Əlimərdan bəy Topçubaşinin həbsxana həyatı yaşadığı Peterburqun "Krestı" həbsxanası

"Krestı" həbsxanasını "Rusiyanın Bastilyası" adlandırırlar. Çoxlu sayda siyasi məhbusun məhbus həyatı yaşadığı bu həbsxana yuxarıdan baxanda xaçlara bənzəyir. Bu səbəbdən məhbuslar buranı rusca cəm şəklində "Кресты" adlandırırlar. 1905-ci il inqilabından sonrakı dövrdə “Xaçlarda” siyasi məhbuslar üstünlük təşkil etməyə başladı.  Onun kameralarında Leon Trotski, Aleksandr Kerenski, Lev Qumilyov, Lev Kamanev, Anatoli Lunçarski kimi simalar məhbus olublar.  Rus Bastilyası "Krestı" həbsxanasının əsası 19-cu əsrin sonlarında Sankt-Peterburqun Vıborq tərəfində qoyulub. Rus əsilli Çexiya memarı Antoniy Osipoviç Tomişkonun layihəsi əsasında 1884-cü ildən 1892-ci ilə qədər tikilib. Əvvəlcə 960 kamerada yerləşdirilməsi planlaşdırılan 1150 məhbus üçün nəzərdə tutulub. Daha sonra tək hücrələr kimi dizayn edilmiş hüceyrələrin sayı 999-a çatdırlıb. Əlimərdan bəy Topçubaşinin "Krestı" həbsxanasında məhbusluq həyatı 1-ci Dumanın sabiq deputatı kimi "Vıborq bəyannaməsi"nə imza atdıqdan sonra məhkəmənin qərarı ilə baş vermişdir. Çar 1905-ci ilin dekabrında Dövlət Dumasına seçkilər haqqında qanun çıxardı. 1906-cı ilin mart-aprel aylarında Bakı və Yelizavetpol quberniyalarında ilk dəfə olaraq Dövlət Dumasına seçkilər keçirildi. Bakı quberniyasından seçilənlərdən biridə Əlimərdan bəy Topçubaşi idi.  Çar hökuməti onun fəaliyyətini tənqid edən inqilabi mövqeli Dumanı 72 gündən sonra qovmuşdur. 1906-cı ilin iyulun 8-də Duma buraxıldı və Kadetlər deputatlara Peterburqdan bir qədər kənarda – Vıborqda toplaşmağı təklif etdilər. Deputatlar Dumanın qovulmasına etiraz edərək 1906-cı il iyulun 9–10-da Vıborqda iclas keçirdilər və "Vıborq müraciətnaməsi"ni qəbul etdilər. Həmin Vıborq çağırışını 6 müsəlman deputatla birgə Əlimərdan bəy Topçubaşov da imzalamış, bu fəaliyyətinə görə 1908-ci ilin yayında üç ay müddətinə "Krestı"də həbsdə saxlanılmışdı. Bu zaman o, "Kaspi" qəzetindəki işindən və Bakı Şəhər Dumasının üzvlüyündən də xaric edilmişdir. Onunla birgə bu sənədə Yelizavetpol quberniyasından deputat seçilmiş İsmayıl Xan Ziyadxanlıda imza atmışdı.  Birinci Dövlət Dumasının keçmiş üzvlərinin iclası 1906-cı il iyulun 9-10-da ( 22-23 iyul ) Vıborqdakı Belvedere mehmanxanasında keçirildi  Dumanın bütün fraksiyalarından təxminən 220 keçmiş deputat iştirak edirdi. "Vıborq bəyannaməsində" bu sözlər qeyd olunmuşdur: Vətəndaşlar!  Xalq təmsilçiliyinin tapdalanmış hüquqlarının müdafiəsinə qalxın, Dövlət Dumasının müdafiəsinə qalxın. Rusiya bir gün belə xalqın təmsilçiliyindən məhrum qalmamalıdır. Buna nail olmaq üçün bir yolunuz var: Hökumətin xalq nümayəndələrinin razılığı olmadan xalqdan vergi toplamaq və ya xalqı hərbi xidmətə çağırmaq hüququ yoxdur. Buna görə də, indi Hökumət Dövlət Dumasını buraxdığına görə, ona nə əsgər, nə də pul verməmək hüququnuz var. May ayının 8-də Əlimərdan bəyi paytaxt polislərinin əhatəsində faytonla “Krestı” həbsxanasına gətirdilər.  