub”.

Rəsmi Bakı Mirzoyana cavab verdi

İyulun 18-də Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberqlə mətbuat konfransı zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan növbəti dəfə Azərbaycanı bir sıra əsassız iddialarla təqsirləndirərək bölgədə sülh və sabitlikdə maraqlı olmadığını nümayiş etdirib. Sozcu.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyi bildirib. Ermənistan xarici işlər nazirinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etmək əvəzinə, 30 ilə yaxın müddətdə işğal altında saxladığı, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdiyi Qarabağda yaşayan ermənilərin “hüquq və təhlükəsizliyini” bəhanə gətirərək sülh prosesinə müxtəlif iddialarla maneçilik törətməsi Ermənistan rəsmilərinin əsl niyyətlərindən xəbər verir. “Qarabağ əhalisi” dedikdə yalnız erməni sakinlərin hüquqlarının nəzərdə tutulması və bu torpaqlardan qovulmuş azərbaycanlı sakinlərin “hüquq və təhlükəsizliyinin” gözardı edilməsi qəbuledilməzdir. Azərbaycan erməni sakinlərlə dialoq təşəbbüsü ilə çıxış edən tərəfdir və Azərbaycanın bu xoşniyyətli addımlarına qarşılıq verilməsi vacibdir. Bununla yanaşı, Ermənistan tərəfinə aydın olmalıdır ki, Azərbaycan ölkədə yaşayan bütün etnik azlıqların hüquq və təhlükəsizliyini bərabər şəkildə təmin edir və edəcək. Bölgədə “gərgin humanitar vəziyyət” iddiaları Ermənistanın siyasi avantürası və manipulyasiyasıdır. Azərbaycan tərəfindən təklif olunan Ağdam-Xankəndi yolu vasitəsilə yüklərin daşınmasına qarşı çıxılması da bu iddiaların heç bir əsasının olmadığının nümunəsidir. Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın Laçın buraxılış məntəqəsinin aradan qaldırılması tələbinin yekdilliklə rədd edilməsinə dair 6 iyul 2023-cü il tarixli qərarının Ermənistan tərəfindən təhrif olunması, bununla yanaşı, məntəqəyə qarşı hərbi təxribat törədilməsi, qaçaqmalçılıq cəhdlərinin edilməsi Ermənistanın beynəlxalq norma və prinsiplərə riayət etmək niyyətinin olmadığının göstəricisidir. Qeyd edilənlərlə yanaşı, Azərbaycan ərazilərini 30 ilə yaxın müddətdə işğal altında saxlamaqla bütün sərhədləri pozan, Azərbaycan ərazilərindən hələ də tam olaraq erməni silahlı qüvvələrini çıxarmayan Ermənistan tərəfinin dövlət sərhədində aydınlıq əldə edilməsi şərtini irəli sürməsi və bunun danışıqlar prosesində əsas amil olduğunu bildirməsi heç bir sağlam məntiqə sığmır. Azərbaycanın şərq bölgələrindən Naxçıvana maneəsiz nəqliyyat yollarının açılışı üzrə öhdəliyinə son üç ilə yaxın dönəmdə riayət etməyən Ermənistanın indi də nəqliyyat infrastrukturlarının açılmasını müxtəlif bəhanələrlə yubatması və şərtləndirməsi, bu ölkənin 30 ilə yaxın müddətdə özünütəcrid siyasətinin heç bir xeyir gətirmədiyini hələ də anlamadığını nümayiş etdirir. Ermənistan bölgədə sülh, sabitlik və təhlükəsizlikdə maraqlıdırsa, riyakarlıq və saxta manipulyasiyalara son qoymalı və sülh prosesinin uğurla nəticələnməsi üçün beynəlxalq hüquqi öhdəliklərinə əməl etməlidir.

Sülhməramlıların Ağdamda qurduğu “erməni barrikadası”

Qarabağda separatçıların təşəbbüsü ilə bir qrup erməni Ağdam yolunda barrikadalar qurub: məqsəd erməni əhalisinin ərzaq təminatının Ağdam marşrutu vasitəsilə təmin edilməsinin qarşısını almaqdır. Sozcu.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı qeyd edib. Onun sözlərinə görə, reinteqrasiyaya qarşı qurulan barrikadaların arxasında separatçılarla birlikdə Rusiya sülhməramlıları da dayandığı aydındır: “Moskva tərəfindən Qarabağa göndərilən Ruben Vardanyan faktoru bunu təsdiq edir. Barrikada quranlar da Vardanyanın rəhbərlik etdiyi qondarma “artsaxın təhlükəsizlik və ikişafı cəbhəsi” adlı hərəkatın üzvləridir. Artıq “mülki əhali” kartını işə salıblar. Bu halda Bakının ata biləcəyi addım Laçın yolundakı hazırki rejimi – yüklərin buraxılmaması – davam etdirmək və Ağdam marşrutu təklifini gündəmdə saxlamaqdır. Zamanla separatçıların təsir rıçaqları zəifləyəcək və erməni əhalisi bu marşrut üzrə təminatı qəbul edəcək”.

Üç quruma yeni səlahiyyət verildi - FƏRMAN

“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.  Sozcu.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni qanunu imzalayıb.  Bundan başqa, dövlət başçısı yeni qanunun qüvvəyə minməni ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə fərman da imzalayıb.  Fərmana əsasən, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin səkkizinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Həmin Qanunun 12-ci maddəsinin səkkizinci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi nəzərdə tutulur. Sənədə görə, Nazirlər Kabineti İnzibati Xətalar Məcəlləsinə əsasən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin qurumun hesabına köçürülən vəsaitdən istifadə qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etməlidir.

