Normadan artıq isti hava şəraitində iş rejimi necə olmalıdır?

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Əmək Məcəlləsinin 233-cü maddəsinə əsaslanaraq yay mövsümü ilə əlaqədar üzv təşkilataların xidmətinə daxil olan müəssisə və təşkilatlarda havanın hərarəti 41 dərəcəni keçərsə, açıq havada işlərin dayandırılmasına ictimai nəzarətin həyta keçirilməsini tövsiyə edib. AHİK-in Hüquq, Əməyin mühafizəsi və Mətbuat və ictimaiyyətlə əlaqələr şöbələrinin birgə məlumatında göstərilir ki, burada məqsəd iş yerlərində sağlamlığa mənfi təsir edən isti havalarda açıq şəraitli iş yerlərində işçilərə müəyyən olunmuş qaydada fasilələrin verilməsi və ya işin dayandırılmasına həmkarlar ittifaqlarının ictimai nəzarətinin gücləndirilməsini təmin etməkdən ibarətdir. Əmək Məcəlləsinin 2-ci əlavəsində işçilərə fasilələrin verilməsi və işin dayandırılması üçün əsas hesab edilən havanın tempraturu və küləyin gücü göstərilib. Azərbaycan Respublikasının Konstitutsiyasında nəzərdə tutulduğu kimi, əmək hüquqlarının tənzimlənməsi çərçivəsində işəgötürən əməyin təhlükəsizliyi və gigiyenası tələblərinə cavab verən iş şəraiti yaratmalıdır. Əmək müqaviləsi və kollektiv müqavilələrdə bu məsələlər nəzərdə tutulur və nəzarəti həmkarlar təşkilatları yerinə yetirir, həmçinin nəzərdə tutulan şərtlərin yerinə yetirilməsi və işçinin əməyinin təhlükəsizliyinin təmin edilməsi işəgötürənin  əsas vəzifələrindən biridir. Əmək müqaviləsində işçilərin sosial müdafiəsi, əmək şərtləri, iş və istirahət vaxtları və digər məsələlərlə yanaşı, əməyin mühafizəsi üzrə işçinin hüquqları da nəzərdə tutulur. Əməyin təhlükəsizliyinin və mühafizəsinin təmin edilməsi, sağlam və əlverişli iş şəraitinin yaradılması haqqında məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin IX bölməsində qeyd olunub. Qeyd edək ki, havanın temperaturu müsbət 41 dərəcəni keçərsə, açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləmək üçün imkan yaradılmaqla fasilələr verilir. Əmək Məcəlləsinin 233-cü maddəsinin 4-cü hissəsinə əsasən, fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir. Soyuq və isti hava şəraitində fasilələr və işin dayandırılması zamanı əməkhaqqının ödənişi sistemində Əmək Məcəlləsinin müəyyən etdiyi normalardan kənaraçıxma halları müşahidə edilərsə, onda tərəflər əməyin mühafizəsinə nəzarət edən orqanlara, həmkarlar ittifaqlarına və ya məhkəməyə müraciət edə bilərlər. Həmkarlar ittifaqları Əmək Məcəlləsinin 236-cı maddəsinə və “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 13 maddəsinə əsasən, nəzərdə tutulmuş hüquqları çərçivəsində əməyin mühafizəsi qaydalarına və müvafiq normativ hüquqi aktlara işəgötürən tərəfindən əməl edilməsinə nəzarətin həyata keçirilməsində iştirak edirlər.

