Yol kənarında xəsarət alan hamilə qadın öldü

Xəbər verdiyimiz kimi, Xətai rayonu Xudu Məmmədov küçəsində, Respublika Neyrocərrahiyyə Xəstəxanasının qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı yolun kənarında dayanmış Güllü Mehdiyeva aldığı xəsarətlər nəticəsində xəstəxanada vəfat edib. Xatırladaq ki, həmin qadın 7 aylıq hamilə olub, hadisə nəticəsində o, övladını itirib sonra isə özü ölüb.

"Terrorçular üzərində qələbə həyatın dəyərini bilən hər kəsin şərəf məsələsidir" - Zelenski

"Müharibənin təkcə bir cinayəti Rusiya təcavüzü haqqında hər şeyi deyir. Vəhşilər yaşamağa imkan verən nə varsa hamısını məhv edir..." "Belarus ərazisindən raket buraxılışı bu ölkəni mühadibəyə cəlb etmək üçün imitasiya ola bilərdi..." Rusiyanın terrorçu qoşunları Xarkov vilayətində qanköçürmə mərkəzinə aviasiya bombası atıb. Zərbə nəticəsində həlak olan və yaralananlar var. Sozcu.az xəbər verir ki, bu barədə "unian.net" nəşri məlumat yayıb. Ukrayna prezidenti Vladimir Zelenski bununla əlaqədar olaraq bunları bəyan edib: "Müharibənin təkcə bir cinayəti Rusiya təcavüzü haqqında hər şeyi deyir. Vəhşilər yaşamağa imkan verən nə varsa, hamısını məhv edir. Terrorçular üzərində qələbə həyatın dəyərini bilən hər kəsin şərəf məsələsidir", - Zelenski vurğulayıb. Bütövlükdə, ukraynalı hərbçilərin məlumatlarına görə, Ukraynanın, demək olar ki, regionlarının yarısı təcavüzkarın atəşləri altındadır. Bu zaman raketlərin hərəkət istiqaməti dəyişə bilər, əhalidən sığınacaqlarda qalmaq xahiş edilir. Rusiyanın Ukraynaya avqustun 5-də raket hücumu zamanı Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri raketlərin Belarus ərazisindən buraxılması barədə məlumat verib. Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi hesab edir ki, Rusiya ölkəni müharibəyə cəlb etmək üçün bu raket buraxılışlarını imitasiya edə bilərdi. Bu barədə Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov bəyan edib.  "Belarus ərazisindən buraxılan raketlərə gəlincə, bu, elektron buraxılışı və ya buraxılış imitasiyası olub, çünki bu ölkənin ərazisində ölkəni Ukraynaya qarşı müharibəyə cəlb etmək məqsədilə müxtəlif təxribatlar üçün Rusiyanın qoşunları, qüvvə və vəsaitləri yerləşdirilib", - o, bəyan edib. Yusov əlavə edib ki, fiziki olaraq raket buraxılışı olmaya da bilərdi. Lakin "hər şey elə quraşdırılıb ki, sanki raketlər Belarus ərazisindən buraxılıb". O, vurğulayıb ki, bu məlumat hazırda öyrənilir. Rusiyanın Ukraynaya zərbələri Rusiyalı qəsbkarlar hər gün Xarkov vilayətinin ərazisini atəşlərə məruz qoyur. O cümlədən son sutka ərzində vilayətin Boqoduxov, Xarkov, Çuquyev, İzyum və Kupyansk yaşayış məntəqələri atəş altına düşüb. Yaşayış evləri, təsərrüfat tikililəri zədələnib, yanğınlar baş verib. Bundan başqa, avqustun 5-də axşam Rusiya Ukraynaya "Kalibr" və "Kinjal" raketləri buraxıb. Zaporojye, Xmelnitsk və Jitomir vilayətlərində partlayışlar baş verib. Sonradan bəlli olub ki, rusiyalıların hədəflərindən  biri Zaporojyedəki "Motor Siç" zavodu olub. Orada yanğın baş verib.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 529-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 249 700 hərbçi, 4237 ədəd tank, 8262 ədəd zirehli döyüş maşını, 4965 ədəd artilleriya sistemi, 705 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 466 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 311 ədəd helikopter, 7441 ədəd avtomobil texnikası, 4126 ədəd PUA, 1359 qanadlı raket, 18 gəmi/qayıq, 734 xüsusi avadanlıq itirib.

