Qubad İbadoğlundan xəbər var

Dünən polis tərəfindən saxlanılan və barəsində cinayət işi açılan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun səhhətində problemlər var. Bu barədə Q.İbadoğlunun qızı Jalə Bayramova sosial şəbəkə səhifəsində yazıb. O, atasının daimi istifadə etdiyi dərmanları ona çatdıra bilmədiklərini deyib: "Atama dərman və paltar kimi ehtiyacları götürməyə imkan verməyiblər. Hələ də özünə lazım olan dərmanları yoxdur. Atamın yüksək təzyiq və şəkəri var, dərmanlar onun həm də digər daxili orqanları üçündür. Həmin dərmanlarsız o, sadəcə məhv ola bilər”. Qeyd edək ki, partiya sədri ilkin olaraq Cinayət Məcəlləsinin 204.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə açılmış iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Cavanşir Məmmədovun qızına qarşı dələduzluq edən Türkiyə vətəndaşı məhkəmə zalında həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədovaya qarşı dələduzluqda təqsirləndirilən Türkiyə vətəndaşı Kemal Mustafa İblinin işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Kemal Mustafa İbli 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilərək, məhkəmənin iclas zalında həbs olunub. Xatırladaq ki, prokuror onun 8 il azadlıqdan məhrum edilməsini istəmişdi. Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Kemal Mustafa İbli tərəfindən aldadıldığını bildirib. Kemal Mustafa İblinin Cavanşir Məmmədovdan 13 000 manat və 126 500 dollar aldığı və geri qaytarmadığı iddia olunub. M. İbli barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Urmu gölü ilə bağlı kampaniya davam edir

Urmu gölü ətrafında baş verən ekoloji fəlakətlə bağlı başladılan kampaniya davam edir. Dünyanın müxtəlif ölkələrindən olan azərbaycanlılar və əcnəbi ekofəallar "SAVE URMIA LAKE" adı altında sosial mediada videolar paylaşaraq, Urmu gölünün yox olması ilə bağlı xəbərdarlıq mesajları paylaşırlar. Onlar beynəlxalq ictimaiyyətə, ekofəallara və əlaqədar beynəlxalq qurumlara müraciət edərək Urmu gölünün quruması və İran hökumətinin bərpaişləri ilə bağlı verdiyi vədləri yerinə yetirmədiyini bildirirlər. Kampaniyaya qoşulanlar Tehran hakimiyyətini ekologi faciəyə görə qınayr və milyonlarla insanın həyatını təhlükəyə atan ekoloji problemin həlli üçün əməli addımlar atmasını tələb edirlər.

Qubad İbadoğluna bu maddə ilə ittiham verildi

Xəbər verdiyimiz kimi, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu saxlanılıb. Sozcu.az xəbər verir ki, partiya sədri ilkin olaraq  Cinayət Məcəlləsinin 204.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Hazırda iş üzrə müvafiq istintaq hərəkətləri həyata keçirilir.  Q.İbadoğlunun gün ərzində məhkəməyə çıxarılacağı gözlənilir.

Bakıda 2 sərnişin avtobusu toqquşdu: xəsarət alanlar var

Bu gün saat 09:25 radələrində Xocasən şosesinin Binəqədi rayonu ərazisindən keçən hissəsində iki sərnişin avtobusu toqquşub. Sozcu.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. “İsuzu” markalı avtobus eyni istiqamətdə qarşıda sərnişin mindirmək üçün dayanan eynimarkalı avtobusa çırpılıb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb, ölüm və ağır xəsarət halı yoxdur. Hazırda faktla bağlı araşdırma aparılır.

Daha bir qazinin özünə qəsd etməyə çalışdığı deyilir

Daha bir Vətən müharibəsi iştirakçısının intihara cəhd etdiyi deyilir. Sozcu.az xəbər verir ki, bu barədə jurnalist Həbib Müntəzir sosial şəbəkə hesabında məlumat yayıb. O bildirib ki, Vətən müharibəsi iştirakçısı, hərbi xidmət əlili, Tovuzun Hacalı kənd sakini, qazi Babayev Amin Akif oğlu dərman içərək canına qəsd edib. Məlumata görə, qazinin dizinə dəmir protez qoyulub: "Onun dizində çürümə gedirmiş. Qazinin 1 ildən çoxdur əlillik dərəcəsini ala bilmədiyi deyilir". Qazinin son vəziyyəti və əlillik ala bilməməsi ilə bağlı aidiyyəti qurumlara sorğu göndərilib.