Hayklar Ağdam-Əsgəran yolunu beton bloklarla bağladı...-FOTOLAR

Qədirbilməz və məkrli hayklar həmişəki kimi Azərbaycanın xoş məramları qarşısında namərd əməllər törətməkdə davam edirlər.  Bu dəfə Xocalı rayonunun Əsgəran qəsəbəsindəki hayklar Azərbaycanın Ağdam-Əsgəran yolu vasitəsi ilə Qarabağdakı ermənilərə humanitar yardım çatdırılması təklifinə öz xislətlərinə məxsus cavab veriblər. Sozcu.az xəbər verir ki, "Hraparak" nəşrinin yazdığına görə, qəsəbədəki hayklar “artsaxın təhlükəsizlik və inkişaf cəbhəsi” üzvlərinin təşkilatçılığıyla bu gün saat 14:45-də Əsgəran "bələdiyyəsi"nin ətrafına toplaşıb  Ağdam yolundakı “Qələbə tankı” üzdəniraq abidə kompleksinə yürüş ediblər. Daha sonra xəstə təxəyyüllü separatçı-revanşistlər Ağdamdan keçən yolun açılması "artsax"ı düşmən qapısına aparmaq deməkdir" söyləyərək Ağdam-Əsgəran yolunda barrikada qurmaq qərarına gəliblər. Son nəticədə hayklar həmin yolu beton plitələrlə bağlayıblar...moderator)

AZAL Naxçıvana uçanları susuz qoydu — ŞİKAYƏT

Sosial şəbəkələrdə AZAL-la bağlı daha bir şikayət yayılıb. Sozcu.az xəbər verir ki, bu dəfə AZAL-ın Naxçıvan reyslərində xidmətin bərbad olması, sərnişinlərə yemək və içki verilməməsi narazılıq doğurub. Qeyd olunur ki, əvvəllər sərnişinlərə çay, kofe təklif olunsa da, artıq şirkət onları bundan da məhrum edib. "AZAL-ın təklif etdiyi çaydan, kofedən, şirniyyatdan dəfələrlə yazmışıq. Biabırçılıq idi. 2 həftə əvvəl gedəndə təklif edilən kofedən istədim, amma kofe deyildi. Şirniyyat olaraq verdikləri məhsulun üzərində isə ad, istehsal tarixi və s. yoxdur. Artıq bu problem "həllini tapdı". Çünki daha AZAL sərnişinlərə heç nə vermir", - deyə bildirilib.demokrat

"Qarabağda Putinə ediləcək kiçik güzəşt - gələcək təhlükələrin böyüyəcəyi deməkdir..."

