Uzunoba gölündə batan uşağı xilas edən polis həyatını itirib - FOTO

Naxçıvan Muxtar Respublikasının (MR) Babək rayonu Uzunoba gölündə batan şəxsləri xilas etməyə çalışan fədakar, qəhrəmanlıq edən polis əməkdaşı boğularaq həyatını itirib. Bu barədə Sozcu.az-a Naxçıvan MR DİN-in mətbuat xidmətindən bildirilib. Məlumata görə, bu gün xidmətdən kənar vaxt ailəsi ilə həmin gölün kənarında istirahət edən 1982-ci il təvəllüdlü polis serjantı Vüsal Əbülfəz oğlu Quliyev suya atılaraq göldə boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib. Daha sonra uşağın anası—1984-cü il təvəllüdlü Səadət Elman qızı Aslanlını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüb.

Krım körpüsü vurulmalıdır - Zelenski

Krım körpüsünü zərərsizləşdirmək lazımdır, işğalçılar buradan müharibə üçün istifadə edirlər. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Bizim üçün bu, qanundankənar, beynəlxalq hüquq və qüvvədə olan normalardan kənar tikilmiş düşmən obyektidir. Sülh deyil, müharibə gətirən istənilən məqsəd zərərsizləşdirilməlidir”, - Zelenski qeyd edib.

Azərbaycanla müharibə riski yüksəkdir - Paşinyan

Sülh müqaviləsi imzalanana və hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olunana qədər Azərbaycanla yeni müharibə ehtimalı yüksəkdir. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Frans Press” agentliyinə müsahibəsində deyib.

Hökumət Putinin həbsinə order istədi - Beynəlxalq Cinayət Məhkəməsinin qərarı var

Cənubi Afrika hökuməti Putinin həbsinə order verilməsi üçün rəsmi müraciət edib. Sozcu.az BBC-yə istinadla xəbər verir ki, Bu barədə Hərbi Hava Qüvvələri yazır. Cənubi Afrika Respublikası (CAR) hökuməti Rusiya prezidenti Vladimir Putinin ölkəyə gələcəyi təqdirdə onun həbsinə order verilməsi üçün məhkəməyə rəsmi müraciət edib. CAR-ın əsas müxalifət partiyası olan Demokratik Alyans deyir ki, bu, partiyanın əvvəllər məhkəməyə müraciət edərək, Putinin mart ayında Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) verdiyi həbs qərarını icra etməyə məcbur etməsi tələbinə güzəştdir. Hökumət rəsmi olaraq ICC-nin tələblərinə əməl etməyə borcludur və Putin avqustda Yohannesburqda keçiriləcək BRİKS sammitinə dəvət olunub, lakin ölkə rəhbərliyi Rusiya prezidentini həbs etmək istəyinin olmadığını da gizlətməyib. Lakin Cənubi Afrika hökuməti orderi icra etməmək üçün heç bir qanuni yol tapmayıb. Cənubi Afrika liderləri son günlər açıq şəkildə bildiriblər ki, onlar Putindən gəlməməyi xahiş ediblər və o, əslində, həbs olunmaq qorxusundan olmasa da, CAR-a getməmək qərarına gəlib.yenisabah)

"Putinin vəziyyəti pisdir, o, ağıl zəifliyindən əziyyət çəkir" - "Newsweek"

"Putin İrkutsk vilayətinin qubernatoru ilə görüşündə ondan Ukraynada həlak olan hərbi qulluqçulara salam göndərməsini xahiş edib..." "Putin xərçəng, Parkinson xəstəliyi və ağıl zəifliyindən əziyyət çəkir..." Rusiya prezidenti Vladimir Putin Kremldə növbəti iclas zamanı körpə uşağın yaşı ilə bağlı dolaşığa düşüb, bu da sosial şəbəkələrdə onun yaşla bağlı demensiyadan əziyyət çəkdiyi şübhələrinə səbəb olub. Sozcu.az xəbər verir ki, bu barədə Amerikanın "Newsweek" jurnalı yazıb. Nəşr "Rusiya imkanlar ölkəsidir" qrupunun görüşündən videoya diqqət çəkib, burada Putin Nijni Novqorod şəhəri rəhbərinin sabiq müavini, hazırda cəhbə bölmələrinin birində alay komandirinin hərbi-siyasi işlər üzrə müavini vəzifələrini icra edən İlya Ştokmanla söhbət edir. Ştokman çörəkxanadakı işindən İT-biznesinədək öz karyerasından, habelə menecerlərin müsabiqəsində uğurları sayəsində Rusiyanın iri şəhərlərindən birinin merinin müavini olmasından, onun fəaliyyət sahəsinə informasiya texnologiyaları, turizm və biznesin inkişafının daxil olduğu barədə müfəssəl danışıb. Kreml rəhbərinə bu tarixçə qəribə gəlib. "Bilirsiniz, hər birimizdə olduğu kimi, bu tarixçədə, Sizin taleyinizdə, yəqin ki, ölkəmizin tarixinin hansısa bir hissəsi əks olunub. Nəticə etibarilə Siz həqiqətən öz axtarışınızda başlıca nəticəyə gəlmisiniz, bu da özünüzü ölkəyə sərf etməyinizdir. Nəticə etibarilə bu, övladlarımız və Sizin xatırladığınız körpənizin gələcəyi uğrunda mübarizədir. Yeri gəlmişkən, onun indi neçə yaşı var?" - Putin soruşub. O, cavab verib ki, balacanın 9, böyüyünün artıq 23 yaşı var. "Sizin iki övladınız var, kiçiyinin cəmi üç yaşı var, amma özünüz üçün cəbhə xəttinə getmək qərarı vermisiniz. Qəribədir!" - Rusiya prezidenti münasibət bildirib. Görüşün stenoqramı Kremlin saytında yerləşdirilib, onun videofraqmenti bloger Ulyana Yapparova özünün "Twitter" səhifəsində dərc edib. Jurnal qeyd edir ki, öz şərhlərində istifadəçilər Putinin ruhi sağlamlığına diqqət çəkib. İstifadəçilərdən biri yazıb ki, Putin "tavana baxır" və "ölkədə yerinin axtarışı barədə astaca donquldanır" və bu, "normal deyil". Digəri qeyd edib: "O, ümumiyyətlə, insanları eşitmir". Üçüncüsü bu nəticəyə gəlib ki, bu, "ağıl zəifliyinin" təzahürüdür. Kimsə açıq yazıb ki, bu, Altsheymer xəstəliyidir. Jurnal həm də Rusiya prezidentinin bu yaxınlarda yol verdiyi yanlışlığı xatırladıb. İyulun 17-də İrkutsk vilayətinin qubernatoru İqor Kobzevlə görüşündə o, Ukraynada həlak olan hərbi qulluqçulara salam göndərməsini xahiş edib. Rusiya prezidentinin sağlamlığı ilə bağlı ilk dəfə deyil ki, yazılır. Tanınmış rusiyalı politoloq Valeri Solovey dəfələrlə əmin edib ki, Rusiya dövlətinin başçısı "həlli mümkün olmayan problemlərlə" üzləşib və Kreml rəhbərinin tezliklə öləcəyi barədə açıq şəkildə eyham vurub. Bir ay öncə Solovyovla əlaqəli hesab edilən "General SVR"  Teleqram-kanalı yazıb ki, Putində xərçəng xəstəliyi var və beyninə metastaz verib. Putin xəstədir - bəlli olanlar Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsi başlayandan sonra Putinin sağlamlığı ilə bağlı yoxlanılmamış şaiyələr yayılmağa başlayıb. O cümlədən Rusiya prezidentində xərçəng, Parkinson xəstəliyi və hətta ağıl zəifliyi olduğu iddia edilir. Kreml Putinin tamamilə sağlam olduğuna təkid edir.

