İlham Əliyev və xanımı Laçına getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Laçın rayonuna səfər ediblər. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev “AzərEnerji” ASC-nin “Mişni” və “Alxaslı” kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib. Dövlətimizin başçısı və birinci xanım Laçın Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar. Prezident İlham Əliyev Kəlbəcər–Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində həyata keçirilən işlərlə tanış olub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməlqoyma mərasimində, Laçın rayonunun sənaye zonasında mebel fabrikinin açılışında iştirak edib, prefabrik modul evlərin istehsalı müəssisəsinin və xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinin fəaliyyəti ilə tanış olub, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra və “Həkəri Balıq Təsərrüfatı”nın açılışlarında iştirak ediblər.

Ordumuz Sərsəngi nəzarətə götürməlidir - Politoloq

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Su Ehtiyatları Agentliyinin işğal altındakı Sərsəng su anbarıyla bağlı yaydığı birgə bəyanat Qarabağın əsas su ehtiyatı mənbəyinin azad olunması məsələsini aktuallaşdırıb. Sozcu.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. “Bəyanatda da vurğulandığı kimi, su anbarı Ermənistan və onun himayə etdiyi qüvvələr tərəfindən məqsədyönlü şəkildə ekoloji və sosial-iqtisadi terror vasitəsi kimi istifadə olunur. Separatçılar və onları himayə edənlər söz eşitmirlərsə, demək, məsələnin güc yoluyla həllinə üstünlük verməliyik. Əlbəttə, erməni separatçıları və Ermənistan hakimiyyəti yenə haray-həşir salacaq, məsələni BMT müstəvisinə çıxarmağa çalışacaqlar. Avropa Şurası Parlament Assambleyasının 2016-cı ilin yanvar ayında Sərsəng su anbarıyla bağlı qəbul etdiyi qətnamə bizə məsələni istədiyimiz şəkildə həllinə geniş manevr imkanı yaradır. İnsanlarımızı azad olunmuş bölgələrə köçürürük, kənd təssəərrüfatı çalışmalarında suya ehtiyac yaranacaq. Bu səbəbdən də su tutumu 560 milyon kubmetr olan Sərsəng su anbarının nəzarətimizə keçməsinin əhəmiyyəti böyükdür”, - o bildirib.

Jurnalistlər üçün tikilmiş binadakı mənzillər şəhid ailələrinə və müharibə veteranlarına veriləcək - RƏSMİ

Uzun müddətdir ki, sosial şəbəkələrdə müzakirə olunan “Jurnalistlər evi”nin taleyinə aydınlıq gəlib. Sozcu.az xəbər verir ki, məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı məlumat yayıb. Məlumatda deyilir: “Medianın çoxsaylı sorğularına cavab olaraq bildiririk ki, Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu 20 ünvanında yerləşən 255 mənzilli binadakı mənzillərin ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələrinə və həmin döyüşlərdə yaralanaraq əlilliyi müəyyən olunmuş igid Vətən övladlarının mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün istifadə edilməsi nəzərdə tutulub”. Qeyd edək ki, adı çəkilən ünvanda jurnalistlər üçün 3 bina inşa edilmişdi. Onlardan ikisi əvvəlki illərdə jurnalistlər arasında bölüşdürülmüşdü. Üçüncü ev isə artıq 2 il idi ki, hazır vəziyyətdə qalmışdı.

Türkiyə yenidən silkələndi

Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb. Bildirilib ki, vilayətin Elbistan rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.5 ballıq maqnituda ilə qiymətləndirilib. Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Ermənistan KİV: "Nikol Paşinyan rus sülhməramlılarını bölgədən çıxarmaq, onlardan xilas olmaq istəyir”

