Afaq Aslana 765 minlik “Lamborghini” hədiyyə edən bu şəxs imiş

Azərbaycanlı müğənni, model Afaq Aslana bahalı avtomobil hədiyyə edilib.  Afaqın  ailə quracağı deyilən sevgilisi ona “Lamborghini Urus” maşını bağışlayıb. Avtomobilin qiymətinin 450 min dollar (təxminən 765 min AZN) olduğu bildirilib. Model qısa müddət ərzində həm serbiyalı, həm də hollandiyalı olan iş adamı ilə ailə həyatı quracaq.  Xatırladaq ki, Afaq Aslan uzun müddətdir Azərbaycandan köçərək xaricdə yaşayır. (kanal.az)

KİV: HƏMAS 5 günlük atəşkəs haqqında danışıq aparmaq istəyir

HƏMAS təşkilatı 5 günlük atəşkəsin elan edilməsində maraqlıdır. Sozcu.az xəbər verir ki, bu barədə Fələstinin Maan agentliyi məlumat yayıb. Agentlik bildirib ki, təşkilat Qəzza zolağında saxlanılan 100 girov müqabilində tərəfdarlarının İsrail həbsxanalarından azad edilməsini tələb edir. İsrail isə beynəlxalq qurumların nəzarəti altında bir neçə saatlıq atəşkəs elan edilməsinə hazır olduğunu bildirib.

BMT Baş Assambleyası İsrail-HƏMAS müharibəsi ilə bağlı qətnamə qəbul edib

BMT Baş Assambleyasının Yaxın Şərqdə baş verənlərlə bağlı X fövqəladə xüsusi sessiyasının sonunda İsrail-HƏMAS müharibəsində humanitar atəşkəs tələb edən qətnamə qəbul olunub. "Report"un ABŞ bürosu xəbər verir ki, İordaniyanın təqdim etdiyi, 42 üzv dövlətin birgə maliyyələşdirdiyi qətnamə layihəsində Kanadanın təklif etdiyi düzəlişi nəzərdən keçirilib. Dəyişiklik əvvəlcə səsverməyə çıxarılıb. Qətnamə layihəsinin qəbulunda 120 ölkə "hə”, 14 ölkə "xeyr" səsini verib; 45 ölkə səsvermədə iştirak etməyib. İki gün davam edən Fövqəladə Xüsusi Sessiyada bölgədə zorakılıq dayandırılması və daha çox qan tökülmədən bütün girovların dərhal və qeyd-şərtsiz azad etməsi tələb olunub. Qeyd edək ki, xüsusi sessiya BMT Baş Assambleyasının prezidenti Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun sədri qismində Azərbaycanın çağışırı ilə keçirilib.

Bu hal üzə çıxsa, Azərbaycan ərazisindən geri çəkiləcəyik

Azərbaycan tərəfinin sözlərinə görə, biz də onların ərazilərindəyik. Sozcu.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan mediaya açıqlamasında deyib. “Əgər müstəqillik əldə etdiyimiz zaman mövcud olan xəritələrə görə bizim Azərbaycanın ərazisi olan yerlərdə olduğumuz ortaya çıxarsa, biz də oranı tərk etməli olacağıq. Bu tamamilə doğrudur. Siz bu ərazi ilə müstəqil oldunuz və başqasının ərazisi ilə bağlı iddialarınız ola bilməz”, – Simonyan bildirib. Qeyd edək ki, Simonyanın bu sözləri Ermənistanın nəyə nail olmaq istədiyini açıq şəkildə ortaya qoyur. Burada xüsusi olaraq “müstəqillik əldə etdiyimiz zaman mövcud xəritələr” sözündən istifadə edilib. Halbuki müstəqilliyə qədər də – Sovet illərində Ermənistanın otlaq, əkin və s. adlarla “icarəyə” götürdüyü Azərbaycan əraziləri var və bu ərazilər geri qaytarılmalıdır.

Bu il Azərbaycan Ədliyyəsinin patriarxı Xəlil bəy Xasməmmədlinin anadan olmasının 150 illiyi tamam olur

Bu il Azərbaycan Ədliyyəsinin patriarxı Xəlil bəy Xasməmmədlinin anadan olmasının 150 illiyi tamam olur. Azərbaycan Cümhuriyyətinin məhkəmə, prokurorluq, polis sisteminin formalaşmasında, təkmilləşməsində, ərsəyə gəlməsində onun sərf etdiyi əmək hədsiz dərəcədə böyükdür.  Moskva Dövlət Universitetinin Hüquq fakultəsini bitirmiş Xəlil bəy Xasməmmədli aldığı yüksək təhsil ilə yanaşı hüquq sahəsində çalışmaqla bərabər Çar Rusiyası Dövlət Dumasında iki dəfə millət vəkili olmuş, böyük təcrübə qazanmışdı. Demokratik Respublika ərsəyə gələndə bu baxımdan azsaylı dövlət adamlarımızdan biri idi. Əhməd Cəfəroğlu Xəlil bəylə bağlı qeyd edirdi ki, mərhum Xəlil bəy yarımtəhsilli, şansını siyasi və firqəvi turniklərdə sınamağa çalışanları xoşlamazdı, onları işin içindən uzaqlaşdırmağa çalışardı. Şüursuz millətçiliyin və yalançı vətənçiliyin amansız düşməni idi. Hələ Azərbaycanın faciəli durumundan özünə nicat yolu, şöhrət, pul qazanmaq üçün istifadə edənlərlə hər yerdə açıq-açığına mücadilə etmiş və sevdiyi dost mühitin vicdani məhkəməsinə başvurmuşdur. Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri - Ceyhun Nəbi 

