Qazaxda vəkilin intiharının təfərrüatı məlum oldu

Qazax rayon Hüseynbəyli kənd sakini, 1980-ci il təvəllüdlü Rüfət Əsəd oğlu Mahmudov özlərinə məxsus üzümlük sahədə intihar edib. Onun meyiti hadisədən bir müddət sonra sahəyə gedən əmisi tərəfindən aşkarlanıb. Mərhum Qazaxda vəkil olub və intihardan bir gün öncə yaxınlarına işi ilə bağlı başqa rayona gedəcəyini bildirib. Səhəri gün isə onun meyiti üzümlük sahədə aşkarlanıb. R.Mahmudov ailəli olub, bir qızı, iki oğlu var, həyat yoldaşı Qazax Rayon İcra Hakimiyyətində çalışır. Mərhumun atası Əsəd Mahmudov rayonda tanınmış şəxsdir. O, sovxozda, ət kombinatında direktor, Qazax Rayon Sudan İstifadə Birliyində isə icraçı direktor vəzifələrində çalışıb. Yaxınları və kənd sakinləri mərhumun hansısa bir problemi olmadığını, hər kəsə qarşı xoş rəftar edən, mülayim insan olduğunu bildiriblər. Faktla bağlı Qazax Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.Report

Samvel Babayan bir nömrəli cinayətkardır - Məhkəmə

Xaçatryan özbaşına deyildi. Sozcu.az-ın məlumatına görə, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclasında şahid Azay Kərimov deyib. O qeyd edib ki, bunları məcbur edənlər var idi. “O adamlar da burda yoxdur. İndi onlar erməni mətbuatına müsahibə verir. Bunun bütün dostların tanıyıram. Bizim kənddəndirlər. Bunların avtonəqliyyat müəssisəsi bizim torpaqda yerləşirdi. Bunu tutmuşdum bir ay sonra buraxdıq getdi. Necə ola bilər ki, məhkəməsiz min nəfəri Şuşa türməsindən açıb buraxırsan? Samvel Babayan bir nömrəli cinayətkarlardandır. İndi Ermənistanda mətbuata açıqlamalar verir. Doqquz ay Şuşa türməsində yatıb. Doqquz ay yatdıqdan sonra məhkəməsiz buraxdılar. Xaçatryanlar adi bir fiqurdur“, - deyə o əlavə edib. Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar. Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.

SON DƏQİQƏ! İrana BÖYÜK ŞOK: Nüvə sualtı qayığı bölgədə

Ohayo sinifli sualtı qayığı Şərqi Aralıq dənizi, Qırmızı dəniz, Fars körfəzi və Oman körfəzinin daxil olduğu məsuliyyət zonasına çatıb. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı açıqlama yayıb. ABŞ müharibə başlayandan bəri bölgəyə USS Gerald Ford və USS Dwight D. Eisenhower adlı iki təyyarədaşıyan gəmi göndərib. “Haaretz” qəzeti yazır ki, ABŞ regional gərginlik şəraitində Yaxın Şərqə nüvə sualtı qayığı yerləşdirib. Ordunun bu yöndə nadir hallarda açıqlamalar verdiyinə diqqət çəkən CNN İnternational isə nüvə sualtı qayığının bölgəyə çatması ilə bağlı rəsmi açıqlamanı “İran və onun bölgədəki müttəfiqlərinə qarşı açıq-aşkar çəkindirmə mesajı” olaraq şərh edib.

Şuşada ağır qəza: şirkət əməkdaşları yanaraq öldü

Şuşada 5 nəfərin ölümü ilə nəticələnən qəza baş verib. Sozcu.az xəbər verir ki, hadisə rayonun Daşaltı kəndində qeydə alınıb. Sürücü Elvin Abbasov idarə etdiyi "Nissan Navara" markalı avtomobil ilə hərəkətdə olan zaman idarə etməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb və avtomobildə yanğın baş verib. Nəticədə avtomobildə olan sərnişinlər Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər. Sürücü isə ağır yanıq xəsarətləri ilə Füzuli rayon mərkəzi xəstəxanasına yerləşdirilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, baṣ vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Şuşa Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Hazırda istintaq davam etdirilir. Qeyd edək ki qəzaya düşənlər işğaldan azad edilən ərazidə fəaliyyət göstərən yol tikinti şirkətlərinin birinin əməkdaşlarıdır.

Ağsu dolaylarında maşın aşdı: ata və oğlu öldü

Ağsu dolaylarında maşın yoldan çıxaraq aşıb, iki nəfər ölüb, bir nəfər xəsarət alıb. Sozcu.az xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, Ağsudan Bakı istiqamətində hərəkətdə olan minik avtomobili yoldan çıxaraq dərəyə yuvarlanıb. Yol qəzası nəticəsində avtomobildə sərnişin qismində olan rayonun Cəlayir kəndinin iki sakini hadisə yerində ölüb. Qəzada həyatını itirən şəxslərin ata və oğul olduğu bildirilir. Hadisənin hansı şəraitdə və necə baş verməsi aparılan araşdırmalardan sonra bəlli olacaq.