Tarixçi Cəmil Həsənli "Tarixi şəxsiyyətin tarixi - Əlimərdan bəy Topçubaşov " kitabında(səh 188) yazır ki, “Krestı” həbsxanasında Əlimərdan bəy təkadamlıq kamerada yatırdı. Məhz özünün yazdığı kimi, o, 1908-ci ilin iyul ayında Osmanlı imperatorluğunda baş vermiş “Gənc türklər” inqilabının qələbəsi haqqında “sevincli xəbəri” də elə həbsxana divarları arasında eşitdi. O, Türkiyədə konstitusiyalı sistemin tətbiqini çox yüksək qiymətləndirir və gənc türklər hərəkatına rəğbətlə yanaşırdı. “İttihad və Tərəqqi” partiyasının 1908-ci ilin yayında qan tökmədən inqilab etməsi tarixin son dərəcə nadir hadisələrindən biri idi. İyul ayının 24-də Türkiyədə Osmanlı millətçiləri konstitusiyanın əldə edilməsinə nail olanda Rusiya Dumasının birinci müsəlman deputatlarının ən qabaqcıl nümayəndələri hələ imperiyanın müxtəlif həbsxanalarında oturmaqda idilər. Həmçinin Cəmil Həsənli öz kitabında( səh189-190) qeyd edir ki, Əlimərdan bəy “Krestı” həbsxanasında dünya tarixinə, ədəbiyyatına və fəlsəfi fikrinə aid son illərdə nəşr olunmuş çoxlu kitab oxumuşdu. O, çox səliqə ilə “Krestı” həbsxanasında mütaliə etdiyi kitabların siyahısını tutmuşdu. Üç ay ərzində onun 50-yə qədər kitab oxuması adamı heyrətə salır. Kitabların mövzu dairəsi çox rəngarəng idi. Burada Avropa tarixindən tutmuş Şərq ədəbiyyatına, xristian təlimlərindən tutmuş islam mədəniyyətinə qədər geniş bir dairə əhatə edilmişdi. Bu kitabların bir hissəsi XX əsrin əvvəllərində müxtəlif Avropa dillərindən rus dilinə tərcümə olunmuşdu və dövrün qabaqcıl ideyalarını özündə əks etdirirdi. Bu kitablar onun maraq dairəsi haqqında aydın təsəvvür yaradır və geniş dünyagörüşündən xəbər verirdi. Onun mütaliə etdiyi kitabların siyahısında S.Arnoldinin “Mədəniyyət və vəhşi tayfalar”, N.Kareyevin “Dünya tarixinin ümumi gedişi”, B.Çiçerinin “Qədim və yeni dünyanın siyasi mütəfəkkirləri”, Arnold Bergerin “Reformasiyanın mədəni vəzifələri”, Veyzerin “Yaponiya bizim günlərimizdə”, fon Ziboldun “Yaponiyada islahatlar”, M.Solovyevin “Polşanın süqut tarixi”, “I Aleksandr və I Napoleon”, “Şərq məsələsi”, “Din və tərəqqi”, B.Pavloviçin “Tatarçılığın qəddar dövrü”, V.Berenştamın “Siyasətə yaxın”, Hüquq uğrunda”, M.Kovalevskinin “Rusiyanın iqtisadi quruluşu”, Şlezingerin “XX əsrin əvvəllərinin qadınları”, Belyavskinin “Köhnə və yeni etiqadlar”, E.Renanın “İisusun həyatı”, “Mark Avreli” və “Apostollar”, Q.Senkeviçin “Tufan” və “Hara gedirsən?”, N.Şelqunovun “Təzadlar ölkəsində. Türküstan”, E.Vodovozovanın “Türklər, bolqarlar, serblər”, R.Qamsunun “Aclıq”, F.Beyerleynin “Yena və ya Sedan?”, E.Reklünün “Hindistan və Hindiçin”, “Ön Asiya: Əfqanıstan, Bəlucistan, İran, Asiya Türkiyəsi və Ərəbistan”, A.Budiloviçin “Özgə xalqların təhsil məsələləri”, V.Çerevanskinin “Müsəlman sünni məzhəblərin işləri üzrə qeydlər”, Q.Lisonkovun “Torpaq məsələsi”, L.Tolstoyun“Torpaq məsələsinin yeganə mümkün həlli”, O.Mirabonun “İşgəncəbağı”, “Sebastian Rok” və “Ev qulluqçusunun gündəliyi”, F.Bred Hartın “Hekayələr”, Cerom Klapka Ceromun novellaları, Qraf Amorinin “Yapon sarayının gizlinləri”, Stendalın “Vaiz”, A.Blokun şeirləri, N.Kareyevin “Yeni tarix”, B.Börnsonun Norveç hekayələri və povestləri, Q.Beloqlovskinin Loris Melikovvə digərləri haqqında xatirələr, M.Qorkinin “Tövbə”, A.Kuprinin povest və hekayələri, İ.Potapenkonun povest və hekayələrinin adları var idi. 1908-ci il avqust ayının 8-də Topçubaşi "Krestı" həbsxanasından azad edilmişdir.  Ceyhun Nəbi 