Bərdədəki növbəti terrordan 3 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından üç il ötür. Sozcu.az xatırladır ki, 2020-ci il oktyabrın 28-də düşmənin silahlı birləşmələri şəhərdə dinc sakinlərin sıx məskunlaşdığı yaşayış məntəqələrini, mülki və ticarət obyektlərini, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarının yerləşdiyi ərazini "Smerç" raketləri ilə atəşə tutub. Ermənistanın beynəlxalq hüquqla qadağan olunan kaset bombalarından istifadə etməklə endirdiyi zərbələr nəticəsində 20 nəfər mülki şəxs və Fövqəladə Hallar Nazirliyinin 1 əməkdaşı şəhid olub, 70-ə yaxın insan isə yaralanıb. Eyni zamanda bir neçə mülki obyekt dağıdılıb, avtomobillər yararsız vəziyyətə düşüb, sakinlərə külli miqdarda ziyan dəyib. Faktla bağlı Azərbaycan Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması prokurorluğun İstintaq idarəsinə həvalə edilib. Qeyd edək ki, Bərdə rayonu və şəhər mərkəzi İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə 3 dəfə (5, 27 və 28 oktyabrda) Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Xatırladaq ki, İkinci Qarabağ müharibəsində Ermənistanın hərbi təcavüzü nəticəsində ümumilikdə 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb. Bundan başqa, 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

Musa Musayev infarkt keçirdi

Təranə Qumral həyat yoldaşı Musa Musayevin infarkt keçiritdiyini açıqlayıb. Sozcu.az Azxeber.com-a istinadən xəbər verir ki, qızları ilə Nanə Ağamalıyevanın qonağı olan sənətçi, bu haqda "7 tamam" verilişində bildirib: "Verilişə ona görə qızlarımla gəldim ki, Musa müəllimin səhhətində problem yaranıb. Mini infarkt keçirib. İndi vəziyyəti yaxşıdır".

ABŞ yeni nüvə bombası hazırlayır

ABŞ yeni növ nüvə bombası olan B61 istehsal etmək niyyətindədir. Sozcu.az xəbər verir ki, bu barədə Pentaqonun məlumatında deyilir.

Başlandı: İsrail Qəzza istiqamətində hərəkətə keçdi

İsrail ordusunun sözçüsü Daniel Hagari bildirib ki, quru əməliyyatlarına başlayan İsrailin Qəzzada əməliyyatları genişlənir və Qəzza bombalanır. Sozcu.az bildirir ki, bu barədə Əl-Cəzirə xəbər yayıb. Məlumatda xatırladılıb Hagari qəzzalıları cənuba doğru hərəkət etməyə çağırıb. Eyni zamanda vurğulanıb ki, İsrailin hava hücumları orada davam edir. “The Jerusalem Post” isə xəbər verir ki, İsrail sözçüsü brifinq zamanı hücumların həm havadan, həm dənizdən, həm də qurudan həyata keçirildiyini qeyd edərək, “son bir neçə saat ərzində Qəzza zolağında hücumların sayını çox ciddi şəkildə artırdıq” deyib.  Haqari bildirib ki, İsrail kəşfiyyatı HƏMAS-ın Qəzzada "Şifa" xəstəxanasından qərargah kimi istifadə etdiyini müəyyənləşdirib. Onun sözlərinə görə, hazırkı zərbələr terror qruplaşmasının yeraltı tunellərdəki qüvvələrini məhv etmək məqsədilə endirilir. Quru əməliyyatlarının məqsədi isə "Şifa" xəstəxanasındakı qərargahı məhv etməkdir. Qeyd edək ki, ABŞ İsraili quru əməliyyatlarından imtinaya çağırıb.

Qəzzanın dünya ilə əlaqəsi kəsildi - SON DƏQİQƏ

Qəzzanın xarici dünya ilə əlaqəsi kəsilib.  Sozcu.az xəbər verir ki, bu barədə BMT-nin Fələstin Humanitar Məsələləri üzrə Koordinatoru Lin Hastings məlumat verib.  "Güclü bombardmanlara görə Qəzzanın xarici dünya ilə əlaqəsi kəsilib. Müharibənin qaydaları var. Mülki əhali qorunmalıdır", - Hastings qeyd edib.  Qeyd edək ki, HƏMAS-ın verdiyi açıqlamada İsrailin Qəzza zolağında rabitə şəbəkələrini və interneti kəsdiyi bildirilib. Qəzza zolağındakı canlı şəbəkə məlumatları internet hərəkətlərini izləyən "NetBlocks" şirkəti tərəfindən sosial media hesabı vasitəsilə paylaşılıb. Məlumatlar göstərirdi ki, İsrailin hücumlarından sonra bölgədə internet bağlantısında böyük çökmə baş verib.  Fələstin baş naziri Ştiyye Qəzza zolağı ilə əlaqəni və interneti kəsməkdə məqsədin Fələstin xalqına qarşı qırğınlar törətmək olduğunu deyib.

Ukraynalı hərbçilər Azərbaycan Ordusunu təbrik etdilər: “Onlar ilkə imza atdılar” - FOTO

