Azərbaycanlılar təzyiq altındadır - AP nümayəndələri

Avropa Parlamentinin nümayəndələri bu qurumun xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellə məktub ünvanlayıb. Sozcu.az xəbər verir ki, məktubu AP-nin 9 nümayəndəsi imzalayıb. Məktub müəllifləri İranda 30 milyon azərbaycanlının yaşadığını, İran hakimiyyətinin onlara qarşı assimilyasiya siyasəti yürüdərək farslaşdırmağa çalışdığını qeyd edib. Nümayəndələr azərbaycanlıların milli və mədəni kimliklərinin məhv edilməsinin qarşısının alınmasına çağırıblar. Müxtəlif ölkələrdən olan AP nümayəndələri İranda yaşayan azərbaycanlıların ölkənin siyasi həyatında iştiraklarının məhdudlaşdırıldığını da yazıblar. Nümayəndələr, həmçinin, azərbaycanlıların ətraf mühit məsələlərində ayrı-seçkiliyə məruz qaldıqlarını vurğulayıblar.

Sabah Qəzzada savaş dayanacaq

Qəzza zolağında atəşkəs noyabrın 23-də yerli vaxtla saat 10:00-da qüvvəyə minəcək. Sozcu.az xəbər verir ki, bu barədə HƏMAS Siyasi Bürosunun üzvü Əbu Marzuk deyib.

“Dolanmaqda çətinlik çəkirdim” – “Bravo”ya hücumda təqsirləndirilən şəxs

Bakıda “Bravo” hipermarketə silahlı insidentlə bağlı təqsirləndirilən Azər Məmmədov, Dəyanət Qüdrətov, İbrahim İbrahimov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Sozcu.az "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs İbrahim İbrahimov dindirilib. O bildirib ki, cinsi azlığın nümayəndəsidir və təqsirləndirilən şəxs mərhum Ruhlan İsmayılovla instaqramda tanış olub: “Valideynlərim cinsi azlıq olduğumu biləndən sonra məndən imtina edərək bir daha evə gəlməməyimi tapşırdı. Bakıya köçdüm. Dolanmaqda çətinlik çəkirdim. Daha sonra özümə otaq yoldaşı axtardığıma görə cinsi azlıqların instaqramdakı səhifəsində elan paylaşdım və orada R. İsmayılov mənə yazaraq birlikdə qalmağa razı olduğunu dedi. 2019-cu ilin sonunda R.İsmayılovla həmin evə köçdük və orada birlikdə yaşamağa başladıq. Evin 200 manat kirayə pulunun 150 manatını Ruhlan, qalan 50 manatını isə mən verirdim. Evin digər xərclərinin də çox hissəsini Ruhlan həll edirdi”. Təqsirləndirilən şəxs bildirib ki, Ruhlan basqında avtomat silahla iştirak edəcəyini, Dəyanətə isə digər tapançanı verəcəyini deyib. Onun sözlərinə görə, Ruhlan digər təqsirləndirilən şəxs Azərlə ondan daha yaxın olub və gün ərzində dəfələrlə danışıblar: “Basqın barədə mənim məlumatım olmayıb. Azər maşınla gələrək Dəyanət və Ruhlanı apardı. Ancaq hara getdiklərini bilmədim. Ruhlan çantasını götürəndə onun içərisində silah olduğunu bilmədim”. Məhkəmənin növbəti iclası dekabrın 6-na təyin edilib. Qeyd edək ki, hadisə bu ilin martında paytaxtın Xətai rayonunda yerləşən hipermarketdəki bankların birinə məxsus bankomata külli miqdarda pul yerləşdirilən zaman qeydə alınıb. Hadisə zamanı bankın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb. Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29, 120.2.7, (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 120.2.1, 120.2.4, 120.2.11, (bir qrup şəxs tərəfindən quldurluqla əlaqədar ümumi təhlükəli üsulla adam öldürmə) 181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələrilə cinayət işi başlanıb. Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qabaqcadan əlbir olan Ruhlan İsmayılov, Dəyanət Qüdrətov, Azər Məmmədov və Səbuhi Qurbanovun bir qrup şəxs halında ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar qəsdən adam öldürmə, adam öldürməyə cəhd, quldurluq və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib saxlama və gəzdirmə cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib. İstintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Dəyanət Qüdrətova ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11 29, 120.2.7 və digər maddələri, Azər Məmmədov və Səbuhi Qurbanova isə ilkin olaraq Cinayət Məcəlləsinin 32.5, 120.2.1, 32.5,120.2.4, 32.5, 120.2.11, 32.5, 29, 120.2.7 və digər maddələri ilə ittiham elan edildikdən sonra barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib. Həmin gün saat 21 radələrində yaxalanması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı Ruhlan İsmayılov polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib. R.İsmayılovun gizləndiyi mənzilə istintaq-əməliyyat qrupu tərəfindən baxış keçirilərkən cinayət nəticəsində əldə olunan 16 min 835 manat və 20 min 100 ABŞ dolları pul, “AKS Lancaster-03” markalı odlu silah, 1 ədəd “Makarov” və 1 ədəd “Colt” tipli tapançalar, çoxsaylı döyüş sursatları, əməliyyat tədbiri nəticəsində saxlanılan şübhəli şəxs Dəyanət Qüdrətovun üzərindən isə 1 ədəd “Blow TR 92D” modelli tapança aşkar edilərək götürülüb.