Krımda silah-sursat anbarı vuruldu...-Əhali təxliyyə edildi...

İşğal altında olan Krımda iyulun 24-də səhər saatlarında Krasnoqvardeyski və Cankoyski rayonlarında partlayış səsləri eşidilib. Sozcu.az  "TSN"-ə istinadla xəbər verir ki, bu barədə yerli teleqram-kanallar məlumat yayıb. Məlumata görə, səhər saatlarında yarımadada Krasnoqvardeyskoye kəndi yaxınlığındakı hərbi aerodromda və Krasnoqvardeyski və Cankoy rayonlarında partlayış səsləri eşidilib. Cankoy rayonundakı silah-sursat anbarına zərbə endirilib. Cankoy rayonunun Vesyoloye kəndi yaxınlığında da bir neçə partlayış səsi eşidilib, bundan sonra oradan səmaya tüstü sütunu qalxıb. Yerli hakimiyyət Krım körpüsündə də nəqliyyatın hərəkətini kəsib, lakin hazırda onun bərpa olunduğu iddia edilir. "Vesyoloe kəndi yaxınlığında partlayış səslərinin eşidildiyi yerdə operativ qərargah təşkil edilib",- Krımın qondarma “rəhbərinin” müşaviri Oleq Kryuçkov bildirib. Həmçinin bu ərazidə qatarların hərəkəti  müvəqqəti dayandırılıb, relslərə heç bir ziyan dəyməyib. Krımın qanunsuz rəhbəri Sergey Aksyonov bildirib ki, təhlükəsizlik məqsədilə Cankoy rayonunda dəmir yolu və Cankoy-Simferopol avtomobil yolunda hərəkət dayandırılıb. Bundan əlavə, Cankoy rayonunda 5 km radiusda yerləşən yaxınlıqdakı kəndlərin əhalisinin “fövqəladə vəziyyət yerindən” müvəqqəti məskunlaşma mərkəzlərinə köçürülməsi barədə qərar qəbul edilib.

Ukrayna ordusu son bir həftədə 16 kv.km ərazini azad edib

“Ukrayna ordusu son bir həftədə 16 kv.km ərazini Rusiya qoşunlarının işğalından azad edib”. Bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib. Onun sözlərinə görə, Ukrayna müdafiə qüvvələri ötən həftə ərzində 12 kv.km cənubda, 4 kv.km isə Baxmut istiqamətində irəliləyib. Cənub cəbhəsində hücumun gedişində Ukrayna ordusu bütövlükdə 192 kv.km ərazini geri qaytarıb. Ötən həftə bu istiqamətdə 12 kv.km, Baxmut istiqamətində isə 35 kv.km ərazi işğalçı qoşunlardan təmizlənib. Baş Qərargahın məlumatına görə, Rusiya hazırda qüvvələrini Kupyanski, Limanski, Baxmutski, Avdeyevski və Maryinski istiqamətlərində cəmləşdirir.

Azərbaycanda taksi qiymətləri 100 faiz bahalaşdı

Bu gündən Azərbaycanda bəzi taksi şirkətləri qısa məsafələr üçün gediş haqqı qiymətlərini qaldırıb. Sozcu.az xəbər verir ki, bu haqda sosial şəbəkədə məlumat yayılıb. Xəbərdə bildirilir ki, “Uber”, “Bolt” və “Yango” şirkətləri xidmətdən istifadə üçün minimal həddin qiymətini qaldırıblar. Hazırda yaxın gedişlər üçün minimal məbləğ 2,50 AZN-dir. Əvvəl bu məbləğ 1-1,60 manat məbləğində idi. 