Paşinyandan Ərdoğanın dördtərəfli görüş təklifinə CAVAB

Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dördtərəfli görüş təklifi ilə bağlı sualını cavablandırıb. Sozcu.az xəbər verir ki, o, belə təkliflərin olduğunu bildirib. "Təkliflər, ideyalar var. Mən onlardan birini xüsusi qeyd etmək istəmirəm. Məsələ burasındadır ki, şərh edəcəyim tək fikir bu deyil", - Paşinyan deyib. Onun sözlərinə görə, görüşlərlə bağlı müxtəlif təkliflər müzakirə olunur. Qeyd edək ki, Ərdoğan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə dördlü formatda görüşün keçirilməsini təklif edib. O, BMT Baş Assambleyasının iclasına getməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib ki, regionla bağlı vəziyyətin müzakirə olunmasında bu regiondan uzaq olan dövlət və hökumət başçılarının deyil, regionda olanların müzakirə etməsi vacibdir. "Biz Rusiya Prezidenti Vladimir Putinin, Azərbaycan Prezidenti İlham Əliyevin, mənim və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə dördlü formatda görüşün keçirilməsini təklif etmişik ki, addımı ona görə ataq. Hələ bizə bu təkliflə bağlı münasibət bildirilməyib. Bu məsələni Azərbaycan Prezidenti İlham Əliyevlə də danışacağıq. Vəziyyəti yaxında izləyəcəyik", - Ərdoğan vurğulayıb.

Paşinyan: Təəssüf ki, Ermənistanla Azərbaycan arasında saziş bağlamaq planım yoxdur

Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, təəssüf ki, Ermənistanla Azərbaycan arasında saziş bağlamaq planı yoxdur. Sozcu.az xəbər verir ki, o, bunu jurnalistlərə açıqlamasında söyləyib. O qeyd edib ki, hələlik Ermənistanın maraqlarına cavab verən razılaşdırılmış sənəd yoxdur: “İrəvanın prioriteti sülh gündəmidir. Nazirlər Kabineti Bakı ilə tez bir zamanda - bu ilin sonuna və ya gələn ilin əvvəlinə qədər barışmaq istəyir”. İntensiv danışıqlar davam edəcək və Paşinyan ümid edir ki, tərəflər məsələnin həllinə gələcəklər.

Səngər qazmaq istəyən ermənilərin qarşısı alındı

Saat 00:55-dən 03:00-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Rusiyanın itkiləri 272 mini ötdü

Ukrayna müharibənin 571-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 272 320 hərbçi, 4620 ədəd tank, 8828 ədəd zirehli döyüş maşını, 6003 ədəd artilleriya sistemi, 776 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 523 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 8537 ədəd avtomobil texnikası, 4742 ədəd PUA, 1455 qanadlı raket, 20 gəmi/qayıq, 1 sualtı qayıq, 896 xüsusi avadanlıq itirib.

Moskvaya PUA hücumu edildi

Gecə saatlarında Moskvaya PUA hücumu olub. Sozcu.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin Teleqram səhifəsində yazıb. Məlumata görə, Moskvaya doğru uçan PUA İstra şəhəri üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Dağıntı və tələfat yoxdur.

