Biri var imış, biri yox imiş. Qədim zamanlarda uzaq diyarların birində bir padşah var imiş. Bu padşahın arvadı öz isməti, ərinə öz sədaqəti ilə dillərdə dastan olmuşdu. Nə o padişahdan başqa bir kişi görmüşdü, nə də başqa bir kişi onu. Padşahın arvadı o qədər sədaqətli idi ki, dilinə heç erkək heyvan əti belə dəyməmişdi.
O, ancaq dişi quşların və heyvanların əti ilə qidalanar, bunu özünə fəxr bilərdi.
Günlərin bir günü bir balıqçının toruna qeyri-adi gözəlliyə malik bir qızıl balıq düşdü.
Ətrafdakı digər balıqçılar bu qeyri adi balığın gözəlliyinə heyran olmuşdular.
Təcrübəli balıqçılardan biri bu balığa heç vaxt bizim sularda rast gəlmədiyini söyləyərək,
onun başqa ölkələrin sularından gəldiyini söylədi.
Balıqçı bu balığı padşaha hədiyyə etmək qərarına gəldi.
Düşündü ki, həm padşahın nəzərində hörmət qazanmış olar, həm də padşahın ona verdiyi ənam, onun adı günlərdəki gəlirindən daha çox qazanc əldə etmiş olar.
Tutduğu balığı padşaha hədiyyə etmək üçün onu saraya gətirdi.
Padişah bu hədiyyədən çox məmnun oldu və balıqçıya ənam verərək onu yola saldı.
Sarayın baş aşbazını çağırıb, balığın arvadı üçün ləziz şəkildə bişirilməsinə əmr verdi. Sarayın baş aşbazı əmri yerinə yetirərək balığı bişirdi və padşahın arvadının süfrəsinə gətirdi. Gözəl hazırlanmış balığı görən xanım ərindən soruşdu: – Padşah sağ olsun, biz necə bilə bilərik, bu balıq erkəkdir, yoxsa dişi?
Gözlənilməz sual qarşısında özünü itirən padişah cavab verməyə macal tapmamış, arvadı bir az əsəbi və bir o qədər də nəzakətlə dilləndi: – Qibleyi aləm, axı mən erkək heyvan əti yemirəm, bunu ki, sən özün bilirsən…
Balığın erkən və ya dişi olduğunu bilməsəm onu necə yeyə bilərəm?
Padşahın arvadı sözünü yenicə bitirmişdi ki, qeyri-adi bir hadisə baş verdi. Bişmiş balıq qəflətən qəh-qəhə çəkərək güldü. Gördükləri mənzərə qarşısında çaşıb qalan padişah və arvadı bir müddət təəccüblə bir-birlərinin üzünə baxmaqla kifayətləndilər. Hadisənin təsirindən çıxan kimi padşah bu olayın izah edilməsi üçün ölkənin bütün bilicilərini, münəccim və alimlərini saraya çağıraraq, bu sirrin açılması üçün onlara əmr verdi.
Bilicilərin müxtəlif cavabları padşahı qane etmədiyi üçün, onun əmri ilə onlar bir-bir dar ağacından asılırdılar. İş o yerə çatmışdı ki, artıq bir dar ağacı bəs etmədiyi üçün, yeni dar ağacları qurulurdu.
Günlərin bir günü vəzir padşahın hüzuruna gələrək saraya ucqar kəndlərin birindən bir qocanın gəldiyini və bu sirri aça biləcəyini dedi. Padşahın əmri ilə qoca saraya gətirildi. Qoca ədəb-ərkanla padşaha təzim etdi.
Padşah və arvadı həmin hadisəni qocaya nəql etdilər. Qoca balığın niyə güldüyünün səbəbini bildiyini padşaha söylədi.
Dərhal padşahın əmri ilə şəhər əhli meydana toplaşdı.
Padşah üzünü qocaya tutub gur səslə dedi:- “Qoca, əgər sən bişmiş balığın niyə güldüyünü tapa bilsən, sənə ənam verib yola salacam. Yox əgər deyə bilməsən, səni də dar ağacından asdıracam”.
Dünya görmüş ağ saqqallı nurani qoca müdrik görkəm alaraq bir az fikirləşdikdən sonra üzünü xanımın gərdəyinə tutaraq dedi:
” Xanım, mən bişmiş balığın gülmə səbəbini bilirəm, bəlkə deməyim?”
Padşah və xanımı təkidlə bu sirrə vaqif olmaq istədiklərini bildirdilər.
Meydana toplaşmış əhali də bu fikri dəstəklədiklərini nümayiş etdirdilər.
Qoca vəziyyətin gərginləşdiyini görüb dedi:
”Bişmiş balıq ona görə güldü ki, padşahın arvadı yaşadığı otağın zirzəmisində qırx lotu gizlədilib və xanım gizlincə onlarla eyş-işrətlə məşğul olur, amma balığın erkək yoxsa dişi olmasını soruşur”.
Qocanın bu sözündən sonra meydana ölü bir sükut çökdü.
Padşah dərhal qocanın müşayəti llə otağın altındakı gizli zirzəmiyə daxil olaraq qırx bığıburma oğlanı gördü.
Padşah bir anlıq əsəbləşsə də özünü tez ələ aldı və təmkinini pozmayaraq, eşiyə çıxıb qocanın yalan söylədiyini bildirdi.
O cəllada qocanın boynunu vurmağı əmr etdi. Padşah bu müdrik qocadan çox qorxdu.
Düşündü ki, onun ata və qardaşını zəhərləyib öldürərək hakimiyyətə gəldiyini nə vaxtsa xalqa açıb danışa bilər.
Əbil Həsən