“Ermənistanın baş naziri Nikol Paşinyan rus sülhməramlılarını bölgədən çıxarmaq, onlardan xilas olmaq istəyir”. Bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb. Bildirilib ki, o, dünən hökumətin iclasında Laçın dəhlizinin birtərəfli qaydada açılacağı, Qarabağa çıxışa icazə verilməsi barədə mötəbər mənbələrdən məlumat aldığını söyləyib: “Paşinyan bildirib ki, Qarabağa girməyə icazə verilməyəcək. Qarabağdakı mənbələrimizin sözlərinə görə, bu iddialar çoxdan var və birbaşa Paşinyanın sülhməramlılardan xilas olmasına xidmət edir”. Nəşrin yazdığına görə, Qarabağdakı sülhməramlılar da bu plandan xəbərdardırlar. Qəzetdə, həmçinin vurğulanıb ki, Paşinyan artıq siyasətlə məşğul olsa da, hələ də jurnalistlik fəaliyyətindən əl çəkməyib və mötəbər mənbələrdən məlumat alır. Xatırladaq ki, Ermənistan hökumət başçısı dünən, avqustun 24-də hökumətin iclasında Laçın yolunun birtərəfli qaydada açılacağı barədə iddialar səsləndirmişdi.

“Müharibə Rusiya ərazisinə keçir, qoy, savaşın nə demək olduğunu anlasınlar"

“Müharibə Rusiya ərazisinə keçir. Qoy, qarşı tərəf də müharibənin nə olduğunu başa düşsün”. Bunu Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oliksiy Danilov “Azadlıq” radiosuna müsahibəsində deyib. O bildirib ki, Moskva da savaşdan əziyyət çəkməlidir: “Ukraynalı uşaqlar, qadınlar və qocalar düşmən hücumlarına görə daim sığınacaqlarda yaşayırlar. Qoy, qarşı tərəf də Moskvada öz evlərində özlərini rahat hiss edə bilməsin”. O.Danilovun sözlərinə görə, bu, ədalətlidir: “Qarşı tərəfə daha çox təzyiq göstərilməlidir”. Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Bu ilin iyununda Ukrayna əks-hücum əməliyyatlarına start verib. Xatırladaq ki, son zamanlar Ukrayna Rusiya ərazisinə, o cümlədən, paytaxt Moskvaya intensiv zərbələr endirir.

Pentaqon: "Artıq "Vaqner" Ukraynadakı müharibədə aktor deyil"

"Artıq "Vaqner” xüsusi hərbi şirkətinin silahlıları Rusiyanın Ukraynaya qarşı müharibəsində aktor deyil”. Bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü general Patrik Rayder deyib. Onun sözlərinə görə, “Vaqner” Ukraynadakı müharibədə ciddi mənada rolunu itirib: “Onların effektivliyi azalıb”. Xatırladaq ki, avqustun 23-də “Vaqner”in rəhbəri Yevgeni Priqojinin içində olduğu təyyarə Tver vilayətində qəzaya uğrayıb. Qəza nəticəsində Priqojinin öldüyü təsdiqlənib. Bir çox ekspertin fikrincə, bundan sonra “Vaqner” parçalanacaq.

Cəlilabadda 22 yaşlı qadın itkin düşüb

Cəlilabad rayonunda 22 yaşlı qadın itkin düşüb. Moranlı kənd sakini, 2001-ci il təvəllüdlü Zəkirə Nadir qızı Mirzəyeva iyulun 5-də Cəlilabad şəhəri ərazisindən naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb. Qeyd edilib ki, itkin düşən zaman Z.Mirzəyevanın üzərində boz rəngli köynək və qara rəngli şalvar olub. Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur. Qeyd edək ki, Z.Mirzəyeva 2021-ci ildə də itkin düşmüşdü və bir müddət sonra polis əməkdaşları onu paytaxt ərazisində taparaq ailəsilə təhvil vermişdilər.

Bakıda gəlinini doğrayıb zibil qutusuna atan qayınatadan xəbər var

Ali Məhkəmədə Bakıda 32 yaşlı gəlinini qətlə yetirdikdən sonra meyitini hissələrə bölərək zibil qutusuna atan qayınata - İdris Məhərrəmov barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. Sozcu.az xəbər verir ki, Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürüb. Bu səbəbdən onun tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə qərar çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi İdris Məhərrəmovun apellyasiya şikayətini təmin etməyib. Ali Məhkəmədə onun şirkətinə baxılan zaman bildirilib ki, təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürüb. Xatırladaq ki, 2021-ci il yanvarın 27-də paytaxtın Nəsimi rayonu Ə.İsgəndərov küçəsində məişət tullantıları qutularında hissələrə ayrılmış 30-35 yaşlı qadın cəsədinin olması barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi”nə məlumat daxil olub. Araşdırmalarla məlum olub ki, 32 yaşlı Banı Məhərrəmova Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki yaşadıqları evdə qısqanclıq zəminində qayınatası, Babək rayon sakini İ.Məhərrəmov tərəfindən qətlə yetirilib. Daha sonra meyiti doğranaraq Nəsimi rayonunda yerləşən zibil qutusuna atılıb. İdris Məhərrəmov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə ittiham irəli sürülüb.pravda

