İlham Əliyev İsrailin müdafiə naziri ilə görüşdü

İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin müdafiə naziri Yoav Qallantı qəbul edib. Sozcu.az xəbər verir ki, Yoav Qallant İsrailin Baş naziri Benyamin Netanyahunun salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İsrailin Baş nazirinə çatdırmağı xahiş etdi. Söhbət zamanı dövlətimizin başçısı ilə İsrailin müdafiə naziri arasında bu il Münxendə keçirilən görüş xatırlandı. İkitərəfli münasibətlərin inkişafından, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıqdan məmnunluq ifadə edildi. İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana səfərinin əlaqələrimizin inkişafında rolu qeyd olundu. Görüşdə Azərbaycanın İsraildə səfirliyinin açılmasının əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulandı.

Brüssel görüşü qabağa çəkildi – Paşinyan açıqladı

Brüsseldə 15 iyulda Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəm. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “Ümid edirəm ki, görüş zamanı sülh sazişi üzrə danışıqlarda irəliləyiş qeydə alınacaq”, - Paşinyan bildirib. Xatırladaq ki, ötən gün 21 iyulda nəzərdə tutulan görüşün qabağa çəkilə biləcəyi haqda məlumat yayılmışdı.

Bakıdakı hücumun arxasında İran dayanır - İsrail

Azərbaycanda İsrail səfirliyinə hücuma cəhdin arxasında İran dayanır. Sozcu.az xəbər verir ki, bu barədə İsrail xarici işlər naziri Eli Kohen deyib. Hazırda Serbiyada səfərdə olan israilli nazirin sözlərinə görə, Azərbaycanda məğlub edilən terror qruplaşması İrandan maliyyələşib və təlimat alıb. Kohen Serbiyanı İran terror qruplarına qarşı hərəkətə keçməyə çağırıb: “İran terrorizmi qlobal təhlükədir, bunu biz son günlərdə İsrailin Bakıdakı səfirliyinə hücum cəhdi ilə, son aylarda isə Kipr və Yunanıstanda israillilər və yəhudilərə hücum cəhdləri ilə gördük. İrana qarşı yalnız birgə mübarizə nəticə verəcək və onun regional sabitliyi pozmaqda davam etməsinin qarşısını alacaq”.

"Brent" yenidən 80 dolları ötdü

Dünya birjalarında neft qiymətləri bahalaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 80,47 dollara, yüngül neftin bir barreli isə 76,05 dollara satılır.

Makrona kəsilmiş insan barmağı göndərildi

Yelisey sarayına kəsilmiş insan barmağının olduğu məktub göndərilib. Sozcu.az xəbər verir ki, bu barədə “Valeurs Actuelles” mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Yelisey sarayının yazışma xidməti məktubu iyulun 9-u və ya 10-u tarixlərində alıb: “Bu, iyulun 14-də milli bayram olan Bastiliya Günü ərəfəsində baş verib. Barmağın sahibi artıq tapılıb. Onun şəxsiyyəti və hadisənin motivləri barədə təfərrüat verilmir”. Qeyd edək ki, bununla bağlı Yelisey sarayı şərh verməkdən imtina edib.

Ukrayna bir gecədə daha 20 “Şahid” məhv etdi

Ukrayna ordusu son sutkada ölkəyə hücum edən 20 "Şahid" PUA-sını məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb. Məlumata görə, PUA-lar Kiyev vilayətində vurulub.

Rusiyanın itkiləri 236 mini ötdü

Ukrayna müharibənin 505-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 236 040 hərbçi, 4092 ədəd tank, 7999 ədəd zirehli döyüş maşını, 4425 ədəd artilleriya sistemi, 678 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 421 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 310 ədəd helikopter, 6995 ədəd avtomobil texnikası, 3752 ədəd PUA, 1271 qanadlı raket, 18 gəmi/qayıq, 652 xüsusi avadanlıq itirib.

Azərbaycanda zəlzələ oldu

Hacıqabulda zəlzələ olub. Sozcu.az xəbər verir ki, məlumatı Respublika Seysmoloji Xidmət Mərkəzi yayıb. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 09:51-də Hacıqabul rayonunda zəlzələ qeydə alıb. Zəlzələnin maqnitudası 3.4, dərinliyi 23 km olub.