Bu bürclərin milyarder olma şansı var

Astroloqlar milyarderlərin doğum tarixinin təhlili əsasında maliyyə məsələsində kimin şanslı ola biləcəyi qənaətinə gəliblər. Sozcu.az lent.az-a istinadən bildirir ki, siyahıda bürclərin dörd nümayəndəsi var. "Forbes" jurnalına görə dünyanın ən varlı adamlarının siyahısını təhlil etsəniz, ən zəngin bürcün Şir bürcü olduğu ortaya çıxır. Onun nümayəndələri "qızıl yüzlük"ün kapitalının 14 faizini təşkil edir. Artıq uzun illərdir ki, Qoç və Dolça təsirli maliyyə nəticələri göstərir (hər biri 8 faiz), Balıqlar da zənginlər siyahısında görünür. Qız bürcü Qız bürcü ən zəngin bürclərdən biri hesab olunur. Dollar milyarderləri arasında təxminən 12 faiz bu bürc altında doğulanlara aiddir. Onlar öz zəhməti, ünsiyyətcilliyi və cazibədarlığı ilə var-dövlətə nail ola biliblər. Qoç və Dolça Qoç və Dolça planetin ən varlı adamları sıralamasında daha da irəli gedir, 8 faiz paya sahibdirlər. Xüsusilə, Dolçalar geniş dünyagörüşü və dostluqları sayəsində asanlıqla böyük bir sərvət qazana bilərlər. Azadlığa o qədər sevgiləri var ki, onlar çox vaxt ailə bağları ilə bağlanmırlar, buna görə də heç bir şey qazancdan yayındıra bilməz. Qoç öz əzmkarlığı ilə tanınır. Çalışqanlıqlarının köməyi ilə hər şeyə özləri nail ola bilərlər. Balıq Balıqlar da tez-tez zənginlərin siyahısında görünür. Astroloqların fikrincə, bu bürc israrlı və inadkardır. Belə insanlar asanlıqla böyük bir sərvət qazana bilərlər və bu, yalnız ixtiraçılıq tələb edir.

Əmrah oğlunun toyuna getmədi

Türkiyəli məşhur müğənni Əmrahın oğlu Tayfun Ərdoğan evlənib. Sozcu.az axşam.az-a istinadən bildirir ki, ifaçının oğlu nişanlısı, jurnalist Əda İrapla nikah masasına əyləşib. Əmrah küsülü olduğu oğlunun toyuna qatılmayıb. Mərasimdə Tayfunun nikah şahidi "Yeşilçam"ın ulduzu Nuri Alço olub. Qeyd edək ki, Tayfun Əmrahın Ebru Çolakdan olan oğludur və onlar uzun müddətdir görüşmürlər.

Yeni ölümcül xəstəlik - Sağlam adamı səkkiz günə məhv edir

Son zamanlar 16 nəfərin ölümünə səbəb olan Marburq virusu narahatlıq yaratmaqda davam edir. Sozcu.az musavat.com-a istinadən bildirir ki, Marburq virusu heç də son vaxtlar ortaya çıxmayıb. Bu virus ilk dəfə 1967-ci ildə Almaniyanın Frankfurt və Marburq şəhərlərində, həmçinin Serbiyanın Belqrad şəhərində müşahidə edilib. 31 nəfərdə aşkarlanan virus 7 nəfərin ölümünə səbəb olub. 2005-ci ildə Anqolada Marburq virusu epidemiyası 300-dən çox insanın ölümü ilə nəticələnib. Mütəxəssislər bu ölümcül virusla bağlı yenidən xəbərdarlıq edirlər. Nəhayət, 16 nəfər səkkiz gün ərzində diş əti qanaması və kramp ağrılarından ölüb. Bu ilin əvvəlində Ekvatorial Yeni Qvineya və Birləşmiş Tanzaniya Respublikasında Marburq virusuna yoluxma hallarında artım qeydə alınıb. İndiyədək Yeni Qvineyada virusdan ümumilikdə 12 nəfər, Tanzaniyada isə 4 nəfər ölüb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Ebolaya səbəb olan virusla eyni ailədən olan virus sirayət etdiyi şəxsləri "həyuləyə bənzər" görünüşə məruz qoyur. Virusun digər əlamətlərinə ishal, ürəkbulanma və qusma, həmçinin yüksək hərarət, şiddətli baş ağrıları və şiddətli zəiflik daxildir. Bildirilir ki, virusdan əziyyət çəkən bir çox xəstə diş ətindən, burundan və vaginadan tez-tez qanaxma keçirir və səkkiz-doqquz gündən sonra ölür. BBC-nin xəbərinə görə; Afrika yaşıl meymunları və donuzları virusun daşıyıcısı ola bilər, Misir meyvə yarasaları da tez-tez virusu saxlayır. Bədən mayeləri və eyni yatağı paylaşan insanlar arasında ötürülə bilər. Virusdan sağaldıqdan sonra belə, onların qanı və ya sperması aylarla yoluxucu qala bilər. Xəstəliyin müalicəsi yoxdur. Həkimlər xəstəxanaya yerləşdirilən xəstələrə çoxlu miqdarda maye verməklə və ya qan köçürməklə simptomları aradan qaldırmağa çalışsalar da, ÜST bəzi qan məhsulları, dərmanlar və immunoterapiyaların inkişaf etdirildiyini qeyd edir.