“Atam məni heç vaxt sevmədi” - Aktrisa sirləri açdı

"Uşaqlıqdan atama qəlbən, ruhən küsmüş biriyəm. Amma uğurumu bütünlüklə atama borcluyam. Çünki öz ayağımın üstündə dayanma səbəbim, sadəcə atamın məni bircə dəfə qucaqlayıb "Səni çox istəyirəm, qızım. Yaxşı ki, sən mənim qızımsan” deməyi olub. O heç zaman mənə nəvaziş göstərməyib. Atam olub, amma olmayıb. Atalıq nədir ancaq anamda görmüşəm".  Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Zarina Qurbanova "Qapqara" proqramına müsahibəsində deyib. Atasından danışan sənətçi ondan gileylənib: "Amma son iki ildir ki, atamı bağışlamışam. Ona haqq verməyə başlamışam ki, o niyə məni heç zaman sevməyib. Heç sevməyib, dəstək olmayıb. Heç zaman arxamda dayanmayıb. Ondan sanki o sevgini "dilənmişəm". Aktrisa kimi qazandığım bu uğurları onun üçün etmişəm ki, o, görsün. Əslində, bir dəfə söylədi ki, “Oturmuşduq, hamı səndən danışırdı. Sən demə, sən məşhur aktrisa imişsən”. Amma o sözləri sevgi ilə demədi. Görmədim... Gözünə girmək istədim, amma girə bilmədim. Alınmadı. Hazırda atam bizimlə bir yerdə deyil. Atamın uşaqlıq travması var: Qadınlara qarşı sevgisizlik. Kiçik yaşlarında uşaq evində böyüyüb. Böyüyəndə anası onu oradan götürüb. Bəlkə də elə budur əsl səbəb. Yəni artıq gec olub. Atamın anasının adı Zinyət olub. Və mən bu adı heç sevməmişəm. Özümə yeni pozitiv, mənə xoşbəxtlik və sevinc gətirən adı seçmişəm: Zərinə. Sadəcə aktrisa olandan sonra oldum Zarina". 