Astara polisindən əməliyyat: silahlı şəxs saxlanıldı

Astara sakinində tapança və psixotrop maddə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sozcu.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah, döyüş sursatı və psixotrop maddə əldə edərək daşımaqda şübhəli bilinən rayonun Səncərədi kənd sakini, əvvəllər məhkum olunmuş Tofiq Bayramov saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 1 ədəd kustar üsulla hazırlanmış revolver tipli odlu silah, həmin silahda istifadə olunması üçün nəzərdə tutulan 4 ədəd patron və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. T.Bayramov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.

Finlandiya Türkiyədən üzr istədi

Finlandiyanın xarici işlər naziri Elina Valtonen Türkiyənin xarici işlər naziri Hakan Fidana maliyyə nazirinin sözlərinə görə üzrxahlığını çatdırıb. Sozcu.az xəbər verir ki, bu barədə “Yle” nəşri məlumat yayıb. “NATO sammiti zamanı və keçən həftə Brüsseldə səmərəli danışıqlara görə Hakan Fidana təşəkkür etdim. Bir neçə il əvvəl yeni hökumətimizin bir üzvünün dediyi yersiz sözlərə görə ölkəmizin üzrxahlığını da çatdırdım. Onlar bizim dəyərlərimizi əks etdirmir və heç vaxt da əks etdirməyəcək. Finlandiya Türkiyə ilə ikitərəfli əsasda və müttəfiq kimi əlaqələri yüksək qiymətləndirir”, - o bildirib. Qeyd edək ki, Əsl Finlər Partiyasından olan maliyyə naziri Rikka Purra Finlandiya parlamentinin hazırkı sədri Yussi Halla-Ahonun qonaqlar kitabında “türk meymunları” haqqında yazıb.

İki gün əvvəl dənizdə batan şəxsin meyiti tapıldı

İyulun 11-də dənizdə batan şəxsin meyiti tapılıb. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 6 kilometr aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Uolles Gerasimov və Şoyqunu onlarla müqayisə etdi

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov və müdafiə naziri Sergey Şoyqunu Amerika məşhur komediya cütlüyü Laurel və Hardi ilə müqayisə edib. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. “Rusiyanın Ukraynadakı Birləşmiş Qüvvələr Qrupu komandirinin müavini, “ən yaxşı generallardan biri” Surovikin indi yoxa çıxıb. O, nazirlikdən məsul olan Laurel və Hardini tərk edib (Gerasimov və Şoyqu nəzərdə tutulur - red.)”, - Uolles bildirib. Qeyd edək ki, Laurel və Hardi XX əsrin birinci rübündə qısametrajlı filmləri ilə məşhurlaşan Amerika komediya ustalarıdır.

İlqar Məmmədov: “Bu, nə maşınlardır, onları kimlər və harada sürür?”

“Ötən il Birləşmiş Krallıqdan ümumi dəyəri 446 milyon AZN olan avtomobil (road vehicle) idxal etmişik. Millətimiz keçən il birdən-birə 446 milyon manatlıq avtomobil gətirib, özü də bu hələ 1 ölkədəndir, amma küçələrdə bu maşınlar elə də gözə dəymir”. Sozcu.az-ın xəbərinə görə, bunu REAL Partiyasının sədri İlqar Məmmədov bildirib. “Maraqlıdır, bu nə maşınlardır, onları kimlər və harada sürür?”, - İ.Məmmədov sual ünvanlayıb.

Özəl bağçalarda fantastik qiymətlər: "Sanki uşaqlara Eynşteyn dərs keçir" — ARAŞDIRMA