Ronaldo: "Əl-Nəsr" yeni mövsümdə hər kuboku qazanacaq"

"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo Yaponiyada təlim-məşq toplanışı zamanı yeni mövsümlə bağlı fikirlərini bildirib. Sozcu.az goal.com-a istinadən xəbər verir ki, o deyib:  “Biz Yaponiyada olmaqdan çox şadıq. "Əl-Nəsr" üçün bu, ilk belə səfərdir. Qarşıda bizi iki yaxşı matç gözləyir və həyəcanlıyıq. Yaponiyada hamı futbola çox həvəslidir. Biz şou göstərmək üçün buradayıq. Yeni mövsümdə bütün kubokları qazanacağımıza ümid edirik. Bəli, çətin olacaq, amma düşünürəm ki, yeni məşqçi və yeni oyunçularla yaxşı komandamız var. Biz möhtəşəm mövsümü səbirsizliklə gözləyirik". "Əl-Nəsr" Yaponiyada PSJ və “İnter”lə qarşılaşacaq. 

Qubada ağır qəza: 1 ölü, 3 yaralı

Qubada iki minik avtomobili toqquşub, bir nəfər ölüb, 3 nəfər xəsarət alıb. Sozcu.az xəbər verir ki, hadisə ötən gün Quba-Xaçmaz yolunun Quba rayonu, Zərdabi qəsəbə ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 1968-ci il təvəllüdlü Azər Xantəmirovun idarə etdiyi “Mersedes” markalı avtomobillə 1986-cı il təvəllüdlü Firuz Yusifovun idarə etdiyi Vaz-2107 markalı avtomobil toqquşub. Nəticədə Firuz Yusifov aldığı xəsarətdən hadisə yerində ölüb. “Mersedes” markalı avtomobilin sürücüsü Azər Xantəmirov və avtomobildə olan sərnişinlər Yeganə Kərimova və İlahə Mirzəyeva müxtəlif bədən xəsarətləri alıblar. Faktla bağlı cinayət işi başlanıb və araşdırma davam etdirilir.

Rusiyanın itkiləri 243 minə yaxınlaşır

Ukrayna müharibənin 516-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 242 620 hərbçi, 4162 ədəd tank, 8118 ədəd zirehli döyüş maşını, 4675 ədəd artilleriya sistemi, 697 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 452 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 310 ədəd helikopter, 7182 ədəd avtomobil texnikası, 3963 ədəd PUA, 1307 qanadlı raket, 18 gəmi/qayıq, 698 xüsusi avadanlıq itirib.

Gəncədə ər arvadını bıçaqladı

Gəncə sakini həyat yoldaşını bıçaqlayıb. Sozcu.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. 1983-cü il təvəllüdlü Qadir Vaqif oğlu Qurbanov ailə münaqişəsi zəminində həyat yoldaşı Günay Tahir qızı Babayevanı bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Neft yenidən ucuzlaşdı

Dünya birjalarında neft yenidən ucuzlaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 80,94 dollara, yüngül neftin bir barreli isə 76,95 dollara satılır.