Zelenski təslim olsa, Ukrayna olmayacaq - Stoltenberq

Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə uzun müddət davam edəcək və biz buna hazır olmalıyıq. Sozcu.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, bütün müharibələr hər zaman gözləniləndən uzun çəkir, ona görə də Alyans uzun müharibəyə hazır olmalıdır: “Biz hamımız sürətli dünya üçün çalışırıq. Eyni zamanda, dərk etməliyi ki, Prezident Vladimir Zelenski və ukraynalılar döyüşü dayandırsalar, onların ölkəsi mövcud olmayacaq. Prezident Putin və Rusiya silahlarını yerə qoysa, biz sülh əldə edəcəyik”, - Stoltenberq bildirib. NATO baş katibi qeyd edib ki, müharibədən sonra Ukrayna Rusiya təcavüzünə məruz qalmamaq üçün təhlükəsizlik təminatı almalıdır.

Keçmiş alman kolonistlərinin varisləri baba yurdları Şəmkiri ziyarət edib

Şəmkir(Annenfeld) və Çinarlıda( Georgsfeld) yaşamış almanların nəvələrindən bir qrup babalarının yaşadığı Şəmkir şəhəri və Çinarlı qəsəbəsini ziyarət ediblər. Onlar Şəmkir və Çinarlıda babalarından miras qalmış bir sıra məkanlara baş çəkiblər. Səfəri təşkil edən Almaniyada fəaliyyət göstərən "Avrokavkaziya" cəmiyyətinin sədr müavini soydaşımız Dr.Rasim Mirzəyevdir. Onlara ümumi olaraq “Brücke” Azərbaycan-Almaniya mədəniyyət mərkəzinin rəhbəri, tədqiqatçı Ruslan Quliyev və Çinarlı qəsəbəsində isə Georgsfeld Mədəniyyət Klubunun nümayəndəsi Ceyhun Nəbi bələdçilik ediblər. Çinarlı qəsəbəsində babaları yaşamış Violetta Ayxholts xanım babaları Österir Emil və Kühfun Yakobun evini taparaq ziyarət etmişdir.  Sözcü.az

Paşinyandan Moskvaya sərt reaksiya: “Cəhd edin, görün sizi nə gözləyir”

“Sizin və xaç atalarınız üçün bu, 1999-cu il, oktyabrın 27-si deyil (Həmin tarixdə Ermənistan parlamentində terror aktı olub. Ermənistan parlamentinin spikeri Karen Dəmirçiyan, baş nazir Vagen Sərkisyan, vitse-spiker Yuri Baxşyan, operativ məsələlər üzrə nazir Lenard Petrosyan və daha 3 deputat qətlə yetirilib. 7 nəfər yaralanıb, 40-dan çox deputat girov götürülüb-red). Sadəcə, cəhd edin və sizi zəngin asfalt pəhrizi gözləyir”. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətin İrəvan mer seçkilərində müxalifətin hərəkətlərinə mövqeyini açıqlayarkən deyib. Müxalifəti debatdan yayınmaqda ittiham edən Paşinyan deyib ki, debatlarda iştirak etməmək saxtakarın, tiranın, qəsbçinin, qəsdçinin yanaşmasıdır. “Debata gəlməyənlərdən biri İrəvan sakinlərini səs verməyə çağırır. Başqalarını atıb siyasi dueldən qaçmağa təşviq edirsiniz. Mən güllələnmədən danışanlara, İrəvanı qanla almaqdan danışanlara məsləhət görərdim ki, söz ehtiyatlarına yenidən baxsınlar”. O eyni zamanda əlavə edib ki, seçkilərdə debatlar məcburi xarakter almalı, debatlarda iştirakdan imtina edənlərin qeydiyyatı ləğv edilməlidir. 10 noyabr 2020-ci ildən sonra Ermənistanda vəziyyətin indiyədək sabitləşməməsinə də aydınlıq gətirən Paşinyan deyib: “Bilirsiniz, niyə noyabrın 10-dan sonra vəziyyət sabitləşmir? Çünki bəziləri məqsədlərinə çata, bilmədilər. Əslində Ermənistanı diz çökdürmək istəyənlər onlardır. Onlar bu tribunadan müstəqillikdən, suverenlikdən danışanda məhz bunu nəzərdə tuturlar”. /Ölkə.az

Ukrayna ordusu Rusiyanın hərbi bazasını vurdu

Ukraynalı hərbçilər Zaporojye vilayətinin Tokmak şəhərində Rusiyanın hərbi texnika bazasını məhv ediblər. Sozcu.az xəbər verir ki, bu barədə Melitopol meri İvan Fedorov Teleqram kanalında məlumat verib. O, rus işğalçıların və onların texnikasının yerləşdiyi yerə öldürücü zərbə endirildiyini bildirib.

