Novxanıda dənizdə 1 nəfər batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

Güney təşkilatları Urmu üçün niyə birləşmir?

Təşkilatların bir neçəsinə birlikdə çağırış etmək üçün müraciət etsək də, heç biri zaman və yer təyin etməyə hazır deyildi. Sadəcə, Urmu gölünün quruması ilə bağlı etiraz çağırışları səsləndirməklə yetinirdilər. Bu da bizi qane etmirdi. Bu sözləri Axar.az-a Güney Azərbaycan İstiqlal Partiyasının sədri Saleh İldırım Urmu gölünün qurumasına etiraz olaraq keçirilməsi planlaşdırılan aksiya haqqında danışarkən deyib. O, İstiqlal Partiyasının təşkil etdiyi aksiyanın digər Azərbaycan təşkilatları ilə eyni günə təyin edilməməsi məsələsinə aydınlıq gətirib: “Millət hara gedəcəyini bilməlidir. Təşkilatımız etiraz aksiyasının keçiriləcəyi yeri və tarixi müəyyən etdi. Bizdən altı gün sonra digər təşkilatlar da çağırış etdilər. Onlara əvvəlcədən xəbərdar etmişdik ki, gec-tez çağırış edəcəklər. Çünki ictimai rəy bunu tələb edir. Xalq küçələrdədir, etiraz edir. Bu etiraz təkcə sosial şəbəkələrdə paylaşım etmək, yaxud pankartlar asmaqla kifayətlənmir. Gərək, meydanlara çıxaq. Təklif edirlər ki, Avropada keçirək. Orda da olsun, amma bu məsələ küçələrdə, xalqın gücü ilə həll olunacaq. Odur ki, digər təşkilatların çağırışını dəstəkləyirik. Biz onlara da qoşulacağıq. Avqustun 24-də və 27-də meydanlarda olacağıq. Bu, bir günlə həll oluna bilən məsələ deyil”. Urmu gölünün xilasına nail olana kimi hər gün aksiya keçirilməli olduğunu deyən partiya sədri bildirib ki, bəzi qüvvələr onların işinə mane olur: “Rejimə təzyiq etməliyik. Bu, bir savaşdır. Digər təşkilatlar yaxşı olardı, bizdən bir ay sonraya təyin edəydilər. Ya da bizim təyin etdiyimiz tarixə qoşulub, birgə etiraz aksiyası keçirəydik. Lakin onlar birlik istəmir, irançı cərəyanlardır. Məqsədləri İran daxilində müəyyən hüquqlar əldə etməkdir. Lakin Urmu gölü ilə bağlı etiraz aksiyası keçirmək istəkləri xeyirli əməldir. Azərbaycan ruhlu təşkilat olmasalar da, biz Urmu gölünə görə onları dəstəkləyirik”. Qeyd edək ki, Urmu gölünün qurudulmasına etiraz olaraq bir sıra Azərbaycan təşkilatları avqustun 27-də, İstiqlal Partiyası isə avqustun 24-də Güney Azərbaycanın əksər şəhərlərində etiraz aksiyası keçirəcək.

