“Nisyə mal alqı-satqısı ilə məşğul olan şəxslərlə bağlı cərimələrin artırılması bütün sahələri əhatə edir. Əsas məqsəd isə istər gəlir gətirən fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxlərdə, istərsə də alış-veriş edən vətəndaşlarda məsuliyyət dərəcəsini müəyyən etməkdir”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib.
Onun sözlərinə görə, cərimələrin tətbiqi vergidən yayınma ilə bağlı və vergi ödənişlərinin vaxtında təmin edilməsindən imtina edən halların aradan qaldırılması ilə bağlıdır:
“Bu əslində müsbət addımdır. Ona görə ki, bir sıra Avropa ölkələrindəki cərimə məbləğləri ilə müqayisədə, ölkəmizdə bu, xeyli dərəcədə aşağıdır. Ona görə də yaxın gələcəkdə bütün cərimələrin artırılacağı və yenilərinin də tətbiq olunacağı gözlənilir”.
Onun sözlərinə görə, əgər bir vətəndaş uzun müddətli nisyə alış-veriş edirsə, həm o, həm də alış-veriş etdiyi məhsulun sahibi vergidən yayınacaqlarsa, o zaman inzibati məsuliyyət daşıyacaqlar:
“Ancaq qısa müddətli nisyə alış-veriş edən şəxslər bu məsuliyyətə cəlb olunmayacaqlar. Etiraf edək ki, pərakəndə ticarət şəbəkələrində nisyə alış-veriş edən vətəndaşların sayı kifayət qədərdir və sayları daha da artmaqdadır. Ən azından bu prosesi nəzarətə götürmək baxımından bu qərarın effekti böyük olacaq. Bundan da qısa müddətli alış-veriş edən şəxslər narahat olmasınlar. Ona görə ki, burada söhbət iri məbləğli və uzun müddətli nisyə mal və məhsul alqı-satqısı edən, eləcə də nisyə xidmətlər göstərən şəxslərdən gedir. Əgər onlar bunları vaxtında bəyan etməsələr, qanun qarşısında məsuliyyət daşıyacaqlar”.
Digər iqtisadçı-ekspert Xalid Kərimli isə bildirib ki, burada faiz elementləri böyük rol oynayır.
“Bu gün hüquqi şəxslərin, yəni MMC kimi fəaliyyət göstərən şirkətlərin bir çoxu müştərilərə “daxili kredit” adı ilə kreditlər verirlər. Bir çoxu da məişət avadanlıqları və digər mal və əşyaları kredit şəklində sataraq, aylara bölür və ödəniş qrafiki verirlər. Bu zaman da “nağd ödəniş endirimi” adı altında faiz elementlərindən istifadə edirlər.
Əsas məsələ ondan ibarətdir ki, banklar və BOKT-lar kredit verən zaman müştərilərin bank-kredit reyestrinə məlumatlar yerləşdirirlər. Ancaq şirkətlər daxili resursları hesabına kredit verərkən müştərilərin kredit reyestri açılmır və heç bir məlumat yerləşdirilmir. Bu da ona gətirib çıxarır ki, vətəndaşın öz kredit yükü haqqında dolğun təsəvvürü olmur. Banklar isə onlara kredit verərkən, başqa maliyyə təşkilatlarına nə qədər borcu olduğunu bilmirlər”.
“İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanunun mövcud vəziyyətlə bağlı olaraq sərtləşdirildiyini söyləyən ekspertin dediyinə görə, bu da həmin sahəyə nəzarətin daha da artırılacağını göstərir:
“Bununla da mövcud boşluqlar aradan qaldırılacaq. Həm banklar, həm də BOKT-lar kredit verən zaman müştərinin maliyyə risklərini düzgün qiymətləndirəcəklər. Eyni zamanda, yaxın gələcəkdə istehlak kreditləri ilə bağlı risklər nisbətən aşağı düşəcək”.
Qeyd edək ki, Prezident İlham Əliyev dünən təsdiqlədiyi “İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanununa əsasən, Azərbaycanda nisyə mal alqı-satqısı ilə məşğul olanlarla bağlı yeni cərimələr müəyyənləşib.
Eyni zamanda, “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsində göstərilən nisyə mal alqı-satqısı ilə məşğul olan şəxslər tərəfindən “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq kredit tarixçələrini təşkil edən məlumatın kredit bürosuna həmin Qanunda müəyyən olunmuş qaydada rtəqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə, hüquqi şəxslər 10 000 manatdan 12 000 manatadək məbləğdə cərimə ediləcək.