Rusiyanın itkiləri 273 mini ötdü

Ukrayna müharibənin 573-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 273 460 hərbçi, 4628 ədəd tank, 8851 ədəd zirehli döyüş maşını, 6062 ədəd artilleriya sistemi, 778 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 526 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 8601 ədəd avtomobil texnikası, 4784 ədəd PUA, 1479 qanadlı raket, 20 gəmi/qayıq, 1 sualtı qayıq, 903 xüsusi avadanlıq itirib.

Qarabağda erməni təxribatı: daha 4 polis həlak oldu

Daxili İşlər Nazirliyi əməkdaşlarına qarşı törədilmiş terror aktı ilə bağlı cinayət işi başlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb. 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olmuşlar. Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (mütəşəkkil dəstə tərəfindən, ümumi təhlükəli üsulla, təkrar, zərər çəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar, milli ədavət və düşmənçilik niyyəti ilə iki və ya daha çox şəxsi terrorçuluqla əlaqədar öldürmə), 228.3 (mütəşəkkil dəstə tərəfindən təkrar qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanmışdır. Cinayət işi üzrə birgə istintaq-əməliyyat tədbirləri həyata keçirilir, gedişatı barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir. Qeyd edək ki, bundan öncə - sentyabrın 19-u saat 01:00 radələrində Füzulidə yük avtomobilinin aşması nəticəsində DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qarabağda daha bir dəhşət: ölənlər var - Yeniləndi

09:55 Sentyabrın 19-da saat 09 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. DİN-in mətbuat xidmətinin regional qrupundan Sozcu.az-a bildirilib ki, “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində "Azərenerji"nin əməkdaşları Məhəmməd Mübariz oğlu Məmmədov və Gülağa Gülməmməd oğlu Məmmədov həyatlarını itiriblər. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, sentyabrın 19-u saat 01:00 radələrində Füzulidə yük avtomobilinin aşması nəticəsində DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin, sentyabrın 19-u saat 04:00 radələrində Xocavənd rayonu ərazisində Azəravtoyol ASC-yə məxsus “Hovo” markalı yük avtomobili minaya düşüb, nəticədə sürücü və sərnişin hadisə yerində həlak olub. *** Bu gün Laçın rayonunun Mollalar kəndində ağır yol nəqliyyat hadisəsi nəticəsində həlak olmuş Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu Azərenerji ASC-nin əməkdaşları deyil. Bu barədə qurumdan bildirilib. Məlumata görə, onlar ərazidə podrat işləri həyata keçirən Elektrikquraşdırma Müəssisəsinin əməkdaşlarıdır.

Ukrayna ordusu Rusiyanın 28 PUA-sını məhv etdi

Sentyabrın 19-da gecə hücumu zamanı Rusiya qoşunları Ukrayna ərazisinə 30 PUA, həmçinin İsgəndər-M ballistik raketini atıblar. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb. Bildirilib ki, Ukrayna ordusu Cənub, Mərkəz və Qərb bölgələrində 27 “Şahid” və bir kəşfiyyatçı PUA-nı məhv edib.

Ermənilər minanı yeni inşa olunan tunelə qoyublarmış...

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti Xocavəndə polis əməkdaşlarının minaya düşərək həlak olması ilə bağlı birgə məlumat yayıb. Sozcu.az xəbər verir ki, məlumatda 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partladığı, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlunun hadisə yerində həlak olduğu bildirilib.

"Tıxac daha fəlakətli vəziyyətdə olacaq"