Xankəndiyə köçlə bağlı “Qaçqınkom”dan açıqlama

“Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ərazisi işğaldan azad olunmuş müxtəlif rayonlardan olan məcburi köçkünlərdən Xankəndiyə köçməklə bağlı çoxsaylı müraciətlər gəlir”. Sozcu.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb. “Nəzərinizə çatdırırıq ki, ərazisi işğaldan azad olunmuş ərazilərdə, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində, bərpa edilən və  yenidən tikilən yaşayış məntəqələrinə köçürülmə aparılır. Bu zaman məcburi köçkünlər yalnız qeydiyyatda olduqları şəhər, rayon, kənd və qəsəbə üzrə daimi yaşayış sahəsi ilə təmin edilirlər. Buna uyğun olaraq, Xankəndi şəhərinə də həmin ərazidən olan məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulur”, - məlumatda deyilir.

Mağazaların onlayn fırıldağı: İndi də bu yola əl atırlar

Bütün dünyada olduğu kimi Azərbaycanda da son illər onlayn ticarət geniş vüsət alıb. Əziyyət çəkməmək, rahat olmaq üçün sifariş verirsən, məhsulu düz qapına qədər gətirib çıxarırlar. “Qara cümə”yə bir neçə gün qalmış isə insanlar sərfəli alış-veriş etmək üçün müxtəlif mağazalardan endirimli qiymətlə məhsulları almağa can atırlar.  Bu zaman bəzi platformalarda saxta endirimlərin edildiyi aydın şəkildə görünür.  “Trendyol”, “Hepsiburada”, “Aliexpress”, “Ebay” kimi onlayn mağazalar “Qara cümə”yə bir neçə gün qalmış əvvəlcə qiymətləri qaldırır və sonra “endirim” edir.  Mövzu ilə bağlı Yenisabah.az-a əmtəəşünas, araşdırmaçı yazar Elçin Bayramlı danışıb. O, bu cür “endirim”lərin bütün dünyada geniş yayıldığını bildirib:  “Onlayn və ənənəvi mağazalarda qiymətlərin əvvəlcə qaldırılıb sonra endirim olunmuş kimi göstərilərək əvvəlki qiymətə satılması geniş yayılmış problemdir. Bu bazar iqtisadiyyatı deyilən kapitalizmin istehlak kütləsi üzərindəki marketinq siyasətinin nəticəsidir. Lazım olduğundan artıq məhsul istehsal olunur və onların satışı tamamilə reallaşmır, ona görə də mağazalar ilin sonunda bu məhsulların kütləvi satışını təşkil etmək üçün bu cür marketinq kampaniyaları təşkil edirlər. Daha sonra hər yerdə “endirimləri” reklam edərək insanların şüuraltına bunu yeridirlər. Belə “endirim kampaniyaları”nda insanlar hətta saqqal darağı belə olsa, alırlar. Onlar lazım olmayan, yaxud lazım olduğundan artıq məhsul alırlar, çünki mağaza məhsulun 3-nü, 4-nü alana güzəşt etdiyini deyir”.  Ekspert bildirib ki, bu cür saxta kampaniyalara insanları cəlb etmək üçün istehsalçılar müxtəlif psixoloji hiylələrə əl atırlar:  “Bu, psixotron texnologiyadır, əvvəlcədən xüsusi institutlar tərəfindən altşüura təsir mexanizmləri işlənir, səs, görüntü frekansları ilə süni ajiotaj yaradılır və onsuz da satılmayacaq olan məhsullar satılmağa başlayır. Bir çox kapitalist ölkələrində məhsulların saxlanması baha başa gəlir, bunun üçün xüsusi anbarlar tutulur, onları qorumaq üçün işçilər cəlb olunur  və s. Bəzən məhsul keyfiyyətini itirir, yaxud onların yeni modeli çıxır, belə olan halda həmin məhsullar onsuz da zibilliyə atılmalıdır. Onların atılmaması üçün ucuz qiymətə satışa çıxarılır. Amma bu zaman da sahibkar qazanır. Məsələn, məhsulun maya dəyəri 5 manatdırsa və əvvəl 10 manata satılırdısa, endirim zamanı həmin mal 7 manata təklif olunur. İstənilən halda istehsalçı pul qazanır. Heç bir halda məhsul maya dəyərindən aşağı qiymətə satılmır, heç kim ziyana getmir. Bu kimi kampaniyalarda uduzan bir tərəf var - istehlakçı".  E.Bayramlının sözlərinə görə, bu kimi kampaniyalarda məhsul ucuz satılsa belə, sonda istehsalçı qazanclı çıxır: "Məhsulun maya dəyəri hər zaman aşağı olur, endirimlə belə onlar 20-30 qat baha satılır. Sadəcə olaraq onları satmaq üçün müxtəlif oyunbazlıq, hoqqabazlıq etmək gərəklidir. “Qara Cümə” də onlardan biridir. İlin yekunu olduğuna bu böyük kampaniya kimi təqdim olunur və anbarlarda həmin ildən qalmış məhsullar satılır.  Onları satmaq üçün müxtəlif kredit, taksit kartlarından istifadə edilir. Bu zaman onları daha rahat satmaq olur. Bu gün taksit kartları da bir növ terror silahıdır. Artıq insanlar gələcəkdə qazanacaqları ehtimal edilən pulları belə xərcləyirlər.  Belə mühitdə insanlar davamlı olaraq nə isə almağa çalışırlar. Buna bazar iqtisadiyyatında istehlak çılğınlığı deyilir. Bu halı daim qüvvədə saxlamaq üçün istehsalçılar müxtəlif reklamlar, endirimlər edirlər ki, mallar anbarda qalmasın, yaxud zibilliyə atılmasın. Hətta bəzi ölkələrdə məhsulları zibilliyə atmaq belə böyük xərc tələb edir, malları utilizasiya etmək baha başa gəlir. Ona görə də bu xərcləri qarşılamaqdansa, məhsulu bir qədər aşağı qiymətə satırlar və yenə də ziyanlı çıxmırlar”.  

