İsrail ordusu hücuma hazırlaşır - Halevi

İsrail Müdafiə Qüvvələri Qəzza zolağı ilə sərhəddəki ərazinin terrorçulardan təmizlənməsini başa çatdırır və artıq hücuma hazırlaşır. Sozcu.az xəbər verir ki, belə bir bəyanatla İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi çıxış edib. “Çətin başlanğıcdan sonra təmas xəttini formalaşdırırıq. Biz çoxlu terrorçu öldürmüşük - kim yaxınlaşsa, öldürüləcək. Ərazimizdə terrorçu olmaması üçün ərazinin təmizlənməsini başa çatdırırıq və eyni zamanda artıq hücuma hazırlaşırıq. Hələ qarşımızda çoxlu vəzifələr var, güclü olmalıyıq. Hər şey pis başladı və düşmən tərəfi üçün çox pis bitəcək”-deyə o bildirib.

Erməni əsgəri güllə yarasından öldü

Ermənistan ordusunun əsgəri Narek Nazaryan aldığı güllə yarasından ölüb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Onun hansı şəraitdə öldüyü açıqlanmır, faktla bağlı araşdırma aparılır.

"Hörmətli Rövşən Əliyev,bayramı , istirahəti necə keçirdiz? Vicdanınız rahat idi?" - Vətəndaş müraciəti

"Rövşən Əliyev,təki siz idarə müdiri olaraq Ağsuya gəlin,benzin pulunuz da mənlikdi,hələ üstəlik Ağsu dolaylarında mən dediyim restoranda nahar da ". Məlumunuz,Ağsu şəhər Soltan Umbayev adına 2 saylı tam orta məktəbin binası qəzalı vəziyyətdədir. Bu tədris ilinin başlanğıcında belə xəbər yayıldı ki, 2 saylı məktəb yenicə təmirdən çıxmış Şəhid Polad Mirzəyev adına 5 saylı məktəbə köçürüləcək. Lakin nə baş verdisə( çox güman ki,5 saylının direktoru tanışlıq yolu ilə buna mane olub) bu baş vermədi və qəzalı ,yarıuçuq binada dərs keçirilməyə məcbur olundu . Mən də mütəmadi olaraq müxtəlif ünvanlara həm sosial şəbəkədə ,həm də yazılı formada yazıram. Bu gün də Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Əliyevə Rövşənə xoşməramlı təklif yazmışam. Şərhimi silə biləcəkləri ehtimalını nəzərə alaraq,öz profilimdə paylaşıram: "Hörmətli Rövşən Əliyev,bayramı , istirahəti necə keçirdiz? Vicdanınız rahat idi? Rövşən Əliyev,mən valideynlərimin də peşəsi olan Müəllim adına hörmətimdən dolayı heç bir zaman Müəllimlərə qarşı  sərt ifadə  işlətməmişəm. İndi isə mənim sözlərim Rövşən  müəllimə yox,"məmur Əliyev Rövşən"-ə ünvanlanır və ünvanlanacaq. Çünki məmur Əliyev Rövşən yerlibazdır,çünki məmur Əliyev Rövşən işinə məsuliyyətsiz yanaşır. Çünki məmur Əliyev Rövşən kabinet məmurudur.Çünki məmur Əliyev Rövşən qəzalı binası olan bir məktəbin digər məktəbə köçürülməsini təmin edə bilir. Çünki yeni təmir edilmiş məktəbin direktorundan qorxur və tapşırığa əməl edib bu köçürməni həyata keçirə bilmir. Əliyev Rövşən,Siz elə bilirsiniz ki, Sizin vəzifə bölgənizə ancaq İsmayıllı və Şamaxı aiddir? Siz heç Ağsuya gəlmisiz? Ümumiyyətlə tanıyırsız Ağsunu? Siz o qədər yerlibazsınız ki, hər bir işdə İsmayıllı rayonunu önə çıxarırsız.  Əliyev Rövşən, Sizə bir təklifim var. Deməli ,Şəhid Soltan Umbayev adına 2 saylı tam orta məktəbin vəziyyətini yerində yoxlamaq üçün gəlin Ağsuya . Söz verirəm,benzin pulunuzu da mən verəcəm. Bir də mən dediyim restoranda naharınızın pulunu da mən ödəyəcəm. Amma mən dediyim yerdə,yaxşı, elit restorandı,narahat olmuyun.  Mən daha Sizin üçün nə edim ki, Siz öz məmur,insanlıq borcunuzu yerinə yetirəsiniz?  Sizdən nə gedir ,gəlin də,əlaxüsus , Şamaxı-İsmayıllı istiqamətində yol təmiri üçün iş gedir,buna görə də Ağsudan İsmayıllıya getmək daha rahatdı.  PS: Şərhimi silmək ağlınıza belə gəlməsin, bunu hər yerdə paylaşacam onsuz da.  P.S.S: Rövşən Əliyev, təkrar edirəm, benzin pulu və mən dediyim restoranda nahar mənlikdi... P.S.S.S.: Əliyev Rövşən,belə getsə Sizi məhkəməyə verəcəm. Birincisi öz işinizi düzgün həyata keçirə bilmədiyinizə görə. Qalan məhkəmə predmetlərini taparam, narahat olmayın. Cabir Cəfərov

