Azərbaycan neftinin qiyməti 96 dollara yaxınlaşır

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti cüzi artıb. Sozcu.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,58 ABŞ dolları, yaxud 1,7 % artaraq 95,86 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Köçəryanın həbs müddəti uzadıldı...-“Hraparak”

Müstəntiq və hakim Ermənistanın ikinci terrorçu prezidenti, Xocalı canisi Robert Köçəryanın oğlu Levon Köçəryanın həbs müddətinin daha 2 ay uzadılması barədə vəsatət verib.  Sozcu.az xəbər verir ki, bu barədə vəkil Aleksandr Koçubayev öz “Facebook” səhifəsində məlumat paylaşıb. “Prokuror vəsatət verərkən iddia etdi ki, Levon Köçəryanın nalayiq davranışı ilə bağlı onlarda faktiki məlumat yoxdur, lakin o, həbsdə saxlanılmalıdır. "Onun sentyabrın 27-dən oktyabrın 11-dək heç bir hərbi əməliyyat keçirməməsi ilə bağlı heç bir mövqeyi yoxdur, lakin o, Levon Köçəryanın həbsdə qalmasında israrlıdır", - Koçubayev belə yazıb. Xatırladaq ki, L.Köçəryan sentyabrın sonunda – Azərbaycanın Qarabağdakı separatçı-terrorçuları təmizləmə əməliyyatından sonra İrəvanda baş nazir Nikol Paşinyan əleyhinə aksiyalarda saxlanılıb və bir məhkəmə onun bir ay müddətinə həbsdə saxlanılması haqda qərar verib. O, dörd polis əməkdaşını döyməkdə ittiham edilir.

“Putin bu savaşdan yararlanmağa çalışır, amma artıq heç nə onu xilas edə bilməz...”

“Bu, boş bir xəyaldır: yalnız çıxılmaz bir  durumda olan diktatorun xəyal edə biləcəyi bir  xam xəyaldır...” “Yaxın Şərq ölkələri hazırda Rusiyanı “sönən güc” hesab edirlər...” Rusiya prezidenti Vladimir Putin İsraillə "Həmas" arasındakı müharibədən faydalanmağa çalışır. Xüsusilə, Kreml “sülhməramlı” kimi şöhrət qazanmaq və Rusiyanın Yaxın Şərqdə təsirini artırmaq üçün atəşkəsə nail olmaq istəyir. Sozcu.az xəbər verir ki, bu fikirləri Böyük Britaniyanın məşhur “Teleqraf” (“The Telegraph”) qəzetində Britaniya ordusunun istefada olan polkovniki Riçard Kemp yazıb.  “Dünyada, xüsusən də Ukraynada bu qədər qan tökülməsinə görə məsuliyyət daşıyan adam indi deyir: “Bu gün qan tökülməsini dayandırmaq vacibdir”-deyə ingilis polkovnik bildirir. Onun fikrincə, Putinin münaqişəyə müdaxiləsi heç nəyi dəyişməyəcək, çünki Rusiyanın güclü dünya dövləti kimi reputasiyası Ukraynaya qarşı müharibə nəticəsində ciddi şəkildə zədələnib. Rusiya qoşunları 18 aylıq genişmiqyaslı müharibədən sonra ağır vəziyyətdə qalır və Ukrayna Silahlı Qüvvələrinin işğal olunmuş Luqansk və Berdyansk aerodromlarına “ATACMS” raket zərbələri endirməsi Kremli dərindən aşağılayıb. Kempin sözlərinə görə, Yaxın Şərq ölkələri hazırda Rusiyanı “sönən güc” hesab edirlər. Deməli, Suriyada Putin artıq mövqelərini itirməkdədir. O, qüvvələrinin bir hissəsini oradan yenidən Ukraynaya yerləşdirməli olub. Ekspert İsrailin “Həmas”a qarşı müharibəsinin Kremlə qısamüddətli fayda verə biləcəyini izah edib. Lakin Putinin səylərinə baxmayaraq, Qərb İsrailin ətrafında toplaşır və Rusiya onun fonunda “kənar” kimi görünür. “Əgər onlar bu böhranı Ukraynadakı savaşda qalib gəlmək üçün bir vasitə kimi görürlərsə, bu, boş bir xəyaldır: yalnız çıxılmaz bir  durumda olan diktatorun xəyal edə biləcəyi bir  xam xəyaldır”,- deyə  Britaniya polkovniki istehza ilə vurğulayıb.