"Tıxacla bağlı heç bir ciddi dəyişiklik olmayacaq. Bu, həlli nəzərdə tutulmayan məsələdir. Ona görə ki, bu istiqamətdə ciddi şəkildə müzakirə də aparılmır". Sozcu.az xəbər verir ki, bunu unikal-a açıqlamasında deputat Fazil Mustafa deyib. O bildirib ki, bunun müxtəlif yolları var və qısa müddətdə həll etmək olar: "Sanki kimlərsə tıxacın olmasında maraqlıdır. Dəfələrlə bu məsələni qaldırmışıq. Tıxac uzun illərdir Bakının əsas problemlərindən birinə çevrilib. İnfrastruktur elə qurulub ki, dəyişmək mümkün deyil və buna niyyət də yoxdur. Dünyada belə proseslərin həlli istiqamətində çıxış yolları axtarılır". Oktyabrın 1-dən taksi fəaliyyəti ilə bağlı qanunvericiliyə edilən yeni dəyişikliklərin qüvvəyə minməsindən sonra vəziyyətin necə olacağına gəlincə, deputat qeyd edib ki, yeni vəziyyətin yaranacağı absurd fikirdir: "Guya taksilər dayansa nə olacaq? Buna taksi fəaliyyətinin inhisarçılıq baxımından başqa istiqamətə yönəlməsi üçün düşünülmüş addım kimi də baxıla bilər. Bu, qiymətlərə təsir edəcək. Bu məsələdə çox ümidli olmağa dəyməz. Tıxac davam edəcək və daha fəlakətli vəziyyətdə olacaq".

Nazirlik: “Ermənistan Azərbaycan ərazisində yeni minalar basdırmağa davam edir“

Ermənistan Azərbaycan ərazisində yeni minalar basdırmağa davam edir.  Sozcu.az xəbər verir ki, bu barədə sentyabrın 18-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun və xarici işlər nazirinin muavini Fariz Rzayevin iştirakı ilə Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üçün təşkil olunan brifinqdə bildirilib. Qeyd edilib ki, ötən ilin avqustundan etibarən 2021-ci ildə Ermənistanda istehsal olunmuş 2728 mina aşkarlanıb və zərərsizləşdirilib. Bunların 1119-u Azərbaycan və Ermənistan arasında sərhəd ərazisində, Kəlbəcər və Laçın rayonlarında, 1609-u isə Qarabağ İqtisadi Rayonunun ərazisində aşkarlanıb. Rusiya sülhməramlı kontingenti, habelə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərləri, o cümlədən xarici ölkələrin hərbi nümayəndələri bu minaların nümayiş olunduğu əraziyə səfər ediblər. Vurğulanıb ki, Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılmasının səbəblərindən biri sözügedən qeyri-qanuni hərbi fəaliyyətin və qaçaqmalçılığın qarşısının alınması olub. 

Ermənistan hərbi hücum etmək üçün texnika toplayır - XİN

Ermənistan açıq şəkildə növbəti hərbi hücum etmək üçün yeni səngərlər qazır, istehkamlar qurur, şəxsi heyət və texnika toplayır. Sozcu.az xəbər verir ki, bu barədə sentyabrın 18-də Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun və xarici işlər nazirinin muavini Fariz Rzayevin iştirakı ilə Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün təşkil olunan brifinqdə bildirilib. "Son günlər, həm Azərbaycan və Ermənistan arasında delimitasiya olunmamış sərhəd boyunca, həm də Qarabağ bölgəsində hərbi-mühəndislik işlərinin və digər hərbi quruculuq fəaliyyətinin artması ilə müşayiət olunan hərbi təxribatların intensivləşməsi müşahidə olunur. Ermənistan açıq şəkildə növbəti hərbi hücum etmək üçün yeni səngərlər qazır, istehkamlar qurur, şəxsi heyət və texnika toplayır", - brifinqdə qeyd edilib.

İtkin düşmüş Azərbaycan Milli Qəhrəmanı, Polkovnik-leytenant Riad Əhmədovun nəşinin qalıqları tapılıb

Azərbaycan Milli Qəhrəmanı, 1992-ci ilin yanvar ayında Daşaltı kəndində itkin düşmüş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini, şəhid Polkovnik leytenant Riad Əhmədov və digər bir neçə hərbiçimizin nəşinin qalıqları tapılıb.   Riad Fikrət oğlu Əhmədov Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Sözcü.az

Putinə nəfəs almağa imkan vermək olmaz - Zelenski

Mümkün qədər ərazimizi təmizləyib irəli getməliyik, hətta yüz metrdən az olsa belə, bunu etməliyik. Putinə nəfəs almağa imkan verməməliyik. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. Zelenskinin sözlərinə görə, əks-hücum sürəti aşağıdır, amma qoşunlar irəliləməyə davam edir: “Hazırda cəbhə xətti ukraynalılar və rusların hər gün 40 mərmi atdığı artilleriya duelinə çevrilib. PUA-larla aparılan müharibənin də sürəti azalıb. Çətin vəziyyətdir. Amma biz rusların hücumunun qarşısını alıb əks-hücuma keçmişik”.