Azərbaycan səhiyyəsi: Müasir tariximizin qara səhifəsi

Tanınmış jurnalist Sevinc Vaqifqızı Azərbaycanın bərbad səhiyyəsi haqqında ürək dağlayan hadisə paylaşıb.  Sozcu.az həmin yazını təqdim edir:  Səhiyyə sisteminin girov saxlanılan xəstələri  Atamın halı pisləşəndə Şəkidə idik. Dəhlizdən keçəndə nəfəs alarkən xırıldadığını eşitdim və otağına keçəndə dedi, "deyəsən şəkərim qalxıb". Təcili yardıma zəng etdim ki, maşın göndərsinlər, atam şəkərinin qalxmağından şübhələnir. Dedilər ki, bizdə şəkər aparatı yoxdur. "Maşın göndərsək, çox gec olacaq. Elə oradan taksi tapıb özünüz xəstəxanaya gətirin".  Atamın ürəyində problem yarandığından şübhələndim. Taksinin arxa oturacağına uzatdım ki, infarkt keçiribsə, tərpənməməlidir. Şəkidə tikilən yeni klinikaya apardıq. Nəfəs darlığı var, saturasiyası 81 olub, amma növbətçi həkimlər yerindən tərpənmir. Muzeydə eksponata baxan kimi oturub xəstəyə baxırlar.  "Vəziyyəti ağırdır, bəlkə bir tədbir görəsiniz" deyirəm, heç kim yerindən qalxmır. Axırda rentgenə apardılar, məlum oldu ki, aparatları işləmir. Dedilər, 20 dəqiqə sonra gəlin. Baş həkimin yanına qalxdım. O da aşağı, təcili yardıma zəng edib dedi ki, "elə eləyəcəksiniz axırda təcili yardımı bağlayacam. Xəstənin yiyəsi niyə yuxarı qalxıb mənə şikayət etməlidir? Niyə xəstəyə baxmırsınız? Orada kimin növbəsidir? (Kiminsə adı çəkilir) Həə, aydındır, deyirəm axı, hər şey onun növbəsində olur". Telefonu yerə qoyandan sonra əlini boğazına aparıb,"bura qədər yığılmışam"-deyir. Elə bil işini bilməyən əməkdaşlarını işdən çıxarmaq onun səlahiyyətlərinə aid deyil.  Baş həkim dedi, "arxayın olun, düşün aşağı nə lazımdır edəcəklər". Atamı yenidən rentgen müayinəsinə apardılar. Məlum oldu ki, ikitərəfli pnevmaniyadır. Ürəyinin kardioqrammasın çıxardılar. Həkim baxıb dedi ki, "ürəyi qızılgül kimidir, heç nəyi yoxdur". Daha sonra öyrənəcəkdim ki, həkimin "qızılgül kimidir" dediyi vaxt əslində atam infarkt keçiribmiş.  Atamı burada saxlaya bilməzdik, Bakıya aparmağa qərar verdik. Şəkidəki xəstəxanadan dedilər ki, bizim təcili yardım maşınlarında olan oksigen aparatı 1-2 saatlıqdır, uzun yol üçün nəzərdə tutulmayıb. Məcbur qalıb ən yaxında olan Mingəçevirdən təcili yardım maşını çağırdıq. Atamı Baku Medical Plazanın Babək filialına gətirib çıxardıq. Burada xəstənin və xəstəxananın hüquq, öhdəlikləri ilə bağlı sənədləri imzalayandan sonra üçüncü bir sənəd gəldi. Orada yazılmışdı ki, "xəstəxanamızın xidmətlərindən narazı qaldığınız halda bunu heç bir sosial şəbəkə hesabında, KİV-də paylaşmayacaqsınız". Buna etiraz edib imzalamadım. Xəstəxananın rəhbərliyindən bir şəxs gəldi və soruşdu ki, niyə həmin sənədə qol çəkməmişəm. Bildirdim ki, bu, mənim ifadə azadlığıma müdaxilədir və heç kim mənə şikayətçi olduğum halda bunu bildirməyi qadağan edə bilməz. Üstəlik də bu, Konstitusiyaya ziddir. Rəhbər şəxs razılaşmadı və bildirdi ki, bu sənədi onların hüquqşünasları tərtib edib. Mən yenə imzalamayacağımı dedim, o da işçilərinə "gereyi nedirse, yapın" deyib, getdi. Daha sonra öyrəndim ki, atamı bu sənədi imzalamadığıma görə xəstəxanadan çıxarmaq istəyirmiş, amma ağıllı adamlarından birinin məsələyə qarışmasından sonra bunu etməyib.  