Günün qoroskopu: Fiziki işdə xeyir var

Sozcu.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.  Qoç - Mürəkkəb və uğursuz gündür. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün xeyli səy göstərməli olacaqsınız. Prioritetləri mümkün qədər sürətlə, tez müəyyənləşdirin. Bir neçə mühüm işin öhdəsindən gələ biləcəyinizi düşünməyin. Bir işi seçin, diqqəti ona yönəldin. Günün ikinci yarısında qohumlara, habelə çoxdan və yaxşı tanıdığınız insanlara yardım üçün müraciət edə bilərsiniz. Yeni tanışlara, bələd olmadığınız insanlara üz tutmayın. Münasibətlər səmimi olsa da, birgə fəaliyyət üçün yetərli deyil. Buğa - Günün ilk yarısı nisbətən uğurludur. İkinci dərəcəli işlərlə məşğul olmayın. Önəmli məsələnin həllinə başlayın və ciddi məqamların çözülməsini təxirə salmayın. Fiziki iş, həllini tələb edən problemlərin nəzərdən keçirilməsi üçün pis zaman deyil. Saatlar keçdikcə yaşam potensialınızın səviyyəsi aşağı düşəcək. Sərvaxt olun ki, ifrat yorğunluq hiss etməyəsiniz. Günün ikinci yarısında önəmli maliyyə məsələlərini çözməyə çalışmağa, alış-veriş etməyə dəyməz. Axşam saatları yaxınlarınızla ünsiyyət üçün ədverişlidir. Münasibətlər son vaxtlar qeyri-rəvan və gərgin olsalar da, indi səy göstərsəniz, onları harmonik edə bilərsiniz. Əkizlər - Xırdalıqlara və detallara fikir verin. Nəyisə nəzərdən qaçırsanız, sonradan çox ciddi problemlər yarana bilər. Ünsiyyətdə də sayıq olun. Deyilənlərə qulaq asmaqla yanaşı, intonasiya və kontekstə fikir verin. İradları nəzərə almağa çalışın. Gərəkli məlumatı əldə etmək üçün həddən artıq çalışmağa lüzum yoxdur. Günün ikinci yarısı gələn həftəyə hazırlıq zamanı olmalıdır. Peşəkar fəaliyyət və ya kommersiya məsələləri ilə bağlı məsələləri müzakirə edin. Yeni tərəfdaş və ya müttəfiq aramaq olar. Xərçəng - Çoxsaylı problemlər və xoşagəlməz hadisələr zamanıdır. Rəğbət bəslədiyiniz insanlar belə, sizi təəssüfləndirəcəklər. Fəqət düşünməyin ki, yanınızda layiqli insan qalmayıb. Belə deyil. Ünsiyyət çevrəsini və təmas dairəsini köklü şəkildə dəyişməyə can atmayın. Günün ikinci yarısı yeni imkanlar yaradacaq. Yeni öhdəliklər götürməyə, məsul işə başlamağa dəyər. Çətin işi təkbaşına görə bilərsiniz. Yaradıcılıq potensialınızın səviyyəsi artacaq. Bilik və bacarıqlarınızdan tam istifadə edin. Şir - Parlaq, yaddaqalan gün olacaq. Müsbət təmayüllərin təsiri güclüdür. Gözlənilməz, amma çox maraqlı təkliflər ala bilərsiniz. Yeni müttəfiq, tərəfdaş və şərik tapılması istisna deyil. Rəğbət bəslədiyiniz insanda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın. Günün ikinci yarısı rəqabət zamanıdır. Qalib gəlmək asan deyil. Müdrik davranın, aşkar və açıq qarşıdurmadan yararlanın. Buna rəğmən münasibətlərdəki gərginlikdən qurtula bilməyəcəksiniz. Qız - Uğursuzluqlar zolağına düşdüyünüzü düşünməyin. Günün ilk yarısı çətinliklər və problemlərlə zəngin olsa da, saatlar keçdikcə müsbət təmayüllərin təsiri artacaq. Ehtiyatlı olun. Ciddi işlə məşğul deyilsinizsə, həddən artıq aktiv davranmayın. Maliyyə itkiləri riski var. İtkilər düşündüyünüzdən də artıq ola bilər. Günün ikinci yarısı xoş olacaq. Son vaxtlar görmək istədiyiniz və darıxdığınız insanla qarşılaşacaqsınız. Perspektivli tanışlıq da ola bilər. Baş verənlərə rəğmən sayıq olun, dürüst qərarlar qəbul edin. Tərəzi - Günün ilk yarısı kommersiya fəaliyyəti, anlaşma və sövdələşmələr üçün əlverişlidir. Maliyyə fonu uğurlu deyil. Pullarınızın qədrini bilin, bədxərclik etməyin. Günün ikinci yarısında şəxsi münasibətlərdə irəliləyişlər olacaq. Hadisələri tələsdirməyin. Onların öz məcrasında inkişafına süni təkan verməyin. Müdaxilələr olmazsa, hər şey yaxşı alınacaq. Axşam saatlarında qonaq qəbul etmək olar. Ən mühüm məsələləri də rahat ev şəraitində müzakirə etmək mümkündür. Əqrəb - Pis gün olmasa da, xariqələr vəd etməyən zamandır. Mühüm hadisələr yaşanmayacaq. Əhvalınızı pozmayın, hər şey o qədər də pis deyil. Yeni təcrübə, bacarıq və ya biliklər əldə etməyə çalışın. Onlar bir müddət sonra karınıza gələ bilər. Günün ikinci yarısında yaradıcılıq eksperimentləri uğurlu olacaq. İstənilən sahədə yenilik etmək imkanlarına malik olduğunuzu düşünsəniz də, belə deyil. Axşam saatlarında sevdiyiniz insanla bir araya gəlin. Onu sevindirməyə çalışın. Oxatan - Yalnız ailə üzvlərinizə, yaxınlarınıza və dostlarınıza güvənin. Bədxahlarla rəqiblər bu gün sizi tora salmağa çalışacaqlar. Hətta indiyədək yalan danışmağı sevməyən insanlardan biri sizi aldatmağa can atacaq. Maliyyə itkiləri istisna deyil. Alış-veriş uğurlu olmayacaq. Günün ikinci yarısında işlə bağlı məsələləri müzakirə etməyə dəyməz. Yaşca sizdən kiçik şəxslərlə dil tapmaq asan deyil. Axşam saatlarında mühüm, amma xoşagəlməz işlə məşğul olmaq zərurətiilə üzləşəcəksiniz. Oğlaq - Günün ilk yarısında qəfil çətinliklər yaranacaq. Bədgüman olmayın, qüvvələrinizə inamınızı itirməyin. Nikbin davranın. Ruhdan düşmək üçün heç bir ciddi səbəb yoxdur. Problemlərin səbəbi əlverişsiz emosional fondur. Günün ikinci yarısında pozitiv olun. Yaxınlarınızla ünsiyyətdə sərt danışmayın. Axşam saatlarınızı yaxınlarınızla keçirin. Şəhər kənarına yollanın, bir qədər əylənin. Dolça - Günün ilk yarısında mühüm işləri yerinə yetirmək fikriniz varsa, onların planlaşdırılan vaxtdan artıq zaman alacağına hazır olun. Cari və rutin işlərin öhdəsindən isə sürətlə gələcəksiniz. Onların yerinə yetirilməsində heç bir problem yaranmayacaq. Başqalarına darıxdırıcı və usandırıcı gələcək işlər sizi yormayacaq. Günün ikinci yarısında mühüm məsələləri müzakirə etmək, gələcəklə bağlı planlar qurmaq olar. Qüvvənizi, potensialınızı, işlərin real durumunu dəqiq qiymətləndirin. Balıqlar - Tələskən və səbirsiz davranmasanız, hər şey yaxşı alınacaq. Mühüm qərarları düşünmədən qəbul etməyin. Hansısa qəfil ideyanın müstəsna və ya parlaq olacağını düşünməyin. Əvvəllər hazırladığınız planlardan birini reallaşdırmağa başlayın. Günün ikinci yarısı fəaliyyət üçün əlverişli zamandır. Fiziki işdə xeyir var. Açıq havada mümkün qədər çox vaxt keçirməyə çalışın. Axşam saatlarında aktiv istirahət edin.