Azərbaycan XİN: "Ermənistan Xankəndiyə gedən yolların paralel istifadəsinə əngəl törədir"

"Əldə olunmuş razılaşmalara baxmayaraq, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı marionet rejim əvvəldən Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda işləməsinə mane oldu və vəziyyətin humanitar deyil, siyasi xarakter daşıdığını bir daha sübut etdi". Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "X" hesabında yazıb. "Azərbaycan öz suveren torpağında yeganə qərar qəbul edən ölkə olaraq uzun müddətdir ki, yüklərin çatdırılması üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda istifadəsi təklifini dəstəkləmiş və təcrübəçi tərəfdaşlarla danışıqlarda bu təklifin həyata keçirilməsinə razılıq vermişdir. Lakin təəssüflər olsun ki, əldə olunmuş razılaşmalara baxmayaraq, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı marionet rejim əvvəldən bunun həyata keçirilməsinə mane oldu və vəziyyətin humanitar deyil, siyasi xarakter daşıdığını bir daha sübut etdi. Daha əvvəl qeyd edildiyi kimi, Azərbaycan Laçın sərhəd-keçid məntəqəsində gömrük və sərhəd prosedurlarına riayət olunmaqla, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının paralel istifadəsini təmin etməyə hazırdır",- o vurğulayıb.

“Qarabağ kimi “boz zona”ların mövcuqluğunda hətta dövlətlərin də marağı olur...”

"Odur ki, belə zonaları çox nadir hallarda danışıqlar yoluyla ləğv etmək olur. Və “boz” zonaların ləğvi sonda yalnız və yalnız hərbi yolla başa gəlir... “Azərbaycandakı  “boz zona”nın aradan qaldırılması separatçıların əlində olan əraziyə nəzarətin bərpası deməkdir. Nəzarətin bərpa olunmasının isə xeyli yolları var. Bu, hərbi yoldur, siyasi-diplomatik yoldur, danışıqlar yoludur...” Bu fikirləri Moderator.az-a açıqlamasında “Planetimizdə “boz zona”lara hansı nümunələri çəkmək,  keçmiş Dağlıq Qarabağ ərazisi ilə hansı paralelləri aparmaq olar? Belə zonaların aradan qaldırılması təcrübəsi necədir?” sualını cavablandırarkən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu ifadə edib. “Boz zona”lar hər hansı konflikt nəticəsində və yaxud mərkəzi hakimiyyətin nəzarəti itirməsi nəticəsində yaranmış qanunsuz, qondarma, separatçı “hökuməti” olan ərazilərə deyirlər. Yaxud bəzən bir ölkənin bütöv ərazisi və ya onun xeyli hissəsi də “boz zona”ya çevrilə bilər. Bu o halda baş verir ki, hakimiyyət nəzarəti tam olaraq itirir və dövlət qiyamçıların, terrorçuların və s. əlinə keçir. Belə “boz zona”ya Suriyanın bir hissəsini misal gətirmək olar...” – deyən analitik hesab edir ki, Dağlıq Qarabağ kimi “boz zona”ları aradan qaldırmaq çox çətin bir məsələdir. “Belə zonaların aradan qaldırılması, ümumiyyətlə, çox çətin məsələdir. Ona görə ki, “boz zona”ların mövcudluğunda ən müxtəlif transmilli cinayətkar qrupların və hətta dövlətlərin marağı olur. Yəni, boz zona nəzarətsiz, heç bir qanunların işləmədiyi ərazi deməkdir”.  “Azərbaycandakı  “boz zona”nın aradan qaldırılması separatçıların əlində olan əraziyə nəzarətin bərpası deməkdir. Nəzarətin bərpa olunmasının isə xeyli yolları var. Bu, hərbi yoldur, siyasi-diplomatik yoldur, danışıqlar yoludur. Amma təcrübə göstərir ki, “boz zona”ları çox nadir hallarda danışıqlar yoluyla ləğv etmək olur. Və belə zonaların ləğvi sonda yalnız və yalnız hərbi yolla başa gəlir. Lakin, dediyim kimi, hər kəs “boz zona”larının ləğvinin marağında deyil. Ona görə ki, müxtəlif qrup və ya dövlətlər belə zonalardan silah, gizli neft və digər resursların alveri üçün, həmçinin, öz hansısa çirkli pul “yuma” və s. əməllərini həyata keçirmək üçün istifadə edirlər” -deyə ekspert yekunlaşdırıb.