Ukrayna Rusiyaya qarşı yeni cəbhə açdı

Avqustun 4-də Ukrayna Rusiyaya qarşı yeni cəbhə açıb. Sozcu.az xəbər verir ki, bu barədə "Faynənşl Tayms"ın məlumatında bildirilib. Nəşr qeyd edib ki, Ukrayna PUA-ları Moskvanın işğalını təmin edən neft infrastrukturuna zərbələr endirib. İlk belə zərbə dəniz qüvvələrinin Novorossiysk limanında Rusiya hərbi gəmisinə hücumu olub. Ertəsi gün, şənbə günü bir dron Kerç boğazında Rusiya neft tankerini vurub. Qeyd olunub ki, bu hücumlar Ukraynanın Moskvanı yıxmaq və ərazisinə müharibə gətirmək səylərinin bir hissəsidir. Nəşr ABŞ-ın NATO-dakı keçmiş səfiri Kurt Volkerin fikirlərini sitat gətirib: “Bu hücumların əsas məqsədi Putinin Ukraynanı azad etmək üçün sadəcə “xüsusi hərbi əməliyyat” olması ilə bağlı versiyasını təkzib etməkdir. Onlar rus xalqına bunun əsl müharibə olduğunu göstərirlər". Ukraynanın keçmiş müdafiə naziri Andrey Zaqorodniuk bu zərbələri Rusiyaya onun məğlubedilməz olmadığına, hətta paytaxtı və güc mərkəzlərinin də müdafiəsiz olduğuna dair mesaj kimi qiymətləndirir. O qeyd edib ki, bu, rus qoşunlarının mənəviyyatını sarsıda və Ukraynanın əks-hücumuna kömək edə bilər.

6 avqust 1992-ci il Mutudərənin işğal edilməsi

1992-ci il 6 avqust tarixində ermənilər Gədəbəyin strateji əhəmiyyətə malik, Azərbaycan türklərinin yaşadığı Mutudərəni ələ keçirmək üçün hücuma keçdilər. İşğalçılar bu istiqamətdə minə yaxın canlı qüvvə, 4 tank, 14 zirehli maşın və digər texnika yeritmişdilər. İşğal nəticəsində kənddə evlər yandırılmış, vandalizmə məruz qalmışdı. 1992-ci ilin həmin günlərində Mutudərənin işğaldan azad olunması istiqamətində hücum başlamışdı, 8 avqust tarixində 861 nömrəli hərbi hissənin başda Dilgam Aliev olmaqla əsgər və zabitlərinin böyük rəşadəti nəticəsində Ermənistanla Başkəndi birləşdirən yolun üstündə yerləşən Mutudərə kəndi işğalçılardan həmin gün azad edilmişdir. Bu kəndin azad edilməsi Başkəndin azad edilməsinin başlanğıcı idi və çox böyük əhəmiyyət kəsb edirdi.  Fotolar fotoqraf-jurnalist Kerem Nebiyev tərəfindən çəkilib. Ceyhun Nəbi

Elşən Xəzər: "Mərdi qova-qova axırda namərd edəcəklər"

