Arif Buzovnalı vəfat etdi

Şair, qəzəlxan Arif Buzovnalı vəfat edib. Sozcu.az xəbər verir ki, bununla bağlı Apa-ya mərhumun yaxınları məlumat verib. Bildirilib ki, o bu gün yaşadığı evdə dünyasını dəyişib. Qeyd edək ki, A.Buzovnalının 53 yaşı var idi.

Yanğında xəsarət alanların vəziyyəti açıqlandı

Noyabrın 21-də Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında baş verən yanğın hadisəsi səbəbilə Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə tüstüdən zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunan 27 nəfərdən 20-nə (13-ü kişi, 7-si qadın) zəruri tibbi xidmətlər göstərilib. Bu barədə Sozcu.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Qeyd edilib ki, vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar. Bildirilir ki, hazırda 7 nəfərin (5-i qadın, 2-si kişi) müalicəsi Toksikologiya şöbəsində davam etdirilir. Onlardan 6 nəfərin vəziyyəti orta ağır, 1 nəfər azyaşlının vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Tramp “dəli” adlandırdığı müsəlman merlə görüşdü

ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkun seçilmiş meri Zöhran Mamdani ilə görüşüb. Sozcu.az-ın məlumatına görə, Tramp bildirib ki, Ağ Evdə baş tutan görüş onun üçün “xoş sürpriz” olub. Tramp buna qədər Mamdanini sərt tənqid etsə də, iki tərəfin bir çox əsas məsələlərdə mövqelərinin üst-üstə düşdüyünü deyib. “Kriminalın olmamasını, mənzillərin tikilməsini və kirayələrin azalmasını istəyir. Bunların hamısı ilə razıyam”, - ABŞ Prezidenti qeyd edib. Tramp, həmçinin Mamdani ilə “birlikdə işləyəcəyini” vurğulayıb.  Donald Tramp daha əvvəl Mamdani mer seçilərsə Nyu-Yorkun maliyyələşdirilməsini məhdudlaşdırmaqla hədələsə də, indi bu fikrindən daşındığını deyib: “Mən ona kömək edəcəyəm, zərər vurmayacağam. Nyu-Yorkun böyük olmasını istəyirəm”. 34 yaşlı Zöhran Mamdani Nyu-York tarixində ilk müsəlman mer və son yüz ildə şəhərə rəhbərlik etmiş ən gənc siyasətçi olub. Onun seçki qələbəsini Tramp “kiçik suverenlik itkisi” kimi qiymətləndirmiş, həmçinin Mamdanini “yüz faiz kommunist dəlisi” adlandırmışdı.

Azərbaycanda 4 nazirlik ləğv edilə bilər?

