Bu gün Avropa İttifaqına (Aİ) üzv ölkələrin dövlət və hökumət başçıları Brüsseldə xüsusi zirvə toplantısında bir araya gələcək.
Sozcu.az xəbər verir ki, iclasın əsas müzakirə mövzularından biri Avropanın müdafiə siyasəti, digəri isə Ukraynaya dəstək məsələsidir.
Aİ uzun müddətdir müdafiə sahəsində daha müstəqil və güclü olmağı hədəfləyir. Lakin indiyədək bu istiqamətdə ciddi addımlar atılmayıb.
Zirvə çərçivəsində Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen tərəfindən təqdim edilən 800 milyard avroluq "Avropanı Yenidən Silahlandırma" paketi geniş müzakirə olunacaq.
Bu paketin bir hissəsi olaraq 150 milyard avro məbləğində ortaq borclanma təklif edilir. Məqsəd hava və raket hücumlarından müdafiə, artilleriya sistemləri, raketlər, sursat və pilotsuz uçuş aparatlarına qarşı müdafiə sistemlərinin maliyyə yükünü azaltmaq və üzv ölkələr arasında koordinasiyanı artırmaqdır.
AO 2022-ci ildən bəri Ukraynaya ABŞ-la birlikdə hərbi və iqtisadi dəstək verirdi. Lakin ABŞ-ın bu siyasəti dəyişdirməsi, hərbi yardım və kəşfiyyat məlumatlarının paylaşımını dayandırması Avropa liderlərini çətin vəziyyətə salıb.
Brüsseldəki toplantıda liderlər yeni reallıqları dəyərləndirəcək və Ukraynaya uzunmüddətli hərbi və siyasi dəstək vermək üçün strategiyalar müəyyən edəcəklər. Eyni zamanda, müharibənin gələcək ssenariləri də müzakirə olunacaq:
- Sülh danışıqlarının mümkünlüyü
- Danışıqlar başlasa, atəşkəsin əldə olunma ehtimalı
- Atəşkəsdən sonra Avropanın rolu və mümkün təhlükəsizlik zəmanətləri
- Potensial sülh sazişindən sonra yaranacaq geosiyasi vəziyyət
Bu məsələlər hələ tam aydın olmasa da, mövcud şərait onların müzakirəsini qaçılmaz edir.
Aİ Ukrayna və müdafiə məsələləri ilə bağlı yeni yanaşma çərçivəsində Türkiyə ilə münasibətlərində də fərqli mövqe sərgiləyir.
Zirvə sonrası Aİ Şurasının Prezidenti Antonio Costa, Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen və Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaja Kallas Türkiyə, Böyük Britaniya, İslandiya və Norveçi videokonfrans vasitəsilə məlumatlandıracaq. Həmçinin, bu ölkələrin mövqeyi də dinləniləcək.