Rasim Balayevin özü üçün arzusu: Xəstələnməyim, ayaq üstə keçirim

Bu gün Xalq artisti Rasim Balayevin doğum günüdür. Sozcu.az Publika-ya istinadla xəbər verir ki, onun 75 yaşı tamam olur. Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərindəki rollarla tamaşaçıların sevgisini qazanıb. Böyük və çətin rollardan əlavə R. Balayev kiçik rollarda da oynayıb. “Bu şirin söz, azadlıq”, “Sənin birinci saatın”, “Xoşbəxtlik səhnəsi”, “Mən hələ qayıdacağam”, “Birisigün, gecəyarısı” kimi filmlərdə epizodik rol oynayıb. “Özbəkfilm”, “Mosfilm” və başqa studiyalarda filmlərə çəkilib.  Xalq artisti qeyd edib ki, 75 yaş onun üçün qocalıq deməkdir: “Yaşadığım ömürdə sevincli günlərim qədər, kədərli günlərim də oldu. Bir ömür yaşadıq. Allah mənə sağlam ömür verdi. Şükürlər olsun ki, hələ də yaşayıb yarada bilirəm. Özümə arzum odur ki, Allah mənə nə qədər ömür veribsə, xəstələnməyim, ayaq üstə keçirim. Elə belə, söhbət edə-edə gedim o biri dünyaya. Ötən gün Prezidentimiz tərəfindən “İstiqlal” ordeni ilə təltif olundum. Ad günümü daha da özəlləşdirdi”.

“WhatsApp”da naməlum nömrələrdən gələn zəngləri necə bloklamaq olar?

"WhatsApp" vasitəsilə müxtəlif fırıldaqçılıq halları yaşanır. O qədər ki, xaricdən gələn spam mesajlar və naməlum nömrələrdən gələn zənglər istifadəçiləri narahat edir. Sozcu.az Trend-ə istinadən bildirir ki, yaranan vəziyyət qarşısında istifadəçilərin ala biləcəyi yeganə tədbir naməlum nömrələri bloklamaqdır. Beləliklə, "WhatsApp"da kontaktlarda qeydiyyata alınmayan naməlum nömrələri necə bloklamaq olar? "WhatsApp"da naməlum naməlum nömrələrdən gələn zəngləri bloklamaq üçün: 1) "WhatsApp"ı açın və yuxarı sağ küncdəki üç nöqtəli işarəyə toxunun. Parametrləri seçin. 2) Növbəti ekranda "Məxfilik" xanasını seçin. 3) İndi məxfilik səhifəsindən "Zənglər" xanasını seçin. 4) Daha sonra naməlum nömrələrdən gələn zəngləri səssiz edin düyməsini seçin.

Həddindən artıq istidə bu qidaları qəbul edin

İstidə tez-tez soyuq bir şey içmək istəyinin olmasına baxmayaraq, bu içkilər susuzluğu çox zəif yatırır və insan bədəninin termorequlyasiya xüsusiyyətlərinə görə bədəni tez tərk edir. Sozcu.az lent.az-a istinadən bildirir ki, şirin içkilər qəbul etməyin də heç bir mənası yoxdur. Onlar yalnız susuzluğun artmasına səbəb olur və əksəriyyəti zərərlidir. Xüsusilə, mütəxəssislər istidə çox soyudulmuş olmayan adi su içməyi məsləhət görürlər. Suya limon, nanə və ya meyvə qarışdıra bilərsiniz.  İsti olduğunuz zaman bədən termorequlyasiyanı işə salır, tər buraxır, bu da bədəndən duz və digər iz elementlərini atır. Buna görə də, istidə düzgün qidaları yemək vacibdir ki, bu da orqanizmə mikroelementlərin balansını bərpa etməyə və susuzlaşdırma ilə mübarizə aparmağa kömək edəcəkdir. Duz yeməyi dayandırmaq lazım deyil. Tərəvəz və meyvələrin çoxu ilk növbədə sudan ibarətdir, ona görə də onları yeyəndə nəinki vitamin və minerallar alırsınız, həm də bir az maye içirsiniz.  Belə ki, həkimlər isti havalarda xiyar (suyun nisbəti 96%-ə çatır), pomidor (93%), qarpız (90%), çiyələk (90%), qreypfrut (88%), ərik və alma (85%), albalı və gilas (82-83%) yeməyi tövsiyə edir. Həkimlər həmçinin yay pəhrizinizə soyuq şorbalar əlavə etməyi məsləhət görürlər - onlar çoxlu qida maddələrini ehtiva edir və eyni zamanda orqanizmin su balansını doldurur.