Atam 13 gün bu xəstəxanada yatılı müalicə aldı. Ciyərinə yığılan suyun ürəyindən qaynaqlandığını dedilər. Mərkəzi Klinikada tanıdığımız kardioloqun müayinəsinə apardıq. İlk dəfə burada icbari sığorta xidmətindən istifadə edə bildik. Baku Medical Plazanın İcbari Tibbi Sığorta ilə müqaviləsi olmadığına görə heç bir güzəştdən istifadə etmək mümkün deyildi, üstəlik də xəstəxananın günlük xərcləri fantastik idi. Ürəyinin müayinəsindən sonra həkimlər ümidsiz idi. Nəzarətsiz şəkəri damarlarını tıxamışdı. Nə stend qoyulmalı, nə də açıq ürək əməliyyatına salınacaq vəziyyətdə idi. Bir ümid vardı ki, özünü toparlasın, daha sonra MRT vasitəsilə sağlam toxuma tapılsa, ürək əməliyyatına girsin.   Məsləhət gördülər ki, atam Yeni Klinikada 4-5 gün yatılı müalicə alsın və daha sonra MRT edilsin. Yeni Klinikaya gedəndə anamgilə deyiblər ki, reanimasiyada yer yoxdur. Çətinliklə nəfəs alan atama da qol çəkdiriblər ki, öz xoşu ilə burada müalicə almaqdan imtina edir.  Mərkəzi Klinikada çalışan həkimi məsləhət gördü ki, onun tanıdığı həkim 5 nömrəli xəstəxanada çalışır və atamı ona etibar edə bilərik. Yeni Klinika atamı yerləşdirməkdən imtina etdi deyə evə gətirdik. Buradan təcili yardımla 5 nömrəli xəstəxanaya aparılması üçün 103-ə zəng elədim. 45 dəqiqə ərzində heç kim gəlmədi. Operator deyirdi ki, bütün həkimlərimiz çağırışdadır, ona görə gözləyək. Hər dəfə zəng edəndə "atam kəskin ürək çatışmazlığından əziyyət çəkir, xahiş edirəm, nəzərə alın" deyirdim. O da "narahat olmayın, həkimlər gələn kimi göndərəcəyik" deyirdilər. Qohumlarımızdan iki nəfər "təcili yardım elə yaxınlıqdadır" deyib əraziyə getdilər. Gedib görüblər ki, otaqdan həkimlər çıxır, qapıda da 3 təcili yardım maşını var. Aydın olur ki, həkimlər çağırışda deyil, otaqlarında dincəlirmiş. Amma mən hər dəfə telefonda onlara deyirdim ki, "atam kəskin ürək çatışmazlığından əziyyət çəkir".  Nəticədə təcili yardım özü gəlməkdən, qohumlarımız onları götürüb gəldi. 44 dərəcə isti və təcili yardımda havalandırma sistemi yoxdur. Qan-tər içində 5 nömrəli xəstəxanaya çatdıq. Elə ayağımızı liftə atan kimi məlum oldu ki, lifti hərəkətə gətirmək üçün açarlar ancaq həkimlərdədir və yuxarı qalxmaq üçün onlara 1 manat vermək lazımdır. Atamı reanimasiyaya yerləşdirdik və öz həkimlərinin yazdığı reseptləri, dərmanları da onlara verdik ki, bu dərmanları vaxtlı vaxtında ona versinlər. Növbəti gün anam atamı görməyə gələndə görüb ki, əyni-başı su içində, kondinsioneri söndürüblər və 44 dərəcə istidə bir neçə nəfərlik otaqda nəfəs darlığı yaşayır. Həmin gün üçün təyin olunan dərmanlarını da verməyiblər. Gəlib atamı xəstəxanadan çıxarmaq istəyəndə qarşıma bir sənəd qoydular. Öz xoşumla xəstəni xəstəxanadan çıxardığımı yazdım. Şikayətim nədəndir hissəsinə, "həkimlərdən şikayətim var" qeydini qoydum. Həkim etiraz etdi ki, əgər bu yazdığım şikayəti dəyişməsəm, xəstəni xəstəxanadan çıxara bilmərəm. Mən də dedim, dünən həkim bacımdan rüşvət istəyib, nəfəs darlığı yaşayan, ikitərəfli pnevmaniyası olan adamın əyni su içində, paltarı dəyişdirilməyib, dərmanları verilməyib, həkimlərdən niyə razı qalmalıyam? İsrar etdi ki, "şəraitdən narazıyam, həkimlərdən yox" yazım, yoxsa xəstəni buradan çıxara bilmərəm. Mən də dedim ki, xəstəni çıxarıram, kimin hünəri var, qarşıma çıxıb desin ki, çıxara bilməzsən. Atamı xəstəxanadan çıxardım və Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirdik. 17 günlük mücadiləsindən sonra atamın ürəyi dayandı. Amma 5 nömrəli xəstəxananın həkimləri hələ də tanıdığımız bir həkim vasitəsilə bizə söz göndərirlər ki, "ona deyin, gəlsin şikayətini geri götürsün".  5 nömrəli xəstəxanada anamdan 20 manat istəyən həkimə o, 50 manat vermişdi. Demişdi ki, "siz bilsəniz ki, mənim yoldaşım necə gözəl insandır, qoymazsınız ona nəsə olsun". Amma dəyəri pul olan həkim üçün bu sözlər heç nəyi ifadə etmirdi.

