“Öz peşəsinə sədaqətlə xidmət edənlərin təqib edilməsi yolverilməzdir”

“Media azadlığının, ifadə azadlığının vəziyyəti bir toplumun və dövlətin demokratiya barometridir. Həqiqəti yazmaq, gerçəkləri araşdırmaq, qaranlıqlara işıq tutmaq jurnalistin peşə borcudur. Bütün mərhumiyyətlərə baxmayaraq öz peşəsinə sədaqətlə xidmət edənlərin təqib edilməsi, hüquq adı altında komediyalar yaradılaraq təməl hüquqların məhdudlaşdırılması yolverilməzdir”.

Sozcu.az xəbər verir ki, bunu media eksperti və hüquq müdafiəçisi Ələsgər Məmmədli (Əhmədoğlu) özünün sosial şəbəkə hesabında “Abzas Media”nın rəhbər şəxslərinin saxlanılmasını şərh edərkən yazıb.

“Sevinc Vaqifqızının bu gecə terroristlərə rəva görülməyən bir biçimdə təyyarədən birbaşa polis idarəsinə aparılması normal toplum tərəfindən qəbuledilməz davranışdır və hüquqa qarşı ən böyük sayğısızlıqdır.

Jurnalist tərifləri yox, cəmiyyəti narahat edən, onun inkişafına mane olan, onu düşündürən, inkişaf etdirən məsələlərdən yazanda jurnalist olur.

Yaşadığımız toplumda korrupsiya olmasa hazırda 7 rayonun İcra hakimiyyətinin başçısı, keçmiş nazir, məsul vəzifəli şəxslərin heç biri məhkəmə qaydasında suçlu bulunaraq həbsdə olmazdı.

Korrupsiya olmasa “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun, Korrupsiyaya qarşı mübarizə üzrə komissiya, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, yüzlərlə ştat yaradılmazdı.

Korrupsiya olmasa Azərbaycan Prezidentinin 4 aprel 2022-ci ildə imzaladığı Sərəncamla  Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı təsdiq edilməz, Nazirlər Kabinetinin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə Sərəncamı imzalanmazdı.

Sevinc xanım məhz bu sənədlərdə təsbit edilən problemlərə hüquq mühafizə orqanlarının daha sürətli çıxışına dəstək verən, korrupsiya ehtimalı olan məsələləri araşdıran jurnalistlərdəndir.

Onun sərbəst fəaliyyətinə dəstək olmaq lazımdır, onu məhdudlaşdırmaq yox!”

Qeyd edək ki, noyabrın 21-də gecə saatlarında xarici səfərdən qayıdan “AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızı hava limanında saxlanılıb. Onun mənzilində axtarış aparıldığı bildirilir.

Xatırladaq ki, ötən gün – noyabrın 20-də “AbzasMedia”nın direktoru Ülvi Həsənli də hava limanında saxlanılıb. O saxlanıldıqdan sonra əvvəlcə “Abzas Media”nın ofisində, daha sonra isə Ü. Həsənlinin mənzilində axtarış aparılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ittiham irəli sürüldüyü bildirilir.

Vəkili Zibeydə Sadıqova bildirib ki, ofisdə beş saat davam edən axtarış zamanı polis əməkdaşları 40 min avro pul aşkarlayıblar.

“AbzasMedia” isə açıqlama yayaraq bildirib ki, ofisdə aşkarlandığı iddia edilən vəsait onlara aid deyil və istintaq orqanlarının məqsədli şəkildə fəaliyyətlərini dayandırmaq, Ülvi Həsənliyə qarşı ittiham irəli sürmək üçün uydurduğu ssenaridir.

Share on Facebook