Azərbaycanda dövlət aparatının böyüməsi və idarəetmə mexanizminin səmərəliliyi son illərdə ən çox müzakirə edilən məsələlərdəndir. Dövlət idarəçiliyinin yenilənməsi və müasirləşdirilməsi artıq dövrün obyektiv tələbidir. Ötən illərdə bu istiqamətdə xeyli işlər həyata keçirilib və optimallaşdırma nəticəsində həm dövlətin yükü azalıb, həm də lazımsız xərclərdən qənaət edilib. Ancaq sürətlə dəyişən iqtisadi-regional mühit, rəqəmsal transformasiya və dövlət xidmətlərinə artan gözləntilər idarəetmə mexanizmlərinin daha yeni mərhələyə keçməsini zəruri edir. Müasir dövlət modeli çevik qərarvermə, səmərəli resurs bölüşdürməsi və vətəndaş məmnunluğunu prioritetə alan struktur tələb edir. Hazırkı idarəetmə sistemində müxtəlif nazirliklər, komitələr, agentliklər və publik hüquqi şəxslər geniş spektrdə fəaliyyət göstərir. Bu qurumlar uzun illər ərzində formalaşmış inzibati mexanizmin tərkib hissəsinə çevrilib. Lakin qlobal təcrübə göstərir ki, dövlət aparatının yığcamlaşdırılması, paralel funksiyaların optimallaşdırılması və strukturun sadələşdirilməsi idarəçiliyin daha çevik olmasına, qərarların daha operativ şəkildə icrasına şərait yaradır. Qeyd edək ki, hazırda ölkədə 17 nazirlik fəaliyyət göstərir. Bundan başqa 7 komitə, bir neçə dövlət xidməti, agentlik, xidmətlər və onlarla publik hüquqi şəxs var. Dövlət qurumlarının fəaliyyət istiqamətlərinə yenidən baxılması, funksional yanaşmanın gücləndirilməsi və strukturun dövrün çağırışlarına uyğunlaşdırılması islahat gündəminin əsas mövzularından biridir. Təsadüfi deyil ki, ötən aylarda mətbuatda da islahatların başlayacağı, bir sıra qurumların ləğv ediləcəyi və birləşdiriləcəyi barədə xəbərlər yayılıb. Təklif olunan islahatlardan biri Dövlət Gömrük Komitəsinin və Dövlət Vergi Xidmətinin Maliyyə Nazirliyinin tərkibində birləşdirilməsidir. Bu praktika dünyanın bir çox ölkəsində tətbiq olunan müasir fiskal modeldir. Bu yanaşma gəlirlərin vahid mərkəzdən idarə edilməsinə, vergi və gömrük məlumat bazalarının inteqrasiyasına və büdcə planlamasının daha dəqiq aparılmasına imkan verir. Eyni zamanda, sahibkarların dövlətlə işləməsini sadələşdirir, paralel inzibati prosedurları aradan qaldırır və fiskal nəzarətin şəffaflığını artırır. Bu birləşmə, ümumilikdə, dövlətin gəlir siyasətini daha çevik və səmərəli edə bilər. Fövqəladə Hallar Nazirliyinin strukturunun optimallaşdırılaraq icra yönümlü dövlət xidmətinə çevrilməsi ilə bağlı təkliflər də son illər müzakirələrdə tez-tez səslənir. Ekspertlər bildirirlər ki, qurumun əsas funksiyaları, yəni yanğınsöndürmə, axtarış-xilasetmə, fövqəladə halların idarə olunması daha çox operativ icra xarakteri daşıdığından, nazirlik statusunun saxlanması əlavə inzibati yük yaradır. Bu model xidmətin çevikliyini artıra, qərarların qəbulunu sürətləndirə və resursların daha məqsədyönlü istifadəsinə şərait yarada bilər. Səhiyyə Nazirliyinin, səhiyyə ilə bağlı digər dövlət qurumlarının sosial blok üzrə vahid idarəetmə mexanizminin formalaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə birləşdirilməsi və yeni ad altında fəaliyyət göstərməsi ilə bağlı fikirlər də son dövrlər müzakirələrdə geniş yer tutur. Sosial müdafiə, səhiyyə xidmətləri və həssas qruplarla bağlı siyasətin eyni mərkəzdən idarə olunması daha sistemli yanaşma yarada, paralel icra mexanizmlərini azaltmaqla vətəndaş müraciətlərini sadələşdirə bilər. Bu birləşmə “vahid sosial siyasət” modelinin qurulmasına və resursların daha effektiv bölüşdürülməsinə imkan verə bilər. Eyni yanaşma mədəniyyət və idman sahələrində də keçərlidir. Mədəniyyət, Gənclər və İdman Nazirliklərinin bir çətir altında birləşdirilməsi həm büdcə xərclərini azalda, həm də idarəçilik funksiyalarını asanlaşdıra bilər. Energetika və İqtisadiyyat nazirliklərinin birləşdirilməsi iqtisadi siyasətin vahid strateji mərkəzdən idarə olunmasını təmin edə, Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birləşdirilməsi isə torpaq, su ehtiyatları, meşə fondu, təbiətdən istifadə kimi sahələrdə daha balanslı idarəetmə yarada bilər. Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin AZCON-nun tərkibində olmaması ciddi maraq və heyrət doğuran məsələdir. Bu qurumun niyə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində deyil, sualına cavab vermək asan deyil. Dövlət komitələri, agentliklərin perspektivdə gözlənilən islahatların hədəfində olması isə qaçılmaz görünür. Müzakirə olunan struktur dəyişiklikləri dövlət aparatının daha müasir, çevik və funksional modelə uyğunlaşdırılması istiqamətində atıla biləcək addımlar hesab edilir. Bu təkliflər əsasən Azərbaycanda nazirliklərin sayı 13-ə enə bilər. Qurumların birləşdirilməsi, paralel funksiyaların azaldılması və idarəetmənin sadələşdirilməsi həm resursların daha səmərəli istifadəsinə, həm də xidmətlərin və qərarvermənin sürətlənməsinə imkan yarada bilər. Bu cür yanaşma gələcəkdə dövlət idarəçiliyinin modern standartlara uyğun inkişafı üçün yeni imkanlar açır və idarəetmədə daha sistemli yanaşmanın formalaşmasına şərait yaradır. İstəsək də, istəməsək də dünya boyunca yaranan maliyyə böhranı, yeni yanaşmalar bu islahatları qaçılmaz edəcək.MODERN)