Bakıda 32 yaşlı kişi əvvəlcə döyüldü, sonra bıçaqlandı

09:49 Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, Maştağa qəsəbəsində 1991-ci il təvəllüdlü Əlyar Mirzə oğlu Əsgərov əvvəlcə döyülüb, sonra bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş nahiyəsində kəsilmiş bıçaq yarası diaqnozu qoyulub. Fakt araşdırılır. *** Bakıda 32 yaşlı kişini döyən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verib. Məlumata görə, sentyabrın 15-də Əlyar Əsgərovun döyülərək xəsarət alması barədə polisə məlumat daxil olub. “Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ələsgər Tağıyev müəyyən olunaraq saxlanılıb. İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. Müvafiq ekspertizalar təyin olunub. Hazırda məsələ ilə bağlı araşdırma aparılır”, – məlumatda qeyd olunub.

Hikmət Hacıyev: İrəvan öhdəliklərindən imtina etsə, Bakı alternativ nəqliyyat marşrutları üzərində çalışacaq

Ermənistan öz üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən imtina edərsə, Azərbaycan alternativ nəqliyyat marşrutları üzərində çalışacaq. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev TASS-a müsahibəsində bildirib. Hacıyevin sözlərinə görə, Azərbaycan logistika ehtiyaclarını “Ermənistan hökumətinin şıltaqlığı”na uyğunlaşdırmaq niyyətində deyil və ölkəmiz regional tərəfdaşları ilə birlikdə irəliləyəcək: “İrəvan müxtəlif bəhanələrlə öz öhdəliklərindən imtina edərsə və əgər təcrid olunmuş vəziyyətdə qalmağı davam etdirmək istəyirsə, o zaman Bakı gözləmək fikrində deyil. Regionun digər ölkələri ilə alternativ layihələr üzərində artıq fəal işlər görülür". Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan ardıcıl olaraq regionda bütün nəqliyyat kommunikasiyalarının açılmasının tərəfdarıdır, çünki sıx ticari-iqtisadi əlaqələr regionun sülh, sabitlik və rifahına töhfə verəcək. Bu istiqamətdə irəliləyiş əldə etmək üçün böyük səylər göstərən Rusiyanın mövqeyini Azərbaycan yüksək qiymətləndirir. Hikmət Hacıyev bildirib ki, nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı danışıqlarda müəyyən durğunluq müşahidə olunur. Prezidentin köməkçisi həmçinin əlavə edib ki, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatının müddəalarından biri Zəngəzur dəhlizinin açılmasıdır ki, bu da Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin Ermənistan ərazisindən keçərək təmin edilməsi deməkdir. Bəyanatın bu bəndi, təqribən üç ilə yaxın zaman keçsə də, Ermənistan tərəfindən hələ də yerinə yetirilməyib. “Zəngəzur dəhlizinin açılması ilk növbədə Ermənistanın özü üçün sərfəlidir, hansı ki, bu ölkə Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində 30 ilə yaxın müddət ərzində regionun nəqliyyat və logistika arxitekturasından kənarda qalıb”, - Hikmət Hacıyev vurğulayıb.

İstanbulda güclü zəlzələ 2 dəqiqə davam edəcək - Şok

Mərmərə dənizində ən azı 7 bal gücündə zəlzələ gözlənilir. Sozcu.az xəbər verir ki, bunu türkiyəli akademik, məşhur geoloq Cəlal Şəngör deyib. “Zəlzələnin 2 dəqiqə davam edə biləcəyini düşünürük. Əgər seysmik xətt Silivridən Çekmeceyə qədər qırılarsa, qorxacaq bir şey yoxdur, ancaq seysmik xətt Gebzə sahillərinə qədər uzanarsa, 7,5 bal gücündə zəlzələ meydana gətirər”, - geloq bildirib. Digər türkiyəli geoloq isə zəlzələnin baş vermə tarixindən danışıb: "İstanbula təsir edəcək böyük zəlzələ 2045-ci ildən əvvəl olmayacaq. Mümkün İstanbul zəlzələsinin 2045-ci ildən əvvəl baş verməsi təəccüblü olar".

Rusiyanın itkiləri 272 minə yaxınlaşır

Ukrayna müharibənin 570-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 271 790 hərbçi, 4616 ədəd tank, 8824 ədəd zirehli döyüş maşını, 5988 ədəd artilleriya sistemi, 774 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 521 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 8525 ədəd avtomobil texnikası, 4738 ədəd PUA, 1455 qanadlı raket, 20 gəmi/qayıq, 1sualtı qayıq, 891 xüsusi avadanlıq itirib.

Türkiyənin hava əməliyyatı: 31 hədəf məhv edildi

Türkiyə ordusu İraqın şimalında hava əməliyyatı keçirib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda qeyd edilib ki, sentyabrın 13 və 15-də İraqın şimalında həyata keçirilən hava əməliyyatlarında aralarında məsul terrorçular da daxil olmaqla onların istifadə etdiyi 31 hədəf məhv edilib.

Nuri paşanın atası Hacı Əhməd paşanın dostu - Mövlanə Hacı Məcid Əfəndi Əfəndizadə

XIX əsrin az saylı, sağlam mövqeyli din xadimlərindən biri –Hacı Məcid Əfəndi Əfəndizadə (1829-1908) indiki İsmayıllı rayonunun Diyallı kəndində anadan olub. İstanbulda, Bağdadda, Tiranada dini təhsil alıb, qayıtdıqdan sonra Şamaxı Cümə məscidinin baş imamı, Şamaxı qəza qazisi (sünni), Bakı Quberniya Müsəlman Məclisinin sədri olmuşdur. 1869-cu ildə Seyid Əzim Şirvaninin açdığı "üsuli-cədid" məktəbindən sonra Şamaxıda açılan, yeni tipli məktəblərin açılmasının təşəbüskarı və iştirakçısı olmuşdur. Həsən bəy Zərdabi və Əlimərdan bəy Topçubaşovla yaxın münasibətdə olmuşdur. Mirzə Ələkbər Sabir onun ölümünə iki mərsiyə yazıb, Əhməd bəy Ağaoğlu onu "ustadı-kamil" adlandırıb, Mirzə Cəlil isə Ağaoğlunun Hacı Məcid Əfəndini tərifləməsini "Molla Nəsrəddin" jurnalında istehza ilə qeyd edir (1906, 21 aprel, say 16). Ömər Faiq Nemanzadə isə xatirələrində yazır: " Hacı Məcid Əfəndi Qafqazın ən böyük ruhani alimlərindən biridir. Şirvan mahalında ondan böyük və nüfuzlu kimsə yox idi. Yerli hökumət bir çox işlərdə onun köməyinə möhtac idi. O, istədiyi vaxt məscid, mədrəsə, məktəb tikmət və ya təmir etmək üçün minlərcə manat yığdırardı. Özü Diyallı kəndindən idi. Arabir kənddəki evinə gedərdi...Hacı Məcid Əfəndi yaxşı natiq və psixoloq idi. Yeniliyə, yeni üsula tərəfdar görünürdü..." Nəqşibəndi təriqətinə mənsub idi. Fotoda: Hacı Məcid Əfəndi(ortada),oğlu Süleyman Əfəndi və şagirdi Molla Abdulla Ceyhun Nəbi 

Rusların bir briqadası tamamilə məhv edildi

Rusiyanın Andreyevkadakı 72-ci əlahiddə motoatıcı briqadası mühasirəyə alınaraq məhv edilib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun 3-cü hücum briqadası məlumat yayıb. Məlumata görə, iki gün davam edən əməliyyat nəticəsində Ukrayna ordusu briqadanın kəşfiyyat rəisini, 3 tabor komandirini, komandirləri ilə birlikdə 72-ci briqadanın bütün heyətini və böyük sayda texnikasını məhv edib. Briqadadan bildirilib ki, Andreyevkanın azad edilməsi Baxmutun sağ cinahından hücum üçün açar olacaq.

Çinin müdafiə naziri yoxa çıxdı

Çinin müdafiə naziri Li Şanfu üç həftədən artıqdır ictimaiyyət qarşısına çıxmır.  Sozcu.az xəbər verir ki, bu barədə "Financial Times" yazıb.  Nəşrin məlumatına görə, çox güman ki, o, vəzifəsini itirəcək.  "Financial Times" 3 ABŞ rəsmisinə istinadən qeyd edib ki, o, Şanfu böyük ehtimalla istintaq altındadır və bu, Pekinin hərbi və xarici siyasət idarəsinin elit dairələrindəki çaxnaşmanın son əlamətidir.  Xatırladaq ki, o, bu ilin martında müdafiə naziri təyin olunub. 

Qudyalçayın üzərindəki körpü çökdü - Kəndlərlə əlaqə kəsildi - FOTO

İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qudyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsündə çökməyə səbəb olub. Azərbaycan Avtomobvil Yolları Dövlət Agentliyindən (AAYDA) Sozcu.az-a verilən məlumata görə, əraziyə AAYDA-ın xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb. Təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır. Sürücülər alternativ olaraq Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən istifadə edə bilərlər. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var.

Rusiyalı milyarder Putinə qarşı çıxdı

Rusiya 1990-cı illərdə baş verənlərlə müqayisə oluna biləcək böyük dəyişikliklər dövrünü yaşayır, lakin 30 il əvvəlki hadisələrdən fərqli olaraq, ölkənin hara getdiyi məlum deyil. Sozcu.az xəbər verir ki, bunu rusiyalı milyarder Oleq Deripaska deyib. “90-cı illərdə hara getdiyimizi bilirdik. Amma indiki istiqamət bəlli deyil. Bunun necə olması lazım olduğunu eşidirik, amma necə olacağını heç kim bilmir. SSRİ-nin çökməsindən sonra hər kəsin beynində bir model vardı. İsveç kimi səliqəli, təmiz, Almaniya kimi effektli, etibarlı. İndi gələcəyin imici bulanıqdır və bu da insanları özündən çıxaran amildir”, - Deripaska bildirib. Milyarderin sözlərinə görə, Putinin 2008-ci ildən bəri inşa etdiyi dövlət kapitalizminin iqtisadi modeli dərin yanlış seçim idi.

Türkiyə səfiri: "Azərbaycanın dörd bir tərəfində dəfn edilmiş yüzlərlə şəhidimiz qardaşlığımızın dərin tarixini göstərir"

"Azərbaycanın dörd bir tərəfində qardaş Vətənin bağrına dəfn edilmiş yüzlərlə şəhidimiz qardaşlığımızın dərin tarixi köklərini göstərir". Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Bakıdakı "Türk Şəhidliyi" abidəsini ziyarət edərkən deyib. Səfir şəhidlik dəftərini imzaladıqdan sonra çıxış edərək türk əsgərlərinin ovaxtkı qəhramanlıqlarından söz açıb. Bildirib ki, Nuri Paşanın rəhbərliyi altında Azərbaycanın müstəqilliyi uğrundakı mübarizədən illər keçsə də, hələ də qürurla xatırlanır: "Azərbaycanlı qardaşlarımızla birlikdə mübarizəmiz tarixə qızıl hərflərlə yazılıb, "İki dövlət, bir millət" şüarımızın təməlini təşkil edib. Müttəfiqliyimiz bu torpaqlarda axan qanlardan yaranıb, qardaşlığımız daha da güclənib. 1915-ci ildə Çanaqqalada olduğu kimi, 1918-ci ildə də Bakı və Azərbaycanın digər bölgələrində apardığımız çiyin-çiyinə mübarizədən qərarlılıq bu günlər üçün də ilham mənbəyi olub. 1918-ci ildə Gəncə, Göyçay, Kürdəmir və Şamaxıdan Bakıya uzanan müstəqillik mübarizənizdəki eyni ruhla şanlı Azərbaycan Ordusu 2020-ci ildə Zəfər yolundan Şuşaya çatıb və öz torpaqlarındakı işğala son verib. Azərbaycanın dörd bir tərəfində qardaş Vətənin bağrına dəfn edilmiş yüzlərlə şəhidimiz qardaşlığımızın dərin tarixi köklərini göstərir. Bizə əmanət etdiyiniz qardaşlığımızı mühafizə edəcəyimizə əmin ola bilərsiniz. Can Azərbaycan üçün şanlı mübarizəniz bizim üçün qürurdur. Əziz xatirənizi minnətdarlıq hissi ilə yad edirik, ruhunuz şad olsun!". Qeyd edək ki, bu gün Bakının erməni-bolşevik işğalından azad edilməsinin 105-ci ili tamam olur. Bu münasibətlə Azərbaycan Ordusunun hərbçiləri, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, səfirliyin əməkdaşları, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Bakı Təmsilçisi Ufuk Arca Turganer və Təmsilçiliyin digər əməkdaşları Bakıdakı "Türk Şəhidliyi" abidəsini ziyarət ediblər. Ziyarət zamanı ilk olaraq "Türk Şəhidliyi"nə əklil qoyulub, daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib və Nuru Paşanın rəhbərliyi altında Bakını azad etmək üçün şəhərə daxil olan Qafqaz İslam Ordusunun döyüş zamanı şəhid olan hərbçilərinin ruhları yad edilib. Daha sonra Şəhidlər Xiyabanı ziyarət olunub. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin məzarı üstünə güllər düzülüb, xatirələri hörmətlə yad edilib və əbədi məşəlin önünə əklil qoyulub.