“Zənglərə cavab verməkdən telefonlarımın “zaryadka”sı qurtardı. Belə şey olar? Hər şey qaydasındadır, salamatlıqdır. Deyəsən, axırda ölkədən köçüb gedəcəyəm. Bunlar məndən nə istəyirlər? Heç kimi məhkəməyə vermək istəmirəm, ayıb bilirəm. Axırda mənimlə bağlı saxlanılma xəbəri yayan portalları məhkəməyə verəcəyəm, hamısından pul alacaqlar, ağılları başlarına gələcək. Evimdə-eşiyimdə oturmuşam, canımla əlləşirəm. İstəyirəm canlı yayım açım hamıya deyim ki, saxlanılmamışam, yalan söhbətdir”. Sozcu.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında tanınmış meyxanaçı Elşən Xəzər deyib. “Bu nədir, yenə aləmi bir-birinə vurmusunuz? Mərdi qova-qova axırda namərd edəcəklər. Bu, qərəzdir. Heç kimdən şikayət etmək halında deyiləm. Hansısa uşağın ata-anasını gözüyaşlı qoymaq olmaz. Mənə ayıbdır. Mən heç nə etmədikcə bunlar həyasızcasına işləri artırırlar”.

“Azalternativenerji” ləğv edilib

Prezident İlham Əliyev Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin tabeliyində olan “Azalternativenerji” MMC-nin ləğvi, bərpa olunan enerji mənbələrindən istifadə sahəsinə özəl sektorun cəlb edilməsi və “Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında” 1 fevral 2013-cü il tarixli fərmanında dəyişiklik edib. Sozcu.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, “Azalternativenerji”nin mülki qanunvericiliyin tələblərinə uyğun olaraq kreditorlarla hesablaşmalar aparılmaqla ləğv edilməsi prosesi başa çatdıqdan sonra, qalan əmlak özəlləşdirməyə açıq elan ediləcək. Bunun üsulları barədə qərarları, onların xüsusiyyətləri nəzərə alınmaqla, dövlət başçısının 10 avqust 2000-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “ADövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq İqtisadiyyat Nazirliyi qəbul edəcək. Özəlləşdirmədə yerli investorlarla yanaşı, xarici investorların da iştirakına icazə veriləcək.

Argentinada güclü ZƏLZƏLƏ

Argentinada 6,1 bal maqnitudada zəlzələ baş verib. Sozcu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Episentri Anatuya şəhərindən 45 km şimal-qərbdə qeydə alınan yeraltı təkanların dərinliyi 592 km olub. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Qeyd edək ki, Anatuya şəhərinin əhalisinin sayı 20,2 min nəfər təşkil edir.

Prezident yeni icra başçısı təyn etdi

Rəcəb Zakir oğlu Rəhimli Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Sozcu.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

İmran Xan barədə qərar: 3 il həbs

Pakistanın devrilmiş baş naziri maliyyə mənimsəmə işi ilə əlaqədar 3 il həbs və 5 il siyasi və hüquqi vəzifə tutma hüququndan məhrum edilib. Sozcu.az Geo TV-yə istinadla xəbər verir ki, İslamabadın antikorrupsiya məhkəməsinin hakimi bu gün “Təhrik-i-İnsaf” lideri İmran Xana qarşı hökm çıxarıb. Məhkəmə, həmçinin, İmran Xanın dərhal həbsinə qərar verib.