572-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 572-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 272 940 hərbçi, 4623 ədəd tank, 8834 ədəd zirehli döyüş maşını, 6027 ədəd artilleriya sistemi, 776 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 525 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 8571 ədəd avtomobil texnikası, 4769 ədəd PUA, 1462 qanadlı raket, 20 gəmi/qayıq, 1 sualtı qayıq, 901 xüsusi avadanlıq itirib.

Milli Qəhrəman Riad Əhmədovun qalıqları TAPILIB

“Bu konfrans ərəfəsində biz 9 nəfəri hərbçi, 1 nəfəri mülki şəxs olmaqla daha 10 vətəndaşımızın meyit qalıqlarının eyniləşdirilməsinə nail olmuşuq”. Sozcu.az xəbər verir ki, bunu “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda çıxışında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev deyib. Əli Nağıyev bildirib ki, onların sırasında Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov da var: “O, uzun müddət peşəkar zabit kimi təhlükəsizlik orqanlarında çalışıb, 1989-cu ildə erməni silahlı birləşmələri Azərbaycana qarşı elan olunmamış müharibəyə başladığı vaxtdan etibarən Riad Əhmədov bütün bacarığını Milli Ordunun yaradılmasına sərf edib, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. Riad Əhmədov 1992-ci il yanvarın 26-sında rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşüb”. Ə.Nağıyev vurğulayıb ki, Məzar yerlərinin müəyyən olunması, qazıntı, ekshumasiya və eyniləşdirmənin aparılmasında səy göstərmiş İşçi qrupunun və Dövlət Komissiyasında təmsil olunan qurumların mütəxəssis heyətinin fəaliyyəti təqdirəlayiqdir: "30 il əvvəl itkin düşmüş vətəndaşlarımızın, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun taleyinin aydınlaşması ciddi ictimai hadisədir. Bu sahədə çalışan bütün heyətimizə uğurlar diləyir, onlardan yeni nəticələr gözləyirik”.

Prezident: Etibarlı məlumatlara əsasən, itkin düşmüş şəxslər Ermənistan tərəfindən işgəncələrə məruz qalaraq qətlə yetirilib

İtkin düşmüş şəxslər məsələsi Azərbaycanın üzləşdiyi ən ağır problemlərdən biridir və konfransın mövzusu ölkəmiz üçün xüsusi aktuallıq kəsb edir. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Bakıda keçirilən “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransın iştirakçılarına müraciətində deyilir. “Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 3890 vətəndaşımız itkin düşmüşdür. İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfərin əsir-girov götürülməsi və ya vaxtilə işğal altında olmuş ərazilərdə qalmasına dair təkzibedilməz məlumatlar mövcuddur. Etibarlı məlumatlara əsasən, itkin düşmüş şəxslər Ermənistan tərəfindən işgəncələrə məruz qalmış, qətlə yetirilmiş və Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində kütləvi məzarlıqlarda basdırılmışdır”, - dövlət başçısı vurğulayıb.

Əli Nağıyev: “İtkin düşmüş hərbiçilərimizin xeyli hissəsi döyüş meydanlarında deyil, əsir düşərgələrində qətlə yetirilib"

"Əldə olunmuş sübutlar göstərir ki, itkin düşmüş hərbiçilərimizin xeyli hissəsi döyüş meydanlarında deyil, əsir düşərgələrində dəhşətli işgəncələr nəticəsində qətlə yetiriliblər". Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, hərbi təcavüz nəticəsində ölkəmiz xeyli sayda insan itkisinə, yüzlərlə şəhər və kəndlərimizin tamamilə dağıdılması ilə müşayiət olunan dəhşətli mərhumiyyətlərə məruz qalıb: “Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlardır”. Ə.Nağıyev vurğulayıb ki, Vətən müharibəsində isə 6 nəfər hərbi qulluqçu itkin düşmüşdür. Əldə olunmuş sübutlar göstərir ki, itkin düşmüş hərbiçilərimizin xeyli hissəsi döyüş meydanlarında deyil, əsir düşərgələrində dəhşətli işgəncələr nəticəsində qətlə yetirilmişlər.