Araik Arutyunyanın nümayəndəsi də dindirilmək üçün istintaqa cəlb edildi...

Gorbagor(!) “artsax”ın iki aya yaxındır ki, Bakıda həbsdə olan keçmiş qondarma “prezidenti” Araik Arutyunyanın təhlükəsizlik və təxliyə məsələləri üzrə nümayəndəsi Vahan Badasyan dindirilmək üçün Ermənistan İstintaq Komitəsinə çağırılıb.  Sozcu.az xəbər verir ki, bu haqda “Johovurd” gündəlik qəzeti yazıb. Qəzetin əldə etdiyi məlumata görə, V.Badasyan Ermənistan Cinayət Məcəlləsinin 330-cu (Zorakılığa açıq çağırışlar, zorakılığa ictimai əsaslandırma və ya təbliğat, habelə bu məqsədlə material və ya əşyalar yayma) maddəsi ilə dindirilib. Armlur.am-ın yazdığına görə isə, 44 günlük savaş zamanı “Hadrut müdafiə bölgəsi”nin birinci batalyonunun komandiri olmuş Vahan Badasyan dindirilmək üçün Ermənistan İstintaq Komitəsinə dəvət olunub.  “Məlumatı onun müdafiəçisi Rafael Martirosyandan öyrənməyə çalışdıq və o, məlumatı təsdiqləyib. Ancaq vəkili Badasyanın hansı cinayət işi üzrə dindirilməyə çağırıldığını açıqlamaq istəməyib. Bizə məlum oldu ki, o, sosial səhifəsində ictimai çıxış yazıb ki, hüquq-mühafizə orqanları əməkdaşlarının fikrincə, bu, zorakılığa çağırışdır. Lakin V.Badasyan  konkret hansı yazıya görə dindirilməyə aparıldığını, hələ ki, öyrənə bilməmişik”,- deyə erməni nəşri bildirir.

İsrailin sabiq baş nazirindən şok etiraf: Tunelləri biz tikmişik

“Biz "Şəfa" xəstəxanasının altındakı sığınacaqları ən azı 40 il əvvəl tikmişik”. Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, bu sözləri İsrailin keçmiş baş naziri Ehud Barak deyib. İsrail ordusunun Qəzza şəhərindəki "Şəfa" xəstəxanasını mühasirəyə almasından sonra İsrailin keçmiş baş naziri Ehud Barak etiraf edib ki, xəstəxanın altında tunellər var. Barak xəstəxananın altındakı sığınacaqların İsrail tərəfindən 40-50 il əvvəl tikildiyini bildirib: “Şıfa" xəstəxanasının nəzdində israilli inşaatçılar tərəfindən tikilən sığınacaqların olduğu uzun illərdir məlumdur. Bunlar HƏMAS tərəfindən qərargah kimi istifadə olunur və bir neçə tunelin kəsişməsi bu sistemin bir hissəsidir. Biz xəstəxana şəhərciyinin ərazisində xəstəxana əməliyyatları üçün daha çox yer yaratmaq üçün təxminən 40-50 il əvvəl bu sığınacaqların tikintisinə kömək etdik. HƏMAS, biz Qəzzanı idarə etdiyimiz zaman illər əvvəl İsrail inşaatçıları tərəfindən tikilmiş sığınacaqlardan istifadə edir”. Daha əvvəl İsrail ordusu "Şəfa" xəstəxanasının altında uzun bir tunel aşkar etdiklərini açıqlamışdı. Tunelin videosunu paylaşan ordudan verilən açıqlamada “Əsgərlər xəstəxananın kompleksinin altında 10 metr dərinlikdə 55 metr uzunluğunda terror tuneli aşkarlayıb" deyilir. Paylaşılan görüntülərə görə, tunelin sonunda bir adamın arxadan atəş açmasına imkan verən dəlikləri olan partlayışa davamlı qapı var. İsrail ordusu hələlik qapının arxasında nə olduğu haqda məlumat verməyib.