Azərbaycan 30 ildən çox davam edən işğala son qoymaqla keçmiş sovet məkanında ilk olaraq separatizmin kökünü kəsdi. Bununla da, dünyanın diqqətini özünə cəlb edib. Azərbaycan Ordusunun ölkənin suveren ərazisində işğalçılara, separatçılara qarşı uğurlu əməliyyatları xarici mütəxəssislərin və hərbçilərin də əsas müzakirə mövzusudur. Hazırda dünyanın diqqət mərkəzində olan Ukrayna müharibəsində ön cəbhədə döyüşən ukraynalı hərbçilər Donbasda olan “Report”un Şərqi Avropa bürosunun əməkdaşı vasitəsilə Azərbaycana təbriklərini ünvanlayıblar. Ukrayna ordusunun Donbas istiqamətində döyüş komandirlərindən Roman Solohub bildirib ki, Azərbaycan Ordusunun əməliyyatlarını mətbuatdan izləyib və hesab edir ki onun qələbəsi nümunəvi plana əsaslanır: “Azərbaycan Ordusu düzgün şəkildə planlaşdırılmış hərbi əməliyyat həyata keçirib. Uzun müddət işğal altında qalmış ərazilərini azad edib. Nəticədə tarixi ədalət bərpa olunub. Ukrayna Silahlı Qüvvələri də Azərbaycan Ordusu kimi hərbi əməliyyatlar həyata keçirməli və düşmənin işğal etdiyi əraziləri azad etməlidir. Azərbaycan Ordusunu, bu əməliyyata rəhbərlik edənləri, ölkə rəhbərliyini, Azərbaycan xalqını təbrik edirəm. Əminəm ki, bundan sonra Azərbaycanın bir metr ərazisi belə heç vaxt işğal edilməyəcək. Roman Solohub Ukrayna SQ-nin çavuşu Yevgeni Suloymi isə deyir ki, bu qələbə bir daha göstərdi ki, Azərbaycan xalqı güclü xalqdır: “Bizimlə birgə ölkəmizdə yaşayan azərbaycanlılardan çoxu döyüşür. Mən onların qəhrəmanlığına heyranam. Yaşadıqları Ukrayna uğrunda vuruşurlar. Onların arasında yaxından tanıdıqlarım da var. Azərbaycan ordusunun əməliyyatlarını izləyərkən mən gördüm ki, xalqınız çox qətiyyətlidir, bizim kimi. Dərhal ordu ilə birgə ən azı mənən səfərbər olub, Vətən uğrunda hər şeydən keçməyə hazırdırlar. Azərbaycan Ordusu bizə ilk nümunə kimi göstərdi ki separatizm üzərində necə qətiyyətli qələbə çalmaq olar. Onlar ilkə imza atdılar. Onlar sübut etdilər ki, xalqın tələbəni necə düzgün yerinə yetirmək olar”. Yevgeni Suloymi Ukrayna ordusunun əsgəri Aleksandr Fos isə bütün Azərbaycanı, onun Silahlı Qüvvələrini alqışlayır: “Onlar bənzərsiz qələbəyə imza atdılar. Mən bilirəm ki, onların torpaqları uzun müddət işğal altda qaldı, amma, nəhayət, Qarabağı geri qaytara bildilər. Buna görə alqışlayıram onları. Ölkənizə çox böyük hörmətim var. Siz işğalçılara hədlərini göstərə bildiniz. Biz ölkəmizi qorumaq üçün sizdən nümunə götürürük. Azərbaycan Ordusunu təbrik edirəm”. Aleksandr Fos Aleksey Kaçan adlı zabit də Azərbaycanın bir zamanlar düşmənin işğalı altında olan ərazilər üzərində suverenliyi bərpa etdiyini deyib: “Azərbaycan cəmi 24 saat ərzində çox yaxşı lokal antiterror tədbirləri keçirib və ərazilərini azad edib. Bu əməliyyatı dəqiqliklə həyata keçirdiniz. Bu, Gürcüstan, Moldova, elə bizim üçün nümunədir. Yəni bu yolla rahat şəkildə əməliyyat keçirmək və məsələni həll etmək olar. Azərbaycan xalqını Xankəndi şəhəri daxil olmaqla, Qarabağ üzərində suverenliyini bərpa etməsi münasibəti ilə təbrik edirəm”. Aleksey Kaçan

"İsrailin Qəzzadakı davranışları vəhşilik, qətliam və barbarlıqdır" - Ərdoğan

"Ankaranın gözündə Qəzza sakinləri, fələstinlilər, israillilər və ya suriyalılar arasında fərq yoxdur, ona görə də Qəzzada zorakılıq qarşısında Türkiyənin susacağını gözləmək lazım deyil..." Türkiyə lideri İsraili kəsin surətdə pisləyib Türkiyə pezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, İsrailin Qəzzadakı hərbi əməliyyatı vəhşilikdir və çoxdandır özünümüdafiə çərçivəsindən kənara çıxıb. Sozcu.az xəbər verir ki, bu barədə CNN telekanalı yazıb. "İndi də bu zülm, vəhşilik, qətliam və barbarlıq. Nə qədər insan ölməlidir? Nə qədər uşaq qətlə yetirilməlidir", - telekanal Ərdoğandan iqtibas gətirib. Ərdoğan həmçinin Roma Papası Fransisklə telefon danışığında bəyan edib ki, İsrailin Qəzza bölgəsinə hücumları kütləvi qətllərə bərabərdir, beynəlxalq birliyin susması isə "rüsvayçılıqdır". Ərdoğan bəyan edib ki, bütün ölkələr regionda humanitar böhrana qarşı çıxmalıdır. O, həmçinin Avropa Komissiyasını və Birləşmiş Millətlər Təşkilatını Qəzza bölgəsində atəşin tamamilə dayandırılmasına deyil, "humanitar fasilələrə" çağırış etdiklərinə görə tənqid edib. Ərdoğanın sözlərinə görə, Ankaranın gözlərində Qəzza sakinləri, fələstinlilər, israillilər və ya suriyalılar arasında fərq yoxdur, ona görə də "Türkiyənin Qəzzada zorakılıq qarşısında susacağını gözləmək lazım deyil". Bu, Ərdoğanın İsrailin ünvanına ilk ittihanəmedici çıxışı deyil. O cümlədən, o, HƏMAS-ı terrorçu təşkilat kimi tanımaqdan imtina edərək bəyan edib ki, bu, "öz torpağı və vətəndaşlarının azadlığı uğrunda döyüşçülər qrupudur". Ərdoğan İsrailə planlaşdırılam səfərini ləğv edib və ötən ay Nyu-Yorkda BMT Baş Assambleyasında İsrailin baş naziri Binyamin Netanyahunun əlini sıxdığına görə təəssüf edib. Oktyabrın 21-də Ərdoğan İsrailin hərəkətlərini soyqırıma bərabər tutub. O, bəyan edib ki, "uşaqların, qadınların və dinc sakinlərin qətli, xəstəxanalar, məktəblər, kilsələr və məscidlərin bombardman edilməsilə təhlükəsizliyə nail olmaq mümkün deyil". Oktyabrın 11-də Ərdoğan İsraili "qeyri-dövlət" davranışında və "Qəzza bölgəsində qeyri-mütənasib hücumlarda" ittiham edib.

Səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv olundu

Səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv olunub. Sozcu.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Səhiyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi ilə bağlı Fərmanında əksini tapıb. Fərmanla səhiyyə nazirinin 3 müavini olacaq. Qeyd edək ki, Fərmana edilmiş dəyişiklikdən əvvəl səhiyyə nazirinin 4 müavini (birinci müavin və müavinlər) var idi.