Makiyaj vasitələrində gizlənən infeksiya: Tez-tez təmizləməsəniz

Makiyaj fırçalarını tez-tez təmizləməsəniz, bakteriya və göbələklərin yuvasına çevrilə bilər. Çirkli fırçalardan istifadə edənlər bilmədən onları bütün üzlərinə sürtürlər, bu isə göz infeksiyaları və dəri problemləri kimi bir çox ciddi xəstəliklərə yol açır. Sozcu.az publika.az-a istinadən xəbər verir ki, bu barədə amerikalı mütəxəssislər məlumat verib. Bildirilib ki bakteriyalar dərinin məsamələrinə daxil olaraq ciddi infeksiyalara səbəb ola bilir. Həmçinin bir çox çirkli fırçaların tualet oturacaqlarından daha çirkli olduğu əlavə edilib. Mütəxəssislər makiyaj ustalarına və xanımlara kir yığılmasının qarşısını almaq üçün makiyaj fırçalarını və süngərlərini hər yeddi-on gündən bir yumağı tövsiyə edir. Lakin məlumatlar göstərir ki, amerikalıların 22 faizi fırçaları təmizləmir, 39 faizi isə onlar ayda yalnız bir dəfə yuyur. ABŞ-ın makiyaj təmizləmə brendi olan "GlamTech"in sosial mediada paylaşdığı videoda natəmiz fırçaların vəziyyəti açıq şəkildə göstərilir. Yaxşı istifadə edilmiş, təmiz görünüşlü süngər və fırça istifadə edildikdən sonra qabına qoyulur. Lakin tədqiqatçılar bir müddət sonra hər yerdə bakteriyaların əmələ gəldiyini aşkar edib.