Vaqif Xaçatryan toyuna dəvət etdiyi azərbaycanlıları da öldürüb – FOTO

Azərbaycan vətəndaşlarına qarşı amansız cinayətlər, qətllər və işgəncələr törədən Vaqif Xaçatryan kimdir? Globalinfo.az Trend-ə istinadən xəbər verir ki, Vaqif Xaçatryan 28 oktyabr 1955-ci ildə Əsgəran rayonunun Badara kəndində (Badara kəndi faciənin tördildiyi Meşəli kəndinə qonşu kənd olub, 4 km məsafədə yerləşir – red.) anadan olub, həmin kənddə yaşayıb, evlidir ve üç qız övladı var, ailədə ondan başqa iki qardaşı və bir bacısı olub, 1974-1976-cı illərdə keçmiş sovet ordusu sıralarında hərbi xidmətdə olub. Meşəli faciəsi haqqında Meşəli Xocalı rayonun ərazisində yerləşən kəndlərdən biridir. 23 dekabr 1991-ci ildə Meşəli kəndinə qonşu olan Badara kəndinin erməni sakinləri və digər ermənilər silahlı birləşmələr yaradaraq kəndə hücum ediblər. Vaqif Xaçatryanın da üzv olduğu cinayətkar dəstə Meşəlidə 25 nəfər azərbaycanlını amansızlıqla öldürüb, 14 nəfərə xəsarət yetirib. Törətdiyi cinayət əməllərinə görə Vaqif Xaçatryan barəsində cinayət işi başlanılıb və 2013-cü ildə Nərimanov məhkəməsində onun həbs olunması ilə bağlı qərar çıxarılıb. Bundan sonra isə beynəlxalq axtarışa verilib. 2023-cü ilin iyulun 7-də Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Artıq Vaqif Xaçatryanın 3 məhkəmə iclası baş tutub. İclaslar ictimaiyyət tərəfindən də böyük maraqla qarşılanır. 68 yaşlı Vaqif Xaçatryan isə 32 il əvvəlki kimi soyuqqanlı və artistdir. Məhkəmədə V. Xaçatryan ittiham aktında göstərilənlər üzrə də özünü təqsirli bilmədi və Meşəliyə hücumda iştirak etmədiyini iddia etdi. “O çörək səni tutar” Zərərçəkmiş Şahin Kazımov məhkəməyə ifadəsində deyir: “Vaqif Xaçatryanı şəxsən tanıyıram, o və qardaşı Qurgen dəfələrlə evimizdə qonaq olublar, çörəyimizi kəsiblər. Vaqif Xaçatryanın yaşadığı Badara kəndindən çox şəxsi tanıyırdım, tez-tez bizə gəliblər, əlaqələrimiz yaxşı idi. Onların bizə hücum edəcəyini qətiyyən gözləmirdik. Qardaşım Ramil Kazımov kəndimizdən xəstəni təcili yardım maşını ilə aparırdı, bu zaman Vaqifin dəstəsi onlara pusqu qurub atəşə tutmuşdular. Qeyd edək ki, Kazımovların atası İbrahim Kazımov Vaqif Xaçatryanın qardaşı Qurgen ilə kirvə olublar. Digər zərərçəkmiş Məhəmməd Zeynalov: “Ermənilərin yaşadığı Badara kəndində çox olmuşam. Onlarla münasibətimiz çox yaxşı idi, bizə hücum edəcəklərini düşünmürdük. Onlar Meşəli kəndini tam mühasirəyə alıb, bizi tamamilə qırmaq istəyirdilər. Sadəcə kəndi tam mühasirəyə ala bilmədilər deyə biz çıxa bildik. Evlərə bir-bir od vururdular. Novruz kişi vardı, onun bütün ailəsini qətl etdilər. Əgər Laçın istiqamətində biz qaça bilməsəydik, bizim hamımızı öldürəcəkdilər. Sonradan meyitləri götürəndə çoxsunun yandırıldığını, qadınların sinələrinin kəsildiyini gördük”. Bir çox məqamlarda Vaqif Xaçatryan zərərçəkmişləri tanıyıb, lakin onlara hücum edib qətlə yetirdiyini etiraf etməyib. Vaqif Xaçatryan: “Mən Meşəli sakinlərini öz toyuma dəvət etmişəm, onlar üçün ayrıca stol açmışam. Mən onlara necə güllə ata bilərdim”. Vaqif Xaçatryanın bu ifadəsi zərərçəkmişlərin ciddi etirazına səbəb oldu. Zərərçəkmiş Nemət Kazımov: “Vaqifin dəstəsi kəndə hücum edib atamı şəhid etdilər, xalam Nübar Qasımovanı ayağından yaralamışdılar. O yaralı halında dedi ki, Vaqifin dəstəsi bizi qırdı. Kəndi tam mühasirəyə ala bilməmişdilər, Laçın istiqamətində yol açıq idi və biz canımızı xilas edə bildik”. Vaqif Xaçatryan isə zərərçəkmişlərin hər dəfə onu günahlandırması fonunda peşmanlıq keçirmək əvəzinə, daha çox çıxış yolu axtararaq özünü yazıq və günhasız göstərməyə çalışır. Azərbaycanlıların evində çörək kəsib, onlarla yoldaşlıq edib, sonra isə onlara divan tutan şəxs necə olmalıdırsa Vaqif Xaçaturyan da özünü elə göstərir. Meşəli hadisələri zamanı əsir düşmüş Mikayıl Nurməmmədov Xaçatryanın törətdiyi əməlləri dilə gətirib: “Sən nə alçaq adamsan”. Meşəli kəndində ən böyük divan tutulan azərbaycanlılardan biri isə Novruz kişi olub. Bütün zərərçəkmiş şəxslər ifadələrində onun adını çəkirlər. Meşəli sakini Novruz kişi ovçu olub. O Meşəli kəndinin seçilən sakinlərindən olub, ermənilər ondan çəkiniblər. Hücum zamanı da 50-dən çox erməni Novruz kişinin evini müsahirəyə alaraq atəşə tutublar, daha sonra isə evi yandırıblar. Onun ailəsindən heç kim sağ qalmayıb. Novruzov Novruz Məhərrəm oğlunun öldürülən ailə üzvləri: 1932-ci il təvəllüdlü Novruzova Adilə Məhəmməd qızı, 1977-ci il təvəllüdlü Novruzova Rahilə Novruz qızı, 1979-cu il təvəllüdlü Novruzova Rübabə Novruz qızı, 1971-ci təvəllüdlü Novruzov Zakir Novruz oğlu