Salyanda ağır qəza: ölən və yaralananlar var

Salyanda baş verən yol qəzasında ölən və yaralananlar var. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mersedes” markalı avtomobil digər iki avtomobillə toqquşub. Qəza nəticəsində hələlik kimliyi bəlli olmayan bir nəfər hadisə yerində ölüb. 1974-cü il təvəllüdlü Nəsirova Yaqut Gülbala qızı, 1964-cü il təvəllüdlü Əliyev Şahin Mirzəbala oğlu, 1995-ci il təvəllüdlü Musazadə Amil Tapdıq oğlu və daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı araşdırma aparılır.

Reznikov qələbə çalacaqları tarixi elan etdi

Növbəti yayda Ukrayna müharibədə qələbə qazanacaq. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib. Reznikov CNN-ə müsahibəsində bildirib ki, NATO-nun 2024-cü il sammitinə Ukraynanın Alyansa qəbulu üçün imkan kimi baxır: “Ola bilər ki, bu, Ukrayna üçün çox vacib gün olacaq. Bu, hər halda mənim proqnozumdur”. Nazirin sözlərinə görə, müharibə bitəndən sonra Ukraynanın NATO-ya üzvlüyü alyansın özünün marağında olacaq: “Ona görə ki, biz NATO və Avropanın şərqində əsl qalxan olduq. Ukrayna rusları necə saxlamaq, onları necə məğlub etmək, NATO silahları ilə necə davranmaq lazım olduğu ilə bağlı real döyüş təcrübəsi əldə etdi”.

Rusiyanın iki bölüyü məhv edildi

Rusiya işğalçıları son sutkada Tavriçesk istiqamətində iki bölük itirib. Sozcu.az xəbər verir ki, bu sözləri “Tavriya” strateji-əməliyyat hərbi qruplaşmasının komandanı Aleksandr Tarnovski deyib. O qeyd edib ki, Ukrayna Müdafiə Qüvvələri işğalçıları öz mövqelərində sistemli şəkildə vurmağa davam edir.

İrandan Zəngəzur dəhlizinə qarşı inanılmaz dirəniş

İranla Ermənistan əlaqələri Əhəmənilər və Parfiya dövründən başlayır. Sozcu.az xəbər verir ki, bu sözləri Əli Xameneinin ali müşaviri Əli Əkbər Vilayəti Zəngəzur dəhlizi ilə bağlı yazdığı məqalədə bildirib. Ermənistanın İran üçün xüsusi və stratejik əhəmiyyətə malik olduğunu yazan ali müşavir Zəngəzur dəhlizinin açılması ilə Ermənistanın ikiyə bölünməsi, İranla Ermənistan arasında olan sərhədin bağlanmasının planlaşdırıldığını iddia edib: “Dəhliz açıldıqdan sonra biz on beş ölkə ilə deyil, on dörd ölkə ilə qonşu olacağıq və İranın Şimali Qafqaz, Rusiya və Avropa qitəsi ilə azad rabitəsi zərər görəcək. Bölgədə istənilən növ sərhəd dəyişikliyi uzunmüddətli gərginliyə səbəb olacaq və sərhədlərdə xarici ölkələrin olması ciddi narahatlıq doğuracaq”.

Cəlilabad sakini dənizdə boğulub

Cəlilabad rayon sakini dənizdə boğularaq ölüb. Hadisə ötən gün Bilgəh çimərliyində baş verib. Belə ki, Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi olan Dəyanət Muradlı dənizdə boğularaq dünyasını dəyişib. Məlumata görə, D.Muradlı Cəlilabad rayonunun Adınalı kənd sakinidir.

Qazinin canına qəsd etdiyi bildirilir - Foto

Vətən müharibəsi qazisinin intihar etdiyi bildirilir. Sozcu.az xəbər verir ki, bu barədə onu tanıyanlar sosial şəbəkələrdə məlumat yayıblar. Bildirilir ki, qazi Nizaməddin İbadov özünü yandıraraq intihar edib.yeniavaz)

Kəlbəcərdəki qəzada ölən hərbçimiz...

Xəbər verdiyimiz kimi, Kəlbəcər rayonu ərazisində hərbçilərin olduğu avtomobilin qəzaya uğraması nəticəsində, baş əsgər Əliyev Emin Eldəniz oğlu vəfat edib.  Sozcu.az xəbər verir ki, sosial şəbəkələrdə ölən hərbçinin fotosu yayılıb. Qeyd edək ki, qəzada leytenant Hüseynov Əli İlyas oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.