Xavi Neymarın "Barselona"ya qayıtmasına qarşıdır

PSJ-nin yarımmüdafiəçisi Neymar "Barselona"ya qayıtmaq istəyində israrlıdır. Sozcu.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Braziliyalı Kataloniya klubuna qayıtmaq üçün hətta maaşını azaltmağa da hazırdır. "Barselona" prezidenti Joan Laporta və idarə heyətinin bir hissəsi bu fikri dəstəkləyir. Lakin  baş məşqçi Xavi Neymarın komandaya qayıtmasının əleyhinədir. Xavi aydın şəkildə başa düşür ki, braziliyalı "Barselona"nın indi ehtiyac duyduğu oyunçu deyil və onun klubdakı vaxtı artıq keçib. Rəhbərlik Neymarın mümkün transferini marketinq nöqteyi-nəzərindən yaxşı fikir hesab edir, lakin idman nöqteyi-nəzərindən transferə şübhələr var. Daha əvvəl Neymara Səudiyyə Ərəbistanından 300-400 milyon avro arasında maaş təklif etdiyi bildirilirdi. Qeyd edək ki, 31 yaşlı hücumçu 2017-ci ildən PSJ-nin formasını geyinir. O, 2013-2017-ci illərdə "Barselona"da oynayıb.

Şirvanda qardaş qardaşı bıçaqladı

Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində qeydə alınıb. Belə ki, Şirvan şəhər sakini, 1982-ci il təvəllüdlü Səfərov Səfər Fərhad oğlu qardaşı tərəfindən bıçaqlanıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal əməliyyat olunub. Faktla bağlı araşdırma aparılır.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 531-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 250 800 hərbçi, 4254 ədəd tank, 8278 ədəd zirehli döyüş maşını, 4996 ədəd artilleriya sistemi, 709 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 468 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 312 ədəd helikopter, 7460 ədəd avtomobil texnikası, 4158 ədəd PUA, 1377 qanadlı raket, 18 gəmi/qayıq, 737 xüsusi avadanlıq itirib.

Neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 85,38 dollara, yüngül neftin bir barreli isə 82,02 dollara satılır.

Sabirabadda narkotikə görə 13 nəfər saxlanıldı

Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 13 nəfər saxlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Bildirilib ki, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Pərvin Nağızadə tutulub. Onun üzərinə keçirilən baxış zamanı 4 qramdan artıq, idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı isə 825 qram heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Dindirilmə zamanı P.Nağızadə narkotik vasitəni sosial şəbəkədə tanış olduğu İran vətəndaşından onlayn yolla aldığını bildirib. Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri zamanı isə rayon sakini, əvvəllər də narkotiklərə görə məhkum olunmuş Azər Əsədov saxlanılıb. Polis əməkdaşı tərəfindən sonuncunun yaşadığı ünvana keçirilən baxış zamanı 1 kiloqrama yaxın heroin aşkarlanaraq maddi sübut kimi götürülüb. Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən son günlərdə bu istiqamətdə keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən ümumilikdə 13 nəfər saxlanılıb. Onlardan yaş çəkisi 320 kiloqramdan artıq olan 107 ədəd çətənə kolu, 3 kiloqrama yaxın heroin, metamfetamin və marixuana aşkarlanıb. Həmçinin, qeyd edilən dövr ərzində rayon ərazisində oğurluq faktları törədərək zərərçəkmişlərə maddi ziyan vuran 5 nəfər şəxs də müəyyən edilərək istintaqa təqdim olunub. Aşkarlanan bütün faktlarla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Rusiyanın təcridi artır: Çin də uzaqlaşır...

