2022-ci ildə MİQ imtahanlarında iştirak edən və uğurlu nəticə göstərən ibtidai sinif müəllimi Südabə Sadıqova iki ildir ki sertifikatını ala bilmir.
O, bu barədə Bakupost.az -a şikayətində bildirib.
S.Sadıqova qeyd edib ki, 33 il Bakı şəhəri, Təbriz küçəsində yerləşən 77 saylı məktəbdə (hazırda Bakı Ankara Məktəb-Liseyi) çalışıb:
"2022-ci ildə, 64 yaşımda sertifikasiya imtahanından keçdim. O vaxt deyirdilər ki, sertifikasiyadan keçənlər beş il işləyə bilər. 2023-cü ilin fevralından may ayına qədər bütün müəllim yoldaşlarım sertifikatlarını aldılar. İyun ayında mən də sertifikatın dalınca düşdüm. Dəfələrlə Təhsil Nazirliyinin Qəbul şöbəsinə getdim. Orada mənə dedilər ki, sənədi ASAN Xidmətə göndəriblər. İki dəfə ASAN Xidmətə getdim, amma oradan da sertifikatın olmadığını bildirdilər. Axırda Nazirlikdən dedilər ki, hərf səhvi olub, ona görə sənəd qalıb".
2023-cü ilin sentyabr ayında təqaüdə göndərilən müəllimə, o vaxtdan bəri hər ay 146 "Qaynar xətt"inə müraciət etsə də, eyni cavabları alır:
"Hər dəfə "Hələ hazır deyil", "Hazır olanda verəcəyik", "Emailinizə göndərəcəyik" deyirlər. Lakin heç bir nəticə yoxdur. Bu sertifikat mənim qanuni haqqımdır. Sertifikasiyadan keçmişəm, amma sənədimi ala bilmirəm. Onlar 64 yaşlı müəllimin əsəblərini poza-poza sertifikasiyaya göndəriblər. İmtahandan keçmişəm və sertifikatımı tələb edirəm".
Maraqlıdır ki, Təhsil Nazirliyi müəllimə sertifikat vermək əvəzinə onu təqaüdə göndərib. Təqaüdə göndərilən müəllimlərə sertifikat verilmirmi?
Məsələ ilə bağlı Bakupost.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov bildirdi ki, ümumtəhsil məktəblərində çalışan müəllimlərin sertifikatlaşdırılması Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli, 155 nömrəli qərarına əsasən tənzimlənir.
" 2022-ci ildə edilən dəyişikliklərdən biri də 60 yaşı tamam olmuş şəxslərin sertifikasiyada iştirakının könüllü olmasıdır. Bu o deməkdir ki, həmin şəxslər sertifikasiyada iştirak etmək üçün əlavə olaraq ərizə yazıb müraciət etməlidirlər ki, 60 yaşımın tamam olmasına baxmayaraq sertifikasiyada iştirak etmək istəyirəm. Yalnız bu müraciətdən sonra onlar sertifikasiyaya cəlb edilə bilərlər".
Ekspertin sözlərinə görə, sertifikasiyada iştirak etdiyi halda, sertifikatın kağız şəklində verilməsinin xüsusi bir halı yoxdur, lakin müəllim onu almaq hüququna malikdir:
"Mən düşünürəm ki, bu, əmək münasibətlərindən irəli gələn problemdir. Həmin müəllim ilk növbədə yazılı şəkildə Təhsil Nazirliyinə və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) müraciət etməlidir. Əgər 15 gün ərzində cavab almazsa və ya cavab onu qane etməzsə, o zaman məhkəməyə müraciət etməsi məqsədəuyğundur".
Mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyindən Bakupost.az -ın sorğusuna cavab olaraq bildirildi ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən edilmiş müvafiq dəyişikliklərə əsasən, təhsilverənlərin sertifikatlaşdırılması prosesində uğur qazanan müəllimlərə elektron sənəd formasında yaradılan sertifikat veriləcək:
“Elektron sənəd formasında təqdim edilən sertifikatlar müəllimlərin portal.edu.az platformasında yerləşən şəxsi kabinetlərinə əlavə ediləcək. Hazırda bu istiqamətdə sistemdə texniki işlər aparılır”.