Qəzzaya görə hamımız günahkarıq - Obama

Fələstin-İsrail münaqişəsinə hər kəs bu və ya digər dərəcədə şərikdir. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti Barak Obama “Pod Save America” nəşrinə müsahibəsində deyib. “HƏMAS-ın etdikləri dəhşətli idi və bunun üçün heç bir bəhanə yoxdur. İşğalın və fələstinlilərin başına gələnlərin dözülməz olduğu da doğrudur”, - deyə Obama bildirib. O, mülki şəxslərin fələstinli yaraqlıların hücumu ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb. Sabiq prezident əlavə edib ki, Yaxın Şərqdəki münaqişənin həlli üçün bütün həqiqət tanınmalıdır: “Heç kimin əli təmiz deyil, hamımız bu və ya digər şəkildə şərikik”.

Türkiyə ordusu şəhid verdi

Türkiyə ordusunun hərbi qulluqçusu şəhid olub. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, “Zeytun budağı” əməliyyatı bölgəsində baş verən hadisə zamanı yaralanan hərbçinin həyatını xilas etmək mümkün olmayıb. Onun silahla davranış qaydalarını pozduğuna görə həlak olduğu bildirilir.

“Sülhməramlı”lar indi də Qarabağda montyorluq edir...-"Buna deyərlər araba ilə dovşan tutan..."

“Bu yerdə Rəhmətlik Əbdürrəhim Haqverdiyevin “Marallarım” silsiləsindən “Mütrüb dəftəri” hekayəsində Qasım əminin dilindən yazdığı məşhur cümlə yadıma düşdü:“Buna araba ilə dovşan tutan rus deyərlər...” Bir neçə gündən sonra Xankəndində 3 “yaş”ını “təntənə” ilə qeyd edəcəyimiz  Rusiyanın “sülhməramlı” kontingenti Azərbaycan ordusunun 23 saatlıq məşhur lokal əməliyyatından sonra bir müddət özlərinin həmin 3 il ərzində erməni separatçı-terrorçularına verdikləri silah-sursat və texnikanı anbarlara toplayıb bir aya yaxın onlara mühafizlik etdikdən sonra onlardan da özlərinin texnika və silahlarının gözünə qatıb təmir adıyla harasa yolladılar.  Moderator.az-ın Rusiya Müdafiə Nazirliyinin rəsmi saytına istinadla apardığı son araşdırmadan bəlli olub ki, bu günlərdə arada bir yol polisi funksiyasını yerinə yetirmiş möhtərəm “sülhməramlı”lar artıq bir həftəyə yaxındır ki, “Azərenerji” və “Azərişıq” əməkdaşları ilə birgə keçmiş Dağlıq Qarabağ ərazisində elektrik enerjisi xətlərinin bərpası və ya yenidən çəkilməsi ilə məşğuldurlar. Başqa sözlə, keçmiş sovet(!) xalqının(!) dili ilə desək, “montyorluq” edirlər... P.S. Bu yerdə rəhmətlik Əbdürrəhim Haqverdiyevin “Marallarım” silsiləsindən “Mütrüb dəftəri” hekayəsində Qasım əminin dilindən yazdığı məşhur cümlə yadıma düşdü: “Buna araba ilə dovşan tutan rus deyərlər...” Sultan Laçın

Bakıda DƏHŞƏT: Ana azyaşlı qızı ilə birgə özünü binadan atdı - YENİLƏNİB - FOTO

Bakıda intihar edən ana və qızının kimliyi müəyyən olunub. Hadisə zamanı ölən ana 39 yaşlı Tarverdiyeva Pərvanə Bilal qızıdır. Müxtəlif dərəcəli bədən xəsarətləri alaraq sağ qalan isə onun qızı 15 yaşlı Z.Tarverdiyeva Zamin qızıdır. İntiharın hansı səbəbdən baş verməsi hələlik bilinmir. (Oxu.az) *** Bakıda dəhşətli intihar hadisəsi baş verib. Hadisə bu gün paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsində qeydə alınıb. Ana azyaşlı qızı ilə birgə özünü 9-cu mərtəbədən atıb. Nəticədə ana ölüb, qız isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisənin motivi məlum deyil. Faktla bağlı araşdırma aparılır. (lent.az)