Ciddədə keçirilən sammitdə bəlli oldu ki, Pekin və Moskva arasında Ukrayna müharibəsinin Rusiyanın maraqlarına uyğun həlli ilə bağlı fikir ayrılıqları güclənib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub. “Görüşdə Çin nümayəndələri göstərdilər ki, Rusiya deyillər və konstruktiv görünməyə çalışdılar. Avropalı diplomatların fikrincə, bu, Rusiyanın dünyada artan təcridini göstərdi. Eyni zamanda, Çindən gələn nümayəndə heyəti, yəqin ki, Rusiyanın da iştirakı olmadan keçiriləcək oxşar formatda növbəti görüşdə iştirak etməyə hazır olduğunu bəyan edib”, - məlumatda bildirilib. İnstitutun məlumatına görə, Rusiyadakı mənbələr bildiriblər ki, Kreml Rusiya 2023-cü ilin fevralından bəri 12 bəndlik Çinin Ukraynaya dair sülh planını rədd edib. “Bütün bunlar onu göstərir ki, Çin Ukrayna məsələsində Rusiyanı tam dəstəkləmir”.

İran güneyli fəalı həbs etdi

Şərqi Azərbaycan əyalətinin Binab mahalından olan milli-mədəni fəal Səid Minayi həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə onun ailə üzvləri məlumat veriblər. Minayinin avqustun 7-i günortadan sonra Binabın Axund Qışlaq kəndindəki ata evində təhlükəsizlik məmurları tərəfindən saxlanıldığı bildirlib. Onun hara aparıldığı və nədə ittiham olunduğu barədə məlumat verilməyib. Qeyd edək ki, Səid Minayi bundan öncə Azərbaycan dili və mədəniyyəti, ətraf mühit problemləri, xüsusilə Urmiya gölü ilə bağlı fəaliyyətlərinə görə bir neçə dəfə həbs edilib.

BQXK nümayəndələri əsir saxlanılan iki azərbaycanlıya baş çəkdi

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri Ermənistanda saxlanılan iki Azərbaycan vətəndaşına yenidən baş çəkiblər. Bu barədə Sozcu.az-a BQXK-nin Bakı ofisindən məlumat verilib. Qeyd edilib ki, onlara telefon və Qızıl Xaç Məktubları vasitəsilə ailələri ilə əlaqə yaratmaq imkanı verilib. "Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nin prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - məlumatda qeyd edilib.

Rusiyanın məsələsini həll etdik, lakin cavab vermədilər – Blinken

ABŞ Rusiyaya taxıl sazişi ilə bağlı problemlərini həll etməyi təklif edib, lakin Moskva hələ də cavab verməyib. Sozcu.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken məlumat verib. “Banklarımıza məktub yazdım ki, Rusiya taxılının ixracını tamamilə dəstəkləyirik və sanksiyalardan qorxmaq üçün heç bir əsas yoxdur. Mümkün olan bütün problemləri həll etməyi təklif etsək də, Moskva hələ də buna cavab verməyib", - Blinken bildirib. ABŞ dövlət katibinin sözlərinə görə, son bir ildə Rusiya taxılının ixracı Ukraynadakı hadisələrdən əvvəl ixrac etdiyindən xeyli çoxdur.

İlham Əliyev Rasim Balayevə orden təqdim etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də xalq artisti Rasim Balayevə “İstiqlal” ordenini təqdim edib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Temperatur artır, buna ciddi əməl edin! - Xəbərdarlıq

Fövqəladə Hallar Nazirliyi (FHN) ölkə ərazisində müşahidə olunan hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Sozcu.az müraciətin mətnini təqdim edir: "Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, ölkə ərazisində isti hava şəraitinin yaxın günlər ərzində davam edəcəyi, temperaturun bəzi yerlərdə 42-44°-dək artacağı gözlənilir. Belə hava şəraitində yanğın təhlükəsizliyi ilə bağlı kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnir. Həmçinin, kondisionerlərə tələbatın yüksəlməsi elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır. Qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, yüksək temperaturun yanğın təhlükəsini artırdığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır. Həmçinin, günvurma təhlükəsindən qorunmaq üçün yüksək temperaturlu günlərdə açıq havada çox qalmamaq, habelə açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə etmək, daha çox kölgədə və ya sərin yerdə qalmaq və bol maye qəbul etmək tövsiyə olunur".

Belə getsə, Rusiyanın bir gəmisi də qalmayacaq

Rusiya başa düşməlidir ki, eyni ruhda davam etsə, müharibənin sonuna bir dənə də olsun gəmisi qalmayacaq. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın taxıl sazişini bərpa etmək istəməməsinə münasibət bildirərkən deyib. “Rusiya Qara dənizə atəş açaraq hökmranlıq etməyə davam edərsə, Ukrayna özünü müdafiə edəcək", - Zelenski qeyd edib.