“İran İsraildə baş verənlərlə heç bir əlaqəsi olmadığını deyə bilməz” - Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski HƏMAS-ın İsrailə hücumunu Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqələndirib və hər iki münaqişə ilə bağlı İranı tənqid edib. Sozcu.az bu barədə xarici mətbuata istinadən xəbər verir. “Yeganə fərq odur ki, İsrailə hücum edən terror təşkilatı və Ukraynaya hücum edən bir terror dövləti var. Bildirilən niyyətlər fərqlidir, amma mahiyyət eynidir”, – Zelenski deyib. “İran deyə bilməz ki, Rusiyaya dronlar satarsa, Ukraynada baş verənlərlə heç bir əlaqəsi yoxdur. İran rəsmiləri İsraildə baş verənləri dəstəklədiyini bəyan edərsə, orada baş verənlərlə heç bir əlaqəsi olmadığını deyə bilməz”, – Zelenski bildirib. Zelenski qlobal hadisələr qarşısında Qərbi birliyə çağırıb. “İndi beynəlxalq arenadan daxili mübahisələrə çəkilməyin vaxtı deyil. Özünüzü təcrid etməyin vaxtı deyil. Susmaq və ya bir qitədəki terrorun qlobal işlərə təsir etmədiyini iddia etmək vaxtı deyil”, – deyə Ukrayna lideri qeyd edib.

“Ermənistanda mühacirətdə olan “Dağlıq Qarabağ hökumətini” qurmaq lazımdır” - Erməni siyasətçidən HƏYASIZLIQ

“Ermənistanda mühacirətdə olan “Dağlıq Qarabağ hökumətini” qurmaq lazımdır”. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan Demokratik Partiyasının lideri Aram Sarkisyan deyib. Onun sözlərinə görə, bu, ermənilərə “Dağlıq Qarabağ”ın (qondarma - red.) qorunub saxlanılması kursunu davam etdirməyə və gələcəkdə onun qaytarılması ideyasını dəstəkləməyə imkan verəcək. “İstənilən halda belə olmalıdır. Əks halda, bu, Qarabağa iddiadan vaz keçmək anlamına gələcək”, - Sarkisyan bildirib.

