Türkiyə Prezidenti Təcəb Tayyib Ərdoğan Suriyada Bəşər Əsəd rejiminə qarşı başlayan üsyan barəsində maraqlı açıqlama verib.
Sozcu.az “Anadolu”ya istinadən xəbər verir ki, Ərdoğan Suriyada hökumət ordusunu getdikcə sıxışdıran müxalif "Heyət Təhrir əş-Şam" (HTŞ) silahlı qruplaşmasının sürətli hücumunu şərh edərkən deyib:
"İdlib, Hama, Hums və hədəf təbii ki Dəməşqdir. Müxalifətin bu yürüşü davam edir. Ümid edirik ki, Suriyadakı bu yürüş insidentsiz və problemsiz davam edəcək".
Türkiyə Prezidenti bu açıqlamanı Hz. Əli məscidində qılınan cümə namazından sonra mətbuat mənsublarının suallarını cavablandırarkən verib.
"İdlib, Hama, Hums və hədəf təbii ki Dəməşqdir. Müxalifətin bu yürüşü hazırda davam edir. Biz bu yürüşü həm kəşfiyyat vasitəsilə, həm də bütün mediadan izləyirik.
Suriyadakı bu yürüş qəzasız-bəlasız davam etsin deyəcəyəm, amma bu dirəniş terror təşkilatları ilə birlikdə davam etdirilərkən, xatırlayırsınızsa, Əsədə zəng etdim, “gəl görüşək, Suriyanın gələcəyini birlikdə müəyyən edək” dedim. Təəssüf ki, Əsəddən bu təklifə müsbət cavab ala bilmədik", - Ərdoğan əlavə edib.
Prezident müxalifətin paytaxt Dəməşqə doğru irəliləməsini belə qiymətləndirib:
"Bölgədə davam edən bu narahat yürüşlər bizim istədiyimiz deyil, istəmirik. Təəssüf ki, bölgə problem içindədir”.