İşğal altında olan torpaqlarımızın azad olunması uğrunda rəşadətlə döyüşərək şəhid olan qəhrəmanlarımızdan biri də gizir İntiqam Bayram oğlu Əsgərlidir.
İntiqam Əsgərli 16 avqust 1990-cı ildə Masallı rayonunun Viləş kəndində anadan olub. İntiqam Əsgərli 1997-ci ildə S. Hacıyev adına Viləş kənd tam orta məktəbinin birinci sinfinə gedib. 2008-ci ildə həmin məktəbdən məzun olan İntiqam Əsgərli həqiqi hərbi xidmətə çağırılıb. 2011-ci ildə Quru Qoşunlarının “Gizirlik” kursunu bitirən İntiqam Əsgərli 2014-cü ildən Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi işə başlayıb. İntiqam Əsgərli 2015-ci ildə isə Türkiyədə kəşfiyyat kursunu bitirib.
İntiqam Əsgərli 2016-cı il aprel döyüşlərinin də iştirakşısı olub. Həmin hərbi əməliyyatlar zamanı Xüsusi Təyinatlı Qüvvələrin giziri olan İntiqam Əsgərli Talış kəndi istiqamətində döyüşüb. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış kəndi istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub. Həmin əməliyyatda İntiqam Əsgərli özü ilə eyni rütbədə olan qardaşı, gizir Nurlan Əsgərli ilə birlikdə döyüşüb. 4 aprel 2016-cı ildə Talış kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən İntiqam Əsgərlinin qardaşı Nurlan Əsgərli şəhid olub və İntiqam Əsgərli onun nəşini özü döyüş meydanından çıxarıb. İntiqam Əsgərli qardaşı ilə birgə döyüş meydanından şəhidlərimizin, həmçinin, polkovnik Vüqar Yusifovun və polkovnik-leytenant Raquf Orucovun da nəşinin çıxarılmasında iştirak edib.
Xidmət dövründə fərqləndiyinə görə, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunub.
2020-ci il 27 sentyabrda Ermənistanın növbəti təxribatının qarşısının alınması üçün Vətən Müharibəsi başlayanda İntiqam Əsgərli də ön cəbhədə olub. Ən böyük arzusu torpaqlarımızı işğaldan azad etmək və şəhid qardaşının qisasını düşməndən almaq olan İntiqam Şuşayadək döyüş yolu keçib. İntiqam Əsgərli Şuşa şəhərinin azad edilməsində də iştirak edib. Son döyüşü də elə Şuşada olub.
İntiqam Əsgərli Şuşanın azad edilməsindən 1 gün sonra - 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Masallı rayon Viləş kənd məzarlığında dəfn edilib. İntiqam Əsgərli ailəli idi, ölümündən əvvəl Nur adlı qızı, ölümündən sonra öz adını daşıyan İntiqam adlı oğlu doğulub.
Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən Müharibəsi Qəhrəmanı, şəhid İntiqam Bayram oğlu Əsgərliyə məxsus əşyalar Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda mühafizə olunur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunan ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulan döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən gizir İntiqam Əsgərliyə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.
Bundan başqa İntiqam Əsgərli Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin adının əbədiləşdirilməsi üçün də tədbirlər görülüb. Belə ki, 2021-ci ildə Masallı şəhəri 3 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin adı verilib.
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Şərqi Zəngəzur məktəblərində Vətən Müharibəsi Qəhrəmanlarının təbliği” layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.