Uşaq bağçaları azyaşlıların əqli, fiziki, yaradıcı potensialının və şəxsi ünsiyyət bacarıqlarının inkişafında mühüm rol oynayır. Bu səbəbdən valideynlər yeni tədris ilində azyaşlı övladlarını bağçaya qoyarkən qarşısında iki əsas seçim olur: dövlət bağçaları və özəl bağçalar. Azərbaycanda dövlət bağçaları pulsuzdur. Lakin çox vaxt bu müəssisələrdə yer çatışmazlığı olur. Özəl bağçalara üz tutan valideynlər isə ağlasığmaz qiymətlərlə qarşılaşırlar. Bakupost.az Bakıda yerləşən özəl bağçalarda qiymətlərlə bağlı araşdırma aparıb. Araşdırma zamanı aydın olub ki, özəl bağçalarda gündə 4 və ya 5 dəfə qidalanmaq, dil qrupları, əyləncəli və öyrədici oyunlar, idman, rəsm, şahmat və musiqi dərsləri keçirilir. Həmin bağçalarda təhlükəsizliyə nəzarət yüksək səviyyədədir. Özəl bağçalarda valideynlərə övladının günlük fəaliyyətini canlı izləmək imkanı yaradılır. Araşdırmamız göstərdi ki, özəl bağçalarda ən aşağı qiymət 350 manatdan başlayır. Məsələn, “Zümrüd” özəl uşaq bağçasında Azərbaycan, rus və ingilis dilində tədris təklif olunur. Azərbaycan dili bölməsinin aylıq ödənişi 550 manatdır. Rus dili qrupunun 600, ingilis dili qrupunun isə aylıq ödənişi 700 manatdır. “Yaşıl ada” uşaq bağçasında tələbat olmadığı üçün Azərbaycan dili qrupu səhər saat 08:00-dan günorta saat 1-ə kimi fəaliyyət göstərir. (?) Rus dili bölməsi 750, ingilis dili bölməsinin aylıq ödənişi isə 800 manatdır. “Neo Kids” özəl uşaq bağçasında da həftədə 5 gün olmaqla Azərbaycan və rus dili qrupları fəaliyyət göstərir və hər iki qrup üçün aylıq ödəniş 700 manat təşkil edir. İndilis dili bölməsi isə 750 manatdır. Baxçada uşaqlar üçün hovuz da fəaliyyət göstərir. “Şəkər” uşaq baxçasında hər üç bölmə üzrə aylıq ödəniş 760 manat təşkil edir. “Göyərçin” bağçasında isə rus bölməsi 550, ingilis bölməsi isə 600 manatdır. “Erudit-M” uşaq bağçasında səhər 08:30-dan axşam 18:00-a qədər uşaqların təlim tərbiyəsi üçün aylıq ödənişin məbləği 500 manat təyin olunub. “Tumurcuq” uşaq bağçasında isə bütöv gün 450 manat, yarım gün isə 320 manatdır. “Play Arena” özəl bağçasında bütöv gün 400, yarım gün isə 250 AZN təşkil edir. “İnci balalar” uşaq bağçasında Azərbaycan və rus bölmələri üçün ödəniş 350 manat, ingilis dilli bölməsi üçünsə 450 manatdır. “Albalı” uşaq bağçasında gündə 5 dəfə yemək verilir. Bağçada Azərbaycan, rus və ingilis dili tədris olunur. Bildirildi ki, hazırda yay rejimi olduğuna görə uşaqlara əyləncəli proqramlar keçilir. Səhər saat 08:00-dan axşam saat 18:00-a qədər 350 manat, müvafiq olaraq günün birinci hissəsi saat 1-ə kimi 200 manat, saat 3-ə qədər isə 250 manat ödniş 1təyin olunub. Sentyabrdan məktəbəqədər dərslərə isə əlavə heç bir ödəniş tələb olunmur. Göründüyü kimi, özəl bağçalarda qiymətlər əksər valideynlər üçün əlçatan deyil. Bəs, qiymətlərin bu qədər baha olması nə ilə bağlıdır? Mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, ümumi statistikaya görə ölkədə 1825 dövlət bağçası, 133 özəl bağça fəaliyyət göstərir. Onun sözlərinə görə, özəl bağçalar qiymətlərin yüksək olmasını təhlükəsizlik, sağlamlıq, qida, əlavə servis xidmətləri ilə izah edirlər: "Qiymətlərə baxanda bəzən elə təəssürat yaranır ki, sanki o bağçalarda uşaqlara Eynşteyn dərs keçir. Özəl bağçalar müstəqildir və qiyməti təyin etmək hüquq sahibkarın əlindədir. Amma istənilən halda özəl bağça sahibləri insaflı davranmalı və qiyməti münasib etməlidirlər". E.Əfəndi qeyd edib ki, özəl bağçalar əlavə bir çox xidmətlər təklif edirlər: "Məsələn, bağça yatılı olur, ya da uşaqlar xüsusi nəqliyyatla aparıb-gətirilirlər. Həmçinin, sahibkar müəssisəyə xaricdən mütəxəssislər cəlb edə bilər. Bu zaman aylıq təhsil haqqıı 1000 manat da olsa, buna qarışa bilmərik. Bağça sahibi deyə bilər ki, mütəxəssis dəvət etmişəm və o, bu qiymətə çalışır”. Elm və Təhsil Nazirliyi mətbuat katibi Cəsarət Valehov isə bildirib ki, özəl bağçalarda qiyməti bazar tənzimləyir: “Özəl bağçalar sahibkarlıq məqsədlidir. Buna görə də bu müəssisələrdə qiyməti sahibkar özü müəyyən edir. Elm və Təhsil Nazirliyi bununla bağlı heç bir səlahiyyətə malik deyil. Dövlət bağçaları isə pulsuzdur. Düzdür, özəl bağçalarda olduğu kimi əlavə xidmətlər olmasa da, dövlət bağçalarımızda körpələrimizə dövlət xidmət göstərir. Uşaqların tədrisi, təlim-tərbiyəsi qida və təhlükəsizliyinə nəzarət edilir”.