Sənədsiz evlərdə yaşayanların nəzərinə

Sənədsiz evlərə sənədlərin verilməsi ilə bağlı məsələ daim müzakirə obyektidir. Sənədlərin verilməsi ilə bağlı qərarın qəbulundan iki ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də Azərbaycanda sənədləşmə prosesi başa çatmayıb. Məsələ ilə bağlı deputat Vahid Əhmədov Referans.az-a bildirib ki, sənədləşmə ilə əlaqədar müəyyən işlər görülüb, lakin bəzi proseslər var ki, bunlar uzun zaman tələb edir: "Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən təxminən 55 minə yaxın evə sənəd verilib. Amma yenidən bu məsələ gündəmə gəlməlidir. Dövlət başçısının da bununla əlaqədar xüsusi göstərişləri var. Həm Bakı Şəhər İcra Hakimiyyəti, həm də Dövlət Əmlak Xidməti bu məsələdə daha ciddi fəaliyyət göstərməlidirlər. Çünki elə evlər var ki, onlar qaz, neft borularının üzərində, elektrik xətlərinin altında tikilib. Əldə olan məlumata görə, sənədsiz evlərin sayı olduqca çoxdur. Təxminən 250-300 min əmlakdan söhbət gedir. Təbii ki, bu əmlaklara sənəd verilməlidi. Bu qısa müddətdə həyata keçirilə biləcək bir proses deyil. Çünki hər bir ev yoxlanışdan keçirilir. Elə ərazilər var ki, orada ev tikməyə icazə yoxdur. Ola bilər ki, qanunsuzluq olunub, belə torpaqlarda ev tikmək üçün müəyyən qurumlar tərəfindən icazə verilib. Bu cür evlərlə bağlı araşdırmalar aparılır və bu vaxt tələb edir”. Deputat əlavə olaraq qeyd edib ki, qanunsuz ərazilərdə tikilən evlərə sənəd verilməsində çətinliklər də yarana bilər. Böyük ehtimal, belə hallar dövlət tərəfindən nəzərə alınacaq və müəyyən tədbirlər görüləcək.

Urmu gölü ilə bağlı aksiyalar davam edir

Güney Azərbaycanın müxtəlif bölgələrindən olan fəallar diqqəti qurumaqda olan Urmu gölünə və hakimiyyətin ekoloji fəlakətə laqeydliynə çəkmək üçün maraqlı aksiya keçiriblər. Avqustun 5-də Ərdəbil əyalətinin Muğan (Parsabad) bölgəsindən olan bir qrup alpinist və ekofəal Savalan zirvəsinə qalxıblar. Azərbaycanın ən hündür dağı olan Savalan zirvəsinə qalxan dağçılar üzərinə  "Save Urmia Lake!" (Urmu gölünü xilas edin!) yazılan plakat nümayiş etdirərək , sosial mediada paylaşıblar. Bununla yanaşı,  Urmu gölünün qurumuş yatağında da aksiya keçirilib. Orada da gölün acınacaqlı durumunu əks etdirən plakatlar qaldırılıb. Qeyd edək ki, hazırda 90%-dən çoxu quruyan Urmu gölü Şərqi və Qərbi Azərbaycan əyalətləri arasında, Zaqros dağlarından şərqdə 1275 metr dəniz səviyyəsindən yüksəkdə, tektonik çökəklik ərazisində yerləşir.  Gölün meydana gəlməsi 30-40 min il öncəyə aid edilir. Göl qurumamamışdan öncə səthinin sahəsi 5,822 km², uzunluğu şimaldan cənuba 140, maksimal eni isə şərqdən qərbə 55 kilometr olub. Ən dərin nöqtəsi  16 m, orta dərinliyi isə 5 m təşkil edib.

Hava bu gündən sabitləşir - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a bildirilib ki, avqustun 5-nə olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb, şimal və qərb rayonlarında intensiv və güclü olub. Avqustun 4-ü gün ərzində yağan yağıntı 5-i səhər saatlarından kəsilib. Düşən yağıntının miqdarı: Qaxda 80 mm (aylıq normanın 143%-i), Zaqatalada 51 mm (aylıq normanın 69%-i), Balakəndə 47 mm (aylıq normanın 64%-i), Şəkidə 46 mm (aylıq normanın 82%-i), Şəmkirdə 34 mm (aylıq normanın 128%-i), Culfada 10 mm (aylıq normanın 172%-i), Gədəbəy, Lerik, Göygöl, Gəncə, Tovuz, Ceyrançöl, Şahdağ, Mingəçevir, İmişli, Sabirabad, Biləsuvar, Astara, Naxçıvan, Salyan, Daşkəsən, Ağstafadada 10 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub. Külək: Avqustun 04-də şimal-qərb küləyi arabir Naftalanda 28 m/s, Ağdamda 26 m/s, Göyçay, Tərtərdə 20 m/s, Beyləqan, Altıağac, Culfa, Naxçıvanda 18 m/s, Cocuqmərcanlıda 16 m/s, Kəlvəz, Qaxda 15 m/s, Bakıda və Abşeron yarımadasında 25 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.8 metrə çatıb. Avqustun 05-i gündüzdən ölkə ərazisində hava şəraiti sabitləşəcək, əsasən yağmursuz keçəcək. Lakin 06-07-də bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu tədricən yüksələcək.