Başkənd uğrunda savaş (1992 avqust) - Dilqəm Əliyev yazır( 3-cü hissə)

Başkəndin Erməni-Daşnak quldurlarından təmizlənməsi əməliyyatına 861 saylı hərbi hissənin komandiri polkovnik leytenant Cahangir Rüstəmov rəhbərlik edirdi... Amma əvvəl yazdığım hadisələrin xronikasını bitirməliyəm.   -- 03--05 avqust 1-ci batalyonun QR kapitan İlham Əliyev öz yoldaşları ilə hər gecə səhərə kimi Başkəndin bütün giriş-çıxış yollarını,düşmən qüvvəsini,texnikasını və s. dəqiqləşdirdi.  -- Əvvəlcədən verilən tapşırığa görə Daşkəsəndən gələn rota taxıllıq istiqamətindən Başkəndə doğru hərəkət etməli idi. Onların bir neçəsinin adını yazıram: baş leytenent Abbasov Elçin, Bagiri Manuçohr, Bagiri Arif, leytenant Qeysər Əliyev...  -- Tovuzun Göyəbaxan kəndi istiqamətindən və Novosaratovkadan Başkəndə hücum edəsi qüvvələrin komandir və zabit heyətinin bir neçəsinin adını qeyd edirəm: kapitan İlham Əliyev - 1-ci batalyonun QR, leytenant Qalib Hüseynov - rota komandiri, Gizir Oruc Mahmudov - rota komandiri, leytenant Əliyar Novruzov - rota komandiri...  Yəni Başkəndə 3(üç) istiqamətdən eyni zamanda hücum olmalı idi. Əlbəttə ki,düşmən bunun qarşısında duruş gətirə bilməzdi. Lakin yaralı yerimiz Mutudərə idi. Belə ki,əvvəl qeyd etdiyim kimi,o ərazi düşmən tərəfdən işğal edilmişdi. Əlavə olaraq onu da qeyd edirəm ki, ermənilərə RUS - lar çox yaxından və hərtərəfli kömək edirdilər. Faktiki olaraq Mutudərəyə RUS tankları,PDM-ləri, hərbçiləri böyürlərində də bir neçə qəhraman Aşot hücum etmişdilər...   Mutudərə döyüşçülərindən Çingiz Məmmədov,polis Asif, Mutudərəli topçu Rasim və daha bir neçə nəfər döyüşü davam etdirmək istəsələr də düşmən say və texnika sarıdan üstün olduğuna görə geri çəkilməyə məcbur olurlar. Leytenant Məzahir Rüstəmov da məhz yaralanaraq düşmən əlinə keçir...   06.08.1992-ci il axşam saat 21--22.00 radələrində HH komandiri polkovnik leytenant Cahangir Rüstəmov, mən, qardaşım kapitan İlham Əliyev və əsas qüvvələrimiz Tovuzun Göyəbaxan kəndində idik. Ermənilərin yandırdığı Mutudərədəki evlərin külünü,iyini Göyçə gölündən əsən külək bizə çatdırırdı. Gecənin qaranlığı qırmızı rəngə boyanmışdı.Bu zaman Mutuərəni qoruyası olan OMON-lar vay şivənlə gəldilər.Təxminən 20 ( iyirmi) nəfər olardılar. Onların bu hərəkətləri əsgərər arasında az qala xaos yaradacaqdı. Belə ki,biri ağlayır,biri qışqırır,biri kimləri isə günahkar sayır...daha nə... Onların iradından sonra Cahangir Rüstəmov,İlham Əliyev və OMON-larla birgə vəziyyəti yoxlamaq üçün Mutudərəyə getdilər. Mən isə Göyəbaxanda komandir əvəzi qaldım. 