"Yaxın günlərdə Ukrayna xalqı Krımda işğalçıların necə məhv ediləcəklərini görəcək"

Yaxın günlərdə Ukrayna xalqı Krımda işğalçıların necə məhv ediləcəklərini görəcək. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib. “Təəssüf ki, Krımın işğaldan azad olunmasından qorxanlar var, amma əksər insanlar bunu gözləyir. Və o insanlara ümidlərinin boşa getmədiyini göstərmək üçün əminlik vermək lazımdır”, - Budanov bildirib.

Krım tezliklə hərbi yolla azad ediləcək - Danilov

Krımı tezliklə hərbi yolla azad edəcəyik. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib. “Biz onu azad edəcəyik. İşğalçı ölkə ərazimizi tərk etməli olduğunu başa düşməsə, bu, hərbi yolla baş verəcək. Başqa variantımız yoxdur”, - Danilov bildirib.

Prezidentlərin təkbətək görüşü keçirildi

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev ilə təkbətək görüşü başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. *** Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub.

Ağsuda dağlıq ərazidə yanğın başladı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ağsu rayonu, Girdə kəndi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub. FHN-dən Sozcu.az-a bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

“Azərpoçt” qazansın deyə, bu gün Astaranın 15 bələdiyyəsi niyə iflic vəziyyətə düşməlidir? CİDDİ SİQNAL

“Azərpoçt” qazansın deyə, bu gün Astaranın 15 bələdiyyəsi niyə iflic vəziyyətə düşməlidir? CİDDİ SİQNAL  Azərpoçt” ASC-nin apardığı regional idarəetmə siyasəti nəticəsində ASC-nin Astara filialı bağlandı. Bizə bildirdilər ki, Lənkəran filalında bələdiyyələrin yeni hesabı açılmalıdır. Baxmayaraq ki, bələdiyyələrin bütün məlumatları Astara filalında var idi,  1-ci əsrdə bu hesabları Lənkəran filalına keçirmək üçün bir neçə dəqiqə kifayət idi. Amma “Azərpoçt” bunu etmədi. Hesab açmaq üçün Dövlət Vergi Xidmətindən "şəhadətnamə dublikat" almaq üçün müraciət etmək lazım idi. Əksər bələdiyyələrin DSMF və vergi borcu olduğu üçün Dövlət Vergi Xidmətindən "şəhadatnamə dublikat" üçün müraciət etmək mümkün olmayıb. Lakin Dövlət Vergi Xidmətinə məktubla müraciət etdik. Sağ olsunlar , vergi borclarını ödəmədən bələdiyyələrə bu imkan verildi. Yeni hesabları açdıq. İndi 3 aydan çox vaxt üstündən keçməsinə rəğmən “Azərpoçt”un Lənkəran filalı hesabımızı aktiv edə bilmir. 4 aydan artıqdır ki, biz bələdiyyə olaraq "Azərpoçt"un yarıtmazlığı ucbatından hesablarımızdan heç bir əməliyyat apara bilmirik.   Həm də hesabdan əlavə keçmiş əmək haqqı kartları da ləğv olunur. Yeni əmək haqqı kartı da əlavə ödəniş tələb edir. “Azərpoçt” qazansın deyə, bu gün Astaranı 15 bələdiyyəsi iflic vəziyyətə düşüb.  Bugün düyünə düşmüş bu məsələnin həllinə çalışmaq lazımdır. Rüfət Əliyev Astara rayonu Homoşam bələdiyyəsinin sədri  P.S. Məsələ ilə əlaqədar Azərbaycan Milli Bələdiyyə Assosiasiyalarına və “Bələdiyyələrin onlayn xidmət” mərkəzinə müraciət etdik. Qurumlardan bildirdilər ki, məsələdən məlumatlıdırlar və bununla bağlı “Azərpoçt”un rəhbərliyi ilə əlaqə saxlanılıb. “Azərpoçt rəhbərliyi tərəfindən məsələnin tezliklə bələdiyyələr üçün “itkisiz” həll ediləcəyi bildirilib.

Arayikin tərəfdarları “parlament”ə niyə silahlı hücum etdi? – Yeni komandanlıq yaradılır...