Bu gün Üzeyir bəy Hacıbəylinin anadan olmasının 138-ci ili tamam olur

Bu gün dünya şöhrətli Azərbaycan bəstəkarı, dirijor, musiqişünas, publisist, dramaturq, pedaqoq Üzeyir bəy Hacıbəylinin anadan olmasının 138-ci ili tamam olur. Üzeyir bəyin musiqi yaradıcılığı ona böyük şöhrət gətirmiş və günü bu gündə musiqi mirası öz möhtəşəmliyini qorumaqdadır. Musiqi yaradıcılığında Qərb və Şərq musiqi üslubları birləşdirilib. Onun tərəfindən Azərbaycan xalq musiqisinin elementləri klassik Avropa ənənələrinə uyğunlaşdırılmışdır. Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda, ilk nümunələrin yaradıcısı kimi tanınmış dahi bəstəkar ilk azərbaycanlı folklorçu-bəstəkar və Azərbaycan musiqisinin dərinliklərini və istiqamətlərini araşdırıb üzə çıxarmış və əsaslandırmış ilk azərbaycanlı musiqişünas-alimdir. Üzeyir Hacıbəyli həm də ədəbi-bədii dəyərini itirməmiş yazıları ilə tanınan publisist, felyetonçu və librettoçu-dramaturqdur. Üzeyir Hacıbəyli görkəmli yenilikçi, müəllim-ustad və Azərbaycanda böyük musiqiçi-ictimaiyyətçı kimi, Şərqdə ilk musiqili teatrın və ilk Konservatoriyanın yaradıcısı kimi Azərbaycan xalqının tarixində və mədəniyyətində dərin iz qoymuşdur. Üzeyir bəyi doğum günündə böyük hörmət, sevgi və sayğı ilə anırıq ! Sözcü.az

Rusiyada silahlı şəxslər neft yatağını ələ keçirdi!.. -XAOS BAŞLAYIR?..-FOTOLAR+VİDEO

Rusiya Federasiyasının İrkutsk vilayətində kamuflyaj geyimli 20 nəfər silahlı şəxs "Dyusma" şirkətinin neftçilər şəhərciyinin ərazisinə helikopterlərdən eniş edib. Sozcu.az  “TSN”-ə istinadla xəbər verir ki, müvafiq video teleqram-kanallarda yayımlanıb. Yayımlanan kadrlardan da göründüyü kimi, mülki geyimli şəxslər kazarmadan çıxarılaraq, əlləri başlarının arxasına qaldırılaraq divara düzülüb, bəziləri isə üzüstə yerə uzanmağa məcbur edilib. “Basqın” zamanı yuxarıya doğru atəş açılıb və nalayiq sözlər eşidilib. Hadisə Rusiyanın “Yuqra” bankının həbsdə olan keçmiş sahibi Aleksey Xotinə məxsus aktivə nəzarətin aktiv şəkildə dəyişməsi ilə izah edilir. O, vəsaitləri mənimsəməkdə ittiham olunur, çünki bank tərəfindən verilən bütün kreditlərin 98%-i (təxminən 240 milyard rubl) sahibinin daşınmaz əmlak və neft hasilatı biznesinin maliyyələşdirilməsinə sərf edilib. Xotin 2019-cu ilin aprelindən ev dustaqlığındadır. Əllərində silah olan şəxsləri həm özəl mühafizə şirkətlərinin nümayəndələri, həm də Rusiya Qvardiyasının “SOBR”(çevik reaksiyalı xüsusi dəstə) bölməsinin döyüşçüləri kimi qələmə verirlər. Bununla belə, Rusiya Daxili İşlər Nazirliyindən “Padyom” teleqram-kanalına verilən şərhdə neft qəsəbəsində baş verənlərdən xəbərdar olduqlarını, lakin onların əməkdaşlarının hadisələrdə iştirak etmədiyini bildirərək “Reyddə iştirak edən bizim şöbə deyildi” -söyləyiblər.