07.08.1992-ci il səhərə yaxın komandir və İlham OMON-larsız gəldilər. Mən OMON-ları soruşanda -Əşi Mutudərəyə çatanda hamısı dağılışdı--cavabını aldım. Sonra Cahangir Rüstəmov məni yanına çağırdı:  -- Dilqəm iki ədəd PDM götür və Mutudərəyə get. Nə edirsən et, necə edirsən elə. Amma Mutudərə bizdə olmalıdır.   --Oldu komandir. Amma mən heç vaxtı orada olmamışam,xəritə verə bilərsinizmi?  -- Xəritə neyləyirsən,mən sənə Abbasov Zülfüqarı verirəm,o sənə yolu göstərər. Deyərək Zülfüqarı çağırdı və tapşırığnı verdi.  Mən 2(iki)ədəd PDM-1-lə Mutudərəyə yola düşdüm. Mənim hərəkət etdiyim PDM-in sürücü mexaniki 56 yaşlı könüllü Hacıyev Hidayət, digər PDM-də isə sürücü mexanik Alıyev Alxan idi. Əlavə olaraq bizə sıravi könüllü Xasməmmədov Fazil də qoşuldu. Zülfüqar bizi iç yollarla Mutudərə istiqamətinə aparırdı. Yolda Mutudərə və ətraf kəndlərdən çoxlu sayda mülkü əhalidən qaçanları gördüm. Bu çox dəhşətli mənzərə idi. Başıaçıq,ayaqlyalın insanların ayaqlarını daşlar çapmış,qanları axırdı. Azyaşlı uşaqlar ağlaya - ağlaya valideynlərinin əlindən tutub gedirdilər. Acığımdan gözümdən yaş axırdı... Yolda çayın qırağında K-16 tipli,Leytenant Şmidt zavodunda hazırlanmış QRAD qurğusu ilə hərəkət edən topçu İsgəndərlə rastlaşdıq. Hara getdiyini soruşdu və Mutudərəyə gedirəm cavabını eşitdim. Bu yaxşı xəbər idi. Belə ki, QRAD qurğusunun xeyirdən başqa ziyanı yox idi. Bir az da getdikdən sonra nizam-intizamsız, pərakəndə halda hərəkət edən, sayı 15-20 nəfərə çatan bir dəstəni gördüm. Kim olduqlarını soruşdum və biz Boz Qurdlarıq cavabını eşitdim. Hara getdiklərini soruşdum,onlar da Mutudərəyə gedirik dedilər. Yolda İsalı kəndinin içində bir qadın mənim PDM-imin qabağını kəsdi:  -- Ay qadan alım tankını saxla.  -- Nə olub ay xala?  -- Qadan alım əlindəki tüfəngin birini denən mənə versinlər.  -- Ay xala bu tüfəng deyil,avtomatdır. Neyniyirsən bunu.  -- Mən də siznən döyüşmək istəyirəm.  -- Olmaz ay xala,olmaz. Sən nə danışırsan?  -- Niyə (əsgərləri göstərərək) onlara olar,mənə olmaz?  -- Dedim olmaz da. Qurtardı.  -- Onda qulaq as...     Həmin qadın ermənilərin harada nələri olduğunu mənə öz bildiyi kimi başa saldı.   -- Bax mindiyin tankdan balacası orada var,o da bunun kimi seplidir(tırtıllıdır) deməli BMD - dir (DDM). Bundan böyüyü var,zırıltıdır (deməli tankdır). Ər-Dağının başında uzun,lap uzun lüləli top var( deməli təxminən KS-19 ola bilər( Gədəbəy batalyonunun orada KS-19 markalı topu var idi,amma indi ora ermənilərin əlində idi), və s... Mən Mutudərəyə çatmamış orada bizi nələrin gözlədiyini təxmin etdim... Artıq kəndə yaxınlaşdıq və uzaqdan Ər-dağına bir necə qəlpəli mərmi atdım. Mərmiləri şahmatvari qaydada atdığımdam Ər-Dağında olan topun yanındakı mərmilər partladı. Əla,deməli düşmənin qorxun silahlarından biri azaldı...  ARDI VAR... Dilqəm Əliyev 