"Sosial mediadan ölkəmizin həyatı ilə bağlı bir çox mühüm məsələləri öyrənirəm"- Prezident

Sosial mediadan ölkəmizin həyatı ilə bağlı bir çox mühüm məsələləri öyrənirəm. Sozcu.az xəbər verir ki, bu fikri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib. Dövlət başçısı çıxışında sosial medianın və KİV-in əhəmiyyətindən danışıb: “Media ilə təməslarımda həmişə deyirdim ki, siz mənim gündəlik işlərimdə yardımçı olursunuz. Çünki hər bir Prezidentin bir-birinə bənzər fəaliyyəti var. Xüsusilə Azərbaycan kimi ölkədə insan 24 saat işləməlidir. Bölgələrə səfər edirəm, insanlarla görüşürəm. Təbii ki, sosial mediadan istifadə edirəm. Azərbaycanda baş verən bir çox hadisələri, mənə məruzə edilməmiş bəzi hadisələri, istər bürokratik manelər və ya bilərəkdən mənə məruz edilməyən məsələlər olur. Nəvələrim hətta mənə müəyyən məlumatları verirlər. Övladlarım sosial mediada gördüklərini mənə deyirlər. Mən özüm də sosial medianı izləyirəm. O, mənə çox yardımçı olur. Müəyyən şeylər var ki, məni də qıcıqlandırır. Digər bizim həmvətənlərimiz kimi, ədalətsizlik, bürokratiya və pis idarəçilik və digər mənfi hallar, əlbəttə, məni də qıcıqlandırır. Mənim diqqətimdən müəyyən məsələlər yayına bilər. Həm sosial media, həm ənənəvi KİV mənə kömək edir ki, məsələlərdən xəbərdar olum və dərhal ona reaksiya verim. Bir çox hallarda sizə deyə bilərəm ki, müəyyən dövlət məmurlarına reaksiya verilib. Hətta bir ağacın kəsilməsini mediadan bilmişəm və bu, məmurlarda da intizam yaradır”.

ABŞ kəşfiyyatının rəhbəri: “Ukrayna Rusiyanı geri oturdacaq”

“Ukrayna Rusiyanı geri oturtmağa müvəffəq olacaq. Mən Ukraynanın əks-hücum əməliyyatlarına nikbin yanaşıram”.  Sozcu.az “Bloomberg”ə istinadən xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns deyib. O, müvafiq bəyanatla Kolorado ştatının Aspen şəhərində keçirilən təhlükəsizlik forumunda çıxış edib. U.Berns bildirib ki, Rusiya əhəmiyyətli struktur zəifliklərindən əziyyət çəkir. Bura aşağı əhval-ruhiyyə, zəif ümumi keyfiyyətlər, siyasi və hərbi rəhbərlik arasında iğtişaşlar daxildir: “Bu, çətin bir iş olacaq, lakin biz kəşfiyyat orqanı olaraq ukraynalıların irəliləyişinə kömək edəcək dəstək və kəşfiyyat məlumatlarının mübadiləsini təmin etmək üçün əlimizdən gələni edəcəyik”, - U.Berns söyləyib. MKİ rəhbəri həmçinin əlavə edib ki, Rusiyanın “Vaqner” xüsusi hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin silahlı qiyamı Rusiya Prezidenti Vladimir Putinin sistemindəki bəzi əhəmiyyətli çatışmazlıqları üzə çıxarıb. Onun fikrincə, V.Putin qiyama həddindən artıq reaksiya verdiyini gizlətməyə çalışacaq. Qeyd edək ki, müharibə başlayandan bəri U.Berns Ukraynaya bir neçə dəfə səfər edib. Lakin onun səfərləri həmişə məxfi saxlanılıb. Bu yaxınlarda “Vaşinqton Post” qəzeti yazıb ki, U.Berns iyunun əvvəlində gizli şəkildə Kiyevə səfər edib. O, Ukrayna Prezidenti Volodimir Zelenski və Ukrayna kəşfiyyatının yüksək rəhbərliyi ilə görüşüb, ona ərazini işğalçılardan azad etmək planları barədə məlumat verilib. V.Zelenski U.Bernsin səfərləri ilə bağlı məlumatı nə təsdiq, nə də təkzib edib. 