Biz bir millət, 3 dövlətik - Qurtulmuş

Azərbaycan Cənubi Qafqazda Türkiyənin ən önəmli müttəfiqidir. Sozcu.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş Türk Şəhidliyini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib. "Türkiyə, Azərbaycan və Şimali Kipr bir millət, üç dövlətdir. Türkiyənin Aralıq dənizində Şimali Kiprlə olan münasibəti kimi, Cənubi Qafqazda da Azərbaycanla olan münasibəti önəmlidir. Burada Azərbaycanın güclü olması Türkiyənin də öz bölgəsində güclü olması deməkdir. Eyni şəkildə də Şimali Kiprin güclü olması”, - Türkiyə Parlamentinin sədri bildirib.

Zelenski NATO sammitində - FOTO

Ukrayna prezidenti Volodimir Zelenski NATO sammitinə qatılıb. Sozcu.az xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb. Bildirilib ki, Ukrayna dövlətinin başçısı gələn kimi tədbirdə iştirak edən jurnalistlərə açıqlama verib.

Elmi dərəcələri satan vəzifəli şəxsə cinayət işi AÇILDI

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində Ali Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert şurasının üzvü – elmi katibi Şəfa Əliyevin qanunsuz əməlləri ifşa edilib. Baş Prokurorluğun Mətbuat xidmətindən Sozcu.az-a verilən məlumata görə, əməliyyat-istintaq tədbirləri ilə Şəfa Əliyevin işlədiyi qurumun vəzifəli şəxslərinin qərarlarına həqiqi təsir imkanlarından istifadə edərək müxtəlif şəxslərdən aldığı pul vəsaitləri müqabilində onlara elmi dərəcələrin verilməsinə nail olmasına və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı başlanmış cinayət işi üzrə toplanmış sübutlar əsasında Şəfa Əliyev Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib. Hazırda iş üzrə qanunazidd hərəkətlərə yol vermiş digər şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Ermənistan TŞ sədri: "Rusiya öhdəliklərini yerinə yetirmir, bizi silahla təmin etmir"

"Rusiya öhdəliklərini yerinə yetirmir". Bunu Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) sədri Armen Qriqoryan “Amerikanın səsi” radiosuna müsahibəsində deyib. O bildirib ki, Rusiyanın müqavilələrdə nəzərdə tutulan silah və sursatla Ermənistanı təmin etməməsi iki ölkə münasibətlərin gündəmində qalmaqda davam edir. TŞ sədrinin sözlərinə görə, bu məsələ Təhlükəsizlik Şurası katiblərinin Minskdə keçirilən son görüşündə müzakirə olunmayıb: “Bütün problemlər tərəfdaşlarımızla açıq şəkildə müzakirə edilməlidir. Çünki bu məsələlər bizim üçün strateji əhəmiyyət kəsb edir”. A.Qriqoryan, həmçinin qeyd edib ki, KTMT ölkələri Ermənistanın qaldırdığı məsələlərin qanuni olduğunu anlamalıdır: “Bu, çox vacibdir”.