"Ukraynada uduzan Rusiyanın Cənubi Qafqazda reabilitasiyasına imkan vermək olmaz..."  "Qarşıda növbəti Moskva, Brüssel, Qranada görüşləri gözlənilir. Ukraynada olduğu kimi, Qarabağ məsələsində də Qərbin Rusiyaya ünvanlı təzyiqinə nail olmaq lazımdır..." Son Brüssel görüşündə heç bir sənəd imzalanmadı, amma görüşdən sonrakı rezonanslar Azərbaycan qarşısında fərqli bir siyasi xətt açır. Rusiya Federasiyası XİN -in görüşdən sonrakı verdiyi bəyanat Putinin ötən il Valdayda etdiyi məlum çıxışın həm forma, həm də məzmunca təkrarı idi. Yəni Rusiyanın növbəti diplomatik təxribatı yenə də Ermənistan rəhbərliyinin Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu təsdiqləməsinə qarşı idi və Kreml bu tanınmanı ermənilərin öz “günahı” kimi dəyərləndirib. Amma Cənubi Qafqazda ambisiyalı təsirini saxlamaq üçün Bakı ilə İrəvan arasında bağlanacaq sülh müqaviləsinin Moskvada imzalanmasını vurğulayaraq, ilkin mərhələdə Moskvada üçtərəfli görüşün keçirilməsi təklifini irəli sürüb. Artıq hər dəfə Qərbin vasitəçiliyi ilə keçirilən görüşlərdən sonra Rusiyada tərəflərin görüşlərə çağırılması ("dəvət" demək olmur) sanki zərurət halını alıb.  Danışıqlar, yenə də danışıqlar, görüşlər.., hələ ki, real nəticə vermir. Əslində, nəticə olmaması ilk növbədə Rusiya üçün, sonra da ermənilər üçün bir nəticədir və bu hal onların maraqlarına uyğundur. Hər iki dövlət Azərbaycanı danışıqlar labirintinə salıb zamanı uzatmaqla məşğuldur. Yazının ilk cümləsində qeyd etdiyimiz kimi, son Brüssel görüşündən sonra Rusiyanın rəsmi mövqeyi və bu mövqedən ruhlanan Xankəndi separatçıların bəyanatları mövcud çətinliklərə baxmayaraq Azərbaycanla heç bir münasibət yaratmayacaqlarını bir daha açıq bildirmələri, bizim indiyədək apardığımız səbirli siyasi xəttimizə fərqli yanaşmanı tələb edir. Ağdam yolundan humanitar məqsədlərlə istifadəyə müsbət yanaşan Şarl Mişelə “get, öz işinlə məşğul ol” deyən Babayan, “artsaxlıları düşmən qapısına göndərir” deyən Qaramyan və digərləri dünyaya “humanitar fəlakət” haqqında nağıllar danışmaqda davam edəcəklər. Bizim rəsmi şəkildə hər dəfə bu nağılları təkzib etməyimizə ehtiyac yoxdur, əksinə, biz qarşı tərəflərə elə tələblər irəli sürməli, elə siyasi gedişlər etməliyik ki, onlar müdafiə mövqeyinə çəkilsinlər...  Bu məqsədlə Azərbaycan danışıqlar burulğanından çıxıb birbaşa Qarabağa yönəlik addımlarını atmalıdır. Erməni silahlı qüvvələrin Qarabağdan çıxarılması üçün konkret vaxt qoyub xəbərdarlıq etmək, Qarabağ ermənilərinin sənədlərinin dəyişdirilib Azərbaycan sənədinə keçməsini Laçın yolundan istifadə etmək üçün şərt kimi qəbul etdirmək, keçmiş Dağlıq Qarabağ ərazisində yaşayıb ermənilər tərəfindən etnik təmizləməyə məruz qalmış qaçqınlarımızın dogma yurdlarına qayıdışını həll etmək. Qoy, qarşı tərəflər bizim təşəbbüslərimizi müzakirə etməklə müdafiə olunsunlar, bizim onların kaprizləri ilə oynamaq vaxtımız tükənib...  Rusiya prezidenti Vladimir Putinin Qarabağdan hərbi kontingentini çıxarmamaq üçün vəziyyəti gərginləşdirmək istiqamətində kompleks təxribatlar hazırlaması gözləniləndir. Bu təxribatların başında şəxsən özünün tələbləri də yer ala bilər və müxtəlif informasiyalardan məlum olur ki, Putin artıq belə cəhdlər edib. Bəşəriyyət üçün təhdid və təhlükə mənbəyi hesab edilən bu adamın qarşısını yalnız Türkiyə-Azərbaycan koordinasiyalı siyasəti ala bilər. Bu gün Putinə ediləcək hər hansı bir kiçik güzəşt, Azərbaycan və bütün bölgə üçün gələcək təhlükələrin miqyasının böyüməsi ilə müşayiət olunacaq. Odur ki, Azərbaycan Qarabağla əlaqədar Putinin imperiya ambisiyalarını durdurmaq üçün zamanı uzatmadan şərtlərini, tələblərini, xəbərdarlıqlarını elan etməlidir. İlk addım hörmətli Ərdoğan tərəfindən atıldı, davamı gəlməlidir. 10 noyabr bəyanatına əsasən ilk növbədə erməni silahlı qüvvələri dərhal torpaqlarımızdan çıxarılmalı, əks halda hərbi güc tətbiqinin qaçılmaz olduğu Rusiya dövlətinin nəzərinə çatdırılmalıdır. Rusiya hərbiçilərinin gözü qarşısında erməni silahlı qüvvələrinin məhvinin real olduğunu dərk edən Kreml, simasını qorumaq məqsədilə bu şərtə əməl etməyə məcburdur. Biz israr etməliyik, vaxt təyin etməliyik. 2025-ci ilin noyabrınadək elə siyasi xətt seçilməlidir ki, Rusiya dünyaya deyə bilməsin ki, iki toplum arasında gərginliyin qanlı hadisələrlə müşayiət olunmasının real görünməsi səbəbindən Rusiya hələ bölgədə qalmaq məcburiyyətindədir...  Rusiya zamanı uzatmaq məqsədilə tərəfləri yenə "delimitasiya, demarkasiya, nəqliyyat infrastrukturunda maneələrin aradan qaldırılması" və s. ilə məşğul olmağa çağırıb, həmişəki kimi konkret hədəfdən yayındırmağa çalışacaq. Biz hətta bu istiqamətdə danışıqlar aparmaqla, paralel olaraq Qarabağda dövlət nəzarətimizin yaranmasının yol xəritəsini ortaya qoymalıyıq. Qarabağdaxili yolların - konkret olaraq Ağdam-Əsgəran-Xocalı-Şuşa yolunun və Tərtər-Ağdərə-Kəlbəcər yolunun tam açılması, ekoloji fəlakətin yaşandığı Sərsəng su anbarının nəzarətimizə keçməsi üçün siyasi tələbləri səsləndirib, ardınca realllaşmasına nail olmağı tezliklə həll etməliyik. Ukraynada uduzan Rusiyanın Cənubi Qafqazda reabilitasiyasına imkan vermək olmaz...  Qarşıda növbəti Moskva, Brüssel, Qranada görüşləri gözlənilir. Ukraynada olduğu kimi, Qarabağ məsələsində də Qərbin Rusiyaya ünvanlı təzyiqinə nail olmaq lazımdır. Amma, ən əsası özümüzün siyasi və hərbi gücü ilə Qarabağ məsələsində yekun nöqtənin 2025-ci ildən o yana qalmaması üçün zəruri olanları həyata keçirməliyik...(moderator) İlham İsmayıl

3-cü villasını bu ölkədən aldı

Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ yeni ev alıb. Sozcu.az "qafqazinfo"ya istinadən xəbər verir ki, onun əmlakı Yunanıstanın paytaxtı Afinada yerləşir. Aktyorun 4 otaqlı yeni villasına bir milyon avro ödədiyi bildirilir. Qeyd edək ki, bu, Kıvançın üçüncü villasıdır. Aktyor daha əvvəl Bodrum və Marmarisdan ev alıb.