Körpələrin silahı olmur

Körpələrin dini olmur Körpələrin peyğəmbəri olmur Körpələrin məscidi, kilsəsi, sinaqoqu olmur Körpələrin "İncil"i, "Quran"ı, "Tövrat"ı olmur Körpələrin milləti olmur Körpələrin siyasi baxışları olmur Körpələrin vətəni anasının qucağı, atasının çiyinləridir Körpələrin vətəni də olmur Körpələrin silahı olmur Körpələrin gülüşü olur Körpələr ölümü də tanımır Böyüklərin - qatillərin, canilərin, cinayətkarların başlatdıqları müharibələrdə ölənədək heç bir körpə ölumü tanımır Bir körpənin ölümü tanıdığı dünyada ədalət də yoxdur, vicdan da, mərhəmət də. Rəşad Ergün

“Qərbi azərbaycanlıların indiki Ermənistanda yaşaması və digər hüquqları üçün təminat verilməlidir”

“Qarabağdakı ermənilərin Azərbaycanda yaşamaq hüququnun olduğu kimi, indiki Ermənistandan, yəni Qərbi Azərbaycandan köçürülmüş azərbaycanlıların da eyni cür hüququ var. Bu məsələdə bizə də təminat verilməlidir, balans qorunmalıdır”. Bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Ankarada Strateji İqtisadi və Cəmiyyət Araşdırmaları Vəqfində (SETA) keçirilən "Qarabağ zəfərindən sonra Azərbaycan" adlı paneldə çıxış edən bildirib. Səfir deyib ki, tarixin müxtəlif mərhələlərində Ermənistandan deportasiya edilən milyondan çox azərbaycanlı var ki, onların yaşamaq hüquqları pozulub: “Mənim atam İrəvan şəhərindəndir. Onlar da deportasiyaya məruz qalıblar. Mənim də baba yurdunda yaşamaq hüququm var. Azərbaycan Qarabağ ermənilərinin qarantı olduğu kimi, Ermənistan da mənim atam, babalarım kimi deportasiya olunmuş azərbaycanlılara zamin durmalıdır. Gürcüstanda 300 mindən çox azərbaycanlı yaşayır. Biz də Azərbaycanda gürcülərə yaşamaq hüququ veririk. Yəni Qafqazda daimi sülhün bərpası üçün bu balans saxlanmalıdır”. R.Məmmədov qeyd edib ki, Qafqazda sülhün, sabitliyin bərpasından Ermənistan böyük qazanc əldə edəcək: “Gürcüstanın dövlət büdcəsinin 40 fazi Azərbaycanın sərmayələri nəticəsində formalaşır. Yəni bu, Ermənistanla da mümkündür. Azərbaycan Qafqazda daimi sülhün bərpasına hazırdır”.

Bakı 8 kənd və 100 milyard tələb edəcək – Rüstəmyan

İlin sonuna qədər sülh saziş imzalana bilər, lakin bu, sülh xarakterli olmayacaq. Sozcu.az xəbər verir ki, bu sözləri erməni mediasına müsahibəsində Ermənistan parlamentinin “Ermənistan” fraksiyasından olan deputatı Armen Rüstəmyan deyib. O iddia edib ki, Azərbaycan Ermənistandan yeni güzəştlər, xüsusən də Bakının şərtləri ilə sərhədin delimitasiyası və demarkasiyası, Azərbaycan SSR-in Ermənistan ərazisindəki anklavlarının verilməsini tələb edəcək: “Anklavların verilməsi Ermənistan tərəfinin strateji əhəmiyyətli yollara nəzarət etməsini məhdudlaşdıracaq; İrəvanın bu marşrut üzərində nəzarət səviyyəsinin aşağı salınması ilə Naxçıvan muxtariyyəti ilə quru əlaqəsinin təmin edilməsi, Qarabağ münaqişəsi başlamazdan əvvəl respublikada yaşayan azərbaycanlıların Ermənistana qaytarılması da tələb ediləcək. Bundan əlavə, Bakı İrəvanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasından Ermənistanı işğalçı kimi qələmə vermək və təzminat məsələsini gündəmə gətirmək üçün əsas kimi istifadə edə bilər. Söhbət 100 milyard dollarlıq təzminatdan gedir”.