Qarabağ meşələrindən tapılan erməni əsgərdən ŞOK AÇIQLAMA - FOTO

Qarabağdakı qondarma “ordu”da xidmət keçən və çox güman ki, sentyabr tədbirləri zamanı fərarilik edən erməni əsgər Rafael Akopyan bir ay sonra tapılıb. Sozcu.az bu barədə erməni mediasına istinadən bildirir. İddiaya görə, o, meşələrdə gizlənib, sonra Beynəlxalq Qırmızı Xaç Komitəsinin köməyi ilə Ermənistana aparılıb. 20 yaşlı əsgər Kotayk rayonunun Büreqavan kəndinə köçmüş ailəsinə qovuşub. Valideynlər yeganə oğullarının xilas edilməsini möcüzə adlandırırlar. Akopyan deyib ki, bu müddətdə yabanı giləmeyvə yeyirmiş, bəzən yemək üçün yaxınlıqdakı kəndlərə enirmiş və bütün bu müddət ərzində müharibənin bitdiyindən, Qarabağın boş olduğundan xəbərsiz imiş.Musavat.com

Qəzzada ölənlərin sayı 10 minə çatır

İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində ölən fələstinlilərin sayı 9,7 mini keçib. Sozcu.az xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, ölənlərin sayı 9 770 nəfərə çatıb, 24 808 nəfər isə yaralanıb. Ölənlərin 4800-ü uşaqdır.

Kəlbəcər yolunda ağır qəza: ölü və yaralılar var

Gəncə-Toğanalı-Kəlbəcər yolunda avtomobil qəzası olub, ölən və xəsarət alanlar var. Sozcu.az Report-a istinadla xəbər verir ki, UAZ markalı avtomobilin aşması nəticəsində 1 nəfər dünyasını dəyişib, daha 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Livandan İsrailə zərbə: yaralanan var

Livandan İsrailə endirilən raket zərbəsi nəticəsində sərhəd zonası Yiftah kibbutzda bir nəfər xəsarət alıb. Sozcu.az xəbər verir ki, bu barədə “Haaretz” məlumat yayıb. Qeyd edək ki, 7 oktyabr tarixindən, HƏMAS-İsrail münaqişəsinin kəskinləşməsindən bəri Livanın Hizbullah hərəkatı İsrailə mütəmadi zərbələr endirir.

Nağı bəy Şeyxzamanlının Qaçaq Dəli Alı ilə bağlı xatirələri(üçüncü hissə)