Bu vərdiş ömrünüzü uzadacaq

Alimlər ömrü uzadacaq səhər vərdişinin adını açıqlayıblar. Sozcu.az lent.az-a istinadən bildirir ki, bu səhər yeməyini yeməkdən imtina etmək maddələr mübadiləsini ləngidir, çəki artımına gətirib çıxarır və hətta təhlükəli xəstəliklərin yaranma riskini artırır. Buna görə də yuxudan oyandıqdan dərhal sonra doyumlu səhər yeməyi yemək vərdişi ömrünüzü uzada və sizi bir sıra xəstəliklərdən qoruya bilər. Mütəxəssislər müxtəlif yaşlarda olan minlərlə xəstəni müşahidə edərkən müəyyən ediblər ki, səhər yeməyini tamamilə atmaq sağlamlıq və rifah üçün ciddi təhlükədir. Əvvəla, səhər yemək yeməmək maddələr mübadiləsinin yavaşlamasına gətirib çıxarır ki, bu da sizi daha tez kökəlməyə vadar edir. Gecə istirahətindən sonra qida və mikroelementlərin tədarükünü doldurmasanız, bədən hüceyrələrin "oksidləşməsinə" təkan verən müəyyən bir stress yaşanır. Öz-özünə səhər yeməyini atmaq tez bir zamanda xəstəliklərə səbəb ola bilməz. Ancaq immunitet sistemini zəiflədir və buna görə də təhlükəli xəstəliklərin riski artır. Eyni zamanda səhər yeməyində mümkün qədər çox qida maddəsi olmalıdır. Sorğuda iştirak edən uzun ömürlülərin əksəriyyətinin riayət etdiyi qaydalar bunlardır - səhər mütləq zülal (yumurta və ya yağsız ət), eləcə də yüngül karbohidratlar - bütün taxıllar, kəpək çörəyi, tərəvəz yemək lazımdır. Siz həmçinin səhər yeməyinizə meyvə və ya giləmeyvə də əlavə edə bilərsiniz.

Urmu gölündə su həcmi son 60 ildə ən aşağı səviyyəyə çatdı

İranın Şərif Universitetinin araşdırmalarının nəticələrinə görə, Urmu glündə su həcmi son 60 ildə ən aşağı səviyyəyə düşüb. Bu barədə İranın "Etimad" qəzeti məlumat dərc edib. Məlumatda İranın keçmiş Ekologiya naziri İsa Kələntəriyə istinadən bildirilib ki, İbrahim Rəisinin hakimiyyətə gəlməsindən sonra gölün bərpası ilə bağlı bütün təbliğatlara baxmayaraq, Urmu gölündə suyun səviyyəisi dahada azalaraq 700 milyon kubmetrə düşüb. "Bu gedişlə ilin sonuna kimi Urmiya gölündə su qalmayacaq və göl bataqlığa çevriləcək",- keçmiş nazir xəbərdarlıq edib. 

Bu türk ölkəsi Türkiyədən 4,4 milyardlıq hərbi texnika alır

Qazaxıstan Türkiyənin “Otakar” şirkətindən “ARMA 8×8” zirehli maşınlar almağı planlaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə “SavunmaSanayiST.com” Tvitter səhifəsində məlumat yayıb. Məlumata görə, “Otokar ARMA” Qazaxıstana 4,4 milyard ABŞ dolları məbləğində 834 ədəd zirehli texnika tədarük edəcək. Qeyd edək ki, Qazaxıstan 1 ilə yaxındır “Otokar” tərəfindən hazırlanmış TULPAR və ARMA kimi zirehli döyüş maşınlarını müxtəlif şərtlərdə sınaqdan keçirir.

Xəzərdə yenidən zəlzələ oldu

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Sozcu.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 10:31-də Xəzər dənizində (Türkmənistan ilə sərhəddə) zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 3.5, dərinliyi 63 km olub.

Azərbaycanda 2 general işdən çıxarıldı

Müdafiə Nazirliyinin iki yüksək vəzifəli şəxsi vəzifəsindən azad edilib. Sozcu.az Bizim.Media-ya istinadən xəbər verir ki, Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini, general-mayor Elxan İbrahimov bir müddət əvvəl vəzifəsindən uzaqlaşdırılıb. Elxan İbrahimov 2020-ci ilin iyulundan etibarən bu vəzifəni icra edirdi. Vəzifəsindən uzaqlaşdırılan digər məmur isə Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi Nizam Osmanovdur. General-leytenant Nizam Osmanov 23 iyul 2021-ci ildən Maddi-Texniki Təminat Baş İdarənin rəisi vəzifəsini icra edirdi. Onu da qeyd edək ki, Elxan İbrahimov müdafiə naziri Zakir Həsənovun yaxın qohumudur.