“Bu gün Qarabağ separatçıları üçün çıxış yolu və alternativlər çox deyil. Bu baxımdan, qondarma qurumun “başçı” seçimi çox məhduddur”. Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Natiq Miri deyib. Analitik Qarabağ separatçılarının Laçın yolunun bağlanması fonunda Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolu ilə bölgəyə daşınması planlaşdırılan humanitar yüklərlə bağlı onların Bərdəyə gələcəkləri barədə səslənən iddialara toxunub. Xatırladaq ki, bu iddia ilə Ermənistanın “Past İnfo” nəşri çıxış edib. Erməni nəşri Bərdədə yeni bir görüşün keçirilməsi ehtimalını istisna etməyib. N. Miriyə görə isə məsələnin ikinci tərəfi budur ki, A. Arutyunyanı tənqid edən, hətta onu təhqir edib söyən alternativ qüvvələr mövcuddur ki, bunlardan birinin başında dayanan elə Ruben Vardanyanın özüdür: “Ruben Vardanyanın özü ayrılıqda bir gücdür. Bundan başqa, Qarabağda digər güc şəbəkələri var ki, burada da ayrı-ayrılıqda hər şəbəkəyə məxsus silahlı qruplaşmalar mövcuddur. Bu da bölgədə fikir ayrılığı ilə bərabər, həm də Xankəndidə yaxın perspektivdə vətəndaş qarşıdurması təhlükəsini ortaya qoyur. Məhz bunun nəticəsidir ki, Arayik Arutyunyanı tənqid edən, onun “istefa”sini tələb edən “deputatlar”a qarşı dünən Arayik Arutyunyanın tərəfdarı olan silahlı birliklər “parlament”ə hücum edib. Bu, artıq sözü deyil, əksinə, gücün dili ilə danışıqların dövriyyəyə girdiyini göstərir. Eləcə də belə başıpozuq qüvvələr Qarabağdakı digər güclərdə də mövcuddur”. Onun fikrincə, A. Arutyunyan anlayıb ki, özünü və “hakimiyyəti”ni qorumaq üçün mütləq mənada güc nümayiş etdirməlidir: “Bununla bağlı yeni “silahlı qüvvələr komandanlığı” yaradılıb ki, bu da birbaşa Araik Arutyunyanı qorumaq və onun maraqlarını təmin etmək üçün yaradılan bir hərbi gücdür. Bu kontekstdə Araik və ətrafı Qarabağdakı “müxalif qüvvələr”i güclə susdurmaq və bundan sonra Azərbaycanla dialoqa getmək perspektivini ortaya qoymaq istəyirlər. Bu baxımdan, Bərdə danışıqlarının baş verməsi ehtimalı yüksəkdir. Əgər Bərdə danışıqlarına qədər Qarabağın daxilində hər hansı bir silahlı qarşıdurma və “vətəndaş müharibəsi” olmasa, düşünürəm ki, belə bir danışıqların baş tutması tam mümkün sayıla bilər. Çünki başqa alternativ yoxdur. Eləcə də müəyyən zaman keçəndən sonra Araik Arutyunyan əhalini çatışmayan ərzaqlarla təmin etmək məcburiyyəti ilə üzləşəcək”. Siyasi təhlilçi hesab edir ki, onların başqa alternativi yoxdur: “Yeganə alternativ rəsmi Bakının təklif etdiyi ərzaq təchizatının təminatı olan yollardır. Qısası, istər Araik Aruttyunyan, istərsə də digəri olsun, onlar bu təklifə getmək məcburiyyətindədir. Hesab edirəm ki, burada, həmçinin Rusiya məsələsi də var. Rusiya indiki vəziyyətdə bu danışıqların baş tutmasında maraqlı kimi görünür. Çünki ərzaq təchizatının olmaması indiki vəziyyətdə bölgədəki rus hərbi kontingentini də pis vəziyyətdə qoyur”. O, əlavə edib ki, biz paralel olaraq Rusiya vətəndaşlarının Qarabağın dağlıq hissəsindən çıxarılması məsələsini də diqqətə gətirməliyik: “Bunların hamısı, bir tərəfdən, separatçı rejimin “rəhbərliyi”, digər tərəfdən isə Rusiya sülhməramlılarının razılığı çərçivəsində baş verib. Çünki Qarabağı tərk edənlərin əksəriyyəti Rusiya pasportu daşıyanlardır. Deməli, bu prosesin gerçəkliyini həm Kreml, həm də Xankəndidəki qondarma qurum nümayəndələri anlamağa başlayıb. Ona görə də ortada hərbi qarşıdurma və “vətəndaş müharibəsi” potensialı olmasa, Bərdədəki görüşlərin baş tutması realdır”.