560 manatlıq lotereya oğurlayan şəxs SAXLANILDI

Bakıda lotereya oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sozcu.az-a verilən xəbərə görə, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 25-də Bakı şəhər sakini A.Şahmurovun 560 manat dəyərində lotereyasını oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Vüsal Abbasov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Bu avadanlıqlar gömrük rüsmundan azad edildi

Azərbaycanda bir sıra avadanlıqlar və materiallar gömrük rüsumlarından azad edilib. Sozcu.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikası Energetika Nazirliyinin təsdiqedici sənədlərinə əsasən iri neft emalı zavodlarının (xam neft üzrə illik emal gücü 3 milyon tondan az olmayan) yenidən qurulması layihələri çərçivəsində ölkəyə gətirilən avadanlıqlar və materiallar – 2023-cü il yanvarın 1-dən 2 il müddətinə gömrük rüsumlarından azad edilib.

12 il sonra barışdılar

Türkiyəli müğənni Mustafa Sandal həmkarı Gülbən Ərgənlə arasındakı küslüyə son qoyub. Sozcu.az "qafqazinfo"ya istinadən xəbər verir ki, onlar 12 ildən sonra barışıblar.  Sandal "Barışmaq üçün sənə böyük bir qutu göndərdim. Onun içində bir daş, daşın içində isə sənə hədiyyə etdiyim mahnı sözləri var. O daşın mənası odur ki, mənimlə küsülü qalsan başını daşdan-daşa vurarsan", - deyərək Gülbən Ərgənlə barışıq yolunda addım atıb. Xatırladaq ki, M.Sandal müğənnidən "Başrolde Aşk" filmində rol almasını istəyib, o isə rədd cavabı verdiyi üçün münasibətləri pozulub.

“Instagram”dan çoxdan gözlənilən yenilik - Çılpaq şəkilləri...

"İnstagram" istifadəçilərini yad adamlardan gələn şəxsi mesajlardakı arzuolunmaz şəkil və videolardan qorumaq üçün yeni funksiya işə salınıb. Sozcu.az oxu.az-a istinadən bildirir ki, bu barədə "TechCrunch" məlumat verib. İndi izləyiciniz olmayanlara limitsiz sayda sorğu göndərmək əvəzinə onlara yalnız bir mesaj göndərmək mümkün olacaq. Və yalnız həmin şəxs söhbətə dəvəti qəbul etdikdən sonra mesaj göndərməyə davam etmək olacaq. Bundan əlavə, sorğular indi yalnız mətnlə məhdudlaşır və bu o deməkdir ki, sizi izləyiciniz olmayan birinə yalnız söhbət dəvətini qəbul etdikdən sonra şəkillər, videolar və ya səsli mesajlar göndərə bilərsiniz. "İnstagram"dan qeyd edilib ki, bu yeni məhdudiyyətlər sayəsində insanlar izləmədikləri istifadəçilərdən artıq arzuolunmaz şəkillər və ya videolar almayacaq və yad insanlar onlara təkrar mesajlar göndərə bilməyəcəklər. "Biz istəyirik ki, insanlar mesajlarını açarkən əminlik və nəzarət altında olduqlarını hiss etsinlər", - deyə "Meta"nın Qadın təhlükəsizliyi şöbəsinin rəhbəri Sindi Sautvort bildirib.