"Qarabağ" Azərbaycanın xal ehtiyatını artırdı - UEFA reytinqi

Avrokuboklarda bu həftə keçirilən oyunlardan sonra növbəti UEFA reytinqi açıqlanıb. Sozcu.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasının pley-offunda “Olimpiya” ilə  ilk oyunda 2:0 hesablı qələbəsi Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırıb. Səfərdə qeydə alınan qələbə Azərbaycanın aktivinə 0,250 xal əlavə edib. Bununla ölkənin cari mövsümdəki xalları 2,500 olub. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 16,750-yə çatan Azərbaycan reytinqdə 29-cu pillədə qalıb. 28-ci pillədə olan Slovakiya ilə xal fərqi 0,375 əmsala bərabərdir. Qeyd edək ki, reytinqə 89,053 xalla İngiltərə başçılıq edir. 

Dənizdə ölən neftçilərlə bağlı cinayət işi açıldı

Xəzər dənizində platformada beton bloklar quraşdıran zaman döşəmənin dağılması səbəbindən suya düşən və nəticədə boğularaq ölən şəxslərlə bağlı cinayət işi başlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, avqust 24-də Nərimanov adına Neft Qaz Çıxarma İdarəsi Tikinti Trestinin 7 saylı tikinti bölməsinin qaynaqçısı 1984-cü il təvəllüdlü Şamo Nərmanov və həmin bölmənin quraşdırıcısı 1960-cı il təvəllüdlü Şirvan Ağaməmmədovun Xəzər dənizində yerləşən platformada beton bloklar quraşdıran zaman döşəmənin dağılması səbəbindən suya düşmələri və nəticədə boğularaq ölmələri faktı ilə bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Qriqoryan yenə Hindistana gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Hindistana işgüzar səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə TŞ-nin mətbuat xidəməti məlumat yayıb. Avqustun 28-də baş tutacaq səfər zamanı Qriqoryan Hindistan Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Acit Dovalla görüşəcək. Qeyd edək ki, Qriqoryan ötən ilin noyabrında da Hindistana səfər etmişdi. Xatırladaq ki, Hindistanla Ermənistan arasında hərbi əməkdaşlıq sürətlə inkişaf edir, Dehli İrəvana haubitsalar da daxil olmaqla, bir sıra silahlar satır.

Bayramov və Mirzoyan arasında növbəti görüş... - XİN

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında növbəti görüşün nə vaxt olacağı ilə bağlı hələlik məlumat yoxdur. Sozcu.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib. O bildirib ki, Bakı və İrəvan arasında sülh danışıqları istiqamətində proses davam edir: “Hazırda proses davam edir. Xarici işlər naziri Ceyhun Bayramov avqustun 24-də Belçika Krallığının xarici işlər, Avropa işləri, xarici ticarət və federal mədəni institutlar naziri Xədicə Labiblə birgə keçirdiyi mətbuat konfransında da bu məsələyə toxunub. Yeni görüşlər barədə isə hazırda məlumat yoxdur”, - A.Hacızadə vurğulayıb. XİN rəsmisi Ermənistanın sülh sazişi ilə bağlı Azərbaycana yeni təkliflər verdiyini təsdiqləyib. Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN başçılarının sonuncu görüşü iyulun 25-də Moskvada baş tutub. Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 24-də hökumətin iclasında deyib ki, Ermənistan Azərbaycana sülh sazişinin imzalanması ilə bağlı yeni təkliflər verib.

İranda dəhşətli xəstəlik: 2 nəfər öldü

İranda 60 nəfər Krım-Konqo qızdırmasına yoluxub ki, onlardan 2-si həyatını itirib. Sozcu.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, təhlükəli xəstəliyə yoluxanlardan 9-u Ərdəbil əyalətindəndir. Ərdəbil Tibb Elmləri Universitetinin rektor müavini Məhəmməd Cəfərzadə xəstəliklə bağlı vətəndaşlara xəbərdarlıq edib. “Krım-Konqo qızdırması olduqca öldürücüdür və onun yayılma, yoluxdurma gücü digər xəstəliklərdən, hətta koronadan da yüksəkdir”, - o bildirib.

Rusiyanın itkiləri 260 minə yaxınlaşır

Ukrayna müharibənin 548-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 259 630 hərbçi, 4378 ədəd tank, 8521 ədəd zirehli döyüş maşını, 5361 ədəd artilleriya sistemi, 724 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 495 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 7790 ədəd avtomobil texnikası, 4356 ədəd PUA, 1409 qanadlı raket, 18 gəmi/qayıq, 802 xüsusi avadanlıq itirib.

