Son nəticədə hədəf avtoritar Prezident Bəşər Əsədi devirməkdir.
Sozcu.az xəbər verir ki, bunu “Heyət Təhrir əş-Şam” qruplaşmasının lideri Əbu Məhəmməd Colani CNN telekanalına müsahibəsində deyib.
“İnqilabın məqsədi bu rejimi devirməkdir. Bu məqsədə çatmaq üçün bütün mövcud vasitələrdən istifadə etmək hüququmuz var. Rejimin məğlubiyyətinin toxumları həmişə onun içində olub. İranlılar rejimi dirçəltməyə, sonradan ruslar da dəstəkləməyə çalışıblar. Amma həqiqət budur ki, bu rejim ölüb”, - Colani bildirib.
HTŞ lideri ələ keçirdikləri ərazilərdə yaşayan mülki insanları onlardan qorxmamağa çağırıb:
“İslam idarəçiliyindən qorxan insanlar onun ya səhv həyata keçirildiyini görüblər, ya da onu düzgün başa düşmürlər. Suriyada on ildir davam edən vətəndaş müharibəsində ekstremist və cihadçı qruplar tərəfindən təqib edilən mülki şəxsləri və qrupları sakitləşdirməyə çalışırıq. Xristianlara və digər dini və etnik azlıqlara hakimiyyətimiz altında təhlükəsiz yaşayacaqlarını açıq şəkildə söyləmək üçün əlimizdən gələni edirik. Xaos dövründə ayrı-ayrı şəxslər tərəfindən azlıqlara qarşı bəzi pozuntular olub, lakin biz bu problemləri həll etmişik”.
Colaninin sözlərinə görə, xarici hərbi qüvvələr Suriyanı tərk etməlidir:
“Hazırda ölkədə ABŞ, Türkiyə, Rusiya və İran hərbçiləri ilə yanaşı, İranın qruplaşmaları da var. Düşünürəm ki, bu rejim süqut etdikdən sonra problem həll olunacaq və daha heç bir xarici qoşunun Suriyada qalmasına ehtiyac qalmayacaq.
Suriya bir hökmdarın özbaşına qərarlar qəbul etdiyi sistemə deyil, institusional idarəetmə sisteminə layiqdir. Əsəd sülaləsi 1971-ci ildən bəri 53 ildir hakimiyyətdədir. Rejim onilliklərlə davam edən hakimiyyətini saxlamaq üçün yüz minlərlə insanı qətlə yetirib, müxalifləri həbs edib, milyonlarla insanı ölkə daxilində və xaricində vəhşicəsinə təqib edib”.