Repetitorluq ləğv edilir? - Şagirdlər universitetə məktəblərdə hazırlaşacaq

Azərbaycanda təhsil sisteminin mahiyyəti və onun gələcək real məqsədləri ilə bağlı geniş müzakirələr aparılmaqda davam edir. Elm və təhsil naziri Emin Əmrullayevin ötən gün “Diqqət mərkəzi” verilişində səsləndirdiyi fikirlər bu mövzunu yenidən gündəmə gətirib. Nazir bildirib ki, təhsilin əsas məqsədi uşaqları yalnız ali məktəbə qəbul imtahanına hazırlamaqdan ibarət olmamalıdır. Onun sözlərinə görə, hazırkı təhsil modelimiz çox vaxt “yarış” üzərində qurulur və bu da repetitorluğun geniş yayılmasına gətirib çıxarır. “Yeni yanaşmanın hədəfi isə məktəbin özündə elə müəllimlərin dərsdən sonra şagirdlərlə çalışmasını təmin etməklə öyrənməni mərkəzə çəkmək, əlavə hazırlıq asılılığını azaltmaqdır. Bu islahatların əsas ideyası odur ki, dövlət müəlliminə etibar etdiyi şagirdin öyrənməsi birbaşa məktəbdə təmin olunsun və təhsilin dəyəri yalnız qəbul nəticələri ilə ölçülməsin”,- deyə nazir qeyd edib. Modern.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, artıq demək olar, bu istiqamətdə pilot layihə olaraq bəzi təhsil müəssisələrində prosesə başlanılıb: “Burada başlıca məqsəd yuxarı sinif şagirdlərinin, yəni 10-11-ci siniflərin vahid bir məktəbdə cəmləşdirilərək onların hazırlıq prosesinin formalaşdırılması və həyata keçirilməsidir. Sözügedən modelə əsasən, şagirdlər həm ümumi təhsil proqramı üzrə dərslərini keçirlər, eləcə də ali təhsil istiqamətində qəbul imtahanlarına sistemli şəkildə hazırlaşa bilməsinə imkan verəcək”. Ekspertin sözlərinə görə, məsələn, bir qəsəbə və ya rayonda 4-5 məktəb varsa, onlardan biri məhz bu məqsədlə seçilir: “Həmin məktəbdə yalnız 10-11-ci sinif şagirdləri tədrisə cəlb olunur və digər məktəblərin yuxarı sinif şagirdləri də ora mərkəzləşdirilir. Qalan 3-4 məktəbdə isə ümumitəhsil pilləsi üzrə, o cümlədən ibtidai təhsil tədris olunur. Xüsusi ayrılmış məktəbdə isə müəllimlər tərəfindən 10-11-ci siniflərin tədris proqramına daxil olan fənlərlə yanaşı, abituriyentlərin ali məktəblərə hazırlığı da həyata keçirilir. Bütün bunlar dövlət büdcəsi hesabına qarşılanır”. E.Əfəndi onu da əlavə edib ki, nazirin qeyd etdiyi kimi, növbəti illərdə bu formatda müəyyən dəyişikliklərin olması da mümkündür: “Əsas məqsəd repetitorluğun azalmasıdır. Çünki əgər hər hansı müəllim təhsil müəssisəsinə yalnız şagird toplamaq niyyəti ilə, 5-6 saat dərs demək üçün gəlirsə, bu, peşəkarlıqla uzlaşmır. Belə müəllimlər prosessdən kənarlaşdırılmalı, onlar repetitor fəaliyyəti ilə məşğul olmaq istəyirlərsə, bunu məktəbdən kənarda həyata keçirməlidirlər. Təhsil müəssisələrində isə məhz peşəsini sevən, müəllimliyə hörmətlə yanaşan, auditoriyada şagirdlərin öyrənməsinə həqiqi maraq göstərən şəxslər çalışmalıdırlar. Qarşıdakı illərdə atılacaq addımlar da bu məqsədə xidmət edəcək”. O, həmçinin vurğulayıb ki, effektiv nəticələrə gəldikdə, əlbəttə ki, müsbət nəticələr olacaq: “Əvvəla, valideynlər əlavə maliyyə yükündən azad olacaqlar, çünki hazırda repetitorlara ayda minimum 400-500 manat, maksimum isə 1500-2000 manatadək ödəniş olunur. Bu hazırlıq prosesinin dövlət tərəfindən məktəbdə həyata keçirilməsi həm ailələr üçün böyük dəstək olacaq, həm də abituriyentlər seçdikləri istiqamətlər üzrə daha sistemli şəkildə hazırlaşacaqlar. Bu da məktəb mühitinə və tədrisin keyfiyyətinə müsbət təsir göstərəcək”,- deyə ekspert qeyd edib.