İranla sərhəddə atəş açıldı

Noyabr ayının 20-də saat 17:16-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində iki nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkarlanıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, sərhəd naryadı tərəfindən "Dayan!” əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb. Sərhəd pozucularının silahlı və onlardan birinin üzərində böyük bir kisədə yükün olması müşahidə edilib. Əmrə tabe olmayan sərhəd pozucuları sərhəd naryadına qarşı odlu silahdan atəş açıb, üzərlərindəki yükü ataraq əlverişsiz hava şəraitindən və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə, İran ərazisinə qaçıblar. Keçirilmiş sərhəd axtarışı nəticəsində ərazidə ümumi çəkisi 95 kiloqram 100 qram narkotik vasitə (10 kq 100 qr metamfetamin, 85 kq tiryək) aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Ermənistandan sülh müqaviləsi ilə bağlı son dəqiqə AÇIQLAMASI

Ermənistan Azərbaycanla danışıqlara hazır olduğunu bildirib.  Sozcu.az xəbər vebrir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.  Bəyanatda qeyd olunur ki, rəsmi İrəvan Ermənistanın Azərbaycanla münasibətlərin nizamlanması və Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması naminə səy göstərmək üçün siyasi iradəsini bir daha təsdiq edir.  Ermənistan XİN-dən bildirilib ki, danışıqlar prosesinin dalana dirənməməsi və regionda davamlı sülhə nail olmaq üçün Ermənistan sazişlə bağlı öz müşahidələrini Azərbaycana çatdırıb: “Biz yenidən danışıqlarda iştirak etməyə hazırıq”. 

De Byazi Azərbaycan millisindən qovuldu

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə yollar ayrılıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, italiyalı mütəxəssislə yeni müqavilə imzalanmayacaq. Bu barədə qərar bu gün AFFA İcraiyyə Komitəsinin iclasında verilib. Qeyd edək ki, Canni De Byazi 2020-ci ildən Azərbaycan millisinə rəhbərlik edib.

Prezident Leo Dokertini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokertini qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Vətən müharibəsi qazisi ürəktutmadan vəfat etdi

Gəncədə Vətən müharibəsi qazisi dünyasını dəyişib. Sozcu.az xəbər verir ki, şəhər sakini 1992-ci il təvəllüdlü Əhmədov Eşqin Fazil oğlu huşsuz vəziyyətdə xəstəxanaya gətirilib. Həkimlərin müayinəsi zamanı Eşqin Əhmədovun dünyasını dəyişdiyi məlum olub. Məlumata görə, E.Əhmədov ürəktutmasından ölüb. Faktla bağlı Gəncə şəhər Prokrorluğunda araşdırma aparılır. Xatırladaq ki, Eşqin Əhmədov 3-cü qrup əlilidir. O, ailəli olub, bir övladı var.

"Belarus Rusiyanın hərbi təcavüzünün ortağıdır..."

"Belarus Rusiyanın hərbi təcavüzünün ortağıdır..." "Belarusda Ukraynadan oğurlanmış uşaqlar üçün 13 mərkəz aşkar edilib..." Düşmən ukraynalı uşaqları oğurlamaqda davam edir İşğal edilmiş ərazilərdən Belarusa köçürülən ukraynalı uşaqlar insan alverinə çox həssasdır. Moderator.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller brifinqdə bəyan edib. Məlumatı "golosameriki.org" nəşri yayıb. Miller deyib ki, Birləşmiş Ştatlar hadisələrin inkişafını diqqətlə izləyir. Hazırda Vaşinqtona bu uşaqların bundan sonra da istismar ediləcəyi bəlli deyil, ona görə də hökumət vəziyyəti izləməkdə davam edəcək. "Belarus Rusiyanın hərbi təzavüzünün ortağıdır. Bu, münaqişə zamanı uşaqlara sığınacaq verən üçüncü təmənnasız ölkə deyil. Belə əməliyyatlar həssas uşaqlara, o cümlədən, ehtimal ki, yetimlərə, məhdud imkanlı uşaqlara, az təminatlı ailələrdən olan və ukraynalı hərbçilərin uşaqlarına qeyri-mütənasib olaraq yönəlib", - Miller deyib. Lakin Dövlət Departamentinin spikeri bununla əlaqədar olaraq Beynəlxalq Cinayət Məhkəməsinin Belarus diktatoru Aleksandr Lukaşenkonun həbsinə order verməsi barədə sualı cavablandırmayıb. Ukrayna uşaqlarının oğurlanması Xəbər verildiyi kimi, Belarusda Ukraynadan oğurlanmış uşaqlar üçün 13 mərkəz aşkar edilib. Ombudsmenin sözlərinə görə, Rusiya ukraynalı uşaqların oğurlanmasının ən kütləvi ssenarisini gerçəkləşdirir. Bundan başqa, onlar öz təbliğatı ilə ukraynalı uşaqların "zombiləşdırilməsini" həyata keçirir.