Daha 29 vətəndaş cəmiyyəti təşkilatı BMT-yə müraciət etdi

Azərbaycan Respublikasında fəaliyyət göstərən daha 29 vətəndaş cəmiyyəti təşkilatı Birləşmiş Millətlər Təşkilatına (BMT) və beynəlxalq ictimaiyyətə müraciət edib. Sozcu.az xəbər verir ki, müraciətdə Ermənistan Respublikasının dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində yaranan, Yer kürəsinin ekosisteminə regional və qlobal təsir göstərən ekoloji fəlakətə təcili diqqət yetirilməsi tələb olunur (sübutlar və əsaslandırılmış faktlar əlavə olunur): "Ermənistanın Azərbaycanla sərhəd bölgəsində davam edən mədən əməliyyatları ekosistemin deqradasiyası ilə nəticələnib və bu, yalnız Ermənistanın ətraf mühiti üçün deyil, həm də qonşu ölkələr üçün ciddi təhlükə yaradır. Mədən fəaliyyətinin ətraf mühitə vurduğu ziyan həm regionda, həm də ondan kənarda icmaların sağlamlığına və rifahına təhlükə törədərək transsərhəd təsir göstərir. Ermənistanın dağ-mədən sənayesində qeyri-şəffaf və hesabatlılığı olmayan istismar fəaliyyətinin geniş təsir dairəsində davamlı inkişaf üçün yaranmış təhlükə insanlara və ətraf mühitə zərər verir. Sənaye müəssisələrinin yüksək zəhərli kimyəvi tullantıları demək olar ki, bütün transsərhəd suları çirkləndirir. Bu ekoloji təsir insanların sağlamlığına və təhlükəsizliyinə, flora, faunaya, torpaq, hava və su strukturlarına təsir göstərir. Bu tullantıların Araz çayına axıdılması çayın canlılar aləminə və suvarma üçün onun suyundan istifadə edən geniş təsərrüfatlara ciddi təhlükə yaradır. İçməli su təchizatına potensial zərər insanların sağlamlığı və su təhlükəsizliyi üçün risklər yaradır ki, bu da sərhədyanı bölgələrdə yoluxucu xəstəliklərin yayılması ilə nəticələnə bilər. Bu vəziyyət həm Azərbaycan, həm də Ermənistan üçün ciddi ictimai səhiyyə böhranı yarada bilər. Hazırda Ermənistan Avropa İttifaqından Şərq Tərəfdaşlığı ölkələrində yaşıl sənayenin inkişafı üzrə “EU4Environment” proqramı çərçivəsində qrantlar alır. Biz Avropa İttifaqına müraciət edirik ki, bu maliyyə vəsaitindən regionda təbiətin məhv edilməsi və ekoloji tarazlığın pozulması ilə nəticələnən fəaliyyətlərin icrası üçün deyil, təyinatı üzrə istifadə olunması təmin edilsin. Ermənistan BMT-in bir sıra konvensiyalarının, o cümlədən “Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında” Konvensiyasının, “Su və sağlamlıq haqqında” protokolunun, o cümlədən, BMT-nin “Avropa İqtisadi Komissiyasının Təhlükəli tullantıların transsərhəd daşınmasına və utilizasiyasına nəzarət” haqqında Bazel Konvensiyasının, “Uzunmüddətli transsərhəd havanın çirklənməsinə dair” Konvensiyanın, “Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə Avropa İqtisadi Komissiyası” Konvensiyasının (Espoo Konvensiyasının) tələblərini, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini, Biznes və İnsan Hüquqları üzrə BMT-nin Rəhbər Prinsiplərini və s. kobud şəkildə pozur. Biz bilirik ki, Birləşmiş Millətlər Təşkilatı və aşağıda adları sadalanan beynəlxalq, regional qurumlar ekoloji problemlərin həllində mühüm rol oynayır və Ermənistanın yaratdığı ekoloji problemlərin həllində dəstək göstərə bilərlər. Biz inanırıq ki, BMT və digər qurumlar ekoloji problemləri həll etmək üçün təsirə məruz qalan ölkələr arasında diplomatik danışıqları və dialoqları asanlaşdıra bilər. Onlar qarşılıqlı faydalı həllərin tapılmasında dialoqu və əməkdaşlığı inkişaf etdirmək üçün vasitəçi kimi çıxış edə, həmçinin beynəlxalq QHT-ləri və region ölkələrindən (Gürcüstan və Azərbaycan QHT-ləri də daxil olmaqla) vətəndaş cəmiyyəti nümayəndələrini cəlb edərək zərərin dərəcəsini və potensial həll yollarını anlamaq üçün ətraf mühitin qiymətləndirilməsini həyata keçirməklə, texniki ekspertiza təklif edə bilərlər. Biz bu təşkilatlara müraciət edirik ki, Ermənistanı mövcud ekoloji konvensiyalara əməl etməyə çağırsınlar. Biz onlardan Ermənistandakı sənaye müəssisələrinin fəaliyyətini izləməklə, beynəlxalq ekoloji normalara riayət olunmasını təmin etmələrini xahiş edirik". Müraciət aşağıdakı beynəlxalq qurumlara göndərilib: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) İdarəsi Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (UNCTAD) Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) Birləşmiş Millətlər Təşkilatının İnsan Məskunlaşmaları Proqramı Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) BMT-in Qadın Agentliyi Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE) Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) BMT-nin