Cümşüd Nuriyev Vəhdət Partiyasından çıxarıldı

Vəhdət Partiyasının MNTK-sı Cümşüd Nuriyevin partiyadan xaric edilməsi barədə qərar qəbul edib Vəhdət Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyasına (MNTK) Partiyanın Baş Məclisinin sədri Tahir Kərimlinin rəsmi müraciəti daxil olub. Müraciətdə özünü sədr müşaviri kimi təqdim edən Cümşüd Qurban oğlu Nuriyevin 20 noyabr 2025-ci il tarixində sosial şəbəkələrdə Tahir Kərimlini ağır şəkildə təhqir etməsi ilə bağlı tədbir görülməsi xahiş edilib. Komissiya müraciətə baxaraq müəyyən edib ki, Cümşüd Nuriyev Partiya rəhbərliyinə qarşı etikadan kənar ifadələr işlətməklə və paylaşdığı səs yazısını qəsdən mənfi şəkildə təqdim etməklə Vəhdət Partiyasının Nizamnaməsini ciddi şəkildə pozub. Həmçinin qeyd olunub ki, onun müraciətdən 12 gün sonra bu addımı atması məqsədli xarakter daşıyır. MNTK yekdilliklə qərara gəlib ki, Partiyaya yeni qəbul edilmiş Cümşüd Nuriyevin fəaliyyəti dağıdıcı xarakter daşıdığı üçün o, Vəhdət Partiyasının Nizamnaməsinin müvafiq maddələrinə əsasən Partiya sıralarında qala bilməz. Komissiyanın qərarına əsasən: 1. Cümşüd Qurban oğlu Nuriyev Vəhdət Partiyasının üzvlüyündən xaric edilib.  2. Qərar icra üçün Partiyanın Baş Məclisinə, məlumat üçün Partiya sədrinə göndərilib. 3. Cümşüd Nuriyevin qayda pozuntusunu Partiyadan kənar məkanda törətdiyi nəzərə alınaraq qərarın həmin məkanda dərc olunması qərara alınıb.  Qərar MNTK sədri Ehtibar Səmədov və MNTK katibi Qərinə Balayeva tərəfindən 21 noyabr 2025-ci ildə imzalanıb.

Sanksiyalar çox güclüdür, yaxın vaxtda... - Tramp

Sanksiyalar çox güclüdür, Rusiya neftinin satışını ciddi şəkildə çətinləşdirəcək. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Rusiyaya sanksiyalar tətbiq edəcəyini açıqlayarkən deyib. O, sanksiyaların çox yaxın vaxtda qüvvəyə minəcəyini qeyd edib.

Faciə qurbanı olan Emil hərbi xidmətdən yeni gəlibmiş

Bakıda Emil Cəmil oğlu Quliyev (2005), Əkbər Zeynalov (2007), Cavidan Muradov (1998) və Eltac Əliyev elektrik cərəyanı vurması nəticəsində həlak olublar. Sozcu.az bildirir ki, dünyasını dəyişənlərdən biri Emil Quliyev Hacıqabul rayonun Axtaçı-Şirvan kəndindəndir. Bir müddət əvvəl hərbi xidmətdən gələn Emil Quliyev bir neçə gün əvvəl işləmək üçün Bakıya gəlib.  Binəqədi rayonu Biləcəri qəsəbəsində "Lake Hotel” restoranına ofisant kimi işə düzəlibmiş. Qeyd edək ki, rəsmi məlumatlarda həlak olanlardan biri Cəmil Quliyev kimi təqdim olunub. Amma əslində o, Emil Quliyevdir və Cəmil həmin şəxsin atasının adıdır. (Mənbə: qaynarinfo)

Bakıda yaşayış binasındakı yanğına görə cinayət işi açıldı

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədər Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Yanğının baş vermə səbəbinin müəyyən olunması məqsədilə müvafiq istintaq hərəkətləri keçirilməklə ekspertizalar təyin olunub. Hadisə nəticəsində əmələ gələn tüstüdən 3 nəfər boğularaq ölüb, azı 20 nəfər isə zəhərlənib. Zəhərlənmiş şəxslər hospitalizasiya olunub, hazırda vəziyyətləri qənaətbəxşdir və onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir. Faktla bağlı Baş Prokurorluqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Yasamaldakı yanğında ölənlərin ikisinin kimliyi məlum oldu