Ermənistan XİN başçısı KTMT iclasına qatılmayacaq

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT çərçivəsində noyabrın 22-də Minskdə keçiriləcək görüşə qatılmayacaq. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Belarus xarici işlər naziri Sergey Aleyniklə telefon danışığı zamanı Ermənistan-Belarus gündəliyi ətrafında fikir mübadiləsi aparılıb. KTMT-nin fəaliyyəti ilə bağlı məsələlərə toxunulub. Ararat Mirzoyan qeyd edib ki, o, KTMT Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şurası Katibləri Komitəsinin noyabrın 22-də Minskdə keçirilməsi planlaşdırılan birgə iclasında iştirak edə bilməyəcək”, - məlumatda deyilir. Xatırladaq ki, daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan da Belarusda təşkil olunacaq KTMT liderləri sammitində iştirakdan imtina edib. Mənbə: TASS

Ağdam, Kəlbəcər və Tərtərin nə qədər ərazisi Ağdərəyə veriləcək?

Ağdam, Kəlbəcər və Tərtər rayonlarından ümumilikdə 1 660,83 kvadrat kilometr ərazi yenidən bərpa ediləcək Ağdərə rayonunun tərkibinə veriləcək. Sozcu.az "Report"a istinadən xəbər verir ki, bu, Milli Məclisə daxil olan Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, Kəlbəcər rayonunun ərazisindən 735,84, Tərtər rayonundan 851,25, Ağdam rayonundan isə 73,74 kvadrat kilometr Ağdərə rayonunun inzibati ərazisinə veriləcək. Qeyd edək ki, Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi yaxın günlərdə parlamentdə müzakirəyə çıxarılacaq.

“Azərbaycan və Ermənistan üçün vasitəçisiz danışıqlar variantı daha məqbul ola bilər...”

“Qarabağla bağlı istənilən problemin çözülməsi Azərbaycan dövlətinin və xalqının iradəsi nəyi tələb edirsə, elə olmalıdır...” “Azərbaycan özünün taleyüklü məsələlərini həll edərkən hansısa dövlətin, təşkilatın maraqlarını nəzərə ala bilməz. Qarabağla bağlı istənilən problemin çözülməsi Azərbaycan dövlətinin və xalqının iradəsi nəyi tələb edirsə, elə olmalıdır. Qərb və Amerika bütün dövrlərdə ermənilərin yanında olub və bu günlərdə gərginliyin artırılması da  Azərbaycana nəyisə qəbul etdirmək üçün edilən cəhdlərdir.”  Bunu Moderator.az-a açıqlamasında ermənişünas alim Qafar Çaxmaqlı söyləyib. “Azərbaycan sülh təkliflərini  44 günlük müharibədən dərhal sonra vermiş, sonra bu təkliflər yenilənmişdir.  Sülh prosesini uzatmağa cəhd edən və hansısa  siyasi dividentlər almaq üçün məqam gözləyən Ermənistan olub. Elə indinin özündə də sülh danışıqlarında konstruktiv mövqe sərgiləyən Azərbaycandır.  Amma Sülh prosesinin aparılması üçün ilkin şərtlər var. Ermənistan onları yerinə yetirmir, danışıqların aparılmasında özünə uyğun ortam, ölkə axtarır. Sülh prosesinə aparacaq bir çox məsələrə aydınlıq gətirilməyib, Azərbaycanın 8 kəndi hələ də işğal altındadır, sərhədlərin müəyyənləşməsi ilə bağlı yaradılmış komissiya hələ işini sona çatdırmayıb. Bu səbəblərdən danışıqlar uzanır, inanmıram ki, ilin sonuna qədər sülhə nail olmaq mümkün olsun”, - deyə davamında professor bildirib. “Azərbaycanın Ermənistanla vasitəçisiz danışıq aparması mümkündürmü?” sualını isə Qafar Çaxmaqlı belə cavablandırıb: “Azərbaycan və Ermənistan arasında sülhə mane olan cəhətlərdən biri də onun kimin vasitəsilə əldə edilməsidir. Bu sahədə əməlli-başlı mövqe mübarizəsi gedir. Rusiyanın himayəsi altında, yoxsa Qərbin vasitəçiliyi ilə sülhə nail olunacaq? Bu maraqlar savaşında hərənin öz planı var. Ermənistanın siyasi iradəsi çatmır ki, desin ki, biz Azərbaycanla vasitəçi olmadan sülhə gedə bilərik. Çünki bu dövlət hər zaman kiminsə barmağının işarəsi ilə addım atıb, alışqanlığını tərkitmək istəmir.  Vasitəçisiz danışıqlar aparmaq seçimi hələ də qalır. Əslində hər iki ölkə üçün bu variant daha məqbul ola bilər”, - deyə vurğulayıb.