AB-də bu tarixdə Azərbaycan-Ermənistan müzakirəsi olacaq

Avropa Birliyinin Xarici Əlaqələr Şurası Ermənistan və Azərbaycan ətrafında vəziyyəti müzakirə edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Şuranın mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, Şura Ukraynadakı vəziyyəti müzakirə edəcək, Ermənistan və Azərbaycanla bağlı hadisələrə dair fikir mübadiləsi aparacaq. Daha sonra nazirlər İsrail və Qəzza zolağındakı vəziyyətlə bağlı müzakirələr aparacaqlar. Qeyd edək ki, Xarici Əlaqələr Şurasının iclası oktyabrın 23-də Lüksemburqda Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndə Jozep Borrellin sədrliyi ilə keçiriləcək.

Yeni müharibə təhlükəsi var - Erməni nazir müavini

Rəsmi Bakı hələ ki, sülh müqaviləsi üzrə Ermənistan tərəfinin təkliflərinə cavab verməyib. Sozcu.az xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında Ermənistan XİN başçısının müavini Paruyr Ovannisyan deyib. O bildirib ki, sülh sazişi ilə bağlı son təkliflərinə hələlik cavab almayıblar. Ovannisyan Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanımaması ilə əlaqədar müharibə təhlükəsinin mümkün olub-olmadığına bu cür cavab verib: “Bəli, təbii ki, baş nazir də bunu dedi”.

ABŞ səfirliyi Azərbaycanı TƏBRİK ETDİ

ABŞ səfirliyi Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Sozcu.az xəbər verir ki, bununla bağlı səfirliyin "Facebook" hesabında paylaşım edilib. "ABŞ səfirliyi Azərbaycan xalqını müstəqilliyin bərpasının 32-ci ildönümü münasibətilə təbrik edir!", paylaşımda qeyd olunub.

Türkiyədə üçgünlük matəm elan olunub

Qəzzadakı xəstəxanaya hücumla əlaqədar Türkiyədə üçgünlük matəm elan olunur. Bu barədə Prezident sərəncam imzalayıb. Sabah bir çox yerlərdə bayraqlar yarıya qədər endiriləcək. Qeyd edək ki, Qəzzadakı xəstəxanaya dünən hücum olub. Hadisə nəticəsində 400-dən çox adam ölüb. Hadisədə HƏMAS və İsrail bir-birilərini ittiham edirlər. Mənbə: habertürk

Baydendən İsrailə: Biz səhv etdik, siz etməyin...

HƏMAS 1400-ə yaxın israillini qətlə yetirib. Onlara cavab verərkən səhvlərə yol verməyin. Sozcu.az xəbər verir ki, bunu İsraildə səfərdə olan ABŞ Prezidenti Co Bayden deyib. Bayden İsrailə ABŞ-da 11 sentyabr hadisəsindən sonra bir çox amerikalının baş verənlərdən qəzəbləndiyi vaxt etdiyi səhvləri təkrar etməmək barədə xəbərdarlıq edib. O etiraf edib ki, ABŞ vaxtilə ədalətə nail olmaq istəyərkən səhvlərə yol verib.

Müsavat başqanı Azərbaycan xalqını təbrik etdi

18 oktyabr Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günüdür!! 32 il əvvəl Azərbaycan xalqı apardığı böyük mübarizə, öz qanı, canı bahasına 71 illik fasilədən sonra dövlətimizin müstəqilliyini bərpasına nail oldu.  Sovet imperiyasının süqutu Baltikyanı ölkələr,  Ukrayna, Gürcüstan və digər xalqlarla yanaşı Azərbaycan xalqının istiqlal uğrunda apardığı fədakar mübarizənin nəticəsində, Tbilisidə, Vilnüsdə, Bakıda tökülən qanlar, 20 yanvar şəhidlərinin qanı bahasına baş verdi.  Azərbaycan Ordusunun yaranması, əraziləriməzə, sərvətlərimizə, taleyimizə sahib çıxmaq imkanlarımız, bu gün, böyük fasilədən sonra üçrəngli bayrağımızın Qarabağın şəhər və kəndələrində daığalanması bu böyük tarixi hadisənin, dövlət müstəqilliyimizin bərpası hesanına mümkün olub.  Bu gün tariximizin ən şərəfli günlərindən biri, böyük bayram günüdür.  Bayramınız Mübarək!

Şəhid Səməd Hüseynzadənin doğum günü ev muzeyinin açılışı oldu - Fotolar

Bu gün İsmayıllı rayonu Talistan kəndində 44 günlük Vətən Müharibəsi şəhidi Hüseynzadə Səməd Səttar oğlunun doğum günü ilə bağlı anım tədbiri keçirilib və ev muzeyininin açılışı olub. Tədbirdə İsmayıllı rayonunun İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və rayonun rəsmi şəxsləri iştirak edib. Şəhidin anım tədbirində şəhid anaları, Qarabağ qaziləri, rayon sakinləri və Şəhid Səməd Hüseynzadənin təhsil aldığı Talistan Kənd orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.  Şəhid Səməd Hüseynzadənin məzarı ziyarət edildikdən sonra, onun doğulub boya-başa çatdığı evində tədbir keçirilib.  Şəhidin anim tədbirində şəhid anaları çıxışlar edərək  Azərbaycan əsgərlərinə  torpaqlarımızın azad edilməsinin şəhid analarına ən boyuk mükafat olduğunu deyərək, Azərbaycan əsgərlərinə təşəkkür ediblər.  Bundan sonra məktəb şagirdləri şəhidlərimizə həsr edilmiş şeirlər səsləndiriblər.