Qaçaq Dəli Alı Müəllif: Nağı Şeyxzamanlı (Keykurun) Dəli Alı ilə kənddə 3 gün qaldıq və 4-cü gün bir süvari gəldi. Dəli Alını kənara çəkib nəsə danışdılar. Dəli Alı mənim əlimi sıxıb: “Bacıoğlu, bir iş çıxdı, biz gedirik, Allaha əmanət ol, ev sahibinin oğlu yenə səni toy yerinə götürəcək”, dedi. Mən dəliqanlıya “bizdə gedək”, dedim. Dəliqanlı sabah tezdən hərəkət edərik dedi. Kəndi gəzirdik, nəzər-diqqətimi bir şey çəkdi, kənddə çox yaşlı adamlara rast gəlirdim. Hamısı dinc, yerişləri-duruşları yaşlı olduqlarını göstərirdi. Dəliqanlıya “bu kənddə ən yaşlı adam kimdir? Məni onun yanına apar”, dedim. Dəliqanlı mənə kənddə 100 yaşını çoxdan keçmiş bir yaşlı olduğunu söylədi. Birlikdə yaşlı adamın yanına getdik, o, yatağında oturmuşdu, gəzə bilmirdi. Salam verdik və “siz kimsiniz?”, dedi. Mən şəhərdən olduğumu dedim. “Gəncə şəhərində bir bildiyiniz varmı?”, deyə soruşdum. Hamısını unutduğunu dedi. Mən “Gəncədə Göy imam türbəsi var, ziyarət etdinizmi?”, deyə soruşdum. “Getmişəm bəli. Bir dəfə Kərbəlayada getdim, xalqımızda adətdir. Kərbəlaya gedənlər ilk öncə Göy İmama gedərlər. Mən bir neçə dəfə şəhərə getdim, həmişə ziyarət üçün gedərdim”, dedi. Mən yaşlı adama “mənim babalarım imam türbəsinin türbədarlarıdır. Bu gündə elədir. Mən şeyxlərdənəm, onlardan tanıdığın varmı?”, deyə soruşunca, – “Şeyx Əhmədi tanıyıram”, dedi. Sonra atamdan ailəmizdən Şeyx Əhmədin kim olduğunu soruşdum, mənə “Şeyx Hüseyin əminin babasıdır”, dedi. Atam məndən “nə üçün soruşursan?, deyə soruşdu. Dedim “Şeyx Əhməd babanın dostunu tapdım Qoşqar dağının ətəyində bir kənddə. Mən yaşlı adama Cavad xandan nə bilirsiniz, deyə soruşarkən, o, nə bilim, o, bizim kimi əyilib çeşmədən su içməzmiş, adamları ona qızıl qabda su verərmişlər, birdə Cavad xan hamilə qadınlarla heç yatmazmış, çox varlı imiş, istədiyi qədər qadın almışmış”. Sonra “baba”, dedim, “1804-cü ildə ruslar bura gəldiyində siz neçə yaşında idiniz?” “Yaşımı bilmirəm, o vaxtı çoban idim, qoyun otarırdım”, dedi. “Ruslar haqqında bildiklərinizi öyrənmək istəyirəm”, dedim. Yaşlı adam dərindən içini çəkdi: “Ruslar Gəncəni işğal etdikdə Gəncə əhalisindən bir çox adamlar dağlara sığındı, bir neçəsi də bizim kəndə gəldi”. Rusların başımıza gətirdiklərini danışdıqca qurtarmırdı, çox müsibət çəkmişdilər. Həm danışır, həmdə ağlayırdı, bizi də ağladırdı. Ruslar şəhərdəki kişiləri, qadınları, qızları qırmışlar. Böyük Şah Abbas məscidində əlsiz, ayaqsız, xəstə, yaşlı kim var imiş – hamısını rus komandanının əmri ilə bir neçə saat içərisində şəhid etmişdilər. Yaşlı adam: “Ah, oğlum, aradan çox zaman keçdi, buraya qaçıb gələnlər də, onlara qulaq asanlar da hamısı rəhmətə getmişlər, tək mən qalmışam. Mən də olmasaydım sən haradan öyrənəcəkdin? Aradan bir neçə il keçmişdi, Gəncədən yaşlı adamlardan bir heyət gəldi, qaçanları inandırdı ki, artıq ruslar heç kimə zülm etmir, bizləri rus hökuməti göndərdi, dedilər və qaçanları aparıb getdilər. Sonra nə oldu, bilmirəm”. Yaşlı adam verdiyim suallara sevinclə cavab verirdi. “Gəncliyinizdən danışın”, dedim. Yaşlı adam coşdu: “Ey oğlum, siz nə görmüşünüz murdar rusdan başqa, mən Kərbəlaya getdim, Osmanlıların paşalarını, valilərini, əsgərlərini gördüm, ruslar onların yanında bir heçdir. Əsgərlərinin tüfəngləri aynalı, o tüfəngdən bir neçə qaçaqda gördüm”. Onun gözləri sevinc içərisində idi. Mənə bir stəkan süd verdi, dedi ki, yenə gəl. Dəli Alının insani xüsusiyyətlərindən biri iki kənd və ya ailə arasında qan düşmənçiliyi çıxaranların başçılarını bir yerə yığar və onların arasında sülh yaradar, bir kənddən bir qızı digər kənddən bir oğlan ilə söz kəsib, nişanlayardı. İki ailə eyni qaydada qız alıb-verməklə qan düşmənçiliyinə son qoyardı. Dəli Alının böyük qəhrəmanlıqlarından biri 1905-ci ildə Türk-erməni qarşıdurması zamanı Gəncəyə girib erməniləri yola gətirməsi idi. Təfsilatını “Difai” firqəsi ilə bağlı məqaləmdə vermişəm. 