Hərbçimiz yaralandı: Ordumuz tədbir görür

Ermənistan tərəfinin törətdiyi təxribat zamanı Azərbaycan Ordusunun hərbi qulluqçusu İsmət Ramiz oğlu Nəzərov qarşı tərəfdən açılan atəşin rikoşet etməsi nəticəsində yüngül yaralanıb. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Yaralı hərbi qulluqçumuza dərhal ilkin tibbi yardım göstərilib və o, hərbi tibb müəssisəsinə təxliyə edilib. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülür. Bildiririk ki, qarşı tərəfin törətdiyi təxribatların nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Xocavənddə tələ-minalar aşkarlandı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən icra edilən minatəmizləmə əməliyyatları zamanı Xocavənd rayonunun Bulutan kəndi ərazisində tərk edilmiş yaşayış evlərində əldəqayırma( improvizə edilmiş) partlayıcı qurğular aşkar olunub. ANAMA-dan Sozcu.az-a verilən məlumata görə, bir yaşayış evinə birləşik təsərrüfat tikilisində odun qalağının arasında 1 ədəd PQ-7L raketinin döyüş başlığı, üzərinə qəlpə köynəyi qismində atıcı silah patronlarının yapışqan lent vasitəsilə bağlanması və əl qumbarası partladıcısının təzyiqdən boşalma prisipi ilə quraşdırılması ilə hazırlanmış sürpriz partlayıcı qurğu aşkarlanıb: "Eyni zamanda, bir evin qarşısında altına bağlamada F-1 modelli əl qumbaraları yerləşdirilmiş PMN-Э minası, bir məhlə arası keçiddəki çoxillik ağacın koğuşunda dəmir qutunun içərisinə kustar üsulla hazırlanmış, geniş radiusda qəlpələnmə yaradılması məqsədilə mismarlarla gücləndirilmiş, MUV tipli partladıcı ilə təchiz edilmiş, 3 ədəd birbirinə bağlı VOQ-17 silah qumbarasından ibarət əldəqayırma partlayıcı qurğu aşkar edilib. Əlavə olaraq bir həyətdəki təndirxananın girişinin üstündə plastik boruda gizlədilmiş MUV tipli partladıcı ilə quraşdırılmış RQ-42 əl qumbarası ilə POMZ-2M minasının birləşdirilməsindən hazırlanmış tələ qurğu, habelə kəndarası əsas yol yaxınlığındakı bir ot damında tələ məftilinin bir ucu götürülərkən minanı işə salması üçün dəmir yanacaq qabına bağlanmış halda, OZM-72 modelli tullanaraq havada qəlpələnən piyada əleyhinə mina aşkarlanıb". Qeyd edilib ki, əvvələr bu ərazilərdə etnik erməni əhalisi məskunlaşıb: "Aşkar olunan tələ-minaları ərazini tərk edərkən bu yerlərdə qəsdən yerləşdirilib. İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən aparılan davamlı qeyri-texniki və texniki tədqiqat, eləcə də minatəmizləmə əməliyyatları nəticəsində keçmiş təmas xətti ərazilərindən kənardakı mülki təyinatlı sahələrin ciddi şəkildə minalanması müəyyən olunub. Düşmən tərəfindən məhz mülki təyinatlı ərazilərdə quraşdırılmış, sürpriz formaya salınmış bu kimi qurğular yüksək və ölümcül partlayış törətmək məqsədi daşıyaraq dinc əhaliyə qarşı hədəflənmiş terrordur. Belə ki, müharibədən sonrakı dövr ərzində keçmiş təmas xəttindən kənar yerləşən ərazilərdə baş verən mina hadisələri zamanı 217 vətəndaşımız mina qurbanına çevrilib. Laçın rayonunun Suarası, Güləbird kəndləri, Şuşa rayonunun Daşaltı, Cəbrayıl rayonunun Nüzgar, Mehdili, Zəngilan rayonunun Bartaz, Xocalı rayonunun Sığnaq, Qubadlı rayonunun Xanlıq kəndi, Ağdam rayonunun Yusifcanlı, Şahbulaq, Tərtər rayonunun Suqovuşan, Füzuli rayonunun Yuxarı Veysəlli, Yağlıvənd kəndlərində baş vermiş mina hadisələri əvvəllər təmas xətti deyilən ərazilərdən kənarda baş verib. İşğaldan azad edilmiş ərazilərin kütləvi şəkildə minalarla çirkləndirilməsi, ölümcül partlayış törətmək məqsədilə sürpriz minaların aşkar olunması icra edilən genişmiqyaslı bərpa və yenidənqurma planlarının həyata keçirilməsi, keçmiş məcburi köçkünlərin geri qayıdışına ciddi şəkildə maneə yaradır. Bütün bu kimi faktlar bir daha Ermənistanın mülki əhaliyə qarşı məkrli niyyətinin göstəricisi, insanlıq əleyhinə törədilən cinayətidir. ANAMA bir daha vətəndaşlara müraciət edərək bildirir ki, bələd olmadıqları ərazilərə daxil olmasınlar, şübhəli əşyalara toxunmasınlar".

Mirziyoyev Azərbaycana niyə gəlir? - Şuşa və Füzuliyə də gedəcək...

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev avqustun 22-də Azərbaycana dövlət səfərinə yola düşüb. Sozcu.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, dövlət səfəri Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilir. Səfər çərçivəsində iki ölkə liderlərinin iştirakı ilə yüksək səviyyəli danışıqlar və digər tədbirlər keçiriləcək. Görüşlər zamanı Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi və prioritet istiqamətlər üzrə praktiki əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq. Məlumatda bildirilir ki, Mirziyoyev Şuşa və Füzuliyə səfər edəcək. Danışıqların sonunda ikitərəfli sazişlərin imzalanması planlaşdırılır. Mirziyoyevin Azərbaycana səfəri 2 gün davam edəcək və avqustun 23-də başa çatacaq.

Sumqayıtda idman müəllimi həbs edildi - Səbəb

Ötən gün Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin müəllimi Ceyhun Əliyev həbs edilib. Sozcu.az Bakipost.az-a istinadən xəbər verir ki, məşqçi yeniyetmə qıza seksual xarakterli əmələ görə cinayət məsuliyyətinə cəlb edilib. Zərərçəkənin ailə üzvlərinin verdiyi məlumata görə, C.Əliyev Cinayət Məcəlləsinin 152.3-cü (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılıb. Onun barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə istintaq dövrü müddətində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Qanunsuz erməni silahlı dəstələrinin 30-dək texniki müşahidə vasitəsi sıradan çıxarılıb

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat fəaliyyətlərini həyata keçirmək məqsədilə Qarabağ iqtisadi rayonunda təminat yolları və döyüş mövqelərimizə yaxın ərazilərdə texniki müşahidə və dinləmə vasitələri quraşdırıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. "Hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin edilməsi məqsədilə avqustun 21-də görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus 30-dək texniki müşahidə və dinləmə vasitəsi sıradan çıxarılıb. Bölmələrimiz tərəfindən bu istiqamətdə fəaliyyətlər davam etdirilir", - məlumatda qeyd edilib.