Mahmud Abbas Baydenlə görüşdən imtina etdi

Fələstin Prezidenti Mahmud Abbas amerikalı həmkarı Co Baydenlə görüşdən imtina edib. Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat dərc olunub. Məlumata görə, Fələstin lideri oktyabrın 17-də İsrailin Qəzzada xəstəxana binasına raket zərbəsi endirməsindən sonra bu qərara gəlib. Qeyd edək ki, M.Abbasın oktyabrın 18-də Co Bayden, Misir Prezidenti Əbdül Fəttah əs-Sisi və İordaniya Kralı II Abdullahla görüşü nəzərdə tutulmuşdu.

İsrailə davamlı şəkildə silah göndərəcəyik - ABŞ

ABŞ silahlarının İsrailə tədarükü fasiləsiz olaraq davam etdiriləcək. Sozcu.az xəbər verir ki, bu sözləri Pentaqon nümayəndəsi Sabrina Sinqx jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, 12 oktyabr tarixindən bəri ABŞ hərbi-nəqliyyat təyyarələri İsrailə beş uçuş həyata keçirib: “Çox güman ki, siz İsrailə davamlı silah tədarükünə şahid olacaqsınız”.

“PUTİN SİZİ BOĞACAQ, VAXTINIZ ÇOX AZDIR, TƏRƏDDÜD ETMƏYİN...” – Saakaşvilidən Paşinyana "cəsarətli ol" çağırışı

Gürcüstanın hazırda həbsdə olan eks-prezidenti Mixail Saakaşvili Ermənistanın Baş naziri Nikol Paşinyana müraciət edib. Sozcu.az Saakaşvilinin “feysbuk” səhifəsinə istinadla xəbər verir ki, o, Paşinyanı Putin təhlükəsi barədə xəbərdar edir və ona cəsarətli davranmağı, Azərbaycanla təcili olaraq sülh müqaviləsi imzalamağı, eyni zamanda Rusiyanın hərbi bazasını çıxarmağı və KTMT, Gömrük İttifaqı kimi təşkilatlardan çıxmağı tövsiyə edir. Saakaşvilinin müraciətini təqdim edirik: “Ermənistanın Baş naziri Nikol Paşinyana mesajım Mən ilk dəfədir ki, sizə müraciət edirəm və bunu açıq edirəm, çünki regionumuzun və Ermənistanın taleyi məni çox narahat edir. Özümün Rusiya və bu yaxınlarda MDB sammitində məni bu təşkilatın dağılmasında günahlandıran Putinlə ünsiyyət təcrübəmə əsaslanaraq, sizə bir neçə məsləhət verməyi özümə rəva bilirəm. Siz xalq üsyanları nəticəsində hakimiyyətə gəlmisiniz, yəni, Putinin terminologiyası ilə desək - rəngli inqilab nəticəsində və inanın ki, siz onu necə mayalandırsanız da, sədaqət andı içsəniz də, o sizi heç vaxt bağışlamazdı və bağışlamayacaq. Üstəlik, sizin son bəyanatlarınızdan, siyasi gedişlərinizdən və xüsusən də Roma Nizamnaməsinin ratifikasiyasından sonra – o, sizin qan düşməninizdir və əlində olan bütün imkanlarla – daxili iğtişaşlarla, hərbi əməliyyatların təşviqi ilə sizi devirəcək. O, sizi iqtisadi cəhətdən boğacaq və hibrid müharibənin bütün arsenalından istifadə edəcək. Çox az vaxtınızın olduğunu başa düşməlisiniz. Hakimiyyətə gələndən sonra siz əsaslı islahatlar aparmadınız və ya apara bilmədiniz, ona görə də indiki dövlət aparatınız həqiqətən də Kremlin “beşinci kolon”udur. Avropaya inteqrasiyada gecikmisiniz. Sizin üçün nə qədər çətin olsa da, Ermənistan ətrafında baş verən son hadisələr regionumuza yeni şans verir. Müəyyən müddətdən sonra biz üç Baltikyanı ölkə kimi yaşaya bilərik - açıq sərhədlərlə, üçünün hər birinin üstünlüklərindən istifadə edərək, bütöv bir logistika, maliyyə, enerji qovşaqları sistemi yarada bilərik. Ancaq bunun üçün tələsməli və hər hansı bir tərəddüdü rədd edərək va-bank getməlisiniz. Rusiya hərbi bazasının dərhal çıxarılmasını tələb edin, MDB, KTMT, Gömrük İttifaqından çıxın və Avropa İttifaqı və NATO-ya ərizə verin. 2013-cü ildə biz Avropa Komissiyasının sədri Barrozu ilə birlikdə İrəvana uçduq və boş yerə sələfinizi Moskvanın himayəsi altında bu təşkilatların bəzilərinə qoşulmamağa inandırmağa çalışdıq. Və nəhayət, siz açıq şəkildə bəyan etməli və dərhal Azərbaycanla sülh müqaviləsi imzalamalı və bununla da Ermənistanın daxili və xarici siyasətində əsaslı dəyişikliklərə yol açmalısınız. Sizdə şəxsi cəsarət və siyasi cəsarət əskik olmayacaq və ümid edirəm ki, Putinə sizi məhv etməyə və eyni zamanda ölkənizi məhv etməyə və regionumuzu tamamilə sarsıtmağa imkan verməyəcəksiniz. Hamımızın üzləşdiyi təhlükə çox realdır və dərhal hərəkətə keçməyi tələb edir. Ümid edirəm bu dəfə tərəddüd etməyəcəksiniz. Sizə və erməni xalqına uğurlar”."AzPolitika.info"