Günün qoroskopu: yeni, genişmiqyaslı işə başlamayın

Sozcu.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir . Qoç - günün ilk yarısında yaranan problemləri həll etmək üçün baş sındırmalı olacaqsınız. Yaxın ətrafınızdakı insanların fikirlərini, mövqelərini nəzərə almasanız, ciddi səhvə yol verəcəksiniz. Hər şeyin necə olması barədə yalnız öz düşüncənizi absolyut həqiqət saymayın. Həmkarlar və işgüzar tərəfdaşlarla mübahisələr yarana bilər. Əks cins mənsubu ilə dil tapmaq çətindir. Reallaşdıra bilmədiyiniz layihələrdən əl çəkmək üçün münasib zamandır. Sevincdən daha çox kədər gətirən münasibəti dayandırın. Maliyyə məsələlərində qayda yaradın. Bir qədər sonra pula ehtiyac yaranacaq. Hansı məbləğə sahib olduğunuzu dəqiq bilin. Buğa - bütün planları düşündüyünüz təki gerçəkləşdirmək mümkün deyil. Şəraitin və işlərinizə qarışan insanların təsiri güclüdür. Durum əlverişli deyil. Xüsusi önəm verdiyiniz işi diqqətlə görün. Fikrinizi dağıtmayın. İşdə rəhbərliklə münasibətlərə yenidən baxmaq olar. Təmasları yaxşılaşdırın. Yaxınlarınızla dil tapmaq asan deyil. Onların sizə qarşı xeyli iradları var. Münasibətlərdə harmoniyanı bərpa etməyin yolunu intuisiya göstərəcək. Sevdiyiniz insanla açıq danışmaqdan qorxmayın. Əkizlər - çoxdan bəri həyata keçirmək istədiyiniz planı reallaşdırmağın zamanıdır. Məqsədə çatmaq üçün gərəkli saydığınız bütün vasitələrdən istifadə edə bilərsiniz. İstədiyinizi etməkdən çəkminməyin. Ətrafınızdakı insanlar sizə qarşı çıxsalar da, bəzi ideyalarınızı pis hesab etsələr də, irəliləməkdən qalmayın. İşgüzar fəaliyyət məsələləri şəxsi münasibətlərə qarışmamalıdır. Yeni təmaslar başlana bilər. Yaşamınızda yeniliklər və müsbət dəyişikliklər etməyə başlayın. Qida rasionunuzda zərərli vərdişlərdən əl çəkin, sağlam təamları seçin. Xərçəng - əvvəllər başladığınız işi mütləq şəkildə başa vurun. Uzun müddətdən bəri çalışdığınız, səy göstərdiyiniz sahədə məqsədə çata bilərsiniz. Köhnə işgüzar əlaqələrin bərpasına can atın. Belədə yeni imkanlarla qarşılaşacaqsınız. Nüfuzlu şəxslər, dövlət qurumlarının nümayəndələri ilə təmaslar məsləhət deyil. Səfərə yollanmaq olar. Məqsəd şübhəli, yanınızdakı insanlar isə yaxşı tanımadığınız şəxslər olsa da, niyyətinizdən əl çəkməyin. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər olmayacaq. Şir - o qədər də xoş olmayan gündür. İş heç də adi günlərdən fərqli olan problemlərdə və ya çətinliklərdə yox, ətrafınızda baş verənlərə münasibətinizdədir. Hər xırda iş sizi ifrat dərəcədə qıcıqlandırmasın. İşdə həmkarlarınızla münasibətlərinizdə qıcıqlı davranmayın. Yaxınlarınız sanki səbrinizi sınağa çəcəklər. Əldə olunmuş qələbələr və uğurlar da sizi sevindirməyəcək. Səfər və səyahət imkanları da sizi sevindirməyəck. Halbuki nikbin olmaq gərəkdir. Səyahət uğurlu alına bilər. Dəvət aldığınız tədbirə, insanların gur olduğu yerə yollanmayın. Axşam saatlarını ailə üzvləri ilə bir keçirin. Ən azı ona görə ki, onlar zəifliklər və nöqsanlarınıza bələddirlər. Qız - qarışıq, laübəli, mürəkkəb gündür. Faydalı işlə məşğul olmağa çalışsanız da, ətrafdakı şəxslər buna mane olmağa can atırlar. İşləri yarımçıq qoymayın. Bir məsələni başa vurmamış digər məqamın çözülməsinə başlamayın. Emosional fon stabil deyil. İncik, dəymədüşər olmayın. Sizi