Müsavat siyasi məhbusların azad edilməsini tələb etdi- Divanın gündəliyi

Avqustun 7-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər barədə məlumat dinlənilib, müvafiq tapşırıqlar verilib. Daha sonra ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub.  Ermənistan hakimiyyəti Qarabağı Azərbaycan ərazisi olaraq tanıdıqdan sonra Rusiya Xarici İşlər Nazirliyinin bu mövzuda rəsmi Yerevana münasibətdə təhrikedici açıqlamaları pislənilib.  Azərbaycanda siyasi məhbusların sayının getdikcə artmasından narahatlıq ifadə edilib, onların azad edilməsi bir daha tələb olunub.  Ukraynada gedən müharibə ilə bağlı Türkiyənin vasitəçilik missiyası və digər proseslərlə bağlı fikir mübadiləsi aparılıb.  Sonda cari məsələlər müzakirə olunub.

Başkəndin azad edilməsinin 31-ci ili

8 avqust 1992-ci il Başkənd'in azad edildiyi gün kimi tarixə düşüb. Bu əməliyyat Azərbaycan ordusunun həyata keçirdiyi ən uğurlu əməliyyatlardan biri idi. 861 nömrəli hərbi hissənin komandiri, polkovnik-leytenant Cahangir Rüstəmovun rəhbərliyi altında həyata keçirilmiş əməliyyat nəticəsində 4600 hektardan artıq ərazi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. Əgər Başkənddə əməliyyatlar uğurlu alınmasaydı, Ermənistanla bu kəndin birləşməsi Şınıx bölgəsinin 26 kəndinin birbaşa mühasirə şəraitinə düşməsinə və Ermənistana birləşdirilməsi ilə nəticələnəcəkdi. Həmin 26 kənd ələ keçirilsəydi, bütün əsas yüksəkliklər ermənilərin nəzarətinə keçərdi.  Başkəndi Ermənistanla birləşdirən bir tək avtomobil yolu varıydı. O da Başkənd-Krasnaselsk yoludur. Bu yol da Gədəbəyin Mutudərə aşırımından keçirdi. Bu yolu ermənilər Başkənd üçün, həyat yolu adlandırırdılar. Həyata keçirilmiş əməliyyatlar nəticəsində işğalçıların ayaq izləri birdəfəlik Başkənddən, bütünlükdən Gədəbəydən silinmişdir. Bu əməliyyatlarda Gədəbəylilər ilə yanaşı milliyətcə kabardin, peşakar hərbiçi, Gədəbəydə hərbi komissar işləmiş Vyaçeslav Malbaxov, Şəmkirdən Bakı Ali Hərbi Ümumqoşun komandirləri məktəbinin yetirmələri Dilqəm Əliyev, qardaşı İlham Əliyev, Göyçə mahalından gəlmiş, Çənlibeldə yaşamış Rizvan Pirnəzərov, Özbəkistandan gəlmiş Kür qəsəbəsində yaşamış axısqa türkü İsgəndər Aznaurov və onlar kimi yüzlərlə döyüşçü, Qazax istiqamətindən Eldar Salmanov komandirliyi altında tank bölüyü, Ərəstun Hacıyevin başçılıq etdiyi artilleriya batareyası, Ağstafadan Maqsud Aşurovun rəhbərlik etdiyi reaktiv artilleriya batareyası, Daşkəsən rayonundakı batalyondan bir bölük, Bakıdan 20 nəfərə yaxın xüsusi təyinatlı dəstə və s yer almışdır. Həmin dəstə Qaradağ postundan, Şəmkir batalyonu isə Tovuz rayonunun Göyəbaxan kəndi və Gədəbəyin Saratovka kəndi istiqamətindən Başkəndə girmişdi. 8 avqust günü əməliyyat nəticəsində ermənilər Başkəndin özündə 26 nəfərə itki verməklə tamamilə oranı tərk etdilər.  Yazının hazırlanmasında 861 nömrəli hərbi hissənin silahlanma üzrə komandir müavini Dilqəm Əliyevin verdiyi məlumatlardan yararlanılmışdır.  Həmin dönəmdə çəkilmiş fotolar fotoqraf-jurnalist Kərəm Nebiyev'ə məxsusdur.  Yazını hazırladı: Ceyhun Nəbi