insan hüquqları və ətraf mühit üzrə xüsusi məruzəçisi BMT-nin zəhərli maddələr və insan hüquqları üzrə xüsusi məruzəçisi BMT-nin iqlim dəyişikliyi kontekstində insan hüquqlarının təşviqi və müdafiəsi üzrə xüsusi məruzəçisi Avropa Komissiyası Avropa Şurası Avropa Parlamenti Avropa Ətraf Mühit Agentliyi Avropa Şurası Ümumdünya Vəhşi Təbiət Fondu (WWF) Qlobal Ətraf Mühit Fondu (GEF) “Friends of Earth” təşkilatı İnsan Hüquqları Təşəbbüsü Birliyi (CHRI) “Greenpeace” təşkilatı. Sübutlar və faktlar: Ermənistan Qafan dağ-mədən kompleksinin fəaliyyəti nəticəsində yaranan, tərkibində ağır metallar olan mədən tullantılarının transsərhəd çayları olan Oxçuçay və Araz çaylarına axıdılmasına göz yumur. 270 milyon kvadratmetr ərazini əhatə edən və mədən tullantıları hovuzu kimi istifadə olunan Artsevanik su anbarı bütün region üçün ciddi təhlükə yaradır. Ermənistanın Qafan mədən kompleksi daxilində 4,6 milyon kvadratmetr ərazini əhatə edən Qutqum (Qeqanuş) mədən tullantıları yatağı region üçün ciddi təhlükə yaradır. Əkərək (Aqarak) Mis-Molibden kombinatının tərkibində ağır metallar olan mədən tullantıları Kərçivançay vasitəsilə Araz çayında çirklənmə problemini daha da artırır. İldə təxminən 10.000 unsiya qızılın emal edildiyi Göyçə (Sevan) Daşdəm Qızıl Mədənində davam edən əməliyyatlar davamlı çirklənməyə səbəb olub və zəhərli çirkab suları yaxınlıqdakı çayları, o cümlədən Bərgüşad (Vorotan) çayını çirkləndirib. Bərgüşad çayı da öz növbəsində transsərhəd Araz çayına tökülür. Ermənistanın Lori bölgəsində Axtala mədəni ildə təxminən 5 min ton mis və qurğuşun hasil edir ki, bu da yaxınlıqdakı Tona (Debed) çayının çirklənməsinə səbəb olur. Tona çayı daha sonra Kür çayına tökülür. Axtala mədəni 2017-ci ildə Ermənistanın vətəndaş cəmiyyəti, ekoloji fəallarının təzyiqlərinə nəticəsində hökumət tərəfindən ekoloji narahatlıqlara görə bağlanıb, lakin təəssüf ki, o, 2020-ci ildə istismarı bərpa edilib. İldə təxminən 1,5 milyon ton filiz hasilatı ilə manqan filizi, manqan dioksidi və digər manqan məhsullarının istehsalına cavabdeh olan Qafan Manqan Zavodu Cənubi Qafqaz regionu üçün mühüm içməli su mənbəyi kimi istifadə olunan yaxınlıqdakı Bərgüşad çayını əhəmiyyətli dərəcədə çirkləndirir. Bu çirkləndiricilər müxtəlif sağlamlıq problemlərinə, o cümlədən tənəffüs problemləri, nevroloji xəstəliklər və xərçəngə səbəb olur. Mis, sink və qurğuşun istehsalı ilə məşğul olan Ellər (Qotayq) metallurgiya zavodu mühüm içməli su mənbəyi olan Arpaçayın mis, qurğuşun və kadmium kimi ağır metallarla çirkləndirilməsinə səbəb olur. Bu, ilk növbədə kükürd dioksidi, azot oksidləri və hissəciklərinin daxil olduğu havanın ciddi şəkildə çirklənməsi ilə insan sağlamlığına zərərli təsir göstərir. İldə təqribən 100 min ton mis emal edən Göyçə (Geqarkunik) Mis Əritmə Zavodu atmosferə əhəmiyyətli miqdarda kükürd qazı və digər çirkləndiricilər buraxır. Bu, havanın çirklənməsinə və turşulu yağışların yaranmasına səbəb olur. Ellər zavodu kimi Göyçə Mis Əritmə Zavodunun da tullantı suları əsas içməli su mənbəyi olan Arpaçaya axıdılır. Nəticədə, Arpaçayın daşıdığı çirkləndiricilər sonda Araz çayına çatır. Azərbaycan Respublikası ilə Ermənistanın sərhəddində - Arazdəyən (Yerasx) adlı ərazidə həyata keçirilən nəhəng metallurgiya zavodunun tikintisi dayandırılmalıdır. Bu zavodun zəhərli kimyəvi tullantılarının yerli ekosistemə potensial təsiri böyük olacaqdır. İçməli su təchizatının bu cür çirklənməsi sərhədyanı ərazilərdə yoluxucu xəstəliklərin yayılma riskini artırır, həm Azərbaycana, həm də Ermənistana təsir edən əhəmiyyətli ictimai səhiyyə böhranı yarada bilər. Amuldağ (Amulsar) qızıl yatağında aparılan əməliyyatlar nəticəsində tərkibində ağır metallar olan mədən tullantıları Qafqaz dağlarında eroziya prosesini xeyli sürətləndirir. Yatağın tullantıları Bərgüşad (Vorotan) və Həkəri çayları vasitəsilə Araz çayına axıdılır. Yataq həm də Azərbaycan ərazisindən keçən Arpaçay və Bazarçay çayları arasındakı ərazidə yerləşir. Bu sənaye tullantıları son nəticədə Araz çayı ilə birləşən Kür çayı vasitəsilə Xəzər dənizi hövzəsi üçün ciddi təhlükə yaradır. Nəticədə təkcə Azərbaycana deyil, İrana və digər Xəzəryanı ölkələrə də böyük ekoloji ziyan vurur. Yuxarıda qeyd olunan sənaye müəssisələrinin çirkab suları suda yaşayan canlılar aləminə mənfi təsir göstərir, həm ekosistem, həm də insanlar üçün ciddi təhlükə yaradır. Ermənistanda dağ-mədən sənayesi ekoloji norma və standartların əksəriyyətini, habelə