sevən insanın qəlbinə dəyməyin. Plandaşdırılan işlərin hamısını reallaşdırmaq asan deyil. Diqqətli olun. Olaylara nüfuzlu insanların müdaxiləsi və ya uğursuz şərtlər sizi ruhdan salmasın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün konkret addımlar atın. Tərəzi - peşəkar fəaliyyət baxımından çox uğursuz zamandır. Çoxsaylı yanlışlıqlara yol verməyin. Hər şeyin yetərincə aydın və aşkar olduğu məqamlarda da səhv etməyin. Maliyyə və əmlak sənədlərinin qaydaya salınmasına başlasanız, çətinliklərlə qarşılaşacaqsınız. Təxribatlara uymayın. Kimsəyə imkan verməyin ki, zəifliklərinizdən istifadə etsin Yaxın ətrafınızdakı insanların işlərinizə qarışmalarına son qoymaq üçün sərt davrana bilərsiniz. Yalançı günah hissinə qapılmayın. Kimsənin işlərinə mane olmadığınız üçün yolunuza davam edin. Əqrəb - gün o qədər də uğurlu deyil. Başladığınız bir sıra işlərdə uğursuzluqlarla qarşılaşa bilərsiniz. Yardım istədiyiniz insanlardan mənfi cavab alanda inciməyin. Deyilən sözlərin, əlbəttə ki, bir səbəbi var. Nüfuzlu insanlarla mübahisə etməməyə çalışın. Münaqişə uzanarsa, itirən siz olacaqsınız. Həmkarlar və işgüzar tərəfdaşlarla maksimum dərəcədə diqqətli, sərvaxt davranın. Münasibətlərdə problem yaratmayın. Yaxınlarınızın sizdən nə isə gizlətməyə çalışdıqlarını fikirləşərək həmin gizlini nəyin bahasına olursa-olsun, öyrənməyə çalışmayın. Çünki sizi narahat edən məsələ çox xırda məqamdır. Oxatan - nüfuzlu insanlardan dəstək almaq şansı var. Üstün məziyyətlərinizi nümayiş etdirin, bilik və bacarıqlarınızı göstərin. Yeni layihələrə qatılın. Peşəkar fəaliyyət müstəvisində təşəbbüskar olun. İdeyalarınız qəbul olunur. Lakin onların hamısını dərhal reallaşdırmaq mümkün deyil. Ətrafınızdakı insanlar sizi dəstəkləyəcəklər. Maraqlı imkanların sayı azalmayacaq. Ciddi romantik münasibət başlana bilər. Təmasların sadə, rəvan yaşanmayacağına hazır olun. Oğlaq - asan gün deyil. Yaşananlara sərt reaksiya verməyin, ən xırda məsələni ürəyinizə salmayın. Bütün bunlar diqqətli çalışmağa maneələr yarada bilər. İşdə rəhbərliyin sizə qarşı ciddi iddiaları yoxdur. Kiçik maliyyə itkiləri istisna deyil. Yaşamınızda nəyisə köklü şəkildə dəyişmək, yaxınlarınızla münasibətləri aydınlaşdırmaq məsləhət deyil. Önəmsiz fikir ayrılıqlarını qabartmayın. Az sonra bu maneələr aradan qalxacaq. Planlaşdırılmamış alış-verişdən imtina edin. Dolça - yeni, genişmiqyaslı işə başlamayın. Cari işlərlə məhdudlaşmağa çalışın. Kiçik və praktiki məsələləri həll etmək daha əfzəldir. Xatirələri bütün diqqəti işə yönəltməyə mane olmamalıdır. Alış-verişdə planlaşdırılmamış heç nə almayın. Hesablamalarda dəqiq olun. Səhv edə bilərsiniz. Soyuqqanlı olun, amma yaxın ətrafınızdakı insanlarla aranızda buz divar yaratmayın. Hisslərinizə nəzarət edin. Axşam saatlarını ailə üzvləri ilə keçirin. Balıqlar - şübhəli və riskli işlərə qatılmayın. İnsanlara həddən ziyadə inanmayın. Aldığınız məlumatları yoxlayın. Yaxşı tanımadığınız insanların felinə düşməyin. İntuisiyanızın səsinə qulaq asın. Dəqiq davranın, səhvlərə yol verməyin. Şəxsi münasibətlərdə hər şey istədiyiniz kimi deyil. İstək və arzularınız qarışıq olmasın. Sevdiyiniz insanı anlamağa çalışın. Bu gün başlanacaq romantik münasibətlər sevincdən daha çox problem verəcək.