SON DƏQİQƏ! Münaqişə alovlanır: Bu ölkə HƏR AN hədəfə alına bilər

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) USS Gerald R. Ford təyyarədaşıyan gəmisi də daxil olmaqla donanmanın İsrail ordusuna dəstək vermək üçün Şərqi Aralıq dənizinə yola düşdüyünü açıqlayıb. Sozcu.az xəbər verir ki, CENTCOM-un komandiri general Maykl Kurilla Birləşmiş Ştatların bu mövqeyi daha da gücləndirmək üçün qlobal miqyasda hazır qüvvələr saxladığını bəyan edib və CENTCOM-un İsrailin yanında olduğunu bildirib. ABŞ-ın İsrailə göndərdiyi yardım “güc nümayişi” kimi şərh edilib. "Aljazeera"nın təhlildə ABŞ-ın 38-ci prezidentinin adını daşıyan Gerald Ford təyyarə gəmisinin rəhbərlik etdiyi donanmanın Amerikanın hərbi gücünü nümayiş etdirdiyi və İsrailə açıq dəstək vermək üçün qəsdən göndərildiyi iddia edilib. ABŞ-ın bəyanatından sonra İraqdakı Şiə Koordinasiya Çərçivəsi direktoru və İran tərəfdarı Bədr Təşkilatının rəhbəri Hadi əl-Amiri ABŞ-ı hədələyib. O, Fələstin xalqının yanında olduqlarını ifadə edib: “ABŞ Fələstinə müdaxilə edərsə, ABŞ-ı hədəf almaqdan çəkinməyəcəyik”.

Qəzza tam blokadaya alındı: qida, işıq, qaz yoxdur

Qəzza zolağının tam blokadaya alınması üçün göstəriş verdim. Sozcu.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant deyib. Nazirin sözlərinə görə, orada ərzaq və enerji təchizatı dayandırılacaq: “Qəzza zolağının tam mühasirəyə alınmasını əmr etdim. İşıq yox, yemək yoxdur, qaz yoxdur, hər şey bağlıdır”. Qeyd edək ki, 7 oktyabrda HƏMAS və “İslami-Cihad”ın İsrailə hücumu ilə İsrail-Fələstin müharibəsi başlayıb.

İsrail hədələdi: O, artıq meyitdir

HƏMAS-ın bütün hərbi liderləri, o cümlədən əməliyyatın komandiri Yəhya Sinvar məhvə məhkumdur. Sozcu.az xəbər verir ki, bunu İsrail ordusunun mətbuat katibi Daniel Haqari deyib. "Fələstin qruplaşmasının komandiri Yəhya Sinvardır və tezliklə öldürüləcək: o, artıq meyitdir. HƏMAS-ın hərbi və siyasi rəhbərliyi, onun bütün aktivləri təhlükə altındadır, onların sonu çatıb”, - Haqari bildirib.

Azərbaycanlı zabit İsraildə həlak oldu

İsrailin Beeri şəhəri uğrunda döyüşlərdə ordunun 36 yaşlı azərbaycanlı zabiti Emin Axundov həlak olub. Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb. Həmyerlimiz şəhərin hərbi məzarlığında dəfn edilib. Məlumata görə, E.Axundovun 2 azyaşlı övladı var.

İsrail bütün şəhərlərə nəzarəti bərpa etdi - Təcili

İsrailin bütün yaşayış məskənlərinə nəzarət bərpa edilib, bir neçə gizlənmiş terrorçunun olması mümkündür. Sozcu.az xəbər verir ki, bunu İsrail ordusunun mətbuat katibi Daniel Haqari deyib. “Hücuma keçdik. İsrail Qəzzanı əhatə edən ərazilərdə yüzlərlə terrorçunu məhv etdi”, - Haqari bildirib. Qeyd edək ki, 7 oktyabrda HƏMAS "İslami-Cihad"la birgə İsrailə qarşı "Əqsa tufanı" əməliyyatına başlayıb. Nəticədə çoxsaylı insan ölüb və yaralanıb.