Antiterror əməliyyatı başlayır

Separatçıların başçısı Araik Arutyunyan müsahibə verib. Baş separatçı yenə də eyni xarakterlə - terrorçu xisləti ilə çıxış edib. O, heç bir halda Azərbaycanın təkliflərini qəbul etməyəcəklərini bildirib. Baş separatçının bu müsahibəsi açıq-aşkar terrora çağırış, Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış ərazi bütövlüyünə qəsddir. Üstəlik, Araikin açıqlamasından bəlli olur ki, separatçılar Qarabağdakı erməniləri də girov saxlayırlar. Onlar sadə ermənilərdən terrorçu məqsədləri üçün yararlanırlar. Belə məqamda artıq Azərbaycanın çıxış yolu qalmır: antiterror əməliyyatına başlamaqdan savayı. Çünki bu terrorçular məqsədlərini açıq şəkildə bildirir, silahlı mübarizə aparacaqlarını deyirlər. İşğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri gedir, məcburi köçkünlər öz yurd-yuvalarına qayıdırlar. Terrorçuların belə davranışı həm quruculuq işlərinə, həm də yurd-yuvasına qayıdan insanlara böyük təhlükə yaradır. Ona görə də, Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün separatçı-terrorçuları zərərsizləşdirməlidir. Deməli, antiterror əməliyyatı qaçılmazdır. (Publika.az)

Bakıda şirkətin 525 min manatı mənimsənildi

Bakıda şirkətin pulunu mənimsəməkdə təqsirləndirilən Orxan Məmmədov, Zaur Babayev, Cəbrayıl Cəbrayılov, Fuad Xəlilzadə və Murad Rəsulovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. Sozcu.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Eldar Həmzə ittiham aktını elan edib. İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər “İnteqral” QSC-nin ümumilikdə 525 min manatını mənimsəyiblər. Bildirilib ki, həmin şəxslər şirkətdə müxtəlif vəzifələrdə çalışıblar. Daha sonra söz təqsirləndirilən şəxslərə verilib. O.Məmmədov, Z.Babayev, C.Cəbrayılov və M.Rəsulov elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər. Yalnız F.Xəlilzadə özünü qismən təqsirli bilib. Məhkəmənin növbəti iclası avqustun 14-nə təyin edilib.

Rus aviasiyası Ukraynada effektsizdir - Britaniya

Rusiya aviasiyası Ukraynaya qarşı müharibədə quru əməliyyatlarını dəstəkləmək üçün əhəmiyyətli resurslarını xərcləməkdə davam edir, lakin həlledici əməliyyat effektləri yoxdur. Sozcu.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub. “Rusiyanın taktiki döyüş aviasiyası son aylar gün ərzində 100-dən çox uçuş həyata keçirib, amma bu uçuşların da əksəriyyəti Ukrayna hava hücumundan müdafiə sistemləri səbəbindən öz ərazisində olub. Rusiya təyyarələri çox uzaq məsafədən hədəfləri vurmağa çalışır, amma onlar hələ də ardıcıl dəqiqlik nümayiş etdirə bilməyiblər”, - hesabatda qeyd olunub.

Bakıda mənzildən 34 minlik qızıl-zinət əşyaları oğurlandı

Bakıda mənzildən 34 300 manatlıq qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Səbail rayonu ərazisindəki mənzillərin birindən 34 300 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini G.Əliyeva müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Şəmkirdə maşın aşdı, 16 yaşlı oğlan öldü

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, Quliyev Ramil Natiq oğlu idarə etdiyi “VAZ-21015” markalı avtomobillə Şəmkir-Gədəbəy avtomobil yolunun, Şəmkir rayonu Çənlibel kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan zaman idarə etməni itirərək avtomobili aşırıb. Hadisə nəticəsində avtomobildə sərnişin olan 2007-ci il təvəllüdlü İbrahimov Elmir Ayaz oğlu hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanıb.