Paşinyan Zəngəzur dəhlizinndən danışdı: “Ermənistan üçün çox vacib layihədir”

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentindəki çıxışı zamanı Zəngəzur dəhlizindən danışıb. Sozcu.az xəbər verir ki, Paşinyan Ermənistanın Horadiz-Mehri-Ordubad-Arazdəyən dəmir yolunun açılmasının əleyhinə olmadığını bildirib. “Hesab edirəm ki, bu, Ermənistan üçün çox vacib layihədir”. Baş nazir bildirib ki, Ermənistan regionda nəqliyyat yollarının açılmasının əleyhinə deyil: “Biz Azərbaycanla Türkiyə arasında, eləcə də Naxçıvanla Azərbaycanın qərb rayonlarını birləşdirən yolun Ermənistan ərazisindən keçməsinin tərəfdarıyıq. Biz regional qaz kəmərlərinin, neft kəmərlərinin, elektrik ötürücü xətlərinin Ermənistan ərazisindən keçməsinə qarşıyıq? Xeyr, biz buna qarşı deyilik, əksinə, bu layihələrdə maraqlıyıq. Bütün bunlar Ermənistanın, eləcə də digər ölkələrin suverenliyi və yurisdiksiyası çərçivəsində baş verməlidir”, - Paşinyan vurğulayıb. O, Ermənistan Respublikasının suverenliyini və ya yurisdiksiyasını hər hansı şəkildə şübhə altına alan bəyanatın Ermənistan üçün qəbuledilməz olduğunu bildirib. "Bu, bizim üçün qırmızı xəttdir", - Paşinyan deyib. Bununla yanaşı, Nikol Paşinyan xatırladıb ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda yalnız “Laçın dəhlizi” nəzərdə tutulub: “Ermənistan ərazisindən keçən dəhliz nəzərdə tutulmayıb, amma ümumilikdə demək istəyirəm ki, biz beynəlxalq ictimaiyyətin qulağında çaşqınlıq yaratmamalıyıq, çünki bir çox hallarda, məsələn, Avropada dəhliz deyirlər. Amma nəqliyyat yolların deyilməlidir”. "Onlar yol istəyir, biz də istəyirik və biz Ermənistanın suverenliyi və yurisdiksiyası çərçivəsində bu yolları açmağa hazırıq", - Paşinyan əlavə edib. Onun sözlərinə görə, uzun müddətdir ki, Ermənistan hökumətinin gündəliyində Ermənistan-Azərbaycan sərhədində üç keçid məntəqəsinin açılması layihəsi var. 

Ermənistan Putinin əleyhinə olan sənədi təsdiqləyəcək - Paşinyan açıqladı

Ermənistan hökuməti Roma Statunu parlamentə göndərib və sənəd tam ratifikasiya olunacaq. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. O, bu sənədin Rusiyaya qarşı olmadığını bildirib. “Bunun Ermənistan-Rusiya münasibətləri ilə heç bir əlaqəsi yoxdur, hər şey Ermənistanın təhlükəsizlik problemi ilə bağlıdır”, - Paşinyan qeyd edib. Ətraflı Xatırladaq ki, Ermənistan hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunu ratifikasiya üçün parlamentə təqdim edib. Sənəddə Rusiya Prezidenti Vladimir Putinin həbsi ilə bağlı maddənin olub-olmadığı məlum deyil. Qanun layihəsi parlamentin saytında dərc olunmayıb. Martın 24-də Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsi (BCM) haqqında Roma Statutunda təsbit olunmuş öhdəlikləri konstitusiyaya uyğun hesab edib. Saziş Ermənistan parlamenti tərəfindən ratifikasiya edilməlidir. Bundan əvvəl Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi barədə order çıxarıb. BCM-nin qərarına əsasən, Putin məhkəmənin qərarını tanıyan ölkələrin ərazisində olan zaman həbs olunmalıdır. Rəsmi Moskva BCM-nin məlum qərarını tanımadığını, bu qərarın Rusiya Federasiyası üçün əhəmiyyətsiz olduğunu açıqlayıb.

Rusiyanın itkiləri 270 mini ötdü

Ukrayna müharibənin 567-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 270 350 hərbçi, 4584 ədəd tank, 8792 ədəd zirehli döyüş maşını, 5902 ədəd artilleriya sistemi, 766 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 517 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 8444 ədəd avtomobil texnikası, 4650 ədəd PUA, 1455 qanadlı raket, 19 gəmi/qayıq, 884 xüsusi avadanlıq itirib.

Putinin antiazərbaycan çıxışının arxasında nə dayanır? – “Azərbaycanın parçalanması planının...”

“Rusiya prezidenti Vladimir Putinin dünənki açıqlamasından öncə də onun Azərbaycanla bağlı qərəzli mövqedə açıqlamaları olmuşdu. Putinin açıqlamalarını ümumi biz məzmuna yığanda görürsən ki, Rusiya həmişə ermənilərin yanında olub”. Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O, Rusiya prezidenti Vladimir Putinin ötən gün Şərq İqtisadi Forumu (ŞİF) çərçivəsində Azərbaycan və Ermənistanla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. Xatırladaq ki, Rusiya lideri açıqlamasında İkinci Qarabağ müharibəsindən öncə Rusiyanın Ermənistana Qarabağın dağlıq hissəsi ilə yanaşı Kəlbəcər və Laçını da təklif etdiyini dilə gətirmiş, lakin İrəvanın Moskvanın bu absurd təklifinə qarşı çıxdığını qeyd etmişdi. Eyni zamanda V. Putin rus sülhməramlılarının mandatı haqqında çıxış edərkən söyləyib ki, guya bölgədə Azərbaycan tərəfindən etnik təmizləmə riski mövcuddur deyə, sülhməramlı kontingentin Qarabağda yerləşməsi davam etməlidir. Öz növbəsində, Q. Hüseynli bildirib ki, Moskva daim işğal siyasətinin həyata keçirilməsində, sonrakı dövrlərdə isə sülh tənzimlənməsinə qədər həmişə Ermənistana məsləhət verməyə, eləcə də sülh danışıqlarında aparıcı rol oynamağa çalışan və çox zaman da buna nail olan bir dövlət olub: “Rusiyanın İkinci Qarabağ müharibəsindən əvvəlki mövqeyi yalnız 5 rayonun (Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı – red.) geri qaytarılması, Laçın və Kəlbəcərin isə Ermənistanla Qarabağın dağlıq hissəsi arasında bir plasdarm kimi həmişəlik qalması idi. Kreml bunu istəyirdi. Putin bu gün nə deyirsə-desin, bütün dövrlərdə Rusiya tərəfi Azərbaycanın ərazi bütövlüyünü tanımayıb, o cümlədən Qarabağ da daxil olmaqla Laçın və Kəlbəcərin Ermənistana verilməsini nəzərdə tutan mövqeyi müdafiə ediblər. Onlar faktiki olaraq, Azərbaycanın parçalanması planının başında durublar. Çox şükür ki, bu plan alt-üst oldu və baş tutmadı”. Analitikin fikrincə, bu gün erməni siyasi rəhbərliyi ilə Rusiya arasında bir polemika var: “Rusiya içi yana-yana gah xarici işlər naziri Sergey Lavrovun, gah nazirlik sözçüsü Mariya Zaxarovanın, gah da prezident Vladimir Putinin dilindən deyir ki, Dağlıq Qarabağın Azərbaycana verilməsində Rusiyanın günahı yoxdur, bunu erməni siyasi rəhbərliyi təsdiqləyib. Onlar bu açıqlamalar isə ərazi bütövlüyümüzə şübhə yeri qoyur və Azərbaycanın ərazi bütövlüyünün tanınmasına əlahiddə bir formada çalışırlar”. “O ki qaldı Putinin “etnik təmizləmə” ilə bağlı açıqlamasında, bu məsələdə də ruslar açıq-aşkar ermənipərəst mövqe tuturlar. Ruslar bölgədə qalmaq üçün min-bir bəhanə axtarırlar deyə, bölgədə etnik təmizləmənin baş verəcəyi ilə bağlı hədyanlar söyləyirlər. Azərbaycan tərəfi ermənilərin bu bölgədə yaşamasına, onlar üçün hər cür şəraitin yaradılmasına tərəfdardır və bunu əməl etməyə də hazırdır. Rusiyanın yenidən qıcıqlandırma siyasəti yürütməsi, olmayan hadisələrə rəng qataraq, onu başqa bir formada təqdim etməyə çalışması açıq-aşkar təxribatdan başqa bir şey deyil. Bu nöqteyi-nəzərdən, Rusiyanın bölgədə destruktiv rol oynadığına zərrə qədər şübhə yeri qalmır”, – əlavə edib. Politoloq əmindir ki, V. Putin indidən rus sülhməramlılarının bölgədən çıxmamağı üçün hələ ki nəzəri məsələləri irəli sürür: “Putin hələlik uydurma faktları gündəliyə sırıyır və guya rus əsgərinin bölgədə olması əmin-amanlıq, qarşıdurmadan yayınmaq, xüsusilə də ermənilərin etnik təmizlənməsinin qarşısının alınmasını bir zərurət kimi ortaya çıxarır. Rusiya bu gün proseslərdən narahatdır, çünki işğalçı, imperialist bir ölkədir. Rusiya bundan sonra da bölgənin və bizim başımızı hələ çox ağrıdacaq”.

Putinin Paşinyana şərti:"..."Qarabağ Azərbaycan ərazisidir” bəyanatından imtina et!”…

“Qarşıda Qranada görüşü də gözlənilir. Bu görüşədək Azərbaycanı hərbi təxribata çəkmək üçün Qarabağda və dövlət sərhədində gərginlik yaradan addımların atılması gözləniləndir. Odur ki, strateji təmkin siyasəti bizim üçün vacib xəttdir…” Putin yalnız indi deyil, hələ keçən il Praqa görüşündə Almata deklarasiyasını qəbul edən Ermənistan baş nazirini Valday diskusiya klubunda hədəfə alaraq, onu Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etdiyinə görə şantaj etmişdi. O dərəcədə ki, keçən il oktyabrın 31-də Soçidə keçirilən görüşdən sonra altı ay danışıqlara fasilə verildi. Dünən Vladivostokda keçirilən tədbirdə bir daha bu məsələyə münasibət bildirən Rusiya prezidenti faktiki olaraq Qarabağın Azərbaycanın ərazisi olduğunu elan etmiş Paşinyanı qınadı. Putinin dediklərinə diqqət edək: “Əgər Ermənistan Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyıbsa, biz nədən danışırıq? Bütün problemin əsas açar hissəsini, yəni, Qarabağın statusunu Ermənistan özü müəyyən edib. Bütün problem də budur”. Putinə sual vermək lazımdır ki, Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfdən tanınması ( hələ şifahi bəyanatla) niyə Rusiya üçün, şəxsən Putin üçün problemdir? Hərçənd cavabını çoxdan bilirik…  Elə həmin mətbuat konfransında Putin Paşinyanla münasibətlərində problem olmadığını dildə desə də, qonşuları ilə normal münasibətlər yaratmağa çalışan Paşinyanı hakimiyyətdən devirib, rusiyayönümlü bir ermənini Ermənistanın başına gətirməklə Qarabağ münaqişəsini uzun müddətə dondurmaq niyyətindədir. Yaxşı xatırlayırıq ki, 44 günlük müharibəyədək Qərb də, Rusiya da Azərbaycana təzyiq edir və “mövcud reallıqla barışmağı” məsləhət görürdülər. İndi Putin köhnə varianta qayıtmaq üçün Ermənistanda hakimiyyəti dəyişdirməyi və yeni hakimiyyətin “Dağlıq Qarabağa müstəqillik” tələbi ilə çıxışını əsas götürüb, “yeni reallıq” kimi Azərbaycan qarşısında qoymağı planlaşdırır. Və yaxud, bu plan baş tutmadıqda “B” planına keçsin. Yəni, hazırda Putin Paşinyana təzyiq edir ki, “Qarabağ Azərbaycanın tərkib hissəsidir” bəyanatından açıq şəkildə imtina etsin və Ermənistan baş naziri bunu guya son zamanlar Azərbaycanın qeyri-konstruktiv mövqeyi ilə izah etmiş olsun. Dünənki çıxış göstərdi ki, Putin artıq paralel olaraq ikinci planına da start verib. Mövqeyini tez-tez dəyişən Paşinyanın belə bir bəyanat səsləndirməsi də istisna deyil və Azərbaycan buna hazır olmalıdır… Putinin Vladivostokdakı çıxışı həm də Rusiyanın əsil sifətini göstərdi. Putin Laçın və Kəlbəcər də daxil olmaqla keçmiş Dağlıq Qarabağın Ermənistana təklif edildiyini və bunu Ermənistanın qəbul etmədiyini təəssüf hissi ilə vurğulayıb məyusluğunu etiraf etdi. Bu o deməkdir ki, Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazisini erməniyə peşkəş etmək siyasəti hələ Putinin planında qalır. Bu siyasətin gizlin tərəfləri qalmayıb. Üç ilə yaxındır ki, Qarabağa gələn Rusiya hərbi kontingenti sülh naminə heç nə yaratmayıb. Azərbaycanın humanitar yük maşınlarının da Ağdam yolundan keçməsinə şərait yaratmayan Rusiyanın məqsədinin sülh deyil, məhz qarşıdurmanı daha da gərginləşdirməkdir…  Alınan məlumatlara görə, Azərbaycan-Ermənistan danışıqları tezliklə Vaşinqton müstəvisində davam edəcək. Avropa İttifaqının səmərəsiz fəaliyyəti və onun Borrel kimi rəsmilərinin yanlış bəyanatları ortada olduğundan, görünür, Vaşinqton artıq Brüssel görüşlərinə ciddi yanaşmamağı qərara alıb. Təbii, Vaşinqton süddən çıxan ağ qaşıq deyil, amma ABŞ-ın hədəfi Rusiyanı Cənubi Qafqazdan çıxarmaqdır və bu istiqamətdə istədiyinə nail omaq üçün iki ölkə arasında tezliklə sülh müqaviləsinin imzalanmasını və Rusiya hərbi kontingentinin Qarabağdan çıxarılmasını şərt hesab edir. Qarşıda Qranada görüşü də gözlənilir. Bu görüşədək Azərbaycanı hərbi təxribata çəkmək üçün Qarabağda və dövlət sərhədində gərginlik yaradan addımların atılması gözləniləndir. Odur ki, strateji təmkin siyasəti bizim üçün vacib xəttdir…  Amma, bu o demək deyil ki, Azərbaycan baş verənlərə zəruri cavablar verməsin, əksinə, Azərbaycan bu günlərdə yeni qanuni tələblərlə çıxış edərsə, Laçın yolu ilə bağlı hələ də qalmaqda olan gərginliyi müəyyən qədər səngidə bilər. Bu məqsədlə Laçın yoluna tətbiq olunan bəzi məhdudiyyətlərin aradan qaldırılması üçün şərt olaraq 10 noyabr bəyanatına əsasən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb etmək mümkün variantlardan biridir… Əlbəttə, bölgədə gedən proseslərə Ukrayna müharibəsinin ciddi təsiri var və perspektivdə də gözlənilir. Burada Rusiyanın uğursuzluğu bizim maraqlarımıza uyğundur. Amma, heç kəs zəmanət vermir ki, mütləq Rusiya məğlub olacaq. Ona görə də Putinin Qarabağla əlaqədar planlarını alt-üst etmək üçün zamanı dəyərləndirməli və Türkiyə ilə koordinasiyalı siyasət yürüdüb, 2025-ci ildə Rusiyanın Qarabağdan çıxarılmasını qarantiyaya almaq lazımdır. Çətindir, amma mümkündür… (moderator) İlham İsmayıl

“Rusiya üzərində qələbədən sonra Ukrayna hamının hesablaşmalı olacağı super gücə çevriləcək...”

“Rusiya üzərində qələbədən sonra Ukrayna hamının hesablaşmalı olacağı super gücə çevriləcək...” Gürcüstanın keçmiş Prezidenti və Odessa Regional Dövlət Administrasiyasının keçmiş rəhbəri Mixail Saakaşvili Ukraynanın hazırda atəşkəsə razılaşacağı halda nə baş verəcəyini proqnozlaşdırıb. O, hesab edir ki, belə olduğu təqdirdə bir-iki ildən sonra Rusiya Ukraynanı məhv edəcək və başqa dövlətlərin ərazisində müharibələrə başlayacaq. Sozcu.az xəbər verir ki, Saakaşvili bu barədə “Ukrainskaya pravda”da təqdim etdiyi köşə yazısında yazıb. Saakaşvili hesab edir ki, Rusiyanın Ukraynaya hücumu kollektiv Qərbə qarşı müharibədir və hələlik bunu yalnız ukraynalılar yaşayır. Lakin siyasətçinin fikrincə, əgər rəsmi Kiyev indi atəşkəsə razılaşarsa, onda bir-iki ildən sonra Ukrayna çökəcək və Putin yeni müharibələrə başlayacaq. "Ukrayna indi atəşkəs elan etsə, nə olacaq? Nə olacaq ki, bir-iki ildən sonra o, mütləq çökəcək və Putin mütləq Polşanı və Baltikyanı ölkələri işğal edəcək. O, yol boyu faktiki olaraq heç bir xüsusi səy göstərilmədən Gürcüstan və Moldovanı da udacaq” , – Gürcüstanın eks-prezidenti belə deyib. Saakaşvili onu da əlavə edib ki, Ukrayna öz qurbanları bahasına indi Avropaya öz həyat tərzini qoruyub saxlamağa kömək edir. O qeyd edib ki, indi Zelenskini tərəfdaşlara qarşı sərt davranışda ittiham edənlər dərk etməlidirlər ki, məhz ənənəvi diplomatiya indi baş verənlərə gətirib çıxarıb. Siyasətçi proqnozlaşdırır ki, Rusiya üzərində qələbədən sonra Ukrayna hamının hesablaşmalı olacağı super gücə çevriləcək. "Və siz hələ də hazır olmalısınız ki, bu qələbədən sonra Ukrayna bütün regionun - Mərkəzi Asiyadan tutmuş Atlantikaya qədər super gücünə çevriləcək. Mən bu barədə 2005-ci ildə danışdım, ancaq onda heç kim məni ciddi qəbul etmədi. Zelenski, demək olar ki, instinktiv olaraq bu müharibənin əsas fabulasını hiss etdi və eyni zamanda Ukraynanı və bütün müttəfiqlərini və tərəfdaşlarını düzgün nəticəyə aparır. Və Qərb artıq bu qatardan atlana bilməyəcək”,- deyə  Saakaşvili vurğulayıb. Xatırladaq ki, Saakaşvili ukraynalı uşaqlara kömək etmək təşəbbüsü ilə çıxış edir.

Müharibədə bir ayağını itirmiş qazi: “Evə, işə ehtiyacım var”

Hazırda çətinliklər, sıxıntılar, problemlər içində olan qazilərimizdən biri də şəkili Polad Əmir oğlu Mədənidir. O Polad Mədəni ki, xüsusi təyinatlı kimi ömrünün 10 ilini hərbdə keçirib. O Polad Mədəni ki, İkinci Vətən Müharibəsində 16 erməni faşistini cəhənnəmə göndərib. O Polad Mədəni ki, Füzuli şəhəri işğaldan azad olunan gün ölümlərdən dönüb, Vətən yolunda bir ayağını itirib. O Polad Mədəni ki, səkkiz medallı və bir ordenlidir. O Polad Mədəni ki, başdan-ayağa Vətən sevdalısıdır, birinci qrup Qarabağ əlili olmasına baxmayaraq, bu gün də Ali Baş Komandanın bir əmrinə hazırdır.  Polad 1989-cu ilin may ayının 30-da Şəki şəhərində sadə bir ailədə dünyaya gəlib. Ailənin üç övladından, iki qardaşdan biri və evin sonbeşiyidir. 1996-2005-ci illərdə Şəki şəhərində yerləşən Rəşid bəy Əfəndiyev adına 10 nömrəli tam orta məktəbdə 9 illik təhsil alib. 2007-2009-cu illərdə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda yerləşən “N”saylı hərbi hissədə qulluq edib. Həqiqi hərbi xidmətini, əsgərliyini başa vurduqdan sonra evinə, ailəsinin yanına dönüb və cəmi bir ildən sonra - 2010-cu ildən isə həyatını yenidən hərb sənəti ilə bağlayıb. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinin KOBRA Dəstəsində fəaliyyətə başlayıb, snayperçi olub.  2013-cü ilin fevral ayının 11-də atasını itirib. 2016-cı ildə ailə həyatı qurub. Umud və Pınar adlı iki övlad atasıdır.  Qeyd etdiyimiz kimi, Polad bir hərbçi, bir xüsusi təyinatlı, bir Vətən sevdalısı kimi 44 günlük İkinci Vətən Müharibəsində iştirak edib. 20 günlük şərəfli döyüş yolu keçib, Kəlbəcər, Cəbrayıl, Füzuli, Qubadlı, Hadrut istiqamətlərində döyüşüb, düşmənə sözün əsl mənasında qan uddurub, 16 erməni hərbçisini öldürüb. Oktyabr ayının 16-da isə Füzuli şəhərində minamyot atəşinin partlaması nəticəsində ağır yaralanıb. 52 gün Daxili İşlər Nazirliyinin hospitalında yatıb, ağır müalicə və müayinələrdən keçib, əməliyyat olunub, sağ ayağını tamamilə itirib. Sonradan səhhəti ilə əlaqədar Daxili Qoşunlardan təxris olunub, birinci qrup əlillik dərəcəsi alıb.  İstər müharibədən öncə, istərsə də müharibədən sonra medallarla -“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, o cümlədən, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubalının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”,”Şuşanın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Polad hazırda Bakı şəhərində, özünə məxsus olmayan bir evdə yaşayır. Minik maşını ilə təmin olunsa da, hələ də nə Bakı şəhərində, nə Şəki şəhərində evlə, mənzillə təmin edilib.Onun eyni zamanda, digər həllini gözləyən problemləri var. Ancaq təəssüflər olsun ki, aidiyyatı qurumlar, o cümlədən Şəki şəhər İcra Hakimiyyəti tərəfindən bu istiqamətdə hansısa bir addım atılmır.  Polad Mədəninin dediklərindən:  “Mən birinci qrup müharibə, Qarabağ əliliyəm. Bir ayağımı itirmişəm. Əgər lazım gəlsə, bu vəziyyətimdə belə yenidən Vətənimin müdafiəsinə, Ali Baş Komandanın bir əmrinə hazıram. 10 ilin Xüsusi Təyinatlısı olmuşam. Heç zaman da fikirləşməmişəm ki, gedib döyüşüm, yaralanım, sonra da dövlətdən nəsə istəyim, alım. Bu Vətən yolunda təmənnasız şəkildə döyüşmüşəm, vuruşmuşam, yaralanmışam, əlil olmuşam, canım Vətənimə, dövlətimə qurban. Amma mən də insanam, ailəliyəm, iki övladım var. Onlara baxmaq, dolandırmaq lazımdır. Bu günə kimi nə Bakı şəhərində, nə də Şəki şəhərində evlə, mənzillə təmin olunmuşam. Ailəmlə Bakıda tanış bir adamın evində yaşayıram. Axı, nə vaxtacan?! Heç bir yerdə də işləmirəm. İstəyirəm ki, təsərrüfatla məşğul olum, buna da kömək edən, şərait yaradan yoxdur. Bizim məmurlar, səlahiyyət sahibləri nə üçündür, nəyə baxırlar? Niyə vəzifə borclarını yerinə yetirmirlər? Bizlərlə, qazilərlə maraqlanmaq, bizlərə, qazilərə kömək etmək onların borcudur. Ancaq təəssüflər olsun ki, çox zaman bunun əksini görürük…”  A.Zeynalov  Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Regionlarda yaşayan şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin həllinə dəstəyin göstərilməsi, tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanmışdır. 

Ukraynanı vuran sualtı qayıq məhv edildi

Ukraynanın Sevastopol limanına endirdiyi raket zərbələrinin detalları açıqlanıb. Sozcu.az xəbər verir ki, Rusiya mətbuatı zərbə nəticəsində bir desant gəmisi və bir sualtı qayığın ciddi zədələndiyini bildirib. Məlumata görə, zərbə nəticəsində buxtada olan “Rostov-Don” dizel-elektrik sualtı qayığı və “Minsk” böyük desant gəmisi yanıb. Bildirlib ki, ruslar “Rostov-Don” sualtı qayığından Ukrayna şəhərlərinə raket zərbələrində istifadə edirdilər.

Putin Ermənistan-Azərbaycan münaqişəsinin bitməməsi üçün əlindən gələni edəcək - Arif Hacılı

Putin Dağlıq Qarabağın tam olaraq, üstəlik Laçın və Kəlbəcərin dəhliz kimi Ermənistana verilməsi planının baş tutmamasına görə məyusluğunu gizlətmir.  Azərbaycanın ərazi bütövlüyünü  tanıdığı üçün Paşinyana qarşı qəzəbini açıq ifadə edir.  Bununla belə Putini Azərbaycanın dostu kimi təbliğ edən soydaşlarımız da var.  Özünü l Pyotrun ardıcılı kimi təqdim etməyə çalışan Putin Rusiyanın Pyotrun çarlığı dövründə başlayan və 1828-ci ildə Azərbaycan ərazilərində erməni vilayətinin yaradılması ilə nəticələnən siyasətini yalnız Paşinyanla münasibətlərə görə dəyişdirməyəcək.  Putin Ermənistan-Azərbaycan münaqişəsinin bitməməsi üçün əlindən gələni edəcək və onu yalnız Ukrayna cəbhəsində ağır məğlubiyyət durdura bilər. Arif Hacılı, Müsavat Partiyasının başqanı 

Rus politoloq SƏRSƏMLƏDİ: "Qarabağ Azərbaycanın NATO-ya gedən yolunda əsas maneədir"

“Qarabağ Azərbaycanın NATO-ya gedən yolunda əsas maneədir”. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, bunun rusiyalı politoloq Fyodor Voytolovski İrəvanda keçirilən dəyirmi masa zamanı deyib. Onun sözlərinə görə, bu, Alyansın Cənubi Qafqaz ölkələrini, xüsusən də Gürcüstan və Azərbaycanı fəal şəkildə inteqrasiya etməyə çalışması fonunda baş verir: “Türkiyə Birləşmiş Ştatlara sadiq qalaraq, Azərbaycanı gələcəkdə NATO-nun bir hissəsi kimi görmək məqsədi ilə mümkün qədər sıx əməkdaşlıq üçün tam kart-blanşa malikdir. Bunun üçün Bakıya Ermənistanla ərazi mübahisələrini həll etmək lazımdır. Bu, Azərbaycanın xeyrinə həll olunarsa, ölkənin Alyansa daha dərindən inteqrasiyası üçün imkanlar açacaq”. Görünən odur ki, rusiyalı politoloqu bu səpgidə danışmağa vadar edən erməni lobbisinin pullarıdır. Görəsən, Fyodor Voytolovski Ermənistanla ABŞ arasında hərbi təlimlərdən niyə danışmır. Məgər öz suveren hüquqlarını bərpa etmək istəyən bir ölkənin hüquqi hərəkətlərini siyasiləşdirmək ideyası ermənilərin və ya rus şovinistlərinin hansı məqsədinə yarayacaq?!konkret

Zakaryan: “Azərbaycan hərbi əməliyyatlara başlasa, İran bizi dəstəkləyəcək”

Ermənistan baş nazirinin mövqeyi anlaşılmaz, eyni zamanda, qeyri-konstruktivdir. Mövqeyini dəyişməkdə mahir olan Nikol Paşinyanın siyasi ampluası öz ölkəsində də qıcıq yaradır. Məsələ burasındadır ki, Ermənistanın siyasi dairələrində birmənalı qarşılanmayan baş nazirin yanaşmaları ciddi şəkildə tənqid olunur. ABŞ-la birgə hərbi təlimlər keçirən Ermənistana ən yaxın dostlarından birinin – İranın irad bildirməsi və Rəisinin Paşinyana sərt təpki göstərməsi erməni siyasi ekspertlərin diqqətindən yayınmayıb. Ermənistanın müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan yerli mətbuata müsahibəsində bildirib ki, İran Ermənistanın ən yaxın dostudur və Cənubi Qafqazda proseslərin gərginləşməsinə səbəb olan hər bir hadisəyə dərhal reaksiya verəcək. “Regionda gedən proseslərdə onun necə iştirak edəcəyini bu gün söyləmək çətindir. Bu, siyasi təzyiqlər, hərbi-texniki dəstək və ya hərbi hərəkatlar şəklində də ola bilər. Azərbaycan Ermənistana və ya Qarabağa qarşı hərbi əməliyyatlara başlasa, İranın hansı mövqedə dayanacağının şahidi olacağıq”. Qərbin əsas hədəfinin Rusiya deyil, İran olması fikrinə münasibət bildirən Zakaryan onu da deyib ki, İran şimal sərhədlərində Qərb oyunçularının hərbi mövcudluğuna həssas yanaşır. “Türkiyə – İran münasibətlərinə gəlincə, iki ölkə arasında müxtəlif görüşlər, müzakirələr oldu. Bunun nəticəsi idi ki, sərhədlərin dəyişdirilməsinin İran üçün qırmızı xətt olduğu elan edildi. Və biz bildiyimiz, həmçinin, Türkiyə tərəfinin də bəyanatında deyildiyi kimi, İran onlara Zəngəzur dəhlizinin açılmasına icazə vermir. Bu o deməkdir ki, bu məsələdə Türkiyə ilə İran arasında ziddiyyətlər var”. Daha sonra İran prezidentinin Ermənistanın baş naziri ilə sonuncu telefon danışığında kobud davranmasını şərh edən Artak Zakaryan qeyd edib ki, “hökumət bu gün tarixən maraqların üst-üstə düşdüyü iki müttəfiqimizlə münasibətləri ardıcıl olaraq korlayır. Bu gün bizdə İran və Rusiyanın maraqları ilə üst-üstə düşən kəskin təhlükəsizlik problemi var. Və bu hal iki müttəfiqlə diplomatik və siyasi müstəvidə münasibətləri gərginləşdirmək, Ermənistanın təhlükəsizliyinə zərbə vuran xüsusi siyasət həyata keçirmək deməkdir. Əvvəlki hakimiyyətlər dövründə İranla hərbi-texniki əməkdaşlıq addımları mərhələli şəkildə aparılırdı. Amma indiki halda İran Ermənistana güvənmir. Ermənistanın təhlükəsizliyi həmişə İran və Rusiyaya inam üzərində qurulub. Təhlükəsizlik mexanizmlərimizin komponentləri o qədər sadə və məntiqlidir ki, orada başqa şeylər axtarmaq mənasızdır”.(konkret)

Müstəqil Həmkarlar Birliyinə (MHB) təzyiqlər başlandığı bildirilir

Müstəqil Həmkarlar Birliyinə (MHB) təzyiqlər başlandığı bildirilir. Bununla bağlı MHB İdarə Heyətinin üzvü Xəzər Teyyublu öz sosial şəbəkə profilində paylaşım edib. Paylaşımda qeyd olunur ki,  Müstəqil Həmkarlar Birliyinin həmtəsisçisi, Qarabağ əlili Əhməd Rəhmanovu işlədiyi Azəriqaz İstehsalat Birliyində fəhləlikdən, işindən çıxartdılar.  Fikir verin, Azəriqaz rəhbərliyi işçilərin hüquqlarını qorumalı olan Həmkarlar İttifaqının fədakar bir üzvünə, sosial haqqlar ugrunda mübarizə aparan bir insana qarşı kobud addıma yol verir. Müstəqil Həmkarlar Birliyi olaraq Əhməd Rəhmanova qarşı bu kobudluğu aradan qaldırmaq üçün Azəriqazı öz işçisinin sosial qayğısına qalmağa, işinə qaytarmağa və Həmkarlar Konfederasiyasını zəhmətkeşlərin müdafiəsinə çağırırıq ! Sözcü.az

Dövlət maraqlarımız da, insani maraqlarımız da bölgədə sülhü tələb edir

Müharibə-müharibə demək asan olduğu vaxtlarda sülh çağırışları etmək çox çətin olur. Xüsusi ilə bu müharibə çağırışları təşkil edilən ərəfədə. Bölgədə sülhün bərqarar olmaması bəzi xarici və daxili güclərin işinə yarayırsa, müharibə ritorikası, qan və ölüm bir çoxuna sadəcə maddi qazanc və oxşar şeylər üçün lazımdır. Onları böyük maraqlar düşündürmür. Onlara maraqlı deyil müharibə olacaq ya olmayacaq. İnsan itkiləri, şəhidlər, yaralılar, yetimlər, ərsizlər, qaraya bürünmüş analar, sürətlə saçları ağaran, belləri bükülən ata-analar, büdcədən xərclənən milyonlar, müharibəsonrası aclıq, stres…onları bu məsələlər qəti maraqlandırmır. Onlar da bəlkə ürəklərində müharibə istəmirlər, bununla yanaşı hansısa maraqlar üçün bu kampaniyada iştirak edirlər. Əlbəttə heç bir maraq güdmədən qarasına kampaniyaya qoşulanlar da olur. Səmimi olaraq, müharibəsiz hansısa problemin həll olunmayacağını düşünənlər də var. Müharibə isə oldu, müharibəylə problem tam olaraq bitmədi. Problem sülhlə, danışıqlarla bitəcək. Sülh danışıqları intensivləşdirilməlidir. Dövlət maraqlarımız da, insani maraqlarımız da bölgədə sülhü tələb edir. Nəinki istənilən hərbi akt, müharibə çağırışları da bizə zərərlidir. Hər bir baxımdan. Qarşı tərəfin sözdə də olsa, sülh çağırışları etməsi fonunda bizim “Dəmir Yumruq” göstərməyimiz beynəlxalq aləmdə ustalıqla əleyhimizə istifadə olunur. Biz həm də növbəti məkrli addımların qarşısını almaq üçün erməni vətəndaşlarımızın təhlükəsizliyini təmin edəcəyimizlə bağlı, hüquqlarından normal istifadə edəcəklərinə təminat verəcəyimizi yüksək tribunalardan yüksək səslə ifadə etməliyik. Mümkün formulaları təklif etməliyik. Öz dövlət və cəmiyyət maraqlarımıza xidmət edən başqa şərtlərimizi də ən yüksəkdən deməliyik. Məsələn, Ermənistandan qovulan vətəndaşlarımızın yurd yuvalarına qayıtması kimi Dövlətin qalıcı və güclü olması üçün mütləq qan tökülməli, şəhid verilməlidir kimi əsassız fikir səsləndirənləri boş verin. Dövlətin gücü və davamlılığı öz insanına, vətəndaşına verdiyi dəyərdən asılıdır. Dövlətin gücü vətəndaşının təhlükəsizliyi, azadlığl və rifahı ilə ölçülür. Şəhid sayıyla öyünən nə normal dövlətə və də şəxsə rast gəlməzsiz. Hakimiyyət sülh danışıqlarına dirəniş göstərməklə Ermənistanı da buna məcbur etməlidir. Güclü ordunun, güclü cəmiyyətin olması sülhü inkar etmir, əksinə. Bütün beynəlxalq hüquq və azadlıqlar çərçivəaində həqiqi sülh tərəfdarlarına sevgilər. Şəhidlərimizin ruhu şad olsun, daha heç vaxt şəhid sayımız artmasın. Səxavət Soltanlı, Müsavat Partiyası başqanının müavini

MN: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Sentyabrın 12-si saat 09:45-dən 10:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Birəli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib. "Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - məlumatda qeyd edilib.

Rusiyadan haylara gələn yardım Xankəndinə çatdı...-FOTOLAR- Biz niyə sevinirik ki?..

"Qəribədir, hansı səbəbdən?.. Əvvəla, öz yardımımız on gündən çoxdur yolda qaldığı bir halda yad bir ölkənin bizim torpağımızdakı haylara yardım çatdırmasının  bizə nə faydası?.." Bir qədər əvvəl xəbər verildiyi kimi, Rusiya Qızıl Xaç Cəmiyyətinin müvafiq işçi heyəti Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının blok postunu keçib. Və Rusiyanın Qarabağdakı erməniəsilli sakinlərə göndərdiyi humanitar yardım maşını Xankəndi istiqamətində hərəkətə başlayıb. Moderator.az xəbər verir ki, Tert.am  Rusiya Qızıl Xaç Cəmiyyətinin yük avtomobilinin Xankəndinə çatması haqda məlumat yayıb. Sosial şəbəkələri erməni seqmentində yayılan foto-kadrlardan da görünür ki, Rusiyadan gələn yardım maşını artıq Xankəndindədir... Əsgəran qəsəbəsinin qondarma "mer"i Hayk Şamiryan erməni mediasına bildirib ki, "“tank” abidəsi yaxınlığında toplaşan narahat vətəndaşlar əvvəlcə etiraz ediblər, maşını buraxmayıblar, ancaq sonra razılığa gəliblər"... P.S. Azərbaycanda bir çoxları Rusiya yardım maşınının Bərdədən, Ağdamdan, Əsgərandan keçib Xankəndinə getməsinə sevinir. Qəribədir, hansı səbəbdən?.. Əvvəla, öz yardımımız on gündən çoxdur yolda qaldığı bir halda yad bir ölkənin bizim torpağımızdakı haylara yardım çatdırmasının  bizə nə faydası? İkincisi də, əgər söhbət Ağdam-Əsgəran-Xankəndi yolunun açılmasından(!) gedirsə, Rusiya hələ 2020-ci ilin noyabrından "sülhməramlı" kimi torpağımıza soxulmasından sonrakı ilk günlərdən öz hərbi və s. yüklərini Dağıstandan keçirməklə Bərdə-Ağdam-Xankəndi yolu ilə Xankəndinə çatdırır... "Sülhməramlı" hərbçilər də elə həmin vaxtlardan Qarabağdakı haylara hər cür humanitar yardım göstərirlər.. 

Ukrayna müdafiəni yarır, ruslar geri çəkilir...

Ukraynalı hərbçilər cənubda Rusiya müdafiəsini tədricən keçərək cəbhə xəttini yarırlar. Eyni zamanda işğalçılar Zaporojye istiqamətində Rabotino bölgəsində əks-hücuma keçməyə çalışırlar. Sozcu.az xəbər verir ki, bunu Azadlıq Legionunun hərbçisi Konstantin Denisov deyib. "Rabotino bölgəsində yüksək intensivli döyüşlər davam edir. Hər iki tərəfdən artilleriya işləyir. Düşmən təyyarələri səmaya qaldırır. Bu istiqamətdə taktiki uğurlarımız var, lakin bu, çox baha başa gəlir", - o bildirib. O qeyd edib ki, Rusiya hərbçiləri Ukrayna texnikasını aviasiya və "Lancet" zərbə PUA-ları ilə vurur. Bundan əlavə, ruslar ukraynalı piyadalara qarşı FPV dronlarından istifadə edirlər: "Yüksək keyfiyyətli kəşfiyyat nəticəsində Ukrayna Silahlı Qüvvələri tədricən düşmənin müdafiəsini yarır. İşğalçılar bizim oğlanları atəş altına salmağa çalışırlar. Yəni ruslar geri çəkilir, sonra onları cinahlardan artilleriya ilə vurmağa cəhd edir. Lakin hərbçilər buna imkan vermir".

Mükəmməl taktika: Kiyev yüzlərlə saxta texnika yaradır

Ukrayna döyüş meydanına hərbi texnikanı əvəz edən maketlər yerləşdirir ki, Rusiya ordusu mərmiləri bunların məhvinə sərf etsin. Sozcu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Məlumata görə, biznesmen Rinat Əhmədova məxsus Ukraynanın mədən-metallurgiya şirkəti "Metinvest" hərbi texnikanın dəqiq surətlərinin istehsalı ilə məşğuldur: "Şirkət artıq yüzlərlə müxtəlif növ Qərb silahlarının nüsxəsini istehsal edib və sonradan onlar rus qoşunları tərəfindən məhv edilib. Ukraynada istifadə olunan Britaniya istehsalı 155 mm-lik M777 haubitsasının qiyməti bir neçə milyon dollardır və "Metinvest" min dollardan da aşağı qiymətə adi kanalizasiya borularından onun surətini yaradır".

Rusiyanın itkiləri 270 minə yaxınlaşır

Ukrayna müharibənin 566-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 269 760 hərbçi, 4568 ədəd tank, 8778 ədəd zirehli döyüş maşını, 5872 ədəd artilleriya sistemi, 764 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 515 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 8413 ədəd avtomobil texnikası, 4645 ədəd PUA, 1455 qanadlı raket, 19 gəmi/qayıq, 881 xüsusi avadanlıq itirib.

Paşinyan bir daha TƏKRAR ETDİ: “Qarabağ Azərbaycandır!”

“2023-cü il mayın 14-də Brüsseldə Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyıb”. Sozcu.az xəbər verir ki, bu açıqlama ilə Ermənistanın baş naziri Nikol Paşinyan çıxış edib. O bildirib ki,  Ermənistan Azərbaycanın 86 600 kv.km ərazisini, Azərbaycan 29 800 kv.km ərazisini tanıyıb.

Ordumuzun mövqeləri yenə atəşə tutuldu - Rəsmi

Sentyabrın 11-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil və İmirli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Əyrivəng, Göyəli və Qaravəllər yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

Paşinyandan SENSASİYA: Qarabağdakı qondarma seçkini TANIMADI

“Mən Şahmaryanı “prezident” hesab etmiəm”. Sozcu.az xəbər verir ki, bu açıqlama ilə Ermənistanın baş naziri Nikol Paşinyan çıxış edib. O bildirib ki, Samvel Şahmaryan “prezident” deyil, sadəcə Qarabağ ermənilərinin “lideridir”. “Buna görə də, onu təbrik etmək üçün xüsusi bir səbəb yoxdur”, – deyə Paşinyan əlavə edib.

Əxlaqsızlıq sərhəd tanımır! - Hikmət Hacıyev

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd edən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin bu əməlini “əxlaqsız terror aktı” kimi qiymətləndirib. Bu barədə Prezidentin köməkçisi sosial şəbəkədə yazıb. “Ermənistan silahlı qüvvələrinin və marionet rejiminin qanunsuz qüvvələrinin uzaqdan idarəolunan partlayış bombası ilə təchiz edilmiş itlərdən istifadə etməklə Azərbaycan forpostuna qarşı növbəti əxlaqsız terror aktı. Əxlaqsızlıq sərhəd tanımır!”, - o qeyd edib.

"Putin vəziyyəti hamıdan yaxşı bilir" - Paşinyan

Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərgindir. Sozcu.az xəbər verir ki, bunu Nikol Paşinyan televiziyaya açıqlamasında bildirib. O qeyd edib ki, həyat yoldaşının Ukraynaya səfəri siyasiləşdirilib. "Mən Vladimir Putinə gərginliyə görə zəng etməmişəm, çünki ona yeni heç nə deyə bilmərəm. Vəziyyəti hamıdan yaxşı bilir", - Paşinyan deyib.

"Ukrayna heç vaxt geri çəkilməyəcək və öz torpaqlarından getməyəcək" - Zelenski

"Əkshücum xoşbəxt sonluqla bitən saatyarımlıq film deyil..." "Bayden bu müharibənin səhifəsini aşıra bilər, onun fikri və dəstəyi mənim üçün çox önəmlidir..." "Rusiyanın başqa ölkələrə hücum etməsinə imkan verməyəcək yeganə nəsnə qələbədir..." Ukrayna prezidenti Vladimir Zelenski Kreml lideri ilə güzəştin mümkünlüyünü rədd edib və bəyan edib ki, müharibədə "xoşbəxt sonluq" olmayacaq. Sozcu.az xəbər verir ki, bu barədə o, Amerikanın CNN telekanalı üçün jurnalist Fərid Zəkəriyyəyə verdiyi müsahibəsində bəyan edib. "Ukrayna üçün bu əkshücumda fasilə etməmək çox vacibdir. Mən əkshücum başlamazdan öncə tərəfdaşlarımıza demişəm ki, biz səmaya nəzarət etmirik və onlar bunu anlamalı və etiraf etməlidir. Biz ona necə nəzarət edək və ya heç olmasa qüvvələrimizi səmada Rusiya qüvvələri ilə necə bərabərləşdirək? Biz hamımız uğur və xoşbəxt sonluq istəyirik. Amma bu saatyarımlıq kino deyil. Bu, əkshücumdur. Bu, xoşbəxt sonluğu olan film deyil. Biz çox insanımızı itirmişik. Bu, xoşbəxt sonluq deyil. Bunu etiraf etmək gərəkdir", - Zelenski deyib. O, ABŞ prezidenti Co Baydenlə Amerikanın uzaqvuran "ATACMS" raketlərinin tədarükü barədə razılığa gəlmək niyyətində olduğundan danışıb. "Onun fikri və onun dəstəyi mənim üçün çox önəmlidir. Düşünürəm ki, o, bu müharibənin səhifəsini aşıra bilər. Bunu o, bir dəfə "HIMARS"larla edib. Bu, çox vacib olub", - Zelenski xatırladıb və Ukraynanın ilk "ATACMS" raketlərini bu payızda ala biləcəyinə ümid etdiyini ifadə edib. O, vurğulayıb ki, Rusiyanın başqa ölkələrə hücum etməsinə imkan verməyəcək yeganə nəsnə qələbədir. Onun sözlərinə görə, Rusiyanın növbəti hədəfləri Baltikyanı ölkələr və Polşa ola bilər. Zelenskinin fikrincə, Putinin məqsədi təcavüz tətbiq etməklə Sovet İttifaqını geri qaytarmaqdır. Bəzi beynəlxalq siyasətçiləri tərəfindən sülh danışıqlarına və Moskva ilə güzəştlərə nail olunmasına edilən çağırışları şərh edərkən Zelenski bəyan edib ki, Rusiyanın özü güzəştə getməyə hazır deyil. O, Rusiya təcavüzündən əzab çəkən digər ölkələri misal çəkib. "Siz Putin tərəfindən başqa məsələlər üzrə, Gürcüstanla, Moldova ilə bağlı güzəşt görmüsünüzmü?" - Ukrayna prezidenti əsaslı sual edib. Zelenski həmçinin hərbi qiyamdan sonra "Vaqner qrupu" özəl hərbi şirkətinin direktoru Yevgeni Priqojinin ölümünü xatırladıb və qeyd edib ki, ona verilən vədlər və təhlükəsizlik zəmanətlərinə rəğmən o, qətlə yetirilib. "Siz kiminləsə güzəştə və ya dialoqa getmək istəsəniz, bunu yalançı ilə edə bilməzsiniz", - Zelenski qeyd edib. "Putin bizim ölkənizi büsbütün qəsb etmək, bütün ailələri, evləri məhv etmək istəyir...O, anlayır ki, Ukrayna heç vaxt geri çəkilməyəcək, öz torpaqlarından getməyəcək. Biz bunu heç vaxt etməyəcəyik. Bax buna görə də o, hesab edir ki, bizi məhv etməlidir", - Ukrayna prezidenti əlavə edib.