"Onlar Rusiya pasportundan imtina edib, Azərbaycan vətəndaşlığını qəbul edərlərsə, soydaşlarımız qəbul etməyə hazır olmalıyıq”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Rusiya Dövlət Dumasına səfərbərlikdən yayınan gəlmələrlə və o cümlədən onların ailə üzvlərinin vətəndaşlıqdan çıxarılması və ölkədən deport edilməsini nəzərdə tutan qanun layihəsinin göndəriləcəyini şərh edərkən deyib:
"Rusiya Dövlət Dumasına göndərilməsi gözlənilən bu qaun layihəsi əslində etnik mənsubiyyətə görə diskriminasiyadır. Çünki bu qanun layihəsi ölkə vətəndaşlarını etnik mənsubiyyətə görə bölür. Artıq Rusiya vətəndaşı olan şəxsin gəlmə olub-olmamasının nə fərqi var ki? Vətəndaşlar Konstitusiyaya görə qanun qarşısında bərabər olmalıdır. Həmin qanun qəbul olunsa, deməli, Rusiyanın öz Konstitusiyasna belə hörmət etmədiyi ortaya çıxacaq”.
Ekspert hesab edir ki, belə bir qanunun qəbul fonunda Azərbaycan tərəfi ikili vətəndaşlığı olanlara seçim etmək üçün müraciət etməlidirlər. "700 minə yaxın soydaşımızın həm Rusiya, həm də Azərbaycan vətəndaşlığı var. Onlar Rusiya pasportundan imtina edib, Azərbaycan vətəndaşlığını qəbul edərsə, ölkəmiz soydaşlarını qəbul etməyə hazır olmalıdır. Onlara belə bir seçim verilməlidir. Çünki insanlarımıza bu müharibədə iştirak edib, həlak olmaq kimi bir seçim qoymaq olmaz. Onlara müxtəlif istiqamətlərdə öz həyatlarını yenidən qurmaq üçün şərait yaradılmalıdır”.
Qeyd edək ki, Rusiya mətbuatının yazdığına görə, gələn həftə Rusiya Dövlət Dumasına səfərbərlikdən yayınan gəlmələrin, o cümlədən onların ailə üzvlərinin vətəndaşlıqdan çıxarılması və ölkədən deport edilməsini nəzərdə tutan qanun layihəsi göndəriləcək. Bu ölkədə bildiyimiz kimi, xeyli sayda azərbaycanlı yaşayır. Onlarn sayının 700 min-1 milyon nəfər arasında olduğu bildirilir.