Qarabağ ermənilərinə silahlı dəstəyə hazırıq – Yeni “hərəkat”

Bu gün İrəvanda “Könüllülər, milis və ehtiyatda olan hərbçilər dərnəyi” adlı qurum mətbuat konfransı keçirib. Sozcu.az xəbər verir ki, yeni yarandığını elan edən bu qurumun təşəbbüsçüləri keçmiş deputat Vardan Xaçatryan, İrəvanın keçmiş meri Albert Bazeyan, sosioloq Razmik Martirosyan və başqalarıdır. Tədbirdə çıxış edən Qagik Saruxanyan adlı “hərəkat üzvü” deyib ki, dərnək Qarabağdakı erməni əhalisinə dəstək üçün yaradılıb. “Lazım gələrsə, onlara silahlı dəstək verməyə hazırıq. Ancaq hesab edirəm ki, “artsax xalqı” özü təşkilatlanmalı və BMT Təhlükəsizlik Şurasına müraciət etməlidirlər”.axar)

Çin Rusiyaya hərbi yardım göndərir - Makronun müşaviri

Çin Rusiyaya hərbi texnikalar göndərir. Sozcu.az xəbər verir ki, bu barədə Fransa prezidentinin xarici siyasət üzrə müşaviri Emmanuel Bonnet bildirib. Bonnetin sözlərinə görə, Çindən Rusiyaya hərbi yardımla bağlı siqnallar var. “Çinin bizim istəmədiyimiz şeyləri etdiyinə dair siqnallar var. Onlar Rusiyanı əhəmiyyətli miqdarda hərbi texnika ilə təmin edirlər”, - Fransa rəsmisi vurğulayıb.

Bir yaşlı uşaq milçək dərmanından zəhərləndi

Qaxda nəzarətsiz qalan körpə milçək dərmanı içib. Sozcu.az xəbər verir ki, dərmanın təsirindən zəhərlənən 1 yaşlı Nuran Səbrili xəstəxanaya yerləşdirilib. Körpənin vəziyyətinin ağır olduğu bildirilir.qafqazinfo

Moldova prezidentindən Qaqauziya liderinə şok ittiham: Cinayətkarlarla əlbirdir!

Moldova prezidenti Maya Sandu Qaqauziya muxtariyyətinin yeni rəhbəri Yevgeni Qutsulu cinayətkar qruplaşma ilə əlbir olmaqda ittiham edib.  Sozcu.az “Moldpress”ə istinadla xəbər verir ki, o, Qutsulun andiçmə mərasimində iştirak etməmək qərarını bu halla izah edib.  “Seçki kampaniyası zamanı cinayətkar qrup tərəfindən dəstəklənən şəxsin andiçmə mərasiminə getməyi düzgün hesab etmədiyim üçün Komrata getmədim” - Sandu bildirib.  O, həmçinin bildirib ki, Qutsulun andiçmə mərasimində iştirak etməyi səhv hesab edir, çünki Qaqauziyanın yeni rəhbəri Moldovada qadağan olunmuş partiyanın (ŞOR) üzvüdür. 

Kirayə mənzillərin qiyməti KƏSKİN BAHALAŞACAQ – BU TARİXDƏN

“Hazırda kirayə mənzil bazarında qiymətlər stabilir və ucuzlaşma yoxdur. Bu da onunla əlaqədardır ki, universitetlərdə dərs mövsümünün başa çatması ilə bağlı olaraq tələbələr geri qayıtdıqlarına görə paytaxtda mənzillərin böyük əksəriyyəti boşalıb”.   Sozcu.az xəbər verir ki, bu sözləri Bizim.Media-ya açıqlamasında Əmlak Ekspert Mərkəzinin direktoru, ekspert Ramil Qasımzadə deyib. Onun sözlərinə görə, hazırda kirayə mənzillərin çoxunda təmir işləri aparılır: “Əsasən də təmiri zəif olan mənzillər təmir olunur. Həmin evlərin sahibləri bu işləri yay aylarına saxlayırlar ki, mövcud nöqsanları aradan qaldırsınlar və sentyabr ayından kirayə haqqını daha qaldırsınlar”. Bəzi tələbələrin isə mənzilləri boşaltmadıqlarını söyləyən müshibimiz fikrini belə əsaslandırıb ki, onlar sentyabrda geri qayıtdığı zaman ev tapa bilmirlər və əziyyət çəkirlər:  “Buna görə həmin evləri əllərində saxlayırlar ki, rahat olsunlar və fikirlərini dərslərə yönəldə bilsinlər”. R.Qasımzadə avqust ayının axırlarından etibarən kirayə mənzillərin qiymətinin yenidən qalxacağını diqqətə çatdırıb: “Sentyabr ayında kirayə evlərə tələb çoxaldığı üçün bahalaşma baş verir. Noyabr və dekabr aylarında isə bir qədər səngimə baş verir. Ötən il isə qiymətlərdə sıçrayış baş verdi və 50-100 manatlıq fərq yarandı. 200 manata olan mənzillər 250-300 manat oldu. 250 manatlıq evlər isə 300-350 manata qədər qalxdı”.  Hazırda ən ucuz evlərin 300 manatdan təklif olunduğunu deyən ƏEM direktoru qeyd edib ki, bəzi ətraf qəsəbələrdə fərdi evlər bir qədər ucuzdur: “Belə ki, Keşlə kimi şəhərə yaxın qəsəbələrdə rlə həyət evləri var ki, bir həyətdə bir neçə otaq tikilib və ayrı-ayrı şəxslərə kirayəyə verilib. Bu evlərdə qiymət bir qədər aşağıdır, yəni 200-300 manatdır. Sabunçu rayonunun Ramana və digər qəsəbələrində ucuz qiymətə fərdi evlər tapmaq olar”. Ekspert, bununla belə, köhnə və təzə mənzil bazarında fərqli qiymətlərin müşahidə olunduğunu diqqətə çatdırıb:   ““Xruşşovka” tipli binalarda bir otaqlı mənzillərin aylıq kirayə haqları 300 manatdan, 2 otaqlılar 400 manatdan, 3 otaqlılar isə 500 manatdan başlayır. Yeni tikililərdə isə mənzilin kvadrat-metrinə uyğun tənzimlənir. Belə ki, həmin binalarda 1 kvmetrə görə 8-10 manat arasında dəyişir.  Bu baxımdan 60 kv-metrlik mənzil 500-600 manata, 100 kv-metrlik isə 1000 manatdan da yuxarı təklif olunur”. 