İsraildə festivalın keçirildiyi yerdə 260 meyit tapıldı

Oktyabrın 7-də HƏMAS-ın hücumuna məruz qalan İsrailin cənubundakı musiqi festivalının keçirildiyi ərazidə 260 nəfərin cəsədi tapılıb. Sozcu.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb. Məlumata görə, festival 6-7 oktyabr tarixlərində Qəzza zolağı ilə sərhəddə yerləşən Reim kommunasında baş tutub. Oktyabrın 7-də səhər saatlarında HƏMAS silahlıları İsrailə soxularaq festival iştirakçılarına hücum edib. Hücum nəticəsində festival iştirakçıları ölüb və yaralanıb, bir neçə nəfər isə silahlılar tərəfindən girov götürülüb. Qeyd edək ki, HƏMAS və “İslami-Cihad” Hərəkatının 7 oktyabrda İsrailə hücumu nəticəsində 700-dən çox insan ölüb, 2,2 min insan yaralanıb. İsrail ordusu müharibə elan edib və cavab tədbirləri görür.

Türkiyə İsrail savaşına müdaxiləyə hazırlaşır - Təcili

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin-İsrail gərginliyinin həllinə müdaxilə etmək niyyətindədir, Ankara vasitəçilik mövqeyini itirmək istəmir. Sozcu.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb. Məlumata görə, Türkiyə müharibənin dərinləşməməsi və yayılmasının qarşısını almaq məqsədilə səy göstərməyə çalşır: “Ankara region ölkələrinin köməyi ilə atəşkəsə nail olmaq məqsədilə tərəflər üçün məqbul model üzərində işləyir”. Qeyd edək ki, 7 oktyabrda HƏMAS və “İslami-Cihad”ın İsrailə hücumu ilə İsrail-Fələstin müharibəsi başlayıb.

Bu ərazilərdə aktiv döyüş əməliyyatları gedir - İsrail

Qəzza zolağı ilə sərhəddə altı ərazidə aktiv döyüş əməliyyatları davam edir. Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat katibi Daniel Haqari məlumat verib. O, Beeri, Kfar-Aza, Nirim və Alumimdə döyüşlərin davam etdiyi qeyd edib. Haqarinin sözlərinə görə, gecə ərzində 70-ə yaxın düşmən döyüşçü Beeriyə daxil olub: “Onların əksəriyyəti İsrail Müdafiə Qüvvələri ilə döyüşlərdə məhv edilib, lakin bəziləri hələ də evlərdə gizlənir”. Qeyd edək ki, 7 oktyabrda HƏMAS "İslami-Cihad"la birgə İsrailə qarşı "Əqsa tufanı" əməliyyatına başlayıb. Nəticədə çoxsaylı insan ölüb və yaralanıb. İsrail ordusu cavab tədbirləri görür.

Daha bir HƏMAS komandiri öldürüldü

Qəzza zolağının Rəfah bölgəsində HƏMAS-ın “Əl Nasir Səlahəddin Briqadası”nın komandiri Rafət Əbu Hilal öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə “Caucasian Live” məlumat yayıb. Məlumata görə, İsrail aviasiyasının bombardmanı zamanı bu ərazidə azı iyirmi silahlı ölüb. Qeyd edək ki, dünən HƏMAS lideri Ayman Yunis İsrail ordusunun əməliyyatı nəticəsində öldürülmüşdü.

İsrail HƏMAS-ın 500-dən çox hədəfini vurdu

İsrail ötən gecə Qəzza zolağında HƏMAS-ın 500-dən çox hədəfini vurub. Sozcu.az xəbər verir ki, məlumatı İsrailin hərbi mənbələri yayıb. Qeyd olunub ki, hədəflər döyüş təyyarələri, helikopterlər və artilleriyalarla vurulub. Həmçinin, HƏMAS rəhbərliyinin yerləşdiyi binalara da zərbələr endirilib. Bildirilib ki, İsrail ordusu Qəzza zolağına zərbələr endirməyə və terror təşkilatlarının imkanlarını zəiflətməyə davam edəcək. Qeyd edək ki, 7 oktyabrda HƏMAS "İslami-Cihad"la birgə İsrailə qarşı "Əqsa tufanı" əməliyyatına başlayıb. Nəticədə çoxsaylı insan ölüb və yaralanıb. İsrail ordusu cavab tədbirləri görür.

