“Azərbaycan dövlət başçısı tərəfindən Xocalı, Xankəndi, Əsgəran, Ağdərə, Xocavənd kimi yaşayış məntəqələrimizdə üçrəngli Azərbaycan bayrağını ucaltması, əlbəttə, böyük uğurdur. Bununla belə, mövcud durumda da ehtimal olunur ki, Rusiya Güney Qafqazdan getməmək üçün hansısa növbəti təxribatlar törədəcək...”
“Bütün bunlardan xilas olmağımız, sığortalanmağımız üçün isə yeganə yol Rusiya hərbi gücünün Azərbaycan torpaqlarından çıxarılmasıdır. Nə qədər ki, bunu etməmişik, biz hər cür təhdidi, hər cür təhlükəni gözləməliyik...”
“Təxribat, münaqişə, silahlı qarşıdurma törətmək məsələlərində Moskvanın arsenalı kifayət qədər zəngindir. Bütün bunlardan xilas olmağımız, sığortalanmağımız üçün isə yeganə yol Rusiya hərbi gücünün Azərbaycan torpaqlarından çıxarılmasıdır”.
Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Moderator.az-a açıqlamasında bu fikri ifadə edib.
“Azərbaycan dövlət başçısı tərəfindən Xocalı, Xankəndi, Əsgəran, Ağdərə, Xocavənd kimi yaşayış məntəqələrimizdə üçrəngli Azərbaycan bayrağını ucaltması, əlbəttə, böyük uğurdur. Bununla belə, mövcud durumda da ehtimal olunur ki, Rusiya Güney Qafqazdan getməmək üçün hansısa növbəti təxribatlar törədəcək. Bu, hər cür vasitə ilə ola bilər. Məsələn, Azərbaycanın daxilində hansısa separatçılığı stimullaşdıra bilərlər. Yəni yeni bir münaqişə yaratmağa cəhd edərlər. Kremlin Ermənistan-Azərbaycan sərhədində də təxribatlar törətməsi mümkündür. Bu, Qarabağın dağlıq hissəsinə “erməni partizanları” adı altında təxribatçı dəstələrin hazırlanaraq ötürülməsi də ola bilər”,- deyə siyasi analitik davamında bildirib.
“Bir sözlə, təxribat, münaqişə, silahlı qarşıdurma törətmək məsələlərində Moskvanın arsenalı kifayət qədər zəngindir. Bütün bunlardan xilas olmağımız, sığortalanmağımız üçün isə yeganə yol Rusiya hərbi gücünün Azərbaycan torpaqlarından çıxarılmasıdır. Nə qədər ki, bunu etməmişik, biz hər cür təhdidi, hər cür təhlükəni gözləməliyik. Məsələn, mən əmin deyiləm ki, Moskva yaxın gələcək üçün Azərbaycana qarşı hansısa planlar qurmayıbdır. Putinin “Qarabağda 1000-1500 erməni qalıbdır” deməsi məntiqlə o deməkdir ki, Rusiya “sülhməramlı”ları artıq Qarabağın dağlıq hissəsindən çıxmalıdır. Lakin axı biz bilmirik ki, Rusiya lideri nəyi nəzərdə tutur. Bəlkə həmin “1000-1500 erməni” dedikdə o, təxribatçı dəstələri nəzərdə tutur və gələcək təxribatlar üçün dolayısıyla zəmin hazırlayır? Yəni Qarabağın dağlıq hissəsində yenidən hansısa toqquşmalar olsun, Azərbaycan ordusuna qarşı hansısa təxribatlar törədilsin və bununla da Kreml desin ki, burada hələ də təxribatçı dəstələr var, odur ki, bizim “sülhməramlı”lar hələ Qarabağı tərk edə bilməz...”-deyə ekspert diqqətə çatdırıb.