Bakıda market işçisi kəsiçi alətlə hədələnib

Bakıda quldurluq olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sozcu.az-a verilən xəbərə görə, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 20-də saat 18 radələrində M.Xiyabani küçəsində yerləşən marketlərin birində işçini kəsici alətlə hədələyərək quldurluq yolu ilə oradan ətriyyat məhsulları talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Əzimzadə, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuşlar Anar İmamquliyev və İlkin Mehrabov saxlanılıblar. Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Hakerlər ABŞ-ın Çindəki səfirinin elektron poçtunu sındırıb, yüz minlərlə məxfi yazışma ələ keçirilib

Hakerlər ABŞ-ın Çindəki səfiri Nikolas Berns və dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisi Daniel Kritenbrinkin elektron poçtlarını sındıraraq, yüz minlərlə hökumət yazışması giriş əldə ediblər. Sozcu.az “The Wall Street Journal”a istinadən xəbər verir ki, hakerlər Çin hakimiyyəti ilə əlaqədədirlər. Hakerlər hər iki diplomatın poçt qutularına girişlə ABŞ Prezidenti Cozef Bayden administrasiyasının yüksək səviyyəli rəsmilərinin Çinə son səfərləri barədə məlumat əldə ediblər. Dövlət Departamentinin kibertəhlükəsizlik üzrə ekspertləri və “Microsoft”un qiymətləndirmələrinə görə, kiberhücumlar may ayında başlayıb, lakin ilk dəfə ABŞ dövlət katibi Antoni Blinkenin Çinə səfəri ərəfəsində, iyunun ortalarında aşkar edilib.

Türkiyə “Taxıl sazişi”nin dördtərəfli formatda davam etdirilməsinin tərəfdarıdır

Türkiyə “Taxıl sazşinin”nin şərtlərinin icrasının dördtərəfli formatda davam etdirilməsinin tərəfdarıdır. Sozcu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ankaradakı diplomatik mənbə bildirib.

Milli fəal həbs cəzasına məhkum edildi

Güney Azərbaycanın Əhər şəhərindən olan milli fəal Saleh Molla Abbasi 91 gün azadlıqdan məhrum edilib. Cinayət Məhkəməsinin 101-ci bölməsinin çıxardığı həbs qərarında milli fəalın "ictimai rəyi təhrik etmək üçün yalan məlumatlar yaymaq"da günahlandırıldığı bildirilib. Bundan əvvəl iyulun 10-da Əhər şəhərində İran məhkəməsinin 101-ci bölməsində keçirilən məhkəmə iclasında Molla Abbasinin vəkili Əsgər Məhəmmədi də iştirak edib və müvəkkilini müdafiə edib. Xatırladaq ki, milli fəal Saleh Molla Abbasi 2022-ci il oktyabrın 9-da təhlükəsizlik məmurları tərəfindən həbs edilib. Milli fəal noyabrın 9-da 1 milyard 200 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər Təbriz zindanından sərbəst buraxılıb.

Oğuzda TIR qəzaya düşdü, yol bağlandı

Oğuz rayonunda xarici vətəndaşın idarə etdiyi TIR qəzaya düşüb, magistral yol bağlanıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Bucaq kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, xarici vətəndaşın idarə etdiyi 254 AFM 05 Qazaxıstan dövlət qeydiyyat nişanlı TIR markalı yük avtomobili idarəetmədən çıxıb. Nəticədə TIRın bir neçə metrlik uzunluğunda olan qoşqusu yolun hərəkət hissəsində qalıb. Buna görə də hazırda avtomobil yolunda hərəkət məhdudlaşıb.

Elza 18+ şeirdən danışdı: “Qoy həmin adam gəlib...”

Ötən gün sosial şəbəkələrdə vulqar ifadələrlə zəngin olan şeir paylaşılıb. Paylaşım edənlər şeirin müəllifi kimi bu günlərdə Azərbaycan Yazıçılar Birliyinə üzv olan bəstəkar-müğənni Elza Seyidcahanı təqdim edib. Sozcu.az xəbər verir ki, müğənni Qaynarinfo-ya açıqlamasında bu iddianı təkzib edib. "Elza heç bir vaxt belə şeir yaza bilməz. Onu yazanı məhkəməyə verəcəm. Qoy həmin adam gəlib məhkəmədə, qanun qarşısında cavab versin. Bütün jurnalistlərə səslənirəm, adımdan bu şeiri yazan adamın tapılmasına yardımçı olun", deyə Elza Seyidcahan bildirib. Qeyd edək ki, Elza Seyidcahanın adıçəkilən şeiri Dövlət Gömrük Komitəsinə həsr etdiyi iddia olunub.