Ukrayna Zaporojye vilayətində irəlilədi

Ukrayna Silahlı Qüvvələri (SQ) Zaporojye vilayətinin Rabotino bölgəsində irəliləyib.  Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna SQ Baş Qərargahı məlumat yayıb.  Bildirilib ki, ordu bölmələri Rabotino istiqamətində işğaldan azad olunmuş mövqelərdə möhkəmlənirlər.  Həmçinin əlavə olunub ki, Ukrayna ordusu Rabotino bölgəsinin şimal hissəsində dayaq mövqelərini qurmaqla yanaşı, qonşu Verbovoye bölgəsində də irəliləyib. 

Hitlerin evi polis idarəsinə çevriləcək

Adolf Hitlerin Avstriyadakı evi polis idarəsinə çevriləcək. Sozcu.az APA-ya istinadən bildirir ki, bu barədə Avstriya hökuməti qərar verib. Almaniya ilə sərhəddəki Braunau şəhərində yerləşən binada oktyabrın 2-də təmir başlayacaq. 2026-cı ildə isə binaya polis əməkdaşları və hüquq müdafiəşiləri köçürüləcək. Binanın təyinatının dəyişdirilməsi uzun illərdir müzakirə olunsa da, vəsait çatışmazlığına görə təxirə salınırdı. İndi hökumət bu iş üçün 20 milyon avro ayırıb. Təmirdən sonra tikilidə Hitlerlə bağlı heç bir nişanə saxlanmayacaq. Məqsəd ifrat sağçı və neofaşistlər arasında Hitlerə pərəstişi aradan qaldırmaqdır. Qeyd edək ki, Adolf Hitler sözügedən binada 20 aprel 1889-cu ildə anadan olub və uşaqlıq illərini keçirib.

Çayın bilinməyən ZƏRƏRLƏRİ

Çay ən çox yayılmış içkilərdən biridir. Bununla belə, həddindən artıq çay istehlakı orqanizmə mənfi təsir göstərə bilər. Mütəxəssislər çayın müxtəlif zərərlərini açıqlayıblar. Sozcu.az lent.az-a istinadən bildirir ki, həkimlərin fikrincə, çay məhdud miqdarda istifadə edilməlidir. Çayın həddindən artıq istehlakı insan sağlamlığına mənfi təsir göstərə bilər. İçkinin tərkibindəki flavonoidlər dəmirin qidadan, xüsusən də bitki qaynaqlarından udulmasına mane ola bilər. Qırmızı çaya xüsusi diqqət yetirilir. Tərkibində yüksək miqdarda kofein var, buna görə də müntəzəm istehlak bədənə, o cümlədən ürək və qan damarlarına ciddi zərər verə bilər.

"Beşiktaş"dan Ramos və Taliska açıqlaması

"Beşiktaş" Serxio Ramos və Anderson Taliskanın mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Sozcu.az xəbər verir ki, klub rəsmi saytı vasitəsi ilə yaydığı açıqlama hər iki oyunçu ilə danışıqlar apardığını təsdiqləyib. Ancaq onlarla maddi məsələlərdə razılıq əldə olunmadığı vurğulanıb. Qeyd edək ki, S.Ramos hazırda azad agentdir, Taliska isə "Əl-Nəsr"də oynayır.

Yardımlıda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var

Yardımlı rayonunda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var. Hadisə avqustun 21-də rayonun Abidinli kəndi ərazisində qeydə alınıb. Belə ki, həmin kənd sakini, 1966-cı il təvəllüdlü İlqar Əhmədağa oğlu Zeynalov idarə etdiyi UAZ markalı minik avtomobili ilə örüş sahəsində hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra nəqliyyat vasitəsi dərəyə düşüb. Hadisə nəticəsində avtomobildə olan sərnişinlər, sürücünün həmkəndliləri - Seymur Elxan oğlu Zeynallı və İsmət Etibar oğlu Zeynallı xəsarət alıblar. Sürücü İ.Zeynalov isə aldığı xəsarətlərdən xəstəxanada ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

Baş separatçı Araik Ağdam yolu ilə Xankəndinə ərzaq aparmağa hazırlaşır...- "Pastİnfo"