"Həmin evlərə sənəd verilməyəcək" - RƏSMİ AÇIQLAMA

Uzun illərdir əsas problemlərdən biri kimi gündəmdə olan sənədsiz evlərlə bağlı məsələ hələ də öz həllini tapmayıb. Respublika üzrə qanunsuz tikililərin cox hissəsi Bakı və Abşeron yarımadasının payına düşür. Sozcu.az xəbər verir ki, ARB TV-nin efirində yayımlanan “Günə Son” verilişində sənədsiz evlərin taleyi ilə bağlı müzakirələr aparılıb. Abşeron Rayon İcra Hakimiyyətinin şöbə müdiri Azər Məmmədov bu barədə açıqlama verib: “Bir necə il bundan qabaq sənədsiz evlərin siyahıya alınması ilə bağlı tapşırıq gəlmişdi, siyahını hazırlayıb Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil vermişik. Pandemiyadan əvvəlki dövrdə təxminən iyirmi altı, iyirmi yeddi minə yaxın sənədsiz ev vardı. Təsəvvür edin ki, Abşeron rayonunda iki yüz on beş min qeydiyyatda olan əhali var, lakin yeddi yüz minə yaxın insan yaşayır. Yüksək gərginlikli elektrik xətlərinin, qaz, işıq, su, dəmiryol xətlərinin və vulkanların mühafizə zolaqlarında yerləşən evlərə birmənalı olaraq, sənəd verilməyəcək” – deyə o, bildirib.

Separatçılar antiterror tədbirlərində nə qədər itki verdilər? - Beqlaryan AÇIQLADI

Azərbaycan Ordusunun 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirdiyi antirrror tədbirləri zamanl separatçılar 230-a yaxın qurban verib. Sozcu.az-ın məlumatına görə, bunu özünü buraxmış qondarma “Artsaxın keçmiş nümayəndəsi” Artak Beqlaryan Ermənistan mətbuatına bildirib. Onun sözlərinə görə, daha 220 nəfər Xankəndidəki yanacaqdoldurma məntəqəsindəki partlayış nəticəsində ölüb. Artak Beqlaryan deyib ki, Ermənistan İstintaq Komitəsinin son məlumatına görə, 19-20 sentyabr tarixli antiterror tədbirləri nəticəsində itkin düşən separatçıların sayı 42 nəfərdir, “Bütün məlumatlar ilkin və təxminidir və DNT araşdırması, tam və rəsmi siyahı başa çatdıqdan sonra dəqiq rəqəmləri söyləmək mümkün olacaq”, - Artak Beqlaryan bildirib.

Bakıda bərbəri evindən çağıran şəxs ona dəhşət yaşatdı

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Abşeronda tanışını bıçaqlamaqda təqsirləndirilən F.Əhmədovun cinayət işi üzrə məhkəmə istintaq yekunlaşıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. İttihama görə, hadisə 6 avqust 2022-ci il tarixində, saat 23 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, F.Əhmədov tanışı, bərbər E.Əliyevlə mübahisə edib. Mübahisəyə səbəb E.Əliyevin təqsirləndirilən şəxsin həyat yoldaşına söz atması ilə bağlı aralarında əvvəl baş vermiş söhbəti başqa şəxslərə danışmağı, habelə zərərçəkmiş şəxsin onun arvadına qarşı etdiyi hərəkət olub. O, bunlara görə E.Əliyevi cəzalandırmaq qərarına gəlib. Təqsirləndirilən şəxs zərərçəkmişi saçını kəsdirmək istədiyi bəhanəsi ilə evindən çağırıb, binanın qarşısında görüşüb. Daha sonra F.Əhmədov üzərindəki bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə 5 zərbə endirib. Hadisədən sonra F.Əhmədov saxlanılıb.

XİN Ermənistana cavab verdi: HAZIRIQ!

Ermənistanın Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərinə cavab verməsinin təqribən 2 ay yarım müddət çəkməsi prosesi ciddi şəkildə yubadıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistana sülh müqaviləsinin bağlanması üçün danışıqları bərpa etmək çağırışı ilə bağlı açıqlamasında bildirilib. Qeyd edilib ki, sülh danışıqlarındakı bu durğunluq regionda sabitliyə və firavanlığa töhfə vermir. Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazırdır. Biz inanırıq ki, iki ölkə gələcək münasibətləri barədə qərarı birlikdə verməlidir. "Qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır. Biz Ermənistan tərəfini yeni lüzumsuz yubatmalara yol verməməyə çağırır və danışıqların tezliklə başlanması üçün onların bu çağırışa müsbət cavab verəcəyinə ümid bəsləyirik", - XİN-in açıqlamasında vurğulanıb.

Qarabağ müharibəsi veteranlarının sayı neçə nəfərdi? - STATİSTİKA

Azərbaycanda Qarabağ müharibəsi iştirakçılarının sayı, onların gəzdirdiyi “Veteran vəsiqəsi” və bu imtiyaza görə aldıqları Prezident təqaüdü hər zaman müzakirə mövzusu olub.  Modern.az saytı bununla bağlı Dövlət Statistika Komitəsindən rəsmi məlumat əldə edib. Komitənin rəsmi statistikasına görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin sayı 2023-cü il oktyabrın 1-nə 179.840 nəfər təşkil edib. “Veteran vəsiqəsi”nə malik Qarabağ müharibəsi iştirakçılarının hər birinə hazırda ayda 80 manat Prezident təqaüdü verilir. 