Ağdam istiqmətində nə baş verir? - Ordumuz hərəkətə keçdi

Sentyabrın 17-si saat 17:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Əlimərdan bəy Topçubaşinin həbsxana həyatı yaşadığı Peterburqun "Krestı" həbsxanası

"Krestı" həbsxanasını "Rusiyanın Bastilyası" adlandırırlar. Çoxlu sayda siyasi məhbusun məhbus həyatı yaşadığı bu həbsxana yuxarıdan baxanda xaçlara bənzəyir. Bu səbəbdən məhbuslar buranı rusca cəm şəklində "Кресты" adlandırırlar. 1905-ci il inqilabından sonrakı dövrdə “Xaçlarda” siyasi məhbuslar üstünlük təşkil etməyə başladı.  Onun kameralarında Leon Trotski, Aleksandr Kerenski, Lev Qumilyov, Lev Kamanev, Anatoli Lunçarski kimi simalar məhbus olublar.  Rus Bastilyası "Krestı" həbsxanasının əsası 19-cu əsrin sonlarında Sankt-Peterburqun Vıborq tərəfində qoyulub. Rus əsilli Çexiya memarı Antoniy Osipoviç Tomişkonun layihəsi əsasında 1884-cü ildən 1892-ci ilə qədər tikilib. Əvvəlcə 960 kamerada yerləşdirilməsi planlaşdırılan 1150 məhbus üçün nəzərdə tutulub. Daha sonra tək hücrələr kimi dizayn edilmiş hüceyrələrin sayı 999-a çatdırlıb. Əlimərdan bəy Topçubaşinin "Krestı" həbsxanasında məhbusluq həyatı 1-ci Dumanın sabiq deputatı kimi "Vıborq bəyannaməsi"nə imza atdıqdan sonra məhkəmənin qərarı ilə baş vermişdir. Çar 1905-ci ilin dekabrında Dövlət Dumasına seçkilər haqqında qanun çıxardı. 1906-cı ilin mart-aprel aylarında Bakı və Yelizavetpol quberniyalarında ilk dəfə olaraq Dövlət Dumasına seçkilər keçirildi. Bakı quberniyasından seçilənlərdən biridə Əlimərdan bəy Topçubaşi idi.  Çar hökuməti onun fəaliyyətini tənqid edən inqilabi mövqeli Dumanı 72 gündən sonra qovmuşdur. 1906-cı ilin iyulun 8-də Duma buraxıldı və Kadetlər deputatlara Peterburqdan bir qədər kənarda – Vıborqda toplaşmağı təklif etdilər. Deputatlar Dumanın qovulmasına etiraz edərək 1906-cı il iyulun 9–10-da Vıborqda iclas keçirdilər və "Vıborq müraciətnaməsi"ni qəbul etdilər. Həmin Vıborq çağırışını 6 müsəlman deputatla birgə Əlimərdan bəy Topçubaşov da imzalamış, bu fəaliyyətinə görə 1908-ci ilin yayında üç ay müddətinə "Krestı"də həbsdə saxlanılmışdı. Bu zaman o, "Kaspi" qəzetindəki işindən və Bakı Şəhər Dumasının üzvlüyündən də xaric edilmişdir. Onunla birgə bu sənədə Yelizavetpol quberniyasından deputat seçilmiş İsmayıl Xan Ziyadxanlıda imza atmışdı.  Birinci Dövlət Dumasının keçmiş üzvlərinin iclası 1906-cı il iyulun 9-10-da ( 22-23 iyul ) Vıborqdakı Belvedere mehmanxanasında keçirildi  Dumanın bütün fraksiyalarından təxminən 220 keçmiş deputat iştirak edirdi. "Vıborq bəyannaməsində" bu sözlər qeyd olunmuşdur: Vətəndaşlar!  Xalq təmsilçiliyinin tapdalanmış hüquqlarının müdafiəsinə qalxın, Dövlət Dumasının müdafiəsinə qalxın. Rusiya bir gün belə xalqın təmsilçiliyindən məhrum qalmamalıdır. Buna nail olmaq üçün bir yolunuz var: Hökumətin xalq nümayəndələrinin razılığı olmadan xalqdan vergi toplamaq və ya xalqı hərbi xidmətə çağırmaq hüququ yoxdur. Buna görə də, indi Hökumət Dövlət Dumasını buraxdığına görə, ona nə əsgər, nə də pul verməmək hüququnuz var. May ayının 8-də Əlimərdan bəyi paytaxt polislərinin əhatəsində faytonla “Krestı” həbsxanasına gətirdilər.  