Tanınmış vəkil köynəyini Gömrük Komitəsinin sədrinə bağışladı

Ölkəmizə "Trendyol" onlayn satış platformasından məhsul sifariş edən şəxsin 38 gündür sifariş etdiyi məhsul gömrükdə saxlanılıb.  Sozcu.az xəbər verir ki, vəkil Aqil Layıc "Facebook" hesabında Türkiyədən sifariş etdiyi köynəyin gömrükdə saxlandığını yazıb. O, sifariş etdiyi köynəyi "Smart Custom" vasitəsilə Gömrük Komitəsinə bəyan etdiyini bildirib:  "1469 lirəlik (92 manat) köynək sifariş etmişdim. 03.06.2023-cü il tarixində rəsmi olaraq "Smart custom" vasitəsilə bəyan etmişəm. Həmin tarixdən etibərən bağlamanı izləmək mümkün olmayıb. Gah dedilər gəlməyib, gah dedilər, xarici anbardadır. Nəhayət dünən bildim ki, Gömrük Komitəsinin Hava Limanında olan terminalında qanunsuz olaraq 38 gün saxlanılır. Gəldim, deyirəm niyə saxlamısınız. Deyir bəyan edilməyib. Dərhal "Smart Custom" mobil əlavəsi ilə sübut etdim ki, bəyan edilib".  Vəkil ondan məhsulun anbarda saxlandığı müddət üçün 82 manat qanunsuz olaraq pul tələb edildiyini qeyd edib: "İndi də mənə deyirlər ki, 82 manat artıq pul ödəməlisən. Deyirlər ki, kargoda 38 gün saxlanılıb, icarə haqqıdır. Bağlamanın çəkisi cəmi 380 qramdır. Qanunsuz olaraq gömrük bağlamanı daşıyıcı şirkətə vermədiyi üçün 38 gün ərzində terminalda saxlanılıb, adını da qoyublar smart gömrük xidməti. İnsanların zamanını, əsəbini korlayaraq edilən qanunsuzluqlar bəs deyil, hələ əsassız yerə 82 manat əlavə ödəniş də tələb edirlər". O, həmin köynəkdən imtina etdiyini vurğulayıb: "Burdan Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova bəyan edirəm, həmin köynəyi Sizə səmimi qəlbdən bağışlayıram, Sizin idarə qanunsuzluq etsə də, mən tam qanuni şəkildə bu qısaqol köynəyi Sizə bağışlayıram. Hər ikimiz eyni ölçüdəyik. Əminəm ki, Sizə yaxşı yaraşacaq. Ən əsası bağışlamağım tam qanuni və səmimidir. Xeyirli işlərə geyinəsiniz. Əminəm ki, əyin-baş probleminiz "Smart Custom" tətbiqi vasitəsilə tam təmin edilir".

Hipotenziya hansı təhlükələrə səbəb ola bilər? - KARDİOLOQ DANIŞDI

Yay aylarında, əsas da gənclər və qan təzyiqini aşağı salan dərman preparatlar qəbul edən insanlar arasında qan təzyiqinin aşağı olması, yəni hipotenziya simptomlarına tez-tez rast gəlinir. Maraqlıdır, görəsən, hipotenziya hansı təhlükələrə səbəb ola bilər? Sozcu.az-ın məlumatına görə, məsələ ilə bağlı Kardioloq Gülanə Ağayeva Lent.az-a açıqlamasında bildirib ki, bir insan üçün aşağı qan təzyiqi hesab edilən səviyyə başqası üçün normal hesab oluna bilər: Onun sözlərinə görə, bəzən isə hipotenziya həyat üçün təhlükə yarada bilər: "Hipotenziyanın müxtəlif növləri var".  1. Daimi hipotenziya - sakitlik halında qan təzyiqi 90/60 mm c.st-dan aşağıdır. 2. Ortostatik hipotenziya (postural hipotenziya) - Bu, vəziyyəti dəyişdikdə, yəni  oturaq vəziyyətdən ayaqüstü vəziyyətə keçdikdə və ya uzandıqdan sonra qan təzyiqinin qəfil azalması və 3 dəqiqədən artıq bu səviyyədə qalmasıdır. Səbəblər arasında susuzluq, uzun müddət uzanıqlı vəziyyət, hamiləlik və s. və eyni zamanda bəzi dərmanların istifadəsi yer alır. Məhz bu növünə yaşlı insanlar arasında daha çox rast gəlinir. 3. Postprandial hipotenziya - yeməkdən 1-2 saat sonra baş verir. Yaşlılar, xüsusən də yüksək qan təzyiqi olanlar və Parkinson kimi avtonom sinir sistemi xəstəliyi olanlar bu qrupa daxildir. Az miqdarda qidalanmaq, tərkibində karbohidrat miqdarı az olan qidalar qəbul etmək, daha çox su içmək və alkoqollu içkilərdən qaçınmaq simptomları azaltmağa kömək edə bilər.  4. Sinir sistemi ilə əlaqəli hipotenziya - Bu daha çox uzun müddət ayaqüstə qaldıqdan sonra baş verir. Bu tipə daha çox uşaqlar və gənclər arasında rast gəlinir. 5. Nəhayət, yay aylarında xüsusən tər ilə orqanizm maye itirdiyindən baş verən təzyiq enmələri. Aşağı qan təzyiqi orqanizmə necə təsir edir? Adətən, orqanizmimiz avtomatik olaraq qan təzyiqini idarə edə bilir və onun çox enməsinin qarşısını alır. Qan təzyiqi enməyə başlayanda orqanizm ürək döyüntüsünü sürətləndirərək, ya da damarları daraldaraq buna cavab verməyə çalışır. Orqanizmimiz qan təzyiqinin azalmasını kompensasiya edə bilmədiyi zaman hipotenziyanın simptomları baş verir. Aşağı qan təzyiqinin simptomları hansılardır? - Başgicəllənmə hissi - Bayılma və ya huşitirmə  - Ürəkbulanma,qusma - Bulanıq görmə və ya ümumilikdə görmə pozğunluğu - Sürətli, səthi tənəffüs; - Yorğunluq, zəiflik - Yuxuya meyillilik - Konsentrasiya problemi Həkimə nə vaxt müraciət etmək lazımdır? Hipotenziyanız olduğunu bilirsinizsə, həyatınıza təsir edən simptomları görməyə başlasanız, həkiminizə müraciət etməlisiniz. Əgər, hipotenziyanız olduğunu bilmirsinizsə, təkrari başgicəllənmə və ya huşunu itirmə epizodlarınız varsa, həkimə müraciət etməlisiniz.