İbrahim Tatlıses bu tərəvəzdən QORXUR: qəribə FOBİYA

"Türk musiqisinin İmperatoru" adını almış müğənni İbrahim Tatlıses balqabağa nifrət edir. O dərəcədə nifrət edir ki, onun yanında balqabaq sözünü işlətmək qadağan edilib, müğənni bu sözü eşidən kimi ürəyi bulanır, əsəbiləşir və küsüb gedir. Sozcu.az lent.az-a istinadən bildirir ki, bu barədə onun keçmiş xanımı, aktrisa Perihan Savaş açıqlama verib. "İllər öncə İbrahimlə bir restoranda görüşdük. İlk görüşümüz idi. Mən balqabaq şirniyyatı sifariş etdim. İbrahim ağzına bir qaşıq balqabaq qoydu, gözləri böyüdü. Pis hala qalmışdı, bir xeyli duruxdu, balqabağı ağzından çıxardı. Dedi ki, uda bilmir. O gündən sonra balqabağa qarşı qəribə iyrənmə yarandı. Evdə bir daha yanında bu tərəvəzin adını belə çəkə bilmədik. Getdiyi restoranlarda hər kəs bilirdi, şirniyyat menyusunu sadalayanda balqabaq sözünü işlətməyi yasaq eləmişdi. Onun yanında bu kəlmə işlədilərsə, dava salır, küsür, məkanı tərk edib gedir",- deyə aktrisa bildirib. İbrahim Tatlıses baqlabağa qarşı fobiyası olduğunu qatıldığı proqramlardan birində təsdiq edib.

Həkimlər istidə çimərkən soyuq şok riski ilə bağlı xəbərdarlıq edir

Avropanın bir çox ölkələrini isti bürüyüb. Fransada bir sıra departamentlərdə narıncı - təhlükəli rejim elan edilib. Lionda bazar günü hava 38 dərəcəyə qədər istiləşib. Sozcu.az oxu.az-a istinadən bildirir ki, Almaniyada istilik 38, Polşada 30 dərəcəyə qalxıb. İtaliyada da istilər artıb. İspaniya və Portuqaliyada da yaxın günlərdə havanın temperaturunun 40 dərəcəni keçəcəyi proqnozlaşdırılıb. Həkimlər günorta günəşində çölə çıxmamağa və bol su içməyə çağırırlar. Bundan başqa, istidə çimərkən soyuq şok riski ilə bağlı xəbərdarlıq da edirlər. Sərinləmək üçün insanlar göllərə və çaylara qaçırlar. Amma günəş vurması, günəş yanığı ilə yanaşı, soyuq suya girərkən bədənin stressli vəziyyətə düşməsi də çox təhlükəlidir. Bu zaman bədən temperatur şoku alır. Bunun nəticəsi ölümcül ola bilər. Qeyd edək ki, ötən il Avropada anomal istilərin təsiri nəticəsində 15 minə yaxın insan həyatını itirib.

Caner Erkin aşağı liqa klubunda

"Başakşehir"dən ayrılan Caner Erkinin yeni klubu müəyyənləşib. Sozcu.az xəbər verir ki, Türkiyə müdafiəçisi karyerasını 1-ci liqa təmsilçisi "Eyüpsor"da davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında imzalanan müqavilənin detalları açıqlanmayıb. Qeyd edək ki, Caner Erkin bu ilin yanvar ayından "Başekşehir"də çıxış edirdi. O, İstanbul klubunun heyətində meydana çıxdığı 10 rəsmi matçda 2 qol ötürməsi edib.