Tarixçi Cəmil Həsənli "Tarixi şəxsiyyətin tarixi - Əlimərdan bəy Topçubaşov " kitabında(səh 188) yazır ki, “Krestı” həbsxanasında Əlimərdan bəy təkadamlıq kamerada yatırdı. Məhz özünün yazdığı kimi, o, 1908-ci ilin iyul ayında Osmanlı imperatorluğunda baş vermiş “Gənc türklər” inqilabının qələbəsi haqqında “sevincli xəbəri” də elə həbsxana divarları arasında eşitdi. O, Türkiyədə konstitusiyalı sistemin tətbiqini çox yüksək qiymətləndirir və gənc türklər hərəkatına rəğbətlə yanaşırdı. “İttihad və Tərəqqi” partiyasının 1908-ci ilin yayında qan tökmədən inqilab etməsi tarixin son dərəcə nadir hadisələrindən biri idi. İyul ayının 24-də Türkiyədə Osmanlı millətçiləri konstitusiyanın əldə edilməsinə nail olanda Rusiya Dumasının birinci müsəlman deputatlarının ən qabaqcıl nümayəndələri hələ imperiyanın müxtəlif həbsxanalarında oturmaqda idilər. Həmçinin Cəmil Həsənli öz kitabında( səh189-190) qeyd edir ki, Əlimərdan bəy “Krestı” həbsxanasında dünya tarixinə, ədəbiyyatına və fəlsəfi fikrinə aid son illərdə nəşr olunmuş çoxlu kitab oxumuşdu. O, çox səliqə ilə “Krestı” həbsxanasında mütaliə etdiyi kitabların siyahısını tutmuşdu. Üç ay ərzində onun 50-yə qədər kitab oxuması adamı heyrətə salır. Kitabların mövzu dairəsi çox rəngarəng idi. Burada Avropa tarixindən tutmuş Şərq ədəbiyyatına, xristian təlimlərindən tutmuş islam mədəniyyətinə qədər geniş bir dairə əhatə edilmişdi. Bu kitabların bir hissəsi XX əsrin əvvəllərində müxtəlif Avropa dillərindən rus dilinə tərcümə olunmuşdu və dövrün qabaqcıl ideyalarını özündə əks etdirirdi. Bu kitablar onun maraq dairəsi haqqında aydın təsəvvür yaradır və geniş dünyagörüşündən xəbər verirdi. Onun mütaliə etdiyi kitabların siyahısında S.Arnoldinin “Mədəniyyət və vəhşi tayfalar”, N.Kareyevin “Dünya tarixinin ümumi gedişi”, B.Çiçerinin “Qədim və yeni dünyanın siyasi mütəfəkkirləri”, Arnold Bergerin “Reformasiyanın mədəni vəzifələri”, Veyzerin “Yaponiya bizim günlərimizdə”, fon Ziboldun “Yaponiyada islahatlar”, M.Solovyevin “Polşanın süqut tarixi”, “I Aleksandr və I Napoleon”, “Şərq məsələsi”, “Din və tərəqqi”, B.Pavloviçin “Tatarçılığın qəddar dövrü”, V.Berenştamın “Siyasətə yaxın”, Hüquq uğrunda”, M.Kovalevskinin “Rusiyanın iqtisadi quruluşu”, Şlezingerin “XX əsrin əvvəllərinin qadınları”, Belyavskinin “Köhnə və yeni etiqadlar”, E.Renanın “İisusun həyatı”, “Mark Avreli” və “Apostollar”, Q.Senkeviçin “Tufan” və “Hara gedirsən?”, N.Şelqunovun “Təzadlar ölkəsində. Türküstan”, E.Vodovozovanın “Türklər, bolqarlar, serblər”, R.Qamsunun “Aclıq”, F.Beyerleynin “Yena və ya Sedan?”, E.Reklünün “Hindistan və Hindiçin”, “Ön Asiya: Əfqanıstan, Bəlucistan, İran, Asiya Türkiyəsi və Ərəbistan”, A.Budiloviçin “Özgə xalqların təhsil məsələləri”, V.Çerevanskinin “Müsəlman sünni məzhəblərin işləri üzrə qeydlər”, Q.Lisonkovun “Torpaq məsələsi”, L.Tolstoyun“Torpaq məsələsinin yeganə mümkün həlli”, O.Mirabonun “İşgəncəbağı”, “Sebastian Rok” və “Ev qulluqçusunun gündəliyi”, F.Bred Hartın “Hekayələr”, Cerom Klapka Ceromun novellaları, Qraf Amorinin “Yapon sarayının gizlinləri”, Stendalın “Vaiz”, A.Blokun şeirləri, N.Kareyevin “Yeni tarix”, B.Börnsonun Norveç hekayələri və povestləri, Q.Beloqlovskinin Loris Melikovvə digərləri haqqında xatirələr, M.Qorkinin “Tövbə”, A.Kuprinin povest və hekayələri, İ.Potapenkonun povest və hekayələrinin adları var idi. 1908-ci il avqust ayının 8-də Topçubaşi "Krestı" həbsxanasından azad edilmişdir.  Ceyhun Nəbi 