1904-cü ildən sonra hər yaz Dəli Alıya qonaq gedərdim. Məni tanıyanlar adımı “Yazdan yaza qaçaq” qoydular. Qaçaq Dəli Alının iki min adam ilə Gəncə şəhərinə girişi, rus idarəsini heçə sayması, üç gün öz qüvvələri ilə şəhərdə qalması rusları düşündürürdü. O sırada dünya mətbuatı müharibələrdən bəhs edirdi. Rus hökuməti müharibəyə girər və müharibə dünya müharibəsi halını alıb, uzun müddət davam edər və Qafqaz qaynayarsa, Dəli Alılar bizə nələr etməz qorxusu yerli rus idarəsinin yuxusunu qaçırdırdı. 1910-cu il. Peterburqda çar Nikolay və ətrafı Qafqaz və Dəli Alını müzakirə edirr, Dəli Alının bağışlanması qərarını verirlər. Çar ailəsindən köhnə Qafqaz canişini Knyaz Qolitsın Gəncəyə göndərilir. Vəzifəsi Dəli Alı ilə görüşmək və onun əfvini təmin etmək idi. Sonradan anlayırıq ki, Qafqazda rus agentləri Dəli Alı və qaçaqlar haqqında mütəmadi olaraq raportlar verirmişlər. Knyaz Qolitsın Gəncəyə gəlir. Nə üçün gəldiyini heç kim bilmir, mən onu Gəncə şəhər klubunda gördüm. Hər kəsin gözü onda idi: 55 yaşlarında, uzun boylu, zarafatcıl. Qafqazda ona dəli Knyaz deyirdilər. Ertəsi gün Gəncənin öndə olanları gəlişin səbəbini öyrənirlər. Məqsədi Dəli Alı ilə görüşmək imiş. Öndə olanlardan bir neçə adam vilayətə dəvət edilirlər. Toplantıda görüş üçün ən münasib yer Gəncədən 30 km məsafədə “Hamam çayı” deyilən yer seçilir. Bir gün sonra knyaz, vali, yerli nümayəndə faytonla görüş yerinə gedirlər. Yerli nümayəndə türk olduğundan tərcüməçiyə ehtiyac olmur. Knyaz Qolitsın, vali Kovalyov, yerli nümayəndə Mikayıl bəy, Hara müdiri baytar Çünkovski tərəfindən qarşılanırlar. Bir saat sonra Dəli Alı öz adamları ilə Haraya girirlər, yanındakılar ətrafa dağılırlar, Dəli Alı atından enir, knyazın oturduğu masaya yanaşır. Mikayıl bəy Dəli Alını knyaza təqdim edir. Knyaz qalxır, Dəli Alının əlini sıxır. Knyaz Alının əlini heç buraxmır. Deyir ki, ikimizdə boyumuz eyni, kilomuzda eyni, gəl güləşək. Dəli Alı knyaza demiş ki, sizinlə heç güləşmək istəmərəm, zira siz yüksək imperator ailəsinə mənsub bir knyazsınız. Siz Peterburqdan məni görmək üçün və tanımaq üçün buraya gəlmisiniz. Siz mənim qonağım sayılırsınız. Bura mənim ana vətənimdir. Hər nə qədər vücud idmanı etməmişəmsə, ancaq qol və barmaq idmanlarım tamdır. Mən sizə güləşdə məğlub olmaram, yüzdə-yüz sizi məğlub edərəm. Ancaq istəmərəm, adətimiz-ənənəmiz yalnız əziz qonağımızı məmnun etmək, onunla xoş vaxt keçirməkdir. Knyaz Alının əlini buraxarkən: “Həqiqətən eşitdiyim kimi varsınız”. Otururlar. Knyaz gözlərini Alıdan ayırmır və danışmağa başlayırlar. Knyaz: “Qaçaqlıq həyatınızdan məmnunsunuzmu?” Dəli Alı: “Bilmirəm sizə necə cavab verim, həm məmnunam, həmdə yox. Həyatım qorxu və zorluq içərisindədir. Quşun qorxusu ovçudandı, bizimki isə sağını-solunu istila qorxusu içərisində yaşadan, dünyaya meydan oxuyan Rusiya imperiyası idarəsindədir”. Knyaz: “Bu qorxunc həyat sizdə bezginlik yaratmırmı? 14 il qədər uzun bir qaçaqlıq həyatı zamanı əfv ediləcəyinizi heç düşündünüzmü?” Dəli Alı: “Bağışlanacağıma ümidim yox idi, ancaq bir neçə dəfə vasitə taparaq hökumətə söylətdim, məni təqib etməsinlər, rus idarəsinə məndən nə pislik ola bilər? Hər işim yolunda, heç bir ehtiyacım yox, mən yalnız həyatımı qoruyuram, idarə dalımca düşür, mən uzaqlaşmaq istəyirəm onlar yaxamı buraxmaq istəmirlər”. Knyaz: “Nə üçün sizə dəli deyirlər, çox ağıllı danışırsınız”. Dəli Alı: “Hər halda ağla sığmayacaq, hövsələnin almayacağı, qeyri-məhdud gücə malik qüvvəyə qarşı çıxıb onları məğlub etməyimi ağla sığışdırmadıqları üçün demiş olarlar. Halbuki mən hərəkətlərimdə heç bir zaman pislik etmədim, Allah bilir, vicdanıma danışıb, Allahı düşünüb elə davranmışam. Öldürdüyüm də Allah bilir, çox yazığım gəlib, amma nə edək, dinimiz elə əmr edir: Səni öldürmək istəyəni, öldür, günahı yoxdur. Mən qaçaqlıq dövrümdə yalnız bir jandarma vurdum, oda necə oldu? Daima olduğu kimi jandarma alayı ilə qarşılaşdıq, biz qarşılaşma yerindən uzaqlaşdıq, birdə