BMT Konvensiyalarını pozur, o cümlədən: 1. BMT-nin Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında Konvensiyası - 17 mart 1992-ci ildə qəbul edilmiş Helsinki Konvensiyası ümumi su obyektlərin, beynəlxalq göllərin mühafizəsi və istifadəsinə yönəlmişdir. Konvensiya qəbul edir ki, insan fəaliyyəti nəticəsində transsərhəd sularda baş verən dəyişikliklər ətraf mühitə hər hansı əhəmiyyətli mənfi təsir etdiyi zaman tərəflər danışıqlar aparmalıdır. Bununla belə, Ermənistan transsərhəd su axarlarına ekoloji ziyan vurmaqla, bu Konvensiyanın qaydalarını və prinsiplərini pozur; 2. BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında Konvensiyasının tərkib hissəsi olan “Su və sağlamlıq haqqında” protokol su ekosistemlərinin qorunmasına, su ilə əlaqəli xəstəliklərin qarşısının alınmasına, onlara nəzarət edilməsinə və təsirlərin azaldılmasına xüsusi diqqət yetirir. Konvensiyanın məqsədlərinə nail olmaq üçün protokolda iştirak edən tərəflər içməli suyun keyfiyyəti, axıdılma keyfiyyəti, su təchizatı və tullantı sularının təmizlənməsi sistemlərinin səmərəliliyi üçün milli və yerli hədəfləri müəyyən etməlidir. Protokolu imzalayan tərəf kimi Ermənistan transsərhəd su axarlarına və göllərə ziyan vuran mədən əməliyyatları ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etmir; 3. BMT-nin Avropa İqtisadi Komissiyası təhlükəli tullantıların transsərhəd daşınmasına və utilizasiyasına nəzarət haqqında Bazel Konvensiyasının əsas məqsədi insan sağlamlığını və ətraf mühiti təhlükəli tullantıların mənfi təsirlərindən qorumaqdır. Konvensiyaya imza atan Ermənistan yuxarıda qeyd olunan dağ-mədən sənayesinin təhlükəli tullantıları ilə ətraf mühitə zərər vuraraq konvensiyanın tələblərinə əməl etmir; 4. Uzunmüddətli transsərhəd havanın çirklənməsinə dair BMT Konvensiyası havanın çirklənməsi siyasətinin beynəlxalq koordinasiyasına dair çərçivə təmin edir. Konvensiyanın və onun protokollarının ratifikasiyası və həyata keçirilməsi bir çox tərəflər üçün sağlamlıq və ətraf mühitə təsirləri birtərəfli tədbirlərlə daha səmərəli şəkildə azaltmaq məqsədi daşıyır. Ermənistan indiyədək apardığı mədən sənayesi işləri ilə bağlı atmosferin uzunmüddətli çirkləndirilməsi ilə əlaqədar danışıqların aparılması üçün təşəbbüs göstərməmişdir; 5. BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyası (Espo Konvensiyası) da Ermənistan tərəfindən pozulan sənədlərdən biridir. Espo Konvensiyası ekoloji məsələlərin milli sərhədləri aşdığını etiraf edir və bu məsələlərin transsərhəd bir neçə dövlətə təsir etdiyi halda, beynəlxalq danışıqların zəruriliyini vurğulayır. Azərbaycan tərəfinin qarşılıqlı razılaşması olmadan Ermənistan tərəfindən sərhəddə aparılan tikinti işləri transsərhəd kontekstlərdə ətraf mühitə təsirin qiymətləndirilməsini nəzərdə tutan 1991-ci il Espo Konvensiyasının açıq şəkildə pozulmasıdır; 6. Ermənistan bu ekoloji cinayətləri törətməklə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini, xüsusən də “Yaxşı Səhiyyə və Rifah” üzrə 3-cü, “Təmiz Su və Sanitariya” üzrə 6-cı, “Məsuliyyətli İstehsal və İstehlak” üzrə 12-ci, “İqlim dəyişikliyinin nəticələri ilə mübarizə” üzrə 13-cü və “Yer Ekosisteminin Mühafizəsi” mövzusunda 15-ci hədəflərin də əleyhinə çıxır; 7. BMT-nin Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsipləri mədən sənayesi də daxil olmaqla biznesdə məsuliyyətli davranışı təşviq etmək üçün çərçivə müəyyən edir. Bu prinsiplər şirkətlərin insan hüquqlarını qorumaq, ətraf mühitə mənfi təsirlərin qarşısını almaq və təsirə məruz qalmış icmalarla şəffaf, inklüziv şəkildə ünsiyyət qurmaq ehtiyacını vurğulayır. Biz həmçinin şirkətləri yuxarıda qeyd olunan riskləri qəbul etməyə və ətraf mühitə böyük mənfi təsirləri olan dağ-mədən sənayesinə dəstəyini dayandırmağa çağırırıq; 8. Orhus Konvensiyası ətraf mühit məsələlərində informasiyaya çıxışın, ictimaiyyətin iştirakının və ədalətin təmin edilməsində mühüm rol oynayır. Bu Konvensiyanı imzalayan Ermənistan zərər çəkmiş regionun əhalisinin mədən fəaliyyəti, qərarların qəbulu proseslərində iştirakı və ətraf mühitə dəyən zərərin aradan qaldırılması yolları haqqında məlumat əldə etməsini təmin etməklə, öz öhdəliklərini yerinə yetirməlidir. Biz beynəlxalq norma və prinsiplərin pozulmasını nəzərə alaraq, BMT və digər beynəlxalq, regional təşkilatları Ermənistanın davam edən ekoloji pozuntularına son qoymağı təmin etməyə, yuxarıda sadalanan ekoloji fəlakətlərə adekvat reaksiya verməyə çağırırıq.