ÜST-dən yoluxucu xəstəliklə bağlı qorxunc açıqlama

İlin əvvəlindən vəba xəstəliyinə yoluxma halları 25 ölkədə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 9 ölkə artıb. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Vəba xəstəliyinin gələcəkdə yayılma riskinin çox yüksək olduğunu bildirən ÜST informasiya bülletenində qeyd edib ki, ilin əvvəlindən iyulun 15-dək ən azı 25 dövlət vəba xəstəliyinə yoluxma halları barədə məlumat verib. Ötən ilin müvafiq dövrü ərzində vəba xəstəliyinə yoluxma halları 16 ölkədə qeydə alınmışdı. "Yoluxma hallarının sayının artmasını və coğrafi yayılmasını, vaksin və digər resursların çatışmazlığını nəzərə alaraq, ÜST qlobal səviyyədə riskin çox yüksək olduğunu qiymətləndirməkdə davam edir", - deyə Təşkilatın Cenevrə mənzil-qərargahından bildirilib. Qeyd edək ki, vəba vibrionların (vəba törədicisi) səbəb olduğu xüsusilə təhlükəli yoluxucu xəstəlikdir. Bağırsaq infeksiyası, sərt və şiddətli ishal ilə müşahidə edilir. Bu xəstəlik üçün güclü zəhərlənmə, qusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir. Vəba xəstəliyində ölüm halları yüksəkdir. Günəş işığı bu törədicilərə məhvedici təsir göstərir. Vibrion qaynadıldıqda, habelə xlorlu əhəng və xloramin məhlulunun təsirindən tez məhv olur.

Oğurladığı kartla alış-veriş edən şəxs saxlanılıb

Gəncədə oğurladığı kartla alış-veriş edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sozcu.az-a verilən xəbərə görə, avqustun 3-də Gəncə şəhərində “Mercedes” markalı bir avtomobildən bank kartının oğurlanması və alış-veriş etməklə həmin kartla 99 manat dəyərində ödəniş edilməsi barədə polisə məlumat daxil olub. Gəncə ŞBPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Elcan Nəcəfov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Ərdoğan Körfəz ölkələrinə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqust ayında Körfəz ölkələrinə səfərə çıxmağı planlaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə “CNN Turk” məlumat yayıb. Bildirilib ki, Rəcəb Tayyib Ərdoğanın avqust ayında Bəhreyn, Oman, Küveyt və İraqa səfər edəcəyi gözlənilir. İnfomasiyaya əsasən, Rəcəb Tayyib Ərdoğan “Böyük-20”liyin (“G-20”) sentyabrın 9-10-da Hindistanda keçiriləcək sammitində, sentyabrın 18-19-da isə ABŞ-a səfər edərək BMT Baş Assambeyasının sessiyasında iştirak edəcək. Məlumata görə, sentyabr ayında onun Almaniyaya səfəri də planlaşdırılıb. Xatırladaq ki, o, bir müddət əvvəl Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər edib. BƏƏ-də 50,7 milyard dollar dəyərində 13 müqavilə imzalanıb.

Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edir

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edir. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Hərbi pilotların ən müasir trenajorlarda uçuş vərdişləri məşq etdirildikdən, eləcə də heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra praktiki uçuşlar həyata keçirilir. Ssenariyə əsasən Su-25ML, Su-25 və MiQ-29 tipli təyyarələr müəyyən edilmiş marşrutlar üzrə gecə məhdud görmə şəraitində və gündüz vaxtı havaya qalxma, yerə enmə, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra edirlər. Həmçinin, təlim-məşq uçuşlarında gənc hərbi pilotlar L-39 təyyarələrində uçuş vərdişlərini təkmilləşdirirlər. Hərbi pilotların döyüş hazırlığının inkişaf etdirilməsi məqsədilə keçirilən təlim-məşq uçuşları zamanı qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilir.