Rusiyanın elit alayının komandiri öldürüldü

Ukraynada gedən döyüşlər zamanı Rusiyanın 247-ci qvardiya desant-hücum alayının komandiri Vasili Popov öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. Popovun bu ilin avqust-sentyabr ayında alaya komandir təyin edildiyi bildirilib. Qeyd edək ki, 247-ci qvardiya desant-hücum alayı Donetsk-Zaporojye vilayətlərinin sərhədində döyüşür.

İran Zərgəzura görə müharibəyə girəcək - Sandal

Türkiyə üçün Zəngəzur dəhlizi çox önəmlidir. Bu, Azərbaycanla birbaşa əlaqə yaradacaq, Türkiyə onun vasitəsilə Orta Asiyanın türk respublikaları ilə əlaqə quracaq. Sozcu.az xəbər verir ki, bunu türkiyəli analitik Əhməd Sandal deyib. Onun sözlərinə görə, İranı Zəngəzur dəhlizinə qarşı çıxmağa məcbur edən də sonuncu faktordur: “Türkiyənin bölgədəki ən böyük rəqibi İrandır. Türkiyəyə İraq və Suriyada problem yaradan İran Zəngəzur dəhlizi məsələsində də bunu edəcək. Bu prosesin qarşısını almaq üçün İran müharibəyə də gedə bilər”. Sandal bildirib ki, İranla müharibə Türkiyənin xeyrinə olmayacaq və Ankara müharibənin olmaması üçün hər şeyi etməlidir: “Çünki bu müharibədə qalib İsrail və ABŞ olacaq. Türkiyə 200 ildir İranla vuruşmur. Bunu nəzərə almaq və İranla gərgin prosesdən uzaq durmaq lazımdır”.

"Azərbaycan" qəzetinin nəşrə başlamasının 105-ci ili tamam olur

Azərbaycan Cümhuriyyətinin rəsmi dövlət qəzeti olan "Azərbaycan" qəzetinin nəşrə başlamasının 105-ci ili tamam olur.  105 il öncə Gəncədə ilk sayı nəşr edilmiş bu qəzet Azərbaycan Cümhuriyyətinin qısa fəaliyyət dönəmini öyrənmək üçün ən geniş, sanballı, məlumatlılıq baxımından yüksək dərəcədə zəngin bir mənbədir. Bu baxımdan onu əvəz edəcək ikinci bir mətbu nəşr yoxdur. Yazar kadroları arasında dövrün çox önəmli jurnalist kadrolarının, yazarlarının, qələm sahiblərinin yer aldığı bu mətbuat orqanı qızıldan belə dəyərli mirasdır. Üzeyir bəy Hacıbəyli, Ceyhun bəy Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Şəfi bəy Rüstəmbəyli, Əhməd Həmdi Qaraağazadə, Şəfiqə xanım Əfəndizadə, Xəlil İbrahim, Məhəmməd Hadi, Piri Mürsəlzadə, Əhməd Cavad, Fərhad Ağazadə kimi dövrün qabaqcıl imzalarının yer aldığı bu mətbu orqan Azərbaycan mətbuat tarixinin şah əsəridir.  Qəzeti ərsəyə gətirənləri, nəşr edənləri, yazarları böyük sevgi və ehtiramla anırıq ! Sözcü.az