baxdıq ki, bir jandarma nəfəri var qüvvəsi ilə arxamızca gəlir, nə üçün gəldiyini anlamırdıq, bizə çox yaxınlaşmışdı, birdə gördük ki, atından endi və bizə tərəf beş əl silah atdı. Bir dostumuz yaralandı, çox əsəbləşdim, çünki, jandarma bizə doğru gələrkən qaçaqlar vuraq demişdilər, mən qoymadım. Baxdım ki, tüfəngini yenidən doldurur, nişan aldım, iki qaşının arasından gülləni yerləşdirdim, həmin an heç tərpənmədən yerində qaldı. Biz yolumuza davam edirdik qarşımıza bir kənd nümayəndəsi ilə jandarma nəfəri çıxdı, mən onları dayandırdım. Cəfər bəyi çağırıb yerli nümayəndəyə belə bir məktub yazdırdım: “Ey ağılsız rus idarəçiləri, bizim ilə tez-tez qarşılaşaraq yoxlama aparırsınız, bizdən tək bir nəfər vurduğunuz yoxdur, daim siz itki verirsiniz, buraxın bu təqibi. Vurulanlar yazıqdır. Bizlər tərəfindən vurulanları həmişə mənim adıma yazırsınız, bu gündən sonra iki qaşı arasında vurulanı və öləni mənim adıma yazarsınız”. Sonra duydum ki, o gün vurduğum jandarma baş çavuş Konavalov imiş. Vali və alay komandanı bizdən bir qaçaq vura bilsə rütbəsini artıracaqlarmış”.  Knyaz: “Bunları belə qəbul edək. Ancaq bir gün siz atışmada 7 kazak öldürmüsünüz və cəsədlərini də bir-birinə bağlayaraq Kür çayına atmısınız. O kazakların dəfn mərasiminə mane olduğunuz kimi, onların ailələrinin məzarı ziyarət etməsinə də imkan verməmisiniz. Bu mədəni bir hərəkət sayılmaz”. Dəli Alı: (knyazı diqqətlə dinlədikdən sonra) “İnanın 7 nəfər kazakla təsadüfi olaraq Kür çayının sahilində qarşılaşdıq, biz onları görən kimi sağa dönərək onlardan uzaqlaşmağa çalışdıq, onlar isə bizə həm atəş açır, həmdə arxamızca gəlirdilər. Bunlar orduya məxsus kazaklar idi, bizi izləməyə təlimatlandırılmışdı. Onlar bizə atəş açır, biz isə sürətlə onlardan uzaqlaşmağa çalışırdıq. Bu əsnada bir dostumuz vuruldu. Artıq iş işdən keçmişdi, günahları öz boyunlarına deyərək nişan aldıq, hamısını öldürdük, yanlarına yaxınlaşanda hamısı cansız idi. Silahlarını yığdıq, uzaqlaşmaq istəyərkən düşündüm: Bunlar jandarma deyil, kazaklardı. Bu atışma Samux kəndinin yanı başında Kür çayının kənarında baş verdi, ani belə bir qərar verdim: Əgər bu cəsədləri burada qoyub getsəm rus əsgərləri dostlarının cəsədlərini buradan apararkən kəndi atəşə tutacaqlar. Bunu önləmək üçün cəsədləri Kürə atdırdım, başqa bir səbəb yoxdur. Əmin olun ki, biz Kür çayını borum ilə keçirdik, əgər bilsəydik, çayın o biri tərəfindən kazaklar var keçməzdik, onlara görünməzdik. Nəticədə də bu atışma olmazdı”. Knyaz: “Dəli Alı, mən sizi çox sevdim. Söz verirəm Peterburqa dönən kimi çar ilə görüşüb sizin əfv edilmənizi rica edəcəm”. Dəli Alı təşəkkür edir və ayrılırlar. Knyaz Peterburqa, Dəli Alı və dostları dağlara üz tutur. Aradan bir həftə keçir. Gəncə valisi imperatordan Dəli Alının əfv teleqramını alır. Eyni zamanda rus teleqraf agentliyi xəbəri bildirir və qəzetlərdə nəşr edilir. Gəncə əhalisindən 20 fayton Dəli Alının kəndinə üz tuturlar. Kəndə gedənlər arasında mən yox idim. Tiflisdən Köçərli adında bir artist gəlmişdi, onunla birlikdə “Qaçaq Kərəm” pyesini hazırlayırdıq və səhnəyə qoyacaqdıq. O gün çox məşğul idim, Dəli Alı ilə görüşə bilmədim. Ertəsi gün Dəli Alı ilə görüşdüm, onu teatra dəvət etdim. Qaçaq Kərəmin rolunda Köçərli oynayırdı, mən isə Kərəmin dostu Ömərin rolunda idim. Pərdə qalxır, pyes başlayır. Dəli Alı ön sırada əyləşmişdi. Pyes bitir. Hamımız salondayıq. Dəli Alı kresloda, bir neçə dostlarda ayaq üstə. Dəli Alıdan pyesin xoşuna gəlib-gəlməməyini soruşuruq. Dəli Alı məmnun qalmadığını söyləyir və bu pyesi yazan və təmsil edənlər heçmi düşünmədilər pyesin adını “Qaçaq Kərəm” qoydular, buna nə ehtiyac var idi? Qaçaq Kərəmi siz şəhərlilərdən bizim kəndlilər daha yaxşı bilirlər, ağızdan-ağıza Kərəmin dastanlarını, etdiyi qəhrəmanlıqları söyləyə-söyləyə bitirə bilmirlər. “Azərbaycan Türk Kültür Dərgisi”, 1962, 121-122-123-cü saylar, səh. 21-25 Təqdim etdi: Ceyhun Nəbi

13 illik Kılıçdaroğlu dövrünə son qoyan əczaçı - Yeni liderin DOSYESİ

Türkiyənin ana müxalifəti hesab edilən Cümhuriyyət Xalq Partiyasının (CHP) dünən başlayan qurultayında yeni sədr seçilib. 13 ildir partiyaya sədrlik edən Kemal Kılıçdaroğlunu CHP-nin parlament fraksiyasının rəhbəri Özgür Özel əvəzləyəcək. Özel CHP-nin 38-ci qurultayının ilk turunda 682, ikinci turunda isə 812 səs toplayaraq mərkəz-solçu partiyanın başqanı seçilib. 49 yaşlı siyasətçi vəzifəyə seçildikdən sonra etdiyi çıxışında 2024-cü il martın 31-də keçiriləcək yerli seçkilərdə böyük uğur qazanacaqlarını vəd edib. CHP-nin yeni lideri 21 sentyabr 1974-cü ildə Manisada anadan olub. İbtidai və orta təhsilini İzmirdə başa vurub, 1997-ci ildə Ege Universitetinin Əczaçılıq fakültəsini bitirib. Siyasətlə məşğul olana qədər əczaçı işləyən Özel 2009-cu ildə yerli seçkilərdə CHP-dən Manisa merliyinə namizədi olsa da, seçkini qazana bilməyib. 2010-cu ildə Kamal Kılıçdaroğlunun CHP başqanı seçilməsindən bir il sonra keçirilən parlament seçkilərində Manisa millət vəkili olaraq Türkiyə Böyük Millət Məclisinə daxil olub. Bu prosesdə o, CHP-nin tərkibində yaradılan Həbsxana İstintaq Komissiyasında iştirak edib. Çalışqanlığı və təsirli çıxışları ilə məşhur olan Özel 24 iyun 2015-ci ildə CHP-nin fraksiya sədrinin müavini seçilib. Bu il mayın 14-də keçirilən seçkilərə qədər bu vəzifəsini davam etdirib və seçkilərdən sonra fraksiyaya rəhbərlik edib. Özgür Özel 2019-cu ildə parlamentdə milli müdafiə naziri Hulusi Akarla mübahisə zamanı söylədiyi fikirlərə görə məhkəməyə verilib. Hulusi Akar məhkəmədə 15 min lirə təzminat qazansa da, apellyasiya məhkəməsi qərarı ləğv edib. 14 və 28 may seçkilərindən sonra Özel İstanbul meri Əkrəm İmamoğlunun təşəbbüsü ilə CHP partiyasının “dəyişiklik istəyənlər” qanadında yer alıb. Özelin sədrliyə namizədliyi bu müddətdə ilk dəfə gündəmə gəlib.  İmamoğlu yenidən İstanbul merliyinə namizəd olmaq istədiyini açıqladıqdan sonra Özel sədrliyə namizəd olmaq qərarına gəlib. İmamoğlu və komandası Özelə dəstək olduqlarını açıqlayıb. O, sədrliyə namizədliyini sentyabrın 15-də açıqlayıb və dünən keçirilən qurultayda sədr seçilib. Özəl evlidir və bir övladı var, alman və ingilis dillərini yaxşı bilir.

Onu tapıb məhv edəcəyik - Qallant

İsrail Müdafiə Qüvvələri Fələstinin HƏMAS hərəkatının Qəzza üzrə rəhbəri Yəhya Sinvarı tapıb məhv edəcək. Sozcu.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant deyib. "Biz Sinvara çatacağıq və onu məhv edəcəyik. Müharibədən sonra Qəzzada artıq HƏMAS olmayacaq və Qəzza zolağından İsrailin təhlükəsizliyinə heç bir təhdid qalmayacaq", - nazir bildirib.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 620-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 305 090 hərbçi, 5284 ədəd tank, 9953 ədəd zirehli döyüş maşını, 7375 ədəd artilleriya sistemi, 867 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 570 hava hücumundan müdafiə sistemi, 322 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 9730 ədəd avtomobil texnikası, 5534 ədəd PUA, 1554 qanadlı raket, 20 gəmi/kater, 1 sualtı qayıq, 1047 xüsusi avadanlıq itirib.

Ukrayna ordusu Rusiyanın ən müasir gəmilərindən birini batırdı

Ukrayna ordusu Rusiyanın Qara dəniz donanmasının “Kalibr” qanadlı raketlərinin daşıyıcısı olan ən müasir gəmilərindən birini batırıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşuk məlumat yayıb. Onun sözlərinə görə, ukraynalı hərbçilər Kerçdəki “Zaliv” gəmiqayırma zavoduna zərbələr endirib. Zərbə nəticəsində gəmi batırılıb. Qeyd edək ki, Krım rəhbəri Sergey Aksyonov noyabrın 4-də Ukrayna Silahlı Qüvvələrinin Kerç şəhərində gəmiqayırma zavodunu 15 qanadlı raketlə vurması barədə məlumat vermişdi. Aksyonov zərbələr nəticəsində zavodda yerləşən gəminin zədləndiyini bildirmişdi.

Kılıçdaroğlu uduzdu, CHP-nin yeni sədrindən yazdı

Kamal Kılıçdaroğlu CHP-nin 38-ci növbədənkənar qurultayında sədr seçilən Özgür Özəli təbrik edib. Sozcu.az xəbər verir ki, bununla bağlı Kılıçdaroğlu X sosial şəbəkə hesabında paylaşıb. “Ulu Öndərimiz Atatürkün etibarını bu günə qədər şərəflə daşımışam. Bu gün qurultay nümayəndələrimizin verdiyi qərarla sədrlik postunu təhvil verirəm. Bu günə qədər mübarizəmizə dəstək olan hər kəsə təşəkkür edirəm. Yeni sədrimiz Özgür Özəl, sizi təbrik edir, uğurlar arzulayıram”, - Kılıçdaroğlu bildirib.

CHP-də sədr seçkisi ikinci tura qaldı - Təcili

Türkiyənin ana müxalifəti sayılan Cumhuriyyət Xalq Partiyasında (CHP) yeni sədr seçilə bilməyib. Sozcu.az xəbər verir ki, iki namizəddən birinin lazımı səs toplamadığından seçkilərin ikinci turu az sonra baş tutacaq. Partiyanın hazırki sədri Kamal Kılıçdaroğlu 664 səs, Özgür Özel isə 682 səs toplayıb. Türkiyənin ana müxalifət sayılan Cumhuriyyət Xalq Partiyasının (CHP)38-ci Qurultayında yeni sədr seçilməyib.

Separatçılar üç il ərzində mina basdırmağa davam edib

Separatçı rejim Ermənistanın dəstəyi ilə üç il ərzində neçə yüz metr ərazidə yenə minalar basdırıb. Sozcu.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla birgə keçirdiyi mətbuat konfransında deyib. "Separatçı rejim üç il ərzində təmas xətti fikri ilə yüzminlərlə əlavə mina basdırıb. Burada üç il ərzində 960km ərazi yenidən minalanıb. Bu böyük rəqəmdir. Amma təəssüflər olsun ki, Ermənistan tərəfinə beynəlxalq ictimaiyyətdən bununla bağlı bir dəfə də olsun müraciət olunmayıb", - nazir vurğulayıb.

Hüquq müdafiəçiləri Berbokla görüşüb

Vəkillər - Zibeydə Sadıqova, Elçin Sadıqov və hüquq müsafiəçisi Rüfət Səfərov Bakıda səfərdə olan Almaniyanın xarici işlər naziri Annalena Berbokla görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Rüfət Səfərov məlumat yayıb. “Görüşdə Azərbaycanda insan hüquqlarının mövcud vəziyyəti, repressiv mühit, siyasi yüklü inzibati və cinayət təqibləri, medianın, vətəndaş cəmiyyətinin, hüquq müdafiə təşkilatlarının durumu, xüsusilə, Almaniyadan deportasiya edilən, sonradan saxta ittihamlar üzrə həbs olunan, bəzi hallarda işgəncəyə məruz qalan fəalların işləri, eləcə də Azərbaycan-Ermənistan münasibətləri, işğal altında olmuş ərazilərdə aparılan antiterror əməliyyatları, minalanmış ərazilərin xəritələrinin təhvil verilməməsi, hərbçilərin və mülki şəxslərin mina qurbanı olması və s. mövzular müzakirə obyekti oldu”, - R. Səfərov qeyd edib. Hüquq müdafiəçisi həmçinin bildirib ki, görüşdə Almaniyanın Azərbaycandakı səfiri Dr. Ralf Horlemann və xarici işlər naziri Annalena Berboku müşayiət edən alman mediasının təmsilçiləri də iştirak edib.

“Azərsu” yarım milyon manat verib məsləhət alacaq

“Azərsu” ASC-nin keçirdiyi tender müsabiqəsinin qalibi “BM Morrison Partners” MMC olub. Sozcu.az xəbər verir ki, “Azərsu” qalib şirkətə dəniz suyunun duzsuzlaşdırılması ilə əlaqədar məsləhətçi şirkətin cəlb olunması predmeti üzrə hüquq məsləhəti xidmətlərinin satın alınmasına görə 529 min 400 manat ödəyəcək. Nizamnamə kapitalı 10 min manat olan “BM Morrison Partners” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz ev 43-də yerləşir. Şirkətin qanuni təmsilçisi Mirzəyev Fərhad Sabir oğludur.yeniavaz)

Qəzza və Qarabağdakı münaqişəni qarışdırmamağı tövsiyyə edirik - Berbok

Qarabağ Azərbaycanın ərazisidir və Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Sozcu.az xəbər verir ki, bunu Almaniya XİN rəhbəri Annalena Berbok Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında deyib. “Qəzza və Qarabağ münaqişəsini qarışdırmamağı tövsiyyə edirik. İsrailin borcudur ki, əhalisini terrordan qorusun. Mən İsraildə olanda bunun şahidi olmuşam, səfər zamanı səfirliyin bunkerində qaldım" - nazir bildirib.