Ançelotti Arda Güler haqda

"Real"ın baş məşqçisi Karlo Ançelotti bir müddət əvvəl "Fənərbaxça"dan Madrid klubuna keçən türkiyəli yarımmüdafiəçi Arda Gülerlə bağlı fikirlərini bölüşüb . Sozcu.az xəbər verir i, təcrübəli mütəxəssis 18 yaşlı futbolçunu tərifləyib: “Gülerin çox gözəl xüsusiyyətləri var. Düşünürəm ki, bu, "Real" azarkeşlərinin xoşuna gələcək”. Arda Güler ​​“Gənclərbirliyi”nin yetirməsidir. O, 2014-2019-cu illərdə bu klunun akademiyasında olub, daha sonra “Fənərbağça”da çıxış edib, əsas komandanın heyətində 51 matçda 9 qol vurub, 12 məhsuldar ötürmə verib. O, Türkiyə millisində də dörd oyunda iştirak edib. Yarımmüdafiəçinin "Fənərbağça" ilə müqaviləsi 2025-ci ilin yayına kimi qüvvədə idi. 

"Məlumatı olmadığı mövzuda danışmırdı..."- Peyğəmbərimizin(s) nitqindəki 22 nüans...

"Hər bir şəxsin səviyyəsinə (qavrama qabiliyyətinə) uyğun cümlələrdən istifadə edirdi..." Hz. Muhəmmədin ﷺ danışığındakı 22 nüans... 1. Gözəl və təsirli danışırdı. 2. Şirin dilli, gülər üzlü idi. 3. Səbirli və təvazökar (sadə) idi. 4. Təhsildə və dəvətdə sərtliyin əleyhinə idi. 5. Elimdə ciddi və səmimi olunmağını istəyirdi. 6. İzah etmək istədiyi bir mövzuya sual verərək başlayırdı. 7. Hadisələri hekayələşdirir, nümunələr verir, bənzətmələr edirdi. 8. Şəkillər çəkərək izah etdiklərini zehinlərdə canlandırırdı. 9. Təhsildə asandan çətinə doğru bir metoddan istifadə edirdi. 10.Verilən suallara bezmədən cavab verirdi. 11. Sual verən şəxsin ehtiyacına görə həll yolları təklif edirdi. 12. Bəyəndiyi sualı tərifləyirdi. 13. Hər bir şəxsin səviyyəsinə (qavrama qabiliyyətinə) uyğun cümlələrdən istifadə edirdi. 14. Qarşısında duran adamın üzünə baxaraq danışırdı. 15. İzah edərkən “bədən dilindən” (jest və mimikalardan) istifadə edirdi. 16. Sözlərini bəzən and içərək gücləndirirdi. 17. Müjdələyirdi, nifrət etdirmək istəmirdi. 18. Haqqında məlumatı olmadığı mövzuda danışmırdı. 19. Söyləyəcəyi şeyi şərait münasib olduğu zaman söyləyirdi. 20. Çıxışına (söhbətinə) qısa və mənalı bir giriş ilə başlayırdı. 21. Söhbətlərində səbəb-nəticə əlaqəsi (söhbətin başı ilə sonu bir-birinə bağlı olurdu) qurardı. 22. İnsanları düşünməyə təşviq edir, onları gözəl əxlaqa çağırırdı... İslamevi.az

“Haqlarından danışan Qarabağ haykları öncə Ermənistan pasportundan imtina etməlidir...”

“Haqlarının qorunmasından danışan Qarabağdakı ermənilər öncə Ermənistan pasportundan imtina etməlidirlər...” “Azərbaycanın öz ərazisində qayda- qanun yaratmaq haqqı var və  bunu etməyə bir dövlət olaraq borcludur...” “Xankəndində ermənilərin mitinq, aksiya şouları 1988-in “Miatsum” hərəkatını xatırladır. O zaman ermənilər "Partiya, Lenin, Qorbaçov" şüarı ilə çıxmışdılar. Moskvadan dəstək ala bilmişdilər. İndi nə Qorbaçov var, nə də onun xanımı Raisa... Odur ki, şuarlar fərqlidir”.  Bu fikri Moderator.az-a açıqlamasında Qarabağ ətrafında baş verən son olaylara münasibət bildirən ermənişünas alim, politoloq Qafar Çaxmaqlı söyləyib. “Əslində ermənilər şouları qapalı olmayan  Laçın “dəhliz”inin açılması provakasiyası ilə təşkil edirlər. Beynəlxalq birliyi aldatmağa yönəlik hərəkətlərlə diqqəti cəlb etməyə çalışırlar. Separatçı qurum da bunlara imkan verir və Azərbaycanın bu iqtisadi rayonda planlarını pozmaq üçün mövcud bütün imkanlardan istifadə edir. "Qarabağ erməniləri heç zaman Azərbaycana tabe olmayacaqlar  " tezisi Qarabağa göndərilmiş Rusiya  və Ermənistan emissarlarının da təlqin etdiyi fikirlərdir”,- deyə davamında həmsöhbətimiz bildirib.  “Xankəndindəki bəzi siyasi qüvvələrin aralarında fərqli düşüncələr olsa da, gizli mövqe savaşı  getsə də, 1988 təfəkkürü dəyişməyib.  Qanunsuz erməni silahlı birləşmələrinin bölgədən çıxarılmaması və "artsaxın müdafiə komitəsi" adı ilə qurulan yarı-terror qurumu da Azərbaycana qarşı dirəniş üçündür.  Azərbaycanın burada yaşayan ermənilərlə bağlı beynəlxalq normalara uyğun təklifləri cinayətkar separatçı qurumun ortadan qaldırılmasına səbəb olacağından Xankəndində bir təşviş yaşanır. Bu küçələrdə şou şəklində ortaya çıxır.  Qarabağ ermənilərinin "haqlarının və təhlükəsizlinin" təmin edilməsi  mexanizmləri ilə bağlı Ermənistan -Azərbaycan danışıqlar prosesində səsləndirilən fikirlərin də əsası olmadığı üzə çıxır. Kimin haqqından söhbət gedə bilər. Qarabağda yaşayan ermənilər Ermənistan pasportuna sahibdirlər. Öncə onlar bundan imtina etməlidirlər. Başqa ölkənin vətəndaşı bizim torpaqlarda yaşaya bilməz. Azərbaycan gözlənilən addımı atsa, bölgədə antiterror əməliyyatları və yaxud qanunsuz erməni silahlı birləşmələrinin ləğvi tədbirlərini həyata keçirməyə başlasa  bir çox məsələrə aydınlıq gətiriləcək. Ermənilərin guya burada" etnik təmizləmə və soyqırımı " siyasəti aparılacağı da erməni uydurması və qabaqdangəlmişliyidir. Azərbaycanın öz ərazisində qayda- qanun yaratmaq haqqı var və  bunu etməyə bir dövlət olaraq borcludur”- deyə alim vurğulayıb.

