Müsavat bələdiyyə seçkilərilə bağlı qərar verdi

Dekabrın 2-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə görülən işlər müzakirə olunub. Məclisin komissiya sədrlərinin iştirakı ilə keçirilən toplantılar barədə məlumat verilib.

Partiyanın Nizami rayon təşkilatının yığıncağı və keçirilən seçkilər haqda məlumat dinlənilib.

Yanvarın 29-na təyin olunan bələdiyyə seçkiləri ilə bağlı müzakirə aparılıb. Divan Müsavat Məclisinin son sessiyada ona verdiyi səlahiyyətləri rəhbər tutaraq seçkilərdə öz namizədləri ilə iştirak etmək, namizədlərin irəli sürülməsi səlahiyyətlərini partiyanın rayon təşkilatlarına həvalə etmək haqqında qərar qəbul edib. Prosesə ümumi nəzarət Divan tərəfindən həyata keçiriləcək.

Dekabrın 7-də saat 11:00-da Məclisin sessiyasının keçirilməsi qərara alınıb.

Müsavat Partiyası AXCP sədri Əli Kərimliyə qarşı qurulan əsassız məhkəmə prosesinə gələn müxalifət fəallarının saxlanmasını, onun özünün 1500 manat cərimələnməsini insan haqlarının kobud şəkildə pozulması kimi qiymətləndirir.

İclasda həmçinin müxalif siyasətçi Azər Qasımlı və jurnalist Samirə Qasımlının ölkədən çıxışına qanunsuz qadağa qoyulması, həbsdə olan AbzasMedia əməkdaşlarına qarşı təzyiqlər pislənilib. Müsavat Partiyası ölkədə represiyalara son qoyulmasını və bütün siyasi məhbusların azad olunmasını bir daha tələb edib.

İclasda həmçinin Gürcüstanda cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparılıb. Müsavat Partiyası gürcü xalqının demokratiya və avrointeqrasiya uğrunda mübarizəsini dəstəkləyir, dinc etirazçılara qarşı zorakılıqları qətiyyətlə pisləyir.

Sonda cari məsələlər müzakirə olunub.

Share on Facebook