“Fransa regionumuzda yeni müharibələrin başlaması üçün zəmin hazırlayır”

“Hazırda 13 dənizaşırı ərazini müstəmləkəsi kimi idarə edən, həmçinin dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışan Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdir tələblərinə baxmayaraq, neokolonializm siyasətini davam etdirir”. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində deyilir. “Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilmişdir. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Atlantik və Hind Okeanı regionunda, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmişdir, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırıma məruz qoymuşdur. Fransanın fəal surətdə məşğul olduğu qul ticarəti insanlığın ən utancverici səhifələrindən biridir. Milyonlarla afrikalı Fransanın qul siyasətinin qurbanı olmuşdur. Mən, Qoşulmama Hərəkatının sədri kimi bir neçə dəfə Fransanın işğal etdiyi ölkələrdə həyata keçirdiyi insanlıq əleyhinə çoxsaylı cinayətləri, törətdiyi vəhşilikləri faktlarla sadalamışam. Əlcəzair, Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Benin, Kot-d’İvuar, Mərkəzi Afrika Respublikası, Qabon, Toqo, Kamerun, Vyetnam, Qəmər Adaları İttifaqı, Haiti və digər ölkələrdə bir neçə milyon günahsız insan, o cümlədən qadınlar və uşaqlar Fransa tərəfindən qətlə yetirilib. Fransa eyni zamanda 1994-cü ildə Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvünün öldürülməsində birbaşa məsuliyyət daşıyır. 1975-ci ildə Qəmər Adaları İttifaqının Mayot da daxil olmaqla arxipelaqın müstəqilliyini elan etməsinə və BMT Baş Assambleyasının (BA) Qəmər dövlətinin Mayot adası üzərində suverenliyini təsdiq etməsinə baxmayaraq, Fransa bu gün də Mayot adasını öz departamenti kimi idarə etməkdə davam edir. BMT BA 20-dən artıq qətnamə qəbul edərək Qəmərin Mayot adası üzərində suverenliyini təsdiq edib. BMT həmçinin Fransa hökuməti tərəfindən Qəmər arxipelaqının Mayot adasında təşkil edilmiş referendumları pisləyib və etibarsız hesab edib. Eyni zamanda Qəmər arxipelaqının Mayot adasında bundan sonra Fransa tərəfindən hər hansı digər formada referendum və ya məsləhətləşmələr təşkil edilməsini, adıçəkilən adada istənilən formada Fransız müstəmləkəçiliyini leqallaşdıran hər hansı bir xarici qanunu rədd edib. Həmin qətnamədə BMT Mayot adasının Fransa tərəfindən işğalını BMT-nin üzvü olan Qəmərin milli birliyinə kobud qəsd kimi qiymətləndirilib. BMT BA-nın çoxsaylı qərarlarına baxmayaraq, Fransa beynəlxalq hüququ kobud şəkildə pozaraq Mayot adasında bundan sonra da referendumlar keçirib. Bu səbəbdən referendumların nəticələri qeyri-qanunidir. BMT ilə yanaşı Afrika İttifaqının İcraedici Şurası və İslam Əməkdaşlıq Təşkilatı da Mayot adasının Qəmərə aid olması ilə bağlı qərarlar qəbul edib. Beynəlxalq təşkilatların və beynəlxalq birliyin çağırışlarına məhəl qoymayan Fransa 2003-cü ildə Mayotu öz konstitusiyasına daxil edib. 2011-ci ildə Mayot Fransanın 101-ci departamenti, 2014-cü ildə isə Avropa İttifaqının ultra-periferik bölgəsi olmuşdur. Mayota Aİ-nin ultraperifirik bölgəsi statusunun verilməsi faktı Mayotun Fransanın tərkib hissəsi kimi tanınmasıdır. Göründüyü kimi Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan sui-istifadə edərək və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqda davam edərək başqa ölkənin ərazisini zorakı yolla öz ərazisinə qatıb. Bu açıq-aşkar işğal və anneksiyadır. Əsrlər keçsə də, siyasət və təfəkkür dəyişmədiyi üçün Fransa kolonializminin utancverici yeni metodları bu gün də davam etməkdədir. Bu konfransa toplaşan dənizaşırı ərazilərin xalqları uzun illərdir müstəqillik uğrunda mübarizə aparırlar. Kolonializm tarixindən əl çəkə bilməyən Fransa Avropadan kənarda, Sakit, Hind və Atlantik okeanlarında dənizaşırı icma və ərazilərində yaşayan xalqların azadlıq arzularına və hüquqlarına hörmət etmir, bu arzuların reallaşmasının qarşısının alınması üçün hər vəchlə çalışır. Həmçinin, Afrika qitəsindəki keçmiş müstəmləkələrinin daxili işlərinə kobud müdaxilələr etməkdə davam edir, burada stabilliyin əldə edilməsinə maneə olur. Fransa kolonializmi barədə Dənizaşırı regionlardan olan siyasətçilərin səsləndirdiyi fikirlər dəhşət doğurur. Fransa təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eyni zamanda bizim regionumuzda – Cənubi Qafqazda stabilliyi pozur, separatizm meyllərini və separatçıları dəstəkləyir. Ermənistanı silahlandırmaqla militarist siyasət həyata keçirir, revanşist qüvvələri təşviq edir, regionumuzda yeni müharibələrin başlaması üçün zəmin hazırlayır. Eyni zamanda Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur, Qərb təşkilatlarını digər dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə cəhdlər edir. Fransa Beynəlxalq Ədalət Məhkəməsinin Sakit Okeanda keçirdiyi nüvə sınaqları ilə bağlı qərarlarını yerinə yetirməli, başqa dövlətlərə dərs keçmək praktikasına son qoymalıdır. Biz Fransada neokolonializm meylləri ilə paralel olaraq irqçilik, ksenofobiya və islamofobiyanın da geniş vüsət aldığını müşahidə edirik. Bu cür narahatedici və təhlükəli meyllərlə mübarizə aparmalı olan Fransa hakimiyyəti daxilindəki ciddi problemlərə diqqət ayırmalıdır. Fransa qoşunlarının bu yaxınlarda Mali, Niger və Burkina-Fasodan qovulması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi. Qanlı cinayətlərlə zəngin kolonializm tarixinə görə utanmalı olan Fransa törətdiyi vəhşiliklərə görə üzr istəmək əvəzinə, digər ölkələrdə uydurma etnik təmizləmələrdən danışır”.