Bişmiş balığın gülməyi

Biri var imış, biri yox imiş. Qədim zamanlarda uzaq diyarların birində bir padşah var imiş. Bu padşahın arvadı öz isməti, ərinə öz sədaqəti ilə dillərdə dastan olmuşdu. Nə o padişahdan başqa bir kişi görmüşdü, nə də başqa bir kişi onu. Padşahın arvadı o qədər sədaqətli idi ki, dilinə heç erkək heyvan əti belə dəyməmişdi. O, ancaq dişi quşların və heyvanların əti ilə qidalanar, bunu özünə fəxr bilərdi. Günlərin bir günü bir balıqçının toruna qeyri-adi gözəlliyə malik bir qızıl balıq düşdü. Ətrafdakı digər balıqçılar bu qeyri adi balığın gözəlliyinə heyran olmuşdular. Təcrübəli balıqçılardan biri bu balığa heç vaxt bizim sularda rast gəlmədiyini söyləyərək, onun başqa ölkələrin sularından gəldiyini söylədi. Balıqçı bu balığı padşaha hədiyyə etmək qərarına gəldi. Düşündü ki, həm padşahın nəzərində hörmət qazanmış olar, həm də padşahın ona verdiyi ənam,  onun adı günlərdəki gəlirindən daha çox qazanc əldə etmiş olar. Tutduğu balığı padşaha hədiyyə etmək üçün onu saraya gətirdi. Padişah bu hədiyyədən çox məmnun oldu və balıqçıya ənam verərək onu yola saldı. Sarayın baş aşbazını çağırıb, balığın arvadı üçün ləziz şəkildə bişirilməsinə əmr verdi. Sarayın baş aşbazı əmri yerinə yetirərək balığı bişirdi və padşahın arvadının süfrəsinə gətirdi. Gözəl hazırlanmış balığı görən xanım ərindən soruşdu: – Padşah sağ olsun, biz necə bilə bilərik, bu balıq erkəkdir, yoxsa dişi? Gözlənilməz sual qarşısında özünü itirən padişah cavab verməyə macal tapmamış, arvadı bir az əsəbi və bir o qədər də nəzakətlə dilləndi: – Qibleyi aləm, axı mən erkək heyvan əti yemirəm, bunu ki, sən özün bilirsən… Balığın erkən və ya dişi olduğunu bilməsəm onu necə yeyə bilərəm? Padşahın arvadı sözünü yenicə bitirmişdi ki, qeyri-adi bir hadisə baş verdi. Bişmiş balıq qəflətən qəh-qəhə çəkərək güldü. Gördükləri mənzərə qarşısında çaşıb qalan padişah və arvadı bir müddət təəccüblə bir-birlərinin üzünə baxmaqla kifayətləndilər. Hadisənin təsirindən çıxan kimi padşah bu olayın izah edilməsi üçün ölkənin bütün bilicilərini, münəccim və alimlərini saraya çağıraraq, bu sirrin açılması üçün onlara əmr verdi. Bilicilərin müxtəlif cavabları  padşahı qane etmədiyi üçün, onun əmri ilə onlar bir-bir dar ağacından asılırdılar. İş o yerə çatmışdı ki, artıq bir dar ağacı bəs etmədiyi üçün, yeni dar ağacları qurulurdu. Günlərin bir günü vəzir padşahın hüzuruna gələrək saraya ucqar kəndlərin birindən bir qocanın gəldiyini və bu sirri aça biləcəyini dedi. Padşahın əmri ilə qoca saraya gətirildi. Qoca ədəb-ərkanla padşaha təzim etdi. Padşah və arvadı həmin hadisəni qocaya nəql etdilər. Qoca balığın niyə güldüyünün səbəbini bildiyini padşaha söylədi. Dərhal padşahın əmri ilə şəhər əhli meydana toplaşdı. Padşah üzünü qocaya tutub gur səslə dedi:- “Qoca, əgər sən bişmiş balığın niyə güldüyünü tapa bilsən, sənə ənam verib yola salacam. Yox əgər deyə bilməsən, səni də dar ağacından asdıracam”. Dünya görmüş ağ saqqallı nurani qoca müdrik görkəm alaraq  bir az fikirləşdikdən sonra üzünü xanımın gərdəyinə tutaraq dedi: ” Xanım, mən bişmiş balığın gülmə səbəbini bilirəm, bəlkə deməyim?” Padşah və xanımı təkidlə bu sirrə vaqif olmaq istədiklərini bildirdilər. Meydana toplaşmış əhali də bu fikri dəstəklədiklərini nümayiş etdirdilər. Qoca vəziyyətin gərginləşdiyini görüb dedi: ”Bişmiş balıq ona görə güldü ki, padşahın arvadı yaşadığı otağın zirzəmisində  qırx lotu gizlədilib və xanım gizlincə onlarla eyş-işrətlə məşğul olur, amma balığın erkək yoxsa dişi olmasını soruşur”. Qocanın bu sözündən sonra meydana ölü bir sükut çökdü. Padşah dərhal qocanın müşayəti llə otağın altındakı gizli zirzəmiyə  daxil olaraq  qırx bığıburma oğlanı gördü. Padşah bir anlıq əsəbləşsə də özünü tez ələ aldı və təmkinini pozmayaraq, eşiyə çıxıb qocanın yalan söylədiyini bildirdi. O cəllada qocanın boynunu vurmağı əmr etdi. Padşah bu müdrik qocadan çox qorxdu. Düşündü ki, onun ata və qardaşını zəhərləyib öldürərək hakimiyyətə gəldiyini nə vaxtsa xalqa açıb danışa bilər. Əbil Həsən