"...Bu komanda yaxın günlərdə, sabah və ya biri gün Azərbaycan tərəfi ilə görüşə getməyə hazırlaşır. Çox güman ki, görüş Azərbaycanın Bərdə şəhərində baş tutacaq..." Baş separatçı Araik Arutyunyan yaxın günlərdə Ağdam-Xankəndi yolu ilə Yuxarı Qarabağın haykların məskunlaşdırıldığı hissəsinə ərzaq idxal etməyə hazırlaşır. Bu prosesdə onu "səhra komandiri" Karen Matevosyanın rəhbərlik etdiyi qondarma “milis” –“xalq müdafiə dəstəsi” dəstəkləyir. Sozcu.az xəbər verir ki, “PastInfo”-nun Xankəndindəki mənbələrinə istinadla yaydığı məlumata görə, bu qərarla razılaşmayanların hamısı 44 günlük müharibədən dərhal sonra Arutyunyanın özü tərəfindən uzaq hədəfləri olan gündəlik savaş üçün yaradılan və silahlandırılan Karen Matevosyanın rəhbərlik etdiyi qondarma “milis” üzvləri tərəfindən qorxudulur və döyülür.  “Artıq onların vaxtı çatıb. Artıq aydın olduğu kimi, Artsax hakimiyyəti qəti addımlar atmağa hazırlaşır, ona görə də qondarma “hərbi qüvvələr” hazır vəziyyətdədir. Dünəndən etibarən Artsaxın bütün fəal xalqı öz narahatlığını ifadə edib. “Facebook”a və ya sosial şəbəkələrə istifadəçilər tərəfindən susmaqla hədələnmələri haqda silsilə mesajlar daxil olub.”Mən tabe olmamışam, məni döyüblər. Karen Matevosyan bu gün “Facebook”da canlı yayımda hər kəsə xəbərdarlıq edib ki, təhdidlər dayanmayacaq”-istifadəçilər  belə yazıb.  Erməni nəşri yazır ki, vəziyyətdən çıxış üçün iki yol var: ya Arayik Arutyunyan dərhal istefa verməlidir, ya da Ağdam  vasitəsilə Qarabağdakı hayklara ərzaq çatdırılacaq. “Arutyunyan istefa vermək fikrində deyil, ona görə də Ağdam vasitəsilə ərzaq gətirilməsi məsələsi gündəmdədir. O, yaxın günlərdə həyata keçirilməlidir”, - deyə məlumatda bildirilir.  “Artsaxda hökumətyönlü komanda yaradılıb və bu komanda yaxın günlərdə, sabah və ya biri gün Azərbaycan tərəfi ilə görüşə getməyə hazırlaşır. Çox güman ki, görüş Azərbaycanın Bərdə şəhərində baş tutacaq. Bütün bunların reallaşması üçün Arayik Arutyunyan sərt tədbirlərə, Artsaxda zorakılığa əl atmaq qərarına gəlib. Artsaxda onlar çox ciddi qorxurlar ki, əgər Arutyunyan ən azı bir dəfə "Ağdam vasitəsilə ərzaq idxal etməyi bacarır” desə, qalan vaxtda bu proses heç bir maneəsiz həyata keçiriləcək. Arutyunyan bu müqaviməti qıra biləcək və bundan sonra onu Paşinyanın planını həyata keçirmiş hesab etmək olar”,- deyə xəbərdə vurğulanır. 

Hakan Fidan İraqa səfərə gedir

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün, avqustun 22-də İraqa səfərə gedəcək. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, H.Fidan paytaxt Bağdad və Ərbildə bir sıra rəsmi görüşlər keçirəcək. Səfər çərçivəsində İraqla ikitərəfli əməkdaşlıq, həmçinin regional məsələlər müzakirə olunacaq. Üç gün davam edəcək səfər avqustun 24-də başa çatacaq.

İranda yeni növ narkotikdən istifadə kəskin artdı

İranda, xüsusən, yeniyetmələr və gənclər arasında yeni növ narkotik maddə olan “Keptaqon” həblərinin istifadəsi geniş yayılıb. Sozcu.az xəbər verir ki, bu barədə Narkotiklərlə Mübarizə Polisinin keçmiş rəisi Məhəmməd Məsud Zahidian açıqlama verib. İrandan olan mənbələr bildiriblər ki, etiraz aksiyalarını yatırmaq üçün göndərilən məmurlara qəddarlaşmaları və daha da aqressivləşmələri üçün “Keptaqon” verilir.

İrandan 29 kq narkotik gətirilməsinin qarşısı alındı

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 29 kiloqram 455 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə Sozcu.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində avqust ayının 20-də saat 12:15-də Yardımlı rayonu, Ləzran kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində ümumi çəkisi 5 kiloqram 15 qram narkotik vasitə (2 kq 430 qram marixuana, 2 kq 585 qram tiryək) və saat 13:10-da Cəlilabad rayonu, Edişə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində ümumi çəkisi 24 kiloqram 440 qram narkotik vasitə (13 kq 760 qram marixuana, 7 kq 870 qram heroin, 1 kq 815 qram tiryək, 995 qram metamfetamin) aşkar olunaraq götürülüb. Hər iki fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Sosial müavinət alanların nəzərinə!

Avqustun 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Sozcu.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Ödənişlər Fond tərəfindən ödəniləcək.