“Öz peşəsinə sədaqətlə xidmət edənlərin təqib edilməsi yolverilməzdir”

“Media azadlığının, ifadə azadlığının vəziyyəti bir toplumun və dövlətin demokratiya barometridir. Həqiqəti yazmaq, gerçəkləri araşdırmaq, qaranlıqlara işıq tutmaq jurnalistin peşə borcudur. Bütün mərhumiyyətlərə baxmayaraq öz peşəsinə sədaqətlə xidmət edənlərin təqib edilməsi, hüquq adı altında komediyalar yaradılaraq təməl hüquqların məhdudlaşdırılması yolverilməzdir”. Sozcu.az xəbər verir ki, bunu media eksperti və hüquq müdafiəçisi Ələsgər Məmmədli (Əhmədoğlu) özünün sosial şəbəkə hesabında “Abzas Media”nın rəhbər şəxslərinin saxlanılmasını şərh edərkən yazıb. “Sevinc Vaqifqızının bu gecə terroristlərə rəva görülməyən bir biçimdə təyyarədən birbaşa polis idarəsinə aparılması normal toplum tərəfindən qəbuledilməz davranışdır və hüquqa qarşı ən böyük sayğısızlıqdır. Jurnalist tərifləri yox, cəmiyyəti narahat edən, onun inkişafına mane olan, onu düşündürən, inkişaf etdirən məsələlərdən yazanda jurnalist olur. Yaşadığımız toplumda korrupsiya olmasa hazırda 7 rayonun İcra hakimiyyətinin başçısı, keçmiş nazir, məsul vəzifəli şəxslərin heç biri məhkəmə qaydasında suçlu bulunaraq həbsdə olmazdı. Korrupsiya olmasa “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun, Korrupsiyaya qarşı mübarizə üzrə komissiya, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, yüzlərlə ştat yaradılmazdı. Korrupsiya olmasa Azərbaycan Prezidentinin 4 aprel 2022-ci ildə imzaladığı Sərəncamla  Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı təsdiq edilməz, Nazirlər Kabinetinin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə Sərəncamı imzalanmazdı. Sevinc xanım məhz bu sənədlərdə təsbit edilən problemlərə hüquq mühafizə orqanlarının daha sürətli çıxışına dəstək verən, korrupsiya ehtimalı olan məsələləri araşdıran jurnalistlərdəndir. Onun sərbəst fəaliyyətinə dəstək olmaq lazımdır, onu məhdudlaşdırmaq yox!” Qeyd edək ki, noyabrın 21-də gecə saatlarında xarici səfərdən qayıdan “AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızı hava limanında saxlanılıb. Onun mənzilində axtarış aparıldığı bildirilir. Xatırladaq ki, ötən gün – noyabrın 20-də “AbzasMedia”nın direktoru Ülvi Həsənli də hava limanında saxlanılıb. O saxlanıldıqdan sonra əvvəlcə “Abzas Media”nın ofisində, daha sonra isə Ü. Həsənlinin mənzilində axtarış aparılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ittiham irəli sürüldüyü bildirilir. Vəkili Zibeydə Sadıqova bildirib ki, ofisdə beş saat davam edən axtarış zamanı polis əməkdaşları 40 min avro pul aşkarlayıblar. “AbzasMedia” isə açıqlama yayaraq bildirib ki, ofisdə aşkarlandığı iddia edilən vəsait onlara aid deyil və istintaq orqanlarının məqsədli şəkildə fəaliyyətlərini dayandırmaq, Ülvi Həsənliyə qarşı ittiham irəli sürmək üçün uydurduğu ssenaridir.

Qarabağ qazisi Babək Həsənov Türkiyədə vəfat etdi

Birinci Qarabağ müharibəsi qazisi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov şöbəsinin sədri Babək Həsənov dünyasını dəyişib. Sozcu.az xəbər verir ki, bu barədə yaxınları məlumat yayıblar. Onun müalicə almaq məqsədilə getdiyi Türkiyədə dünyasını dəyişdiyi bildirilir.