İsrail həlak olan hərbçilərinin sayını açıqladı

İsrail ordusu HƏMAS-la toqquşmalarda daha 16 hərbçisinin həlak olduğunu açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb. Məlumata görə, HƏMAS-ın ötən gün başlayan və bu gün də davam edən hücumlarında həlak olan İsrail əsgərinin sayı 73-ə yüksəlib. Qeyd edək ki, 7 oktyabrda HƏMAS və “İslami-Cihad”ın hücumu ilə İsraildə müharibə başlayıb.

İsrailə eyni vaxtda hava, quru və dənizdən hücum...

Fələstinin HƏMAS radikal təşkilatının yaraqlılarının İsrailə hücumu İsrail kəşfiyyatının uğursuzluğu idi. Sozcu.az xəbər verir ki, bu barədə “Vaşinqton Post”un xarici siyasət üzrə köşə yazarı Devid İqnates öz köşə yazısında bildirib. O, yaraqlıların hücumunu 2001-ci il sentyabrın 11-də ABŞ-da baş verən silsilə terror hücumları ilə müqayisə edib: “Əsl kəşfiyyat uğursuzluqları sadəcə məlumat çatışmazlığından deyil, onu dərk edə bilməməkdən irəli gəlir. İsrailli mütəxəssislər rəqiblərinin fərasət və məharətini başa düşmədilər. İsrailli analitiklər HƏMAS yaraqlılarının Qəzza zolağından paraplanlarla düşə biləcəyini nəzərə almayıblar”. İqnates qeyd edib ki, İsrail hakimiyyəti düşmənlərinin eyni vaxtda havada, dənizdə və quruda fəaliyyət göstərmək qabiliyyətini qiymətləndirə bilməyib: “İsrail kəşfiyyatı da həmçinin hücumla bağlı HƏMAS və müttəfiqlərinin sirr saxlaya biləcəyini nəzərə almayıb. Kəşfiyyat uğursuzluqları həddən artıq özünə inamla başlayır. HƏMAS-ın hücumu İsrailin illər ərazində bərpa etməyə çalışacağı bir kəşfiyyat uğursuzluğudur”. Müəllif onu da vurğulayıb ki, hücumdan aylar əvvəl Netanyahunun məhkəmə islahatına görə “İsrail sanki parçalanır” kimi təəssürat yaranırdı.

BMT missiyasının Qarabağa növbəti səfəri başladı

BMT missiyası növbəti dəfə Qarabağa səfər edib. Sozcu.az xəbər verir ki, missiya üzvləri bu gün Ağdamdan Əsgəran-Xankəndi istiqamətində hərəkət edib. Qeyd edək ki, BMT missiyası bundan öncə oktyabrın 1-də Qarabağda olub. Missiyanın məqsədi vəziyyətlə yerində tanış olmaq və sakinlərin humanitar ehtiyaclarını müəyyən etməkdir.

BMT TŞ-ın Qəzza ilə bağlı iclası bəyanat qəbul edilmədən başa çatıb

BMT Təhlükəsizlik Şurası Qəzza zolağı ətrafındakı vəziyyəti müzakirə edib, lakin indiki mərhələdə heç bir ümumi sənəd qəbul etməyib. Sozcu.az xəbər verir ki, bu barədə iclasın iştirakçıları iclas başa çatdıqdan sonra məlumat veriblər. "Biz ümumi bəyanatı müzakirə etmədik, çünki heç kim hər hansı mətn təklifini irəli sürmədi", - Maltanın BMT-dəki daimi nümayəndəsi Vanessa Frezyer jurnalistlərə açıqlamasında deyib. O əlavə edib ki, müzakirə tərəflərin hazırkı vəziyyətdə mülki insanları qorumaq və zorakılığı dayandırmaq üçün nə edə biləcəyi ilə bağlı olub. ABŞ-ın BMT-dəki nümayəndəsinin müavini Robert Vud qeyd edib ki, “Təhlükəsizlik Şurasının üzvləri bu hücumların baş verməməli olduğu barədə razılığa gəliblər”. "Ümid edək ki, vəziyyət daha da pisləşməyəcək. Gərginliyin yayılmasının qarşısını almaq üçün əlimizdən gələni edəcəyik", - Vud əlavə edib.