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın nəticəsində ölənlərin ikisinin kimliyi məlum olub. Sozcu.az Report-a istinadən xəbər verir ki, onlar - 2018-ci il təvəllüdlü Arzu Əli qızı Qənbərli və 1983-cü il təvəllüdlü Samir Kamal oğlu Məmmədovdur. Qeyd edək ki, yanğın nəticəsində 3 nəfər ölüb, təcili tibbi yardım briqadası tərəfindən 15 nəfərə ilkin tibbi xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Ümumilikdə 20 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

Qurbanov "Napoli" ilə oyundan danışdı: Yaxşı nəticə...

Hazırlaşırıq. Yaxşı mübarizə aparmağa çalışacağıq. Yaxşı nəticə əldə etməyi çox istəyirik. Sozcu.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Napoli” ilə keçiriləcək oyunu şərh edərkən deyib. 53 yaşlı mütəxəssis “Napoli” ilə oyunda əsas heyətlə bağlı ünvanlanan suala cavabında bildirib: “Hər şey ola bilər. Qarşıdakı günlərdə baxacağıq”. Qeyd edək ki, "Qarabağ" noyabrın 25-də Çempionlar Liqasının Liqa mərhələsinin V turunda İtaliyada "Napoli"nin qonağı olacaq.

Ukrayna xalqı mübarizəsini davam etdirir, təslim olmayacaq – Zelenski

21 noyabr Ukraynanın Müstəqilliyi günüdür.  Sozcu.az Ukrayna mediasına istinadən yazır ki, Prezident Volodimir Zelenski bu günlə əlaqədar şəhidlərin xatirəsini yad edib. O çıxışında qeyd edib ki, Rusiya ilə qonşuluq şəraitində azadlıq və demokratik dəyərləri qorumaq çətindir. “Bununla belə, Ukrayna xalqı mübarizəsini davam etdirir, təslim olmayacaq. Ukraynanın yaşaması və inkişafı üçün biz tarixi idarə edəcəyik”.

Bakıda dəhşət - 4 ofisiantı “tok” vurub ÖLDÜRDÜ

Bu gün paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində faciəvi hadisə baş verib. Sozcu.az xəbər verir ki, Binəqədi şosesində yerləşən “Lake Hotel” restoranının yaxınlığında oranın 4 əməkdaşı cərəyan vurması nəticəsində vəfat edib. “Azərişıq” ASC-dən bildirilib ki, hadisə baş verən həmin 35 kV-luq özəl xətt 2007-ci ildə istifadəyə verilib: “Həmin yüksəkgərginlikli xətt özəl şirkətə məxsus olduğu üçün “Azərişıq” ASC-nin balansında deyil”. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. (Mənbə: qafqazinfo)

Umerov sülh planından bu bəndi çıxartdı

Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov müharibəyə son qoymaq üçün sülh müqaviləsi layihəsinin 28 bəndindən birinə əhəmiyyətli dəyişikliklər edib. Sozcu.az xəbər verir ki, bu barədə Qərb mediası ABŞ-ın yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb. “Əvvəlcə sənəddə Ukraynaya daxil olan bütün beynəlxalq yardımların auditinin aparılması tələbi var idi. Bu formul mümkün korrupsiya pozuntularını müəyyən etmək məqsədi daşıyırdı. Lakin layihənin yenilənmiş versiyasında bu bənd çıxarılıb. Bunun əvəzinə, bütün tərəflərə müharibə zamanı etdikləri hərəkətlərə görə tam əfv verən bir müddəa təqdim edilib”, - mənbə bildirib.

ABŞ-ın sülh planı: Ukraynaya NATO zəmanəti verilir

ABŞ-ın sülh planına Ukraynaya NATO üzvlərinin verdiyi təhlükəsizlik zəmanətlərinə bənzər zəmanətlərin verilməsi daxildir. Sozcu.az xəbər verir ki, bu barədə “Axios” nəşri əldə etdiyi sənədə istinadla məlumat yayıb. “ABŞ Prezidenti Donald Trampın Ukrayna planına NATO Nizamnaməsinin 5-ci maddəsi əsasında hazırlanmış təhlükəsizlik zəmanətləri daxildir. Layihəyə əsasən, ABŞ və onun Avropa müttəfiqləri Ukraynaya hücumu bütün transatlantik icmaya hücum kimi qəbul etmək və münaqişə baş verərsə, onu müdafiə etmək məcburiyyətində qalacaq”, - məlumatda deyilib. Adı açıqlanmayan bir məmur isə nəşrə bildirib ki, ABŞ administrasiyası planın bu bəndini Ukrayna Prezidenti Vladimir Zelenskinin böyük qələbəsi kimi qiymətləndirir.