İsrail Qəzzanı bombardman etdi: Xəstəxanada 600-dən çox insan öldü – VİDEO +13

İsrail ordusunun raket zərbəsi ilə Qəzzadakı Əhli-Ərəb Xəstəxanasını vurması nəticəsində ölənlərin sayının 600-ü keçdiyi bildirilir. Sozcu.az xəbər verir ki, “Əl-Cəzirə” ölənlərin sayının 1000-i keçə biləcəyini yazıb. Fələstin Prezidenti Mahmud Abbas hadisə ilə bağlı üç günlük matəm elan edib. Fələstində matəm əlaməti olaraq bayraqlar endirilib. ***22:20 İsrail qüvvələrinin bombardmanı Qəzzada bir xəstəxanaya tuş gəlib. Sozcu.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, 300-dən çox insan ölüb, xeyli yaralı var. Qeyd edək ki, Qəzzadan da İsrailin bir neçə şəhərinə eyni vaxtda raket zərbələri endirilib.

İsrail səfirliyinə hücum edildi

İordaniyanın paytaxtı Əmmanda İsrail səfirliyinə hücum olub. Axar.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilir ki, İsrail ordusunun Qəzzada xəstəxanaya raket zərbəsi endirməsindən sonra sakinlər Əmmanda səfirliyə hücuma başlayıb.

HƏMAS İsrailə cavab zərbəsi endirdi

HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadası İsrail Hərbi Hava Qüvvələrinin Ramon aviabazasına raket zərbələri endirib. Sozcu.az xəbər verir ki, bu barədə qurumun Teleqram kanalında məlumat yayılıb. “Əl-Qəssam Briqadası mülki şəxslərə hücuma cavab olaraq Ramon hava bazasına raket zərbələri endirib”, - məlumatda deyilir. Qeyd edək ki, İsrailin Qəzzadakı Əhli-Ərəb Xəstəxanasına raket hücumu nəticəsində 600 nəfərin öldüyü bildirilir. Fələstin lideri Mahmud Abbas olayla bağlı 3 günlük matəm elan edib.

Paşinyan Avropa Birliyində nə danışıb və onun "sülh müqaviləsi" şərtləri nədir? - ÖZƏT