“2025-ci ili gözləmədən ən yaxın hədəf Xankəndi olmalıdır!..”

“Başqa bir təklif: keçmiş Dağlıq Qarabağ ərazisində etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqınların Şuşa-Xankəndi, Ağdam- Əsgəran, Tərtər-Ağdərə istiqamətində aksiyasını təşkil etmək, “evimizə qayıdırıq” şüarları ilə fasiləsiz etiraz aksiyasına başlamaq...” Ermənilərin Azərbaycana qarşı hər gün yeni iddialarını, saymazyana, meydan oxurcasına xüsusi siyasi ambisiyalı çıxışlarını, bəyanatlarını görməmək mümkün deyil. Azərbaycan türklərinə nifrət dolu münasibət, bizim xoş məramlı, humanitar addımı düşməncəsinə qarşılamaq - son günlərin əsas mövzusudur. Bu mənzərə situativ formadan çıxaraq strateji xarakter almağa başlayır və Qarabağ hadisələrinin başlandığı ilk illərdəki erməni iddialarından mahiyyət etibarı ilə fərqlənmir, çünki o illərdə olduğu kimi, Rusiya yenə də separatçıların arxasında, yanında, önündədir. Ermənilər Şarl Mişel başda olmaqla Qərbi də hədəfə alıblar, Rusiyaya xoş görünmək üçün Qərbi hədəfə almaq ermənilərin işinə yarayır və Rusiya XİN-in Azərbaycana qarşı yönəlik son bəyanatı buna sübutdur. Rusiya artıq yerdəki adamlarına xüsusi təlimatlar göndərir və bu onların çıxışlarında aydın görünür... Bir ildir ki, Ruben Vardanyan Qarabağdadır. Hərbi kontingentlə kifayətlənməyən Rusiya zəngin və şovinist Vardanyanı siyasi perspektivlə təlimatlandıraraq Qarabağa göndərib. Vardanyanın dediklərinə bəlkə də diqqət yetirməmək olardı, onsuz da erməninin terrorçusu, katolikosu, prezidenti, baş naziri, sıravisi hər gün Qarabağ barədə nəsə danışır, amma Vardanyan danışanda, deməli, Kreml danışır. Ona görə də, bəzi məqamlara nəzər salmağı məqsədəuyğun hesab etmək olar. Vardanyanın dünən “FB” səhifəsində yazdıqlarının tezis şəklində Kremldən göndərildiyinə şübhə olmasın...   Bəs Vardanyanın dili ilə Moskva hansı tələblərlə, ideyalarla maddə-maddə çıxış edir?.. Vardanyan “humanitar hava dəhlizinin açılmasının birinci dərəcəli əhəmiyyət kəsb etdiyini”- deyir. Və məhz bu hava yolu ilə BMT-nin və başqa beynəlxalq təşkilatların Bakıdan yan keçməklə Xankəndinə gəlməsini, kömək göstərməsini tələb edir. Ağdam -Əsgəran yolundan istifadə etməklə humanitar məqsədlərdən imtina edən ermənilərə bizim nəzarətimiz olmayan heç bir hava dəhlizi açmağa yol vermək olmaz. Onsuz da ruslar son günlər çox intensiv şəkildə helikopterlər vasitəsilə Qarabağdakı qanunsuz erməni silahlı qüvvələrinin təminatını həyata keçirir. Əgər hava dəhlizinə icazə verilsə, Laçın yolundakı sərhəd-buraxılış məntəqəsinin mənası qalmaz. Xocalı hava limanı o zaman açıla bilər ki, ora birbaşa Azərbaycan nəzarət edəcək, gediş-gəliş, daşınan yüklər, Laçın yolunda olduğu kimi bizim filtrasiyadan keçəcək...  Rusiya özünü hədəfə gətirməmək üçün Azərbaycana təkbaşına deyil, beynəlxalq güclərin vasitəsilə təzyiq planlaşdırır və Vardanyanın dili ilə bildirir ki, “Vaşinqton, Paris, Moskva vasitəçi kimi Azərbaycana təzyiq etməlidir ki, situasiyada dəyişiklik yaransın”. Bir az da irəli gedərək tamam yeni oyunçunun – Çinin də sülhməramlı kontingentlə bölgəyə cəlb edilməsini vacib bilir. Ermənilərin fantaziyasına görə planetdəki dövlətlər, xüsusilə qlobal güclər bütün problemlərini, işlərini unudub yalnız Qarabağ ermənilərinin maraqları ilə məşğul olmalıdırlar. BMT Ukraynanı unudub ruslara beynəlxalq mandat verməlidir. Adam olsaydılar, deyilərdi ki, BMT-nin, dünyanın Rusiyanı işğalçı kimi gördüyü bir vaxtda adı çəkilən dövlətlərdə, qurumda necə Rusiya sevgisi ola bilər ki, dünyanın ən aqressiv ölkəsinə sülhməramlı mandatı versin?..  