Urmu təcridxanasında məhkum öldürülüb

Urmu şəhərində Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT)  təcridxanasında Peyman Gülvani adlı məhklum öldürülüb. Bu barədə onun ailəsi insan haqları müdafiəçilərinə danışıblar. Məlumatda bildirilir ki, təcridxanada işgəncə edilən 24 yaşlı məhkumun vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya köçürülüb və bir neçə saat sonra ailəsinə onun ölüm xəbəri verilib. Ölmədən öncə Peyman Gilvanini xəstəxanada bir neçə dəqiqəliyinə görən ailəsi onun çarpayıya qandallandığını və bədənində müxtəlif işgəncə izləri və yaralar olduğunu bildirirlər. "Təhlükəsizlik məmurları məhkumun ailəsinə onun hündürlükdən yıxılaraq öldüyü barədə sənədə qol çəkmələri üçün təzyiq göstərirlər. Peyman Gilvaninin meyiti Urmiya morqunda saxlanılır və prokurorluq rəyində onun ölümünü şübhəli adlandırıb",- insan haqları müdafiəçilərinin verdiyi məlumatda qeyd edilib. Bir neçə gün öncə Urmunun təhlükəsizlik təcridxanasında Musa İsmaili adlı başqa bir məhkumda işgəncə altında öldürülmüşdü. Qeyd edək ki, xüsusilə son vaxtlar İran həbsxanalarında məhbusların intiharı və ölüm hallarının artması ilə bağlı yerli və beynəlxalq insan haqları təşkilatları dəfələrlə xəbərdarlıq ediblər. Bir müddət əvvəl Beynəlxalq Əfv Təşkilatı İran zindanları ilə bağlı yayınladığı 108 səhifəlik hesabatda İranda məhbusların saxlanma şəraitinin dözülməz olduğunu bildirib. “İran hökuməti həbsxanaları bilərəkdən məhbuslar üçün ölüm otaqlarına çevirib”-deyə, hesabatda qeyd olunub.  Hesabatda bildirilir ki, rəsmi olaraq adları bəlli olan həyatını itirmiş 96 məhkumun 22-i Urmu şəhər həbsxanasının "payına düşür".

Xəstəlikdən əziyyət çəkənlərə yardım məqsədi ilə paylaşılan kartlardan oğurluq edən şəxs saxlanıldı

Sosial şəbəkələrdə onkoloji xəstəlikdən əziyyət çəkən şəxslərə yardım məqsədi ilə paylaşılan bank kartlarından kibercinayətkarlıq metodlarından istifadə edərək oğurluqlar edən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Sosial şəbəkələrdə onkoloji xəstəlikdən əziyyət çəkən və aztəminatlı şəxslərə yardım məqsədi ilə yerləşdirilən elanlarda göstərilən bank kartlarına müdaxilə olunduğu, həmçinin həmin hesablarda olan pulların informasiya texnologiyalarının imkanlarından istifadə edilməklə ələ keçirildiyi barədə nazirliyə çoxsaylı müraciətlər edilib. Aparılan araşdırmalar və həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində kibercinayətkarlıq metodlarından istifadə edərək qeyd edilən qanunsuz əməlləri törədən Aslan Qurbanov saxlanılaraq istintaqa cəlb edilib. Müəyyən olunub ki, Aslan Qurbanov onkoloji xəstələr tərəfindən maddi yardımın toplanması üçün müxtəlif sosial şəbəkələrdə paylaşılmış bank kartlarının məlumatlarını götürərək həmin şəxslərlə xarici virtual nömrələr vasitəsilə əlaqə saxlayıb. O, həmin şəxsləri onlara yardım edəcəyi adı ilə aldadaraq bank kartlarının məxfi məlumatlarını əldə edib. Aslan Qurbanov informasiya texnologiyalarından istifadə etməklə ələ keçirdiyi pul vəsaitlərini izi itirmək məqsədi ilə əvvəlcə xaricdə olan idman-mərc oyunlarındakı hesablarına transfer edib. Sonradan o, pulları istifadəsində olan bank kartına köçürərək nağdlaşdırıb. Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3-1-ci oğurluq, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə maddəsi ilə cinayət işi başlanılıb. Aslan Qurbanovun qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə müraciət edə bilərlər.