HƏMAS-ın komandir müavini əsir götürüldü

Qəzzada HƏMAS dəniz qüvvələrinin cənub diviziyasının komandir müavini Məhəmməd Əbu Qalini girov götürülüb. Sozcu.az xəbər verir ki, bu barədə “CaucasianLive” Teleqram kanalı məlumat yayıb. Məlumata görə, Məhəmməd Əbu Qalini İsrail Hərbi Dəniz Qüvvələrinin "Şayetet 13" bölməsi tərəfindən əsir götürülüb.

73 min fələstinli evini tərk etdi

Qəzza zolağında münaqişə səbəbindən ən azı 73 min insan evini tərk etmək məcburiyyətində qalıb. Sozcu.az xəbər verir ki, bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstinlilərə Yardım işləri üzrə Agentliyinin məlumatında bildirilib. Məlumatda ötən gündən bəri 73 min insanın BMT-nin bölgədəki məktəblərinə yerləşdirildiyi bildirilib.

İsrail səfiri Azərbaycana təşəkkür etdi

Səmimi dostluq jestinə görə Azərbaycan xalqına təşəkkür edirəm. Sozcu.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik X sosial şəbəkəsindəki hesabında yazıb. “Sevgi paylaşımları seli, səfirliyimizin qapısındakı güllər, sosial şəbəkələrdəki yazılar - bunlar tariximizin bu qaranlıq vaxtında bizə güc verir. Təşəkkür edirəm. Biz qalib gələcəyik”, - səfir qeyd edib. Qeyd edək ki, HƏMAS və "İslami-Cihad" 7 oktyabrda "Əqsa tufanı" əməliyyatı başladıb və İsrailə hücum edib. Hücum nəticəsində indiyə qədər 700 israillinin öldüyü, 2,2 min nəfərin yaralandığı bildirilir.

İsrail geniş müharibəyə girdi: Qəzzanı tam alacaq?

HƏMAS-ın İsrailə hücumundan ən çox zərər çəkən Fələstin xalqı olacaq. Çünki İsrailin indiyə qədər qınanılan Qəzzaya hücumları baş verənlərdən sonra legitimləşdi. Sozcu.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı HƏMAS və “İslami-Cihad”ın 7 oktyabrda “Əqsa tufanı” əməliyyatı başlatması və İsrailə hücumu haqda qeyd edib. “İsrail Baş naziri Benyamin Netanyahu Qəzzanın boşaldılması çağırışını və dağıdıcı hücumun olacağını bildirib. İsrailin 1973-cü il sonra ilk dəfə rəsmi şəkildə müharibə vəziyyəti elan etməsi isə o deməkdir ki, döyüşün iki tərəfdən birinin tam məğlubiyyətinə qədər davam edəcəyi ehtimalı böyükdür”.

Təl-Əviv hava limanında böyük izdiham

İsrailin Ben Qurion hava limanında insanlar ölkəni tərk etməyə çalışarkən böyük növbələr yaranıb. Sozcu.az xəbər verir ki, İsraildə insanlar yenidən Təl-Əvivdə yerləşən Ben Qurion hava limanında saatlarla növbəyə düzülüblər. Onlar Qəzza zolağı ilə bağlı artan münaqişə fonunda ölkəni tərk etməyə çalışırlar, lakin bir çox uçuşlar ləğv edilir. Qeyd edək ki, 7 oktyabrda HƏMAS “İslami-Cihad”la birgə “Əqsa tufanı” əməliyyatı başladığını elan edib və İsrailə hücum həyata keçirib. Genişmiqyaslı hücum nəticəsində 600-dən çox sakin ölüb, 2 mindən çox insan yaralanıb. İsrail ordusu cavab tədbirləri görür.