Litva Ukraynaya NASAMS raket sistemləri verəcək

Litva Ukraynaya NASAMS hava hücumundan müdafiə sistemləri verəcək. Sozcu.az xəbər verir ki, bu barədə Litvanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bundan əlavə yardım paketinə andidron ləvazimatları, çarpayılar və digər ləvazimatlar daxil olacaq. Qeyd edək ki, daha əvvəl Almaniya da Ukraynaya yeni hərbi texnika tədarük edib. Siyahıya əsasən, Ukraynaya son bir həftə ərzində iki minatəmizləmə tankı təhvil verilib. Həmçinin T-72 tankları üçün 11 mina əleyhinə avadanlıq gətirilib.

Ukrayna dronları Kerç boğazında Rusiyanın daha bir gəmisini vurdu

Avqustun 5-nə keçən gecə pilotsuz təyyarələr Rusiya bayrağı altında üzən tankerə hücum edib.  Sozcu.az xəbər verir ki, Novorossiysk Dəniz Xilasetmə Koordinasiya Mərkəzindən TASS-a verilən məlumata görə, tankerin yanacağı dağılmayıb. Tankerin özünə zərər dəydiyi dəqiqləşdirilir - maşın otağı zədələnib. Gəmidə 11 nəfər var. İtki olmayıb, ekipaj gəmidən çıxarılmayıb. Hadisə yerinə iki yedək gəmisi gəlib, lakin yedəkləmə məsələsi hələ də həllini tapmayıb. Telegram kanallarında və sosial şəbəkələrdə buna qədər partlayışlar barədə məlumat verilib. Onların Krım körpüsü yaxınlığında baş verdiyi iddia edilsə də, Krım səlahiyyətliləri körpüyə hücum edilmədiyini bildiriblər. Sonradan məlum olub ki, zədələnən Rusiya tankeri "Sig”dir. Novorossiysk Dəniz Xilasetmə Koordinasiya Mərkəzi gəminin adını dəqiqləşdirməyib.

Müsavatın yeni başqanı kim olacaq? - Qurultaya hazırlıq başladı

Müsavat Partiyasının Qurultayı yaxın zamanlarda keçiriləcək. Partiyanın Nizamnaməsinə uyğun olaraq növbəti qurultay keçirilməlidir.  Bu sözləri Yenisabah.az-a açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib. G. Aslanlı bildirib ki, partiyanın ötən məclisində Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb və rayon təşkilatlarının nümayəndəlikləri seçildikdən sonra Qurultayın vaxtı haqqında Müsavat Partiyanın Məclisi, yaxud Divanı qərar verə bilər. Müsavat funksioneri partiyanın hazırkı başqanı Arif Hacılının növbəti qurultayda yenidən başqanlığa namizədliyini irəli sürmək hüququnun olmadığını qeyd edib: “Nizamnaməyə uyğun olaraq Arif Hacılı artıq üçüncü dəfə namizədliyini irəli sürə bilməz. Amma kimlərin namizəd ola biləcəyi haqqında indidən fikri söyləmək xeyli çətindir, lakin Arif Hacılıdan başqa Müsavat Partiyasının istənilən üzvünün yeni qurultayda öz namizədliyini irəli sürmək hüququ var”.  G. Aslanlı İsa Qəmbərin yenidən Müsavat başqanlığına namizəd olacağı haqda xəbərləri şərh edərək bildirib ki, kimin namizəd olacağını indidən söyləmək mümkün deyil: “Rayon təşkilatlarında yığıncaqlar keçirildikdən sonra qurultay olacaq. Partiya üzvlərinə vaxt verilir ki, onlar öz namizədlərini irəli sürə bilsinlər. Onda artıq kimlərin namizəd olacağını deyə bilərik”. Xatırladaq ki, mediada gedən məlumatlara görə, 28 sentyabr 2014-cü ildən partiyaya rəhbərlik edən Arif Hacılının sədr vəzifəsindən getməsindən sonra Müsavatın başına yenidən İsa Qəmbərin keçəcəyi iddia olunur. Müsavat liderinin aktiv siyasətə qayıdacağı ilə bağlı son zamanlar bir sıra siqnallar da partiya rəsmiləri tərəfindən verilib.