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın ilin sonunadək Azərbaycanla sülh müqaviləsini imzalamağa və münasibətləri tənzimləməyə hazır olduğunu deyib. Oktyabrın 17-si Strasburqda Avropa Parlamenti qarşısında çıxış edən Nikol Paşinyan Cənubi Qafqazda sülhün, iqtisadi, siyasi və mədəni əlaqələrin vacib olduğunu qeyd edib. “Qarşılaşdığımız müharibələrə, çətinliklərə və böhranlara baxmayaraq, mən Avropa Parlamentinə mühüm mesajı çatdırmaq üçün gəlmişəm. Regionumuzun, Cənubi Qafqazın sülhə böyük ehtiyacı var. Ölkəmiz yalnız o zaman həqiqətən dinc ola bilər ki, bütün region sülh içində olsun. Mənim əsas siyasi öhdəliyim qonşu ölkələrlə uzun müddətdir davam edən münaqişələrin yaratdığı çətinliklərə baxmayaraq, sülhün qurulmasını dəstəkləməkdir”, Paşinyan vurğulayıb. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi baş tutan Brüssel görüşlərində, habelə Praqa və Kişinyov görüşlərində Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində əldə edilən razılaşmalara istinad edən Nikol Paşinyan suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan, habelə nəqliyyat kommunikasiyalarını onların keçdiyi ərazinin suverenliyi prinsipi əsasında açılmasını nəzərdə tutan sülh müqaviləsini imzalamağa hazır olduğunu deyib. Paşinyan o cümlədən Yerevan-Meğri dəmir yolunu Ermənistanın öz yurisdiksiyası altında açmağa hazır olduğunu bildirib. “Biz bu ayın sonunda Brüsseldə görüşü gözləyirik və yuxarıda qeyd olunan prinsiplər rəsmən təsdiq olunarsa, bu ilin sonuna kimi Ermənistan və Azərbaycan arasında sülh və normallaşma sazişinin imzalanması olduqca real görünür”, Ermənistan Baş Naziri əlavə edib. Nikol Paşinyan həmçinin hərbi əsirlərin, məhbusların və həbs edilmiş şəxslərin hərtərəfli mübadiləsinə, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, habelə minalardan təmizləmə işləri ilə bağlı əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Beynəlxalq ictimaiyyəti, Avropa İttifaqı və regionun digər ölkələrini davamlı sülhün reallığa çevirilməsi üçün dəstək verməyə çağıran Nikol Paşinyan davamlı dəstək və beynəlxalq diqqətin qeyd edilən prinsiplər əsasında sülh müqaviləsinin imzalanması, həm Ermənistan, həm Azərbaycanın 1991-ci il sərhəd xəttindən qoşunlarını geri çəkməsi üçün vacib olduğunu vurğulayıb. Bundan əlavə, Paşinyan qarşılıqlı əsasda iki ölkə arasındakı anklavlar məsələsini həll etməyə hazır olduğunu bildirib. Ermənistan Baş Naziri çıxışı zamanı həmçinin Qarabağ münaqişəsindən, Azərbaycanın ötən ay apardığı hərbi əməliyyatlardan, Ermənistanda demokratiya və ona qarşı təhdidlərdən, habelə Ermənistanın mütəffiqlərinin hərəkətsizliyindən danışıb. Paşinyan Azərbaycanın ötən ay apardığı hərbi əməliyyatları və sonrasında 100 mindən artıq Qarabağ ermənisinin Ermənistana köçməsinin “etnik təmizləmə” olduğunu deyib. Avropa Parlamentinə Qarabağda baş verənləri “öz adı ilə adlandırdığına” görə təşəkkür edən Paşinyan bunun öz vətənindən didərgin düşmüş insanların hüquqlarının gələcək müdafiəsi üçün çox vacib olduğunu qeyd edib. 2021-ci ilin sentyabrında Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazilərinə hücum etdiyini və 4 kilometrə qədər irəlilədiyini deyən Paşinyan Ermənistanın təhlükəsizliyini təmin etməli olan mütəffiqlərinin heç bir kömək etmədiyini deyib. “Təhlükəsizlik üzrə müttəfiqlərimiz nəinki xarici təcavüz zamanı kömək etmədilər, həm də Ermənistanda hakimiyyət dəyişikliyi ilə bağlı açıq çağırışlar etdilər”, Paşinyan əlavə edib. Onun sözlərinə görə, xarici təcavüzdən, müttəfiqlərin hərəkətsizliyindən, müharibə hədəsindən və humanitar böhrandan Ermənistanda çaxnaşma yaratmaq, onun suverenliyini şübhə altında qoymaq və hətta oyuncaq hökumət qurmaq cəhdləri üçün istifadə olunub, amma hər dəfə xalq və demokratiya ölkənin suverenlik və müstəqilliyini xilas edib. Rəsmi Bakı Qarabağda etnik təmizləmə siyasətinin aparılmasını qəti şəkildə rədd edir və ermənilərin bölgəni tərk etməyə məcbur edilmədiklərini qeyd edir. Azərbaycan Qarabağda qalan və qayıtmağa qərar verən erməni sakinlərin bütün hüquqlarının və təhlükəsizliyinin təmin ediləcəyini vəd edib. Rəsmi Bakı sentyabrın 19-da Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi və qanunsuz silahlı birləşmələrin sıradan çıxarılması üçün “lokal antiterror tədbirləri”nə başladığını bildirib. Sentyabrın 20-də Qarabağ ermənilərinin nümayəndələri Azərbaycanın tələblərini qəbul etdikdən sonra hərbi əməliyyatlar dayandırılıb. Sentyabrın 28-də Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri daxilində yerləşən tanınmamış “Dağlıq Qarabağ Respublikası” buraxılıb.(Amerikanın Sesi)

HƏMAS lideri Haniyənin oğlu öldürüldü

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin oğlu İsrail Müdafiə Qüvvələrinin hücumu nəticəsində öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə "Jewish Press.com" saytı məlumat yayıb. Bildirilib ki, Hazem İsmayıl Haniyənin Qəzzada İsrail ordusunun hücumları zamanı öldürüldüyü barədə məlumat dəqiqləşdirilir. Digər məlumata görə, kiçik Haniyəyə 2022-ci ilin iyul ayında həyat yoldaşı və iki uşağı ilə birlikdə Türkiyədəki digər ailə üzvlərinə qoşulmaq üçün Rəfah keçidi vasitəsilə Qəzzanı tərk etməyə icazə verilib. Lakin o vaxtdan bəri HƏMAS liderinin oğlu anklava gəliş-gediş edib.

İsraildən dəhşət: Xəstəxananı vurdu, yüzlərlə ölü...

İsrail ordusu raket zərbəsi ilə Qəzzadakı Əhli-Ərəb Xəstəxanasını vurub. Sozcu.az xəbər verir ki, hücum nəticəsində ölənlərin sayının 600-ü keçdiyi bildirilir. "Əl-Cəzirə" ölənlərin sayının 1000-i keçə biləcəyini yazıb. Fələstin Prezidenti Mahmud Abbas hadisə ilə bağlı üç günlük matəm elan edib. Fələstində matəm əlaməti olaraq bayraqlar endirilib.