İsmayıllıda qazi İcra Hakimiyyətinin qarşısında özünü yandırdı - FOTO

Bu gün günorta saatlarında İsmayıllı Rayon İcra Hakimiyyətinin binası qarşısında Vətən müharibəsi qazisi Röyal Mirzəyev intihara cəhd edib. Sozcu.az xəbər verir ki, 26 yaşlı qazi üzərinə benzin tökərək özünü yandırıb. Rayonun Qubaxəlilli kəndindən olan Röyal Mirzəyev təcili yardımla əvvəlcə xəstəxanaya, sonraya Bakıya aparılıb.  Yaralının vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin detalları məlum deyil.unikal)

Türkiyə-İsrail əlaqələri pozuldu - İran sevinir

İran mediası Türkiyə-İsrail arasında münasibətlərin gərginləşməsinə geniş yer ayırıb. Sozcu.az xəbər verir ki, bu barədə əksər aparıcı media qurumları material dərc edib. Yazılarda iki ölkə arasında birgə enerji layihələrinin dayandırılması, Aralıq dənizində ortaq qazma işlərinin ləğv edilməsi xüsusi vurğulanıb. Həmçinin, Prezident Rəcəb Tayyib Ərdoğanın, enerji və təbii sərvətlər naziri Alparslan Bayraqdarın İsrailə səfərlərinin ləğv edilməsi alqışlanıb.

Mirzoyan yenə sərsəmlədi: Qarabağa UNESCO missiyası göndərilməlidir

Ermənistanın xarici işlər naziri Ararat Mirzyan Qarabağda UNESCO missiyasının göndərilməsini istəyib. Sozcu.az Armenian News-a istinadla xəbər verir ki, o bunu macar vəzifədaşı Peter Siyarto ilə görüşdə deyib. Nazir Azərbaycana qarşı köhnə təbliğat qəliblərindən istifadə edərək Qarabağda "erməni mədəni irsinin qorunması problemi daha da kəskinləşib" ifadəsini işlədib. Mirzoyan xatırladıb ki, Ermənistan tərəfi səfərin təşkili üçün UNESCO və digər beynəlxalq qurumlarla əlaqə saxlayıb: “İndi missiyaya daha çox tələbat var. Ümid edirik ki, tezliklə baş tutacaq. Biz bu istiqamətdə işləyirik”.yanisabah)

İstanbulda partlayış: yaralılar var

Türkiyədə İstanbul şəhərinin Bağçılar rayonunda 3 mərtəbəli binanın zirzəmisində partlayış baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, partlayışdan sonra yanğın baş verib. Hadisə zamanı 5 nəfər xəsarət alıb. Partlayışın hansı səbəbdən baş verdiyi məlum deyil.

HƏMAS-ın daha bir komandiri məhv edildi

Gecə İsrail ordusu HƏMAS-ın “Xan-Yunus - Qərb” batalyonunun komandiri Mədət Mübaşiri məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib. Məlumata görə, Mübaşir israil mülki vətəndaşlarına və hərbçilərinə partlayıcı və snayper silahı ilə hücumlarda iştirak edib. Qeyd edək ki, bir neçə gün öncə İsrail ordusu HƏMAS-ın batalyon komandiri, əvvəllər hərəkatın dəniz qüvvələrinin komandiri olmuş Taysir Mübaşirin məhv edildiyini açıqlamışdı.

“Rus komandirləri bu əsgərləri edam edirlər”

“Rus komandirlər əmrləri yerinə yetirməkdən boyun qaçıran əsgərləri güllələyir, həmçinin geri çəkilməyə cəhd etsələr, bütün bölmələri gülləbaran edəcəkləri ilə hədələyirlər”. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi keçirdiyi brifinqdə danışıb. ABŞ rəsmisinin sözlərinə görə, Rusiya öz əsgərlərinin həyatına biganəlik nümayiş etdirməkdə davam edir: “Biz son vaxtlar rusların hərbi itkilərinin minlərlə olduğunu, hətta onların bəzilərinin öz komandirlərinin əmri ilə edam edildiyini bilirik”,-deyə Kirni qeyd edib. Ağ Evin sözçüsü Rusiyanın yeni səfərbər edilmiş qüvvələrini keçən ilki uğursuz qış hücumu zamanında olduğu kimi hələ də zəif təchiz edilmiş və hazırlıqsız olduğunu söyləyib. “Görünür, Rusiya ordusu hələ də  “insan əti” adlandırdıqları taktikadan istifadə edir və sadəcə olaraq bu zəif təlim keçmiş əsgərlərin kütləsini müvafiq texnika, komandanlıq olmadan, resurslar, dəstək olmadan döyüşə atırlar",- Kirbi bildirib. Ağ Evin yüksək rütbəli rəsmisi Rusiyanın Avdeyevka, Liman və Kupyansk əraziləri də daxil olmaqla bir neçə istiqamətdə yeni hücumunun onlar üçün “gözlənilməz olmadığını” söylədi. “Prezident Putin Ukraynanı fəth etmək fikrinə hələ də sadiqdir və biz Ukraynaya öz ərazisini müdafiə etmək üçün lazımi vasitələrə verəcəyik”, – deyə Kirbi bildirib. Kirbinin sözlərinə görə, oktyabrın 11-də Rusiya bu hücum zamanı Avdyevka ərazisində azı 125 zirehli texnika və bir batalyondan çox maşın da daxil olmaqla, əhəmiyyətli itki verib. Bununla bərabər ABŞ Rusiyadan yeni hücumların olacağını gözləyir. "Bu dinamik münaqişədir və biz yadda saxlamalıyıq ki, Rusiya hələ də bəzi hücum imkanlarını saxlayır və yaxın aylarda bəzi taktiki nailiyyətlər əldə edə bilər", - deyə Ağ Ev rəsmisi etiraf edib.

Türkiyəyə ŞOK xəbərdarlıq: "FƏLAKƏT OLACAQ"

Təqaüddə olan briqada generalı Naim Babüroğlu İsrail-Fələstin müharibəsinin Türkiyəyə təsiri ilə bağlı diqqətçəkən açıqlama verib. Sozcu.az xəbər verir ki, Babüroğlu İsraillə HƏMAS arasında oktyabrın 7-də başlayan qarşıdurmanın davam etdiyi bir vaxtda ABŞ-ın bölgəyə bir təyyarədaşıyan gəmisi və əlavə hərbi elementlər yerləşdirdiyini, daha sonra İsraillə birlikdə Suriya və İraqda hava əməliyyatı həyata keçirdiyini, lakin region ölkələrinin bunu qınamadığını və susduğunu bildirib. O xəbərdarlıq edib ki, İraq və Suriyanın parçalanması və regionda sabitliyin pozulması Türkiyə üçün fəlakətlə nəticələnəcək. Təqaüddə olan general Suriya və İraqdan sonra İranın da hücumların hədəfi olacağını, güclü regional mövqedə olan Tehranın sabitliyinin pozulmasının bölgə üçün böyük fəlakət olacağını iddia edib. "ABŞ və İsrail davamlı olaraq İraq və Suriyaya hava zərbələri endirir. Region ölkələrindən heç bir qınaq yoxdur. Bir daha deyirəm: İraq və Suriyanın daha da parçalanması və qeyri-sabitliyi bölgə və Türkiyə üçün fəlakətdir. İrana gəlincə, bu, region üçün ölümcül zərbə olacaq" - Naim Babüroğlu qeyd edib.musavat.com)

Samvel Şahramanyan gözlənilən müsahibəni VERDİ

Özünü buraxmış qondarma “Artsax”ın sonuncu başçısı Samvel Şahramanyan Ermənistanda müxalifətyönlü kəsimin gözlədiyi müsahibəni verib. Sozcu.az xəbər verir ki, Şahramanyanın qondarma “Artsaxın ictimai televiziyası”na danışdığı bildirilir. Qeyd edilib ki, sentyabrın 19-da Xankəndidəki fəaliyyətini dayandıran bu “televiziya“ Facebook üzərindən yayımlanacaq. Şahramanyanla müsahibəni erməni jurnalisti Tsovinar Barxudaryan aparıb. Şahramanyanın qondarma “Artsax”a niyə və hansı şəraitdə “prezident” seçilməyə razılıq verdiyi, həmçinin hərbi əməliyyatlar, Azərbaycan tərəfi ilə danışıqlar barədə danışdığı, eləcə də bir sıra digər məsələlərə də toxunduğu bildirilir. O, Qarabağ ermənilərinin suallarını da cavablandırıb. Müsahibənin tezliklə yayımlanacağı deyilir.

Erkən yaşda nikaha icazə verilməlidir - Tahir Kərimlidən ŞOK AÇIQLAMA

“Qeyd olunur ki, 17 yaşında qız uşağı evləndirilməli deyil. Amma bəzi məqamları nəzərə almaq lazımdır”. Bunu deputat Tahir Kərimli Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və İnsan hüquqları komitəsinin birgə dinləməsi zamanı deyib. “Elə olur ki, ata xərçəng xəstəsidir. Ömrünə az qalıb. Niyə onun övladının 17 yaşında evlənməsinə icazə verilməsin? Valideyn nə üçün övladının şad gününü görməsin? Bu tip situasiyalarda erkən yaşda nikaha icazə verilməlidir deyə düşünürəm”, - o qeyd edib. (Modern.az)

Samuxlu Qaçaq Məmmədqasım "Allah qoruyunca" adlı xatirələri - III hissə

Bolşeviklər Samuxa yaxın düşə bilmirdilər. Milli hökümətimiz təslim olmuşdu. Gəncədə bolşevik hakimiyyəti qurulmuşdu. İbrahim Əliyev, Müseyib Əliyev və insan qəssabı dəmirçi Şikarov bolşeviklərin hakimiyyət başçısı seçilmişdi. Mənim adamlarımdan ikisini, Əhməd və Mürsəli Azərbaycan Kommunist hökümətinin rəhbərlərindən olan Əliheydər Qarayev və Səməd ağa həbs etdirmişdi. Bir gün Samux Qəza İcra Komitəsinin başcısı Musa Qafarov yanıma gəlib dedi:     –Səni Qarayev yanına çağırır. Əhf edəcək və vəzifə verəcək.     Mən bu oyunların nə olduğunu anlayırdım. Fəqət bu dəvətə etiraz da edə bilmədim. Fikirləşdim ki, bəlkə bu görüşümdən istifadə edib həbs olunan dostlarımı azad etdirəm. Elə bu ümidlə də bir neçə nəfər silahdaşımla Gəncəyə yollandım. Şəhər vağzalının yaxınlığında tək Yemşən deyilən yerdə yeni hökümətin milislərinin Tatoğlu Məhəmməd Həsəni, oğlanları Məcidi və Aslanı tutub apardıqlarını gördüm. Mən heç nədən çəkinmədən Məhəmməd Həsənə yanaşıb dedim :     –Bunlar sizi ölümə aparırlar. Mən onları məhv etməyə və sizi qaçırmağa hazıram. Onun elə bil ki huşu başından çıxmışdı. Mənə belə cavab verdi:     –Öldürsələr məni öldürəcəklər. Oğlanlarıma dəyməzlər. Xahiş edirəm bu təhlükəli oyundan vaz keç.     Onun bu sözlərindən sonra mən də müdaxilə etmədən onlardan aralandım. Onları Gəncəyə aparıb həbs etdilər. Biz, Vilayət Şurasına gəldik, orada bizi İbrahim Əliyevin adamları gözləyirdi.. Müseyib və kor Çaharyov da ordaydı. Mansur da onların arasındaydı. O, Gəncənin Çobanabdallı kəndindən idi. Şəmkirin Qaracaəmirli kəndində əyləşmişdi. Mansur özü də çarlıq zamanında qaçaqlıqla məşğul idi. Onunla biz səmimi dost idik. Əvvəlcə onu qəbul etdilər, xeyli söhbət etdikdən sonra rəngi solmuş halda bayıra çıxdı. Mənim yanıma gəlib dedi:     –Sənə nə təklif etsələr “baş üstə” de. Mənə də vəzifə təklif etdilər, razılaşdım.     Ona yüz nəfər köməkçi də vermişdilər. Əsas vəzifələri dağlara çəkilən qaçaqları tutub dövlətə təhvil vermək olacaqdı.Mansur ona verilən müdafiəçilərilə çox haqsızlıqlar etdi. Onlarla ailəni başsız qoydu. Ancaq qorxusundan Samuxa üz tuta bilmədi və nəhayət öz haqlı cəzasına da çatdı. 1921-ci ildə oğlanları Eyvaz və Camalla bir yerdə kommunistlər tərəfindən güllələndilər.     Mansurdan sonra yeni hökümətin vilayət rəhbərləri məni hörmət və ehtiramla qəbul etdilər. İbrahim Əliyev üzünü mənə tutub dedi:     –“Məmmədqasım sən nüfuzlu və qoçaq bir insansan. Səninlə əməkdaşlıq etməyə hazırıq. Ancaq bir şərtimiz var – gərək inqilaba qarşı çıxanları, ağaları, bəyləri və qaçaqları tutub bizə təhvil verəsən. Sənə köməkçilər və silah-sürsat verəcəyik. Həm də vəzifə alacaqsan”.     –Mən, Mansurun tövsiyyəsinə qulaq asıb razı olduğumu bildirdim. Mənim müsbət cavabımdan sonra İbrahim Əliyev belə bir tövsiyyə də verdi :     –Məmmədqasım, bizim aeroplanlarımız da var, onları ruslar idarə edirlər, onlarla rastlaşanda mücadiləyə girişmə, onlar sizin silahlarınızı da istəsələr verin, hətta sizi tutsalar da biz azad edəcəyik. O, ordudakı ruslara da müqavimət göstərməyin – deyə, sözünü bitirdi. Mən onları şübhəyə salmamaq üçün bütün təkliflərini – “baş üstə” deyərək razılıqla qəbul edirdim. Əsas məqsədim isə Mahal qazisi Mustafanı, Alpoutlu Molla Həmidi, Hacı Əhməd oğlu Şamili həbsdən azad etmək idi. Onların həyatı təhlükə qarşısındaydı.     Onlardan ayrılıb binadan çıxdım. Ac idim. Bu qoca şəhərdə yeməyə də bir şey tapmadıq, hər tərəf xarabaya çevrilmişdi. Son bahar mövsümüydü. Milis dəstəsinin rəisi Məhəmməd Rzanın oğlu Ədilin evinə gəldik. Onlarla dostluğumuz vardı. Yemək yedik və iki gün gizləndikdən sonra Samuxa yola düşdük. Dəmir yolunu keçdikdə mən “durun” deyə qışqırdım. Mahal qazısı heyrətlə mənə baxaraq – “ nə olub ay allahın dəlisi”. Mənim atım çox qüvvətliydi. Atımı Mahal qazısının atıyla dəyişib atın belində üzümü Gəncəyə çevirib üç dəfə tüpürüb dedim:     –Lənət olsun bunlara da, qanunlarına da”     –Bundan sonra hamınızı birlikdə öldürsələr də məndən kömək gözləməyin. Mənim yerim Kür nəhridir.     Samuxa sağ-salamat çatdıq. Hər kənddə on rus əsgəri və bir çavuş vardı. Kəndimizə gəldikdən beş gün sonra 500-dək gürcü atlısı da bizə qoşuldu. Beləcə onlarla birgə ümumi düşmənlərimizlə ölüm-dirim mübarizəsinə girişdik. Gürcülərlə əvvəlki münasibəti unudub qardaşlaşmışdıq. Bizim ərazimizdə nə qədər əsgər və kommunist vardısa hamısını məhv etdik.     Türkiyə cəbhəsindən dönən rus əsgərlərinin silahlarının alınması ilə bağlı əməliyyatdan, Gəncə üsyanında gürcülərin köməyə gəlməsindən, Azərbaycan Cümhuriyyəti rəhbərlərinin Gürcüstanda müdafiə olunmadıqlarından, erməni daşnakları tərəfindən qətlə yetirildiklərindən də məlumat aldıq. Qısa bir zamanda Gürcüstanda da qırğınlar başladığından onlar da qanlı işğalçılara qarşı mübarizəyə başlamışdılar. Gürcülərin bizim heyvanları, sonra isə biz onların qoyunlarını gətirdiyimiz barədə də məlumat vermişdim. Azərbaycanın işğal olunduğunu, mənim də dağlarda qaçaqlıq etdiyimi eşidən Qızıl oğlu Simon böyük bir dəstəylə hazırlıq işləri gördüyündən də xəbərimiz yox idi. Ona görə ki, əlaqəmiz kəsilmişdi. Biz isə Simonun qaynı Koda da misilsiz bir at olduğunu eşitmişdik. Onunla söhbət edib bu atı almağa çalışdıq. Onun atı tövləsindəydi. Gedib gətirəcəm dedi. Aradan on beş gün keçmişdi. Bir gecə yuxuda gördüm ki, dəlləyim başımı tərs qırxıb. Səhəri isə məni bir gürcü görmək istədiyini söylədilər. Mən – buraxın içəri gəlsin – dedim. İçəri girən gürcü bildirdi ki, mən Kodanın çobanıyam. Sonra əlavə etdi ki, Koda atı gətirib və məni görmək istəyir.      Çobana hörmət etdik və sabah gələcəyimizi bildirdik.       Koda bizi həmin gün gözləyirmiş, gəlmədiyimiz üçün ertəsi günə hazırlıq görür. Ertəsi gün qardaşım Ələs, əmim oğlu Məhəmməd, xalam oğlunun qohumu Əbdülhəmid Kodanın arxasınca üz tutduq. Arxaca çatar-çatmaz biz iki yerə bölündük. Ələs və Əbdülhəmid qərbdən, Məhəmmədlə mən şərqdən arxaca girməyimizi planlaşdırdıq. Əbdülhəmid arxaca girər-girməz gürcülərdən 10 nəfər üstünə atılır və silah işlətməsinə imkan vermirlər. Mənim yanımda isə Məhəmmədi güllə ilə vurdular. Mən atdan özümü yerə atdıqda güllələr başım üzərindən sel kimi yağırdı. Ələs də atdan enmiş, onlarla atışmağa başlamışdı. Mən özümü qorumaq üçün xəncərlə çuxur qazdım. Sağ qaldığımı Ələsə bildirmək üçün ona tərəf bir daraq fişəng atdım. Gürcülər bizim ətrafımızda doluydu. Onların başcısı isə Vaso idi. Arxacdan – “Qasımı vura bilmədik”- deyə hayqırtılar eşidilirdi. Mənim döyüşdüyüm yer hündürdə olduğundan ətrafı aydınca görürdüm. Əsəd isə çuxurdaydı, ətrafı görə bilmirdi. Onu qorumaq üçün arxadan gələnləri yerə sərirdim. O isə onlara göz açmağa imkan vermirdi. Vasonu yaxşı tanıyırdım. Məni nişan almaq üçün yerini dəyişmək istəyəndə o köpəyidə yerə sərdim. Voso vurulandan sonra onlar özlərini itirdilər. Atışma axşamadək davam etdi. Gürcülər bizə yaxınlaşmağa cürət etmirdilər. Qaranlıq düşəndə - “Ələs”-deyə çağırdım. O da cavab verdi. Səsindən qardaşım Ələs olduğunu dəqiqləşdirmək üçün sandığımda nə olduğunu xəbər aldım. O da parolu düzgün deyəndən sonra əmin oldum ki, qardaşımdı. Ələs yanıma gəldi. Biz həyacandan öpüşdük. İkimiz də sağ-salamat olsaq da Məhəmmədi və Əbdülhəmidi itirmişdik. Bir az dincəldikdən sonra yenə bir-birimizi qucaqlayıb öpdük. Yenidən döyüşə girmək istədik. Mən Ələsə dedim:     -Sən arxada qal məni gözlə. Onlarla yenidən döyüşmək istəyirəm. O isə mənim arxada qalmağımı tələb etdi.     Mən ona qulaq asmayıb bizi görməyən bir nəfəri də vurdum və mühasirəni yardıq. Artıq təhlükə sovuşmuşdu. Biz əyləşib bir az dincəldik. Mən Ələsə, - Siqaret çək dedim. O isə tənbəkisi olduğu halda adət-ənənəyə görə böyük qardaşının yanında siqaret çəkməmək üçün:      – Siqaret çəkmirəm – dedi. Artıq öz ərazimizə çatmışdıq. Bizi qarşılayanlar çaş-baş qalmışdılar. Onlar bizdən soruşdular. Bu nə sir-sifətdir. Siz haradan gəlirsiniz ?     Biz olub keçənləri onlara danışdıq. İki qardaşımızın öldürüldüyünü eşidib çox pərişan oldular və bildirdilər ki, biz heç bir silah səsi eşitməmişik.     Bir az dincəldikdən sonra onlarla birlikdə əvvəlki döyüş yerinə hücum çəkdik. Basonun arxacı boş idi. Onlar heyvanları ilə birgə çıxıb getmişdilər. Qayıdanda dəmir yolunda vaqonu saxlayıb soyduq, vəziyyət elə gətirdik ki, Heybət oğlu Mehti də bizdən ayrı düşdü. Bir sürü qoyun və yaxud köhnə qan davası üstündə yersiz və mənasız vuruşmalar davam etdiyi bir dövrdə işğalçılar Poylu körpüsünü keçərək digər tərəfdən Qarayazı-Soğanlı, Ağstafa, bir dəstə də Zaqatala yolu ilə hücum edib Gürcüstanı işğal etməyə başladılar. Buna görə gürcülər rusları qızışdırmamaq üçün özləri də müstəqilliklərini itirdilər. Gürcüstan işğal olunanda sonra bizim vəziyyətimiz tamam ağırlaşdı. Qüvvələrimiz az idi. Ancaq qaçaqçılıq yolu ilə özümüzü müdafiə edə bilərdik. İşğalçılar da yaxşı möykəmlənmədikləri üçün bizi sıxışdıra bilmirdilər. Samux bölgəsində daha çox qan töküldüyündən elə o vaxtdan bizim əraziyə “Qırmızı Samux” deməyə başladılar. Döyüşlərimiz qurtarmırdı. Gürcüstanda Sovet höküməti qurulan gündən Azərbaycan hökümətindən –“ Samuxlu çopur Məmməd Qasımın ya ölüsünü, yada dirisini bizə təhvil verin”- deyə müraciətlər gəlirdi. Azərbaycan höküməti isə bizim ona gücümüz çatmır, bacarırsız gəlib özünüz tutun – deyə cavablar verirdi.     Beləliklə, Gürcüstan höküməti məni yaxalamaq icazəsini aldı. Bu xəbər bizə çatan kimi biz əlimizə keçən əşyaları, uşaqları, yaşlıları və heyvanlarımızı götürüb Samuxun ormanlarına çəkildik. Kişilərin sayı çox deyildi. Günlərin bir günü biz cöngə kəsib yeyib içirdik, mən isə əlimdən silahı yerə qoymurdum. Ətrafa növbətçiləri düzmüşdüm. Biz ağacın dibində uzanıb bir az yuxulamaq istədik. Yuxuda Rüstəmin at belində bizə tərəf sürətlə gəldiyini gördüm. Mən ona:      –Sən buralarda nə gəzirsən ? Sən ölmədinmi deyə sual verdim. O isə:      –Ölmədim, yerinizi dəyişin, üstünüzə Tiflisdən böyük qüvvə gəlməkdədi – deyə, cavab verdi.      Oyandım və yuxunun təsirilə tez yerimizi dəyişdik. Sürülərimiz, mal-qara həmin yerdə qaldı. Ertəsi gün səhər saat altıda işğalçı Sovet qoşunları bizi mühasirəyə aldı. Əsgərlərin sayı 700 nəfərdən çox idi. Biz isə 9 nəfərlə müdafiə olunmağa başladıq. Ərazini yaxşı tanıdığımızdan əlçatmaz ormanlara çəkildik. Bir tərəfimizdən də Alazan çayı keçirdi. Sürülərimiz qalan yerdən xəbər gətirən bir çoban dedi – nə durursuz onlar az qala ki, sizi mühasirəyə alsınlar. Biz düzə çatanda əmir verdim ki, döyüşə hazır olun.     Qış aylarıydı, atlarımız olmadığından piyada idik. Yapıncılarımızı da qatlayıb yəhərə bağlamışdıq. Dayandığımız yerdən uzaqlaşmaq lazım idi. Çətin bir şərait yaranmışdı. Qabağa keçib qaçaqlara məni gözləmələri tapşırdım. Çarəmiz yenidən mühasirəni yarıb aradan çıxmaq idi. Bunun da asan olmayacağı hiss olunurdu. Bir tərəfdə q uduzlaşmış dalğaları ilə qayaları döyəcləyən Alazan çayı, digər tərəfdə isə üzərimizə hücuma keçən əsgərlər görünürdü. Bizi qoruyan yalnız doğma vətənimizin əlçatmaz qayalıqları idi.     Qaçdığımız zaman təsadüfən bir düzənliyə çıxdıq, 5 əsgər və bir çavuşla üz-üzə gəldik. Çavuş bizə -“Stoy”- deyə bağırdı və bizi güclü atəşə tutdular. Üzümdən yaralansamda onların hamısını gəbərdə bildik.     Vurulan əsgərlərin silah-sursatını soyduqdan sonra yenə də qaçmağa məcbur olduq. Yenidən qarşımıza böyük bir təstə çıxdı. Bunlardan biri həkim, ikisi yüzbaşı, üç çavuş, 33 nəfəri isə əsgər idi. Qayalıqlarda qaçmaqdan ayaqlarım şişmişdi. Güclə yeriyirdim. Onlardan canımızı qurtarsaq da yeni bir dəstəylə üzləşdik. Bu dəfə qarşımıza çıxanlar əvvəlkilərə nisbətən daha iri çaplı və ağır silahlarla dayanmışdılar. Əl bombaları ilə ətrafı oda-alova qalayırdılar. Onlar bizi görmədiklərinə görə hara gəldi atəş açırdılar. Yenidən qorxunc bir nərə çəkdim və ölüm-dirim savaşına girdik. Döyüşə-döyüşə palıd talası deyilən yerə çıxdıq. Düşmənlərin atları ordaydı. Oradakı atları və kişiləri öldürdükdən sonra aradan çıxa bildik.     Ormanın buz kimi soyuğu, bıçaq kimi kəsən ayazı bizi əldən salmışdı. Allah da göz yaşlarımıza məhəl qoymurdu. Əldən düşmüş halda bir kəndə çata bildik. Aclıqda bizi taqətdən salmışdı. Kəndlilərdən çörək və ərzaq vermələrini xaiş etdik. Onlar etiraz etdikdə isə zorla aldıq və Kürün o biri sahilinə keçib dincəlməyə başladıq. Qaçaqlar ocaq yandırıb ağaclarda qalmış yabanı üzüm toplamağa başladılar. Bir az yeyib-içib bir koma kimi yerdə bir-birimizə qısılıb yatdıq.     Səhər tezdən durbini götürüb ağaca çıxdım. Biz gəldiyimiz kənd Kür çayının Gəncə tərəfində qalmışdı. Diqqətlə ətrafa nəzər saldıqda gördüm ki, Gəncə tərəfdən ucu-bucağı görünməyən sovet əsgərləri bizə doğru irəliləməkdədir. Onlar bizimlə döyüşən əsgərlərə köməyə gəlirdilər. Qaçaqlar məndən nə gördüyümü soruşduqda onların ovqatını pozmamaq üçün mal-qara sürülərindən başqa heç nəyi görmədiyimi izah etdim. Axşamadək həmin yerdə gözlədik. Başımı bir ağaca söykəyib fikrə dalmışdım. Ailəmi, uşaqlarımı xatırlayırdım. Ağacın başında isə ağacdələn quşun yuvası vardı, quş öz yuvasının başına dolanır, bizdən ürkmüş kimi qışqırtı salır, arabir bizə hücum çəkərək lap yaxınlığımızdan uçurdu. Yuvasına girməyə cürət etmirdi. Zavallı quşun bu çığırtıları mənə öz dərdimi unutdurmuşdu. O qaranlıq düşdüyündən elə yaxınımdan uçdu ki, qanadları üzümü yaladı və bir anda yuvasına girib sakitləşdi. Bu hadisə məni lap çaşdırdı. Öz-özümə düşünüb dedim- ey Allahım axı sizin qarşınızda hansı bəd əməllərimiz var ki, gündüzləri bayırda gəzib gecələri yuvasına girən quş qədər də bəxtimiz yoxdu. O, yuvasına girə bilir, biz isə gecəli-gündüzlü ayazda, şaxtada, qarda, yağışda da düzlərdə qalmalı oluruq... Davamı var... Xatirələr ilk dəfə mərhum tədqiqatçı Xanlar Bayramovun " Samuxlu Qaçaq Məmmədqasım" kitabında çap edilib Xatirələrdən parçanı təqdim etdi - Ceyhun Nəbi

“Rusiya “sülhməramlı”ları Qarabağda imitiasiya ilə məşğuldurlar...”

Hərbi ekspert, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş əməkdaşı, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov hesab edir ki, “bölgədə Rusiya “sülhməramlı”larına artıq heç bir ehtiyac yoxdur”. Sozcu.az xəbər verir ki, ekspert bu haqda “Kavkazskiy uzel” nəşrinə açıqlamasında bildirib. "Rusiya hərbçiləri indi özlərinə guya ehtiyac olduğunu nümayiş etdirmək üçün hansısa fəaliyyəti imitasiya edirlər. Amma onlara praktiki olaraq ehtiyac yoxdur. Əgər onlar silah-sursatı qoruyurlarsa,  bunu Azərbaycan ordusu özü edə bilər. Yolları qorumağa isə ehtiyac yoxdur. Ümumiyyətlə,  sual olunur ki, onlar kommunikasiyaları, yolları kimdən qoruyurlar? Aydındır ki, siyasi qərar ərəfəsində onlar özləri-özlərinə hansısa vəzifələr düşünürlər”, - deyə Üzeyir Cəfərov vurğulayıb.