Azərbaycanı ermənilərə nifrət təbliğatı aparmaqda ittiham edənlərə sonuncu hərəkətlərini xatırlatmaq lazımdır. Ağdam yolundan istifadə etməklə minimum qida problemlərinin həll olunmasına etiraz edərək yola beton plitə döşəyən, “biz düşmən qapısına getmərik” şüarı ilə çıxış edən erməni daha çox bizə nifrət təbliğatı aparır, yoxsa 30 ildən çox müddətdə torpaqlarını işğal etmənizə baxmayaraq Sizə xoş məram nümayiş etdirib humanitar yol təklif edən Azərbaycan?.. Hələ cinayətkar, Xocalı qatili Samvel Babayan da dünən təklifləri ilə bir az da qabağa gedib, birbaşa BMT-yə müraciət edərək Azərbaycanın bu təşkilata hansı ərazi ilə daxil olmasına yenidən baxılmasını xahiş edir. Yəni bunların ağlından keçən odur ki, BMT Azərbaycanın ərazi bütövlüyündən imtina edib, Qarabağı sinidə ermənilərə hədiyyə etsin. Erməni qatil, BMT-nin yaxasını yalnız bu absurd xahişlə buraxmır, Qarabağda beynəlxalq təminatlı sülhməramlı mandatın təmin edilməsini də istəyir. BMT xətti həm Vardanyanın, həm də Babayanın planında təsadüfən səslənmir, çünki tezislər eyni mənbədəndir. Təbii ki, Rusiyaya müraciət heç yaddan çıxmır və Rusiyadan yaranmış situasiyaya müdaxilə etməyi xahiş edir. Bütün dünya ermənilərini də yaddan çıxarmadan ümumi mübarizəyə səsləyir. Azərbaycanı intensiv olaraq hədəf göstərməkdə əsas məqsəd Laçın yolunun açılması, nəzarət məntəqəsinin ləğv edilməsidir. Ermənistan XİN rəhbəri Ararat Mirzoyan, hətta yol açılmasa, sərbəst gediş-gəlişə şərait yaradılmasa danışıqları dayandıracaqları ilə hədələyir. Azərbaycan bu hücumları zərərsizləşdirmək üçün özü hücum diplomatiyasına başlamalı, tələblərin reallaşma mexanizmini şərt olaraq göstərməklə qarşı tərəfi müdafiə mövqeyinə çəkilməyə məcbur etməlidir. Məsələn, erməni silahlı qüvvələrin Azərbaycan ərazisindən çıxarmağa 10 gün vaxt verməklə. Ermənilərin yenidən dərsi verilməsə, şirnikib iddialarını reallaşdırmaq üçün Rusiya ilə birlikdə Qarabağda təxribatların miqyasını böyüdəcəklər...  Danışıqlar prosesi real nəticələrlə yekunlaşmır, əksinə, sadə, pozitiv bir fikir belə Ermənistan və Rusiya tərəfindən süngü ilə qarşılanır.  Perspektiv Brüssel, Qranada görüşlərindən sonra da eyni reaksiyaların şahidi olacağıq. Rusiyanın qeyri-konstruktiv mövqeyi, ermənilərin revanşist çağırışları, Qərbin yumşaq tərzi Azərbaycanın 2025-ci ildə Xankəndi və ətrafına dövlət nəzarətini bərpa edəcəyini şübhə altına alır. İki il səkkiz ay ərzində bir sıra taktiki və sərhəd-buraxılış məntəqəsi ilə strateji uğurlar qazansaq da, məsələnin yekun nöqtəsinin vurulmaması bu gedişlə vəziyyəti mürəkkəbləşdirir. Düzdür, buna birmənalı qiymət vermək mümkün deyil və ən azı Rusiya -Ukrayna müharibəsinin perspektivdə hansı beynəlxalq şəraiti yaratmasından çox məsələlər asılı olacaq. Amma biz qeyri-müəyyən gələcəyə deyil, bu günə hesablanan və real nəticələr verəcək siyasi, hərbi addımlar atmalıyıq. Düşməni və havadarını müdafiəyə çəkilməyə məcbur edib, Qarabağın qalan hissəsində suveren hüquqlarımızı bərpa etməliyik...  Niyə erməni silahlı qüvvələrinin çıxarılmasına vaxt qoyub xəbərdarlıq etmirik? Əgər bu tələbimiz keçmirsə, növbəti tələbimiz daha sərt və konkret olmalıdır. Məsələn, sabah elan edirik ki, Rusiya hərbi kontingenti Qarabağda qaldığı məlum müddətdə Azərbaycan dövlət strukturları 10 gündən sonra Xankəndinə daxil olacaq və legitim hakimiyyət strukturları fəaliyyətə başlayacaq. Rusiya silahlı qüvvələri də iki toplum arasında asayişi, təhlükəsizliyi təmin edəcək. Yəni, gəlirik! Başqa bir təklif: keçmiş Dağlıq Qarabağ ərazisində etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqınların Şuşa-Xankəndi, Ağdam- Əsgəran, Tərtər-Ağdərə istiqamətində aksiyasını təşkil etmək, “evimizə qayıdırıq” şüarları ilə fasiləsiz etiraz aksiyasına başlamaq. Erməni razı olmayacaq, Rusiya sülhün yaranmasını tez hesab etdiyi kimi, Azərbaycanın da dövlət nəzarətinin bərpasını Lavrovun sözləri ilə “hələ tezdir, bu məsələni gələcək nəsillər həll edərlər” cavabını verəcək. 27 sentyabr 2020-dək də belə siyasət yeritdilər, indi biz də tarixdən dərs götürüb deməliyik ki, zor-xoş biz öz torpaqlarımızda dövlət nəzarətimizi yaradırıq. Ermənilər istəsələr qalsın, istəməsələr yol açıqdır. Bir sözlə, 2025-ci ili gözləmədən ən yaxın hədəf Xankəndi olmalıdır!..moderator) İlham İsmayıl