Zelenski sülh planını bu tarixdə imzalayacaq

Vaşinqton Ukrayna Prezidenti Vladimir Zelenskinin 27 noyabr cümə axşamı tarixinə qədər Ukraynadakı münaqişənin həlli üçün yeni sülh planının imzalamasını gözləyir. Sozcu.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” qəzeti Ukrayna rəsmilərinə istinadən məlumat yayıb. “ABŞ rəsmiləri Zelenskinin müqaviləni gələn həftə Şükranlıq günündən (27 noyabr - red.) əvvəl imzalayacağını gözləyir ki, o, sülh müqaviləsini bu ayın sonunda Moskvaya təqdim edə bilsin. Onlar bu prosesi noyabr ayının sonuna qədər başa çatdırmaq istəyirlər ki, münaqişənin həllinin bütün mərhələləri 2025-ci ilin dekabr ayına qədər tamamlan“, - məlumatda deyilib.

Nurcanın anası da faciəvi şəkildə ölüb - Detallar

Xəbər verdiyimiz kimi, noyabrın 19-da “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında 2009-cu il təvəllüdlü Nurcan Cəfərova həyatına qəsd edib. 16 yaşlı yeniyetmənin atasının ondan imtina etməsindən sonra belə fikrə düşdüyü bildirilir. Hadisədən sonra isə Nurcanın yaxınları sığınacağa yaxınlaşaraq ona aid əşyaları və pulu götürüblər. Sozcu.az Teleqraf- istinadla xəbər verir ki, Nurcandan geri qalanları götürən şəxs onun ana babası olub. Bu məbləğ isə 100 manat təşkil edib. Həmin pul Nurcanın anasının vəfat etməsinə görə aldığı aylıq müavinətdən geri qalan məbləğ olub. Məlumata görə, Nurcanın anası da o, 7 yaşında olarkən intihar edib. Bu barədə yeniyetmə sığınacaqda olduğu müddətdə məlumat verib. Onu da bildirək ki, Nurcan hadisənin baş verdiyi gün qrip olub. Bu səbəbdən o, dişlərinin müalicəsi üçün həkimə yollanmayıb, şənbə günü gedəcəyini bildirib. Bundan yarım saat sonra isə həyatına qəsd edib. Qeyd edək ki, Nurcanın atası Elşad Cəfərov Rusiyada yaşayır. Uşağın xalası Turanə Həsənova isə müxtəlif səbəblərdən ona qayğı göstərmək istəmədiyini bildirib. Şəmkir Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, Nurcan Cəfərova üçün himayəçi təyin edilə biləcək şəxs müəyyən edilməyib.

İranda hərbçilər daha bir bəlucu qətlə yetirdilər

İranın Hörmüzqan əyalətinin Bəndər-Abbas şəhərində hərbçilər etnik bəlucu qətlə yetiriblər. Sozcu.az xəbər verir ki, bu barədə İranda İnsan Haqları Müdafiəçiləri Qrupu məlumat yayıb. Məlumata görə, hərbçilər avtomobilə atəş açaraq, Mustafa Dehmərde adlı mülki şəxsi öldürüblər. Dehmərdenin qanunsuz yanacaq daşıdığı və hərbi qüvvələrinin dayanma əmrinə tabe olmadığı iddia edilib. Qeyd edək ki, 2024-cü ildə İranın repressiv qüvvələrinin açdığı atəşlər nəticəsində 122 bəluc həlak olub, 114 nəfər isə yaralanıb.

Kimya fabrikində partlayış: 16 ölü

Pakistanın Feysalabad şəhərində yerləşən kimya fabrikində qazanın partlaması nəticəsində 16 nəfər ölüb. Sozcu.az xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb. Bildirilib ki, güclü partlayışdan sonra fabrikdə yanğın başlayıb. Partlayış nəticəsində müəssisənin və yaxınlıqdakı evlərin damları uçub. Hazırda 16 nəfərin cəsədi çıxarılıb, dağıntılar altında insanların qala biləcəyi ehtimalı var. Xilasetmə xidmətləri hadisə yerində işləri davam etdirir.

Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır

Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır. Təəssüflər olsun ki, qlobal informasiya məkanında dezinformasiya, saxta xəbərlər, hibrid təhdidlər, “deepfake”lər, süni intellektin imkanlarından sui-istifadə və digər manipulyasiya halları dayanmadan artmaqdadır. Sozcu.az xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunun iştirakçılarına müraciətində yer alıb. Dövlətimizin başçısı qeyd edib ki, bu amillər ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərməklə yanaşı, bütövlükdə beynəlxalq sabitliyə zərbə vurur və ölkələr arasında etimadı sarsıdır. Bu səbəbdən, D-8 Media Forumunun əsas vəzifələrindən biri – doğru, qərəzsiz, obyektiv və məsuliyyətli informasiya mühitinin qurulması üçün üzv ölkələrin media qurumları arasında etibarlı əməkdaşlığın formalaşdırılmasıdır.

Azərbaycanla sülh an məsələsidir - Ermənistan Prezidenti

Ermənistan Prezidenti Vahan Xaçaturyan hesab edir ki, iki ölkə və xalqlar arasında qarşılıqlı etimad atmosferinin formalaşdırılması Ermənistan və Azərbaycan arasında sülh üçün son dərəcə vacibdir. Sozcu.az xəbər verir ki, Prezident bunu Ermənistan Respublikasının Tavuş rayonunun Kirants kəndində jurnalistlərə verdiyi müsahibədə “iki ölkə arasında sülh prosesinin dönməz bir fakta çevrilməsi üçün İrəvanla Bakın hansı mərhələdə olmalıdır” sualını cavablandırarkən bildirib. “Sülh iki ölkə və xalqlar arasında qarşılıqlı etimad bərpa edildikdə gələcək; bu an məsələsidir. Biz siyasi liderlər olaraq belə bir vəziyyətə nail olmaq üçün siyasi prosesi və hüquqi formulları həqiqətən təmin etməliyik”, - deyə Vahan Xaçaturyan qeyd edib. Onun sözlərinə görə, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı üçün ikitərəfli hüquqi proses artıq formalaşıb və bu prosesin son tamamlanması iki ölkənin vətəndaşları və xalqlarının mövcud olan çətinliklərin öhdəsindən gələ biləcəyi an olacaq. “Bunun nə vaxt baş verəcəyini heç kim deyə bilməz. Əlbəttə ki, biz bunun mümkün qədər tez baş verməsini istərdik, amma iki ölkənin hakimiyyəti sadəcə əlverişli şərait, mümkün qədər çox əlaqə imkanları yaratmalı və bir ölkədə narazılığın yarana biləcəyindən qorxmamalıdır. Etiraf edirəm ki, bunun reallığa çevrilmə ehtimalı yüksəkdir”, - deyə Ermənistan Prezidenti vurğulayıb. Xaçaturyanın sözlərinə görə, bu gün qlobal səviyyədə mövcud olan problemlər bütün ölkələr üçün eynidir və onların həlli birgə səylər tələb edir. “Bu, iqlim, sülh, dünyada baş verən texnoloji dəyişikliklər, süni intellekt və s. ilə bağlı ola bilər - bütün bunlar kollektiv fəaliyyət tələb edir. Hamı bunu qəbul edir və burada özümüzü təcrid etmək mümkün deyil və bu baxımdan qonşularla işləmək daha sadə və daha effektiv olmalıdır”, - deyə Ermənistan Prezidenti vurğulayıb.