Qaxda şirkət maşını çaya beton tökdü - Foto

Qax rayonunun ərazisindən keçən Kürmük çayına beton qarışdıran maşından beton tökülməsi ilə bağlı sosial şəbəkədə yayılmış görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb. Bu barədə Sozcu.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib. Xidmətin rəsmisi Xaliq Mirzəyev bildirib ki, araşdırma zamanı çaya beton axıdan "Mersedes" markalı, 36-AC-335 dövlət nömrə nişanlı avtomobilin SPARK MMC-yə məxsus beton zavoduna aid olduğu müəyyən edilib: “Faktla bağlı avtomobilin sürücüsü Fizuli Mehdiyev barəsində akt, protokol tərtib olunaraq qanunamüvafiq tədbir görülüb. Eyni zamanda, SPARK MMC-nin sahə rəisi Şahin Allahverdiyevə sürücülərinin fəaliyyətini nəzarətdə saxlaması üçün ciddi xəbərdarlıq olunub, əraziyə cavabdeh Qum bələdiyyəsinin sədri Sərxan Qurbanova isə ərazinin təmizliyinə mütəmadi nəzarət olunması ilə bağlı məcburi göstəriş verilib”.

Masallıda taxıl sahəsi qəsdən yandırıldı - Video

Masallı rayonunda taxıl sahəsinin xüsusi qurğu vasitəsilə qəsdən yandırılması faktı aşkarlanıb. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, iyunun 30-da Masallı rayonunun Qəriblər kəndi ərazisində biçilmiş taxıl sahəsində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin səyi ilə yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Faktla əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən hadisənin başvermə səbəbləri və mümkün təqsirkar şəxs və ya şəxslərin müəyyən edilməsi məqsədilə zəruri tədbirlər həyata keçirilib. Bu istiqamətdə araşdırma aparan DYNX-nin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinə yanğın baş vermiş ərazidə üzərində xüsusi böyüdücü lupanın yerləşdirildiyi qurğunun aşkar edilməsi barədə məlumat daxil olub. İdarənin əməkdaşları tərəfindən hadisə yerində qurğuya baxış keçirilərkən onun üzərində həqiqətən də lupanın yerləşdirildiyi və günəş şüalarının fokuslaşması nəticəsində günün isti vaxtlarında quru otların alışmasına şərait yaratdığı müəyyən edilib ki, bu da yanğının qəsdən törədilməsinə əsaslı şübhələr yaradır. Qeyd olunanları nəzərə alaraq, faktla bağlı toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

Krım partlayışı: rus turistlər qaçır, təminat çətinləşdi

Krım körpüsünə dünənki hücum nəticəsində nəqliyyatın hərəkəti tamamilə pozulub, Ukrayna ordusunun əks-hücum əməliyyatları zamanı ölkənin cənubundakı rus qoşunlarının maddi-texniki təminatı pisləşə bilər. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibəni Öyrənilməsi İnstitutu məlumat yayıb. “Partlayışdan sonra Rusiya Ukrayna xüsusi xidmət orqanlarını iyulun 17-də səhər körpüyə PUA zərbəsi endirməkdə ittiham edib. Nəticələrin videoçəkilişindən görünür ki, Kerç boğazı üzərindən keçən körpünün yolunun bir hissəsi dağılıb, digər hissəsi isə zədələnib, lakin toxunulmaz qalıb. Daha sonra Rusiya Nəqliyyat Nazirliyi bəyan etdi ki, zərbələr nə dəmir yolu körpüsünə, nə də avtomobil körpüsünün dirəklərinə ziyan vurub. Körpü üzərindən dəmir yolu hərəkəti partlayışdan bir neçə saat sonra bərpa olunub. İşğal olunmuş Krımdan qaçan rus “turistləri” çox güman ki, nəqliyyatın hərəkətini çətinləşdirib, yarımadadan Zaporojye və Xerson vilayətləri ərazisindəki “arxa ərazilərində” Rusiya logistikasına mane olub. İşğalçı hakimiyyət mülki şəxslərdən ağır nəqliyyat problemlərini yüngülləşdirmək üçün alternativ çıxış yollarını nəzərdən keçirməyi xahiş edib”, - məlumatda deyilir. Qeyd olunur ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov ölkənin insidentdə iştirakı ilə bağlı şərh verməkdən imtina edib.

Çexiya azərbaycanlı kriminal avtoriteti ABŞ-a verir

Çexiyanın ədliyyə naziri Pavel Blazek Gürcüstan vətəndaşı olan kriminal avtoritet Polad Ömərovun ABŞ-a ekstradisiya edilməsi haqqında əmr imzalayıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, əslən azərbaycanlı olan P.Ömərovun yaxın bir neçə gün ərzində ekstradisiya prosesi həyata keçirilməlidir. Barəsində beynəlxalq axtarış qərarı olan kriminal avtoritet yanvar ayında Çexiyada saxlanılıb və o vaxtdan həbsdədir. P.Ömərovun həbsindən az sonra məlum olub ki, ABŞ prokurorları Şərqi Avropadan olan və İran hakimiyyəti ilə əlaqəli olan üç kriminal avtoriteti ABŞ-da yaşayan iranlı jurnalist və hüquq müdafiəçisi Məsih Əlinejadın qətlini planlaşdırmaqda ittiham edib. Praqa Şəhər Məhkəməsi mayın sonunda P.Ömərovun ABŞ-a, o cümlədən Gürcüstan və Qazaxıstana ekstradisiya oluna biləcəyinə dair qərar çıxarıb. Bu ölkələr də onun cinayət məsuliyyətinə cəlb olunması üçün Çexiyadan ekstradisiyasını tələb ediblər. Çexiya mətbuatı yazır ki, P.Ömərov Rusiya və Ukraynadakı azərbaycanlı icmalarına qarşı terror törədən mütəşəkkil cinayətkar qrupa rəhbərlik edib.