Naxçıvanda iki vəzifəli şəxs işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Aparat rəhbəri və Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin rəisi vəzifədən azad olunub. Sozcu.az xəbər verir ki, müvafiq əmrlərə əsasən, Tahir Məmmədli muxtar respublikanın Gənclər və İdman Nazirliyinin Aparat rəhbəri vəzifəsindən, Xəyal Qurbanov isə Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin rəisi vəzifəsindən çıxarılıb. Bundan əlavə, yeni əmrlə Tahir Məmmədli Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin rəisi təyin edilib.

Donald Tramp həbs olundu

Donald Tramp ABŞ tarixində rəsmi olaraq həbs edilən ilk eks-prezident oldu. Sozcu.az xəbər verir ki, bu barədə yerli KİV məlumat verib. Məlumata görə, prosedur Atlanta şəhərinin həbsxanasında baş tutub. Fulton dairəsinin rayon prokurorluğu onu Corciyada seçkiyə müdaxilədə ittiham edib. Qeyd edək ki, Donald Tramp şəxsi təyyarəsi ilə Nyu Cersiden Atlantaya yollanıb, sonra polis müşayiəti ilə həbsxanaya gedib, həbs zamanı onun barmaq izi və fotoşəkli çəkilib. 20 dəqiqədən sonra o, 200 min dollar müqabilində azad edilib.

Ukraynada yaralanan azərbaycanlı vəfat etdi

Bir neçə ay öncə Baxmut istiqamətində gedən döyüşlərdə yaralanan soydaşımız Zahir Rəhimov xəstəxanada vəfat edib. Sozcu.az xəbər verir ki, bununla bağlı onun yaxınları sosial şəbəkədə məlumat paylaşıb. O, əslən Qazax rayonunun Çaylı kəndindəndir. Mərhum bu günlərdə Ukrayna SQ tərəfindən təltif olunmuşdu.

Ata və qızını maşın vurdu: biri öldü

Gəncə şəhərində ata və qızını avtomobil vurub, onlardan biri dünyasını dəyişib. Sozcu.az Report-a istinadən xəbər verir ki, Gəncə şəhəri Atabəylər prospektində sürücü Füzuli Kərimov idarə etdiyi minik avtomobili ilə 1985-ci il təvəllüdlü Ceyhun Ələsgərov və onun 5 yaşlı qızı, 2018-ci il təvəllüdlü Mələk Ələsgərovanı vurub. Müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilən piyadalardan M.Ələsgərova müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Ukrayna ordusu bu istiqamətdə irəliləyir

Ukrayna ordusu Zaporojye vilayətinin qərbindəki Robotino bölgəsində rusların ikinci müdafiə xəttinə yaxınlaşaraq hücumu daha da genişləndirib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun yaydığı hesabatda qeyd olunub. “Geolokasiya məlumatlarından da bəlli olur ki, Ukrayna qoşunları Verbovodan qərbə və Robotinodan cənuba doğru Rusiyanın müdafiə xəttinə doğru irəliləyir”, - hesabatda qeyd olunub.

Separatçılar şərt irəli sürdü - Əməliyyat qaçılmazdır

Qarabağdakı separatçılar Ağdam marşrutundan istifadə üçün şərtlər irəli sürüb. Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, separatçıların qondarma “dövlət naziri”nin qondarma “müşaviri” Artak Beqlaryan şərtlərinin nə olduğunu açıqlayıb. “Laçın yolu tam açılmalı, təhlükəsizlik təminatları təmin olunmalıdır. O zaman kommunikasiyaların açılması üçün bütün mümkün variantları müzakirə edə bilərik, lakin Azərbaycan buna hazır deyil”, - separatçı deyib. Separatçı bildirib ki, Ağdam yolundan istifadəni güzəşt hesab etmirlər. Beləliklə, separatçılar Bakıya qarşı meydan oxuyurlar. Azərbaycan öz suveren ərazisində istədiyini etmək haqqına sahibdir, Ağdam marşrutunun təklif edilməsi də Qarabağdakı mülki ermənilərin problemlərinin həlli məqsədi daşıyır. Mülki erməniləri girov saxlayan separatçıların bu mövqeyi, xüsusilə şərtlər irəli sürməsi isə Azərbaycana müharibə elan etmək kimi də qəbul edilə bilər və bu vəziyyətdə onlara qarşı praktiki addımların atılması qaçılmaz olacaq.