Vardanyanın məhkəməsində ifadə verdilər

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi noyabrın 20-də davam etdirilib. Sozcu.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub. Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib. Sonra zərərçəkmiş şəxslərin ifadələri dinlənilib. Zərərçəkmiş şəxslər Anar Cəfərov və Rəşad Abbasov bildiriblər ki, Ağdam rayonunun Mərzili kəndi istiqamətində içərisində olduqları avtomobil düşmən tərəfindən basdırılmış minaya düşüb və partlayış nəticəsində müxtəlif xəsarətlər alıblar. Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkmiş Feyruz Musayev qeyd edib ki, buldozerlə Kəlbəcər rayonunun Zar kəndi yaxınlığında mühəndis işlərini görərkən texnika düşmən tərəfindən pulemyot silahlardan atəşə tutulub. Özü xəsarət almasa da, texnika yararsız hala düşüb. Zərərçəkmiş şəxs İsrail Babayev ifadəsində bildirib ki, o, Kəlbəcər-Zod istiqamətində düşmən təxribatı nəticəsində yaralanıb. Digər zərərçəkmiş şəxs Səfər Qasımov qeyd edib ki, Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan atəşlər nəticəsində bir neçə nəfər həlak olub. Eyni zamanda o, Kamal Cavadlı, Nemət Bağırov, Əmrah Hacızadə və daha bir neçə nəfər müxtəlif növ bədən xəsarətləri alıb. Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavab verən zərərçəkmiş Elgün Talıbov bildirib ki, Ağdərə rayonunun Çərəktar kəndi ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəşlər nəticəsində o və Rövşən Mustafayev yaralanıb. Zərərçəkmiş Müzamil Orucov ifadəsində qeyd edib ki, Kəlbəcər rayonu ərazisində düşmənin müxtəlif çaplı silahlardan açdığı atəşlər nəticəsində xəsarət alıb. Zərərçəkmişlər Maarif Abbasov, Ramiq Həsənov və Rüstəm Rüstəmli ifadələrində bildiriblər ki, onlar Xocalı rayonunun Dağyurd kəndi ərazisində düşmənin təxribatı nəticəsində xəsarət alıblar. M.Abbasov diqqətə çatdırıb ki, düşmən tərəfindən atılan minaatan mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində o və Məhəmməd Kərimov yaralanıb. R.Həsənov isə artilleriya mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət alıb. Yaralandığı ərazidə Sergey Heybətov həlak olub. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş şəxs Vüsal Abbasov qeyd edib ki, düşmənin Xankəndi şəhərindən açdığı snayper atəşi nəticəsində ayağından xəsarət alıb. Zərərçəkmiş Fəqan Vəliyev ifadəsində bildirib ki, Ağdam rayonu ərazisində olarkən üzərində fərqlənmə nişanı olmasına baxmayaraq, içərisində olduğu tibbi yardım maşınının düşmən tərəfindən raket mərmisi ilə vurulması nəticəsində yaralanıb. Əhliyar Muradov qeyd edib ki, Ağdam rayonunda meşəlik ərazidə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılmış minaatan mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində yaralanıb. Zərərçəkmiş Elyas Məmmədli bildirib ki, Xocalı rayonunun Xanabad kəndi ərazisində düşmən tərəfindən atılmış minaatan mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində o, Nazim Ağayev və Rəşmi Hümmətov müxtəlif növ bədən xəsarətləri alıblar. Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş Coşqun Nəsirov qeyd edib ki, Xocalı rayonunun Xanabad kəndi ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəşlər nəticəsində o, Əhliyar Muradov və Elgün İsmayıllı yaralanıblar. Zərərçəkmiş Eldar Hüseynov ifadəsində bildirib ki, Xocalıda Fərrux dağı istiqamətində düşmən tərəfindən atılmış artilleriya mərmisinin partlaması nəticəsində özü daxil olmaqla, bir neçə şəxs yaralanıb, daha bir neçə nəfər isə həlak olub. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş Racib Şükürov isə qeyd edib ki, Xocalı rayonunun Xanabad kəndi ərazisində düşmən tərəfindən atılmış minaatan mərmilərinin yaxınlığına düşüb partlaması nəticəsində o, Xəqani Quliyev və Turan Həsənli xəsarətlər alıblar. Məhkəmə prosesi sənədlərin və cinayət işi materiallarında olan digər sübutların tədqiqi ilə davam etdirilib. Məhkəmənin növbəti iclası noyabrın 21-nə təyin olunub. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Zelenski amerikalı generallarla görüşdü

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın ordu naziri Den Driskoll və digər amerikalı generallarla görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb. “Zelenski artıq Trampın Pentaqondan olan nümayəndəsi ilə görüşüb”, - deyə bildirilib.

Ağcabədidə ağır qəza: ölənlər var

Ağcabədidə yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, bir nəfər ağır xəsarət alıb. Sozcu.az-ın Teleqraf-a istinadən xəbərinə görə, qəza Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Qaradolaq kəndi ərazisindən keçən hissəsində baş verib. "Qazel" markalı yük maşını hərəkətdə olarkən VAZ 21015 markalı minik maşını ilə toqquşub. Nəticədə VAZ-ın sürücüsü 1984-cü il təvəllüdlü Orxan Vəliyev hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər, O.Vəliyevin həyat yoldaşı Türkan Vəliyeva və əmisi oğlu 1972-ci il təvəllüdlü Elsevər Vəliyev Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Dərhal əməliyyata götürülən ağır yaralı E.Vəliyev əməliyyatdan sonra xəstəxanada vəfat edib. Ağır xəsarətlər alan Türkan Vəliyevanın müalicəsi müvafiq şöbədə davam etdirilir. Faktla bağlı araşdırma başlanıb.