Paşinyandan Ərdoğanın dördtərəfli görüş təklifinə CAVAB

Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dördtərəfli görüş təklifi ilə bağlı sualını cavablandırıb. Sozcu.az xəbər verir ki, o, belə təkliflərin olduğunu bildirib. "Təkliflər, ideyalar var. Mən onlardan birini xüsusi qeyd etmək istəmirəm. Məsələ burasındadır ki, şərh edəcəyim tək fikir bu deyil", - Paşinyan deyib. Onun sözlərinə görə, görüşlərlə bağlı müxtəlif təkliflər müzakirə olunur. Qeyd edək ki, Ərdoğan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə dördlü formatda görüşün keçirilməsini təklif edib. O, BMT Baş Assambleyasının iclasına getməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib ki, regionla bağlı vəziyyətin müzakirə olunmasında bu regiondan uzaq olan dövlət və hökumət başçılarının deyil, regionda olanların müzakirə etməsi vacibdir. "Biz Rusiya Prezidenti Vladimir Putinin, Azərbaycan Prezidenti İlham Əliyevin, mənim və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə dördlü formatda görüşün keçirilməsini təklif etmişik ki, addımı ona görə ataq. Hələ bizə bu təkliflə bağlı münasibət bildirilməyib. Bu məsələni Azərbaycan Prezidenti İlham Əliyevlə də danışacağıq. Vəziyyəti yaxında izləyəcəyik", - Ərdoğan vurğulayıb.

Paşinyan: Təəssüf ki, Ermənistanla Azərbaycan arasında saziş bağlamaq planım yoxdur

Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, təəssüf ki, Ermənistanla Azərbaycan arasında saziş bağlamaq planı yoxdur. Sozcu.az xəbər verir ki, o, bunu jurnalistlərə açıqlamasında söyləyib. O qeyd edib ki, hələlik Ermənistanın maraqlarına cavab verən razılaşdırılmış sənəd yoxdur: “İrəvanın prioriteti sülh gündəmidir. Nazirlər Kabineti Bakı ilə tez bir zamanda - bu ilin sonuna və ya gələn ilin əvvəlinə qədər barışmaq istəyir”. İntensiv danışıqlar davam edəcək və Paşinyan ümid edir ki, tərəflər məsələnin həllinə gələcəklər.

Səngər qazmaq istəyən ermənilərin qarşısı alındı

Saat 00:55-dən 03:00-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Rusiyanın itkiləri 272 mini ötdü

Ukrayna müharibənin 571-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 272 320 hərbçi, 4620 ədəd tank, 8828 ədəd zirehli döyüş maşını, 6003 ədəd artilleriya sistemi, 776 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 523 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 8537 ədəd avtomobil texnikası, 4742 ədəd PUA, 1455 qanadlı raket, 20 gəmi/qayıq, 1 sualtı qayıq, 896 xüsusi avadanlıq itirib.